Şəhid mayor Namiq Əhmədovun oğlu: "Atamla fəxr edirəm"

2021/07/37-8130797625.jpg
Oxunub: 1899     12:45     13 İyul 2021    
Namiq Hajan oğlu Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olub, 2002-ci ildə həmin məktəbi bitirib. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirib. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirib.

Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra “N” saylı hərbi hissədə hərbi vəzifəsinə başlayıb.

Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilib, fəxri fərmanla təltif edilib. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilib.


O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

Şəhid Namiq Əhmədov iyulun 14-də doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində böyük izdihamla kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimiz ailəliydi, bir qız və bir oğlan övladı yadigar qalıb.


Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Hajan Əhmədov Vətən uğrunda canından keçən bütün oğullara Allahdan rəhmət diləyərək bildirib ki, Namiq hər zaman xalqın qəlbindədir.

Atası deyib ki, onun xatirəsini əbədiləşdirmək üçün ayrıca otaq yaratmaqda da əsas məqsədi evini ziyarət edən qonaqlara onun döyüş yolunu, həyatını daha yaxından tanıtmaqdır: "Bu otaq şəhidin ailəsi üçün təsəlli yeri olmaqla yanaşı, həm də onun ruhunun cismən də olsa aramızda olduğunu göstərməkdir".

N.Əhmədovun oğlu Məhəmməd atası ilə fəxr etdiyini deyib.


Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mayor   Namiq-Əhmədov  


Bizi "telegram"da izləyin