Əbədi qardaşlıq nümunəsi

2020/08/Ahmad-1598006354.jpg
Oxunub: 3089     17:20     18 Sentyabr 2020    
Barbinka və Lvovdakı həbs düşərgəsindən Polşaya, oradan Almaniyaya, daha sonra Fransaya yola salınan hərbi əsirlərdən bir qrupunu Daxau ölüm düşərgəsinə göndərirlər. Onları burada qaz kamerasına salırlar. Bir müddət sonra nəzarətçilər əsirlərin meyitlərini kameradan çıxaranda yalnız bir nəfərin sağ qaldığını görürlər. Bu sonralar adı dillərdə əzbər olan qəhrəman həmyerlimiz Əhmədiyyə Cəbrayılov idi.

Fransa Müqavimət Hərəkatında "Armed Mişel" adı ilə tanınan əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyat hekayəti çox maraqlı ömür yolu nə qədər şərəfli olsa da, keşməkeşli və ağrı-acılarla dolu olub.

...Əhmədiyyə əsir düşərgəsindən dəfələrlə qaçmağa cəhd göstərsə də, istəyi baş tutmur. Əvvəlcə fransız dilini öyrənir. Sonra yerli partizan dəstələrinə qoşulmaq üçün yollar axtarır. Nəhayət, Əhmədiyyənin cəhdləri bir gün reallaşır və partizan hərəkatına qoşulur. Ona burada "Xarqo" ləqəbi verilir. Almanların "Armed Mişel" kimi tanıdıqları azərbaycanlı partizan qısa müddətdə müxtəlif, həm də ən çətin əməliyyatlarda iştirak edir. Fransa partizanları sırasında xüsusi yeri olan Ə.Cəbrayılov 1944-cü il avqustun 22-də azad olunmuş Parisdə Fransa Müqavimət Hərəkatının rəhbəri general Şarl de Qolla görüşür. Bu tanışlıq onların əbədi dostluğuna çevrilir. Həmin vaxtlarda Əhmədiyyənin Şarl de Qollun iştirak etdiyi bütün tədbirlərə qatılması da onların münasibətinin hər ikisi üçün böyük önəm kəsb etməsindən xəbər verir.

Zamanında Ə.Cəbrayılov mətbuata açıqlamasında general Şarl de Qolla tanışlığını belə nəql edirdi: "Mən bəstəboy, arıq bir oğlan idim. Partizanlara qoşulandan sonra aylarla onlar məni sınadılar. Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək partizanların rəğbətini qazanmağa nail oldum. Həmişə başıma fransız kepkası qoyurdum ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. De Qoll hansısa bir ərəfədə qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar, bütün Fransa partizanları, müqavimət hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar heç bir qorxusu yoxdur". De Qoll Əhmədiyyənin bu sədaqətindən və cəsarətindən təsirlənir və onların birgə əməliyyatları həmin gün uğurla başa çatır. Onların əsl dostluğunun təməli də elə o gün qoyulur.

Sonradan çoxlu sayda döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılır. Müharibədən sonra Fransada qalan partizan Dijanda adına dövlət avtomobil zavodunda fəaliyyət göstərsə də, eyni zamanda, De Qoll bundan əlavə ona mükafat və var-dövlət təklif etsə də, o, Vətənə - Azərbaycana, doğulub boya-başa çatdığı doğma Şəkiyə qayıtmaq qərarına gəlir. Dostunun şərəfinə vida mərasimi təşkil edən Şarl De Qoll çıxışında "Müqavimət hərəkatında iştirak edən qafqazlılar faşizmə qarşı döyüşlərdə həqiqi qəhrəmanlıq göstərmişlər" sözlərini deyir...

Nəhayət, 1946-cı il noyabrın 25-də "Armed Mişel" ləqəbli Ə.Cəbrayılov SSRİ-yə qayıdır. Burada onu "Vətən xaini" kimi qəbul edirlər, Moskvada mükafatlarının bir hissəsini də əlindən alırlar. O, tezliklə sovet həyat tərzinə alışır.

Şarl de Qoll və Əhmədiyyə Cəbrayılov dostluğunun ən maraqlı səhifəsi isə 1966-cı ildə yaşanır. Həmin ildə Moskvaya rəsmi səfərə hazırlaşan Fransa prezidenti aeroportda onu qarşılayanların sırasında SSRİ vətəndaşı olan və Azərbaycanda yaşayan “Armed Mişel”in də olmasını istədiyini bildirir. Moskvada və Bakıda "Armed Mişel"in kimliyindən xəbərsiz olduqlarından onu tapmaq elə də asan olmur. Ən nəhayət, gərgin axtarışlardan sonra onu Şəkinin Oxud kəndində tapıb, Moskvaya dostunu qarşılamağa göndərirlər. Şarl de Qoll Moskvada SSRİ rəhbərlərinin iştirakı ilə keçən görüşlərin birində qeyd edir ki, partizanlıq etdikləri vaxt Əhmədiyyə ilə barmaqlarını çərtərək qədim əyyamların adət-ənənəsinə uyğun qanlarını birləşdirib qan qardaşı olublar. Əhd-peyman bağlayıblar ki, heç bir zaman bir-birini unutmayacaqlar. General son cümləsində sovet rəhbərlərini təəccübləndirəcək bir söz də deyir: "Mən bu Azərbaycan oğluna görə SSRİ ilə Fransanın yaxınlaşmasına qərar verdim”.

Publisist-politoloq, Avropa müqavimət hərəkatında Azərbaycan oğullarının döyüş bioqrafiyasının tədqiqatçısı Ruqiyyə Əliyevanın "Azərbaycanlılar Avropa müqavimət hərəkatında" kitabında xalqımıza bu vaxtadək yetərincə çatdırılmayan bir sıra adlar və faktlar öz əksini tapıb. Tədqiqatçı kitabında Əhmədiyyə Cəbrayılov barədə çoxlu faktların olduğunu xüsusi qeyd edirdi: "1977-ci ildə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, bu ölkənin Milli Qəhrəmanı və “Fəxri Legion” ordeni kavaleri Əhmədiyyə Cəbrayılovla görüşdüm. Döyüş bioqrafiyasını xatırlayan qəhrəmanın şəxsi arxivindən götürüb göstərdiyi bir şəkil daha çox marağıma səbəb oldu. Azad olmuş Fransada rəsmi ziyafət təsvir olunan bu fotoda ölkənin müqavimət hərəkatının lideri general Şarl de Qollun sağ tərəfində əyləşmiş adamın nə rus, nə amerikan, nə ingilis, nə də erməni deyil, məhz azərbaycanlı olması məni hədsiz dərəcədə fərəhləndirdi. Bu, soydaşımız Əhmədiyyə müəllimin özü idi. Yeri gəlmişkən, deyim ki, belə bir fakt ermənilərin əlində olsaydı, onsuz da təsirlərinə saldıqları Fransaya daha böyük minnət qoyardılar."

Azərbaycan kinematoqrafçıları igid həmyerlimizin şanlı döyüş yolundan bəhs edən "Mübarizənin min günü" adlı sənədli film çəkiblər. Filmin yaradıcı heyəti "Xarqo" ləqəbi ilə partizan hərəkatında qəhrəmanlıq xarüqələri yaradan Əhmədiyyənin doğulub böyüdüyü doğma kəndində - Oxudda olur. Sonra onunla birlikdə Fransaya gedərək, orada döyüş dostları ilə təsirli görüşlərini lentə alırlar. Həyat və mübarizəsi Vətənə məhəbbət nümunəsi sayılan Ə.Cəbrayılov haqqında yazıçı Həsən Quliyev sənədli povest yazır. Türkiyədən olan yazıçı Öztürkün də Əhmədiyyə Cəbrayılov haqqında kitabı var.

Təbii ki, baş verənlər Ə.Cəbrayılovun həyatını dəyişdirir. 1968-ci ildə "Vətən xaini" adı onun üstündən götürülür və bəraət alır. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Şəki rayon Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur. O, müxtəlif illərdə döyüşlərdə iştirak etdiyi Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, eyni zamanda, Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olur və keçmiş döyüş yoldaşları ilə görüşür. Əhmədiyyə Cəbrayılov 1975-ci ildəki səfəri zamanı Fransa senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdə xatirə medalı təqdim olunur.

1976-cı ildə Böyük Vətən müharibəsində iştirakına görə "Oktyabr İnqilabı" ordeninə layiq görülür. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar Sovet İttifaqına gəlir və Ə.Cəbrayılovla görüşür.

1986-cı ildə Ə.Cəbrayılov Fransanın "Müharibə xaçı", "Hərbi şücaət xaçı", "Fransa Müqavimət Hərəkatı" və "İgidliyə görə" medalları ilə təltif olunur. 1990-cı ildə general Şarl de Qollun 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət edilir. 1994-cü il yanvarın 6-da "Front National"ın nümayəndəsi Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edir. Elə həmin ildə də məşhur partizan dünyasını dəyişmişdi...

Lalə Hüseynova, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Əhmədiyyə  

Əbədi qardaşlıq nümunəsi

2020/08/Ahmad-1598006354.jpg
Oxunub: 3090     17:20     18 Sentyabr 2020    