1992-ci ilin iyun ayınadək mən Müdafiə Nazirliyində xidmət edirdim, 25 yaşım vardı, hərbi rütbəm leytenant idi. İyun ayının əvvəllərində Daxili Qoşunların rəhbərliyi məni dəvət edərək, xidmət yerimin qoşunlara dəyişilməsini təklif etdilər. Hətta konkret vəzifə də təklif edildi. Mən ixtisasca riyaziyyatçı olduğumu, hərbi xidmətədək Rabitə Nazirliyi sistemində proqramçı-mühəndis işlədiyimi əsas gətirərək ixtisasıma uyğun vəzifədə daha çox fayda verəcəyimi bildirdim. Mənə mövcud ştat cədvəlində belə vəzifənin olmadığı söylənildi. Mən kompüter texnologiyasının həyatın hər sahəsində, ilk növbədə, hərbi sistemdə tətbiq edilməsinin vacibliyini nəzərə alaraq, müvafiq strukturun ştat cədvəlinə salınmasını təklif etdim. Bu sahə mənə tapşırılarsa, yaxın zamanlarda Daxili Qoşunların müvafiq fəaliyyət sahələrinin sistemləşdirilməsi, ən vacibi isə rabitə sahəsində ciddi dönüş yaradılacağına söz verdim. Təklifim qəbul olundu və mənə bildirdilər ki, yaxın günlərdə “hesablama mərkəzi” ştat strukturu hazırlanaraq təsdiq üçün Daxili İşlər Nazirliyinin mərkəzi aparatına göndəriləcəkdir. Beləliklə mən Daxili Qoşunlara xidmətə qəbul edildim və həmin vaxt heç bir vəzifə tutmadığım üçün sərəncama götürüldüm. Bir müddət qoşunların ayrı-ayrı xidmət sahələrində sənədləşmə, kargüzarlıq və tərcümə işlərinə cəlb edildim.
İyun ayının ortalarında isə döyüş bölgəsinə, qoşunların Ağdam istiqamətində olan hərbi dəstəsinə ezam olundum. Daxili Qoşunların şəxsi heyəti 12 mart 1992-ci il tarixdən döyüş əməliyyatlarına cəlb olunsa da, döyüş bölgələrində daimi yerləşən hərbi hissələr yox idi, zabitlər müxtəlif hərbi hissələrdən növbəli şəkildə döyüş bölgələrinə ezam olunurdular. Daxili Qoşunların rəhbərliyinin məqsədi döyüş bölgələrində dislokasiya olunan hərbi hissələrin yaradılması idi ki, ilk olaraq belə bir alay Ağdam-Ağdərə istiqamətində 1992-ci ilin iyun ayında yaradıldı. Hələ alay yaradılmamışdan öncə mən həmin alayın tərkibində xidmət etməklə əlaqədar raportla müraciət etdim və 14 iyul tarixində hərbi hissənin qərargah rəisinin köməkçisi vəzifəsinə təyin edildim.
İyul ayının 31-də DQBİ-nin yeni yaradılmış Məlumat-hesablama mərkəzinin (MHM) rəisi vəzifəsinə təyin edildim, avqustun 10-da döyüş bölgəsindən qayıdaraq vəzifəmin icrasına başladım. İlk və ən vacib məsələ səriştəli və vətənpərvər proqramçı-mühəndislərin seçilərək Daxili Qoşunlarda zabit vəzifələrinə qəbul edilməsi idi. Qoşunların komandanlığı bu məsələni tam olaraq öhdəmə buraxmaqla mənə inamını və ilk böyük dəstəyini göstərmişdi. Bakı Dövlət Universitetində təhsil aldığım illərdə tanıdığım, “riyaziyyat” və “tətbiqi riyaziyyat” ixtisasları üzrə məzun olmuş, həmin dövrdə müxtəlif sahələrdə uğurla proqramçı-mühəndis işləyən şəxslərlə əlaqə yaratdım. Üzərimə götürdüyüm ciddi tapşırığın və komandanlığa verdiyim sözün yerinə yetirilməsi düzgün kadr seçimindən çox asılı idi. İlk xidmətə qəbul olunanlar arasında sonrakı uğurlarımızın “özəyinə” çevrilən, hər zaman savadı, səriştəsi, intizamı ilə başqalarına nümunə olan, gənc kadrlara hamilik edən Yaşar Quliyevin, Vaqif Axundovun və Rəşid Hüseynovun adlarını xüsusilə vurğulamaq istərdim.
MHM-nin ştat vahidlərinin sayı qarşıda düran vəzifələrin yerinə yetirilməsi üçün çox məhdud idi.
Buna baxmayaraq, biz gələcəkdə yaradılacaq daha geniş imkanlı strukturu nəzərə almaqla fəaliyyətimizin başlıca istiqamətlərini müəyyən etdik:
1) MHM-in əsas vəzifə və funksiyalarını müəyyən edən əsasnamənin, eləcə də digər rəhbəredici və texniki sənədlərin hazırlanması;
2) MHM-in zəruri kompüter və digər texniki avadanlıqlarla təchiz edilməsi:
3) Baş İdarənin hər bir idarə, şöbə və xidmətinin ilk mərhələdə ən azından bir komplekt kompüter texnikası ilə təchiz edilməsi;
4) Həmin sahələrin müvafiq hərbi qulluqçuları üçün kompüter texnikasından istifadə və texniki təhlükəsizlik qaydalarını əhatə edən tədris proqramının hazırlanması və dərslərin təşkili;
5) Qarşıda duran bəzi xüsusi vəzifələrin ölkəmiz üçün yeni olduğunu nəzərə almaqla, bu sahədə dünya təcrübəsinin öyrənilməsi, zərurət olarsa, beynəlxalq təcrübəyə malik mütəxəssislərin məsləhətçi qismində cəlb edilməsi;
6) Rabitə ilə əlaqəli məsələlərin yerinə yetirilməsi üçün Rabitə Nazirliyinin texniki imkanlarının kafiliyinin araşdırılması və bu məqsədlə öncədən danışıqların aparılması;
7) Daxili Qoşunların bütün hərbi hissələrini əhatə edən yeni ştat strukturunun işlənib hazırlanması;
8) Gələcəkdə təşkil ediləcək strukturda vəzifə tutacaq zabit kadrlarının seçilməsi və onların ehtiyat siyahısının tərtib edilməsi.
İlk növbədə qarşıda duran 3 əsas hədəfi müəyyən etdik və vaciblik baxımından sıraladıq:
– Baş İdarə və döyüş xəttində olan hərbi hissələr arasında etibarlı qlobal kompüter şəbəkəsinin yaradılması, bu sistem yaradıldıqdan sonra onun qoşunların digər hərbi hissələrində də tətbiq edilməsi. Bu şəbəkə vasitəsilə elekton sənəd mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulurdu;
– Qoşunların bütün xidmət sahələri üzrə (kadrlar, nizami hissə, kargüzarlıq, silah-sursat, döyüş texnikası, nəqliyyat vasitələri, təchizat və s.) avtomatlaşdırılmış uçot proqramlarının hazırlanması və tətbiq edilməsi;
– Baş İdarənin bütün xidmətlərini əhatə edən lokal kompüter şəbəkəsinin yaradılması və mərkəzləşdirilmiş uçot sisteminin formalaşmasında həmin xidmətlərin birbaşa iştiraklarının təmini.
Sonuncu iki məsələnin yerinə yetirilməsi öz zabitlərimizin imkanları daxilində olsa da, hər şey birinci və əsas hədəfimizin uğurundan asılı idi və bütün diqqət məhz bu məsələyə yönəldildi. Kompüter və digər texniki vasitələrlə təchizat məsələlərində heç bir problem olmadı. Daxili Qoşunların o vaxtkı komandanlığının böyük dəstəyi ilə ilkin mərhələdə işimizə yarıyacaq miqdarda ən son model texnikalar alındı. Ayrı-ayrı xidmət sahələrindən müəyyən edilmiş hərbi qulluqçularla xüsusi dərslər təşkil edildi. Hər xidmət sahəsinə bir dəst kompüter və çap qurğusu paylanıldı. Məqsəd, ilk növbədə, kargüzarlıq işlərinin mexaniki çap makinalarından asılılığını aradan qaldırmaq idi. Çünki çap makinaları həm çatışmırdı, həm də onların latın qrafikalı yeni əlifbamıza keçirilməsində çətinliklər vardı. Digər tərəfdən, elə ilk günlərdən, kompüter texnikasının bu əvəzsiz faydasını görən xidmət rəisləri və zabit-gizir heyəti bizim mərkəzə daha hörmətlə yanaşmağa başladı. Bu bizim gələcək işlərimizin yerinə yetirilməsində rast gələ biləcəyimiz daxili maneələrin aradan qaldırılmasına şərait yaratdı.
Statistikaya görə, hazırda ümumdünya qlobal kompüter şəbəkəsi olan internet ölkəmizin əhalisinin 80%-ni əhatə edir. Azərbaycanda internet medianın 1996-cı ildə yaranmasını nəzərə alsaq, 1992-ci ildə qlobal kompüter şəbəkəsi haqqında danışmaq belə çox tez idi. Buna baxmayaraq, belə bir şəbəkənin qoşunlar daxilində yaradılması üçün hazırlıq işlərinə başlanıldı. Rabitə Nazirliyinin rəhbərliyi ilə görüşüb Bakıdan kənarda olan hərbi hissələrin dislokasiya yerlərinədək “ayrılmış xətlərin” icarəyə götürülməsini müzakirə etdik. Məlum olduğu kimi, belə xətlərlə əlaqə yaradıldıqda adi ATS telefonlarında olan “səs siqnalı”(zumer) və “cavab siqnalı” olmur. Biz işimizdə təşkilatiçi lokal şəbəkələrdə istifadə olunan modemlərdən istifadə etməli idik. Belə modemlərsə ancaq ATS-in yuxarıda söylədiyim siqnallarına reaksiya verirdi. Bu problemi həll etmək üçün Bakı ATS-lərinin telefon nömrələri alınıb rayonlardakı hərbi hissələrdə “ayrılmış xətlərin” o başında quraşdırılmalı idi. Bu məqsədlə qoşunların rəhbərliyi tərəfindən müvafiq müraciət edildi. Nəticədə Rabitə Nazirliyi tərəfindən Ağdam, Gəncə, Sumqayıt, Zaqatala, Yalama, Lənkəran, Əli-Bayramlı (indiki Şirvan) və Hacıqabulda yerləşən hərbi hissələrdə quraşdırılması üçün ATS 93/98-dən 8 telefon nömrəsi ayrıldı. Lakin məsafə uzaq olduğundan, Bakı şəhər telefonlarının siqnallarını almaq mümkün deyildi. Bu məsələni həll etmək üçün “ayrılmış xətlərin” Bakıda olan tərəfinə xüsusi avadanlıq qoşulmalı idi. Rabitə Nazirliyinin əməkdaşları təcrübədə indiyədək belə məsələ ilə rastlaşmamışdılar və mütəxəssislər məsələnin ancaq nəzəri tərəfini bilirdilər. Odur ki, həmin komutasiya blokları mütəxəssislər tərəfindən sıfırdan yığılmalı idi. “Aztelekom” İstehsalat Birliyinin mütəxəssisləri ilə birlikdə işə başladıq. Blokları yığmaq üçün lazım olan detalların (rezistor, drossel, diod, kondensator və s.) əksəriyyəti Rabitə Nazirliyi tərəfindən təmin olunsa da, əsas detallardan biri olan releni (RES22) çox axtarmalı olduq. Bakıda yerləşən müvafiq zavodlara baş çəkməli oldum. Elektron hesablama maşınları zavodunun rəhbərliyi ilə görüşüm bir həftədən sonra lazımi nəticə verdi. Zavodun baş mühəndisi mənə zəng vuraraq həmin detalları tapdığını söylədi və 14 ədəd releni təmənnasız olaraq bizə təqdim etdi.
1993-cü ilin mart ayında Baş İdarə və Ağdam alayı arasında kompüter əlaqəsini uğurla sınaqdan keçirdik. Bu bizim kollektiv üçün əsl bayram, Azərbaycan miqyasında bir ilk idi. Daxili Qoşunlar komandanına mövcud vəziyyəti məruzə edərək, yeni sistemin tətbiq edilməsi üçün yeni ştat cədvəlinə ehtiyac olduğunu bildirdim. Təklifim razılıqla qarşılandı və tezliklə DQBİ-nin Avtomatlaşdırılmış idarəetmə sistemləri (AİS) şöbəsinin və hərbi hissələrin AİS xidmətlərinin yeni ştat cədvəlləri təsdiq edildi. Ehtiyat siyahısında olan mütəxəssislərin hərbi xidmətə çağırılaraq yeni vəzifələrə təyinatı həyata keçirildi. DQBİ-nin AİS şöbəsi kompüter əlaqəsi, proqram, texniki təminat qruplarından ibarət idi. Hərbi hissələrin AİS xidmətləri bir zabit və üç gizir olmaqla 4 nəfərdən ibarət idi. Bu say AİS xidmətlərində sutkalıq növbələrin təşkil edilməsi üçün zəruri idi. Çox qısa zaman ərzində Bakıda 2, rayonlarda yuxarıda sadaladığım 8 hərbi hissənin hamısı ilə kompüter şəbəkəsi yaradıldı və qoşunlar sistemində əmrlərin, tapşırıqların və digər rəhbəredici sənədlərin elektron mübadiləsi təşkil edildi. Bu məqsədlə xüsusi rəhbəredici sənədlər, məxfiçilik rejiminə riayət edilməsinə dair təlimat, növbətçilik qaydaları hazırlandı, texniki protokol və məxfiçilik parolları müəyyən edildi. Eyni zamanda, Baş İdarədə və hərbi hissələrdə xüsusi rejimli xidməti otaqlar ayrılıb, zəruri vasitələrlə təmin edildi. Qısa müddət ərzində AİS xidməti hərbi qulluqçularının peşə hazırlığı dərslərinin proqramı hazırlandı. Mütəmadi olaraq hərbi qulluqçular növbəli şəkildə Baş İdarəyə çağırılaraq onlara yeni şəbəkənin və uçot proqramlarının istismar qaydaları öyrədilir, kursun sonunda məqbullar qəbul edilirdi.
Beləliklə, Daxili Qoşunlar ölkəmizdə yeni informasiya texnologiyalarının tətbiq edildiyi ilk öncül qurum oldu. Bu müvəffəqiyyətin əldə edilməsində AİS xidmətinin bütün zabit-gizir heyətinin, ilk növbədə, Yaşar Quliyevin, Vaqif Axundovun, Rəşid Hüseynovun, Dünyabəy Rzayevin, Şahin Cavadovun, Mustafa Sadıqovun, Nəsib İbadovun böyük rolu olub.
Mehrab Tukanov, e. o. polis polkovniki
Ordu.az