Ordu.az xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, 10 noyabr razılaşmasından irəli gələn məsələlərdən biri də ondan ibarət idi ki, artıq ölkələr arasında sülh və əməkdaşlıq prioritet olur. Bu mənada hər iki tərəf çalışmalı idi ki, postmüharibə dövründə ümumi işə töhfə versin. Ancaq biz bu gün qarşı tərəfin düşmənçilik mövqeyində qaldığını görürük.
“Ermənistan xəritələri vermir və İrəvan daha çox Azərbaycan vətəndaşının, hərbçilərimizin mina səbəbindən dünyasını dəyişməsində maraqlıdır. Bu isə Ermənistanın növbəti hərbi cinayəti sayılır. Moskva bəyanatından sonra xeyli sayda dinc sakin məhz ortada mina xəritəsinin olmaması səbəbindən həlak olub. Çünki minalanmış ərazilərin miqyası böyükdür. Xüsusilə də, Ağdam və Füzuli torpaqları hədsiz dərəcədə minalarla çirkləndirilib. Belə vəziyyət vətəndaşlarımız üçün ciddi təhlükələr vəd edir. Bu baxımdan Ermənistandan ərazilərimizdə basdırdıqları minalarla bağlı etibarlı sənədlər - xəritələr mütləq qaydada tələb olunmalıdır”.
Ordu.az