Silahlanmamızda mövcud olan İsrail istehsalı M462 "Abir" - Dar küçələrdə manevr üstünlüyü

2020/11/43332-8031014190.jpg
Oxunub: 2354     10:34     17 Dekabr 2020    
Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan İsrail istehsalı nəqliyyat vasitələrindən biri də tam çəkimli M462 "Abir" yüngül yük maşınlarıdır. Rəsmi mənbələr bu maşınların ölkəyə gətirilməsi zərurəti və konkret hansı vəzifələrin icrası üçün nəzərdə tutuldığı barədə açıqlama verməyib. Bu gün Ordu.az oxucularına M462 "Abir" maşınlarının yaranması, istehsalçısı, konstruksiyası, texniki xüsusiyyətləri, modifikasiyaları və istifadəçiləri barədə məlumat verəcək.

Yaranması

1989-cu ildən 2005-ci ilə qədər İsrail silahlı qüvvələrinin silahlanmasında mövcud olan "Abir" dizaynı M325 "Command Car" vasitələrinin konstruksiyasına əsaslansa da, ondan daha rahat və komfortlu hərəkəti təmin etməklə bərabər kobud ərazilərdə sürəti artırmaq üçün təkmilləşdirilib. M462 "Abir" ərazi vasitələri M325 "Command Car" maşınlarını əvəz etmək üçün hazırlanıb. "Abir" adı ivrit dilində "Cəngavər" deməkdir.


Sələfində olduğu kimi, "Abir" maşınlarında da bir çıx mülki təyinatlı ərazi vasitələrinin detallarından istifadə edilir. "Abir"də daha güclü mühərrik tətbiq etmək üçün onun ön hissəsi əsaslı şəkildə dəyişdirilərək genişləndirilib. "Abir" 4x4 təkər təkər formulasına malikdir, arxa tərəfdə tək təkərdən istifadə edilir. Maşınların şəxsi heyətin daşınması, zirehli, silahlı, açıq və ya qapalı üstə malik fərqli modifikasıyaları mövcuddur.

Təyinatı

Yüngül yuk maşınlarına aid edilən "Abir" 1.8 t-a qədər yük daşıya bilir və ya bu kütlə həddində xüsusi avadanlıqları ilə təchiz oluna bilər. Açıq və ya qapalı gövdəli maşında 13 nəfərə qədər şəxsi heyət daşımaq mümkündür. Sərnişin bölməsinin çərçivəsi sərt və ya brezent materialla örtülə bilər. Maşınlara əlavə zireh quraşdırıldıqda daşınan şəxsi heyətin tərkibi azalır. Təcili yardım versiyasında dörd xərək və ya səkkiz oturan xəstə nəql edilə bilər.

Hərbi təyinatlı nəqliyyat vasitəsi kimi bir və ya daha çox sayda 7.62mm MAG pulemyotları onun korpusunda quraşdırıla bilər. Sifariş əsasında pulemyota malik turel maşının damındakı qapağın və ya ön sərnişinin yerində yerləşdirilir.

"Abir" bunlardan başqa digər silahların daşıyıcısı olaraq da istifadə edilə bilər. Onun üzərində TOW tank əleyhinə raket kompleksinin atıcı qurğusu və ya 106 mm-lik təpməsiz M40A2 topları quraşdırıla bilir. Kolumbiya ordusunun silahlanmasında "Abir"dən "Nimrod" raketinin atıcı qurğusunun daşıyıcı vasitəsi kimi istifadə edilir.


Qoşunları daşınması üçün daha faydalı nəqliyyat vasitəsi rolunda istifadə edilən "Abir"in standart versiyaları silahla təmin edilmir. Maşının arxa hissəsində şəxsi heyətin daşınması üçün üz-üzə oturacaqlar yerləşdirilir. Sifarişə görə maşının zireh dəsti ilə təchiz edilməsi mümkündür. Maşının zirehli korpusa malik xüsusi versiyası "Rhino" adlanır.

Yenidən dizayn edilən zirehli korpus maşınları həm atıcı silah atəşindən, həm də mərmi qəlpələrindən qoruyur. Minadan mühafizə dəsti həm zirehli, həm də zirehsiz versiyalarda sifarişlə quraşdırılır.

İstehsalçısı

"Automotive Industries Ltd" (AIL) İsrail Təhlükəsizlik Qüvvələrini nəqliyyat vasitələri ilə təchiz edən əsas yerli şirkətdir. AIL 1966-cı ildə qurulub. Baş ofisi Nazaret şəhərində yerləşən şirkətin məhsulları arasında taktik nəqliyyat vasitələrinə, yüngül zirehli maşınlara rast gəlinir.

1966-cı ildə İsrailin "Avtomobil Avadanlıqları Qrupu" tərəfindən avtomobil və yük maşını zavodu olaraq təsis edilib. AIL o vaxtdan etibarən bir çox "Willys MB" törəmələrinin erkən versiyalarının, M462 "Abir" yüngül yük avtomobillərinin, JIL "Wrangler" maşınlarının, AIL "Storm" (Sufa) seriyasının və AIL "Desert Raider" vasitələrinin üzərində işləyərək istehsal sahəsində imkanlarını genişləndirib.

AIL eyni zamanda İsrail Müdafiə Qüvvələri üçün "HUMVEE" maşınlarının toplanılması üzrə tenderi qazanmışdı. lakin sonradan ABŞ-ın xarici yardım zəmanətlərinin əldə edilməməsi, bu müqavilələrin ABŞ-dakı zavodlara təhvil verilməsinə səbəb oldu.


İsrailin "Automotive Industries Ltd." (AIL) şirkəti tərəfindən hazırlanıb və onun tərəfindən istehsal edilib. İstehsal illərində şirkət yüzlərlə ərazi vasitəsi istehsal edib. "Abir" maşınlarının əsas istifadəçisi İsrail silahlı qüvvələri və hüquq mühafizə orqanlarıdır. Cənubi Amerika və az sayda digər ölkələrə ixrac edilib.

Konstruksiyası

İsrail istehsalı olan və ölkənin təhlükəsizlik qüvvələri tərəfindən geniş istifadə edilən AIL Abir ərazi vasitəsidir. "Abir" əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulurdu, lakin mülki bazar üçün qısa və uzun təkər bazalı modellər də mövcud olub.

Yüngül atıcı silahlardan qorunmaq üçün nəzərdə tutulan "Abir" maşınları həm şossedə, həm də yolsuzluq şəraitində aktiv hərəkətə imkan verən gücləndirilən asqı ilə təmin olunur.

Bu maşınlarda hazırlanmasında əsasən ABŞ ərazi vasitələrinin təkər bazasından nümunə olaraq istifadə edilib. Mühərriklər istisna olmaqla, qalan bütün detallar İsraildə, əsasən "Automotive Industries Ltd" şirkəti tərəfindən istehsal edilib.

"Abir" əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulurdu, lakin mülki bazar üçün qısa və uzun təkər bazalı modellər də mövcud olub. Böyük həcmə malik olan sərnişin bölməsi qismən iri qabaritlili yükləri və ya rabitə avadanlıqları daşımağa da imkan verir.

Mühərrik

"Abir" yolsuzluq vasitələrinə xarakterik olan yüksək keçicilik xüsusiyyətlərə malikdir. Gücləndirilən korpusa malik maşınlarda əsasən 4 taktlı, 8 slindrli, su ilə soyudulan, dəqiqədə 3400 dövrdə 170 at gücü hasil edən 6.5 litrlik GM dizel mühərriklərindən istifadə edilib. Mühərrikləri ABŞ-ın GM şirkətindən əldə edilən maşınların digər hissələrinin hamısı AİL şirkətinin məhsuludur.


Bu mühərrik maşına maksimum 110 km/saat sürət toplamağa imkan verir. Standart versiyada tətbiq edilən 170 at gücünə malik GM dizel mühərrikinin, sifariş verildiyi halda 155 at gücündə V8 benzin mühərriki ilə əvəz edilməsi mümkündür.

İstehsal illəri

AIL-in istehsal etdiyi AIL M325 "Command Car", M462 "Abir" və "Storm" taktiki nəqliyyat vasitələri sinifinə aiddir.

"Willys MB" (1966–1983), AİL "Abir" (1966–1987) və AIL M325 "Command Car" (1970 - 1993) istehsalı isə başa çatıb.

AIL "Storm III versiyasının 1987-ildən indiyə qədər, AIL "Desert Raider"in isə 1998-ci ildən indiyə qədər istehsalı davam edir.

Yuxarıda göstərilən vasitələrdən başqa AIL şirkəti RAM 550 yük maşınının şassisinə əsaslanaraq "Antilop" çoxməqsədli yüngül zirehli vasitəsini və RAM 550 yük maşınının şassisi üzərinə quraşdırılan "Anver" zirehli vasitələrini hazırlayıb və istehsal edib.


Texniki xüsusiyyətlər

Tipi: nəqliyyat vasitəsi;
Ekipajı: 1 + 2 (1 sürücü, 2 sərnişin);
Uzunluğu: 5.03 m;
Eni: 2.04 m;
Tam kütləsi: 4.7 t;
Hündürlüyü: 2.1 m;
Klirens 0.4 m;
Sassisi: 4x4;
Təkər bazası: 3.2 m;
Təkər arası məsafə: 1.72 m;
Dönmə radiusu: 7.1 m;
Mühərriki: 6.5 litlik, 4 taktlı, su ilə soyudulan, dəqiqədə 3400 dövrdə 170 at gücünə malik dizel yanacaqlı GM;
Güc/kütlə nisbəti: 36.2 at/t;
Transmissiya: avtomatik, 3 irəli, 1 geri pilləli;
Sürəti: 110 km/saat;
Yanacaq tutumu: 144 L;
Ehtiyat məsafə: 600 km;
Aşılan divar hündürlüyü: 0.45 m;
Aşılan maili yamac: 78%;
Aşılan su manesəi: 0.76 m;
Zirehlənmə: sifarişlə;
Daşınan yük kütləsi 1.8 t.


İstifadəçiləri

İsrail;
Kolumbiya;
Azərbaycan;
Peru;
Qvatemala.



Modifikasiyaları

M462 "Abir": Oturacaqları maşının daxili hissəsinə baxan baza versiyalı yüngül daşıyıcı vasitədir;

M462 "Abir" patrul avtomobili: Yan tərəfləri oturacaq skamyalara və pulemyotlar üçün montaj dəstlərinə malik olan standart versiyadır;

M462 "Abir" silah daşıyıcı vasitəsi: BGM-71 TOW TƏİRK-nin və ya M40A2 topunun daşıyıcı versiyadır. Bəzi mənbələrdə adı M462 M40A2 "Portee" olaraq keçir (böyük ehtimalla ixrac versiyasıdır) ;

M462 "Abir" yenilənən zirehli vasitə: Polisin istifadəsi və şəxsi heyətin şəhər daxili daşınması üçün zirehli versiyadır;

M462 "Abir" təcili yardım vasitəsi: Zirehli ekipaj bölməsinə malik təcili yardım versiyasıdır;

M462 "Rhino": Yenilənən və tam zirehli korpusa malik versiyadır.

Nəticə


7.62 mm zirehdələn mərmilərdən qoruyan, ağırlıq və sürət arasında optimal balansı təmin edən və müasir materiallardan istifadə edilən zireh hazırlanması maşınların döyüş əməliyyatları zonasında tətbiqinə imkan verir. Ordu avtomobilinin daşıdığı yükün 1800 kq olması, onun kompakt yük maşını kimi digər məqsədlərlə uğurla istifadəsini də mümkün edir.

Bu avtomobillərinin əsas üstünlüklərindən biri də Orta Şərq şəhərlərinin dar küçələrində manevr etməyə imkan verən kiçik genişliyə (enə) malik olmasından ibarətdir. Geniş arxa və yan qapılar şəxsi heyətin qısa zamanda döyüş meydanına yerləşməsinə imkan verir.

Azərbaycanın əldə etdiyi maşınların modeli və təyinatı açıqlanmasa da, qeyri-rəsmi mənbələrdə Silahlı Qüvvələrin arsenalında 30 ədəd bu vasitədən istifadə edildiyi barədə məlumatlar mövcuddur. Böyük ehtimalla Azərbaycan M462 "Abir" ərazi vasitələrinin zirehli və kəşfiyyat təyinatlı versiyalarını daxili qoşunların tələbatını ödəmək məqsədilə əldə edib. İstənilən halda İsrail istehsalı olan vasitələrin əldə edilməsi müsbət addım hesab edilməlidir, lakin onların müasir ixrac potensiallı alternativlərinin yerli istehsalını təşkil etmək daha məqsədəuyğun hesab edilir.

Mənbələr

https://old.weaponsystems.net/weaponsystem/CC07%20-%20M462%20Abir.html
https://tractors.fandom.com/wiki/AIL_Abir
https://military.wikia.org/wiki/AIL_Abir
https://commons.wikimedia.org/wiki/Category:AIL_Abir
https://tanky.dovidnyk.info/index.php/armejskiegruzoviki/125/7
https://autopedia.fandom.com/ru/wiki/AIL
https://autopedia.fandom.com/ru/wiki/AIL_Abir

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abir   İsrail  


Bizi "telegram"da izləyin