Ordumuzun əsas zərbə gücünün təminatçısından birinə çevrilən BMP-3M maşınları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/05/vystr-1589286507.jpg
Oxunub: 5866     16:01     12 May 2020    
Piyada Döyüş Maşınlarının (BMP) başlıca vəzifəsi əsas döyüş tanklarını eyni döyüş düzülüşündə müşayiət edərək onları və öz piyadalarını düşmənin əsasən tank əleyhinə vasitələri ilə silahlanan texnika və piyadalarından müdafiəsini təmin etməkdən ibarətdir. ABŞ-ın doktrinası da tankların və piyada döyüş maşınlarının eyni eşelonda birlikdə hərəkət etdiyi yüksək intensivlikli döyüş əməliyyatlarını nəzərdə tutur. Burada hər iki tip texnikanın qarşılıqlı atəş dəstəyi ön plandadır.

Belə vəzifələr cüzi fərqlə Azərbaycan Ordusunun motoatıcı bölmələrinin döyüş nizamnaməsində də öz əksini tapıb. Motoatıcı hissə və bölmələrimizin silahlanmasında mövcud olan və bu vəzifələrin icrası üçün nəzərdə tutulan BMP-1 və BMP-2 maşınları barədə əvvəlki məqalələrdə məlumat vermişdik. Bu dəfə isə eyni vəzifələri daha ciddi silah sistemlərinə malik olmaqla daha fərqli səviyyədə icra edən BMP-3 və Ordumuzun əsas zərbə gücünün təminatçısından birinə çevrilən BMP-3M maşınlarının müxtəlif versiyaları barədə əldə etdiyimiz məlumatları Sizinlə bölüşəcəyik.

Təyinatı

1990-cı ildə Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi, piyada döyüş maşınlarını “əsasən hərbi piyada bölməsinin daşınması üçün hazırlanan və ən azı 20 millimetrlik bütöv və ya üzvi silahla, bəzən isə tank əleyhinə raket qurğusu ilə təchiz olunan zirehli döyüş vasitəsi” kimi təsnifatlandırır.

Piyada döyüş maşınları şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, yalnız özünümüdafiə üçün silahlanan və müstəqil döyüş əməliyyatları aparmaq üçün hazırlanan zirehli personal daşıyıcılarından tam fərqlənir. Müasir BMP-3 tanklardan daha mobil imkanlara, sürətli avtomatik silahlara və çox sayda atıcı silahlara malikdir.

BMP-3 cəbhə bölgəsinə şəxsi heyətin daşınmasını, nüvə silahının istifadəsi və döyüşdə tanklarla birgə əməliyyatlar kontekstində bölmələrin döyüş qabiliyyətini, silahlanmasını və mühafizəsini artırmaq üçün hazırlanan tırtıllı və zirehli döyüş vasitəsidir.

Yaradılma tarixi

BMP-3 Kurgan Xüsusi Maşınqayırma Dizayn Bürosu tərəfindən “Obyekt 688M” adlandırılan zirehli maşınlarının hazırlanmasına 1977-ci ildən başlanıb. 1983-1986-cı illərdə sınaqları keçirilib və 1987-ci ildə Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilib. Silah kompleksi Tula şəhərindəki KBP bürosu tərəfindən hazırlanıb.

Opuk burnu ərazisində keçirilən dövlət sınaqları zamanı iki ədəd BMP-3 prototipi 1500 m məsafədə üzərək əks sahildəki hədəflərə 30 mm-lik avtomat silahdan atəş açmalı idi. Hədəf olaraq seçilən T-55 tankının bu atəş nəticəsində nişangah və müşahidə cihazları sıradan çıxdı, 100 mm-lik topu isə 4 yerdən deşildi. Üst ön hissədə isə çatlar olan qırıqlar meydana gəldi. BMP-3 geniş ictimaiyyətə ilk dəfə 1990-cı ildə keçirilən 9 may paradında nümayiş olundu. Maşınqayırma Xüsusi Dizayn Bürosunun mütəxəssisləri tərəfindən BMP-3 dizaynında 111 ixtira tətbiq edildi. Nəticədə bütün nəqliyat növləri ilə daşına bilən, su maneələrini aşa bilən və ekipajı üç nəfərdən - komandir, sürücü mexanik və tuşlayıcı operator - ibarət olan zirehli vasitə yarandı. Desant heyəti yeddi (bəzi versiyalarda 5 nəfərdir), lakin zərurət yarandıqda maşında əlavə iki nəfər də yerləşdirilə bilər.

1997-ci ildə ÇXR sonradan “Tip 97” Çin piyada döyüş maşınlarının silahlanmasında istifadə etdiyi BMP-3 maşınının döyüş bölməsini istehsal etmək üçün lisenziya əldə edib.

2019-cu ildə “Epoxa” insansız döyüş moduluna malik perspektiv BMP-3 istehsalı gözlənilsə də, onun təhvil verilməsi hələ də baş tutmayıb.

Zirehli korpus

Maşının korpusu alüminium zireh plitələrindən qaynaqlanan sərt bir qutu tipli konstruksiyadır. Korpus ekipajın və desantın, silahların, qurğuların, mexanizmlərin və şassi sistemlərinin yerləşdirilməsinə, həmçinin bütün bölmələri və mexanizmləri özündə birləşdirməyə xidmət edir.

Korpus hərəkət zamanı yaranan bütün yükləri qəbul edir, maneələri və atəşi dəf edir, üzmə imkanını təmin edir, daxilindəki heyət və avadanlıqların qorumasına xidmət edir.

Maşın hərəkət edərkən tırtıllar tərəfindən atılan palçıq, toz və ya daşlardan qorunmaq üçün korpusun yan tərəflərinə BMP-1-də istifadə olunanlara oxşar qanadlar quraşdırılıb.

BMP-3 maşınlarının ön zirehi 200 metr məsafədən 30 mm çaplı ZUBR6 zirehdələn trasser mərmisinə tab gətirir, bu isə təxminən 50 mm ekvivalent davamlılıq barədə danışmağa imkan verir. Dam və yan tərəflər isə 100-200 metr məsafədən 12.7 mm çaplı B-32 mərmisinə tab gətirir. Quraşdırılan zireh modulları və dinamik qorunma nəzərə alınmaqla maşının kütləsi 22.7 tona qədər artır, bu şassinin etibarlılığına təsir etməsə də, onun resurslarına mənfi təsir edir. Ön tərəfdəki yanacaq çənləri əlavə qorunmanı təmin edir.

Hərəkətlilik

BMP-3 maşınlarının hərəkət imkanları zirehli vasitənin arxa hissəsində yerləşən, desant bölməsindən istilik və səs-küy keçirməyən arakəsmələrlə ayrılan mühərrik transmisiya bölməsinin (MTB) köməyi ilə təmin edilir. Burada istifadə edilən UTD-29 dizel mühərriki aşağı hündürlüyə malikdir; korpusun ortasında yerləşən desant bölməsini tərk etmək üçün mühərrikin üstündəki xüsusi keçiddən istifadə olunur. BMP-3 suda 10 km/saat sürətlə üzür, korpusa daxil olan suları su mühərriki xaric edir. Maşın 0.7 metr hündürlükdə divarı, 30° yoxuşu və 25° yana əyilməni dəf edə bilir.

Tırtılların gərginliyi sürücünün yerindən nizamlanır. Zirehli vasitə avtomobil, hava, dəniz və dəmir yolu ilə daşına bilir. Minimum hazırlıqla suda üzə bilir, arxaya üzmək üçün funksiyaya malikdir. Korpusun yan tərəflərində yerləşən 6 ədəd dayaq təkərlərinin hər biri hidravlik amortizatorlarla təmin edilib. Bəzi reklam materiallarına görə BMP-3M maşınlarının son versiyaları 816 at gücünə malik UTD-32 mühərriki ilə təchiz edilir.

Tam fərqli dizayn

BMP-3-də bir çox qərb maşınlarında olduğu kimi, mühərrik arxa tərəfə keçirilib, onun yerinə isə yanacaq çənləri yerləşdirilib. Yanacağın titrəmələrini zəiflətmək üçün arakəsmələrdən və üzən səviyyə sensorlarından istifadə edilib. Onun zirehli divarları qorunmanı qismən təmin edir.

Əgər yanacaq çəni əvəzinə ön tərəfə mühərrik qoyulsa və onun hesabına ekipajı qorumaq qərara alınsa belə, şəxsi heyətin həyatını uzatmaq mümkün olmayacaq. Mühərrikə nüfuz edən mərmi bütün hərəkət, idarəetmə, silah, elektrik sxemlərini və enerji təminatınının itirilməsinə səbəb olurdu, belə bir maşın isə döyüş meydanında cəmi bir neçə saniyə sağ qala bilərdi. Yanacaq çəni dəlinən BMP-3 isə ekipaj üzvlərindən birini itirsə belə, cavab atəşi aça bilir, atəş altından çıxaraq ərazidən yayına bilir, özünü və desantı tüstü pərdəsi altında maskalaya bilir və s. Digər tərəfdən isə mühərrikin arxaya keçirilməsi maşının kütləsinin bərabər paylanmasına da imkan verir. Bu baxımdan mühərrikin yerinin dəyişdirilməsi uğurlu addım olaraq dəyərləndirilə bilər.

Ekipajın təchizatı

Komandirin iş yerində 1PZ-10 nişahgahı, komandirin idarəetmə paneli, TKN-ZMB cihazı, 6ET088 kompleksinin PP-088 pultu, 2 ədəd TNPO-170A, 2 ədəd TNPA-65A və 1 ədəd TNPT-1 müşahidə cihazı və KR-60 müşahidə cihazlarının isinməsinə nəzarət qutusu yerləşir.

Döyüş bölməsində əlavə olaraq R-173 radiostansiyası, R-173P radioqəbuledicisi, hidropnevmatik təmizləyici sistem üçün silindr, tank əleyhinə raketlər, 1B539 ballistik kompüteri, BU-088 idarəetmə bloku, KZ-088 mühafizə qutusu da mövcuddur. Komandir və tuşlayıcı-operator qapaqları kip bağlanan lyuklar ilə təchiz olunub.

Tuşlayıcı operator isə 1K13-2 nişahgah tuşlama cihazı, PPB-2 nişangahı, idarəetmə paneli, silah blokunu şaquli istiqamətləndirən dəstək, qüllə kilidləyicisi, qüllənin fırlanan dişli ötürücüsü, azimut göstəricisi, görüntü qeydiyyat bloku, məsafəölçənin idarəetmə paneli, PL-088 pultu, 6ET088 elektrik avadanlıqları kompleksi, 2 ədəd TNPO-170A və 1 ədəd TNPN-1 müşahidə cihazı, R-174 daxili rabitə və kommutasiya vasitəsi ilə təchiz edilir.

Döyüş bölməsinin korpusun sağ tərəfindəki hissəsində FVU havalandırma-filtr qurğusu quraşdırılıb. Bundan əlavə, döyüş bölməsində ZİP ehtiyat hissələr dəsti üçün yer də nəzərdə tutulub.

Desant bölməsi

Desant bölməsi ön tərəfdən döyüş, arxadan isə mühərrik transmisiya bölməsi ilə məhdudlaşır. Desant üçün yeddi oturacaq yer mövcuddur. Onlardan 5 ədədi desant bölməsindədir, iki ədədi isə qatlanan oturacaq şəklində sürücü mexanikin sağ və solunda yerləşdirilir.

Ərazini gündüz müşahidə etmək üçün 4 ədəd TNPZVE01-01 və 1 ədəd TNPTÇ cihazı quraşdırılıb. MTB-də oturacaqların altında əlavə sursat dəsti yerləşdirilib. Desantın sol oturacağının altı sanitar qovşaq- tualetlə təchiz olunub.

Kimyəvi bakterioloji silahlardan qorunma və əlavə vasitələr

Maşında ekipajı və daxildəki avadanlıqları kimyəvi və bakterioloji silahlardan, nüvə sursatının partlaması zamanı zərbə dalğasının və nüfuz edən radiasiyanın təsirindən, həmçinin nəqliyyat vasitəsi radioaktiv çirklənmiş ərazilərdən keçərkən ekipajı radioaktiv tozdan qorumaq üçün hazırlanan xüsusi FVU qurğuları ilə təchiz edilir. Bu qurğular kütləvi qırğın silahlarından qorunma sistemini təşkil edir. Maskalanma məqsədi üçün maşın, tüstü ekranlarının yaradılmasını həyat keçirmək məqsədilə tüstü qumbaraları ilə atəş açan 902V “Tuça-2” və TDA sistemi ilə təchiz edilib.

Mina sahələrində keçidlər açmaq üçün maşına KMT-10 mina tralı quraşdırıla bilər.

Yanğının söndürülməsi üçün maşının daxilində iki yanğın əleyhinə sistem və üç əl yanğınsöndürəni quraşdırılıb.

Versiyaları

BMP-3K

BMP-3K komandirin piyada döyüş maşınıdır, BMP-3 bazasında hazırlanıb. O, bölmələrin tərkibində döyüşü idarəetmə, digər bölmələrlə və yüksək komandanlıq ilə rabitə bağlantısı yaratmaq üçün nəzərdə tutulur. Əsas taktiki-texniki xüsusiyyətləri və silahları BMP-3-ə oxşardır. Maşın naviqasiya avadanlığı, iki radiostansiyası, bir qəbuledici, yeddi abonentlik interkom (daxili rabitə) avadanlığı, avtonom generator və RLS ilə təchiz edilir. R-173 radiostansiyasının rabitə məsafəsi 40 km-ə qədərdir.

BMP-3F

BMP-3F zirehli vasitələri BMP-3 bazasında yaradılan dəniz piyada döyüş maşınıdır. O, sahil zonası və dəniz sahillərində sərhəd, sahil mühafizə və dəniz piyada qoşunları tərəfindən döyüş əməliyyatları üçün nəzərdə tutulur. 3F versiyası BMP-3-dən artan üzmə və suda dayanıqlığı ilə fərqlənir, onun qazma avadanlığı çıxarılıb, əvəzində teleskopik hava borusu və öndə yüngül su əks etdirən qalxan quraşdırılıb, qüllədə də əlavə su əks etdirən qalxanlar tətbiq edilib.

Suda yüksək manevr qabiliyyətinə malikdir, suyun 3 bala qədər (dalğa hündürlüyü 0,5-0,75 m) dalğalandığı zaman hərəkət imkanlarını qoruyur, dalğalar 2 bal (dalğa hündürlüyü 0,1-0,5 m) olduqda isə tələb olunan dəqiqliklə atəş aça bilir.

Çalışan mühərriklə 7 saata qədər suda saatda 10 km sürətlə hərəkət edə bilir. Dalğalanma şəraitində eyni növ vasitəni dartaraq özü ilə birlikdə sahilə çıxarmağı bacarır. Maşına lazer məsafəölçəninə və TƏİRK idarəetmə kanalına malik SOJ nişangahı inteqrasiya edilib.

BMP-3M

BMP-3M versiyası BMP-3-ün təkmilləşdirilən modifikasiyasıdır. 660 at gücünə malik yeni UTD-32T turbo mühərrikin və hədəfləri tanımaqla uzaq məsafədə sürətlə hərəkət edən hədəflərlə atəş açmağa imkan verən yeni Atəşi İdarəetmə Sisteminin quraşdırılması səbəbindən 3M hərəkətlilik və atəş gücünə görə baza versiyasını üstələyir. Maşınların idarəolunan və olunmayan tank əleyhinə raketlərdən qorunmasını təmin edən əlavə zireh ekranları və “Arena-E” aktiv müdafiə kompleksinin quraşdırılması bu versiyanı daha təhlükəsiz vəziyyətə gətirib.

3M baza versiyasından əsasən hədəfləri avtomatik olaraq tanımağa, izləməyə və hərəkətdə olanlara belə hücum etməyə imkan verən AİS-ə, təkmilləşdirilən ballistik kompüterə, komandirin panorama nişangahına və modernləşdirilən TƏİRK-ə malik olması ilə fərqlənir.

Tank tipli hədəfinin tanınma diapazonu 4500 metrdir. Quraşdırılan yan ekranlar 12.7 mm çaplı zirehdələn mərmilərin zədələrindən qoruyur və kumulyativ axının təsirini azaldır.

Desant bölməsindəki əsgərlərin enməsi arxa lyuk vasitəsi ilə həyata keçirilir, bu isə onların mühərrik bölməsindən sürünərək çıxması səbəbindən bir qədər mürəkkəbləşib.

“Ştora-1” optik-elektron əks-təsir kompleksinə malik BMP-3, maşının yarımavtomatik və avtomatik tuşlama sistemlərinə malik tank əleyhinə komplekslərindən effektiv qorumasını təmin edir.

“Kaktus” dinamik qorunması olan BMP-3 ilk dəfə 2001-ci ildə Omskda keçirilən sərgidə nümayiş olundu. 12.7 mm çaplı mərmilər üçün üçün həssas olmayan dinamik qorunma blokları korpus və qüllənin yan və ön hissələrində, rezin parça və barmaqlığa malik ekranlarla birlikdə yerləşdirilir.

Əlavə qorunma yüngül tank əleyhinə silahların kumulyativ döyüş başlığı ilə istifadəsi kontekstində piyada döyüş maşınlarının davamlılığını əhəmiyyətli dərəcədə artırır. Silah sistemi, AİS, daxili quruluş, mühərrik və transmisiya bölməsi baza modelinə bənzəyir. Kütləsinin artması səbəbindən bu versiya üzə bilmir. Əlavə qoruma vasitələri söküləndən sonra, su mühərrikləri saxlanıldığı üçün maşının üzmə qabiliyyəti bərpa olunur. Maşının eni 3.97 m-ə qədər, korpusun uzunluğu isə 7.16 m-ə qədər artıb. Təkmilləşdirilən BMP-3M vasitələrində APP-688 avtomatik sürətlər qutusu və KBM-3M kondisionerləri də quraşdırıla bilər.

BMP-3M “Draqun”

“Baxça-U” döyüş moduluna malik BMP-3, müasir AİS və 100 mm-lik yeni sursatlar üçün vahid yükləmə mexanizmi ilə fərqlənir. 9M117M1-1 “Arkan” idarəolunan raketi 5500 m (bəzi mənbələrə görə, 6000 m) məsafədə dinamik qorunmaya malik müasir tankların məhv edilməsini təmin edir. TƏİRK və ZUBK23-3 raketi ilə birlikdə kütləsi 21.5 kq, uzunluğu isə 1185 mm-dir. Digər göstəriciləri baza versiyasına oxşardır.

BRM-3K “Rıs”

BRM-3K “Rıs” qoşun kəşfiyyatının hərbi kəşfiyyat vasitəsidir. Kəşfiyyat və xüsusi bölmələrin düşmən arxasında fəaliyyəti üçün hazırlanıb. Korpus, güc qurğusu və şassi BMP-3 ilə eynidir. Əsas silahlanmasına 30 mm 2A72 top və 7.62 mm-lik PKT pulemyotu daxildir. Zirehli hədəflərlə mübarizə aparmaq üçün 4 ədəd TƏİR-lə təmin edilir. Ekipaj avtomat və 15 əl qumbarası ilə silahlanır.

Maşın hədəf aşkarlama və məlumatları hərbi hissə komandanlığına ötürmə sisteminə, yeni giroskoplu 1Q50 naviqasiya sisteminə, 100-350 km-ə qədər məlumat ötürmə diapazonuna malik rabitə vasitələrinə (R-163-50U, R-163-50K, R-163-U), havalandırma və yanğınsöndürmə sisteminə malikdir. 1995-ci ildə qəbul edilən BRM-3K hərəkətlilik və təhlükəsizlik baxımından BMP-3-ə yaxındır. Kəşfiyyat qurğuları kompleksi müxtəlif şəraitlərdə hədəflərin axtarışı, aşkarlanması və tanınmasını, alınan məlumatların emalı və təyinatı üzrə ötürülməsini təmin edir. Kompleksin tərkibinə daxildir:

- ŞN71 termal kəşfiyyat cihazı;
- 1PN61 gecə aktiv impulslu müşahidə cihazı;
- “Fauna-M” (1D14) lazer məsafəölçəni;
- 1RL133-1 (PSNR-5 “Kredo”) RLS-i;
- Qəbuledici-ötürücü.

Sonuncu ayrıca bir qola quraşdırılaraq 1 metr yüksəyə qaldırıla və ya maşından kənarda üçayaq üzərində yerləşdirilə bilər.

Quraşdırılan topoqrafik və geodeziya dəstəyi alətləri (1G50 yarımavtomatik giroskopu, TNA-4 naviqasiya avadanlığı və s.) maşını rəqəmsal naviqasiya məlumatları ilə təmin edir və yerini topoqrafik xəritədə göstərir. Zərurət yarandıqda bu məqsədlər üçün bir yönləndirmə vizirindən və qüllə cihazları ilə birlikdə kəşfiyyat avadanlığı kompleksindən istifadə edilə bilər.

BRM-3K “Rıs” kəşfiyyat maşınlarının kütləsi 19.6 ton, heyəti 6 nəfər, hündürlüyü 2.57 m-dir.

Digər xüsusi vasitələr

BT-3F maşınları dəniz piyadaları üçün hazırlanan zirehli personal daşıyıcıdır.

BREM-L “Beqlyanka” - piyada döyüş maşını bazasında hazırlanan zirehli təmir-təxliyyə vasitəsidir, kran qurğusuna və dartma dəstinə malikdir.

2S18 “Pat-S” eksperimental 152 mm-lik özüyeriyən haubitsadır.

2S31 “Vena” avtomatlaşdırılan 120 mm-lik özüyeriyən artilleriya vasitəsidir.

“Obyekt 699” universal tırtıllı şassidir.

UR-93 və UR-07 BMP-3 bazasında mina təmizləmə qurğularıdır.

9P157-2 “Xrizantema-S” tank əleyhinə raket kompleksidir.

9P157-4 - “Xrizantema-S” tank əleyhinə raket kompleksi batareyasının idarəetmə maşınıdır.

9P161 BMP-3 şassisi üzərində iki ədəd 9K128 “Kornet-S” TƏİRK-in atıcı qurğusu yerləşdirilən özüyeriyən vasitədir.

9P162 BMP-3 şassisi üzərində iki ədəd 9K128-1 “Kornet-T” TƏİRK-in atıcı qurğusu yerləşdirilən özüyeriyən vasitədir

TKB-841 eksperimental “Pantsir-C1-O” zenit raket kompleksinin özüyeriyən qurğusudur.

ADZM “Vostorq-2” BMP-3 bazasında hava nəqliyyatı ilə daşına bilən yol qazma maşınıdır.

2S38 isə 57 mm-lik topa malik “Derivasiya-HHM” zenit kompleksinin özüyeiyən versiyasıdır.

2S17 “Nona-SV” BMP-3 bazasında 120 mm-lik özüyeriyən artilleriya qurğusunun layihəsidir (2S1 və BMP-2 bazasında variantları mövcuddur). Burada 2S9 qurğularında mövcud olan 2A51 topunun dəyişdirilən və uzadılan versiyasından istifadə edilib.

Silahlanması və avadanlıqları

BMP-3 maşınlarının silahlanması zənginliyinə görə analoqlarından kifayət qədər fərqlənir. Maşının silah kompleksinə aşağıdakılar daxildir:

- 2A70 tipli 100 mm-lik reaktiv top qurğusu;
- 2A70 topuna bərkidilmiş 30 mm-lik 2A72 avtomatik top qurğusu;
- 7.62 mm-lik PKT pulemyotu (bəzi versiyalarda 3 ədəddir).

2A70 topu

BMP-3 zirehli vasitəsinin əsas silahı 400 kq kütləyə malik 100 mm-lik 2A70 topudur. Topun lüləsinin qalxma bucağı -6º +60º, üfüqi tuşlama bucağı isə 360º-dir. Kütləsi 15.8- 21.5 kq olan top mərmilərinin məhvetmə sahəsi 160-600 m² arasında dəyişir. Mərminin başlanğıc sürəti 250-355 metr/saniyə, atəş tempi isə dəqiqədə 10 mərmidir.

Effektiv atəş məsafəsi 4 km, maksimum atəş məsafəsi 7 km-dir. Topun sursat dəsti 40 ədəd qəlpəli-fuqas mərmidən ibarətdir. Standart kumulyativ və qəlpələnən sursatlardan başqa 100 mm-lik 2A70 topundan, zirehli vasitələrə qarşı tank əleyhinə idarəolunan raketlərdən də atəş açmaq mümkündür.

TƏİRK

İdarəolunan silah kompleksinin tərkibinə 9M117 “Bastion“ və ya 9M117M1 “Arkan” TƏİRK daxildir. Onun döyüş dəsti 8 ədəd 100 mm-lik tank əleyhinə idarəolunan raketdən ibarətdir, onlardan 3 ədədi doldurma mexanizmində yerləşir.

Raketin effektiv atəş məsafəsi 6 km, maksimum atəş məsafəsi isə 8 km-dir. Lazerlə tuşlanan kumulyativ döyüş başlıqlı raketin hədəfə çatma müddəti 13 saniyə, başlanğıc sürəti isə 500 metr/saniyədir. Raket 600-800 mm qalınlığında homogen zirehə nüfuz edə bilir.

2A72 avtomatik top qurğusu

Digər güclü bir silah isə BMP-2 və bir sıra digər zirehli vasitələrdə tətbiq edilən və 2A70 topuna sabit bərkidilən 30 mm-lik avtomatik 2A72 topudur. Atəş tempi dəqiqədə 330 mərmi olan silahın effektiv atəş məsafəsi texnikalara qarşı 2.6 km, hava hədəflərinə qarşı isə 2 km-dir. Mərminin başlanğıc sürəti 1120 metr/saniyədən az deyil. Sursat dəsti 750 ədəd mərmidən ibarətdir.

7.62 mm-lik PKT pulemyotu

BMP-3-ə versiyalarına görə 1 və ya 3 ədəd PKT pulemyotu quraşdırıla bilər. Onlardan ikisi korpusda yerləşdirilib və mexanik-sürücünün sağında və solunda yerləşən əsgərlər tərəfindən (desant maşından endikdən sonra isə uzaqdan və sinxron olaraq mexanik sürücü tərəfindən) idarə olunur. 3-cü pulemyot isə bütün versiyalarda toplarla cütləşdirilib və qüllədə yerləşir. İstifadəmizdə olan BMP-3M versiyasında da toplarla cütləşdirilən pulemyot tətbiq edilir.

PKT-nin atəş tempi dəqiqədə 750 mərmi, güllənin başlanğıc sürəti isə 855 metr/saniyədir. Effektiv atəş məsafəsi 1500 metr, maksimum atəş məsafəsi isə 4000 metrdir. Hər pulemyotun sursat dəsti 2000 ədəd mərmidən ibarətdir.

Atəşi İdarəetmə Sistemi

Atəşi İdarəetmə Sistemi (AİS) avtomatik və əl rejimlərinə malikdir. Dəqiq atəş üçün zəruri olan çox sayda düzəlişlər etməyə imkan verir. Ondan istifadə edərək aşağıdan uçan və ya asılan helikopterləri məhv etmək (lakin bəzi mütəxəssislər 30 mm-lik topun dəqiqədə 330 atəş tempini aşağı hesab edərək, onun zenit atəşinin effektivliyini şübhə altına alırlar) mümkündür.

Taktiki-Texniki Xüsusiyyətləri

Ölçüləri

Uzunluğu: 6.7 m
Lülə daxil olmaqla: 7.2 m
Lülənin uzunluğu: 3.9 m
Eni: 3.3 m
Hündürlüyü: 2.3 m
Klirens: 0.45 m

Mühafizəsi

Zireh: 60 mm-lik aliminium ərintisi + polad
Aktiv mühafizə sistemi: “Arena” və TŞU-2 “Ştora-1” (yalnız BMP-3 üçün)
Dinamik zireh: sifarişlə
81 mm ZD-6M tüstü qumbaraları

Hərəkətliliyi

Zəminə təzyiq: 0,60 kq/sm ²
Aşılan xəndək eni: 2.2 m
Aşılan maneə hündürlüyü: 0.8 m
Dırmanma bucağı: 30º
Mühərriki: UTD-32 dizel
Gücü: 660 at gücü
Sürəti:
Şossedə: 72 km/s
Suda 10 km/s
Ehtiyat məsafəsi: 600 km
Asqı tipi: fərdi, hidravlik amortizatora malik, torsion tipli

100 mm-lik 2A70 topu

Çapı: 100 mm
Lülənin qalxma bucağı: - 6º + 60º
Üfüqi tuşlama bucağı: 360º
Məhvetmə radiusu: 160-600 m²
Mərmi kütləsi: 15.8-21.5 kq
Mərminin başlanğıc sürəti: 250-355 metr/saniyə
Atəş tempi: dəqiqədə 10 mərmi
Atəş məsafəsi: 4 km
Maksimal atəş məsafəsi: 7 km
Mərmi sayı: 40 ədəd (qəlpəli-fuqas)

TƏİR

Çapı: 100 mm
ZUBK23-3 raketin kütləsi: 24.5 kq
Hədəfə çatma müddəti: 13 saniyə
İdarəetmə sistemi: lazerlə tuşlama
Döyüş başlığı: kumulyativ
Raketin başlanğıc sürəti: 500 metr/saniyə
Nüfuz etmə: 600-800 mm
Atəş məsafəsi: 5000/5500 m
Maksimum atəş məsafəsi: 8 km-ə qədər
Sursat dəsti: 8 ədəd

30 mm-lik 2A72 avtomatik topu

Çapı: 30 mm
Mərmisi: 30×165 mm
Atəş tempi: dəqiqədə 330 mərmi
Mərminin başlanğıc sürəti: 1120 metr/saniyə
Sursat dəsti: 750 ədəd
Effektiv atəş məsafəsi:
Texnikalara qarşı 2.6 km;
Hava hədəflərinə qarşı 2 km;
Maksimum atəş məsafəsi 4 km.

PKT pulemyotu

Çapı: 7.62 mm
Mərmisi: 7.62×54mm R
Atəş tempi tezliyi: dəqiqədə 750 mərmi
Güllənin başlanğıc sürəti: 855 metr/saniyə
Atəş məsafəsi: 1.5 km
Maksimum atəş məsafəsi: 4 km
Sursat dəsi: 6000 ədəd (3 ədəd PKT üçün)

Desant bölməsinin silahlanması

1 ədəd RPQ-7(RPQ-16) qumbaraatanı
5 ədəd reaktiv RPQ-18(RPQ-22) qumbarası
2 ədəd 9K38 “İqla” daşınan zenit-raket kompleksi

BMP-3-də desantın aktiv yerləşdirilməsindən istifadə olunub. Onlar şəxsi atıcı silahları və avtonom pulemyotlarından desant bölməsinin yan tərəflərində yerləşən 4 ədəd, 1 ədəd isə arxa sol qapıdakı yuvalardan atəş aça bilirlər. Yan tərəflərdəki yuvalar təyinatına uyğun olsa da, arxa qapıdakı yuva ciddi məna kəsb etmir.

Döyüş tətbiqi

BMP-3 zirehli vasitələri ilk dəfə Rusiya ordusu tərəfindən Birinci Çeçen Müharibəsi zamanı istifadə edilib. Onların səməmərəliliyi barədə fikirlər birmənalı deyil. Düşünürəm ki, bu vəziyyət mürəkkəb texnikaların ekipajlarının hazırlıq səviyyəsinin aşağı olması ilə əlaqədar olub. BMP-2-dən sonra yaradılan texnikanın çox zəif olacağını düşünmürəm.

BMP-3 maşınları 1999-2000- ci illərdə Yuqoslaviyada sülhməramlı əməliyyatlarda da tətbiq edilib.

BƏƏ isə bu maşınlardan Yəməndəki silahlı qarşıdurmada yararlanıb. Bu maşınların ilk döyüş itkisi də məhz Yəməndə husilərin yerləşdirdiyi minanın partlayışı zamanı baş verib.

İstifadəçiləri

Hazırda Azərbaycan ordusunun istifadəsində 100-dən çox BMP-3M zirehli vasitəsi mövcuddur. Bu maşınlar Rusiyadan başqa Kipr, Hindistan, Küveyt, Cənubi Koreya (Rusiya borcunun silinməsi üçün verib), Liviya, Ukrayna, BƏƏ, Türkmənistan, Venesuela və Mərakeşin silahlanmasında istifadə edilir. Son illərdə isə bu texnikaların potensial alıcıları arasında İraq, Səudiyyə Ərəbistanı və Filippin də yer alıb.

Yunanıstan bu maşınlardan 450 ədəd sifariş versə də, müqaviləni sonradan ləğv edib. Hindistan isə BMP-3 maşınlarının istehsalı və texnologiya transferi üçün 10 milyard dollarlıq müqavilə imzalasa da, razılaşma 2013-cü ildə Hindistan tərəfindən ləğv edilib.

Nəticə

Ali Ümumqoşun Komandirləri Məktəbini bitirsəm də nə məktəbdə, nə Sovet ordusunda, nə də Azərbaycan ordusunda heç vaxt BMP-3 maşınları ilə yaxından təmasda olmamışam. Məktəbi bitiməyimə bir neçə ay əvvəl onu ilk dəfə gördüm, lakin bu səthi tanışlıqdan o tərəfə keçmədi. Sovet ordusunda xidmətim zamanı bu maşınlar orduya verilmirdi. Azərbaycan Ordusu BMP-3M əldə etdikdə isə mən artıq ehtiyatda idim.

Onların real imkanları ilə tanış olmaq üçün, həmişəki kimi oxuduqlarımdan əlavə təcrübəli zabitlərin və məlumatlı mütəxəssislərin rəylərini öyrənməyə cəhd edirəm. Onların dediklərinə görə, BMP-3M maşınları TTX-sına və imkanlarına görə Qarabağ hərbi əməliyyatlar teatrına uyğundur. Əvvəlki BMP-1 və BMP-2 ilə müqayisədə modernləşdirilən versiya kifayət qədər yüksək sürət, manevr və dinamikaya malikdir. BMP-3M çox ciddi silah kompleksinə də malikdir. Atəş gücünə, dinamik və aktiv qorunmasına görə onu artıq yüngül tank ilə müqayisə etmək mümkündür. Sursat yüklənmə mexanizmi isə ekipajın üzərinə düşən fiziki vəzifə yükünü kifayət qədər azaldıb.

BMP-3-də mühərrikin arxaya keçirilməsi maşının axımlı hərəkətinə və sürücülük performansının daha da artmasına səbəb oldu.

BMP-3 sələfləri kimi nə yuxarı tullanmır, nə də çalalara baş vurmur. Hamar və axımlı hərəkət həm hərəkətdə olarkan tuşlayıcı operatora dəqiq nişan almağa və atəş açmağa imkan verir, həm də asqı və hərəkətli hissənin detallarının resursuna qənaət edir.

Desant yeri əvvəlki maşınlarda oldu kimi darısqal deyil. Uzun məsafələrə marş zamanı desant əzilmir və yorulmur, həmçinin mühərrik arxada olduğu üçün maşın döngələrdə desantı sağa və ya sola çalxalamır. Əvvəlki versiyalarda kürək-kürəyə oturan əsgərlər BMP-3-də hər iki tərəfdə quraşdırılan kreslolarda üzbəüz otururlar.

Eyni zamanda, maşının minadan mühafizəsi əhəmiyyətli dərəcədə artırılıb. Piyada döyüş maşınlarının minada partlaması zamanı zərbə dalğasının desanta təsirini azaltmaq üçün maşına beş nöqtəli təhlükəsizlik kəməri ilə təchiz olunan təhlükəsiz oturacaqlar quraşdırılır. Eyni zamanda, döyüş maşınının korpusu ilə desant bölməsinin döşəməsi arasındakı boşluq minaya qarşı xüsusi “sendviç”lə doldurulur.

Bu maşınlar ilə minanlanan sahələri keçərkən desantın arxa tərəfdə quraşdırılan pillələrdə yerləşməsi daha məqsədəuyğun hesab edilə bilər. Belə bir metod şəxsi heyətin ön tərəfdən maşının zirehi ilə mərmi və qəlpədən qorunmasını da təmin edir. Piyada döyüş maşınlarında desantı maşında daşımaq ən çətin vəzifələrdəndir. Bu həm də tam təhlükəsiz deyil. Ümumiyyətlə mühariblərdə, xüsusilə meşəlik və dağlıq ərazilərdə desant daim maşının üzərində hərəkət edib və bu indi də belədir. Buna bəzən komandirlər də göz yumur. BMP-3 vasitəsinin desant lyukları açıq olduqda isə onlar maşının üzərindəki heyət üçün əlavə birtərəfli zirehli qorunmaya çevrilir.

BMP-3-də 100 mm-lik top ilə bərabər, 30 mm-lik 2A72 topu da quraşdırılıb. Daha çox tanınan 2A42-dən fərqli olaraq, 2A72 lülənin uzun gedişi hesabına doldurulur. Bu isə həm maşının döyüş hissəsində qazla çirklənməni azaldır, həm də yüksək sürətli və aşağıdan uçan hava hədəflərinə qarşı daha səmərəli atəş açmağa imkan verir.

BMP-3-dəki TƏİR-ləri yivli topdan da buraxmaq mümkündür.

Lakin hər bir maşında olduğu kimi BMP-3 maşınlarının çatışmazlıqları da yox deyil. Onların arasında klirensin tənzimlənməsi mexanizmi yoxdur, bu isə döyüş maşınının kobud ərazidə keçicilik qabiliyyətinə və atəş dəqiqliyinə mənfi təsir göstərir.

Əvvəlki BMP-lərdə mövcud olan “Faqot” və ya “Konkurs” komplekslərindən raketi buraxmaq üçün kənara çıxmaq, raketi atıcı qurğuya yerləşdirmək və sonra əsas nişangahdan uzaqlaşaraq raketi hədəfə tuşlamaq lazım idi. BMP-3-də isə yalnız raketin lüləyə göndərilməsi kifayətdir, tuşlanma isə əsas nişangah blokundan həyata keçirilir. Əvvəlki zirehli vasitələrin BMP-3 ilə müqayisədə yeganə üstünlüyü onların TƏİRK-i maşından çıxararaq daşınan atıcı qurğu kimi istifadəsinin mümkünlüyündə idi. Bu funksiyanın BMP-3-də olması heç də pis olmazdı.

Beləliklə sələfləri ilə müqayisədə BMP-3M zirehli maşınları aşağıda sadalanan üstünlükləri əldə edib:

İdarəolunan və olunmayan döyüş sursatları vasitəsilə maşının atəş gücü və atəş məsafəsi artırılıb;
Atəşi İdarəetmə Sisteminin təkmilləşdirilməsi hədəf axtarma imkanlarını genişləndirib;
Gecə müşahidə olunmayan hədəflərə atəş açılması təmin edilib;
Zenit atəşinin effektivliyi artıb;
Maşın komandirinin döyüş qabiliyyətlərini genişləndirilib;
Daşınan sursat dəstinin miqdarı və tərkibi artıb;
Silah kompleksinin istismar xüsusiyyətləri yaxşılaşdırılıb.

Azərbaycan Ordusunun BMP-3M almaqla nümayiş etdirdiyi müasir konseptual yanaşma müsbət dəyərləndirməlidir. Ordumuzun şəxsi heyətinin və zirehli nəqliyyat vasitələrinin ekipajlarının həyatını qorumaq, döyüş itkilərini azaltmaq, şəxsi heyətin yüksək peşəkarlıq standartlarına yiyələnməsi və torpaqlarımızın azadlığı üçün kəmiyyətdən keyfiyyətə keçid istiqamətində atılan bütün addımlar birmənalı şəkildə təqdir edilməlidir.

Mənbələr:

http://www.e-reading.club/bookreader.php/1021275/Suvorov_-_Boevye_mashiny_pehoty_BMP-1%2C_BMP-2_i_BMP-3.html
https://structure.mil.ru/structure/forces/ground/weapons/motorised/[email protected]
http://roe.ru/catalog/sukhoputnye-vosyka/boevye-bronirovannye-mashiny-/bmp-3/
https://dfnc.ru/katalog-vooruzhenij/btr-bmp-bmd/bmp-3/
https://vpk.name/library/f/epoha-bm.html
http://roe.ru/catalog/sukhoputnye-vosyka/boevye-bronirovannye-mashiny-/bmp-3f/

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMP-3   Azərbaycan-ordusu  

Ordumuzun əsas zərbə gücünün təminatçısından birinə çevrilən BMP-3M maşınları - HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2020/05/vystr-1589286507.jpg
Oxunub: 5867     16:01     12 May 2020    