ABŞ-ın Asiya-Sakit Okean bölgəsində raketdən müdafiəsi nə vəziyyətdədir?

2021/08/567-3255979354.jpg
Oxunub: 1409     10:19     02 Sentyabr 2021    
ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki raketdən müdafiə sistemi ballistik raket buraxılmasının erkən aşkarlanması və raketi uçuşun aktiv mərhələsində məhv etmək üçün perspektivli bir sistemdir.

ABŞ hərbi ekspertlərinin fikrincə, Asiya-Sakit Okean bölgəsində raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi bölgədə təhlükəsizliyin möhkəmlənməsinə töhfə verməklə bərabər, həm də KXDR-in gələcəkdə Koreya Respublikasına və ya Yaponiyaya hücumuna qarşı qarant ola bilər.


ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki təsirini gücləndirmək üçün gördüyü tədbirlər Çinin iqtisadi və hərbi potensialının artması ilə əlaqədardır. ABŞ Rusiya və Çinin mövqelərinə məhəl qoymadan Asiya-Sakit Okean bölgəsində yeni bir təhlükəsizlik ittifaqı yaratmaq üçün səy göstərir. Filippin, Avstraliya və Yaponiya bu ittifaqa qoşula bilər. Sinqapur və Tailandın da iştirakı mümkündür. Bundan əlavə, Vaşinqton Malayziyanı strateji tərəfdaş hesab edir.

Hərbi analitiklərin fikrincə, ABŞ-ın raketdən müdafiə seqmentinin bölgədə yerləşdirilməsi, Çin və KXDR ilə Cənubi Çin dənizində, Tayvan boğazında və Şərqi Çin dənizində, habelə mümkün olduğu halda Rusiya ilə Kuril adalarında baş verə biləcək münaqişələrdə, ABŞ rəhbərliyinin qoşun kontingentinin danılmaz üstünlüyünə əmin olmadığını təsdiqləyir.

ABŞ-ın xaricindəki bütün hərbi obyektlər kimi, raketdən müdafiə sisteminin elementləri də ABŞ-ın mülkiyyətidir.

ŞƏT-ə üzv ölkələr

ŞƏT-ə üzv ölkələr ABŞ-ın raketdən müdafiə sisteminin birtərəfli şəkildə gücləndirilməsini qlobal təhlükəsizliyə təhdid hesab edir.


Çin Xalq Respublikası

Çin rəsmilərinin açıqlamalarına görə, Şimal-Şərqi Asiyada (ÇXR-in sərhədləri yaxınlığında) raketdən müdafiə sisteminin yerləşdirilməsi bölgədə təhlükəsizliyin pozulmasına səbəb olacaq.

Çin Prezidenti Si Tszinpin, 4-5 sentyabr 2016-cı il tarixində Hangzhouda G20 sammiti çərçivəsində Cənubi Koreya Prezidenti Park Kın He ilə görüşdə Çin hökumətinin THAAD Amerika raketdən müdafiə sisteminin (ABM) Cənubi Koreyada yerləşdirilməsinə qarşı olduğunu bildirdi.

Rusiya Federasiyası

Rusiya rəhbərliyi birmənalı şəkildə ABŞ raketdən müdafiə sisteminin Asiya-Sakit bölgəsində yerləşdirilməsini bölgədə hərbi potensialın qarşılıqlı artırılmasına səbəb ola biləcək təhlükəsizlik təhdidi olaraq təyin edib.

"Biz NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasına adekvat və mütənasib şəkildə cavab verəcəyik. Qlobal raketdən müdafiə və strateji dəqiq silahların hazırlanması da diqqətdən kənar qalmayacaq", - deyə Putin bildirib.


Yaponiya

2004-cü ilin sonunda Yaponiya və ABŞ raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar ki, bu da gizli texnologiyaların mübadiləsini təmin etdi. Yaponiyada ABŞ-ın raket buraxılışını izləmə stansiyaları yerləşir.

2017-ci ilin dekabr ayında Yaponiya hökuməti ölkədə iki "Aegis Ashore" raketdən müdafiə sisteminin (gəminin raketdən müdafiə sisteminin yerüstü versiyası) yerləşdirilməsini təsdiqlədi. Bu sistemlərin yerləşdirilməsinin Şimali Koreyanın nüvə raket proqramının yaratdığı təhdidlərə adekvat cavab verəcəyi bildirilir. "Aegis Ashore" sistemi Yaponiyanın üçüncü raketdən müdafiə səddinə çevriləcək. Birinci sədd, "Konqo" tipli esmineslərə quraşdırılan, SM-3 ələkeçirici raketləri ilə silahlanan və atmosferdən yüksəkdə ballistik raketləri məhv etmək üçün hazırlanan "Aegis" dəniz sistemləridir. İkinci sədd yer atmosferinə qayıtdıqdan sonra raketləri məhv etmək üçün hazırlanan, PAC-3 raketlərinə malik yerüstü "Patriot" kompleksləridir. Daha əvvəl nəzərdən keçirilən THAAD sisteminin yerləşdirməsi, maliyyə səbəblərinə görə ləğv edildi. Rusiya rəsmilərinin bildirdiyinə görə, quraşdırılan yeni sistemlər, ABŞ-ın raket əleyhinə Asiya seqmentinə birləşdiriləcək.

25 iyul 2018-ci ildə Yaponiya Müdafiə Nazirliyi Yamaquti və Akita prefekturalarında "Aegis Ashore" raketdən müdafiə sisteminin yerləşdirilməsinin təxirə salınmasına qərar verdi.

2018-ci ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin "Şərq İqtisadi Forumu"nda Kremlin Asiya-Sakit Okean bölgəsində ABŞ-ın raketdən müdafiə sistemlərinin inkişafından narahat olduğunu bildirdi.

28 oktyabr 2018-ci il tarixində ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Yaponiya ilə ortaq bir proqram çərçivəsində hazırlanan yeni raketdən müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini elan etdi. SM-3 "Block 2A" sisteminin sınaqları Havay adaları sahillərində keçirildi.

KXDR

KXDR raket güclərini artırmaqda davam edir. Bu dövlətin rəhbərliyi ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki planlarını "Şimaldan gələn təhdidə" qarşı mübarizə bəhanəsi ilə həyata keçirməsindən əsəbiləşir.


Cənubi Koreya

Koreya Respublikası, təhlükəsizlik məsələlərində, ilk növbədə KXDR-ə qarşı yönələn ortaq raketdən müdafiə sisteminin inkişaf etdirilməsində ABŞ-ın Asiya-Sakit Okean bölgəsindəki strateji tərəfdaşıdır. 2006-cı ildə Cənubi Koreya silahlanmasının əsasını ABŞ tərəfindən təchiz edilən "Patriot" PAC-2 komplekslərinin və "Aegis" sistemlərinə malik kreyserlərin təşkil etdiyi RƏM komandanlığının yaradılmasını rəsmi olaraq elan etdi. Sonradan THAAD (Terminal High Altitude Area Defense) sistemlərinin yerləşdirilməsi ilə raketdən müdafiə sistemləri gücləndirildi.

Seul və Vaşinqton arasında ABŞ-ın qlobal raketdən müdafiə sisteminin elementlərinin Cənubi Koreya ərazisində yerləşdirilməsinə dair imzalanan müqavilələr fonunda, 2016-cı ilin iyul ayında bir sıra Cənubi Koreya prefekturalarında (raketdən müdafiə sistemlərinin yerləşdirilməsi planlaşdırılan) "Çilxqokda THAAD-a Yox!", "ABŞ-ın raketdən müdafiə sistemlərinə ehtiyacımız yoxdur!" şüarları altında etiraz aksiyaları keçirildi.

18 may 2019-cu ildə ABŞ KXDR-dən artan təhlükə ilə əlaqədar Qazaxıstan Respublikasının müdafiəsini gücləndirmək üçün Qazaxıstana 94 ədəd SM 2 Block III B raketlərinin təhvil verilməsi barədə saziş imzaladı.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHM   RƏM  


Bizi "telegram"da izləyin