Əlinin silahı Aprel döyüşlərində şəhid olan bir hərbi qulluqçunun silahı olub

2021/04/15ad0-3234700502.jpg
Oxunub: 1404     17:19     07 Aprel 2021    
Şəhidlik Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə ucalmaq nəsib olmur... Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz və eləcə də bütövlükdə Azərbaycan xalqı fəxr edir. Bu gün hər bir ölkə vətəndaşı "Bu Vətən bizimdir" deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Unutmayaq ki, onlar ən ali qürur mənbəyimizdir.

Payızda başlamışdı Vətən müharibəsi, elə payızda da sona yetdi. 44 günlük Vətən savaşı 30 illik işğala son qoymaqla tarixə Böyük Zəfərlə yazıldı. Bu Zəfərin qazanılmasında yüzlərlə Vətən oğlu qəhrəmanlıq, igidlik nümunələri göstərdilər. Belə cəsur oğullardan biri də sərkərdələr diyarı kimi tanınan Lənkəranda doğulub boya-başa çatan şəhid Əli Mehdizadədir. Bu torpaq Səməd bəy Mehmandarov, Həzi Aslanov kimi görkəmli sərkərdələr yetirib. Onlar qəhrəmanlığı, döyüşkənliyi ilə, hərb elminin bilicisi kimi, Azərbaycanımızı dünyada tanıdıblar. Vətən müharibəsində də onlarla lənkəranlı gənc ata-babalarının qəhrəmanlıq, döyüşkənlik ənənələrini davam etdirdilər. Cəsurluğu, qorxmazlığı ilə tanınan Əli də onların sırasında idi...

Göy Xəzərin sahilində yerləşən, yaşıllıqlarla əhatələnən Lənkəran doğma şəhid övladlarını öz qoynuna almışdı. Yağışın nuru çilənirdi bərli-bəzəkli, güllü-çiçəkli şəhid məzarlığına... Adları əbədi, xatirələri əziz olan o oğullar Vətənimizi bütövləşdirərək, tarixi ədaləti bərpa etdilər.

Əli Mehdizadə 15 avqust 2001-ci ildə Lənkəran şəhərində dünyaya göz açmışdı. Ailədə dörd uşaq - üç oğul, bir qız övladı böyüdürdü Sara xanım. Qəmsiz, kədərsiz, qayğısız. Əli evin böyük uşağı idi. Lap kiçik yaşlarından ağılı, tərbiyəsi ilə seçilib Əli. Lənkəran şəhəri 1 saylı tam orta məktəbində təhsil alıb. O, 6-cı sinfi Türk liseyində oxuyub. Bu lisey onun dünya görüşünün formalaşmasında böyük rol oynayıb. Orta məktəbdə oxuduğu zaman xüsusi fəallığı ilə digər yaşıdlarından fərqlənib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı haqqında məlumatlar Əlidə düşmənə nifrəti daha da artırıb. Fars, ingilis dillərini yaxşı mənimsəyib. Eləcə də Quranı fars dilindən oxumağı bacarırdı. Onu da qeyd edim ki, atası Birinci Qarabağ müharibəsində iştirak edib. Qarabağ müharibəsi veteranıdır.

Əli 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanır. Azərbaycan Ordusunda Vətənə övladlıq borcunu yerinə yetirir. Çətin təlimlərdə uğurlu nəticələr qazanır. Dəfələrlə fəxri fərmanlara layiq görülür. Mənəvi-psixoloji, döyüş və fiziki hazırlıqları ilə digər əsgər yoldaşlarından fərqlənir. Hündürboylu bu cəsur cüssəli əsgər məntiqi, eləcə də səbirli və təmkinli olması ilə komandirlərinin rəğbətini qazanmışdı. Vətən müharibəsi başlayanda döyüş meydanında komandirlərinin tapşırıqlarını uğurla yerinə yetirən Əli Murov yüksəkliyinin alınmasında, Xocavənd, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edir. Cəbrayıl uğrunda gedən döyüşlərdə sinəsindən və kürəyindən aldığı qəlpə yarasına baxmayaraq, döyüş yoldaşlarının yanına tələsir. Noyabrın 1-də Şuşa uğrunda gedən döyüşlərdə Daşaltı kəndi istiqamətində Əli şəhadətə qovuşur. Onun hərbi biletindən oxuyuram: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Şuşa şəhəri ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olub." Əlinin ən böyük arzusu müharibədən sonra əsgəri xidmətini başa vurub, Azərbaycan Ordusunda xidmətini davam etdirmək idi... Rəşadətli Azərbaycan Ordusunun igid əsgəri Əli Mehdizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək, şəxsi igidlik və şücaət göstərdiyinə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Bütün bunlar şəhidlik zirvəsində əbədi məkan quran Əli haqqında mənim bildiklərimdir.

Kədərli gözləri vahid bir nöqtəyə dikilən Sara xanım "Əli haqqında çox danışmaq olar" deyib kövrəldi. "Vətənpərvərlik hissi, döyüş ruhu lənkəranlı gənclərdə hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaq. Əli ilə bir ana kimi həmişə qürur duymuşam. O, Azərbaycan əsgərinin şərəfli adına layiq, Hərbi Andına sadiq bir əsgər kimi sonadək döyüşdü. Əlinin silahı Aprel döyüşlərində şəhid olan bir hərbi qulluqçunun silahı olub. Bu səbəbdən də o silahı çox əzizləyərdi. Çox istəyirdi ki, tez bir zamanda torpaqlarımız işğaldan azad olunsun. Hər bir əsgər başıuca, alnıaçıq, qələbə ilə geri dönsün. Onu da qeyd edim ki, gözəl, səliqəli xətti var idi. Şeirlər yazırdı. Orta məktəbdə oxuyanda riyaziyyat fənnini çox sevirdi. Oğlum Murad Mehdizadə də Hərbi And içərək Azərbaycan Ordusunun "N" hərbi hissəsində 9 aydır ki, Vətənin keşiyində dayanır. İnanıram ki, Əlinin qəlbində qalan arzularını Murad gerçəkləşdirəcək”.

Dayısı Elsevər Fərzullayev Əli ilə hər zaman fəxr etdiyini dedi: "Əli çox istəkli oğul idi. Yaşının az olmasına baxmayaraq fikirləri, düşüncələri elə bil ki, onu daha da böyütmüşdü. Hərbi xidmətə yollananda da qarşısına bir məqsəd qoymuşdu: Azərbaycan Ordusunun əsgəri olacaq və heç bir çətinlikdən qorxmayacaq. Elə də oldu. Komandirləri Əlinin çox vətənpərvər, bacarıqlı, hazırlıqlı bir əsgər olduğunu deyirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Əlinin xalası Minayə Hüseynova isə onun yoxluğu ilə hələ də barışa bilmədiyini bildirdi: "Əli nəslin ilk nəvəsi olduğuna görə daha istəkli idi. Bayramlarda, əziz günlərdə hər birimizi ayrı-ayrılıqda təbrik edərdi. Çox ağıllı, müdrik uşaq idi. Dostları çox, əhatəsi geniş idi. Elə bil Allah onu uca zirvə üçün yaratmışdı..."

Söhbətimizi şəhidin kiçik qardaşı Əhmədin, həm sinif yoldaşı, həm də yaxın dostları olan Rəşad Əlizadənin, İsmayıl İbrahimovun, İsrafil Xasıyevin Əli barədə söylədikləri xoş, şirin xatirələri ilə davam etdiririk...

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəziləri müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə də, nəsillər bir-birini əvəz etsə də, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən Əli kimi oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, xalqın yolunda canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. Vətən, torpaq sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini də Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də elə bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an da belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan Vətən övladlarını yad etmək, xatirələrini əziz tutmaq hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəslə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvərlik ruhunda böyütmək, torpağına bağlı, xalqına hörmət hissi ilə tərbiyə etmək isə hər bir ölkə vətəndaşının ən ümdə vəzifəsidir.

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

Əlinin silahı Aprel döyüşlərində şəhid olan bir hərbi qulluqçunun silahı olub

2021/04/15ad0-3234700502.jpg
Oxunub: 1407     17:19     07 Aprel 2021    