Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı TAI (HƏRBİ EKSPERT) - II HİSSƏ

2020/07/1-1594364301.jpg
Oxunub: 7347     14:08     10 İyul 2020    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Ötən ayın əvvəllərində yayılan məlumatlara görə, Azərbaycan Türkiyədən hərbi maliyyə əməkdaşlığı çərçivəsində Pilotsuz Uçuş Aparatları, "Altay" tankı və "Atak" helikopterləri almaq niyyətindədir.

Bu barədə məlumat Türkiyə mətbuatında məlumat yayıldı. Bildirilirdi ki, bu il fevralın 25-də Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səkkizinci toplantısında imzalanan “Hərbi maliyyə əməkdaşlığı haqqında Razılaşma” çərçivəsində Türkiyə Azərbaycana 200 milyon türk lirəsi dəyərində maliyyə krediti verəcək. Anlaşmaya əsasən, Azərbaycan bu maliyyə ilə türk hərbi sənaye şirkətlərinin məhsullarını əldə edəcək.

Təhlükəsizlik və terror məsələləri üzrə mütəxəssis Coşqun Başbuğ da bildirdi ki, 200 milyon türk lirəsi civarında kredit sayəsində Bakı istədiyi silahları Türkiyədən ala bilər: "Bu anlaşmanın məqsədlərindən biri də Azərbaycanın Türkiyədən silah almasının önünü açmaqdır".

Azərbaycanın hansı silahlar alacağı məsələsinə toxunan mütəxəssis deyib ki, inkişaf edən texnologiya, müharibə metodlarını və yerləşdiyi coğrafiyanın şərtlərini nəzərə alaraq Bakının daha çox texnologiya silahlarına üstünlük verəcəyini güman edir.

Müdafiə və təhlükəsizlik mütəxəssisi Yusif Alabarda isə hesab edib ki, PUA-lar Qarabağın işğaldan azad edilməsində əhəmiyyətli xidmət göstərə bilər: “Çünki Liviyada və İdlibdə türk dronlarının inkişaf edən rus silahlarına və hava hücumundan müdafiə sistemlərinə qarşı nə dərəcədə təsirli olduğu açıq görünüb”.

Ayın sonlarına doğru isə Türkiyə KİV-lərində yayılan məlumatlar təsdiqləndi. Azərbaycanın Müdafiə naziri, general Zakir Həsənov televiziyaya müsahibəsində "Türkiyə istehsalı olan silahlı pilotsuz uçan aparatlar Suriya və Liviyada uğurlu oldu, Azərbaycanın bu PUA-lardan almaq niyyəti varmı?" sualına belə cavab verdi: "Bu istiqamətdə işlər davam edir və artıq nəticəyə gəlinib”.

Nazir Z.Həsənov qardaş Türkiyənin, eyni zamanda, hərbi sahədə Azərbaycana maliyyə yardımı etdiyini, Milli Məclisin yaxınlarda bu mövzuda məsələni təsdiqlədiyini də qeyd edib.

Son illərdə Türkiyənin Müdafiə Sənaye Kompleksinin sürətlə inkişafı artıq heç kimdə təəccüb hissi oyatmır. Yuxarıda sadalanan səbəblərdən həm NATO müttəfiqlərindən, həm də İsraildən yeni silah sistemləri idxal etməkdə çətinliklərlə qarşılaşan Türkiyə, əsas səylərini yerli sənayenin inkişafına yönəldərək dəfələrlə yeni nəsil avadanlıqlarını döyüş əməliyyatlarında uğurla nümayiş etdirir.

Bu məqalədə Ordu.az Sizi TAI şirkətinin layihələndirdiyi və istehsal etdiyi PUA-lar ilə tanış edəcək.

TAI (Turkish Aerospace Industries - Türkiyə Aerokosmik Sənayesi) şirkəti 28 iyun 1973-cü il tarixində Türkiyənin Sənaye və Texnologiya Nazirliyi nəzdində ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq məqsədilə yaradılıb. 1974-cü il Kipr Sülh Əməliyyatından sonra Hava Qüvvələrini Gücləndirmə Fondu "Öz təyyarəni özün hazırla" kampaniyası ilə ianələr toplamağa başladı.

Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinə olan ehtiyacının ödənilməsi, F-16 təyyarələrinin istehsalı, istifadə edilməsi, sistemlərin təyyarələrə inteqrasiyası və uçuş sınaqlarının keçirilməsi məqsədilə 1984-cü ildə TUSAŞ bazasında 25 il müddətinə ABŞ və Türkiyənin ortaq TAI şirkəti yaradıldı. 1984-cü ildə Quru, dəniz və hava qüvvələrinin gücləndirmə fondları, 1988-ci ildə Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Dərnəyində (TSKGV) birləşdi.

2005-ci ildə 25 illik proses başa çatmazdan əvvəl, TAI-nin xarici səhmləri türkiyəli səhmdarlar tərəfindən alındı. Şirkətinin ingiliscə adı "Turkish Aerospace Industries" (Türkiyə Aerokosmik Sənayesi) olaraq dəyişdirildi və nəhayət, TUSAŞ və TAI tək bir dam altında birləşdirildi və bu gün TUSAŞ kimi tanınan şirkət meydana gəldi. Lakin məhsulların tanıdılmasında yenə də TUSAŞ-ın ingilis dilində tərcüməsi olan TAI qısaltmasından geniş istifadə olunur. TAI və TUSAŞ birləşərək fəaliyyətlərini daha da genişləndirdi, aviasiya və kosmik sənaye sistemlərinin inkişaf etdirilməsi, modernləşdirilməsi, istehsalı, sistem inteqrasiyası və xidmət dövründə texniki dəstək proseslərində Türkiyənin texnologiya mərkəzinə çevrildi.

TAI-ın 54.59 %-i Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Dərnəyinə, 45.45 %-i Türkiyə Müdafiə Sənayesi Başkanlığına, 0.06 %-i isə Türk Hava Təşkilatına aiddir.

TAI hazırda aerokosmik sənayedə ilk yüzlüyə daxil olan qlobal oyunçulardan biridir. Şirkət 6 strateji qrupdan ibarətdir:

- Struktur Qrupu;
- Təyyarə Qrupu;
- Helikopter Qrupu;
- Pilotsuz Aviasiya Sistemləri Qrupu;
- Kosmik Sistemlər Qrupu;
- Milli Döyüş Təyyarəsi Qrupu.

Bundan əlavə, TAI tərəfindən hazırlanan/istehsal olunan bütün məhsullara inteqrasiya və logistika dəstəyi xidmətləri də təqdim olunur. Şirkətin əsas məqsədlərindən biri aviasiya və kosmik sahədə beynəlxalq təhlükəsizlik ehtiyaclarına cavab verən məhsullar istehsal edərək milli sənayenin inkişafına dəstək verməkdən, əsas hədəfi isə orijinal məhsulları ilə qlobal rəqabət gücünə malik qlobal aviasiya və kosmik şirkəti olmaqdan ibarətdir.

TAI UAV-X1

UAV-X1 PUA-sı TAI-nin layihə bölməsinin ilk çalışması idi. Əvvəllər bu sahə üzrə üzrə təcrübə və strategiyası olmayan TAI bölməsi üçün bu layihə 1989-cu ildə, İsrail və Qərb ölkələrində ortaya çıxan yeni texnologiyalarla ayaqlaşmaq üçün başladıldı. Müdafiə Sənayesi Müstəşarlığından (SSM) 278000 dollarlıq kiçik bir büdcə ilə başlayan bu layihə, daha sonra SSM-in əlavə müqaviləsi ilə 828000 dollara qədər artırıldı.

UAV-X1 layihəsinin baş dizayneri Ali Behiç Güventürk (Mançester Universiteti) təyin edildi. ODTU-dan çox sayda mühəndis bu layihədə iştirak edirdi.

TAI-nin UAV-X1 PUA-sını hazırladığı 89-cu illərdə avtomatik uçuş idarəetmə sistemi, qısaça olaraq avtopilot və digər elektron sistemlər haqqında kifayət qədər məlumat mövcud deyildi. Buna görə də PUA-nın qurulması və sınaqdan keçirilməsi üçün ABŞ-ın S-TEC avtopilot sistemi əldə edildi. Texasdan olan Mayk Flint TAI-yə məsləhətçi olaraq gətirildi. Layihənin ortasında Arizona ştatından olan mühəndis Villiam Sadler də sınaqlar zamanı düzəlişlər üçün komandaya qoşuldu.

UAV-X1 layihəsi çərçivəsində cəmi 2 prototip istehsal edildi, hər ikisi də havaya qaldırıldı. 1992-ci ilin yazında Sivrihisarda başlayan uçuş sınaqları yayda Denizli Çardakda davam etdirildi.

Pilotsuz bir aparatın uzaqdan idarə olunması ilə bağlı müxtəlif hadisələr və qəzalar, UAV-X1 komandasının təcrübə qazanmasına və onun yetkinləşməsinə səbəb oldu. 1992-ci ilin payızında Afyonda keçirilən ilk uçuşdan sonra layihə seriya istehsalına başlamadan tamamlandı.

TAI Keklik

TAI "Keklik" 1997-ci ildə "Türkiyə Aerokosmik Sənayesi" şirkəti tərəfindən hazırlanan çoxməqsədli hərbi pilotsuz uçuş aparatıdır.

Türkiyənin bu hərbi pilotsuz uçuş aparatının hazırlanmasına keçən əsrin 90-cı illərinin ortalarında "Türkiyə Aerokosmik Sənayesi" kompaniyasının mütəxəssisləri tərəfindən başlanıb. Yeni PUA yalnız hərbi məqsədlər üçün istifadə və istismar üçün nəzərdə tutulurdu, bu pilotsuz vasitənin əsas təyinatı sərhəd ərazilərində patrul xidmətini həyata keçirməkdən ibarət idi, lakin ondan ərazinin kəşfiyyatı və axtarış əməliyyatları ilə bərabər hava çəkilişləri üçün də çox fəal istifadə edilib.

TAI "Keklik" PUA modelinin ilk uçuşu 1997-ci ildə reallaşıb, lakin onu ictimaiyyətə yalnız 2001-ci ildə təqdim ediblər. Bu cihazın olduqca yığcam dizaynı, mövqelər arasında yüksək hərəkətliliyi təmin edir. Aparatın uzunluğu 1 metr 36 santimetr, qanad açılımı isə cəmi 1 metr 61 santimetrdir.

TAI "Keklik" pilotsuz vasitəsinin mühərriki 2.85 at gücünə sahibdir. PUA-ya maksimum 150 km/saat sürətini təmin edə bilən "Graupner OS-MAX 91 Fx" markalı tək porşenli və iki silindrli mühərrikə malikdir.

Avtonom uçuş müddəti isə məhduddur və cəmi 30 dəqiqə təşkil edir.

Hazırda bu PUA sərhəd bölgələrini izləmək üçün fəal şəkildə istifadə olunmaqda davam edir, lakin resursunun başa çatması və çatışmazlıqlarına görə onlar tədricən istismardan çıxarılaraq daha yeni vasitələrlə əvəz edilir.

Texniki uçuş xüsusiyyətləri

Uzunluğu: 1.36 m.;
Qanad açılımı: 1.61 m.;
Hündürlüyü: 0.32 m.;
Maksimum qalxma kütləsi: 10 kq;
Kreyser uçuş sürəti: 120 km / saat;
Maksimum uçuş sürəti: 150 km / saat;
Maksimum uçuş məsafəsi: 20 km.;
Maksimum uçuş yüksəkliyi: 2100 m.;
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusu: Graupner OS-MAX 91 Fx;
Mühərrikin gücu: 2.85 at gücü.

Turna

"Turna" 1996-cı ildə "Türkiyə Aerokosmik Sənaye" (TAI) şirkəti tərəfindən hazırlanan hərbi təyinatlı çoxməqsədli pilotsuz uçuş aparatıdır.

Türkiyənin aerokosmik texnologiyalar sahəsinin mütəxəssisləri "Turna" modelinin dizaynına ötən əsrin 90-cı illərinin ilk yarısında başlayıblar. Əvvəlcə pilotsuz uçuş aparatı sırf elmi maraq xarakteri daşıyırdı, lakin model olduqca uğurlu olduğu üçün sonradan pilotsuz vasitə təkmilləşdirildi və 2001-ci ildən etibarən hərbi təyinatlı kəşfiyyat PUA-sı kimi istifadə olunmağa başladı.

"Turna" pilotsuz vasitəsinin ilk uçuşu 1996-cı ildə baş tutdu, lakin bütün sınaq və yoxlamaların uğurlu olmasına baxmayaraq layihə rədd edildi, lakin 1997-ci ildə Türkiyə hərbi komandanlığının nümayəndələri pilotsuz aparata yenidən maraq göstərdilər.

Onlar "Turna"nın potensial perspektivlərini nəzərə alaraq onun dizaynını və texniki xüsusiyyətlərini yaxşılaşdırmaqla istehsalını təmin etməyi təklif etdilər.

İlkin mərhələdə "Turna" pilotsuz vasitəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən kəşfiyyat PUA-sı kimi istifadə edildi, lakin sonradan təkmilləşdirildi və yeni zenit silahlarının sınanması üçün pilotsuz hədəf vasitəsi kimi istifadə edilməyə başlandı.

"Turna" nisbətən kiçik füzelyaj ölçülərinə malikdir, uzunluğu 2.6 metr olan PUA-nın qanaq açılımı 2.7 metrdir, lakin buna baxmayaraq pilotsuz vasitə dartı qüvvəsi 28 kVt olan və 330 km/saat maksimum uçuş sürətini təmin edən və istismar şərtlərinə tam uyğun gələn güclü turbopərli mühərriklə təchiz edilir.

Müştərinin ehtiyaclarına uyğun olaraq, hazırlanan PUA düşmən təyyarələri və raketləri təqlid etmək imkanı ilə bərabər, yüksək sürət və manevr, asan istifadə, aşağı missiya riski və modulyar konstruksiyaya malikdir.

2001-ci ildə Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının silahlanmasına daxil olan "Turna" PUA-ları hava hücumundan müdafiə bölmələrinin təlimlərində fəal istifadə olunur.

Yerüstü İdarəetmə Stansiyası ilə tam avtonom uçuş həyata keçirə bilən PUA 255 ədəd əvvəlcədən proqramlaşdırılan vəzifə nöqtəsini yadda saxlayır, tanıyır və uçuş zamanı onların dəyişdirilməsinə imkan verir. PUA katapult tipli qurğudan buraxılır, bu isə onun qalxma məsafəsini qısaldılır və hər yerdə istifadəsinə imkan verir. PUA dəniz platformasından buraxıla və ya buraya da enə bilər. Enməsi üçün qaz partlaması ilə çalışan paraşütdən istifadə olunur.

"Turna" PUA-ları MIL-STD-810F və MIL-STD-461 hərbi standartlarına uyğundur və NATO-nun NSN standartlarına uyğun kodlaşdırılır.

Daşıdığı faydalı yüklər və funksiyaları:

- Yaddaş və Qeydiyyat Sistemi;
- İdarəetmə kanalı;
- Termal istilik mənbəyi;
- Radar izlərinin gücləndiricisi;
- Əvvəlcədən müəyyən edilən əraziyə qayıtmaq və ya təcili enmə üçün avtomatik rejim;
- EMI/EMC ilə qorunan konteyner/mobil nəqliyyat vasitəsi/portativ Yerüstü İdarəetmə Stansiyası ilə vəzifələrin planlaşdırılması və idarə edilməsi;
- Real zamanda şifrələmə ilə rəqəmsal uçuş məlumat telemetriyasının yaddaşa yazılması və sonradan nümayiş etdirilməsi;
- Rəqəmsal xəritələrin avtomatik tanınması.

"Turna" pilotsuz uçuş aparatı iki versiyada istehsal edilib:

- "Turna S" - standart versiyada;
- "Turna G" - inkişaf etdirilən versiyada.

Texniki uçuş xüsusiyyətləri

Qabaqcıl kompozit texnologiyalara əsasən istehsal olunan "Turna S" standart hədəf PUA-sı TEI tərəfindən hazırlanan TP38 turbopərli mühərrik ilə maksimum dəqiqədə 6500 dəfə fırlanma sürətinə və 28 kVt gücə malikdir.

Havada qalma müddəti: 90 dəq;
Uzunluğu: 2.6 m;
Qanad açılımı: 2.7 m;
Hündürlüyü: 0.57 m;
Maksimum uçuş kütləsi: 70 kq;
Kreyser sürəti: 250 km/saat;
Maksimal uçuş sürəti: 330 km/saat;
Maksimum uçuş məsafəsi: 50 km;
Maksimum uçuş hündürlüyü: 3700 m;
Təyyarə mühərrikinin növü: turbopərli;
Mühhərrik gücü: 28 kVt.

Standart versiyanın inkişaf etdirilən "Turna G" modeli isə döyüş atışlarının nəticələrini izləmək və ya hədəf kimi istifadə üçün nəzərdə tutulur. TUSAŞ tərəfindən hazırlanan PUA-da 38 at gücünə malik "Wankel" mühərrikindən istifadə edilir.

"Turna G" PUA-sının faydalı yükləri arasında IR (infraqırmızı) raketlər, yayınma tüstü sensoru, tüstü, radiopelenq (istiqaməti təyin etmək üçün) gücləndirici, konus tipli hədəf daxildir.

Məlumatların ötürülməsi real zamanda və telemetriya rejimində çalışır. İdarəetmə/izləmə sistemi isə tam avtonomdur, marşrut nöqtələri və GPS boyunca naviqasiyanı, katapultdan qalxmanı, paraşütlə enməni təmin edir. PUA üçbucağlı qanadları və V-şəkilli quyruq hissəyə malik olmaqla kompozit materiallardan hazırlanır. Porşenli mühərrikin enerji təchizatı təkrar doldurulan batareyalar hesabına həyata keçirilir.

Havada qalma müddəti: 90 dəq;
Uzunluğu: 2.6 m;
Qanad açılımı: 2.7 m;
Hündürlüyü: 0.57 m;
Maksimum uçuş kütləsi: 55 kq;
Daşınan faydalı yükün kütləsi: 5 kq;
Mühhərrik gücü: 38 a.g;
Maksimal uçuş sürəti: 350 km/saat;
Maksimum uçuş hündürlüyü: 3660 m;
Təyyarə mühərrikinin növü: turbopərli.

Maksimum uçuş məsafəsi haqqında açıq mənbələrdə məlumata rast gəlinmir. Burada göstərilməyən digər xüsusiyyət göstəricilərinin də standart versiyadan ciddi fərqlənmədiyi ehtimal edilir, çünki onların əsas kütlə və mühərik imkanları da bir-birinə qismən uyğun gəlir.

"Pelikan"

"Pelikan" Türkiyənin TAI şirkəti tərəfindən 2002-ci ildə hazırlanan hərbi təyinatlı və çoxməqsədli pilotsuz uçuş aparatıdır.

Orijinal versiyada İHA-X2 qısaltması ilə tanınan TAI "Pelikan" pilotsuz uçuş aparatı Türkiyə Silahlı Qüvvələrində istifadə üçün xüsusi olaraq hazırlanıb. Bu aparat kəşfiyyat məlumatlarının toplanması, axtarış əməliyyatları, potensial düşmənin mövqelərinə endirilən artilleriya atəşinin tənzimlənməsi, patrul və müşahidə uçuşlarının aparılması və s. üçün nəzərdə tutulur və bu vəzifələrin yerinə yetirilməsi baxımından yüksək dərəcədə effektivdir.

TAI "Pelikan" pilotsuz uçuş aparatı iki ədəd "Zenoah G38" porşenli daxili yanma mühərriki ilə təchiz olunur, iki silindrə sahibdir, uçuş sürətini saatda 120 km-ə çatdıra bilir. Üstəlik, mühərriklərdən biri dronun ön tərəfində quraşdırılıb və çəkmə rolunu oynayır, digəri isə arxa tərəfə quraşdırılıb və itələyici rolunu oynayır, bu isə pilotsuz aparatı istismar baxımından çoxmanevrli və səmərəli edir. "Pelikan" PUA-sının effektiv diapazonu nisbətən azdır və cəmi 50 kilometrdir, bununla birlikdə hədəf və vəzifələrinə tam cavab verən bu pilotsuz vasitə 6 saata qədər uçuşda ola bilir.

"Pelikan" PUA-sının aşağı hissəsində, gündüz işləməyi bacaran yüksək qətnaməli elektro-optik kameralar, habelə zəif və ya qeyri-kafi görünmə şəraitində çəkiliş aparmaq qabiliyyətini təmin edən infraqırmızı kamera yerləşdirilib.

"Pelikan" dronlarının istismarı bu günə qədər davam edir.

Texniki uçuş xüsusiyyətləri

Uzunluğu: 3 m;
Qanad açılımı: 3.6 m;
Hündürlüyü: 0.42 m;
Maksimum qalxma kütləsi: 35 kq;
Kreyser sürəti: 100 km / saat;
Maksimum sürəti: 120 km / saat;
Maksimum uçuş məsafəsi: 50 km;
Maksimum uçuş hündürlüyü: 1600 m.
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusu: 2 x Zenoah G38;
Gücu: naməlumdur.

TAI "Martı"

TAI "Martı" PUA-sı şirkət tərəfindən 2003-cü ildə hazırlanan çoxməqsədli pilotsuz vasitədir. "Martı" 2000-ci illərin əvvəllərində Türkiyə təyyarə və aerokosmik texnologiyalar sahəsindəki mütəxəssislər tərəfindən dizayn edilməyə başladı. Bu pilotsuz uçuş aparatının olduqca sadə dizaynına baxmayaraq, TAI "Martı" geniş funksionallığa malikdir, bu PUA xüsusilə kəşfiyyat ilə əlaqəli tapşırıqlarda, aerofoto çəkilişlərində, patrul əməliyyatlarında və gələcək PUA operatorlarının hazırlanmasında (təlim vasitəsi olaraq) istifadə edilə bilir.

Uzunluğu cəmi 1.2 metr və qanad açılımı 2 metr olan bu pilotsuz uçuş aparatı füzelyajının nisbətən yığcam ölçülərinə görə kiçik kütləyə malikdir, bu isə onun daşınmasını və nəql edilməsini asanlaşdırır. Standart versiyasında TAI "Martı" pilotsuz vasitəsi birbaşa xüsusi hazırlanan meydançadan, ərazi məhdudiyyəti şəraitində isə katapultdan istifadə olunmaqla buraxıla bilər.

Müşahidə vasitəsi olaraq TAI "Martı" pilotsuz uçuş aparatı, həm gündüz, həm də gecə saatlarında onu tətbiq etməyə imkan verən 1 ədəd optik və 1 ədəd infraqırmızı kameradan istifadə edir.

Bu PUA-nın güc qurğusu onun uçuş sürətini 100 km/saat sürətləndirməyə imkan verən OS MAX 46 FXI markalı 2 silindrli mühərrikdən ibarətdir. Uçuş aparatının havada avtonom qalma müddəti maksimum bir saatla məhdudlaşır.

Texniki uçuş xüsusiyyətləri

Uzunluğu: 1.2 m;
Qanad açılımı: 2 m;
Hündürlüyü: 0.4 m;
Maksimum uçuş kütləsi: 12 kq;
Kreyser sürəti: 80 km/saat;
Maksimum sürəti: 100 km/saat;
Maksimum uçuş məsafəsi: 20 km;
Maksimum uçuş hündürlüyü: 900 m.
Təyyarə mühərrikinin növü: porşenli;
Güc qurğusu: OS MAX 46 FXI;
Mühərrikin gücü: 1.7 a.g.

"Baykuş"

"Baykuş" 2003-2004 illər arasında TAI tərəfindən hazırlanan və istehsal edilən və radio ilə idarə edilən taktiki pilotsuz uçan aparatdır.

PUA, "Baykuş" adını gecə uçan yırtıcı bayquşdan götürüb.

TAI çeşitli yırtıcı quşların adını daşıyan bir neçə digər PUA-lar da hazırlayıb. "Baykuş" PUA-sının model bazası şirkətin "Pelikan" adlı vasitəsinin hazırlanması zamanı qazanılan təcrübəsinə əsaslanmaqla inkişaf etdirilib.

Qanadları kürəyində yerləşən PUA korpusu, metal ekiz quyruq sükanlarına malik olmaqla kompozit materialdan hazırlanır.

"Baykuş" 2 ədəd 20 at gücündə (15 kVt) gücə malik olan Fransanın JPX DC320 tipli 2 silindirli benzin mühərriki ilə təmin edilir.

TAI "Baykuş" PUA-sının pərlərinin konfiqurasiyası itələyici və təkan qurğuları ilə iki fərqli versiyaya malikdir.

Taktiki uçuş xüsusiyyətləri

Uzunluğu: 6 m;
Qanad açılımı: 7 m;
Maksimum sürəti: 200 km / s.

"Gözcü"

"Gözcü" PUA-sı da şirkət tərəfindən hazırlanan çoxməqsədli hərbi pilotsuz uçuş aparatıdır.

"Gözcü" çoxməqsədli hərbi pilotsuz uçuş aparatının dizaynı ilə əlaqədar işlər, 2005-ci ildə sitkətin mühəndisləri və aerokosmik texnologiya sahəsində mütəxəssis olan qrup tərəfindən başladılıb. Nisbətən qısa bir müddətdə, cəmi iki il ərzində, tərtibatçılar həm pilotsuz uçan aparatın hazır layihəsini təqdim etdilər, həm də onun ilk sınaqlarını həyata keçirdilər. Bu isə pilotsuz vasitənin nəinki qiymətinin minimuma endirilməsini təmin etdi, həm də bu layihənin bəzi uğurlarına səbəb oldu.

TAI "Gözcü" pilotsuz uçuş aparatı kəşfiyyat məlumatlarının toplanılması, müşahidə aparılması, patrul uçuşlarının reallaşdırılması, habelə düşmənin gizli yerdəyişməsinin izlənilməsi ilə bağlı fəaliyyətləri yerinə yetirmək və mövqelərində atəşin tənzimlənməsinə nəzarət etmək üçün hazırlanıb. TAI "Gözcü" hərbi pilotsuz uçuş aparatının özü kiçik ölçülü çoxməqsədli vasitədir, bu isə onun həm birbaşa istismar zonasına asanlıqla daşınmasını, həm də artan manevr və yaxşı aerodinamikasını təmin edir. Bütünlükdə isə bu PUA-nın uçuş fəaliyyətinə müsbət təsir göstərir.

Kütləsi 85 kiloqram olan TAI "Gözcü" pilotsuz uçuş aparatının uzunluğu 2.45 metr, qanad açılımı 3.75 metrdir. Onun buraxılması xüsusi pnevmatik katapultdan istifadə edilərək, enməsi isə paraşüt sisteminin işə salınması ilə həyata keçirilir. Paraşüt sistemi həm də təcili qəza enmə vasitəsidir.

TAI "Gözcü" pilotsuz vasitəsi maksimal uçuş sürətini 170 km/saata çatdırmağa imkan verən 38 at gücündə mühərrik ilə təchiz olunur. Effektiv fəaliyyət radiusu 50 kilometrdir, avtonom uçuş rejimi isə 2 saatla məhdudlaşır.

Uzunluğu: 2.45 m;
Qanad açılımı: 3.75 m;
Hündürlüyü: 0.66 m;
Maksimum uçuş kütləsi: 85 kq;
Kreyser sürəti: 150 km/saat;
Maksimum sürəti: 170 km/saat;
Maksimum uçuş məsafəsi: 50 km;
Maksimum uçuş hündürlüyü: 3700 m;
Təyyarə mühərrikinin növü: reaktiv;
Güc qurğusu: naməlumdur;
Mühərrikin gücu: 28 a.g.

"Şimşek"

Yüksək Sürətli Təyyarə Hədəf Sistemi olan "Şimşek", 2009-cu ildə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) hava hücumundan müdafiə bölmələrinin təlim ehtiyaclarını qarşılamaq üçün TAI tərəfindən başladılan araşdırma və inkişaf layihəsinin nəticəsidir.

Müştərinin ehtiyaclarına uyğun olaraq formalaşdırıla bilən açıq bir memarlıq quruluşunda hazırlanan "Şimşek" yüksək sürətli təyyarə hədəf sistemi "hava-hava", "yer-hava" raketlərindən, zenit-raket sistemlərindən atəş və radarla izləmə təlimlərində istifadə etmək üçün nəzərdə tutulur.

"Şimşek" döyüş təyyarələrinin və raketlərin uçuş xüsusiyyətlərinə yaxın xüsusiyyətlərə malik yüksək sürətli təyyarə hədəflərinin tələblərinə cavab verir.

TAI-nin orijinal dizaynı və istehsalı olan "Şimşek" sisteminin ümumi taktiki uçuş xüsusiyyətləri:

Havada qalma müddəti 45 dəq;
Maksimum sürəti 740 km/s;
Kreyser sürəti 370 km/s;
1000 ft (350m) və 15000 ft (4500m) yüksəkliklər arasında vəzifə qabiliyyəti;
Uşuş məsafəsi 50 km;
Qanad açılımı 1.5 m;
Uzunluğu 2.3 m;
Kütləsi 75 kq;
Faydalı yükün kütləsi 10 kq;
Mühərrik tipi turboreaktiv;
Yanacaq tutumu 32 l;
Katapultdan buraxılma;
Paraşütlə quruya və ya dənizə enmə;
Gəminin helikopter platformalarından qalxma və enmə;
Qabaqcıl kompozit texnologiyalarla istehsal olunan korpus;
Hərbi standartlara uyğunluq;
Orijinal "Uçuş İdarəetmə Sistemi" və "Avtopilot Sistemi" sayəsində qalxma və enmə daxil olmaqla marşrut/istiqamət/sürət/yüksəklik parametrlərini saxlamaqla tam avtonom uçuş imkanı;
Yerüstü idarəetmə stansiyası ilə uçuşun əvvəlcədən planlaşdırılması və onun uçuş zamanı dəyişdirilməsi imkanı;
Bazaya qayıtma və təcili enmə rejimi ilə fövqəladə hallarda əvvəlcədən təyin edilən baza nöqtəsinə qayıtmaqla avtomatik enmə;
Real zaman rejimində uçuş məlumat telemetriyasının şifrələnməklə rəqəmsal yaddaşda qeyd edilməsi və səsləndirilməsi;
Rəqəmsal xəritənin avtomatik tanınması.

Faydalı və əlavə yüklər:

Passiv Radar;
MDI;
CMDS;
Duman generatoru;
Altimetr radarı.

"Anka"

Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010- ildə başlanan və 2013-cü ildə istismara verilən "Anka" PUA-sı Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir.

"Anka" PUA-sı gecə və gündüz, istənilən hava şərtlərində kəşfiyyat və müşahidə aparmaq, sabit/hərəkətli hədəfləri aşkar etmək, onları tanımaq və təqib etmək məqsədi vəzifələri yerinə yetirir.

Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub.

"Anka" Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan çoxsaylı pilotsuz uçuş aparatlarından biridir. Orta yüksəklikdə uzun müddətli (MALE-Medium Altitude Long Endurance) PUA Proqramının inkişaf layihəsi olan "Anka", sifariş edilən ehtiyaclara uyğun olaraq üç prototipdə (A, B və S) və onların yerüstü sistemlərini tərtib etməklə hazırlanıb. Proqram "Konseptual Dizayn", "İlkin Dizayn", "Ətraflı Dizayn və İnkişaf", "Test və Qiymətləndirmə" mərhələlərindən ibarət olub. İnkişaf mərhələsində bütün sistem komponentlərinin inkişafı/interfeysi/inteqrasiyası məqsədilə Sistem İnteqrasiya Laboratoriyası (SEL) yaradıldı.

PUA-nın baza variantı olan "Anka-A" orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunub. "Anka-B" versiyasının dizaynın inkişafı, "Anka-S"nin isə seriya istehsalı üçün nəzərdə tutulduğu ehtimal edilir.

2000-ci illərin əvvəllərində "Anka" taktiki kəşfiyyat məqsədləri üçün nəzərdə tutulsa da, sonradan ona sintetik diafraqmalı radar və döyüş sistemləri inteqrasiya olunub. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülub.

Kifayət qədər ciddi göstəricilərə malik PUA-ların 2012-ci ildə Misirə satılması barədə müqavilə imzalansa da, 2013-cü ildə Misirdə baş verən hərbi çevrilişdən sonra iki ölkə arasındakı diplomatik münasibətlər gərginləşi və bu da müqavilənin ləğv edilməsinə səbəb oldu.

2013-cü ilin aprelində Səudiyyə Ərəbistanından olan rəsmilər "Anka" PUA-sına maraq göstərdilər. 2017-ci ilin noyabr ayında tükiyəli rəsmilər 2013-cü ildən etibarən tərəflər arasında 6 ədəd PUA-nın satışı ilə bağlı danışıqların davam etdiyini, lakin hələ heç bir rəsmi müqavilənin imzalanmadığını açıqladılar.

Tunis isə bu ilin martında 6 ədəd "Anka-S" PUA-sının və üç yerüstü idarəetmə stansiyasının alınması üçün TAI ilə 240 milyon dollarlıq müqavilə imzalayıb.

"Anka" daim təkmilləşdirilir və müasirləşdirilir. 2018-ci ildə "Anka" PUA-na ASELSAN tərəfindən təkmilləşdirilən "Cats HD" gecə/gündüz kamerası inteqrasiya edilib. Keçən ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi.

Ümumi taktiki uçuş göstəriciləri

Uzunluğu: 8 m;
Qanad açılımı: 17.3 m;
Hündürlüyü: 3.4 m;
Maksimum qalxma kütləsi: 1600 kq;
Güc qurğusu: 155 at gücünə malik, dörd silindrli 1ədəd "Thielert Centurion 2.0" mühərriki;
Maksimum sürəti: 217 km/s
Məsafəsi: 4896 km
Döyüş radiusu: 200 km
Dözümlülüyü: 200 kq faydalı yüklə 24 saat havada qala bilir;
Maksimum üçüş yüksəkliyi: 9144 m.

"Aksungur"

İlk uçuşunu 20 mart 2019-cu ildə həyata keçirən və həmin ildə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunan "Aksungur" PUA-sı TAI-nin son məhsullarından biridir. 2 ədəd prototipi hazır edilən PUA-nın bu il TSQ-nin silahlanmasına qəbul edilməsi gözlənilir.

Quruluşu

"Aksungur" PUA-sının gövdəsi, qanad və enmə qurğuları proqram üçün yeni hazırlansa da, daxili sistemlər və avionika baxımından "Anka" ailəsi ilə ortaq xüsusiyyətlərini qoruyur. Bundan əlavə PUA mövcud yerüstü idarəetmə stansiyasından istifadə edərək uça bilir. "Aksungur" TAI tərəfindən istehsal edilən ən böyük PUA-dır. Uzunmüddətli müşahidə, kəşfiyyat, dəniz patrul missiyaları və ya pilotsuz zərbə vasitəsi kimi istifadə üçün nəzərdə tutulur. TAI bu il silah paketlərinin inteqrasiyasını bitirdikdən sonra "Aksungur" PUA-sını kütləvi istehsal etməyi planlaşdırır.

Adını yırtıcı quş növü olan ağ süngürdən götürən model orta hündürlükdə uzun müddətli (MALE) pilotsuz uçuş aparatı sinifinə aiddir. Bu PUA Türkiyə Silahlı Qüvvələrinin taktiki kəşfiyyat missiyaları üçün hazırlanaraq istehsal edilib. "Aksungur" ikiqat təkan konfiqurasiyasında hazırlanıb və iki ədəd turbo mühərrikə malikdir.

PUA-nın inkişafı 18 ay çəkib. Korpus, qanad və eniş qurğuları yenidən dizayn edilsə də, idarəetmə sistemləri mövcud "Anka" ailəsi ilə ortaqdır. Proqram üçün mövcud mühərrikdən istifadə edilərək gövdənin ilk uçuş sınaqları ilə yanaşı yeni bir turbo dizel mühərriki də hazırlandı. Sınaq məqsədləri üçün iki prototip istehsal edilib. Avtomatik uçuş və enmə imkanlarını göstərən ilk uçuşu 20 mart 2019-cu ildə reallaşdı və dörd saat iyirmi dəqiqə davam etdi. Həmin il aprelin 3-də ikinci üç saatlıq sınaq uçuşu baş tutdu. 30 apreldə ilk dəfə "Aksungur" İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2019 ) ictimaiyyətə təqdim edildi. 2019-cu ilin sonuna qədər istehsalçı 60-a yaxın sınaq uçuşu keçirdi. 2020-ci il ərzində kütləvi istehsalın başlaması ilə silahlanmaya qəbulu gözlənilir.

Texniki uçuş xüsusiyyətləri

Uzunluğu 12 m;
Hündürlüyü 3 m;
Qanad açılımı 24 m;

PUA-nın gövdə mərkəzi qanadlar altındadır. Avionika, kamera və sensor sistemləri burun hissədədir. Yanacaq korpus daxilindəki çənlərdə saxlanılır. Hər qanadın altında bir ədəd turbo mühərrik yerləşdirilib.

3 ayaqlı enmə qurğusu uçuş zamanı mühərrik bölməsinə və PUA-nın burnuna bağlanır. PUA TUSAŞ Motor Sanayii A.Ş. tərəfindən turbo konfiqurasiyasında hazırlanan və üç pərvanəli pərlə təchiz olunan iki ədəd PD-170 dizel mühərrikləri tərəfindən dəstəklənir.

İstehsalçının verdiyi məlumata görə, bu mühərriklər "Aksungur"un maksimum 180 km/saat sürətlə hərəkət etməsinə və maksimum 750 kq yükü 7600 m və ya 150 kq yükü 11000 m yüksəklikdə daşımasına imkan verir.

PUA-nın maksimum yükü sələfindən 375% yüksəkdir, ən yüksək uçuş kütləsi isə 3300 kq-dır. Hücum və ya dəniz missiyaları zamanı 12 saat, siqnal kəşfiyyat missiyaları zamanı isə 24 saat havada qalmaq qabiliyyətinə malikdir. "Aksungur"un uzaqdan idarə olunması, DO-178B proqram təminatına və ikiqat şifrəli rəqəmsal məlumat bağlantısına malik DO-254 yerüstü idarəetmə stansiyası tərəfindən həyata keçirilir. İstəyə bağlı olaraq, rabitə peyki vasitəsi ilə PUA birbaşa müşahidə zonasından kənarda da əməliyyatlar həyata keçirə bilər. Hazırda TAI F-4 və F-16 qırıcı təyyarələrinə məxsus olan silah sistemlərini "Aksungur"a inteqrasiya etməklə məşğuldur. Sursat və ya digər xarici yükləri yerləşdirmək üçün hər qanadın altında üç asqı mövcuddur. Bu sabit nöqtələr 150, 300 və 500 kq ağırlığında yük daşımaq üçün nəzərdə tutulur. "Aksungur" PUA-sı TEBER-81 (lazerlə idarə olunan MK-81 bombası), TEBER-82 (lazerlə idarə olunan MK-82 bombası), LUMTAS, MAM-L, "Roketsan Cirit", MAM-C, HGK-3, KGK-82 və digər sursatları tətbiq etmək qabiliyyətinə malikdir.

Mənbələr

https://avia.pro/blog/tai-keklik-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/tai-pelikan-tehnicheskie-harakteristiki-foto
https://avia.pro/blog/tai-marti-tehnicheskie-harakteristiki-foto
https://tr.wikipedia.org/wiki/TUSA%C5%9E_Bayku%C5%9F
https://avia.pro/blog/tai-gozcu-tehnicheskie-harakteristiki-foto
https://www.tusas.com/urun/simsek
http://www.millisavunma.com/simsek-ve-turna-hedef-ucak-sistemleri/

(Ardı var...)
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Türkiyə   TAI  

Azərbaycan Türkiyədən hansı PUA-ları ala bilər?| Qardaş ölkənin əsas PUA istehsalçısı TAI (HƏRBİ EKSPERT) - II HİSSƏ

2020/07/1-1594364301.jpg
Oxunub: 7348     14:08     10 İyul 2020    