Kimya hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - HƏRBİ EKSPERT (ANALİZ)

2020/03/3-4752047421.jpg
Oxunub: 2555     17:03     19 Mart 2020    
Kimya hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı çöl vərdişlərinin əsasını təşkil edir. Məşğələlərin gedişində şəxsi heyətin bilikləri zənginləşdirilir, praktiki vərdişləri təkmilləşdirilir, xüsusi tapşırıqların yerinə yetirilməsində hissə və bölmələrin uzlaşması təmin edilir, döyüş fəaliyyətlərinin kimya və kimya-texniki təminatında kimya güc və vasitələrinin döyüş tətbiqi öyrədilir.

Təyinatı üzrə tapşırıqları yerinə yetirərkən kimya qoşunlarının hissə və bölmələri, digər qoşunlardan fərqli olaraq, ərazinin çirklənmiş rayonlarında fəaliyyət göstərir. Bölmələr radioativ, kimyəvi və bakterioloji (bioloji) çirklənmə zonalarına daxil olur, uzun müddət orada fərdi mühafizə vasitələrində tapşırıq yerinə yetirir, məhdud görmə şəraitində bir-birindən və idarəetmə məntəqələrindən uzaqda fəaliyyət göstərir. Bu məşğələlər hər bir şəxsdən peşəkarlıq, xüsusi mənəvi, döyüş və psixoloji keyfiyyətlər, həmçinin hissə və bölmələrin döyüş uzlaşmasını tələb edir.

Kimya hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı aşağıdakı formalara bölünür:

- taktiki-sıra məşğələləri;
- taktiki-xüsusi məşğələlər;
- taktiki-xüsusi təlimlər.

Taktiki-sıra məşğələləri

Taktiki-sıra məşğələsi kimya qoşunları hissə və bölmələrinin taktiki-xüsusi hazırlığının əsas formasıdır və müxtəlif döyüş növlərində fəaliyyət və fəndlərin yerinə yetirilməsinin işlənilməsi üçün təyin edilib. Bu məşğələlərin gedişində bölmələr aşağıdakıları yerinə yetirir:

- zəhərlənmiş ərazilərdə fəaliyyət göstərir;
- yandırıcı vasitələr və kütləvi qırğın silahlarından mühafizə tədbirlərini yerinə yetirir;
- qoşun növlərinin fəaliyyətinin kimya və kimya-texniki təminatı tapşırıqlarını öyrənir;
- komandirlər taşırığın və müvafiq komandaların verilməsi, bölmələrin idarəedilməsi üzrə vərdiş və bacarığını təkmilləşdirir.

Taktiki-sıra məşğələlərində kimya qoşunlarının hissə və bölmələri fəaliyyətləri və fəndləri yerinə yetirmə texnikalarını əvvəlcə asta tempdə elementlər üzrə məşq edir, sonra normativlərə uyğun yerinə yetirir. Bölmələr fəaliyyət və fəndləri tam öyrənənə qədər məşq təkrar edilir. Taktiki-sıra məşğələsinin əsas öyrədilmə üsulu – məşqdir. Həmçinin izah etmə, göstərmə və nümayiş üsulu da tətbiq edilə bilər.

Taktiki-sıra məşğələsində hər bir tədris sualı üçün taktiki şərait yaradılır, düşmən və öz bölmələrimizin fəaliyyəti göstərilir. Əsas diqqət xüsusi fəaliyyətlərin (tapşırıqların) yerinə yetirilməsi üçün obyektlərin işarələnməsinə yönəldilir. Bunun üçün obyektlərin maketləri, təlim avadanlıqları və poliqonlar, yamsılama və rabitə vasitələri ilə təmin olunmuş xüsusi ayrılmış şəxsi heyət istifadə edilir.

Taktiki-sıra məşğələləri birgə və ya müstəqil keçirilə bilər.

Kimya hissələri (bölmələri) birgə taktiki-sıra məşğələsinə motoatıcı, tank, raket və artilleriya hissələri (bölmələri), digər qoşun növü hissələri (bölmələri) ilə cəlb olunur. Bu məşğələlərdə ixtisas üzrə tapşırıqlardan başqa kimya və kimya-texniki təminat tədbirlərinin yerinə yetirilməsi zamanı qarşılıqlı əlaqə sualları işlənilir. Məşğələnin məqsədindən asılı olaraq kimya qoşunları hissələri (bölmələri) birgə taktiki-sıra məşğələsinə qısaldılmış heyətlə çıxarıla bilər.

Kimya hissələri (bölmələri) müstəqil taktiki-sıra məşğələsinə tam tərkibdə çıxarılır. Məşğələlərdə qarşılıqlı əlaqə sualları da işlənilir. Taktiki-xüsusi hazırlıq üzrə mövzuların hər biri ayrı bir xüsusi fəaliyyətdir və bir neçə məşğələdə gecə və gündüz işlənə bilər.

Taktiki-sıra məşğələlərinin davamiyyəti döyüş hazırlığı proqramı ilə müəyyən edilir. Hər məşğələ 3-4 təlim sualından çox olmamalıdır. Taktiki-sıra məşğələlərini bilavasitə komandirlər, birgə taktiki-sıra məşğələsini isə digər qoşun növü bölməsinin komandiri təşkil edir və keçirir. Məşğələ rəhbəri, düşmənin zəhərli maddələrinin yamsılanması şəraitində tədris suallarının işlənilməsinə diqqət yetirir. Hər bir tədris sualına xüsusi, taktiki-xüsusi hazırlıq və digər öyrənilən fənnlər üzrə fəaliyyətlərin praktiki elementlərinin normativlərə uyğun yerinə yetirilməsi əlavə edilir. Məşğələnin gedişində yamsılama vasitələrinin tətbiqini xüsusi komandalar həyata keçirir.

Birgə taktiki-sıra məşğələlərində şəxsi heyətin cihazlarla praktiki işləmə bacarığı ilə yanaşı, digər qoşun növü bölmələri ilə qarşılıqlı əlaqə üzrə bacarıqları da artırılır.

Taktiki-sıra məşğələsinin hazırlanması zamanı:

- mövzu aydınlaşdırılır;
- ilkin məlumatlar müəyyənləşdirilir;
- məşğələnin keçirilməsinə dair plan tərtib edilir;
- məşğələ rayonu və maddi-texniki təminat hazırlanır;
- bölmələr və komandirlər məşğələyə hazırlanır.

Taktiki-sıra məşğələsinin hazırlanması üçün ilkin məlumatlar bunlardır:

- mövzu;
- tədris məqsədləri;
- tədris sualları;
- öyrənənlərin tərkibi;
- vaxt;
- davamiyyət;
- məşğələnin keçirilmə rayonu;
- motoehtiyyatların məsrəfi (əgər məşğələyə texnika cəlb olunursa);
- yamsılama və digər vasitələr.

Bu məlumatların böyük hissəsi döyüş hazırlığı planı və proqramlarında göstərilir. Digər məlumatları məşğələ rəhbəri özü və ya yuxarı komandirlərin (rəislərin) göstərişinə əsasən müəyyənləşdirir. Məşğələ rəhbəri ilkin məlumatlarla işləməyə məşğələnin mövzusunun aydınlaşdırılması ilə başlayır. Bu zaman o, mövzunun məzmununu açıqlayır, fəaliyyət qaydalarını və fəndlərini, taktiki şəraiti, təhlükəsizlik tədbirlərini, məşğələni nə ilə başlayıb və nə ilə yekunlaşdırmağı təyin edir. Bundan sonra məşğələ rəhbəri bölmələr üçün ümumi tədris məqsədlərini və öyrənənlərin əsas kateqoriyalarını, tədris suallarının məzmununu və sayını müəyyənləşdirir. Məşğələlərdə adətən öyrənənlərin praktiki bacarıq və vərdişlərini təkmilləşdirməyi təmin edən ən əhəmiyyətli suallar işlənilir. Gecə məşğələləri planlaşdırılan zaman məşğələ rəhbəri elə tədris sualları seçir ki, qaranlıq vaxtı səmtləşmə, silah və xüsusi texnikanı gecə şəraitində fəaliyyətə hazırlama, işıq və səs maskalanmasına riayət etməyi şəxsi heyətə öyrətməyə imkan versin. Bu zaman məşğələ rayonunun düzgün seçilməsi böyük əhəmiyyət kəsb edir. O, komandirə bölmələri müşahidə etməyi, tədris suallarının işlənilməsini, gecə şəraitində təhlükəsizlik tədbirlərinə əməl olunmasını təmin etməlidir. Aydınlaşdırma və ilkin məlumatların müəyyən edilməsindən, ərazi kəşfinin keçirilməsindən sonra bölmə komandiri taktiki-sıra məşğələsinin planını tərtib etməyə başlayır.

Taktiki-sıra məşğələsinin planı adətən xəritədə və ya sxem formasında tərtib edilir və orada açıqlanır:

- ilkin məlumatlar (mövzu, tədris məqsədləri və sualları, öyrənənlərin tərkibi, keçirilmə vaxtı, motoehtiyyatların məsrəfi norması, yamsılama və digər maddi-texniki vasitələr);
- məşğələnin gedişi (təlim sualları, onların işlənməsi vaxtı, rəhbərin və öyrənənlərin fəaliyyəti, idarəetmə və xəbərdaretmə siqnalları);
- taktiki şərait (öyrədilən bölmənin ilkin vəziyyəti, düşmənin işarələnməsi, tapşırıqlar, obyektlər və vaxt üzrə tədris suallarının işlənilməsi zamanı öyrədilən bölmələrin fəaliyyətlərinin ardıcıllığı).

Bundan başqa məşğələ planında bölmələr məşğələ yerinə hərəkət edərkən, məşğələdən qayıdarkən işləniləcək suallar göstərilir.

Məşğələnin keçirilmə planı yuxarı komandir (rəis) tərəfindən təsdiq edilir. Bu zaman məşğələ rəhbəri məşğələnin keçirilməsi qaydalarını məruzə edir, komandir (rəis) onu təsdiq edərkən onun keçirilməsi üzrə metodiki məsləhətlər verir.

Rəhbər, məşğələnin maddi-texniki təminatı üzrə tələbatını onun keçirilmə üsulu, tədris sualları, məşğələ rayonunun vəziyyətinə əsasən müəyyən edir.

Maddi-texniki təminat vasitələrinə aiddir:

- xüsusi texnika;
- cihazlar və dəstləri;
- xüsusi məhlulların hazırlanması üçün komponentlər;
- silah;
- fərdi mühafizə vasitələri;
- idarəetmə vasitələri;
- xüsusi təmizləmə obyektləri;
- müxtəlif işarələr;
- texniki vasitələr (səsucaltma vasitələri, gecə görmə cihazları, siqnal fənərləri, silah və texnikanın xüsusi təmizlənməsi sahələri üçün işıqlandırma qurğusu və s.).

Məşğələyə hazırlıq zamanı bölmə komandiri təlimatların və digər rəhbəredici sənədlərin müvafiq maddələrini öyrənir, öz köməkçilərinin, öyrənənlərin, zabitlərin və çavuşların təlimatının keçirilməsinə hazırlaşır və onu keçirir.
Şəxsi heyət tərəfindən döyüş təlimatlarının maddələri, normativlər, xəbərdaretmə və idarəetmə siqnalları, təhlükəsizlik qaydaları öyrənilir, təlim filmlərinə baxış təşkil edilir.

Taktiki-sıra məşğələsinin keçirilməsi qaydaları, mövzunun miqyasından, tədris məqsədlərindən və ayrılmış vaxtdan asılıdır. Məşğələ rayonuna çıxmazdan əvvəl bölmə komandirləri şəxsi heyətin hazırlığını, silah və texnikanın sazlığını, maddi-texniki təminat vasitələrinin varlığını, öyrənənlərin təhlükəsizlik qaydalarını bilmələrini yoxlayır. Məşğələ rayonuna hərəkət zamanı və geriyə qayıdarkən əlavə tədris sualları işlənə bilər. Məsələn, hərəkət zamanı şəxsi heyətin xəbərdaretmə və idarəetmə siqnalları üzrə, düşmənin qəfil hücumu zamanı, çirklənmə zona və sahələrinin dəf edilməsi zamanı, qismən xüsusi təmizləmə üzrə fəaliyyətləri, həmçinin fiziki məşqlər ola bilər.

Məşğələnin keçirilmə rayonuna gəldikdə məşğələ rəhbəri mövzunu, məşğələnin məqsədlərini, tədris suallarını və onların işlənilməsi qaydalarını elan edir. Budan sonra o, öyrənənləri taktiki şəraitlə tanış edir, bölmələrə tapşırıqlar verir, onların fəaliyyət qaydalarını izah edir və fəaliyyətlərin işlənilməsinə başlayır. Tədris sualının işlənilməsinə komandir xüsusi hazırlanmış manqanın (heyətin), taqımın müəyyən fəaliyyətlərin nümunəvi göstərməsi ilə başlaya bilər. Bu zaman fəaliyyəti əvvəlcə tam, sonra elementlərlə, daha sonra isə yenidən tam göstərmək məqsədəuyğundur. Əgər fəndi, fəaliyyəti bölmələr düzgün yerinə yetirirsə, rəhbər növbəti elementin işlənilməsinə keçir. Tədris sualı üzrə bütün elementlər işlənildikdən sonra fəaliyyət tam olaraq əvvəl asta, sonra isə müvafiq normativlərə uyğun yerinə yetirilir. Öyrənənlərin fəaliyyətində nöqsanlar olduqda məşğələni saxlamaq lazımdır, nöqsanlar göstərilir, onların aradan qaldırılması izah edilir və zəif mənimsənilmiş fəndlər və fəaliyyətlər təkrarlanır. Bu zaman, xüsusilə də çirklənmə dərəcəsinin təyin olunması, zəhərli maddənin varlığı, xüsusi təmizləmənin qaydası və ardıcıllığı suallarına diqqət yetirilir.

Tədris sualları işlənildikdən sonra bölmə komandirləri şəxsi heyət, silah, təchizat və maddi vasitələrin varlığını yoxlayır, məşğələ rəhbərinə məruzə edirlər. Təhlil məşğələnin yekun hissəsi sayılır. O, bütün şəxsi heyətlə və ya öyrənənlərin kateqoriyaları üzrə ayrılıqda keçirilə bilər. Təhlil hərtərəfli, obyektiv, prinsipial keçirilir, bölmələr qiymətləndirilir, tədris məqsədlərinə nail olunma dərəcəsi müəyyən edilir.

Taktiki-xüsusi məşğələlər – digər qoşun növlərindəki qaydada keçirilir. Fəaliyyətlər taktiki şəraitə uyğun olaraq tam həcmdə işlənilir, tapşırıqların yerinə yetirliməməsi və təhlükəsizlik qaydalarının pozulmasına aparan hallar baş verdikdə qısa fasilələr edilir, nöqsanlar aradan qaldırıldıqdan sonra məşğələ davam etdirilir.

Taktiki-xüsusi təlim

Taktiki-xüsusi təlim kimya hissə və bölmələrinin çöl vərdişlərinin əsas formasıdır və müxtəlif döyüş növlərində qoşunların döyüşə hazırolma və döyüş fəaliyyətinin kimya təminatı tapşırıqlarının yerinə yetirilməsinə hazırlığının mühüm vasitəsidir.

Taktiki-xüsusi təlimlər aşağıdakı məqsədlərlə keçirilir:

- hissə və bölmələrin uzlaşması, müxtəlif döyüş növlərində kimya və kimya-texniki təminat tapşırıqlarının yerinə yetirilməsi üzrə fəaliyyətlərin işlənməsi;
- kimya qoşunları hissə və bölmələrinin ərazidə tapşırıqların yerinə yetirilməsinin təşkilində, onların hərtərəfli təminatı və fasiləsiz idarəetmədə komandirlərin praktiki vərdişlərini təkmilləşdirmək;
- qoşun növü hissələri (bölmələri) və xidmətlərlə qarşılıqlı əlaqənin işlənməsi, şəxsi heyətdə yüksək döyüş, mənəvi və psixoloji keyfiyyətləri təkmilləşdirmək;
- nüvə partlayışının yeni aşkaretmə suallarını tədqiq edmək, radiasiya, kimya kəşfiyyatın aparılması, müxtəlif ərazilərdə, gecə və gündüz, istənilən şəraitdə xüsusi təmizləmənin keçirilməsi.

Taktiki-xüsusi təlimin gedişində komandirlər, qərargahlar və qoşunlar, praktiki olaraq fasiləsiz dəyişən taktiki şəraitdə, döyüş fəaliyyətlərinin müxtəlif növlərində, ayrı-ayrı ərazilərdə, ilin və sutkanın bütün vaxtlarında döyüş fəaliyyətlərinin kimya, kimya-texniki təminatı üzrə xüsusi tapşırıqlar yerinə yetirirlər. Təlimin məqsədlərinə çatmaq üçün elə şərait yaratmaq lazımdır ki, kimya qoşunları hissə və bölmələri mürəkkəb taktiki, radiasiya və kimyəvi şəraitdə fəaliyyət göstərsin, döyüşə maksimal yaxın şəraitdə kimya və kimya-texniki təminat tapşırıqları tam həcmdə yerinə yetirilsin.

Taktiki-xüsusi təlimə hazırlıq və keçirilməsi ərazidə komanda-qərargah təlimlərinin və ümumqoşun taktiki təlimlərin təşkili və keçirilməsi üzrə təlimatın tələblərinə uyğun, döyüşdə qoşunların fəaliyyətinin kimya təminatı tapşırıqlarının həlli xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir.

Taktiki-xüsusi təlim birliyin əlahiddə kimya mühafizə bölüyü ilə müstəqil və ya ümumqoşun taktiki təlimi zamanı keçirilir. Müstəqil taktiki-xüsusi təlimin rəhbəri birliyin kimya xidməti rəisi olur. Təlimin keçirilməsində köməklik göstərməsi üçün o, rəhbərlik və vasitəçilər aparatının heyətinə lazımi sayda zabit cəlb edir.
Bölük taktiki-xüsusi təliminin keçirilmə müddəti 1,5 sutkadan az olmamalıdır. Taktiki-xüsusi təlimin əsas öyrətmə üsulu – qoşunların fəaliyyətinin kimya təminatı tapşırıqları işlənilən zaman öz vəzifələrinin yerinə yetirilməsi üzrə praktiki işidir, bundan başqa izah etmə və göstərmə də tətbiq edilir.

Taktiki-xüsusi təlimə hazırlıq bölmə komandirinin və kimya xidməti rəisinin rəhbərliyi ilə həyata keçirilir və ona daxildir:

- təlimin planlaşdırılması;
- rəhbərlik və vasitəçilər aparatının, tədqiqat və digər qrupların hazırlanması;
- bölmələrin hazırlanması;
- təlim rayonlarının hazırlanması.

Taktiki-xüsusi təlimin təşkili üzrə ilkin məlumatlar bunlardır:

- mövzu, təlimin məqsədləri;
- təlimin mərhələləri və onların tədris sualları;
- təlimə cəlb olunan qoşunların tərkibi;
- təlimin keçirilmə rayonu;
- təlimin keçirilmə vaxtı;
- təlimin davamiyyəti;
- yamsılama vasitələrinin və motoehtiyatların məsrəfi normaları;
- təlimin keçirilməsi üçün cəlb olunan zabit heyəti.

Taktiki-xüsusi təlimin planlaşdırılması zamanı rəhbər ilkin məlumatları müəyyənləşdirir və aydınlaşdırır, eyni zamanda lazımi əmrləri, təlimatları öyrənir, zabitlərin, şəxsi heyətin və bütöv bölmənin taktiki-xüsusi hazırlıq səviyyəsini təhlil edir. Bundan başqa, əgər təlim digər qoşun növü hissələri (bölmələri) ilə birgə keçirilirsə rəhbər, kimya təminatı tapşırıqlarının həlli zamanı qarşılıqlı əlaqənin təşkili üçün lazım olan sualları dəqiqləşdirir.

Taktiki-xüsusi təlimin keçirilməsi üçün xəritədə təlimin keçirilmə planı işlənilir. Planda əks etdirilir:

- ilkin məlumatlar (mövzu, təlimin məqsədləri və təlimin keçirilmə vaxtı, təlimə cəlb olunan qoşunların tərkibi, yamsılama vasitələrinin və motoehtiyatların məsrəfi normaları, təlimin mərhələləri, onların davamiyyəti və tədris sualları, rəhbərin keçirdiyi tədbirlər);
- taktiki niyyət (birləşmə və hissələrin vəziyyəti), təlimin başlanğıcına öyrənən bölmələrin fəaliyyəti, döyüş tapşırıqları və fəaliyyətlərinin niyyəti, bir döyüş növü fəaliyyətindən digərinə keçmə zamanı, onların komandirlərinin yeni döyüş tapşırıqları və niyyətləri, ilkin rayonlar və onların tutulması vaxtları, komandirlərin ehtimal edilən qərarı göstərilmədən öyrənən bölmələrin xüsusi tapşırıqları, tərəflərin döyüş fəaliyyətlərinin oynanılması rayonları, təlimin hər mərhələsinin əvvəlinə tərəflərin vəziyyəti, təlimin əsas göstəriciləri (döyüş tapşırıqlarının cəbhəsi və dərinliyi, xüsusi tapşırıqların yerinə yetirilməsinin təşkilinə öyrədilən bölmələrin komandirləri tərəfindən ayrılan vaxt).

Taktiki-xüsusi təlimin planı təlimin rəhbəri (kimya xidməti rəisi) tərəfindən imzalanır və yuxarı rəis (birlik komandiri) tərəfindən təlimin keçirilməsindən bir həftə əvvəl təsdiq edilir.

Yamsılama sualları yamsılama planında işlənilir. Yamsılama, taktiki və xüsusi cəhətdən faydalı, yaradıcı, real olmalı, müasir döyüşün maksimal ehtimal olunan xüsusiyyətləri və kimya bölmələrinin tapşırıqlarının yerinə yetirməsi nəzərə alınmalıdır. Yamsılama üçün müxtəlif vasitələr tətbiq edilir. Yamsılama zamanı əsas diqqət təhlükəsizlik tədbirlərinə verilir, bunun üçün ərazinin yamsılama sahəsi işarələnir və qorunur. Təlim meydançalarının yamsılama komandaları və operatorların idarəetmə sualları diqqətlə işlənilir. Taktiki-xüsusi təlimlərdə təhlükəsizlik tədbirlərinin təşkil və təmin edilməsinə təlim rəhbəri cavabdehdir. Şəxsi heyətin təlimdə təhlükəsizlik tədbirlərinə əməl etmələrinə cavabdehlik, öyrənən bölmələrin komandirlərinə həvalə edilir. Onlar şəxsi heyətə təlimin təhlükəsizlik qaydalarını öyrətməli, yamsılama vasitələrinin sazlığına nəzarət etməli, yamsılama ərazilərinin və digər təhlükəli yerlərin işarələnmə qaydalarını şəxsi heyətə göstərməli, fərdi mühafizə vasitələrinin, həmçinin təlimə çıxarılan silahların, xüsusi və digər texnikaların sazlığını yoxlamalıdır. Təhlükəsizlik tədbirləri şəxsi heyətə imzalatmaqla çatdırılır.

Taktiki-xüsusi təlimin keçirilməsi üçün rəhbərliyə təlim rəhbəri öz köməkçilərindən lazımi sayda zabit, ehtiyac olan zaman isə digər hissələrdən xidmət rəislərini cəlb edir. Onlar təlimə hazırlıq zamanı təlimatların və digər rəhbər sənədlərin maddələrini, təlimin keçirilmə planını öyrənirlər. Təlimə hazırlıq üzrə əsas işlər təlimin keçiriləcəyi rayonda aparılmalıdır. Öyrədilən komandirlərin və bölmələrin hazırlığı, adətən döyüş hazırlığını pozmadan və məşğələlərin gedişində həyata keçirilir. Onun əsas məqsədi bütün şəxsi heyəti öz vəzifələrini yerinə yetirməsinə hazırlamaqdır.

Taktiki-xüsusi təlimin hazırlığına nəzarəti rəhbər şəxsən, öz müavinləri və köməkçiləri vasitəsi ilə həyata keçirir. Təlimdən əvvəl rəhbər hissənin (bölmənin) hazırlığına baxış keçirir, şəxsi heyətin və onun təchizatının varlığını, kimya silahları və mühafizə vasitələrinin vəziyyətini, əmlak, xüsusi və digər texnikanı, onların təlimə hazırlığını yoxlayır.

Aşkar olunmuş nöqsanlar aradan qaldırılır.

Təlim rayonlarının hazırlanması zamanı əlavə olaraq keçirilir:

- təlim suallarının işlənilməsi və cəmləşmə məntəqə və ya rayonlarının hazırlanması;
- zəhərlənmə, müxtəlif maneə və dağıntı sahələrinin qurulması, ərazinin çirklənmə sahələrinin (rayonlarının) işarələnməsi, qoşun növü bölmələrinin yerləşmə yerləri və ya xüsusi təmizləmə üçün obyektlərin yerləşdirilməsi.

Taktiki şəraitdən asılı olaraq taktiki-xüsusi təlim daimi yerləşmə məntəqəsindən və ya bölmələrin təlim üzrə çıxış rayonuna çıxarılması və onu tutması ilə başlayır. Tapşırıq verildikdən sonra tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, qərarın qəbul edilməsi və bölmələrə tapşırığın verilməsi vaxtını komandir təyin edir. Bu mərhələdə təlim rəhbəri bölük və taqım komandirlərinə qısa müddətə əsaslandırılmış qərarın qəbul edilməsi, dəqiq tapşırığın verilməsi, qarşılıqlı əlaqə və hərtərəfli təminatın əsas suallarının, radiasiya və kimya müşahidəsinin təşkilini və həyata keçirilməsini öyrədir və fəaliyyətlərinə nəzarət edir. Şəxsi heyət düşmənin kütləvi qırğın silahı tətbiqi şəraitində xəbərdaretmə siqnalları üzrə fəaliyyət göstərməyi öyrənir, müxtəlif normativləri yerinə yetirir, xüsusi təmizləmə maddələrini, döyüş və xüsusi texnikanı döyüş tətbiqinə hazırlayırlar.

Komandirin qərarını təlim rəhbəri şəxsən dinləyir və təsdiq edir. Təlim rəhbəri, onun müavinləri və köməkçiləri tabelikdəkilərə tapşırığın verilməsində iştirak edir, komandirlərin və şəxsi heyətin keçirdiyi bütün tədbirlərin yerinə yetirilməsinə nəzarət edirlər. Nəzarət və kömək elə həyata keçirilməlidir ki, onların tam sərbəstliyi təmin edilsin. Komandirlərin fəaliyyətinə və qərarına o zaman müdaxilə edilir ki, onların iş qaydaları yaranmış şəraitin tələblərinə cavab vermir. Nöqsanı aradan qaldırılmaq üçün təlim rəhbəri və onun köməkçiləri əlavə suallar (müdaxilələr) verməklə, öyrənənləri daha doğru qərar qəbul etməyə istiqamətləndirir. Bölmələrin xüsusi tapşırıqların yerinə yetirilməsinə başlaması ilə təlim rəhbəri, onun müavinləri və köməkçiləri onların fəaliyyətlərini müşahidə edirlər. Bu zaman onlar bölüyün bütün fəaliyyətini, təhlükəsizlik tədbirlərinə əməl edilməsini və qarşılıqlı əlaqə sualarını yoxlayırlar.

Əsas diqqət, göstərilən xüsusi təmizləmə rayonuna vaxtında gəlmələrinə, radiasiya kimya kəşfiyyat bölmələrinin fəaliyyətlərinin cəldliyinə və gizliliyinə, məruzələrin doğruluğuna, kimya təminatı tədbirlərinin keyfiyyətli yerinə yetirilməsinə və texnikanın effektiv istifadə edilməsinə yönəldilir. Təlimin gedişinə və öyrənənlərin fəaliyyətinə şəraitin dəyişdirilməsi ilə təsir etmək olar. Öyrənənlərin fəaliyyətinə effektiv təsir şərti itkilərin elan edilməsidir, bu da tibbi təminat suallarının işlənilməsi, silah və mühafizə vasitələrinin təmiri və bərpası, qısaldılmış heyətlə xüsusi tapşırıqların həlli, xüsusi fəaliyyətlərin yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl edilməsinə imkan yaradır. İtkinin səbəbləri zəif maskalanma, tapşırığın yerinə yetirilməsi zamanı sıxlıq, xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı səhvlər ola bilər. Təlimdə texnikanın və şəxsi heyətin sıradan çıxmasını nəzərə alaraq, konkret xəsarəti və zədəni göstərməklə şəxsi heyətə yardımın göstərilməsi və texnikanın bərpası, həmçinin müvafiq normativlərin yerinə yetirilməsi işlənilir. Taktiki-xüsusi təlimin keçirilməsinin məsuliyyətli məqamı düşmənin kütləvi qırğın silahı tətbiq etdikdən sonra, onun nəticələrinin aradan qaldırılması zamanı qoşun növü hissələri və bölmələri ilə kimya qoşunları bölmələri arasında qarşılıqlı əlaqənin təşkilidir. Bu fəaliyyətin işlənilməsinə hazırlıq adətən əvvəlcədən keçirilir. Düşmənin zəhərli maddələrinin yamsılaması üçün ərazinin sahələri, nüvə partlayışının yamsılanması üçün yerlər, xüsusi təmizləmənin aparılması üçün rayonlar işarələnir.

Təlim rəhbərinin müavinləri və köməkçiləri nəzarətdə saxlayır:

- bölmələrin xüsusi təmizləmə rayonuna çıxmasını və onların kəşfinin aparılmasını;
- çirklənməyə məruz qalmış hissələrin (bölmələrin) təmizlənməsi üçün xüsusi texnikaların açılmasını;
- şəxsi heyətin, silahların və döyüş texnikasının təmizlənməsi üzrə heyətlərin fəaliyyət ardıcıllığını, düzgünlüyünü və bütövlüyünü;
- xüsusi təmizləmə rayonunda bölmələrin idarə edilməsini;
- xüsusi təmizləmədən sonra bölmələrin düzgün yerləşdirilməsini və təhlükəsizlik tədbirlərinə əməl edilməsini;
- kimya qoşunları bölmələrinin yığılması qaydalarını, onların yerdəyişməyə hazırlığını və yerdəyişməsini.

Verilmiş tapşırığın düzgün yerinə yetirilmədiyi və təhlükəsizlik tədbirlərinin pozulduğu halda, təlim rəbəri xüsusi fasilə edir, buraxılmış nöqsanları göstərir və onların aradan qaldırılmasına nail olur. Təlim rəhbəri, onun müavinləri və köməkçiləri komandirlərin əsaslı təşəbbüslərini həvəsləndirməli, öyrənənləri öz qərarlarına məcbur etməməli və onların sərbəstliyinə mane olmamalı, onların fəaliyyətinə ancaq müdaxilələrlə təsir göstərməlidir.

Təhlil, təlimin yekun hissəsidir. Onun hazırlanması və keçirilməsi motoatıcı (tank) birləşmələri, hissələri, bölmələri ilə keçirilən taktiki təlimin hazırlanması və keçirilməsi ilə eynidir. Bununla bərabər bir sıra xüsusiyyətlər mövcuddur.
Öyrənənlərin fəaliyyətinin təhlili adətən bu ardıcıllıqla keçirilir:

- komandirlərin qərarları;
- texnikadan istifadə məqsədəuyğunluğu;
- qəbul edilmiş qərarın müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən tədbirlər;
- xüsusi tapşırığın yerinə yetirliməsi zamanı bölmələrin idarə edilməsinin təmin olunması üzrə komandirlərin işi;
- hərbi intizamın səviyyəsi, tərbiyəvi işin formasının və üsulunun təsiri.

Kimya bölmələrinin çöl vərdişlərinin qiymətləndirilməsi zamanı təlim rəhbəri çirklənmə dərəcəsini və növünü, silahların, döyüş və digər texnikanın, avadanlıqların deqazasiyası, dezaktivasiyası və dezinfeksiyasının tamlığını, şəxsi heyətin düşmənin zəhərli maddələrinin yamsılaması zamanı təhlükəsizlik tədbirlərini bilmələrini və əməl etmələrini dəqiq müəyyənləşdirir.

Nəticə

1. Kimya qoşunları hissə və bölmələrinin ştatı, xüsusi silah və texnikası, avadanlıqları, cihazları və digər təchizatı, nəticədə döyüş imkanları, düşmən kütləvi qırğın silahlarının döyüş imkanları, eləcə də istər düşmən ölkənin, istərsə də öz ölkəmizin və digər qonşu ölkələrin kimya sənayesində baş verə biləcək qəzaların ehtimal olunan nəticələri nəzərə alınaraq təmin edilməlidir.

2. Qərargahlar, xüsusilə də kimya xidməti rəisləri döyüş hazırlığının planlaşdırılması zamanı kimya hissə və bölmələrinin digər qoşun növləri ilə birgə hazırlığına diqqət yetirməli və hazırlığın gedişində buna əməl olunmasını nəzarətdə saxlamalıdırlar.

3. Kimya qoşunları hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı planlaşdırılarkən və keçirildikdə seçilmiş mövzular real vəziyyət qiymətləndirilməsinə, qoşunların döyüş tapşırıqlarına, komandirlərin qərarlarına və təminat planlarına uyğun olmalıdır.

Mənbələr:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Döyüş hazırlığının metodikasi təlimnaməsi”
http://lemur59.ru/node/9773
http://oldconsolgames.weebly.com/blog/rukovodstvo-po-boevomu-primeneniyu-vojsk-rhbz

Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Kimya hissə və bölmələrinin taktiki-xüsusi hazırlığı - HƏRBİ EKSPERT (ANALİZ)

2020/03/3-4752047421.jpg
Oxunub: 2556     17:03     19 Mart 2020    