Radioelektron mübarizə hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/53383-1580891269.jpg
Oxunub: 2454     10:57     08 Fevral 2020    
Taktiki-xüsusi hazırlıq radioelektron mübarizə (REM) hissələrinin (bölmələrinin) döyüş hazırlığının aparıcı tədris fənnidir. REM hissələrinin (bölmələrinin) taktiki-xüsusi hazırlığının əsas məqsədi yüksək çöl vərdişlərinin və daimi döyüşə hazırlığın saxlanılmasının təmin edilməsi, mürəkkəb döyüş fəaliyyətləri şəraitində düşmənin radioelektron sistem və vasitələrinin (REV) radiosusdurulmasında vərdişlərin aşılanmasıdır.

REM hissə və bölmələrinin taktiki-xüsusi hazırlığının əsas tapşırıqları aşağıdakılardır:

- radioelektron şəraitin qiymətləndirilməsində və əsaslandırılmış qərarların tez qəbul edilməsində komanda məntəqələrinin, qərargah və komandirlərin praktiki vərdişlərinin təkmilləşdirilməsi;
- idarəetmənin, qarşılıqlı əlaqənin təşkili və REM hissələrinin döyüş fəaliyyətinin hərtərəfli təmin edilməsi;
- istənilən döyüş şəraitində bölmələrə kiçik komandirlər tərəfindən bacarıqla rəhbərlik etmənin öyrədilməsi;
- verilmiş tapşırıqların uğurla yerinə yetirilməsi üçün kəşfiyyat və maneələr texnikasından bacarıqlı istifadə edilməsi;
- stansiya heyətlərinə, REM hissələrinin (bölmələrinin) şəxsi heyətinə kəşfiyyatın bacarıqla aparılmasının və düşmənin REV-lərinin radiosusdurulmasının öyrədilməsi, eləcə də istənilən döyüş şəraitində onlar tərəfindən ixtisaslar üzrə öz vəzifə borclarının dəqiq yerinə yetirilməsi;
- döyüş tapşırıqlarının birgə yerinə yetirilməsi üçün bölmələrin, qərargahların və hissələrin bütövlükdə döyüşə hazırlanması.

REM hissə və bölmələrinin taktiki-xüsusi hazırlığının müvəffəqiyyətlə keçirilməsi zabit heyətinin metodiki hazırlığından asılıdır.

Müasir döyüşün xarakteri tələb edir ki, REM hissə və bölmələri yüksək çöl vərdişlərinə sahib olsun. Ona görə hazırlığın gedişində ilin və günün istənilən vaxtında, müxtəlif ərazidə, qoşunların yüksək tempdə hücumu, şəraitin qəflətən dəyişməsi, müasir zərərvurma vasitələrinin təsiri və idarəetmə məntəqələrinin sıradan çıxması şəraitlərində mürəkkəb taktiki və radioelektron şəraitdə fiziki və psixoloji gərginliklə fəaliyyət göstərməyə məcbur edən vəziyyət yaratmaq lazımdır.

REM hissə və bölmələrinin taktiki-xüsusi hazırlığının əsas formaları aşağıdakılardır:

- taktiki-sıra məşğələləri;
- taktiki-xüsusi məşğələlər;
- kompleks məşqlər;
- taktiki-xüsusi təlimlər.

Taktiki-sıra məşğələləri heyət, taqım və bölüklərin döyüş uzlaşmasının ilkin formasıdır. Onlar taktiki-xüsusi məşğələlər və təlimlərdən əvvəl keçirilir. Taktiki-sıra məşğələləri taqımlarla 3-4 saat, bölüklərlə 6 saatdan çox olmayan müddətlərdə keçirilir. Məşğələdə 3-4 tədris sualı öyrədilir. Məşğələlər parkda və çöldə, texnikada və ya texnikasız keçirilə bilər. Taktiki-sıra məşğələlərini bilavasitə komandirlər keçirirlər.

Bu məşğələlərdə REM bölmələrinin fəaliyyətləri əvvəl elementlərlə yavaş tempdə, sonra tam şəkildə müəyyən olunmuş vaxt normativləri üzrə öyrədilir.

Taktiki-sıra məşğələlərində əsas öyrətmə üsulu məşqdir. Hər bir tədris sualı üçün taktiki və radioelektron şərait yaradılır. Düşmənin fəaliyyəti əsgərlər tərəfindən ayrılmış xüsusi təqlid vasitələri ilə işarələnir.

Taktiki-sıra məşğələlərinin hazırlığına aşağıdakılar daxildir:

- ilkin məlumatların aydınlaşdırılması və müəyyən edilməsi;
- məşğələ planının hazırlanması;
- texnika, silahlar və məşğələ rayonunun hazırlanması;
- maddi təminatın, həmçinin rəhbər və öyrənənlərin hazırlığı.

Taktiki-sıra məşğələlərinin hazırlığı üçün ilkin məlumatlar əsasən REM bölmə və hissələrinin hazırlığı proqramı ilə müəyyən edilir. Çatışmayan məlumatlar məşğələ rəhbəri tərəfindən təyin olunur.

Məşğələnin məqsədlərinə nail olma dərəcəsi rəhbərin hazırlığından asılıdır. Rəhbər mövzunu aydınlaşdırmalı, tədris məqsədlərini müəyyən etməli və tədris suallarının məzmununu yazmalı, məşğələnin keçirilmə yerini seçməli və ehtiyac yaranarsa ərazi kəşfi keçirməlidir.

Rəhbər məşğələ planını tərtib etməli, zəruri maddi vasitələri müəyyən etməli və qarşıdakı məşğələyə şəxsi heyəti hazırlamalıdır.

İlkin məlimatlar aydınlaşdırıldıqdan və müəyyən edildikdən sonra 1:50000 miqyaslı xəritədə taktiki-sıra məşğələsinin planı işlənilir. Planda ilkin məlumatlar (mövzu, tədris məqsədləri, məşğələyə ayrılan zaman, məşğələnin keçirilmə yeri, öyrənənlərin tərkibi, motoehtiyat sərfi normaları, təqlid və digər maddi vasitələr), hər bir tədris sualının işlənilməsi üçün taktiki və radioelektron şərait, məşğələnin gedişi (tədris sualları və onlara ayrılan müddət, rəhbərin və öyrənənlərin fəaliyyəti, idarəetmə siqnalları, düşmənin fəaliyyətinin işarə olunma qaydası) göstərilir.

Maneə stansiyasının açılması və işə hazırlanması üzrə taktiki-sıra məşğələsinin keçirilməsi üçün əvvəlcədən mövqe (rayon) seçilir, hərəkət marşrutu qeyd olunur və marşın keçirilməsi, o cümlədən stansiyanın açılması zamanı işləniləcək tədris sualları müəyyən edilir.

Məşğələ rayonunun ərazi kəşfi zamanı rəhbər stansiya rəisləri ilə hər bir tədris sualını aydınlaşdırır, onun öyrənilməsinə, düşmən texniki kəşfiyyatına əks təsir və texniki təhlükəsizlik üzrə tədbirlərə zaman ayırır.
Məşğələnin keçirilmə qaydası məşğələnin mövzusu və məqsədi, tədris sualları və ayrılmış zamandan asılıdır. Məşğələ rayonuna çıxmazdan əvvəl şəxsi heyətin təchizatı, öyrənənlərin təhlükəsizlik tədbirləri üzrə bilikləri və düşmənin fəaliyyətini təyin etmək üçün vasitələr yoxlanılır. Məşğələ başladıqda rəhbər öyrənənləri taktiki və radioelektron şəraitlə tanış edərək marşın keçirilməsi üçün tapşırıqlar verir. Marş keçirilən zaman idarəetmə siqnalları və onlarla əlaqədar fəaliyyətlər, yerüstü düşmənin hücumunun dəf edilməsi üsulları, radiaktiv çirklənmə rayonundan keçmə və digər məsələlər məşq etdirilir. Çirklənmə rayonundan çıxdıqdan sonra kəşfiyyat və maneə stansiyasının qismən təmizlənməsi həyata keçirilir.

Mövqenin tutulması üzrə sual işlənilən zaman sorğu yolu ilə mövqenin tutulmasına olan əsas tələblər, qurğuların açılması və şəxsi heyətin öz vəzifələri üzrə bilikləri yoxlanılır və mövqenin tutulma qaydası izah edilir. Mövqe tutulduqdan sonra kəşfiyyat və maneə stansiyasının açılması və işə hazırlığı üzrə normativlər işlənilir. Bu zaman əsas diqqət anten qurğularının düzgün səmtləndirilməsinə yönəldilməlidir. Kəşfiyyat stansiyasının açılması və işə hazırlığından sonra mövqeni dəyişməyi tələb edən taktiki şərait verilərək məşq davam etdirilir. Kəşfiyyat və maneə stansiyasının səfər vəziyyətinə gətirilməsi zamanı dəqiqliyə, normativlərin yerinə yetirilməsinə nəzarət edilir. Şəxsi heyətin fəaliyyəti qeyri-kafi olduqda kəşfiyyat və maneə stansiyasının açılması üzrə məşq təkrar olunur.

Taktiki-sıra məşğələsi təhlil ilə başa çatır. Təhlilin gedişində rəhbər hər bir sualın məşqi zamanı heyətlərin fəaliyyətini təhlil edir, məşğələ zamanı yol verilmiş nöqsanları çatdırır. Nəticədə rəhbər hər bir heyətin (manqanın) və bütövlükdə bölmənin hazırlığına qiymət verir və aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə nə etmək lazım olduğunu göstərir.

Taktiki-xüsusi məşğələlər bütövlükdə REM bölmələrinin (hissələrinin) döyüş uzlaşması, düşmənin kəşfiyyatının və REV radiosusdurmasının təşkilində komandirlərin vərdişlərinin təkmilləşdirilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı idarə edilməsi üçün təyin olunur. Taktiki-xüsusi məşğələlərin tam mənimsənilməsi üçün günün işıqlı vaxtında 5-7 saat və gecə vaxtı (və ya əksinə) 3-4 saat müddətində fasiləsiz olaraq məşğələ keçirilməlidir. Lakin mütləq gündüz (gecə) fəaliyyətlərindən gecə (gündüz) fəaliyyətlərinə keçmək lazımdır. Məşğələyə bölmələr silah, kəşfiyyat və radiomaneə texnikası ilə tam tərkibdə çıxarılır. Taqımla taktiki-xüsusi məşğələlər bölük komandirləri tərəfindən, bölüklərlə tabor komandiri tərəfindən keçirilir.

Taktiki-xüsusi məşğələlər nümunəvi ola bilər. Bu məşğələlər zabit, gizir və çavuşlara tədrisin daha məqsədəuyğun metodikasını, şəxsi heyətə isə bölmənin nümunəvi fəaliyyətlərini göstərmək məqsədi ilə keçirilir. Belə məşğələləri bir səviyyə yuxarı komandir (rəis) keçirir.

Taktiki-xüsusi məşğələlərdə vahid fasiləsiz inkişaf edən taktiki və radioelektron şəraitdə mövzunun bütün tədris sualları ardıcıllıqla işlənilir. Zərurət yarandıqda nöqsanların aradan qaldırılması üçün fəaliyyətlər təkrar oluna bilər. Taktiki-xüsusi məşğələnin əsas metodu radiokəşfiyyat və maneə vasitələri üzərində praktiki işdir. Düşmənin fəaliyyəti xüsusi ayrılmış REV və təqlid vasitələri ilə göstərilir.

Taktiki-xüsusi məşğələdə ilkin məlumatlar, onların müəyyən edilməsi qaydaları, eləcə də məşğələlərin hazırlanma qaydaları əsasən taktiki-sıra məşğələlədəki kimidir.

Taktiki-xüsusi məşğələlərin keçirilməsi planı taktiki-sıra məşğələsinin planı kimi işlənilir. Fərq yalnız ondan ibarətdir ki, öyrədilən bölmələrdən (hissələrdən) bir-iki pillə yuxarı taktiki və radioelektron şərait nəzərə alınmalıdır.

Məşğələ planında göstərilir:

- taktiki-xüsusi məşğələnin başlanmasına qarşıdakı düşmənin vəziyyəti (o cümlədən onun idarəetmə məntəqələrinin vəziyyəti) və döyüş tapşırıqları;
- REM hissəsinin (bölməsinin) döyüş tapşırığının yerinə yetirilməsinə təsir göstərən birlik (birləşmə) komandirinin qərarının əsas elementləri;
- öyrədilən hissənin (bölmənin) və qonşuların döyüş tapşırıqları;
- məşğələnin hər bir tədris sualının işlənilməsi üçün taktiki və radioelektron şərait.

Planda düşmənin və öyrədilən REM hissəsinin (bölməsinin) vəziyyəti düşmənin və o cümlədən onun REV-nin fəaliyyəti, radiokəşfiyyatın və susdurmanın dərinliyi nəzərə alınmaqla tədris suallarının işlənilməsinin bütün dərinliyində göstərilir.

Taktiki-xüsusi məşğələnin planı işlənildikdən sonra rəhbər çöldə düşmənin fəaliyyətini işarə edən qrupla praktiki məşğələ keçir. Bu zaman o, düşmənin radiostansiyasının işarə edilmə zamanını, işləmə qaydasını və onun fəaliyyətinin təqlid olunmasını, eləcə də bu qrupun fəaliyyətlərinin idarə olunma qaydasını müəyyən etməlidir.

Məşğələyə çıxışın, döyüşə hazırlıq fəaliyyətləri ilə başlanılması məqsədəuyğundur. REM hissəsinin (bölməsinin) çıxışından əvvəl məşğələ rəhbəri şəxsi heyətin, texnikanın və maddi təminatın hazırlığını yoxlayır, şəraitlə tanış edir və mövqe rayonunun tutulması üçün tapşırıq verir. Məşğələ rayonu dayanmadan tutulur, kəşfiyyat və maneə vasitələri açılır. Bu zaman məşğələ rəhbəri mövqe rayonunun tutulması üzrə normativlərin yerinə yetirilməsinə nəzarət edir. Kəşfiyyat və maneə vasitələrinin açılmasından sonra düşmənin fəaliyyətini işarə edən vasitələrin işə başlamasına komanda verilir və öyrənən tərəf tapşırıqların icrasına başlayır. Rəhbər, radiokəşfiyyat və radiosusdurma tapşırıqlarının yerinə yetirilməsinə, döyüş sənədlərinin düzgün işlənməsinə, verilmiş tapşırıqların yerinə yetirilməsi haqqında operatorların dəqiq və vaxtında etdikləri məruzələrə nəzarət edir. Məşğələnin sonunda REM bölməsinin döyüş qaydasında açılması işlənilir. Bu mərhələdə kəşfiyyat və maneə vasitələrinin açılması üzrə normativlərin yerinə yetirilməsinə nəzarət edilir.

Tədris sualları işlənildikdən sonra rəhbər taktiki-xüsusi məşğələnin təhlilini keçirir. Rəhbər təhlilin gedişində əsas diqqətini radiokəşfiyyat və radiosusdurmanın aparılması tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi heyətin fəaliyyətinə, radiokəşfiyyatın aparılması dövründə verilən komandaların dəqiqliyinə və döyüş sənədlərinin düzgün işlənməsinə yönəldir.

Kompleks məşqlər REM hissələrinin (bölmələrinin) idarəetmə məntəqələrinin döyüş heyətinin öyrədilməsi, funksional vəzifələrinin icrası, radiosusdurmanın aparılması zamanı radiokəşfiyyat və maneə qüvvə və vasitələrinin idarə edilməsi üçün komanda məntəqəsinin döyüş heyətinin uzlaşması formalarından biridir.
Kompleks məşqlərin rəhbəri REM hissəsinin (bölməsinin) komandiridir. Məşqlərin müddəti 2-3 saatdır. Kompleks məşqlərdə vahid fasiləsiz inkişaf edən əməliyyat-taktiki (taktiki) şərait fonunda öyrənənlər öz funksional vəzifələrinə müvafiq olaraq radiosusdurmanın gedişində kəşfiyyat və maneə vasitələrinin idarə edilməsi üzrə təyin olunmuş fəaliyyətləri yerinə yetirirlər.

Kompleks məşqlər bir və iki pilləli ola bilər.

İki pilləli məşqlər vahid əməliyyat-taktiki şərait fonunda vahid rəhbərlik altında REM hissələrinin (bölmələrinin) radiokəşfiyyat maneə qüvvə və vasitələrinin idarə edilməsi suallarının kompleks işlənilməsi məqsədi ilə hissənin komanda məntəqəsinin (KM) və bölmələrin idarəetmə məntəqələrinin (İM) döyüş heyətləri ilə eyni zamanda keçirilir.

Kompleks məşqlərin hər ay keçirilməsi məqsədəuyğundur. Mövzuların məzmunundan və tədris məqsədlərindən asılı olaraq məşqlər idarəetmə məntəqələrinin praktiki açılması ilə və ya daimi yerləşmə yerlərində təchiz olunmuş stasionar idarəetmə məntəqələrində keçirilir. Çöl məşqlərinin əsas məqsədlərindən biri çöl vərdişlərinin təkmilləşdirilməsi və hissənin uzlaşmasıdır. Kompleks məşq hissənin (bölmənin) komandiri və ya qərargah (komanda məntəqəsinin) rəisi tərəfindən keçirilir.

İdarəetmə üzrə məşqlərin hazırlığına adətən ilkin məlumatların aydınlaşdırılması və müəyyən edilməsi, sənədlərin işlənilməsi, rəhbərin, onun köməkçisinin və öyrənənlərin hazırlığı, məşqlərin keçirildiyi yerin və maddi təminatın hazırlığı daxildir.

KM (İM) döyüş heyətinin idarə edilməsi üzrə məşqlərin keçirilməsi üçün aşağıdakılar işlənilir:

- məşqin keçirilmə planı;
- məlumatların (kəşfiyyat və maneə postlarından, REM bölmələrindən məruzələr) təqdim olunması (daxil olması);
- öyrənənlərə taktiki-xüsusi tapşırıqlar;
- qarşılıqlı əlaqədə olan radio və radiotexniki kəşfiyyat bölmələrindən, aşkaretmə, hədəfgöstərmə və radiopelenqator postlarından alınan məlumatlar.

Kompleks məşqin keçirilmə planı məşq üçün əsas sənəd hesab edilir. O, xəritədə işlənilir. Orada əks etdirilir:

- ilkin məlumatlar (mövzu, tədris məqsədləri, məşqlərin keçirilmə zamanı, tədris sualları və onların hər birinin işlənilmə müddəti, öyrənənlərin tərkibi);
- əməliyyat-taktiki niyyət (öz hissələrinin, bölmələrinin və qarşılıqlı əlaqədə olan xüsusi təyinatlı hissələrin vəziyyəti);
- əməliyyat-taktiki (taktiki) və radioelektron şərait;
- hissənin (bölmənin) döyüş tapşırığı və komandirin qərarı;
- idarəetmə məntəqəsi, qonşu REM hissələrinin (bölmələrinin) tapşırıqları;
- tədris suallarının işlənilməsi üçün məşqin gedişində yaradılan radioelektron şərait.

Öyrənənləri şəraitlə tanış etmək üçün taktiki-xüsusi tapşırıq işlənilir. Onun məzmunu taktiki-xüsusi təlimin mövzusunun məzmunu ilə eyni olmalıdir. Radioelektron şəraitin genişləndirilməsi üçün qarşıdakı düşmənə uyğun bütün radioməlumatların göstərildiyi radiorabitə sxemi və məşqlərin əməliyyat-taktiki (taktiki) niyyətinə müvafiq olaraq iş qrafiki tərtib edilir. Bu sxem və qrafik əsasında düşmənin aşkar olunmuş, aşkaretmə və hədəfgöstərmə postlarından daxil olmuş məlumatlar işlənilir. Planşetçi-pelenqatorçunun işinin təmin edilməsi üçün düşmənin radioşəbəkəsinin hər bir müxbirinə xəritədə pelenq çıxarılır, pelenqləmə və onlara cavab vermək üçün komandaların mətnləri işlənilir. REM bölmələrində məlumatlar mətn şəklində işlənilir və rabitə vasitələri ilə əməliyyat növbətçisinə ötürülür. Bu məlumatlar bölmənin kəşfiyyat və maneə vasitələrinin vəziyyəti, bölmənin radiosusdurmağa hazırlığı, radiokəşfiyyat və radiosusdurma üzrə tapşırıqların yerinə yetirilməsinin nəticələri haqqında məlumata malik olmalıdır. Məlumatlar onların təqdim olunduqları andakı şəraitə uyğun olmalıdırlar. Qarşılıqlı əlaqədə olan xüsusi təyinatlı hissələrdən (bölmələrdən) KM-nə (İM) daxil olan kəşfiyyat məlumatları KM-də (İM) olan məlumatları təsdiq etməli, dəqiqləşdirməli və radiosusdurmanın məqsədləri haqqında yeni məlumatları əks etdirməlidir.

Bundan əlavə REM rəisinin döyüş sərəncamı işlənilir. Döyüş sərəncamı hissənin (bölmənin) döyüş fəaliyyətini dəyişən məlumatlara malik olmalıdır.

Kompleks məşqlər radiokəşfiyyat və maneə qüvvə və vasitələrinin idarə edilməsi ilə başlanır, məşğələnin başlanması ilə texniki rabitə vasitələri ilə şərait genişləndirilir. Məşğələnin gedişində öyrənənlər şərait haqqında məlumatların toplanmasını, ümumləşdirilməsini və analizini, onun iş xəritəsinə düzgün çəkilməsini, əməliyyat-taktiki (taktiki) hesabların aparılmasını, əsaslandırılmış qərarların qəbul edilməsini və icraçılara vaxtında tapşırıqların verilməsini məşq edirlər. Məşq rəhbəri, KM (İM) komandirinin qərarını dinləməli və döyüş heyətlərinin işinə nəzarət etməlidir.

Təyin olunmuş məqsədlərə nail olmaq üçün müasir əməliyyat şəraitinə uyğun olan gərginliyin təmin edilməsi çox vacibdir.

İdarəetmə üzrə məşq təhlil ilə başa çatır. Təhlil zamanı rəhbər fəaliyyətlərin müsbət və mənfi cəhətlərinə diqqət yetirərək qərarların, sənədlərin məzmununu və öyrənənlərin fəaliyyətlərini təhlil edir.

Taktiki-xüsusi təlimlər müasir ümumqoşun döyüşündə REM hissə və bölmələrinin çöl vərdişlərinin, düşmən REV radiokəşfiyyatı və radiosusdurmasının aparılmasına hazırlığının əsas forması hesab edilir. Taktiki-xüsusi təlimdə əsas diqqət REM hissə və bölmələri tərəfindən döyüş mövqelərinin tutulmasına, kəşfiyyat və maneə vasitələrinin açılmasına, onların fəaliyyətə hazırlığına, radioelektron kəşfiyyatın təşkilinə, düşmənin REV-lərinin radiosusdurulmasının hazırlığına və aparılmasına ayrılmalıdır.

Taktiki-xüsusi təlimin gedişində ümumi, fasiləsiz inkişaf edən taktiki və radioelektron şəraitdə düşmənin REV kəşfiyyatı və radiosusdurulması üzrə, vahid niyyət üzrə, müxtəlif növ döyüş fəaliyyətlərində, müxtəlif ərazilərdə, böyük dərinlikdə, gecə və gündüz uzun müddətli, ilin istənilən vaxtında tapşırıqlar praktiki olaraq yerinə yetirilir.

Bölüklərin taktiki-xüsusi təlimlərinin müddəti bir sutka yarımdan, taborlarda isə üç sutkadan az olmamalıdır. REM hissələrinin (bölmələrinin) təliminə İdarə rəisi (birləşmənin REM rəisi) rəhbərlik edir.

REM hissələri (bölmələri) ilə taktiki-xüsusi təlim aşağıdakılara bölünür:

- miqyasına görə - tabor və bölük;
- təyinatına görə - planlı, nümunəvi, nəzarət (yoxlama), sınaq və tədqiqat;
- tərəflərin sayına görə - birtərəfli və ikitərəfli.

REM hissələri (bölmələri) ilə birtərəfli taktiki-xüsusi təlim ancaq REM hissəsinin (bölməsinin) real fəaliyyətindən və öyrədilməsindən ibarətdir. Düşmənin fəaliyyətlərini işarə etmək üçün xüsusi ayrılmış rabitə qüvvə və vasitələrindən istifadə edilir.

İkitərəfli taktiki-xüsusi təlimlərdə bir tərəfdən REM, digər tərəfdən isə rabitə hissə və bölmələri real fəaliyyət göstərir və öyrədilir. Hər iki tərəf müstəqil, lakin qarşılıqlı əlaqəli mövzuları işləyir. Bütün öyrənənlər tərəfindən öz vəzifələrinin yerinə yetirilməsi üzrə praktiki iş təlimin əsas metodudur.

REM hissəsinin (bölməsinin) təlimə hazırlığına aşağıdakılar daxildir:

- təlimin planlaşdırılması (əməliyyat-taktiki və təşkilati-metodik sənədlərin işlənilməsi);
- rəhbərliyin və vasitəçi aparatın, təlimə cəlb olunan bölmələrin və təlim rayonunun hazırlanması.

Bütün bu tədbirlər təlimə hazırlığın təqvim planı üzrə keçirilir. Planda icra müddətləri və cavabdeh icraçılar göstərilməklə bütün hazırlıq tədbirləri əks etdirilir.

Taktiki-xüsusi təlimin təşkili üçün ilkin məlumatlar aşağıdakılardır:

- mövzu;
- tədris və tədqiqat məqsədləri;
- təlimin mərhələləri və onların tədris sualları;
- düşmənin işarə edilməsi üçün qüvvələrin tərkibi;
- təlimin müddəti, zamanı və keçirilmə yeri;
- təqlid və maddi vasitələrin sərfi normaları;
- rəhbərliyin və vasitəçi aparatın tərkibi.

Təlimin mövzusu REM hissəsinin (bölməsinin) təyinatından və əməliyyat şəraitlərindən asılı olaraq İdarə rəisi (hərbi hissə komandiri) tərəfindən müəyyən olunur. İlkin məlumatların bir hissəsi təlimin bilavasitə rəhbəri tərəfindən müəyyən edilir və İdarə rəisi tərəfindən təsdiq edilir. Rəhbər tərəfindən ilkin məlumatlarla iş mövzunun aydınlaşdırılması ilə başlanır. Mövzunun aydınlaşdırılması onun taktiki məzmununun açılmasından ibarətdir. Nəzərə alınmalıdır ki, qoşunların hansı döyüş fəaliyyətlərinin fonunda və hansı şəraitlərdə REM qüvvələrinin hansı fəaliyyətləri məqsədəuyğundur və təlimin gedişində hansı epizodların oynanılması zəruridir. Tədris məqsədləri döyüş hazırlığının tapşırıqlarından, təlimin mövzusundan və öyrənənlərin hazırlıq səviyyəsindən asılı olaraq müəyyən edilir.

Taktiki-xüsusi təlimin əsas tədris məqsədləri aşağıdakılar ola bilər:

- hissənin (bölmənin) döyüşə hazırlığının yoxlanılması;
- hissənin (bölmənin) sülh dövründən müharibə dövrünə keçirilməsi zamanı komandirlərin praktiki vərdişlərinin təkmilləşdirilməsi;
- döyüş fəaliyyətlərinin təşkili və hissənin (bölmənin) idarə edilməsi;
- döyüşə hazırlıq üzrə qərargah zabitlərinin məşqi;
- radioelektron vəziyyət haqqında məlumatların analizi;
- radiokəşfiyyat və radiosusdurmanın planlaşdırılması;
- şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi;
- düşmənin yüksək dəqiqlikli silah tətbiq etməsi şəraitində radiokəşfiyyat və radiosusdurma üzrə bölmə və heyətin fəaliyyəti və onların uzlaşması.

Taktiki-xüsusi təlimdə yeni susdurma, avtomatlaşdırma və digər vasitələrin döyüş tətbiqi zamanı radiosusdurmanın təşkilində yeni nəzəri müddəaların yoxlanılması üzrə tədqiqat məqsədləri təyin edilə bilər. Təlimin mövzusu və məqsədlərindən asılı olaraq təlim rəhbəri təlimin mərhələlərini, onların məzmununu, müddətini və hər mərhələnin tədris suallarını müəyyən edir. Təlimin mərhələlərində tədris suallarının sayı mərhələnin məzmunundan və ona ayrılmış vaxtdan asılı olub, 3-4 sual təşkil edə bilər.

Hissə (bölmə) təlimə tam tərkibdə ştat üzrə təyin edilmiş texnika və silahla çıxarılır. Düşmən fəaliyyətini təqlid etmək üçün qüvvə və vasitələr düşmən qruplaşmalarından, onun REV-nin işləmə xüsusiyyətlərindən asılı olaraq, həmçinin REM hissəsinin (bölmələrinin) döyüş imkanları nəzərə alınmaqla təyin edilir.

Təlim üçün işlənilən əsas sənədlər:

- təlimin niyyətinə izahlı mətn (təlimin keçirilmə planı);
- düşmən fəaliyyətinin göstərilməsi planı;
- təlimə çıxarılan hissəyə (bölmələrə) təşkilati göstərişlər;
- taktiki-xüsusi tapşırıqlar;
- döyüş sərəncamları.

Təlimin niyyəti – hansı əməliyyat-taktiki (taktiki) və radioelektron şərait fonunda olmasını və rəhbərin təlimin mövzusunu necə işləməsini əks etdirən əsas sənəddir. Niyyət xəritədə işlənilir. Niyyətdə bir qayda olaraq əks etdirilir:

- mövzu;
- tədrisin məqsədi;
- təlimin keçirilmə müddəti;
- təlimə cəlb edilən qüvvə və vasitələrin tərkibi;
- motoehtiyatların və təqlid vasitələrinin sərfi normaları;
- ilk əməliyyat-taktiki (taktiki) və radioelektron şərait;
- vəziyyət, qoşun qruplaşmaları;
- birləşmənin (birliyin) təlimin başlanğıcına döyüş tapşırıqları və onların komandirlərinin niyyətləri;
- düşmən qruplaşmaları, idarəetmə məntəqələri, onun birləşmə və hissələrinin rabitə şəbəkələri, REM və kəşfiyyat qüvvə və vasitələri, düşmənin bir döyüş fəaliyyəti növündən digərinə keçən zaman kəşfiyyat və kəşfiyyat-zərbə kompleksləri və düşmənin digər vacib REV-ləri;
- birləşmənin (birliyin) yeni tapşırıqları və onların komandirlərinin niyyətləri;
- öyrədilən REM hissələrinin (bölmələrinin) çıxış rayonları və onları tutma müddətləri;
- öyrədilən REM hissələrinin (bölmələrinin) döyüş tapşırıqları, vəziyyəti, qruplaşmaları;
- qarşılıqlı əlaqəli REM və kəşfiyyat hissələrinin (bölmələrinin) idarəetmə məntəqələri və onların döyüş tapşırıqları;
- REM hissələrinin (bölmələrinin) döyüş fəaliyyətləri rayonları;
- təlimin mərhələləri, onların məzmunu və müddəti;
- tərəflərin təlimin hər mərhələsinin başlanğıcında ehtimal olunan vəziyyəti.

Təlimin niyyətinə izahedici qeyddə göstərilir:

- təlimə çıxarılan qoşunun döyüş və say tərkibi (şəxsi heyətin, döyüş texnikası və əsas silahların sayı);
- döyüş fəaliyyətlərinin ümumi xüsusiyyətləri (təlimin mərhələləri üzrə tərəflərin döyüş fəaliyyətlərinin ilkin vəziyyəti və xüsusiyyəti);
- təlimin əsas göstəriciləri (radiokəşfiyyat və radiosusdurmanın zolağı və dərinliyi, düşmənin susdurulan radiorabitələrinin sayı, vaxtı, radiosusdurmanın təşkilinə ayrılan qüvvələr, marşın uzunluğu və sürəti);
- rəhbərliyin və vasitəçi aparatın tərkibi;
- təlimin keçirilmə təqvimi (rəhbərliyin keçirdiyi tədbirlər və hər mərhələnin gedişində tədris suallarının işlənilməsi üzrə fəaliyyət);
- çıxış rayonunun tutulması və daimi dislokasiya yerinə qayıtma qaydası;
- təlimin təhlilinin keçirilmə vaxtı və yeri.

REM bölmələri ilə təlimin keçirilməsi üçün xəritədə təlimin keçirilmə planı işlənilir. Orada qeyd edilir:

- təlimin ilkin məlumatları;
- təlimin mərhələləri, onların müddəti, tədris sualları və tədbirlər;
- taktiki niyyət;
- təlimin əsas göstəriciləri.

Tədris suallarının işlənilməsinin dəqiq və məqsədyönlü təmin edilməsi üçün düşmənin işarələnməsi planı tərtib edilir. Orada aşağıdakılar əks etdirilir:

- düşmən fəaliyyətlərinin işarə edilməsinin əsas məqsəd və tapşırıqları;
- öyrədilən qoşunların tərkibi, onların fəaliyyətinin ümümi xüsusiyyətləri;
- birliyin (birləşmənin) təlimin başlanğıcına döyüş tapşırıqları və onların komandirlərinin niyyətləri;
- qoşunların təlimin hər mərhələsinin başlanğıcında ehtimal olunan vəziyyəti;
- düşmənin işarə olunmuş rabitə qovşaqlarının vəziyyəti və onların nömrələnməsi;
- radiorabitə sxemi;
- işarə olunmuş düşmənin radioşəbəkələrinin iş qrafiki və radiorabitənin radioməlumatları;
- düşmənin radiorabitəsini işarə etmək üçün qüvvə və vasitələrin hesabı.

Plan xəritədə işlənilir və təlimin rəhbəri tərəfindən təsdiq olunur.

Taktiki-xüsusi təlimin keçirilməsinin niyyəti (planı) təsdiq olunduqdan sonra təşkilati göstərişlər işlənilir və REM hissələrinin (bölmələrinin) komandirlərinə çatdırılır. Təşkilati göstərişlərin məqsədi şəxsi heyətin, döyüş texnikası və silahların təlimə məqsədyönlü hazırlığını təmin etməkdir.

Taktiki-xüsusi tapşırıq öyrənənləri şərait, radiokəşfiyyat və radiosusdurmanın təşkili ilə tanış etmək üçün ilkin sənəddir. O, təlimin niyyətinə əsasən işlənilir. Taktiki-xüsusi tapşırıq yazılı şəkildə hazırlanır, ona ilkin şərait xəritəsi və ya ümumi və xüsusi şəraitləri əks etdirən izahlı mətnlə xəritə və lazımi məlumatlar daxildir. Məlumatlarda radioaktiv şüalanma dozaları, maddi vasitələrin varlığı, döyüş texnikasının vəziyyəti və digər məlumatlar verilə bilər. Taktiki-xüsusi tapşırığın sonunda hansı fəaliyyətlərin icrasının zəruriliyi və nəyə hazır olmağın lazım olması haqqında göstərişlər verilir.

Vəziyyətin genişləndirilməsi, eləcə də REM hissələrinə (bölmələrinə) tapşırıqların çatdırılması məqsədi ilə döyüş sərəncamları işlənilir.

Təlim rəhbəri rəhbərlik və vasitəçilər qərargahını şəxsən hazırlayır.
REM hissələrinin (bölmələrinin) təlimə hazırlığı döyüş hazırlığının gedişini pozmamalıdır. Bu dövrdə taktiki-sıra və taktiki-xüsusi məşğələlər, təlimlər ərəfəsində isə hazırlıqlara baxışlar keçirilir.

Təlim daimi dislokasiya yerindən və REM hissəsinin (bölməsinin) təlim üzrə ilkin rayona çıxarılmasından sonra başlana bilər. Taktiki-xüsusi tapşırığın verilmə zamanı və yeri təlim rəhbəri tərəfindən təlimin mövzu və məqsədindən asılı olaraq müəyyən edilir. Tapşırıq verildikdən sonra rəhbər və vasitəçilər ilkin şərait üzrə öyrənənlərin işinə nəzarət edirlər. REM hissəsinin (bölməsinin) komandiri tapşırığın öyrənilməsini təşkil edir, radioelektron şəraiti qiymətləndirir, qərargah hesabları hazırlayır. Rəhbərliyin qərargahı döyüş sərəncamları və əmrləri təqdim etməklə, düşmənin fəaliyyətini göstərən radioşəbəkənin işi ilə şəraiti genişləndirir. Təlim rəhbəri təyin olunmuş vaxtda vəzifəli şəxsləri dinləyir. Rəhbər tərəfindən təyin olunmuş vaxtda REM hissəsinin (bölməsinin) komandiri aşkar olunmuş REV-lər haqqında məlumatları məruzə edir. İdarəetmə sisteminin gizliliyindən asılı olaraq rəhbər radiosusdurmaya komanda verir və ya kəşfiyyatın aparılması üçün əlavə vaxt təyin edir. Taktiki-xüsusi təlimin gedişində REM hissələrinin (bölmələrinin) digər mövqe rayonlarına yerdəyişməsi, müxtəlif əməliyyat-taktiki (taktiki) şəraitlərdə, eləcə də kütləvi qırğın silahından müdafiə, kəşfiyyat və radioelektron müdafiə texniki vasitələrinə əks təsir üzrə fəaliyyətləri işlənilir.

Daimi dislokasiya yerinə hissə (bölmə) qayıtmazdan əvvəl təlim rəhbəri təhlilin keçirilmə vaxtı və yeri haqqında göstəriş verir. Hissənin (bölmənin) daimi dislokasiya yerinə qayıtması bütün müdafiə və mühafizə növləri mütləq təşkil olunmaqla və rəhbərlik zabitlərinin nəzarəti altında taktiki şərait fonunda həyata keçirilməlidir.

Təhlil təlimin son vacib hissəsidir. Təhlilin əsasını öyrənənlərin fəaliyyəti haqqında təlim rəhbərinin, onun köməkçilərinin və vasitəçilərin nəticə və rəyləri təşkil etməlidir. Təhlilin aparılması zamanı mövzu, tədris məqsədləri, tərəflərin tərkibi, ilkin əməliyyat-taktiki (taktiki) şərait göstərilir, sonra isə mərhələlər üzrə bölmələrin fəaliyyətlərinin təhlili aprılır. Təhlilin sonunda rəhbər tərəfindən tədris məqsədlərinə hansı səviyyədə nail olunduğu, hissələrin (bölmələrin) radiokəşfiyyat və radiosusdurma üzrə tapşırıqları yerinə yetirmə qabiliyyəti müəyyən edilir, təlimin gedişində radiosusdurmanın və bölmələri idarəetmənin təşkili üzrə komandir və qəragahın işi qiymətləndirilir.

Nəticə:

1. REM hissə və bölmələrinin hazırlığında müasir texnika və texnologiyanın inkişafı və imkanları, o cümlədən mobil telefonlar, planşetlər, mobil internet, sosial şəbəkələr üzərində iş imkanları araşdırılmalı və taktiki-xüsusi hazırlığın gedişində qoşunlara öyrədilməlidir.

2. REM hissə və bölmələrinin hazırlığı bütün qoşun növlərinin hazırlığı ilə, o cümlədən rabitə, qoşunların və silahların idarəetmə sistemləri ilə paralel təşkil olunmalıdır.

3. Birlik və birləşmələrin taktiki və komanda-qərargah təlimlərində REM hissələrinin fəaliyyətləri təşkil edilməli və praktiki vərdişlər işlənilməlidir.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
https://ict.az/az/news/4611
https://e-harp.blogspot.com/
http://www.modernarmy.ru/article/163
http://www.modernarmy.ru/article/157
http://www.compancommand.com/index/boevoe_obespechenie_radioehlektronnaja_borba/0-1765
http://indianstrategicknowledgeonline.com/web/IUS_20247-002-ART16-ELECTRONIC-WARFARE-in-OPERATIONS.pdf

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: REM   Təlim  

Radioelektron mübarizə hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - ANALİZ (HƏRBİ EKSPERT)

2020/02/53383-1580891269.jpg
Oxunub: 2455     10:57     08 Fevral 2020    