Silahlı Qüvvələrimizin arsenalında olan BTR-82 Zirehli Personal Daşıyıcıları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/05/11111-1589870696.jpg
Oxunub: 3466     14:56     19 May 2020    
Hələ Azərbaycan Ordusunun tam formalaşmadığı illərdə məhdud sayda Zirehli Personal Daşıyıcılarının (ZPD) erkən versiyaları həm polis bölmələri, həm özünümüdafiə, həm də könüllü dəstələr tərəfindən erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında fəal istifadə edilirdi. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alan BTR-82A Zirehli Personal Daşıyıcıları ordumuzun zirehli gücünün formalaşmasında əhəmiyyətli rol oynayır. 2013 və 2017-ci illərdə Azərbaycan 230 ədəd BTR-82A Zirehli Personal Daşıyıcıları əldə edib. Bundan əlavə, Silahlı Qüvvələrimizdə 175 ədəd BTR-70 və BTR-60 zirehli vasitələri hələ də aktiv istismar edilməkdədir. BTR-70 maşınları BTR-70M səviyyəsinə qədər modernləşdirilib.

Əvvəlki yazılarımızda BTR-80 versiyası ilə bağlı əldə etdiyimiz məlumatları Sizinlə bölüşdüyümüzə görə, bu dəfə BTR-82 zirehli maşınlarından, xüsusilə istifadəmizdə olan BTR-82A modifikasiyasından bəhs ediləcək, həmçinin onların təyinatı, yaranma tarixi, fərqli və standart avadanlıqları, konstruksiyası, silahlanması, TTX-sı, versiyaları və istifadəçiləri barədə məlumat veriləcək.

Təyinatı

2013-cü ildən Azərbaycan Ordusunun silahlanmasına daxil olmağa başlayan BTR-82A Zirehli Personal Daşıyıcıları döyüş əməliyatları zamanı şəxsi heyətin zirehli mühafizə altında daşınması və motoatıcı bölmələri atəşlə dəstəkləmək məqsədilə hazırlanıb.

ZPD-lərin əksəriyyəti, o cümlədən BTR-82A özündə müasir hərbi əməliyyatlar üçün tələb edilən bir çox müsbət keyfiyyətləri birləşdirir. Avtomatik 30 mm-lik topa malik vasitələr yüksək atəş gücünə malikdir, sürətlidir, kater kimi üzür, döyüşdə uzun müddət sağ qala bilir, şəxsi heyətlə bərabər özünü mühafizə edir, bölməsini və qonşularını atəşlə dəstəkləyir, yerüstü, suüstü və hava hədəflərinə qarşı aktiv mübarizə apara bilir.

Yaranma tarixi

İlk ZPD-lər 20-ci əsrin əvvəllərində İngiltərədə yaradılıb. Sonradan bu nəqliyyat vasitələri I Dünya müharibəsində Rusiya ordusunda peyda oldu. Sonradan isə zirehli döyüş maşınları sürətlə motoatıcı qoşunların silahlanmasına daxil edilməyə başladı.

SSRİ-də BTR istehsalının təməli “Ford” şirkətinin 1931-ci ildə Qorki şəhərində inşa etdiyi avtomobil zavodu ilə qoyulub. Bəhs edilən BTR-82, təbii ki, baza versiya olaraq hazırlanan ilk vasitə deyil. Onun sələfəri arasında BTR-40, BTR-152, BTR-60, BTR-60PB, BTR-70 və BTR-80 zirehli maşınları yer almaqdadır.

II Dünya müharibəsi illərində ZPD-lərin yaradılmasında alman dizaynerləri tərəfindən böyük uğurlar əldə edildi. Almanların çox sayda ZPD ilə sürətlə irəliləməsi, göstərdi ki, Zirehli Personal Daşıyıcıları qoşunların daşınmasında, xüsusilə hücum əməliyyatlarında əvəzsiz bir vasitədir.

Bununla da, sadə konstruksiyalı kiçik və mobil olan ZPD-lər dünya ordularında geniş yayılmağa başladı. Onların artilleriya dartıcısı, rabitə, kəşfiyyat və komanda məntəqə vasitəsi kimi versiyaları da yarandı. II Dünya müharibəsinin tələblərini ödəyən ZPD-lərin Əfqanıstanda istifadə edilən BTR-70 modellərinin bəzi zəif elementləri və imkanları aşkar edildi.

Bu maşınların təhlükəsizliyi, silahlarının atəş məsafəsi, sursatların zirehə nüfuz etməsi və bəzi avadanlıqlarının fəaliyyəti istifadəçiləri tam qane etmirdi. Yanacaq sisteminin zəif zirehlə qorunması, benzin mühərriklərindən istifadə edən Zirehli Personal Daşıyıcılarının qumbaraatanlarla yandırılmasını asanlaşdırırdı. Təcili modernləşdirmə üçün dizayn bürosuna BTR-80 maşınlarının texniki əsalandırılması üçün sifariş verildi. BTR-80 hazırlandıqdan sonra Əfqanıstan da daxil olmaqla, bir çox döyüş əməliyyatlarında tətbiq edildi. Zaman gəldi, 30 ilə yaxın silahlanmada mövcud olan BTR-80-lər də müasir tələblərə tam cavab verə bilmədi. Bu zaman BTR-82 zirehli maşınlarının hazırlanması üçün qərar qəbul edildi.

BTR-82 zirehli vasitələrinin hazırlanması, daha yüksək səviyyədə qorunmanı, atəş gücünü və hərəkətliliyi təmin edən döyüş maşını formalaşdırmaq, onun taktiki-texniki xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq məqsədi daşıyırdı. Əslində isə bu modernləşdirmə, kifayət qədər müsbət keyfiyyətləri olan BTR-80 bazasında daha üstün zirehli vasitənin hazırlanmasına uğurlu bir cəhd kimi də qiymətləndirilə bilər.

2009-cu ildə, Arzamas Maşınqayırma Zavodunda BTR-80 bazasında yeni nəqliyyat vasitələrinin hazırlanmasına başlandı, cəmi bir il sonra BTR-82 və BTR-82A maşınları sınaqların keçirilməsi üçün təhvil verildi. Sınaqlardan keçdikdən sonra Zirehli Personal Daşıyıcısının hər iki modifikasiyası silahlanmaya qəbul edildi.

BTR-82 baza modeli hesab olunur. Onun əvvəlki versiyalarının KPVT pulemyotu ilə silahlanması atəş gücünə təsir etmədi. Azərbaycanın istifadə etdiyi BTR-82A Zirehli Personal Daşıyıcısı baza modelindən əsasən 30 mm-lik 2A72 avtomat topu ilə silahlanan döyüş modulu ilə fərqləndi. Zirehli Personal Daşıyıcısının dörd modifikasiyası mövcuddur. 2014-cü ildə “Army Technology” beynəlxalq nəşri, dünya sıralamasında BTR-82A maşınlarını öz sinifinin ilk onluğuna daxil etdi.

BTR-82A tökmə homogen poladdan hazırlanan korpusa malikdir və ənənəvi BTR ailəsinin əsas üstün xüsusiyyətlərini özündə birləşdirib. Onların təyinatı əvvəlki modellərdə olduğu kimi, motoatıcı və dəniz piyada bölmələrinin şəxsi heyətinin daşınmasından və döyüş meydanında onların atəşlə, təbii ki, 2A72 topunun hesabına daha da artan atəş gücü ilə, dəstəklənməsindən ibarətdir.

Konstruksiyası

Zirehli Personal Daşıyıcıları standart versiyada üç əsas bölməyə bölünür: idarəetmə, döyüş və güc qurğu bölməsi. Burada meyar olaraq bölmələrin və avadanlıqların həm məqsədi, həm də yerləşməsi əsas götürülür. BTR-82A rabitə avadanlıqlarına, müşahidə vasitələrinə, kütləvi qırğın silahlarından mühafizə sistemlərinə, tüstü bombalarının atıcı qurğularına, təminat-təchizat elementlərinə, yanğınsöndürmə və su boşaltma vasitələrinə malikdir.

BTR-82A-nin döyüş heyəti, sələfində olduğu kimi, 10 nəfərdən (komandir, sürücü, tuşlayıcı və 7 nəfər motoatıcı) ibarətdir. Döyüş heyətinin düşmən silahlarının təsirindən, habelə kütləvi qırğın silahlarının zərərverici amillərindən qorunması, zirehli maşının germetik korpusu daxilində təmizlənən havanın həddindən artıq təzyiqinin yaradılması ilə təmin edilir.

Maşının yüksək hərəkətliliyi, tam çəkimli səkkiz təkərli oxların, güclü və qənaətcil dizel mühərrikinin, bütün təkərlərin müstəqil torsionlarının və döyüşə davamlı kamerasız şinlərin istifadasi hesabına əldə edilir. BTR-82A ən az 200 km məsafədə yalnız şinlərinin güllə ilə zədələnməsi vəziyyətində deyil, həm də nəqliyyat vasitələri əleyhinə minalarda partlaması və ya təkərlərinin 50%-nin sıradan çıxdığı halda belə hərəkətini davam etdirir.

Maşının daxilində pulemyot və avtomatlardan atəş açmaq üçün hərəkətli yuvalar, döyüş bölməsinin üst qapaqlarında isə yüksəkdə yerləşən hədəflərə pulemyotlardan atəş açmaq üçün xüsusi yuvalar mövcuddur.

Korpusun özündə isə 2A72 topunun və PKTM pulemyotunun, daşınan zenit-raket kompleksinin, səkkiz tüfəngin, tank əleyhinə qumbaraatanın, əl qumbaralarının və sadalananların döyüş sursatlarının, həmçinin digər avadanlıqların yerləşdirilməsi üçün xüsusi yerlər nəzərdə tutulub.

BTR-80 ilə fərqləri

BTR-82A sələfi BTR-80 ilə müqayisədə atəş gücünün artırılması, korpusun, hərəkətli hissənin və asqının modernləşdirilməsi, su manelərini aşma və kütləvi qırğın silahlarından üstün qorunma qabiliyyətləri ilə fərqlənir.

BTR-82A-da operatorun mövqeyi qüllədən korpusun ön tərəfinə doğru çəkilib. Minaların təsirini zəiflətmək üçün bütün oturacaqlara zərbələri udan dayaqlar quraşdırılıb. Maşın kondisioner və yeni təkmilləşdirilən yanğınsöndürmə sistemi ilə təchiz edilir.

Zirehlənməsi atıcı silah güllələri keçirmir. Korpus və qüllənin zirehləri düşmənin mina və mərmi qəlpələrinə davam gətirə bilir. Ekipajın və desantın əlavə qorunması üçün maşına zərbədən qorunma dəsti quraşdırılır. Maşının qəlpələrə qarşı qorunması korpusun daxili səthlərinə əlavə edilən müasir sintetik materiallar sayəsində gücləndirilib.

BTR-82A zirehli vasitələri Qarabağ döyüş əməliyyatları teatrı üçün uyğun nəqliyyat vasitələrindən biri hesab edilir. 4x4 təkər formulası ən kobud ərazilərdə yüksək manevr imkanlarını saxlayır. BTR-82A-nı özündən əvvəlki zirehli vasitələrdən fərqləndirən cəhətlərdən biri də onun daha güclü mühərriklə təmin olunmasından ibarətdir. Mühərrik bir neçə növ dizel yanacağı ilə, o cümlədən qatar yanacağı ilə işləyə bilir.

İstehsalçı əvvəlki nəsil zirehli zirehli vasitələrdən fərqli olaraq, BTR-82A versiyasında vasitənin kondisioner, beşinci nəsil müasir rabitə vasitələri, “Trona-1” topoqrafik səmtləşmə sistemi, GLONASS/NAVSTAR peyk naviqasiya sistemi, müasir termal və optik lazer nişangahı ilə təchiz edildiyini bildirir. Bundan əlavə, daşıyıcıda 5 kVt-lık generatorda quraşdırılıb ki, bu da mühərrik işlək vətiyyətdə olmadıqda maşının bütün elektrik sistemlərini enerji ilə təmin edə bilir. Bütün bu avadanlıqlar sayəsində BTR-82A döyüş və texniki xüsusiyyətlərinə görə həm sələflərini iki dəfədən çox üstələyir, həm də gecə-gündüz rahat şəkildə səmərəli döyüş apara bilir.

Silahlanması

BTR-82 Zirehli Personal Daşıyıcısı baza versiyasında əsas silah olaraq 14.5 mm-lik KPVT iriçaplı pulemyotu və PKT pulemyotu ilə, BTR-82A versiyasında isə 30 mm-lik 2A72 topu və 7.62 mm-lik PKTM pulemyotu ilə silahlanır. Hər iki versiyada pulemyotlar əsas silahlarla cütləşdirilib və BPPU silah modulunda yerləşdirilib.

30 mm-lik mərmilərdən istifadə edən topun sursat dəsti 150 ədədi qəlpəli-fuqas, 150 ədədi zirehdələn-yandırıcı mərmi olmaqla 300 mərmidən ibarətdir. 3 m uzunluğa malik lülənin üfüqi tuşlama buçağı 360 dərəcədir, şaquli tuşlama bucağı isə -5 ilə +70 dərəcə arasında dəyişir.

Dəqiqədə 500-550 ədəd mərmi ilə atəş açan topun hava vasitələrinə qarşı effektiv atəş məsafəsi 2 km, texnikalara qarşı 2.6 km, canlı qüvvəyə qarşı isə 3.6 km-dir.

Top ilə cütləşdirilən 7.62 mm-lik PKTM pulemyot isə dəqiqədə 800 ədəd atəş tempinə, 855 metr/saniyə güllənin başlanğıc sürətinə, 1.5 km atəş məsafəsinə, 2000 ədəddən ibarət sursat dəstinə malikdir.

Bunlardan əlavə BTR-82A maşınları 6 ədəd 81 mm-lik 3D6/3D6M tüstü qumbaraatanlarının atıcı qurğusu ilə də təchiz edilir.

Güc qurğusu

BTR-82A zirehli vasitələrində 5 pilləli, mexaniki sürətlər qutusu ilə birgə çalışan, 300 at gücünə malik turbokompressora malik dizel yanacaqlı “KamAZ 740.14-300” mühərrikindən istifadə edilir.

Su maneələrini aşarkən, suyun mühərrikə daxil olmasının qarşısını almaq üçün maşında yüksək hava qəbuledicisinin boruları quraşdırılır. BTR-82-də bir ədəd mühərrikin istifadəsi transmissiyanın əhəmiyyətli dəyişikliklərinə səbəb olub. Hidravlik ötürməsi olan quru sürtünməli və cüt diskli friksion, mühərrikdən gələn qüvvəni beş pilləli sürətlər qutusuna ötürür. İkinci, üçüncü, dördüncü və beşinci pillələr sinxronizator ilə təmin edilir.

Sürət qutusundan fırlanma anı ara kardan ötürücüsü vasitəsilə paylayıcı qutuya ötürülür. Burada isə ikipilləli paylayıcı qutu fırlanma anının diferensial paylanmasını iki istiqamətdə: üçüncü və dördüncü oxlar istiqamətində həyata keçirir. Zirehli Personal Daşıyıcısında çətin yol şəraiti üçün mərkəz diferensialının məcburi kilidlənməsi funksiyası mövcuddur. Mərkəz diferensialı ötürücünün aşağı sürəti qoşulduqda və yalnız ön oxlar aktiv olduqda kilidlənir.

Diferensial kilidləndikdə transmissiyanın həddən artıq yüklənməsi səbəbindən onun sıradan çıxmasını istisna etmək üçün, ötürmə qutusu sürtünmə friksionu (bəzən maksimal an muftası adlanır) ilə təmin edilir. Ötürmə qutusundan dartma qurğusuna və su mühərrikinə də güc ötürülür. Əlavə olaraq bu qutuda əyləc sisteminin ötürmə tipli iki ədəd park-əyləc mexanizmi də mövcuddur. BTR-80-də mövcud olan aparıcı oxları, sükan mexanizmini, əyləc sistemlərini və bir çox digər elementləri kiçik dəyişikliklərlə, bəzən isə bunlarsız, BTR-82 maşınlarında istifadə etmək mümkündür.

Hərəkətli hissə

Hərəkətli hissə dörd çəkimli, 8x8 təkər formulası ilə aparıcı oxlara malikdir, ön oxların aktiv/passiv rejimləri mövcuddur. Sükan çarxı, ön 4 təkəri arxa təkərlərdən daha çox çevirir. Zirehli Personal Daşıyıcısı hamar və axımlı hərəkət edir, yaxşı dinamikaya, yüksək keçicilik qabiliyyətinə və yüksək sürətə malikdir.

BTR-82A-nın yüksək sürəti güclü mühərrik, bütün səkkiz təkərin hamısının çəkimli olması, müstəqil torsion asqının, yüksək klirensin və şinlərin hava təzyiqini tənzimləyən mərkəzi sisteminin mövcudluğu ilə təmin edilir. BTR-80 tankların arxasınca hərəkət edərək 2 m enində xəndəkləri dəf etməyi bacarır.

Asqıda 12 ədəd hidravlik amartizatora malik müstəqil torsion sistemindən istifadə edilir. 1150/400/R457 ölçülərinə malik şinlərdə hava təzyiqini tənzimləyən mərkəzi sistem, yolsuzluq şəraitində tırtıllı nəqliyyat vasitələri ilə müqayisədə BTR-82A maşınlarının daha yüksək səviyyəli keçicilik qabiliyyətini təmin edir. Bundan əlavə, bir və ya iki təkər sıradan çıxdıqda belə BTR-80 hərəkət etməkdə davam edir. Zirehli Personal Daşıyıcısı piyada əleyhinə minaya düşdükdə zərər görmür, tank əleyhinə minaya düşdükdə isə hərəkət imkanını saxlayır, çünki partlayışın enerjisi adətən səkkiz təkərdən birinə və ya ikisinə zərər verir, bu isə BTR-80 üçün qətiyyən “ölümcül” zədə hesab edilmir.

Zirehli Personal Daşıyıcısının kütləsinin artması səbəbindən, istehsalçı hərəkətli hissədə dəyişikliklər etməli olub. BTR-82-də yeni təkər reduktorları və kardan valları ilə bərabər daha böyük həcmli amortizatorlar quraşdırılıb.

Müşahidə və rabitə vasitələri

BTR-82A maşınlarında tamamilə yenilənən Atəşi İdarəetmə Sistemi (AİS) tətbiq edilib. Maşınının sürücüsü və komandiri, gündüz qeyri-döyüş şəraitində, korpusun ön zirehli hissəsindəki iki qapaqla örtülən şüşələrdən ərazini müşahidə edir. Döyüş şəraitində və ya gecə maşını idarə edərkən isə müxtəlif növ termal və periskopik müşahidə cihazlarından istifadə edilir.

BTR-82 maşının tuşlayıcısı gündüz/gecə rejimli rəqəmsal, səkkizqat böyütməli, elektriklə çalışan və iki müstəvili sabitləşdiriciyə malik TKN-4QA-02 tipli termal nişangahdan istifadə edir.

Bu nişangah uzaq məsafədə mərmiləri partlatmaq üçün lazer kanalı ilə təchiz edilib, bu isə ona sığınacaq arxasında yerləşən hədəfləri 3UOF8 və 3UOF23 tipli 30 mm yandırıcı idarəolunan qəlpəli fuqas mərmiləri ilə məhv etməyə imkan verir. Maşın komandiri termal kanala və aktiv lazer işıqlandırmasına malik, maneələrdən qorunan TKN-Aİ müşahidə cihazına malikdir. TKN-4QA-02-nin və digər avadanlıqların tətbiqi nəticəsində maşınların silah istifadəsinin effektivliyi xeyli artıb, gecə və gündüz rejimlərində dəqiq atəş açmaq imkanları da genişlənib. Bütün bunlar, eyni zamanda gecələr də hədəflərə dəqiq atəş açmağa imkan verir.

Sürücü ön sektoru seyr etmək üçün 3 ədəd TNPO-115 periskopik müşahidə cihazına və 1 ədəd TNPO-115 cihazına malikdir. Gecə şəraitində müşahidə TVNE-4B cihazı və təbii işığı artıran 1 ədəd FQ125 işıqlandırıcısı ilə təmin edilir.

BTR-82 maşınlarında siqnalları kodlaşdıran rəqəmsal rabitə vasitələri və digər müşahidə cihazları da mövcuddur. Yeni rəqəmsal rabitə vasitələri rabitənin keyfiyyətini, sabitliyini və gizliliyini artırmaqla bərabər bölmələrə idarəetmə imkanlarını genişləndirməyə və vahid taktiki idarəetmə sisteminə inteqrasiya etməyə imkan verir.

Elektrik avadanlıqları

Zirehli Personal Daşıyıcısının elektrik avadanlıqları sələfi ilə eyni, yəni bir naqilli dövrəyə uyğun olaraq hazırlanıb. Burada daşınan işıqlandırıcılar və akkumlyator batareyalarının açarının elektromaqnit sarğıları istisnadır, onlar iki naqilli dövrəyə malikdir. Akkumulyatorlar işləyərkən korpus şəbəkəsinin nominal gərginliyi 24 V, generatordan qidalandıqda isə 27-28 V olur. Elektrik mənbələrinə daxildir:

iki paralel qoşulan 12ST-85R1 və ya iki ədəd paralel birləşdirilən 6ST-19 0TP batareyaları;
iki ədəd generator qurğusu.

G290V generatorları üç fazalı və sinxrondur. Nominal gərginlik 28 V, cərəyan isə 115-128 A-dir. BTR-82-nin gücü 5 kVt olan əlavə güc qurğusu ilə təchiz olunması isə maşının müdafiə döyüşündə uzun müddət eyni mövqedə dayanarkən onun istilik və səs siqnaturasını azaltmağa, mühərrikin resurslarına ciddi şəkildə qənaət etməyə və akkumlyator batareyalarını çalışmayan mühərriklə belə yenidən yükləməyə imkan verir.

Su mühərriki

Maşının radiatorunun altında iki su mühərriki quraşdırılır. Arxa təkərlərin arxasında isə hava qəbuledicisinin barmaqlıq ilə qorunan dəlikləri yerləşir. BTR-70-dən fərqli olaraq, bu Zirehli Personal Daşıyıcısına ikinci su mühərrikinin quraşdırılması, onun suda üzərkən manevr qabiliyyətini artırmaq istəyi ilə izah edilir.

Köməkçi sistemlər

Sızma və zədələnmə nəticəsində korpusa daxil olan suyu çıxarmaq üçün maşın su boşaltma sistemi və bir ədəd elektriklə çalışan su nasosu ilə təchiz edilir. Su boşaltma vasitələrinin ümumi gücü dəqiqədə 800 l-dən az deyil. Dalğa hündürlüyü 0.5 m-dən çox olan (bəzi mənbələrdə 1 m) su maneələrini keçdikdə, suyun güc bölməsinə daxil olmaması üçün hava girişlərinə xüsusi hava qəbuledici borular quraşdırılır. Dalğaların gövdənin ön hissəsini doldurmaması üçün Zirehli Personal Daşıyıcısı dalğa əks etdirən qalxanla təchiz olunur. Səfər vəziyyətində bu qalxan korpusun ön zireh lövhəsi üzərində üfuqi vəziyyətdə yerləşir.

Kütləvi qırğın silahlarından qorunma (nüvə partlayışının zərərli amilləri, kimyəvi və bakterioloji silahlar) germetik qurğular, hava təmizlənməsi sistemi və maşının daxilində artıq təzyiqin yaradılması ilə təmin edilir. BTR dəstinə İMD-21B radiasiya kəşfiyyat cihazı, VPXR kimyəvi kəşfiyyat cihazı və TDP tank dezinfeksiya cihazı daxildir.

Yanğınsöndürmə avadanlıqları isə avtomatik yangınsöndürmə sistemindən, OU-2 və OP-10A yanğınsöndürənlərindən ibarətdir. Bu sistem güc bölməsindəki yanğını söndürmək üçün hazırlanıb. Həm avtomatik, həm də mexaniki rejimdə işləyə bilir. Söndürmə agenti olaraq “Xladon 114B2” və ya “3.5” istifadə edilir. OU-2 yanğınsöndürəni tərəfindən kiçik yanğınları söndürmək üçün karbon qazından istifadə edilir. Tutumu 2 litrdir. Maşının xaricindəki yanğını söndürmək üçün isə PSB-3 tozuna malik OP-10A yanğınsöndürənindən istifadə olunur.

BTR-82A maşınları özünü çəkmək və digər batan vasitələri çıxarmaq üçün bir dartma qurğusu ilə təchiz olunur. Onun maksimal çəkmə qüvvəsi 4400-6000 kq, blokun istifadəsi ilə isə 8800-12000 kq-dır. Qarmaq trosunun uzunluğu 50 m-dir.

Daxili həcmin temperaturunun tənzimlənməsi üçün zirehli daşıyıcıda kondisioner də quraşdırılıb. Barıt qazları ilə şəxsi heyətin zəhərlənməsinin qarşısını almaq üçün maşın, hər bir heyət və desant üzvünə əleyhqaz vasitəsilə təmiz havanın verilməsi üçün xüsusi qurğu ilə təchiz edilir.

Taktiki-Texniki Xüsusiyyətləri

Ekipajı: 3 nəfər (sürücü, tuşlayıcı, komandir) + 7 nəfər desant;
Uzunluğu: 7580 mm;
Eni: 2985 mm;
Hündürlüyü: 2725 mm;
Yerdən hündürlüyü: 475 mm;
Döyüş kütləsi: 15.4 t;
Mühərrik: 300 at gücünə malik, dizel yanacaqlı “KamAZ 740.14-300”;
Sürətlər qutusu: 5 pilləli, mexaniki;
Asqı tipi: 12 ədəd hidravlik amartizatora malik müstəqil torsion;
Təkər formulası: 8x8;
Şinlərin ölçüsü: 1150/400/R457;
Maksimum sürəti:
magistral yolda 100 km/saat;
yolsuzluqda 40 km/saat;
suda 9 km/saat.
Ehtiyat məsafə: 600-700 km;
Aşılan maneələrin ölçüləri:
Xəndək eni: 2 m;
Divar hündürlüyü: 0.5 m;
Yoxuş bucağı: 30 dərəcə.

Silahları

2A72 topu (2A42 topunun modifikasiyasıdır)

Çapı 30 mm;
Mərmisi: 30x165 mm;
Sursat dəsti: 300 ədəd (150 ədəd qəlpəli-fuqas və 150 ədəd zirehdələn-yandırıcı);
Lülənin uzunluğu: 3 m;
Tuşlama bucaqları:
Üfüqi: 360 dərəcə;
Şaquli: -5 ilə +70 dərəcə arasında.
Atəş tempi: dəqiqədə maksimum 500-550 ədəd;
Atəş məsafəsi:
texnikalara qarşı - 2.6 km;
piyadalara qarşı - 3.6 km;
hava hədəflərinə qarşı - 2 km;
maksimal atəş məsafəsi - 4 km.

Top ilə cütləşdirilən 7.62 mm-lik PKTM pulemyotu

Sursatı: 7.62×54 mm R;
Atəş tempi: dəqiqədə 800 ədəd;
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə;
Atəş məsafəsi: 1.5 km;
Maksimal atəş məsafəsi: 4 km;
Sursat dəsti: 2000 ədəd.
6 ədəd 81 mm-lik 3D6/3D6M tüstü qumbaraatanlarının atıcı qurğusu.

Modifikasiyaları

BTR-82 - 14.5 mm-lik KPVT pulemyotuna malik modifikasiyadır.

BTR-82A - BPPU silah modulunda 30 mm-lik 2A72 topu yerləşdirilən modifikasiyadır.

BTR-82A1 (BTR-88) - “Burevestnik” Mərkəzi Tədqiqat İnstitutu tərəfindən hazırlanan, 30 mm-lik avtomatik topuna, 7.62 mm pulemyotuna və uzaqdan idarə olunan döyüş moduluna malik modifikasiyadır.

BTR-82AM - BTR-80-nin BTR-82A silahlarına malik modifikasiyasıdır. Modernizasiya təmir müəssisələrində əsaslı təmir zamanı həyata keçirilir.
BTR-82V - Daxili Qoşunlar üçün modifikasiyadır.

BTR-87 - mühərrik transmissiya bölməsinin öndə yerləşməsi ilə gücləndirilən və yenidən layihələndirilən zirehli korpusa malik dərin modifikasiyadır. Əsasən ixrac üçün nəzərdə tutulur.

15TS56M “Tayfun-M” - BTR-82 əsasında formalaşdırılan, Strateji Təyinatlı Raket Qoşunları üçün hazırlanan təxribat əleyhinə döyüş vasitəsidir.

İstifadəçi ölkələr

BTR-82 zirehli maşınlarının modifikasıyaları Rusiya və Azərbaycandan başqa Qazaxıstan tərəfindən də istismar edilir. 2014-ci ildə sosial şəbəkələrdə Ukraynanın şərqində seperatçılar tərəfindən BTR-82A maşınlarının istifadə olunmasına da rast gəlinib.

2015-ci ildə Suriya Ərəb Ordusunun BTR-82A vasitəsinə malik olduğunu təsdiqləyən videogörüntülər Suriya dövlət televiziyasında yayımlanıb.

Bu zirehli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi təlimlərin əksəriyyətində, o cümlədən 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə istifadə olunub.

Türkiyə Silahlı Qüvvələri ilə birgə patrul xidmətini yerinə yetirən Rusiya hərbçilərinin də bu zirehli vasitələrdən istifadə etdiyi məlumdur. Bu vasitələrin naməlum miqdarda Belarus ordusuna da satıldığı, lakin maliyyə problemləri səbəbindən tədarükünün hələ başlamadığı məlumdur.

Nəticə

Azərbaycanın 2013-ci ildə Rusiyadan aldığı BTR-82A zirehli döyüş maşınları ordumuzun Zirehli Personal Daşıyıcı parkının əsas vasitələrindən biridir. Maşınların sürət, keçicilik, rahat və axımlı hərəkət imkanları, onların minalara qarşı davamlılığı kimi üstün cəhətləri mövcuddur. Maşın məcburi şəkildə kilidlənən diferensiala malik aparıcı oxlarla təchiz edilir. Zirehli Personal Daşıyıcısının ilk təmirə qədər istismar resursunun 50 min km olması isə normal göstərici hesab edilir. Lakin hər bir texnikada olduğu kimi, BTR-82A-da da bəzi çatışmazlıqlar mövcuddur. Ümumiyyətlə, yalnız müsbət xüsusiyyətlərə malik vasitələr tapmaq elə də asan məsələ deyil, bəlkə də mümkün deyil.

Mühərrik bölməsi arxada yerləşdiyi üçün desantlar giriş-çıxış üçün yan tərəfdəki dar və narahat qapılardan istifadə edirlər, bu isə heyət tərəfindən döyüşdə və ya təlimdə normativlərin yerinə yetirilməsi müddətinə mənfi təsir göstərir. Bu sinifin müasir avtomobillərinin çoxu arxa tərəfdə daha geniş bir çıxışa malikdir. Bu həm təhlükəsizlik, həm də rahatlıq baxımından daha əlverişlıdır.

Sürücü həlak olduqda və ya xəsarət aldıqda, onu yerindən çıxarmaq çox problemli olur. Sürücünün oturacağından arxa tərəfin müşahidə edilməsi də ürəkaçan deyil. Lakin zirehli vasitələrin komfort səviyyəsinin yüksəldilməsi adətən maşınların qabarit ölçülərinin artmasına səbəb olur ki, bu da arzuolunan deyil.
BTR-82A düşmənin 4000-5000 m atəş məsafəsinə malik TƏİRK-lərinə qarşı da həssasdır, çünki bu zirehli vasitələri məhvetmə məsafəsi 2600 metrdir. Buna görə də onları idarəolunan raketlərə malik texnikalardan, xüsusilə də tanklar və artilleriyanın atəşindən qorumaq da vacibdir.

Bu vəziyyətdən çıxış yolu kimi maşınların zirehlənməsini gücləndirmək mümkündür, lakin bu da onların kəskin kütlə artımına və dinamikanın zəifləməsinə səbəb olacaq. Buna görə də bu maşınların zirehlənməsi deyil, kompakt aktiv mühafizə komplekti ilə təchizatı daha məqsədəuyğun hesab edilə bilər. Ehtimal olunan rəqibin son zamanlarda hava hücum vasitələri əldə etmək niyyətlərini, eyni zamanda Qarabağ ərazisində helikopterlərin uçuşlarını intensivləşdirməsinə cavab olaraq, BTR-82A maşınlarının mobil DZRK ilə təminatı və ya onlarla birgə tətbiqi məqsəduyğun ola bilər. Tank və ya digər daha uzaqmənzilli silaha malik vasitələr qarşısında həssaslığı aradan qaldırması isə TƏİR komplekslərinin ER versiyaları ilə paralel istifadəsi və ya “Samson” tipli silah idarəetmə modulunda olduğu kimi, top və TƏİRK-in eyni platformada tətbiqi ilə mümkün ola bilər. Başqa bir versiya kimi, resursu başa çatan əsas silahların daha uzaqmənzilli 57 mm-lik toplarla təchizatı da nəzərdən keçirilə bilər. Təbii ki, bunlar hamısı sadəcə təkliflərdir, hər birinin üstün və zəif cəhətləri ola bilər, buna görə də onların hər biri müzakirələr üçün açıqdır. Lakin 57 mm-lik topun BTR-82A maşınlarını erməni tanklarının əsl ovçusuna çevirə biləcəyi şübhəsizdir.

Ümumiyyətlə, BTR-82A Zirehli Personal Daşıyıcılarının qiymətləndirilməsinə gəldikdə isə əlbəttə ki, bu maşınlar sələfləri ilə müqayisədə irəliyə doğru atılan ciddi bir addımdır. Onlar daha yüksək atəş gücünə malikdir, təhlükəsizliyi və hərəkətliliyi yaxşılaşdırılıb. Lakin bütün bunlara baxmayaraq, BTR-82A zirehli vasitələrini bu sahədə “ciddi inqilabi irəliləyiş” adlandırmaq olmaz. Çünki bu maşınlar yeni döyüş moduluna, daha güclü mühərrikə və yenidən hazırlanan şassiyə malik olsa da, hələ də Sovet BTR-lərinin 50 il əvvəlki konstruksiyasını qoruyub saxlamaqdadır.

İstənilən halda əvvəlki BTR-60/70/80 versiyaları ilə müqayisədə, BTR-82A daha üstün atəş gücünə, güclü mühərrikə, yüksək hərəkətliliyə malikdir və onlar hazırda Azərbaycan Silahlı Qüvvələrinin atəş-dəstək imkanlarını təmin etməyə qadirdir.

Mənbələr:

https://yuripasholok.livejournal.com/12042625.html
https://warriors.fandom.com/ru/wiki/%D0%91%D0%A2%D0%A0-82
https://defendingrussia.ru/enc/btr/_bronetransporter_btr82_btr82a_btr82am-1864/
http://bastion-karpenko.ru/btr-82/
http://roe.ru/catalog/sukhoputnye-vosyka/boevye-bronirovannye-mashiny-/btr-82a/
https://tvzvezda.ru/news/opk/content/201805041101-6ayh.htm
https://dfnc.ru/katalog-vooruzhenij/btr-bmp-bmd/btr-82a/
https://militaryarms.ru/voennaya-texnika/boevye-mashiny/btr-82a/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   BTR-82   BTR-82A  

Silahlı Qüvvələrimizin arsenalında olan BTR-82 Zirehli Personal Daşıyıcıları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/05/11111-1589870696.jpg
Oxunub: 3469     14:56     19 May 2020    