İrəvan hansısa “ümidverici xəbərlər” verə bilərmi?

2021/06/215c8-1624263051.jpg
Oxunub: 1401     17:02     28 İyul 2021    
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov 10 noyabr və 11 yanvar üçtərəfli razılaşmasından bir sıra müddəaların yerinə yetirildiyini, bəzilərinin davam etdiyini, lakin onların tam həyata keçirilməsinə Ermənistanın dağıdıcı mövqeyinin mane olduğunu bildirib.

“Olduqca vacib olan məqamlardan biri mina təhlükəsidir. Hərbi əməliyyatlar başa çatsa da minalar hərbi təhdidin davamıdır. Əgər hərbi əməliyyatlar başa çatıbsa, razılaşma əldə edilibsə, mina xəritələri də təqdim edilməlidir. Lakin Ermənistan tərəfi mina xəritələrini Azərbaycana təqdim etmir. Üçtərəfli bəyanat imzalanandan sonra altı ay müddətində Ermənistan minalanmış ərazilərin xəritələrinin olmasını inkar edirdi. Ancaq beynəlxalq təşkilatların da müdaxiləsindən sonra Ermənistan minalanmış ərazilərinin xəritələrinin bir qismini təqdim etdi. Nəyə görə bu 6 ay çəkdi? Nəyə görə qismən təqdim edildi? Nəticədə, 150-dən artıq insan həlak oldu, yaralandı”, - deyə Ceyhun Bayramov qeyd edib.

Prezident İlham Əliyev bir neçə gün əvvəl AzTv-yə müsahibəsi zamanı sərhəd məsələlərinə toxunub.

“Təbii ki, bu məsələ səfər zamanı müzakirə olundu və mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Prezident bir neçə dəfə Avropa Şurası sədrinin son regional səfərinə, xüsusən də Bakıda Şarl Mişelin açıqlamalarına toxunub.

“Şarl Mişelin statusu, Dağlıq Qarabağ sözlərini işlətməməsi, əlbəttə, çox müdrik bir addım idi. Bu, dövlət xadiminin addımı idi. Biz bunu qiymətləndiririk və Ermənistan da bundan nəticə çıxarmalıdır. Nə status var, nə Dağlıq Qarabağ. Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü il iyulun 7-də süni qurum kimi yaradılmışdı. Sadəcə olaraq, o vaxt sovet hökumətində təmsil olunan ermənilər demək olar ki, bu qanunsuz və heç bir əsası olmayan qərarı qəbul etdilər və əlbəttə, Sovet Azərbaycanı o vaxt məcbur olub bununla razılaşıb, barışıb. Heç bizi soruşan da yox idi. Amma bu tamamilə əsassız və süni şəkildə yaradılmış bir qurum idi. Azərbaycan parlamenti müstəqillik bərpa olunandan bir ay sonra - 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib”, - deyə Prezident qeyd edib.

Dövlət başçısı Fransa və ABŞ-ın açıqlamalarının xalq tərəfindən narazılıqla qarşılandığını bildirib.

“Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur! Şərqi Zəngəzur var, hansı ki, mənim Sərəncamımla Qarabağ iqtisadi zonası ilə bərabər 7 iyul 2021-ci ildə imzalanıb. 7 iyul 1923-cü ildə - bir əsr bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayəti yarandı, 7 iyul 2021-ci ildə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonası yaradıldı. Ona görə yoxdur bu və əgər kimsə, yenə deyirəm, status vermək istəyir, Amerikada bir milyona yaxın erməni yaşayır, Fransada 500 mindən çox erməni yaşayır, Marsel şəhərində 100 mindən çox erməni yaşayır və onun həndəvərində. Niyə orada status verilmir? Bəs niyə Azərbaycanda bu status verilməlidir? Bunun hansı hüquqi, siyasi, tarixi əsasları var? Yoxdur!”, - deyə Prezident qeyd edib.

Eyni zamanda İlham Əliyev özünün və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkəsi olan Rusiya ilə bu mövzuda mövqelərinin üst-üstə düşdüyünü bildirib.

Bu məsələləri müzakirə etmək üçün İrəvan və Bakı Rusiya ilə üçtərəfli işçi qrupu yaratmağı qəbul edib. Baş nazir müavinləri və ekspert qruplarının görüşləri isə təxminən yarım il davam etdi. Keçən may ayında Ermənistanın sərhəddə təxribatları aktivləşdirməsindən sonra müzakirələr dayanıb.

Hər bir halda Azərbaycan İrəvandan müsbət cavab gözləyir və bununla bağlı dəfələlərə çağırışlar səsləndirib. Xüsusilə Ermənistanın müttəfiqi Rusiya ilə danışıqlardan sonra Kremlin İrəvanı özünə gətirməyi bacarağı və Paşinyanın razılaşmanın şərtlərinə əməl edəcəyi düşünülür.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   XİN   İrəvan  


Bizi "telegram"da izləyin