DSX-nin “Tufan”ları “Typhoon” larla daha güclüdür - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/06/64177-9551127078.jpg
Oxunub: 9898     12:13     11 İyun 2020    
Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin inşası və təmiri Mərkəzi, İsrailin SIBAT ixrac müdafiə agentliyi və “İsrail Shipyards” (Haifa) gəmi tərsanəsi ilə 2011-ci ildə bağlanan müqavilə əsasında 6 ədəd “Shaldag Mk V” layihəli sürətli və altı ədəd “OPV” layihəli patrul gəmilərinin birgə inşasını həyata keçirib.

Türkanda yerləşən Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmilərin inşası və təmiri Mərkəzində gəmilərin yığılması “Israel Shipyards” tərəfindən çatdırılan silah, texnika, ehtiyat hissələr və avadanlıqlarla həyata keçirilib.



S-301-S-306 korpus nömrələri olan 6 ədəd “Shaldag Mk V” layihəli surətli patrul qayıqlarının yığılması Türkandakı Mərkəzdə 2014-cü ilin yayından 2015-ci ilin payızına qədər başa çatdırılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin “OPV” layihəli (“Tufan” tipli) “S-201” patrul gəmisi 2015-ci il sentyabrın 16-da, ikinci “S-202” gəmisi 2016-cı il iyunun 14-də, üçüncü “S-203” gəmisi 2017-ci il yanvarın 14-də, dördüncü “S-204” gəmisi 2017-ci il avqustun 28-də, beşinci “S-205” 2018-ci il mayın 09-də, altıncı “S-206” gəmisi isə 2019-cu il yanvarın 23-də suya buraxılıb və bütün altı gəmi artıq istismara verilıb.



İnşa edilən gəmilərin təyinatına uyğun silahlanması vacib elememntlərdən biridir. “Tufan” adı ilə istismar edilən “OPV” layihəli patrul gəmilərimiz kifayət qədər güclü silahlara malikdir. Gəminin silah kompleksi “Rafael Advanced Defence Systems Ltd” şirkətininin məhsullarıdır. Onlarda 25 km məsafədə hədəfləri “atdım unutdum” texnologiyası ilə məhv edə bilən in “Spike-NLOS” idarəolunan tank əleyhinə raket kompleksi ilə bərabər 23 mm 2A14 topuna malik “Typhoon” qurğusu və iki ədəd 12.7 mm pulemyota malik “Mini-Typhoon” pulemyotu yer alır. Bu yazıda Sizə “Typhoon” qurğusu və onun versiyaları barədə məlumat veriləcək.

Təyinatı


Son illərdə Sahil Mühafizə Xidmətlərinin tabeliyinə olan hərbi təyinatlı gəmiləri, ilkin qlobal terror aktlarının təkrarlanan dəniz əməliyyatlarına keçməsi və sahilyanı ərazilərdə yerləşən infrastruktura qarşı genişlənən təhdidlərlə üzləşməsi səbəbindən yeni təhlükələrlə mübarizə aparmağa imkan verən silahlarla təchiz etməli oldular.

Geniş miqyaslı asimmetrik təhdidlərin miqyası, pirat və ya intihar hücumlarından ağır pulemyotlar, reaktiv qumbaraatan və ya tank əleyhinə raketlərlə silahlanan yüksək sürətli kiçik döyüş gəmilərinə, həmçinin PUA, yüngül təyyarə və helikopter kimi aviasiya vasitələrinə qədər dəyişir.


Bütün bunlar isə dənizdə üzən döyüş gəmilərinin mühafizəsi üçün uyğun silahlanma tələb edir.7.62 mm-lik pulemyotların sadalanan təhdidlərlə mübarizə aparmaq üçün kifayət etməməsi, 20-30 mm arasında dəyişən çapa malik silahlara keçidi qaçılmaz etdi.Bu çapa malik silahlar əslində dəniz vasitələrində yenilik deyil, burada yeni olan bu silahların məsafədən avtomatik rejimdə idarə olunmasındadır.

Əl ilə idarə olunan mexaniki sistemlərdən avtomatik idarəetməyə keçid, bir çox donanma və şirkətlərin müasir nişangahlarla təchiz olunan və gəminin harada hərəkət etməsindən asılı olmayaraq, atəş aça bilən sabit qurğular hazırlaması ilə mümkün olub. “Typhoon” kompleksi əsasən operatorların düşmənin atəş təsirindən qorunma səviyyələrini artırmaqla onu uzaqdan idarə etmək və avtomatik rejimdə düşmənin müxtəlif hədəflərinə dəqiq atəş açmaq üçün nəzərdə tutulur.


İlk “Typhoon” Mk-23 adı ilə 1997-ci ildə istifadəyə verilib.Silah modulu göyərtəyə sabit olaraq quraşdırılır, bu isə ona gəminin hərəkəti zamanı dəqiq nişanalmaya kömək edir. Hazırda 30 mm-lik, 25 mm-lik və “Mini-Typhoon” versiyalarında istehsal edilir. 30 mm və ya 25 mm-lik versiyaların ciddi bir konstruksiya fərqi yoxdur.

“Typhoon” qurğularının hər 3 versiyası yerləşdirmə zamanı dəniz vasitəsinin korpusuna nüfuzetməni tələb etmir, buna görə onlar müxtəlif dəniz vasitələrinə rahatlıqla uyğunlaşır.

“Typhoon” üzərinə quraşdırılan silahların nişangahlarından istifadə etməklə bərabər müstəqil elektro-optik detektordan (EOD) və ya atəşi idarəetmə radarından (FCR) daxil olan siqnalları qəbul edə bilir. Sistemin öz nişangahından da istifadə edən “Typhoon”, dəqiq atəşi tamamilə kənar yardım olmadan təmin edə bilir ki, bu da qurğu və silahın bir-birindən müstəqil şəkildə fəaliyyət göstərməsinə imkan yaradır.


“Typhoon” platformasına ATK, “Oerlikon”, “Mauser”, “Giyat” və bu tip silah sistemlərinin 20-30 mm arasında olan toplarını yerləşdirmək mümkündür. Azərbaycanda isə “Typhoon” platformasında əsasən 23 mm “ZU-23” zenit qurğuları yerləşdirilib.

Silahların çapından asılı olaraq “Typhoon” sursat dəsti 160 ilə 210 arasında dəyişə bilər. “Typhoon” qurğusu üfiqi istiqamətdə hər iki tərəfə 120°, şaquli istiqamətdə isə - 12.5° ilə 40.5° arasında hərəkət edə bilir. Sistemin sursat olmadan kütləsi, quraşdırılan silah və sensorlardan asılı olaraq 690 ilə 750 kq (1520 və 1650 funt) arasında dəyişir.

“Rafael Advanced Defense Systems”


“Typhoon” kompleksinin hazırlayan və istehsal edən “Rafael Advanced Defense Systems” İsrailin iri müdafiə texnologiyası şirkətlərindən biridir.İsrail Müdafiə Nazirliyinin tərkibində silah və hərbi texnologiyanın inkişafı üçün İsrailin Milli Müdafiə Laboratoriyası olaraq qurulan müəssisə 2002-ci ildən məhdud məsuliyyətli şirkət olaraq fəaliyyət göstərir. “Rafael” şirkəti İsrail Müdafiə Qüvvələri və xaricə ixrac üçün silah, hərbi və müdafiə texnologiyaların hazırlanması və istehsalı ilə məşğuldur.

“Rafael” şirkətinin məhsulları arasında “Dəmir Qübbə” hava hücumundan müdafiə sisteminə, “Spike” tank əleyhinə raket kompleksinə, “Python-5”, “Shafrir 1” və “Popeye” raketlərinə, “Trophy” aktiv müdafiə sisteminə, “Protector USV dünyanın ilk pilotsuz və avtonom suüstü dəniz döyüş vasitəsinə və s. kimi ciddi avadanlıqlara rast gəlinir.


İsrail ordusunun qazandığı təcrübəyə əsaslanaraq “Rafael” şirkətinin hazırladığı və 1995-ci ilin ortalarında ilk dəfə dənizdə döyüş atışları zamanı nümayiş etdirilən “Typhoon” avtomatik topu, sabit və uzaqdan idarəolunan silah sistemləri ailəsinin üzvü olaraq “sinifinin bu bazarı fəth edən ilk nümunəsi” adına haqlı olaraq iddia edir.

Konstruksiyası


Kiçik çaplı dəniz toplarının yeni modul tipli konstruksiyası müxtəlif növ silahları, sensorları və atəşi idarəetmə sistemlərini qəbul etməyə imkan verir. “Rafael” tərəfindən istehsal olunan uzaqdan idarəolunan silah modulu, eyni istehsalçının yerüstü “Samson” Uzaqdan İdarəolunan Silah Stansiyası (Samson RCWS) ilə oxşar dizayn prinsiplərini və ümumi texnologiyalarını paylaşır. “Samson” RCWS kimi, “Typhoon” da universal plafformadır və bir çox silahlar üçün tənzimlənə bilir.


“Typhoon” kompleksi telekameradan, termal cihaz və lazer məsafəölçəninə malik optik elektron stansiya vasitəsi ilə müstəqil idarəetmə funksiyasına malikdir. Qurğu xarici optik elektron idarəetmə bloku ilə sinxronlaşdırıla bilər. Bu ailənin qurğuları ballistik kompüterlərdən istifadə edərək atəşi idarə etmək üçün zəruri hesablamaları həyata keçirir.

“Typhoon” ailəsi avtonom və ya sinxronizasiya rejimində işləyə bilər. Bu vəziyyətdə sistem operatorun konsolundan idarə olunur. O birbaşa görüntü bucaqlarını hesablayan atəşi idarəetmə sistemi ilə hədəfləri izləməyərək sinxronlaşdırılır.

Topdan əlavə “Typhoon” ailəsinin platformasına “yer-yer” və ya “yer-hava” raketləri quraşdırıla bilər. Bu tip silahlara malik qurğulardan İsrail ordusu geniş istifadə edir. “Typhoon” NTD versiyasında “Spike-ER” raketləri quraşdırılır, “Typhoon GSA” modelinə isə qısa mənzilli “yer-yer” raketləri əlavə olunur.

“Typhoon” quraşdırma zamanı dəniz vasitəsinin korpusuna nüfuzetməni tələb etmir, buna görə onlar rahatlıqla müxtəlif dəniz vasitələrinə nisbətən rahatlıqla uyğunlaşır.


“Typhoon” qurğusunun standart versiyasına 30 mm-ə qədər müxtəlif çaplı silahları yerləşdirmək mümkündür.Silahın çapından asılı olaraq qurğunun sursat dəsti dəyişir. 0.5 miliradiandan az tuşlama dəqiqliyi ilə sabitləşdirilən qurğu 7.62 mm-lik bir pulemyot ilə cütləşdirilə bilər, burada pulemyot yalnız köməkçi silah deyil, həm də döyüş zamanı topun döyüş sursatına qənaət etməyə imkan verən vacib element kimi dəyərləndirilməlidir.

Operatorun təhlükəsiz məsafədən idarə etdiyi “Typhoon” gecə-gündüz, istənilən hava şərtlərində yüksək effektivliyə malikdir.7 gün/24 saat fəaliyyət üçün nəzərdə tutulan sistem üzərindəki çoxsaylı elektro-optik cihazların və ballistik kompüterin köməyi ilə hədəfə nizamlanan tempdə dəqiq atəş açmağa imkan verir.

“Mini-Typhoon”


“Mini-Typhoon ” adından da göründüyü kimi, “Typhoon” əsasında hazırlanan yüngül, uzaqdan idarəolunan silah stansiyasıdır.Onu 12.7 (.50) mm və 7.62 mm pulemyotlarla, həmçinin 40 mm qumbaraatanla təchiz etmək mümkündür.7.62 mm pulemyot üçün sursat dəsti 230 mərmidən ibarətdir. Sistemin kütləsi quraşdırılmış silahlardan asılı olaraq 140 ilə 170 kiloqram (310 və 370 funt) arasında dəyişir, dəqiqlik dərəcəsi isə 0.5 milliradiana bərabərdir. “Mini-Typhoon ” qurğusu üfiqi istiqamətdə hər iki tərəfə 160°, şaquli istiqamətdə isə -20° ilə 45° arasında hərəkət edə bilir.

Bu qurğu da gəminin korpusuna nüfuz etmədən göyərtəyə quraşdırılır.
“Mini-Typhoon ”, həmçinin “Mk49 Mod 0” adı ilə “Protector USV” pilotsuz dəniz vasitələrində də mövcuddur.

İstifadəçiləri

Avstraliya, Kolumbiya, Hindistan, Sinqapur və Şri-Lankaya ABŞ tərəfindən ixrac edilən dəniz vasitələrində “Typhoon ” kompleksi, “Mk 38 Mod 2 Machine Gun System Ordnance” (Ordalt) modifikasiyası kimi təqdim olunur.


“BAE Systems” sirkəti “Rafael” ilə birlikdə, ABŞ Hərbi Dəniz Qüvvələrinin “Mk 38 Mod 0/1” toplarını sabit “Typhoon” qurğusu və “TopLite EOS” optik elektron stansiyası ilə modernləşdirir. Artıq bir neçə sistem İspaniya və Filippinə satılıb.

Hər iki şirkət birlikdə zəncirli ötürməyə malik mövcud “Mk 38 Mod 0/1” qurğuları bazasındakı M242 “Bushmaster” toplarını, “Typhoon” qurğusu və “Top Lite EOD” optik elektron stansiyasını quraşdırmaqla, onu “Mod 2” səviyyəsində modernləşdirəcək.

“Mk 38 Mod 2”nin quraşdırılması üçün Filippin və İspaniyadan da müqavilələr əldə edilib.


“Fincantieri Saettia” sinifli patrul gəmilərini təchiz etmək üçün İraq donanması optik elektron sensorlara malik “Marlin-WS Oto Melara” variantını əldə edib.Bu variant “Typhoon” universal plafformasının rəqibi hesab edilir.

“Typhoon” və onun yüngül versiyası olan “Mini-Typhoon” İsrail Hərbi Dəniz Qüvvələri, Azərbaycan Dövlət Sərhəd Xidməti, Hindistan Hərbi Dəniz Qüvvələri, Filippin Donanması, Avstraliya Hərbi Dəniz Qüvvələri, Yeni Zelandiya Kral Dəniz Qüvvələri, Sinqapur Donanması, Şri-Lanka Donanması və Sinqapur Sahil Mühafizə Polisi tərəfindən silahlanmaya qəbul edilib.

Nəticə


Bəhs edilən qurğuların istehsalı ilə İsrail şirkətindən başqa bir neçə digər müdafiə sənaye müəssisələri də müəyyən nailiyyətlər əldə ediblər. Almaniyanın “Rheinmetall” kompaniyası RASP (Rheinmetall Advanced Stabilized Platform) proqramı çərçivəsində 30 mm WS30, Fransanın “Nexter Systems” şirkəti “Narwhal” (Naval Remote Weapon Highly Accurate Lightweight), Türkiyənin ASELSAN şirkəti 30 mm-lik “Muhafiz”, Cənubi Afrikanın “Reutech Solutions” şirkəti 20 mm “Super Rogue”, Böyük Britaniyanın “BAE Sistems” şirkəti 40 mm “Mk 4” sabit və avtomatik platformalarını hazırlayıb. Onların bir çoxunun istehsalı davam edir.


Silah sistemlərinin istehsalında davam edən ənənələri nəzərə alsaq, gələcəkdə də şəxsi heyətin birbaşa düşmən təsirindən qorunmasına imkan verən və uzaq məsafədən idarəolunan komplekslərə tələbatın artacağını deyə bilərik. Aşağı intensivlikli lokal əməliyyatlarda, xüsusilə müdafiə xarakterli döyüşlərdə bu qurğuların özüyeriyən şasssilər üzərində yerləşdirilməklə 1-ci eşalon bölmələrinin dəstəklənməsi üçün tətbiqi də məqsədəuyğun hesab edilə bilər.

Mənbələr:

https://www.rafael.co.il/wp-content/uploads/2019/03/Typhoon-Mk-30c-1.pdf
https://topwar.ru/82164-v-azerbaydzhane-zaversheno-stroitelstvo-pervogo-storozhevogo-korablya-izrailskogo-proekta.html
https://bmpd.livejournal.com/3491281.html
https://army-news.ru/2014/06/korabelnye-distancionno-upravlyaemye-malokalibernye-pushki/
https://vpk.name/news/240578_spushen_shestoi_azerbaidzhanskii_pogranichnyii_storozhevoi_korabl_izrailskogo_proekta_opv_62.html
https://army-news.ru/2014/06/korabelnye-distancionno-upravlyaemye-malokalibernye-pushki/
http://www.nationaldefense.ru/includes/periodics/navy/2018/0917/151125125/detail.shtml
http://weaponscollection.com/23/4759-distancionno-upravlyaemye-malokalibernye-korabelnye-pushki.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tufan   Taypoon  


Bizi "telegram"da izləyin