İsveçrə ABŞ-dan F-35 döyüş təyyarələri alacaq

2021/07/806x3-1625121306.jpg
Oxunub: 1102     17:03     01 İyul 2021    
İsveçrə ABŞ-ın “Lockheed Martin” şirkətindən F-35 döyüş təyyarələri alacaq.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti qərar verib.

5.5 milyard dollarlıq anlaşma İsveçrəni dünyanın ən böyük silah layihəsinin 15-ci üzvü edəcək. Müqaviləyə əsasən Bern hökuməti ABŞ-dan 36 ədəd təkmühərrikli F-35 təyyarəsi alacaq.

Hökumətin elan etdiyi tenderdə Almaniya və İspaniya tərəfindən dəstəklənən “Airbus” şirkətinin “Eurofighter”, Fransanın “Dassault” şirkətinin “Rafale”, “Boeing” şirkətinin F/A-18 “Super Hornet” və ya “Lockheed Martin” şirkətinin F-35A təyyarələri iştirak edirdi.

İsveçrə xalqı ötən ilin sentyabr ayında keçirilən referendumda hökumətin yeni döyüş təyyarələri üçün 6.53 milyard dollar xərcləmək planlarını dəstəkləyib. Yeni alınacaq təyyarələr 2030-cu ilə qədər İsveçrənin F/A-18 “Hornet” təyyarə parkını əvəz edəcək. Yeni təyyarələr 2025-ci ilə qədər istismara verilməlidir.

İsveçrədə silah əleyhinə təbliğatçılar sonuncu dəfə 200 ildən çox əvvəl müharibə aparan İsveçrənin inkişaf etmiş döyüş təyyarələrinə ehtiyac duymadığını söyləyirlər.

F-35 layihəsi bir çox büdcə, gecikmə və texniki problemlərlə qarşılaşıb, lakin ixracat sürətini artırıb. Layihənin tənqidçiləri onun ömrü boyu trilyonlarla dollara başa gələcəyini və tam qabiliyyətə çatmayacağını bildirirlər. “Lockheed”in stels texnologiyaya sahib beşinci nəsil döyüş təyyarəsi Avropada Polşa, Belçika, Danimarka, Hollandiya, Norveç və Britaniya tərəfindən istifadə edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   ABŞ   F-35  


Bizi "telegram"da izləyin