Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – IV yazı

2020/06/7-11142996886.jpg
Oxunub: 4694     10:42     13 İyun 2020    
(IV yazı. III yazını BURADAN oxuya bilərsiniz)

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duran birinci tapşırıq işğal altında olan ərazilərin azad edilməsidir. İşğal altında olan ərazilər isə əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir.

Əvvəlki məqalədə dağlıq ərazidə hücum döyüşünün təşkilinin və hücumun hazırlığının xüsusiyyətlərini araşdırdıq. Bu məqalədə isə dağlarda hücumun aparılması və hücumda vacib döyüş elementlərindən biri olan ön dəstənin döyüşünün təşkilinin xüsusiyyətləri barədə araşdırma aparacağıq.

Dağlarda hücumun aparılması

Dağlıq Qarabağın işğal olunmuş rayonlarda hücum zamanı əsas fəaliyyətlər yol qovşaqları, dağ aşırımları və keçidləri, yaşayış məntəqələri və digər vacib obyektlər uğrunda mübarizədən ibarət olacaq. Hücum zamanı canlı qüvvə və texnikanın keçidlərdə yığılmasına yol verməmək, iri qüvvələri dar keçidlərə və dərələrə toplamamaq, eləcə də hücum edən qoşunların cinahlarını düşmənin yandan keçmə qüvvələrinin mümkün zərbələrindən qorumaq vacibdir.

Yüksək dağlıq ərazidə əlçatmaz istiqamətlərdə qoşunlarımız düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçməlidir. Amma tankların və digər döyüş maşınlarının hərəkətləri mümkün olan ərazidə ‒ dərinlikdən irəliləyərək hücuma keçmək olar. Bəzi istiqamətlərdə hər iki üsulun birləşdirilməsi də mümkündür. Hücuma keçmə üsulu vəziyyət qiymətləndirilməsi zamanı müəyyən ediləcək.

Qoşunların hücuma keçmə vaxtları da müxtəlif ola bilər: müxtəlif istiqamətlərdə eyni vaxtda hücuma keçmək olar, hər istiqamətdə müxtəlif vaxtlarda əsas qüvvələrlə hücum etmək olar, bəzi istiqamətlərdə müxtəlif vaxtlarda əvvəlcə ancaq ön dəstələrlə, sonra isə əsas qüvvələrlə hücum yerinə yetirilə bilər. Hücumda qoşunların fəaliyyətində əsas məsələ düşmən qruplaşmasının cinahına və arxasına zərbələr endirmək və bu zərbələri tam qarşılıqlı əlaqə şəraitində həyata keçirməkdir.

Əsas hücum qüvvələrinin öz tapşırıqlarını yerinə yetirməsi üçün əvvəl düşmənin himayə qüvvələri məhv edilməlidir. Düşmənin himayə qüvvələrinin darmadağın edilməsi isə bizim ön dəstələrimiz tərəfindən keçidlərin, aşırımların tutulması ilə yerinə yetiriləcək. Ön dəstələr taktiki hava desantları ilə qarşılıqlı əlaqədə olmaqla düşmənin himayə qüvvələrini məhv etməli, bununla da əsas qüvvələrin açılmasını və döyüşə girməsini təmin etməlidir.

Korpusun və briqadaların əsas qüvvələri ön dəstələrin arxasınca irəliləməli, istənilən zaman açılmağa və onların səylərini artırmağa hazır vəziyyətdə olmalıdırlar. Bu zaman əsas məsələlərdən biri də odur ki, düşmənin himayə qüvvələrinə imkan verilməsin ki, özünün hazırlanmış müdafiə hüdudlarına geri çəkilsin, geri çəkilmə marşrut və keçidlərini dağıtsın, bununla da bizim qoşunların irəliləməsini ləngitsin və ya ümumiyyətlə dayandırsın.

Korpusun əsas zərbə istiqamətində düşmən müdafiəsinin yarılması iki sahədə yerinə yetirilərsə hücum sahəsinin eni adi şəraitlərdə olduğundan kiçik ola bilər. Hücum sahəsinin eni ərazinin imkanlarından, vəziyyət qiymətləndirilməsinin nəticələrindən, tərəflərin döyüş imkanlarından asılı olacaq.

Hücumun atəş hazırlığı müxtəlif istiqamətlərdə müxtəlif vaxtlarda başlaya bilər. Qoşunların cəmləşmə rayonlarının həmlə həddindən məsafəsi, relyefin xüsusiyyətləri, hədəflərin xarakteri, döyüş tapşırıqlarının xüsusiyyətləri, qoşunların hərəkət qabiliyyəti və digər faktorlar əsasında qərargah əsasandırılmış hesablar aparmalı və atəş hazırlığını planlaşdırmalıdır.

Birinci eşelon briqadalarının qüvvələri düşmənə atəşlə zərər vurulmasının nəticələrindən istifadə edərək, onun üzərinə yollar boyu, dağ silsilələrində və digər keçilə bilən yerlərdə çox sürətlə həmlələr etməlidir. Qüvvələrin öndən hücumu ilə düşmən mövqelərini ötüb keçmələr və dövrələmələr uyğunlaşdırılmalıdır. Hücum qüvvələri düşmənin dayaq məntəqələrini, hakim yüksəklikləri ələ keçirməli və cəsarətlə düşmən müdafiəsinin dərinliyinə girməlidir.

Düşmənin ehtiyat qüvvələrinin darmadağın edilməsi birinci eşelon briqadalarının zərbələri ilə yerinə yetirilməlidir. Düşmənin, yeni gələn ehtiyat qüvvələri və geri çəkilən bölmələr tərəfindən dərinlikdəki müdafiə hüdudlarını tutmaq və əldə saxlamaq cəhdləri aviasiya zərbələri və ön dəstə, yandan keçmə dəstələri və taktiki hava desantlarının qabaqlayıcı fəaliyyətləri ilə pozulmalıdır.

Hücum zamanı, əsasən də vadilərə və dağ yaylalarına giriş zamanı, birinci eşelon briqadaları düşmənin əks həmlələrini və əks zərbələrini dəf etməyə daim hazır olmalıdır.

İkinci eşelonları və ehtiyatları hər ərazidə döyüşə salmaq olmaz, onları dağ silsilələrini dəf edərək vadilərə və düzənlik əraziyə çıxmaqla əsas istiqamətlərdə döyüşə salmağı planlaşdırmaq lazımdır. Əgər düzənlik əraziyə çıxana qədər səylərin artırılması vacib olarsa, onların döyüşə girmələrini əlverişli istiqamətlərdən, birinci eşelon briqadalarının cinahlarından və ya qoşunların döyüş düzülüşləri üzərindən aşmaqla yerinə yetirmək olar. Ərazi şəraitləri imkan verdikdə isə düşmənin cinahlarını yandan keçərək dərinlikdən onun arxasına çıxmaqla ikinci eşelonları və ehtiyatları döyüşə salmaq lazımdır.

Qarabağ müharibəsinin ilk mərhələsinin təcrübəsinə görə, hücuma keçən briqadaların birinci eşelonları hücumu inkişaf etdirərək imkan daxilində dayaq məntəqələrinə qarşı öndən hücum etməkdən qaçmalı, uzana bilən döyüşlərə cəlb olunmamalı, düşmənin planlı surətdə geri çəkilməsinə, irəliləməsinə və ehtiyatların əks həmlə və əks zərbələr üçün açılmasına imkan verməyərək sürətlə düşmən müdafiəsinin dərinliyinə girməlidirlər.

Düşmənin planlı geri çəkilməsi zamanı bölmələr bacardıqca tez düşmən arxasına keçməyə can ataraq qətiyyətli təqibə keçməlidirlər. Təqib zamanı qoşunların əsas fəaliyyət üsulu öndən təqib olmalıdır. Eyni zamanda yandan keçmə dəstələri və taktiki hava desantları da əsas qüvvələrlə mütləq qarşılıqlı əlaqədə fəaliyyət göstərməlidir.

Düşmən, bizim qoşunların hücumunun inkişafını ləngitməyə çalışaraq, əks həmlə və əks zərbələr endirəcək. Buna görə əsasən də manevr imkanları olan vadi və dağ yaylalarında qarşılaşma döyüşləri tez-tez baş verəcək. Amma qarşılaşma döyüşləri bilavasitə dağlarda da baş verə bilər. Qarşılaşma döyüşləri ayrı-ayrı təcrid olunmuş istiqamətlərdə məhdud ərazidə olacaq. Bu döyüşlərə kompleks yanaşma olmalıdır, odur ki, onlara vahid əməliyyat niyyətində baxmaq vacibdir.

Korpusun hücum əməliyyatında düşmənin mühasirəyə alınması ən əsas nəticələrdən biri olmalıdır. Bu zaman qoşunlar əsas istiqamətlərdə qəti hücumlar etməli, taktiki hava desantları və yandan keçmə dəstələri düşmən müdafiəsinin arxasında yerləşən aşırımlar, dağ keçidləri və yol qovşaqları zonalarında tətbiq edilməlidir. Bütün bu fəaliyyətlər düşmən ehtiyatlarının gəlməsini və düşmənin geri çəkilməsini mümkün qədər əngəlləməlidir. Düşmən mühasirəyə alındıqda iki cəbhə yaradılmalıdır: mühasirənin xarici cəbhəsi və daxili cəbhəsi. Mühasirənin xarici cəbhəsi ‒ reyd dəstələrinin və qoşunların istiqamətlər üzrə sürətlə düşmən cinahına və arxasına çıxması hesabına yaradılacaq. Mühasirənin daxili cəbhəsi isə əsas dağ kommunikasiyalarını əhatə edən ayrı-ayrı istiqamətlər üzrə yardılmalıdır.

Düşmən mühasirəyə alındıqdan sonra, onun qruplaşmasını parçalayıb, cinah zərbələri endirməklə hissə-hissə məhv etmək və nəticədə düşməni bütövlükdə darmadağın etmək lazımdır.

Hücumun inkişafı zamanı əsas diqqəti ona yönəltmək vacibdir ki, düşmənin yandan keçmə dəstələrinin və əks həmlə qüvvələrinin mümkün zərbələrindən cinahlarımız qorunsun. Bu məqsədlə cinahlardan, o cümlədən PUA-lar və helikopterlərlə kəşfiyyat aparılmalı, atəş zərbələri planlaşdırılmalı və döyüş vəziyyətinin bütün şəraitləri üçün ehtiyatların fəaliyyətləri nəzərdə tutulmalıdır.

Hücumda ön dəstənin döyüşünün təşkili

Komandir hücuma ümumi qərar qəbul edərkən ön dəstənin tətbiq olunmasını mütləq nəzərdə tutmalıdır. Bununla əsas qüvvələr öz tapşırıqlarını daha az qüvvə və vasitə ilə yerinə yetirəcək, eyni zamanda çox vaxt itkisinə yol verilməyəcək. Ön dəstəni göndərən komandir, onun fəaliyyətini bilavasitə təşkil etməli və ona rəhbərlik etməlidir.

Ön dəstənin tətbiqinə qərar verən komandir, onun yerinə yetirməli olduğu tapşırıqları dəqiq müəyyən etməlidir. Dağlıq ərazidə fəaliyyətlər əsasən istiqamətlər üzrə olduğuna görə, hansı ön dəstənin hansı istiqamətdə fəaliyyət göstərəcəyinə əvvəldən qərar verilməlidir. Düşmənin müdafiə xəttini keçərkən və əsas qüvvələrdən ayrıldıqdan sonra ön dəstənin birinci eşelon bölmələri ilə qarşılıqlı əlaqə sualları dəqiq işənməlidir. Vacib məsələlərdən biri də odur ki, taktiki hava desantı tətbiq edilərsə, ön dəstənin onunla qarşılıqlı əlaqə qaydası müəyyən edilməlidir. Ön dəstənin fəaliyyəti mütləq artilleriya və aviasiya tərəfindən təmin edilməli və bu təminatın qaydaları göstərilməlidir. Ön dəstənin əsas qüvvələrdən ayrılması vacib mərhələlərdən biridir. Bu mərhələni təmin edərkən tüstülərin və yandırıcı maddələrin tətbiq etmə qaydası təyin edilməlidir. Ön dəstə fəaliyyətə başlamazdan əvvəl çıxış vəziyyətini tutmalıdır, komandir isə öz qərarında bu çıxış vəziyyətinin tutulması qaydasını təyin etməlidir. Ön dəstə öz bölmələrimiz üzərindən aşarkən onun irəliləmə qaydaları və istiqamətini də komandir göstərməlidir.

Əgər komandir ön dəstənin tətbiqi üzrə vaxtında qərar verməsə, ön dəstə ilə birinci eşelon bölmələri, eləcə də qonşuların ön dəstələri arasında hərtərəfli və dolğun qarşılıqlı əlaqə yaradılmayacaq, əsas qüvvələrdən ayrı fəaliyyət göstərmək üçün vacib olan maddi vəsaitləri və silahları tam hazırlaya bilməyəcək, şəxsi heyət isə qarşıdakı fəaliyyətlərə tam hazır olmayacaq.

Ön dəstəyə tapşırıq verərkən ona zolaq yox, ancaq fəaliyyət istiqamətləri, müxtəlif dərinlikdə ələ keçirməli olduğu 1, 2 və ya 3 obyekti müəyyən etmək məqsədəuyğundur.

Ön dəstənin fəaliyyətləri təşkil olunarkən hər şeyin komandir tərəfindən yerinə yetirilməsi mümkün deyil. Burada ön dəstənin fəaliyyətinin təşkil edilməsi və onun hazırlanması üzrə qərargahın da çox vacib rolu var.

Komandirin ön dəstənin tətbiqinə dair dolğun və dəqiq qərar verməsi üçün qərargah lazım olan bütün məlumatları vaxtında toplamalıdır.

Qərargah zabitləri vaxtında ön dəstənin təşkili üzrə sərəncamları işləyib hazırlamalı və onun fəaliyyətini hərtərəfli planlaşdırmalıdırlar.

Qarşıda duran tapşırıqların və ərazinin xüsusiyyətlərindən asılı olaraq ön dəstəyə gücləndirmə vasitələri ayrılmalıdır, qərargah həmin gücləndirmə vasitələrinin vaxtında ön dəstənin tərkibinə gəlməsinə nəzarət etməlidir.

Əvvəllər də qeyd etdiyimiz kimi, dağlıq ərazidə fəaliyyətlər istiqamətlər üzrə olduğuna görə bu fəaliyyətlərin hərtərəfli təminatı da xüsusi qaydada olmalıdır. Qərargah da ön dəstənin fəaliyyətlərinin hərtərəfli təminatına aidiyyatı üzrə nəzarət etməlidir.

Ön dəstə komandiri və onun bölmə komandirləri lazım olan xəritə, sxem və fotosənədlərlə tam təmin olunmalıdır. Qərargah zabitləri aidiyatı üzrə bunun hesabını aparmalı və vaxtında təmin olunmasına nəzarət etməlidir.

Ön dəstənin əsas qüvvələrlə, qonşularla, himayəedici artilleriya və aviasiya ilə, kəşfiyyatla və s. ilə əlaqə saxlaması üçün qərargah çağırış cədvəlləri, siqnal cədvəlləri, danışıq cədvəlləri və radiogöstəriciləri hazırlamalı, dəstəni əvvəlcədən təmin etməlidir.

Birinci eşelon bölmələrinin hərəkətə başlaması ilə qərargah onun irəliləməsini izləməli, həmçinin irəliləmənin artilleriya atəşi və aviasiya zərbələri ilə təmin olunmasına nəzarət etməlidir.

Qərargah birinci eşelon bölmələrinin komandirlərinə, eləcə də qoşun növləri və xidmət rəislərinə ön dəstənin hərəkətinin təmin edilməsi, onun əsas qüvvələrdən ayrılması, o cümlədən onun fəaliyyət istiqamətinin dəyişməsi ehtimalı ilə bağlı bütün vacib sərəncamları çatdırmalıdır.

Ön dəstənin əsas qüvvələrdən ayrılmasından sonra qərargah fasiləsiz olaraq onun fəaliyyətini izləməli, kəşfiyyatdan, aviasiyadan, qonşulardan və digər mənbələrdən düşmən haqqında alınmış vacib məlumatları ona çatdırmalıdır.

Ön dəstənin düşmən müdafiəsinin dərinliyindəki fəaliyyətləri mürəkkəb prosesdir. Bu fəaliyyətlərin bacarıqla idarə olunması üçün qərargahın işində yüksək çeviklik, dəqiqlik və onu vaxtında vacib məlumatlarla təmin edə bilməsi tələb olunacaq.

Briqada komandiri ön dəstənin komandirinə döyüş tapşırığı verərkən, dəstənin tərkibini və fəaliyyət istiqamətlərini göstərməlidir. Ön dəstənin komandiri açıq və dəqiq bilməlidir ki, hansı hüdudu və ya obyekti hansı vaxtda ələ keçirməlidir. Ön dəstənin fəaliyyətlərinin uğurlu olması üçün dəqiq planlaşdırılmalı olan məsələlərdən biri də artilleriya atəşi və aviasiya zərbələri ilə ön dəstənin himayə olunma qaydalarıdır. Briqada komandiri bu qaydaları təyin etməli və aidiyyatı üzrə tapşırıqları verməlidir. Tapşırıq verərkən briqada komandiri ön dəstənin taktiki hava desantı və aviasiya ilə qarşılıqlı əlaqə qaydalarını və hərəkət marşrutunu təyin etməlidir. Dağlarda hücum zamanı bəzi fəaliyyətlərin vaxtı təyin olunmaya bilər, amma ön dəstənin çıxış həddini keçmə vaxtı briqada komandiri tərəfindən mütləq təyin edilməlidir.

Sxemdə motoatıcı taborun həmlə ilə dağ aşırımını tutmasının bir variantı göstərilib.

Bütün bunlar o demək deyil ki, təşkilati işlər döyüşə qədər başa çatır və ön dəstə hadisələrin axarına buraxılır. Düşmən müdafiəsinin əməliyyat dərinliyində hücumun inkişafı zamanı komandirin və qərargahın ön dəstənin fəaliyyətinin təşkili üzrə işi döyüşün gedişində də davam etməlidir.

Ön dəstə komandiri döyüş tapşırığını aldıqdan sonra ilk növbədə onu aydınlaşdırmalıdır. Bu zaman o, böyük komandirin niyyətini başa düşməlidir. Böyük komandirin niyyətini başa düşməyən ön dəstə komandiri ümumi prosesdə öz bölməsinin rolunu da tam təsəvvür etməyəcək. Ön dəstə komandiri tam olaraq anlamalıdır ki, əsas qüvvələrin tapşırıqlarını yerinə yetirməkdə vəzifələri nədən ibarətdir. Ön dəstə, qonşuların ön dəstələri ilə, eləcə də taktiki hava desantı tətbiq edildiyi halda onlarla qarşılıqlı fəaliyyət göstərməlidir. Odur ki, ön dəstə komandiri onların da tapşırıqlarını aydınlaşdırmalıdır.

Bölməsinin tapşırığını aydınlaşdırdıqdan sonra ön dəstə komandiri vaxt itirmədən bölməyə veriləcək gücləndirmə vasitələrinin gəlib təyin olunmuş yerə çıxması üçün dərhal hansı vacib tədbirləri keçirəcəyini müəyyən etməlidir. Ön dəstənin komandiri vaxt hesabını tərtib etməli və vacib olan sərəncamları verilməlidir, sonra isə şəraitin qiymətləndirilməsinə başlamalıdır. Vaxt hesabı tərtib edilərkən komandir yuxarı qərargahın vaxt hesabına diqqət yetirməli, tədbirləri sutkanın qaranlıq və işıqlı vaxtına düzgün planlaşdırmalı, vaxtın çox hissəsini bölmələrin hazırlığına ayırmalıdır. Şəraiti qiymətləndirərkən ön dəstə komandiri ilk növbədə düşmənin əsas müdafiə rayonunda və onun dərinliyində hansı obyektlərə atəşlə zərər vurulacağını öyrənməlidir. Ön dəstənin fəaliyyət göstərəcəyi rayonda və yaxınlığında bölməsinin fəaliyyətinə təsiri ola biləcək düşmənin vəziyyəti, qruplaşması və fəaliyyət xüsusiyyətləri tam aydın olana qədər qiymətləndirilməlidir və heç bir qaranlıq yer qalmamalıdır. Yuxarı komandir tərəfindən verilən tapşırığa əsasən hansı obyektlər ələ keçirilməlidirsə, ön dəstə komandiri öz qərargahı ilə birlikdə onların xüsusiyyətlərini, vəziyyətini və mühafizə dərəcəsini dəyərləndirməlidir. Ön dəstə komandiri bölməsinin tərkibini, maddi təminatını və onun gücləndirilmə vasitələrini, şəxsi heyətin hazırlığını və mənəvi vəziyyətini qiymətləndirməli, bölməsinin imkanlarını hesablamalı və ehtiyac olduqda yuxarı komandanlıqdan əlavə qüvvə və vasitələr istəməlidir. Ərazini qiymətləndirərkən ön dəstə komandiri qarşıda duran fəaliyyətlər istiqamətində ərazinin xüsusiyyətlərini, relyefi, suxurları, müşahidə şəraitlərini, yolların keçilə bilmə vəziyyətini, təbii maneələr və onların xüsusiyyətlərini, daldalanacaqların və maskalanma şəraitinin olmasını dəyərləndirməli və bunların döyüş tapşırıqlarının yerinə yetirilməsinə necə təsir göstərəcəyini müəyyən etməlidir. Hava şəraitinin qiymətləndirilməsi zamanı, həmçinin havanın vəziyyəti və yaxın günlərə proqnozu, ilin və sutkanın vaxtı da nəzərə alınmalıdır.

Xatırlayaq ki, qərarqəbuletmə prosesi vahid bir fəaliyyətdir, heç bir tədbiri səbəbsiz və nəticəsiz deyil, hər bir mərhələsi digər mərhələləri ilə bağlıdır. Odur ki, tapşırığın aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsi əsasında ön dəstə komandiri qərar qəbul etməlidir. Bu zaman tapşırığın aydınlaşdırılması və vəziyyətin qiymətləndirilməsinin nəticələri isə qərarın əsasını təşkil edəcək.

Elə döyüşqabağı və döyüş düzülüşləri yaradılmalıdır ki, düşmənə endirilən zərbələrinin nəticələrini ən dolğun şəkildə istifadə etməyə imkan versin. Yəni yerinə və vaxtına görə həm düşmən atəşlərinə qarşı dayanıqlı olmaq, canlı qüvvəni yormamaq, texnikanı çətin keçilən ərazilərə salmamaq, eyni zamanda qısa müddətdə döyüş tapşırığının yerinə yetirilməsinə hazır olmaq üçün düzgün düzülüş seçilməlidir.

Hər bir tutulmalı olan hüduda və obyektə irəliləmə marşrutları təyin edilməlidir. Bu marşrutlar təyin edilərkən adi məsələlərdən başqa əsas qüvvələrin irəliləmə istiqaməti, relyefin mühafizə və maskalama xüsusiyyətləri də nəzərə alınmalıdır.
Fəaliyyətlərin döyüş təminatı növləri üzrə tədbirlər planlaşdırılmalıdır. İlk növbədə hüduda və obyektə yaxınlaşdıqda, əsas qüvvələrin yaxınlaşmasına qədər onun əldə saxlanması uğrunda döyüş zamanı kəşfiyyatın aparılmasını əhatəli şəkildə planlaşdırmaq lazımdır.

Düşmən qiymətləndirilərkən onun ehtiyatlarının tətbiq olunma vaxtı, hüdudu və qaydaları da müəyyən edilir. Buna müvafiq olaraq ön dəstənin düşmən ehtiyatları ilə ehtimal olunan qarşılaşma hüdudları və onlara döyüş üçün açılma hədləri hesablanmalı, bu zaman relyefin xüsusiyyətlərindən maksimum istifadə olunmalıdır.

Ön dəstə üçün təyin edilmiş hər bir hüdudun və ya obyektin tutulması zamanı fəaliyyət niyyətini və əsas zərbə istiqamətini dəstə komandiri ayrıca təyin etməlidir. Ön dəstə bölmələri düşmənə hücumdan əvvəl təyin edilmiş həddə açılmalıdır, bu açılma həddləri də planlaşdırma zamanı təyin olunmalıdır.

Artilleriya və minaatan bölmələrinin tapşırıqlarını ön dəstə komandiri təyin etməlidir. Bu bölmələrin fəaliyyətləri komandirin niyyətinin dəstəklənməsinə və icrasına xidmət etməlidir.

Ön dəstənin fəaliyyətinin dəstəklənməsi üçün döyüş helikopterləri və aviasiya zərbələri planlaşdırılmalıdır, dəstə komandiri də həmin zərbələrin nəticələrindən düzgün istifadə olunmasını təşkil etməlidir.

Döyüş fəaliyyətləri zamanı düşmən aviasıyasının zərbələri də qaçılmaz olacaq. Ona görə də istər HHM qüvvə və vasitələrinə, istərsə də digər bölmələrə hava hücumundan müdafiə üzrə tapşırıqlar təyin edilməlidir.

Ön dəstənin bütün fəaliyyəti ərzində, əsasən də düşmən müdafiəsinin dərinliyində çox vacib məsələlərdən biri də əsas qüvvələrlə, təminat qüvvələri ilə, eləcə də qonşuların ön dəstələri ilə qarşılıqlı əlaqənin təşkilidir, dəstə komandiri də öz səviyyəsində qarşılıqlı əlaqənin əsaslarını müəyyən etməlidir.

Ön dəstə komandiri qərar verərkən döyüşün hərtərəfli təminatı növləri üzrə, o cümlədən də radiasiya və qoşun kəşfiyyatı üzrə bölmələrin əsas tapşırıqlarını təyin etməlidir.

Müasir döyüşün, eləcə də Dağlıq Qarabağda ərazinin xüsusiyyətləri və həmin ərazidə yerləşən düşmən silahlı qüvvələrinin təchizatında olan texniki vasitələrin imkanlarını mütləq nəzərə almaq və idarəetmənin qaydalarını buna uyğun təyin etmək lazımdır. Düşmən bizim qoşunların idarəetməsinin pozulması üçün hər şeyi edəcək. Əvvəlcədən görülən tədbirlər sayəsində idarəetmənin dayanıqlığı, fasiləsizliyi, operativliyi və gizliliyi təmin edilməlidir.

Qərar qəbul etdikdən sonra ön dəstənin komandiri bölmələrə döyüş tapşırığı verməli və onlar arasında qarşılıqlı əlaqəni təşkil etməlidir.

Ön dəstəni göndərən komandir, ön dəstənin əsas qüvvələrlə, qonşuların ön dəstələri ilə, həmçinin taktiki hava desantı ilə qarşılıqlı əlaqəsini təşkil etməlidir.

Ön dəstənin onu himayə edən artilleriya ilə qarşılıqlı əlaqəsini təşkil edərkən yuxarı komandir ön dəstənin əsas qüvvələrdən ayrılmasını təmin etmək üçün hansı artilleriya bölmələrinin cəlb olunduğunu göstərməlidir. Eyni zamanda ön dəstənin düşmən müdafiəsinin dərinliyində, həmçinin təyin edilmiş həddin və ya obyektin tutulması və əldə saxlanılması zamanı artilleriya ilə himayə qaydasını müəyyən etməlidir. Ön dəstənin hərəkəti zamanı onun birinci eşelon bölmələrinin döyüş düzülüşlərinin bilavasitə yaxınlığında və əsas qüvvələrdən ayrılmasından sonra artilleriya və minaatan atəşi ilə susdurulmalı olan hədəflər mümkün qədər dəqiqliklə göstərilməlidir. Ön dəstə ayrı fəaliyyət göstərdiyinə görə cinahları artilleriya tərəfindən təmin olunmalıdır, onun cinahlarının artilleriya atəşi ilə təmin olunması qaydasını isə ön dəstəni göndərən komandir təyin etməlidir.

Ön dəstənin aviasiya ilə qarşılıqlı əlaqəsini təşkil edərkən, komandir ön dəstənin döyüşün əvvəlində və düşmən müdafiəsi dərinliyindəki fəaliyyətini hansı aviasiyanın himayə edəcəyini, ön dəstə ələ keçirmə həddinə və ya obyektə çıxdıqda və onun uğrunda döyüşü zamanı hansı hədəfləri vuracağı, aviasiyanın ön dəstənin döyüşü zamanı tuşlanma qaydasını göstərməlidir. Ön dəstəni göndərən komandir, həmçinin aviasiya komandirinə ön dəstə və əsas qüvvələrin idarəetmə məntəqəsi ilə, habelə qonşularla əlaqə qaydaları və üsullarını göstərməlidir. Komandir aviasiyanı çağırış, artilleriya və minaatanlar atəşinin başlama və dayandırılma siqnallarını təyin etməlidir. Düşmən aviasiyasının peyda olma siqnallarını, öz təyyarə və helikopterlərimizin tanıma siqnallarını komandir təyin etməli və aidiyyatı üzrə çatdırmalıdır. Ön dəstənin fəaliyyəti zamanı, əsasən də düşmən müdafiəsinin dərinliyində olduğu vaxt ən vacib məsələlərdən biri də olduğu yerin, tutulmuş hüdudların və ya obyektin müdafiəsi zamanı ön dəstənin qabaq həddinin öz aviasiyamız üçün işarələnmə qaydasını təyin etməkdir. Əks halda öz aviasıyamızın öz qüvvələrimizi vurma ehtimalı artacaq.

Yuxarı komandir trəfindən qarşılıqlı əlaqənin təşkilindən sonra ön dəstənin komandiri bölməsində işinə davam edərək şəxsən və qərargah vasitəsi ilə silahların, döyüş texnikasının, texniki vasitələrin, maddi vəsaitlərin, radiasiya və kimya kəşfiyyatı vasitələrinin qarşıdakı fəaliyyətə hazırlığını təşkil etməlidir. Ön dəstənin komandiri döyüş texnikasının keçmə qabiliyyətini artıran ləvazimatlarla təmin olunmasını yoxlamalı və lazımi tədbirlər görməlidir. Əgər vaxt imkan verərsə, ön dəstə komandirinin xəritə və ya ərazi maketi üzərində öz bölmə komandirləri və gücləndirici vasitələrin komandirləri ilə fəaliyyətin oynanılmasını keçirməsi məqsədəuyğundur, çox hallarda ərazi tanış olmayan və ya az tanınan olduğuna görə bu, hətta çox vacibdir. Döyüşə hazırlıq mərhələsində bölmələrin şəxsi heyəti ilə döyüş tapşırıqlarına uyğun məşğələlər təşkil edilməli, bölmələrin uzlaşmasına və mükəmməl qarşılıqlı əlaqəsinə nail olunmalıdır.

Ön dəstəni təyin etmiş komandir, döyüş tapşırığı verdikdən və qarşılıqlı əlaqəni təşkil etdikdən sonra, şəxsən və qərargahı vasitəsilə qoşun növləri və xidmət rəislərinə verdiyi göstərişlərin yerinə yetirilməsini yoxlamalıdır.

Ön dəstə əsas qüvvələrdən ayrıldıqdan sonra, cinahlar və cəbhə arxası açıq qaldıqda, tez və qəfil dəyişən şəraitdə döyüş təminatının əhəmiyyəti artır. Bu döyüş təminatı növlərinin əsaslarının xüsusiyyətlərinə nəzər salaq.

Kəşfiyyat ‒ döyüş təminatının çox mühüm növüdür. O, düşmən və ərazi haqqında məlumatlar əldə etmək məqsədilə vəziyyətin istənilən şəraitlərində aparılmalıdır. Ön dəstədə kəşfiyyat aparılarkən düşmənin döyüş tərkibi, mənsubiyyəti, döyüş qabiliyyəti, vəziyyəti, məqsədləri, düşmənin dayaq məntəqələrinin, atəş vasitələrinin, əsas da tank əleyhinə vasitələrin, pusqularının, idarəetmə məntəqələrinin yerləşmə yerlərini, düşmən müdafiəsində mövqelərin və maneələr sisteminin mühəndis cəhətdən qurulmasının xüsusiyyətlərini, düşmən döyüş düzülüşündəki aralıqları və açıq cinahları, fəaliyyət rayonundakı təbii maneələri, ərazinin keçilmə şəraitini, yolların vəziyyətini, su maneələrinin xüsusiyyətlərini, onlardan keçid və dayaz yerlərin mövcudluğunu müəyyən edilməlidir.

Ön dəstədə qoşun kəşfiyyatı, artilleriya kəşfiyyatı və öz fəaliyyətləri istiqamətində radiolokasiya kəşfiyyatı aparılmalıdır. Bunun üçün dəstə lazımi səviyyədə təchiz edilməli, gücləndirilməli və hazırlanmalıdır.

Ön dəstə komandiri, döyüş tapşırığını aldıqdan dərhal sonra döyüş kəşfiyyat dozorları vasitəsi ilə qoşun kəşfiyyatını aparmalıdır. Onlara tapşırığı isə şəxsən özü verməlidir. Ön dəstə komandiri döyüş kəşfiyyat dozorlarına tapşırıq verərkən onlara düşmən haqqında məlumatları, dozorun tərkibini, kəşfiyyatın istiqamətini, hansı məlumatların hansı vaxta əldə edilməsini, kəşfiyyatın başlanma vaxtını, fəaliyyət üsullarını, kəşfiyyatın nəticələri barədə məruzənin qaydasını, rabitə əlaqəsinin saxlanması qaydasını, tapşırıqların yerinə yetirilməsindən sonra fəaliyyət qaydasını, xəbərdarlıq siqnallarını, idarəetmə və qarşılıqlı əlaqəninin əsas suallarını göstərməlidir.

Döyüş kəşfiyyat dozorlarının sayı və tərkibi real şəraitdən asılı olacaq. Bu məsələyə vəziyyət qiymətləndirlməsində və bölmələrin döyüş imkanları hesablanarkən diqqət yetirilməlidir. Ön dəstə komandiri döyüş kəşfiyyat dozorları ilə əlaqəni radio vasitəsi ilə həyata keçirəcək. Düşmənin REM imkanları və ərazinin xüsusiyyətləri nəzərə alınaraq ön dəstə daha etibarlı rabitə vasitələri ilə təchiz edilməlidir.

Kəşfiyyat təşkil edilərkən yeni texniki vasitələrin imkanlarından geniş istifadə edilməli, həmin bölmələrlə ön dəstənin sıx qarşılıqlı əlaqəsi yaradılmalıdır.

Maskalanma – Dağlıq Qarabağ ərazisi üçün ən vacib döyüş təminatı növlərindən biridir. Ön dəstədə maskalanma tədbirləri həqiqi yerləşməni, öz bölmələrinin tərkibini və fəaliyyətini düşmənin bütün kəşfiyyat növləri və vasitələrindən (optik, radio, radiotexniki, radiolokasiya, PUA və digər) gizlətmək və onu aldatmaq məqsədilə təşkil edilməli və yerinə yetirilməlidir. Maskalanma aktiv, inandırıcı, fasiləsiz və müxtəlif olmalıdır. Maskalanmanı təşkil edərkən ön dəstə komandiri, maskalanma üzrə əsas tədbirləri və onların həcmini, maskalanma tədbirlərinin yerinə yetirilmə müddətlərini və yerinə yetirilmə qaydalarını, maskalanma tədbirlərinin yerinə yetirilməsi üçün ayrılan qüvvə və vasitələri, bölmələr tərəfindən maskalanma intizamına riayət edilmə qaydalarını və digər vacib məsələləri göstərməlidir.

Ön dəstəni göndərən komandir maskalanma üzrə göstərişlər versə də, verməsə də, ön dəstə komandiri mütləq maskalanmanı təşkil etməlidir.

Ön dəstədə mühəndis təminatı bölmələrə irəliləmə, açılma üçün vacib şəraitlərin yaradılmasını, manevr etməni və döyüş tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsini, şəxsi heyət və döyüş texnikasının düşmənin bütün məhvetmə vasitələrindən qorunmasını, həmçinin düşmənə itkilərin verilməsini və onun fəaliyyətinin çətinləşdirilməsini təmin etməlidir.

Mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı o vaxt uğur əldə etmək olar ki, bölmə komandirləri tərəfindən mühəndis təminatı tapşırıqları düzgün başa düşülsün, bölmələrin şəxsi heyətinin yüksək mühəndis hazırlığı olsun, verilmiş mühəndis bölmələri bacarıqla tətbiq edilsin, onların cəld və gizli manevri və ön dəstə bölmələri ilə dəqiq qarşılıqlı əlaqələri təşkil edilsin, düşmənin və ərazinin fasiləsiz mühəndis kəşfiyyatı aparılsın, ərazi və yerli materiallar mühəndis tapşırıqlarının yerinə yetirilməsində bacarıqla istifadə edilsin. Bu fəaliyyətlərin hər birinin ayrılıqda böyük əhəmiyyəti var.

Mühəndis təminatını ön dəstə komandiri öz qərarı əsasında və yuxarı komandirin və ya rəisin göstərişləri əsasında təşkil etməlidir.

Ön dəstədə kimya təminatının əsas tapşırıqları ‒ bölmələrə qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirmələri üçün vacib olan şəraitlərin yaradılması, həmçinin bölmələrin tüstü və aerozollarla maskalanmasının təşkil edilməsi və həyata keçirilməsi olmalıdır.

Mühafizə ‒ ön dəstədə düşmən kəşfiyyatının dəstənin yerləşmə yerinə soxulmasına və yerüstü düşmənin qəfil hücumuna imkan verməmək, eləcə də bölmələrin açılma və döyüşə girmələri üçün vaxt və əlverişli şəraitlərlə təmin edilməsi deməkdir.

Mühafizəni təşkil edərkən, ön dəstə komandiri hansı istiqamətlərə xüsusi diqqət yetirilməsini, kimin və harada mühafizə olunacağını və mühafizənin tərkibini, mühafizənin göndərilmə vaxtı və onun tapşırıqlarını, habelə digər ön dəstələrlə əlaqə qaydalarını göstərməlidir. Ön dəstə komandiri bilavasitə mühafizənin tərkibini, tapşırığını, öz bölmələrində və verilmiş bölmələrdə müşahidənin təşkili qaydasını müəyyən etməlidir.

Qeyd edək ki, mühafizənin əsas səyləri mühüm istiqamətlərdə cəmləşdirilməlidir. Ön dəstədə isə dağlıq ərazidə əsasən səfər mühafizəsi və bilavasitə mühafizə yerinə yetiriləcək.

Bilavasitə mühafizə və müşahidəni bölmə komandirləri döyüş tapşırığından, vəziyyətdən və ön dəstə komandirinin göstərişlərindən asılı olaraq təşkil etməlidirlər.

Ön dəstə, ələ keçirilməsi nəzərdə tutulan hüduda və ya obyektə hərəkət zamanı səfər qaydasında irərliləməlidir, eyni zamanda döyüşə girmə gözlənildikdə marşda və düşmən müdafiəsinin dərinliyində hərəkət edərkən də eyni qaydada hərəkət etməlidir. Bu hallarda ön dəstədə səfər mühafizəsi təşkil olunacaq. Bu şəraitlərdə ön dəstədə mühafizə fasiləsiz və dairəvi olmalıdır, çünki düşmən aviasiyasının və yerüstü qüvvələrinin qəfil hücumu istənilən tərəfdən ola bilər.

Səfər mühafizəsinin ön dəstənin əsas qüvvələrindən uzaqlığı müxtəlif ola bilər. Bu isə ərazinin xüsusiyyətlərindən və şəraitdən asılıdır. Ön dəstənin cinahlarının qorunması çox əhəmiyyətlidir. Çünki ön dəstə əsas qüvvələrdən ayrı fəaliyyət göstərir, buna görə də onun cinahları daim açıq qalır və döyüş düzülüşündə zəif yerləri olur. Səfər mühafizəsi həmin açıq cinahların və döyüş düzülüşünün zəif yerlərinin düşmənin qəfil həmlələrindən mühafizəsini təmin etməlidir.

Döyüşün təşkilinin bütün mərhələlərində ön dəstənin rabitə vasitələrinin və idarə olunmasının düşmən radiomaneələrindən qorunması tədbirləri nəzərdə tutulmalıdır. Bunun üçün ön dəstə komandiri yuxarı qərargahdan alınmış ehtiyat radioməlumatları və radiorabitə qaydasını istifadə etməli, ötürməni və vacib xəbərlərin alınmasını yüngülləşdirən siqnallardan istifadə etməlidir. Bundan başqa o, ön dəstənin fəaliyyəti istiqamətində işləyən düşmən radiostansiyalarının aşkar edilməsinə və məhv edilməsinə çalışmalıdır.

Əvvəl də qeyd edildiyi kimi, ön dəstə döyüş tapşırıqlarını adətən, öz qoşunlarımızdan xeyli uzaqda yerinə yetirəcək. Buna görə də o müstəqil, qəti hərəkət etməlidir. Bölmə komandirlərinin məntiqli təşəbbüsləri, onların ön dəstənin tapşırıqları yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmələri həlledici rol oynayacaq.

Ön dəstə komandiri döyüşün təşkili üzrə işi, ümumqoşun döyüşünün əsaslarını, ehtimal edilən düşmənin taktikasını, həmçinin bizim və düşmən texnikasının və silahlarının xüsusiyyətlərini dərindən bilməli, ümumiyyətlə yüksək nəzəri və praktiki hazırlığa malik olmalıdır. Bunlarsız ön dəstə komandiri, əsas qüvvələrdən ayrı fəaliyyət göstərərkən və vacib döyüş tapşırıqlarını yerinə yetirərkən, döyüşü müstəqil təşkil və idarə edə bilməyəcək, döyüş texnikası və silahlardan isə səmərəli və məqsədyönlü istifadə olunmayacaq.

Bu məqalədə dağlarda hücumun aparılması, hücumda ön dəstənin döyüşünün təşkili, ön dəstə komandirinin döyüş tapşırığını aldıqdan sonra iş qaydasını araşdırdıq. Növbəti məqaləmizdə ön dəstənin fəaliyyətinin xüsusiyyətləri barədə araşdırmanı davam etdirəcəyik.

Mənbələr:

Quru qoşunlarının döyüş təlimatı.
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-
http://militera.lib.ru/science/tactic/05.html

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağ-şəraiti   Döyüş   Qarabağ  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – IV yazı

2020/06/7-11142996886.jpg
Oxunub: 4695     10:42     13 İyun 2020    