Hərbi təlimlər silahlanmaya yeni qəbul edilmiş və ya hələ qəbul edilməmiş hərbi texnikanın səhra sınaqlarını da əhatə edəcək. Türkiyə mətbuatı yazır ki, təlimlərin son vaxtlar keçirilmiş ən böyük təlimlərdən biri olması planlaşdırılır.
Öz növbəsində təxribatçı hərbi müxbir Semyon Peqovun “wargonzo” teleqram kanalı təcili xəbərlər başlığı altında, Ankara və Bakının Ermənistanla həmsərhəd Qars vilayətində hücum xarakterli təlimlərdən əlavə hava-desant təlimləri də keçirəcəyini xəbər verir. Təbii ki, bütün bunlar Peqovun təxribatçı ruhuna uyğundur.
Lakin Türkiyə-Azərbaycan hərbi təlimləri erməni siyasi dariələrində də normal bir hadisə kimi qəbul edilməyib. Onlar bunu erməni tərəfinə hər an müharibə başlaya biləcəyi barədə açıq bir mesaj kimi qəbul edirlər.
Hərbi təlimlər fonunda Ermənistanı narahat edən digər məsələ keçən həftə İslamabadda Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər Nazirlərinin üçtərəfli görüşünün baş tutmasıdır. Bu formatda, üç ölkənin xarici siyasət rəsmiləri artıq ikinci dəfədir görüş keçirir. Müharibə zamanı, Türkiyə ilə yanaşı, Pakistan da Azərbaycanı dəstəkləyirdi. Pakistan Azərbaycana qardaş olan ölkələrdən biridir, hətta Ermənistanı dövlət kimi tanımayan yeganə ölkədir.
Üçtərəfli görüşdən danışan Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Erdakul da Qarabağ böhranı dövründə Azərbaycanı dəstəklədiyinə görə Pakistana təşəkkür edib.
Azərbaycan Müdafiə nazirinin müavini Ramiz Tahirov da öz növbəsində Pakistan Hava Qüvvələri komandirinə azərbaycanlı pilotların Pakistanda təlim keçməsindən məmnun olduğunu və minnətdarlığını bildirib. Mücahid Ənvər Xan paytaxt Bakıda Müdafiə naziri Zakir Həsənovla da görüşmüşdü.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, yüksək rütbəli hərbi rəsmilər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığı müzakirə ediblər. Görüşün sonunda iki ölkə arasındakı əməkdaşlığın Azərbaycan-Pakistan ordularının hərbi potensialının gücləndirilməsinə töhfə verəcəyi vurğulanmışdı. Hərbi hava qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi də müzakirə olunmuşdu.
Pakistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, görüş zamanı tərəflər bir sıra qlobal və regional məsələlər, o cümlədən bölgədə sülh və təhlükəsizliklə əlaqəli ortaya çıxan məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Ancaq hansı məsələlərdən söhbət getdiyinin təfərrüatları barədə məlumat verilməyib.
Ermənistanın Hindistanla daha sıx müttəfiqlik münasibətlərinə malik olması, həmçinin Kəşmir məsələsində rəsmi Dehlini dəstəkləməsi Pakistanın maraqlarına ziddir. Bununla yanaşı, İrəvanın Hindistanla həyata keçirilən bəzən aşkar, bəzən isə qapalı silah təchizatı məsələləri diqqətdən kənarda qala bilməz. Bu baxımdan, Pakistanın Azərbaycan və Türkiyə ilə birgə ittifaqda yer alması, 2 qardaş dövlətdən 3 qardaş dövlətə keçid formulunun tətbiqi düşmənlərimizi həyəcanlandırır. Türkiyə və Azərbaycanın keçirdiyi təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak edib və bu il çərçivəsində birgə təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Pakistan ordusu çox güclü və xüsusilə 10 ildən artıq müddətdə terrorla mübarizədə zəngin əməliyyat təcrübəsi əldə etmiş bir ordudur. Nəzərə alsaq ki, Ermənistan son 30 ildə Azərbaycana qarşı terror siyasəti həyata keçirib və indi də keçirir, bu baxımdan Azərbaycan ordusu terrorla mübarizədə qeyri-ənənəvi döyüş təcrübəsini inkişaf etdirmək üçün Pakistan ordusunun bu sahədəki təcrübəsindən yararlanmaq məqsədilə hərbi qulluqçularımız Pakistanda təşkil olunmuş hərbi təhsil, xüsusi hərbi hazırlıq proqramlarında iştirak edir.
Birgə təlimlərin isə 2021-ci ildən etibarən növbəli şəkildə Azərbaycan və Pakistanda keçirilməsi nəzərdə tutulur. Bu təlimlər xüsusilə Azərbaycan Ordusunun qarşısında duran vəzifələr, tələblər, döyüş tapşırıqları nəzərə alınaraq tərtib olunmuş xüsusi ssenarilər üzrə həyata keçiriləcək. Bundan əlavə, hərbi təlimlər genişləndirilərək digər qoşun növü – hər iki ölkənin Hərbi Hava Qüvvələri arasında da keçirilməsi, yəni qardaş Türkiyə ilə birgə keçirilən “TurAz Qartalı” təlimlərinə bənzər təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Dəyanət Ağalarlı
Ordu.az