Ordu.az “Defense news” nəşrinə istinadən xəbər verir ki, aşağı tempraturda işləyə biləcək maşınların alınması üçün artıq tender elan edilib.
Təqdim olunan avadanlıqların sınaqları Alyaskada yerləşən poliqonda baş tutacaq.
Nəşr yazır ki, “Oshkosh Defence”, “ST Engineering” və “BAE Hagglunds” (“BAE System” şirkətinin törəməsi) tenderdə iştirak edərək öz vasitələrini təqdim etmək niyyətindədirlər.
Tenderin şərtlərinə görə, yeni ərazi vasitəsi həddindən artıq soyuq hava şəraitində doqquz nəfərə qədər şəxsi heyət daşıya bilməli, yaralıların təcili təxliyyəsini təmin etməli və eyni zamanda komanda-qərargah maşını və ya yük platforması kimi xidmət etməlidir.
Qeyd olunur ki, tenderdə iştirak edən şirkətlər öz məhsullarını bu ilin ikinci rübünə qədər təqdim etməlidir. Qalib 2022 maliyyə ilinin üçüncü rübündə (1 oktyabr 2021-ci ildən başlayaraq) müəyyənləşəcək və bundan sonra yeni ərazi nəqliyyat vasitələrinin kütləvi istehsalına başlanacaq.
Yeni ərazi vasitəsi ABŞ Ordusunun arsenalında olan SUSV maşınlarını əvəz edəcək.
Pentaqon bildirib ki, ABŞ ordusunun bölgədəki Rusiya və Çinlə qarşı-qarşıya gəlməsi üçün yeni Arktik ərazi maşınlarına ehtiyac var. Yeni texnologiyanın ABŞ-ın Arktikadakı mövcudluğunu artırmasına və bununla da Rusiya və Çin hökmranlığına son qoymasına imkan verəcəyi vurğulanır.
Qeyd edək ki, Rusiya son aylarda Arktikadakı hərbi varlığını artırıb. Ötən həftə CNN peyk şəkillərinə istinadən yazmışdı ki, Rusiya şimal sahillərini gücləndirmək və Asiyadan Avropaya gedən alternativ nəqliyyat yolu açmaq üçün Arktikada hərbi varlığını görünməmiş dərəcədə artırıb.
Sevinc Əliyeva
Ordu.az