“Airbus” şirkəti İsveçrədə “Eurofighter” döyüş təyyarələri istehsal etməyi təklif edib

2021/06/GCRLM-1624865970.jpg
Oxunub: 963     10:48     29 İyun 2021    
“Airbus” şirkəti İsveçrəyə “Eurofighter” döyüş təyyarələrinin bu ölkədə istehsal edilməsini təklif edib.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın “SonntagsZeitung” nəşri yazıb.

İsveçrə hökuməti bu ay yeni döyüş təyyarələri almaq üçün bir neçə şirkət arasında seçim edəcək. Hökumət “Airbus” şirkətinin “Eurofighter”, Fransanın “Dassault” şirkətinin “Rafale”, “Boeing” şirkətinin F/A-18 “Super Hornet” və ya “Lockheed Martin” şirkətinin F-35A təyyarələrindən birini seçməlidir.

“Eurofighter” təyyarələrini hazırlayan Almaniya, İtaliya, İspaniya və Britaniya Bernə onları seçəcəyi təqdirdə geniş siyasi əməkdaşlıq təklif edirlər. “Airbus” şirkəti bildirib ki, əgər İsveçrə onların təyyarəsinin alınmasına razılıq versə, “Eurofighter”lər İsveçrənin özündə yığılacaq.

İsveçrə televiziyası keçən həftə hökumətin F-35 almağa meyilli olduğunu bildirib, lakin son qərar hələ açıqlanmayıb.

İsveçrə xalqı ötən ilin sentyabr ayında keçirilən referendumda hökumətin yeni döyüş təyyarələri üçün 6.53 milyard dollar xərcləmək planlarını dəstəkləyib. Yeni alınacaq təyyarələr 2030-cu ilə qədər İsveçrənin F/A-18 “Hornet” təyyarə parkını əvəz edəcək. Yeni təyyarələr 2025-ci ilə qədər istismara verilməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   İsveçrə  


Bizi "telegram"da izləyin