Mərkəzi və Şərqi Avropada ABŞ raketdən müdafiə sistemi nə vəziyyətdədir?

2021/08/666-9767973786.jpg
Oxunub: 1831     11:22     01 Sentyabr 2021    
"European Interceptor Site" (EIS) olaraq da tanınan ABŞ-ın Mərkəzi və Şərqi Avropadakı Raketdən Müdafiə Kompleksi (The US missile defense complex in Central and Eastern Europe), ABŞ-ın Avropadakı raketdən müdafiə sisteminin orijinal konfiqurasiyasıdır. Bu proqrama görə, Çexiya Respublikasında (ABŞ-ın aşkarlama və tuşlama RLS-ləri) və Polşada (on ədəd şaxta bazalı strateji ələkeçirici raketləri) bazalar yerləşdiriləcəyi güman edilirdi.

Prezident Barak Obamanın hakimiyyətə gəlməsi ilə ABŞ daha mobil və çevik bir sistem yaratmaq üçün raketdən müdafiə planlarına düzəlişlər etməyə başladı. 2009-cu ildə Avropada raketdən müdafiə sisteminin yaradılması planlarına yenidən baxıldı.


Tarix

1999-cu ildə ABŞ Prezidenti Bill Klinton Milli Raket Əleyhinə Müdafiə (MRƏM) sisteminin yaradılmasına dair qanun layihəsi imzaladı. Klintonun fikirlərinə görə, MRƏM-in inkişaf etdirilməsi "ABŞ və müttəfiqlərinə qarşı kütləvi qırğın silahları daşıya bilən uzaqmənzilli raketlərin yaradılması və yerləşdirilməsi təhlükəsinin artması ilə" əlaqələndirilirdi.

2001-ci ildə Prezident Corc Buş MRƏM sisteminin təkcə ABŞ-ın deyil, müttəfiq və dost ölkələrin də ərazilərini qorumaq üçün, bu qlobal sistem elementlərinin həmin ərazilərdə yerləşdiriləcəyini bildirirdi.

2002-ci ilin iyunundan ABŞ 1972-ci ildə imzaladığı ballistik raket əleyhinə müdafiənin məhdudlaşdırılması haqqında müqavilədən rəsmi şəkildə çıxdı. 2002-ci ildən bəri ABŞ avropalı tərəfdaşları ilə, onları və ABŞ-ı Şimali Afrikadan və ya Yaxın Şərqdən atıla biləcək qitələrarası ballistik raketlərdən qorumaq üçün Avropa ərazisində "Ground-Based Midcourse Defense" adlanan yerüstü müdafiə sistemlərinin yerləşdirilməsi imkanlarını müzakirə etməyə başladı.

2004-cü ilin oktyabr ayının əvvəlində Vaşinqton, İranın 2000 km məsafədə hədəfləri vura bilən orta mənzilli raketlərinin görünməsindən narahatlığını bildirərək ABŞ-da raketdən müdafiə sisteminin yerləşdirilməsini sürətləndirmək (burada İran raketlərinin daha uzun mənzilli olma ehtimalı və ya Venesuela kimi rəqib ölkələrə verilməsi nəzərdən keçirilə bilərdi-red.) qərarına gəldi, əlavə ələkeçirici raketlərin yerləşdirilməsi və onların ABŞ raketdən müdafiə sisteminin tərkibinə daxil edilməsi barədə Avropa müttəfiqləri ilə məsləhətləşmələr apardı. Şərqi Avropadakı bir sıra ölkələr, ilk növbədə Polşa, raket əleyhinə sistemlər də daxil olmaqla öz ərazilərində raketdən müdafiə sisteminin elementlərini yerləşdirmək istəyini ifadə etdi.

2006-cı ilin may-avqust aylarında ABŞ Müdafiə Nazirliyinin mütəxəssislərindən ibarət bir qrupu, raketdən müdafiə qurğularının yerini təyin etmək üçün Polşa, Çexiya və Macarıstanda səfərdə oldular. Bu ilin sentyabr ayında Polşanın Baş naziri Yaroslav Kaçinskinin ABŞ-a etdiyi səfəri zamanı qorunan yeraltı şaxtalarda on ədəd ələkeçirici raketin Polşada yerləşdirilməsi barədə razılıq əldə edildi.


20 yanvar 2007-ci ildə Çexiya Baş naziri Mirek Topolanek, Avropada yerləşdiriləcək GBI zenit-raket sistemlərini yönəltmək üçün istifadə ediləcək qlobal raketdən müdafiə sisteminin elementlərindən biri olan ABŞ-ın "Raytheon" XBR çoxfunksiyalı radarının (X-Band Radar) Çex Respublikasında yerləşdirilməsinin təklif edildiyini bildirdi.

Fevral ayında ABŞ-ın Polşa və Çexiya ilə rəsmi danışıqları başladı. Fevralın 19-da Polşa Baş naziri Yaroslav Kaczinski və Çexiya Baş naziri Mirek Topolyanek Varşavada birgə mətbuat konfransında ölkələrinin ABŞ təklifini qəbul etməyə hazır olduqlarını açıq şəkildə bildirdilər. Polşa və Çexiya ABŞ-la bazaların yerləşdirilməsi şərtləri ilə bağlı danışıqlarda razılaşdırılmış mövqe tutmağı qəbul etdilər. Rusiyanın kəskin reaksiyası, Polşa və Çexiyada şantaj və bölgədəki rus təsirini bərpa etmək cəhdi kimi qəbul edildi. ABŞ raketlərinin və radarlarının yerləşdirilməsi Polşa və Çex mediasının bir nömrəli mövzusu oldu, yerli siyasətçilərin əksəriyyəti ABŞ layihəsini dəstəklədi. Belə ki, Polşanın Baş naziri Yaroslav Kaçinski ABŞ bazasının Polşada yerləşdirilməsinin Polşanın Rusiyanın təsir dairəsinə qayıtmayacağına zəmanət verəcəyini söylədi: "Bu, Polşanın statusundan irəli gəlir". Çexiyanın Xarici İşlər naziri Karel Şvatszenberq isə "ruslarla iş təcrübəmiz mövcuddur. Şantaja imkan versək, geri dönüşümüz olmayacaq. Biz möhkəm dayanmalıyıq" deyə bildirdi.

20 fevral 2007-ci ildə Ukraynanın Baş naziri Viktor Yanukoviç Polşa və Çexiyada raketdən müdafiə sistemi elementlərinin mümkün bir şəkildə yerləşdirilməsini Ukraynanı "çətin vəziyyətə" saldığını söylədi. Onun sözlərinə görə, hökumət Ukrayna sərhədlərində ABŞ raketdən müdafiə elementlərinin səbəb ola biləcəyi təhlükə dərəcəsini öyrənir. Daha sonra Almaniyanın Handelsblatt qəzetinə verdiyi müsahibədə Yanukoviç raketdən müdafiə sisteminin elementlərinin Şərqi Avropada yerləşdirilməsi planlarını tənqid etdi: "Bu cür qərarlar yalnız geniş Avropa müzakirələrindən, Qərbi və Şərqi Avropa, xüsusən də Ukrayna və Rusiya ilə dialoqdan sonra verilə bilər".

13 mart 2007-ci ildə Birləşmiş Ştatların Raketdən Müdafiə Agentliyinin direktoru, general-leytenant Henri Oberinq Ukraynaya səfər edərək, ABŞ-ın Ukraynada raketdən müdafiə elementlərini yerləşdirməyi planlaşdırmadığını bəyan etdi.

1 mart 2007-ci ildə NATO qərargahında çıxış edən Oberinq, İrandan atılan raketləri aşkarlayacaq və sonra məlumatları Çexiyadakı stasionar bir radara ötürəcək RLS-ləri 2011-ci ilə qədər Qafqazda yerləşdirmək niyyətini açıqladı.

2007-ci ilin iyununda, NATO-nun Brüsseldəki zirvə toplantısında, əsas elementləri Polşa və Çexiyadakı obyektlər olacaq ümumi Avropa raketdən müdafiə sisteminin yaradılması ilə bağlı ideyaya dəstək ifadə edildi.

İyulun əvvəlində Çexiya Təhlükəsizlik Şurası, Praqadan təxminən 90 km cənub-qərbdə, Plzen bölgəsindəki Brda hərbi təlim poliqonunda ABŞ radarının inşası üçün torpaq ayırmaq qərarına gəldi.


İyulun 25-də Pentaqon Raketdən Müdafiə Agentliyinin sözçüsü Rik Lener "Boeing" Aerokosmik Korporasiyasının Çexiya və Polşada raketdən müdafiə sisteminin yaradılması üçün podratçı qismində ABŞ Müdafiə Nazirliyi tərəfindən seçildiyini açıqladı.

8 iyul 2008-ci ildə Praqada ABŞ raket əleyhinə müdafiə sisteminin RLS-lərinin Çexiya ərazisinə yerləşdirilməsinə dair əsas razılaşma imzalandı.

14 avqust 2008-ci ildə ABŞ və Polşa ABŞ raketdən müdafiə bazasının Polşa ərazisində yerləşdirilməsinə dair müqavilə imzaladılar.

Barak Obamanın hakimiyyətə gəlişi ilə ABŞ daha mobil və çevik bir sistem yaratmaq üçün raketdən müdafiə planlarını dəyişməyə başladı. 2009-cu ildə daha müasir "Aegis Ashore" raketdən müdafiə sisteminin yerüstü versiyasının Polşada yerləşdirilməsi planlarının lehinə olaraq, GBMD sistemindən imtina edildi. 2009-cu ilin oktyabr ayında ABŞ vitse-prezidenti Co Bayden Polşanı yeni bir layihədə iştirak etməyə dəvət etdi. Baş nazir Donald Tusk təklifi qəbul etdi.

2011-ci ildə Çexiya ABŞ raketdən müdafiə sistemində iştirakdan imtina etdi.

Rusiyanın reaksiyası

2005-ci ilin sonunda RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Y.Baluyevski Polşanın "Gazeta Vyborcha" qəzetinə verdiyi müsahibədə Rusiya ilə Qərb arasında nüvə münaqişəsinin olacağını düşünməsə də, ABŞ-ın raketdən müdafiə qalxanının yaradılmasında iştirak edəcək ölkələrə bunun nəticələrini başa düşməyə dair çağırış etdi: "Buyurun, qalxan hazırlayın. Yalnız fikirləşin ki, sonra o, başınıza düşəcək".

6 sentyabr 2006-cı ildə Ordu generalı Yuri Baluyevski, Polşanın "Zennik" qəzetinə verdiyi müsahibədə, ABŞ-ın raketdən müdafiə obyektlərinin Avropa ölkələrində yerləşdirilməsinin ABŞ və Rusiya arasındakı mövcud strateji pariteti dəyişdirəcəyini və bu da öz növbəsində Rusiya hərbi planlarının düzəliş edilməsini tələb edəcəyi barədə xəbərdarlıq etdi.

2006-cı il oktyabrın əvvəlində Varşavaya səfər edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov Polşanın ABŞ-ın raketdən müdafiə sisteminin elementlərini öz ərazisinə yerləşdirəcəyi təqdirdə Rusiyanın müvafiq tədbirlər görəcəyini açıqladı.

2007-ci ilin fevral ayının əvvəlində Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Şərqi Avropada raketdən müdafiə elementlərini yerləşdirmə planlarını tənqid etməyə qoşuldu. Fevralın 1-də, Kremldə etdiyi mətbuat konfransında, o dedi:

"Mütəxəssislərimiz Şərqi Avropada yerləşdirilən raketdən müdafiə sistemlərinin İran və ya bir növ terrorçu tərəfindən törədilən təhlükənin qarşısını almağa yönəldilməsinə inanmırlar ... Raketlərin İran ərazisindən uçuş yollarını biz də yaxşı bilirik. Buna görə də bu arqumentlər bizə əsassız görünür. Bu birbaşa bizə aiddir və müvafiq reaksiyaya səbəb olacaq. Bu cavab asimmetrik, lakin son dərəcə təsirli olacaq".


Fevralın 10-da Münhendəki Təhlükəsizlik Siyasəti üzrə Beynəlxalq Konfransda danışan Putin, ABŞ-ın qlobal raketdən müdafiə sisteminin elementlərinin Şərqi Avropada yerləşdirilməsini tənqid edərək, bunun daha bir silahlanma yarışına səbəb ola biləcəyini qeyd etdi, çünki Avropanı həqiqətən təhlükələrə məruz qoyan "problemli" ölkələrin heç birində 5-8 min km atəş məsafəsinə malik raketlər mövcud deyil".

Əgər əvvəllər Rusiya rəhbərliyi ABŞ-ın raketdən müdafiə sisteminin yaradılması ilə bağlı sərt tənqidlərdən çəkinirdisə, indiki vəziyyətdə Putin ABŞ-ın hərəkətlərinin "güc balansını pozaraq" silah yarışında katalizator rolunu oynadığını və bu tarazlığı bərpa etmək üçün Rusiyanın yeni hücum silahlarını inkişaf etdirməli olacağını bildirirdi.

Fevralın 15-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuri Baluyevski bildirdi ki, Rusiya öz sərhədlərində raketdən müdafiə sisteminin yaradılmasına cavab olaraq, nüvə çəkindirməsinin bütün müqavilə-qanun sistemini yenidən nəzərdən keçirməyə başlaya bilər: "Bu gün amerikalıların Avropada üçüncü raketdən müdafiə zonası yaratmasının izahatı yoxdur". Onun sözlərinə görə, Rusiya birtərəfli qaydada orta və yaxınmənzilli raketlərin ləğvi haqqında Sovet-Amerika Müqaviləsindən çıxa bilər.

ABŞ Müdafiə Naziri Robert Qeyts Baluyevskinin bu açıqlamasına bir neçə saat ərzində reaksiya verdi, lakin bunu ABŞ-ın Polşa və Çexiyada raketdən müdafiə sisteminin elementlərini yerləşdirmək planları ilə əlaqələndirmədi: "Onlar Avropada yerləşdirmək niyyətində olduğumuz raketdən müdafiə komponentlərinin Rusiyaya təhlükə yaratmadığını yaxşı bilirlər". Qeyts, Rusiyanı "sərhədlərinin cənub və şərqində yerləşən orta mənzilli raketlərin artan təhlükəsi daha çox narahat etməlidir" ehtimalını irəli sürdü.

ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak da əmin etdi ki, ABŞ raketdən müdafiə sisteminin dünya üzrə yerləşdirilməsi heç bir şəkildə Rusiyanın strateji qüvvələrinə qarşı yönəldilmir.

Akademik Oleq Boqomolov qeyd edirdi: "ABŞ-ın raketdən müdafiə sistemlərinin Polşa və Çexiyada yerləşdirilməsi terror təhlükəsi və ya İrandan gələn təhlükə ilə bağlı deyil, yalnız Rusiyaya təsir etmək istəyi ilə əlaqədardır".


Yaroslav Kaçinski və Mirek Topolyanek Varşavadakı birgə mətbuat konfransında ölkələrinin ABŞ təklifini qəbul etməyə hazır olduqlarını açıqladıqdan sonra Rusiyanın Strateji Raket Qüvvələrinin komandanı general-polkovnik Nikolay Solovtsov keçirdiyi mətbuat konfransında Rusiya raketlərinin ABŞ-ın Polşa və Çexiyadakı raketdən müdafiə obyektlərini hədəf ala biləcəyini söylədi. O, Rusiyanın orta mənzilli ballistik raketlərin istehsalını bərpa etməyə hazır olduğunu da söylədi: "Orta mənzilli sinifə aid ballistik raket sistemləri məhv edilsə də sənədləri və texnologiyası qalır. Zəruri halda bu komplekslərin istehsalı yeni texnologiyalarla, yeni element bazasında, yeni bir idarəetmə sistemi və yeni imkanlarla ən qısa müddətdə bərpa ediləcək".

ABŞ da öz növbəsində Rusiyanı Şərqi Avropada raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin yalnız İran və Şimali Koreyaya qarşı qorunması üçün zəruri olduğuna inandırmağa yönələn geniş diplomatik və təbliğat kampaniyası başlatdı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Stiven Hedli Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Moskvaya göndərildi. Nyu-Yorkda Amerika Birləşmiş Ştatları Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Henri Oberinq və dövlət katibinin müavini Daniel Frid xarici media nümayəndələrinə müraciət edərək, ABŞ administrasiyasının Rusiya hökumət və hərbi liderlərinin mənfi reaksiyasından narahat olduğunu etiraf etdi. Henry Oberinqin sözlərinə görə, ABŞ ələkeçirici raketləri Rusiya ballistik raketləri qədər sürətli deyil: "Onların uçuşunu izləmək və raketi ələ keçirmək istəsək də, ələkeçirici raketlərimiz onları tuta bilməyəcək... Raketdən müdafiə sisteminin inkişafı çərçivəsində Avropada qurulması planlaşdırılan ABŞ raketləri Rusiyadan deyil, Yaxın Şərqdən gələn təhdidlərə qarşı yönəldilib".

ABŞ-ın keçmiş dövlət katibi, "Rusiya-ABŞ. Gələcəyə baxış" işçi qrupunun həmsədri Henri Kissincer, Moskva və Vaşinqton arasında raketdən müdafiə mövzusunda danışıqlarda əsas vasitəçilərdən biri oldu.

ABŞ qlobal raketdən müdafiə sistemini yerləşdirməyə başladı. Alyaskada və Kaliforniyada iki ələkeçirici raket bazası inşa edildi. Şərqi Avropada üçüncü belə bir bazanın yaradılması da planlaşdırılır. Amerikalılar Avropadakı bəzi NATO tərəfdaşlarını qlobal raketdən müdafiə sisteminin tərkib hissəsi olaraq Avropada eşalonlaşdırılan raketdən müdafiə sistemini yerləşdirməyə cəlb edirlər. ABŞ-ın Avropadakı raketdən müdafiə bazasının meydana çıxması, Amerikanın Avropadakı hərbi varlığının əhəmiyyətli bir şəkildə yenidən qurulması, bu bölgədəki ABŞ Silahlı Qüvvələrinə Rusiya Federasiyasının nüvə müqavimət potensialına mənfi təsir göstərə biləcək strateji bir komponent təşkil etməsi deməkdir.

Rusiya Xarici İşlər Nazirliyinin Rusiya Federasiyasının xarici siyasət icmalından: "Moskva xəbərdarlıq edir ki, Mərkəzi Avropada raketdən müdafiə sisteminin quraşdırılması yeni "soyuq müharibəyə" səbəb ola bilər".


Aprelin 26-da Vladimir Putin Federal Məclisə müraciətində ABŞ-ın Çexiya və Polşada raketdən müdafiə sistemlərini yerləşdirməyi planlaşdırması ilə əlaqədar olaraq Rusiyanın Avropada Silahlı Qüvvələrin yerləşdirilməsi haqqında müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi dayandıra biləcəyini söylədi.

Aprelin 27-də Vladimir Putin ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Avropada yerləşdirilməsinin 1980-ci illərin əvvəllərində Avropada "Pershing" raketlərinin yerləşdirilməsinə bərabər olduğunu söylədi: "Təhlükə ABŞ-ın raketdən müdafiə sisteminin elementlərinin Avropada yerləşdirilməsi ilə eynidir və bunlar ABŞ-ın strateji nüvə silahlarının tərkib hissəsidir".

İyunun 7-də Heyliqendammda (Almaniya) keçirilən G8 sammitində Vladimir Putin Corc Buşa Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadəni təklif etdi. Rusiyaya görə, Avropadakı raket zərbəsi təhlükəsinin gələ biləcəyi məkana nəzarət edən radar stansiyasından Qəbələ RLS qat-qat daha effektivdir. Birləşmiş Ştatlar isə Qəbələ RLS-in birgə istifadəsinə mümkün razılığın, raketdən müdafiə elementlərinin Avropada yerləşdirilməsindən imtina demək olmadığını bildirdi. Corc Buşun özü sammitin son günündə qeyd etdi ki, ABŞ-ın Avropadakı raketdən müdafiə sistemi Rusiya üçün təhlükəli deyil, çünki Polşada quraşdırılan sistemlər birdən çox qitələrarası ballistik raketi zərərsizləşdirə bilmir.

1-2 iyul tarixində Kennebunkportda keçirilən ABŞ-Rusiya sammitində Vladimir Putin Qəbələ RLS-dən birgə istifadəyə dair təklifini inkişaf etdirərək Armavirdə inşa edilən "Raketlərin buraxılması barədə xəbərdarlıq stansiyasının da ümumi sisteminə daxil edilməsi" təklifi ilə çıxış etdi.

ABŞ-ın raketdən müdafiə sistemini Rusiya-NATO Şurasının nəzarəti altına alınması, onu Avropanın raketdən müdafiə qalxanına çevirməsi, Moskva və Brüsseldə ortaq xəbərdarlıq mərkəzlərinin yaradılması təklif edildi. Lakin Corc Buş bu fikirləri "cəsarətli və strateji" adlandıraraq, ABŞ-ın planlarından imtina etmək niyyətində olmadığını açıqladı və təsdiqlədi ki, Çexiya və Polşa raketdən müdafiə sisteminin inteqrasiya olunan hissəsinə çevrilməlidir.

İyulun 4-də Rusiya Baş nazirinin birinci müavini Sergey İvanov Kennebunkportdakı Rusiya-Amerika sammitinin nəticələrini şərh edərkən dedi: "ABŞ bizim təkliflərimizi qəbul edərsə, o zaman Rusiyanın da Kalininqrad ərazisində yeni raketlər yerləşdirməsinə ehtiyac qalmayacaq". ABŞ və Avropada bu ifadə Moskvanın Vaşinqtonun planlarına "asimmetrik cavab verməyə" hazır olduğunun sübutu kimi qəbul edildi.


İyulun 7-də ABŞ dövlət katibi Kondoliza Rays Amerikanın CNBC telekanalının efirində Rusiyanın ABŞ-ın raketdən müdafiə sistemini Avropada yerləşdirməkdən imtina etmək təklifini rədd etdi. Eyni zamanda "Vesti Nedeli" (RTR) proqramına verdiyi müsahibədə Sergey İvanov Rusiya rəhbərliyinin "Polşada raketdən müdafiə sisteminin və Çexiyada radarın qurulması Rusiya üçün açıq təhdid yaradır" fikrini təkrarladı, çünki planlaşdırılan radarlar Rusiyanın Avropa ərazisini Urala qədər izləyəcəkdi. İvanov xatırladıb ki, buna cavab olaraq Rusiya "Kalininqrad da daxil olmaqla Rusiya Federasiyasının Avropa hissəsində "İskəndər" operativ-taktiki komplekslərinin yerləşdirilməsini nəzərdən keçirə bilər". Rusiya təklif edir ki, 2020-ci ilə qədər ABŞ raketdən müdafiə sisteminin əvəzinə avropalılar idarə edilməsinə təkcə NATO ölkələri üçün deyil, bütün Avropanın, o cümlədən neytral ölkələr üçün də bərabər imkanlar yaradılan birləşmiş raketdən müdafiə sistemi yaradılsın.

2007-ci ilin iyul ayında ABŞ Senatı, 2008-ci il üçün hərbi xərclər haqqında qanuna düzəliş qəbul etdi, bu qanuna görə raketdən müdafiə sisteminin yaradılması ABŞ-ın rəsmi dövlət siyasəti oldu və İrandan gələn nüvə raket təhlükəsinə qarşı rəsmi olaraq raketdən müdafiə sistemi yaradılacaqdı. Səsvermə demək olar ki, yekdilliklə qəbul edildi.

İyulun 13-də Putin "Rusiya Federasiyasının Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləsinin və əlaqədar beynəlxalq müqavilələrin qüvvədən düşməsi haqqında" fərman imzaladı. Sənədlə müşayiət olunan açıqlamada bu qərarın "Rusiya Federasiyasının təhlükəsizliyinə təsir edən müstəsna hallar"ın səbəb olduğu göstərilirdi. Bunlara Bolqarıstan və Rumıniyada ABŞ hərbi bazalarının planlaşdırılan yerləşdirilməsi də daxil idi.

Avqustun ortalarında, Putin 15 ildir həyata keçirilməyən Rusiya strateji aviasiyasının avqustun 17-dən etibarən müntəzəm uçuşlarını bərpa etmək əmrinin verildiyini açıqladı. Sonradan məlum oldu ki, bu uçuşları həyata keçirən strateji bombardmançıların göyərtəsində heç nüvə silahı yoxdur.

Putin ABŞ-ın planlarının həyata keçiriləcəyi təqdirdə Rusiyanın Orta və Yaxın Mənzilli Raketlərin ləğvi sazişindən çıxa biləcəyini də söylədi.

5 noyabr 2007-ci ildə Federal Məclisdəki çıxışında sabiq Rusiya Prezidenti Dmitri Medvedev, Şərqi Avropada raketdən müdafiə sisteminin yerləşdirilməsinə cavab olaraq, "İskəndər" raket sistemlərinin Kalininqrad bölgəsində yerləşdiriləcəyini söylədi. Burada radara qarşı elektron basdırma vasitələri də istifadə ediləcəkdi. 2018-ci ilin yazında 152-ci qvardiya raket briqadasının "İskəndər-M" raket sistemləri döyüş növbətçiliyinə çıxarıldı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin