Taktiki və xüsusi kəşfiyyatın fərqlərinə baxış - HƏRBİ EKSPERT

2019/11/ed3eb-1574496531.jpg
Oxunub: 1975     11:17     27 Noyabr 2019    
Azərbaycan kütləvi informasiya vasitələrində dərc olunan əksər materallarda operativ və taktiki (qoşun) kəşfiyyat, onları həyata keçirən hissə və bölmələr arasında sərhədləri ayırd etmək mümkün olmur. Bəzi hərbçilərin verdiyi şərhlərdə, müharibə mövzusunda yazılan bədii ədəbiyyat əsərlərində və bu əsərlər əsasında çəkilən filmlərdə, bu filmlərə rəy verən yüksək rütbəli hərbi ekspertlərin açıqlamalarında bu terminlər kifayət qədər bir-biri ilə qarışdırılır. Hansısa yalnış fikri internet resurslarda dəyişmək olur, lakin jurnal və ya filmlərdə yol verilən səhvlərin aradan qaldırılması təəssüf ki, mümkün olmur. Buna görə də bu dəfə xüsusi təyinatlı və qoşun kəşfiyyatı arasında sərhədləri konkretləşdirməyə çalışacağıq. Yazıda sadədən mürəkkəbə doğru, formulasına uyğun olaraq taktiki kəşfiyyatdan başlayacağıq.

Taktiki kəşfiyyatın yaranması, məqsədi və vəzifələri

Taktiki kəşfiyyat və ya qoşun kəşfiyyatı əsas döyüş təminatı növlərindən biri olaraq, düşmənlə təmas vəziyyətində olan taktiki səviyyəli birləşmələrin, hissə və bölmələrin döyüş əməliyyatlarının təmin edilməsi məqsədilə yaradılıb.

Taktiki kəşfiyyatın əsas məqsədi düşmənin döyüş imkanları, planları, ərazi və hava şəraiti də daxil olmaqla, döyüş əməliyyat sahəsində zəif və həssas nöqtələri barədə məlumatlar əldə etməkdir. Taktiki kəşfiyyatın əsas vəzifələrinə cavabdehlik zonasında düşmənin kütləvi qırğın silahlarının, idarəolunan raket komplekslərinin, yüksək dəqiqlikli sistemlərinin, artilleriyasının, tanklarının, ZRK, müşahidə məntəqələrinin, tank əleyhinə silahlarının, pulemyotların və digər vacib obyektlərin atəş mövqelərini və koordinatlarını təyin etməkdən ibarətdir. Obyektlərin koordinatlarının müəyyənləşdirilməsində ortalama səhv ətraflı kəşfiyyat zonasında 20-40 metrdən, müşahidə kəşfiyyatı zonasında isə 100-200 metrdən çox olmamalıdır. Sərəncamda olan güc və vasitələrin də əsas hissəsi bu kompleks vəzifələrin yerinə yetirilməsinə yönəldilməlidir.

Düşmən hissə və bölmələrinin yerləşdiyi mövqelərin (ərazilərin) mühəndis təminatının xüsusiyyət və dərəcəsini, onların maneələr sistemini müəyyənləşdirmək (başqa sözlə, mühəndis kəşfiyyatı) də taktiki kəşfiyyatın vəzifələrinin sırasına daxildir.

Düşmənin döyüş qabiliyyəti, planları, həssas nöqtələri və əməliyyat bölgəsi (ərazi və hava şəraiti də daxil olmaqla) barədə məlumatlar, komandir və qərargah tərəfindən hərbi əməliyyatların planlaşdırılması və aparılması ilə bağlı optimal qərarların qəbul edilməsini asanlaşdırır.

Bu məlumatlar ya düşmənlə təmas vəziyyətində olan taktiki səviyyəli qüvvələrin özünün kəşfiyyat orqanları tərəfindən, ya da üst komandanlığın qüvvə və vasitələri tərəfindən əldə edilir.

Taktiki kəşfiyyatın qarşısında qoyulan digər vəzifələrdən biri də silahlı mübarizənin yeni vasitələrinin, döyüş metodlarının və üsullarının müəyyənləşdirilməsindən ibarət olub. Bu və əvvəlki vəzifələrin icrası məqsədilə yerli sakinlərlə görüşmək, əsirlər və ya fərarilərlə sorğu-sual etmək, radio danışıqları ələ keçirmək, düşməndən götürülən sənədləri, avadanlıqları və silahları öyrənmək, yerüstü və hava kəşfiyyatının informasiyalarından istifadə etməklə kəşfiyyat məlumatları əldə edilir.

Taktiki kəşfiyyatın obyekt və hədəfləri

Taktiki kəşfiyyat obyektlərinə 1 kvadrat km-dən çox olmayan ərazidə və bir qayda olaraq düşmənin döyüş düzülüşünün 100 km-ə qədər dərinliyində yerləşən silahlı mübarizə qüvvə və vasitələri, düşmən qruplaşmasının döyüş düzülüşündəki elementlər, qoşunların fəaliyyətlərini və silah istifadəsini proqnozlaşdırmaq və komandirin qərar qəbul etməsi üçün düşmənin mühəndis qurğuları, yerli maneələr kimi obyektlər aid edilir.

Silah, tank, radiostansiya, RLS, TƏİRK kimi ayrıca avadanlıqlar və onlardan istifadə edən və ya texniki xidmət göstərən şəxsi heyət, eləcə də müşahidə məntəqəsi taktiki kəşfiyyatın hədəfləri hesab edilir.

Taktiki kəşfiyyat orqanları

Taktiki kəşfiyyat orqanları birləşmələrin, hissələrin və bölmələrin döyüş düzülüşündə və ya yaxın dərinliyində, əməliyyatın yerinə yetirilməsi maraqlarının təmin edilməsi məqsədi ilə vəzifələrini yerinə yetirir.

Hər bir birlik, birləşmə, hissə və bölmə üzərinə düşən taktiki kəşfiyyat vəzifələrini icra etmək üçün tərkibində mövcud olan bölmələrdən və onun texniki vasitələrindən istifadə edir. Adətən birlik və birləşmələr hərbi hissə statusuna malik əlahiddə kəşfiyyat taborunun, hissələrdə kəşfiyyat bölüyünün, taborlarda kəşfiyyat taqımının, bölüklərdə kəşfiyyat manqalarının, digər bölmələrdə isə müşahidəçilərin xidmətlərindən istifadə edilir.

Qoşun kəşfiyyatı kəşfiyyat, motoatıcı, tank, paraşüt-desant və desant hücum bölmələri tərəfindən, onu göndərən komandirin atəşlə dəstəkləyə biləcəyi dərinlikdə aparılır. Taktiki kəşfiyyat qismən kiçik miqyaslı əməliyyatları təmin etmək üçün nəzərdə tutulur. Onun aparılmasının vacib üsullarından biri də düşmən hərbçisinin diri ələ keçirilməsidir.

Ümumqoşun birlik, hssə və bölmələrindən taktiki kəşfiyyatı aparmaq məqsədilə aşağıdakı kəşfiyyat orqanları təyin olunur:

Birləşmədən - kəşfiyyat dəstələri, kəşfiyyat patrulları, kəşfiyyat qrupları, zabit kəşfiyyat patrulları, axtarış, pusqu və döyüşlə kəşfiyyat həyata keçirmək üçün bölmələr, müşahidə məntəqələri;
Hissədən - kəşfiyyat dəstələri, kəşfiyyat patrulları, zabit kəşfiyyat patrulları, axtarış və pusqu həyata keçirmək üçün bölmələr, müşahidə məntəqələri;
Tabordan - döyüş kəşfiyyatı patrulları, pusqu həyata keçirmək üçün bölmələr, patrul manqası, müşahidə məntəqəsi;
Bölükdən - patrul manqası, müşahidəçi, bəzən döyüş kəşfiyyat patrulları;
Taqım və manqadan - müşahidəçi və patrul nəfəri.

Bəzi kiçik bölmələrin ştat cədvəlində kəşfiyyat taqımı, manqası və ya kəşfiyyatçı nəzərdə tutulmaya bilər, lakin bu həmin bölmə komandirlərini 24 saat ərazinin kəşfiyyat aparılması məsuliyyətindən azad etmir. Bu məqsədlə həmin bölmələrin komandirləri, yerinə yetiriləcək vəzifələrin miqyasına görə, öz əmri ilə ştatdankənar kəşfiyyat taqımı, manqası və ya müşahidəçi təyin etməli, onlara döyüş tapşırıqları verməli və bu barədə müvafiq sənədlərdə yazılı qeydlər aparmalıdır.

Kəşfiyyat taboru və tərkibi

Silahlı Qüvvələrdə taktiki kəşfiyyatın vəzifələrini yerinə yetirən hərbi hissələr, birlik və ya birləşmələrin əlahiddə kəşfiyyat taborlarıdır.

Əlahiddə kəşfiyyat taborları adətən 2 kəşfiyyat bölüyündən (bunlardan biri kəşfiyyat diversiya bölüyü ola bilər), 1 radotexniki kəşfiyyat bölüyündən və təminat taqımlarından ibarətdir. Onların xüsusi təyinatlı taqımlarlarla gücləndirilməsi də mümkündür.

Kəşfiyyat bölükləri isə hər biri 3 manqaya malik 3 (bəzən isə 2) taqımdan ibarət olur və strukturuna görə hərbi hissələrin kəşfiyyat bölüklərindən ciddi fərqlənmir. Onlar öz vəzifələrini kəşfiyyat qrupları vasitəsilə basqın, axtarış, pusqu, döyüş patrulu, əlahiddə kəşfiyyat patrulu və s. vasitəsilə yerinə yetirir.

Taborun radiotexniki kəşfiyyat bölüyü hərbi hissələr miqyasında mövcud olmur, lakin daha üst səviyyəli kəşfiyyat orqanlarının tabeliyində, həm də daha geniş tərkibdə fəaliyyət göstərir.

Kəşfiyyat dəstəsi

Ən vacib istiqamətdə kəşfiyyat aparmaq üçün bir kəşfiyyat dəstəsi göndərilir. Adətən motoatıcı bölük bu vəzifələri icra edir. Bəzən motoatıcı diviziyadan motoatıcı və ya tank taboru da kəşfiyyat dəstəsinə təyin edilə bilər. Vəzifələrin yerinə yetirilməsi üçün kəşfiyyat dəstəsindən kəşfiyyat patrulu və patrul manqası (tank) göndərilir. Dəstə öz vəzifələrini müşahidə, pusqu, basqın və zəruri hallarda döyüşlə yerinə yetirir.

Kəşfiyyat qrupu

Kəşfiyyat qrupu kəşfiyyat bölməsinin xüsusi təlim keçmiş şəxsi heyətindən təyin edilir və adətən tərkibi bir manqadan ibarət olur. Kəşfiyyat qrupu, nüvə və kimyəvi hücum obyektlərinin, dəqiq silahların, komanda məntəqələrinin, ümumqoşun ehtiyatlarının, aerodromların və digər obyektlərin aşkar edilməsi üçün düşmənin arxa cəbhəsində əməliyyatlar üçün nəzərdə tutulur. Gün ərzində qrup 1-2 obyekti və ya 100 kvadrat kilometrədək ərazinin kəşfiyyatını apara bilər.

Qrup düşmən arxasına piyada, döyüş və ya digər nəqliyyat vasitələri ilə, paraşüt və ya desant üsulu ilə hava vasitələri ilə, sahil istiqamətlərində isə donanma vasitələri ilə göndərilir. Kəşfiyyat qrupu tərəfindən kəşfiyyat aparılmasının əsas metodu müşahidədir, lakin zərurət yarandıqda, yuxarı komandanlığın icazəsi ilə digər metodlardan da istifadə edilə bilər.

Pusqu

Pusqu kəşfiyyat qrupunun əvvəlcədən və gizli şəkildə düşmənin hərəkət yollarında yerləşməsi, sonra isə əsirləri, sənədləri, silahları və avadanlıqları məhv etmək və ya ələ keçirmək, həmçinin onun hərəkətini pozmaq məqsədilə gözlənilmədən həyata keçirilən hücumdur.

Pusqu istənilən döyüş şəraitində, istənilən ərazidə, müxtəlif meteoroloji şəraitdə və günün istənilən vaxtında tətbiq oluna bilər. Düşmən müdafiəsinin dərinliklərində, cəbhə xəttində, cəbhə xəttinin qarşısında və qoşunların yerləşdiyi ərazilərdə işləyə bilər. Pusqu həyata keçirmək üçün qrupdan müşahidə, ələkeçirmə və atəş dəstək qrupları təyin olunur. Kəşfiyyat manqası (BRM ekipajı) müstəqil döyüş tapşırıqlarını yerinə yetirərkən pusqu qura bilər.

Kəşfiyyat bölmələrinin döyüş istifadəsi təcrübəsinə görə, pusqular əvvəlcədən hazırlana və ya ani olaraq (dərhal) həyata keçirilə bilər. Hazırlıqlı pusqu, düşmənin və onun hərəkət yollarının tam kəşfiyyatının aparılmasının nəticəsidir. Bu, düşmənin əvvəlcədən məlum olan hərəkət marşrutu üzərində planlaşdırılan xüsusi bir tədbirdir. Hazırlıqlı pusqu diqqətli planlaşdırma və hərtərəfli dəstək tələb edir.

Basqın

Basqın bir qayda olaraq kəşfiyyat orqanlarının komandirlərinin qərarı və onları kəşfiyyata göndərən rəisin icazəsilə keçirilir.

Basqının obyektlərinə:

- cəmləşmə zonalarında və atəş mövqelərində nüvə hücum silahları,
- nüvə silah anbarları (saxlanma və təchizatı məntəqələri),
- kəşfiyyat və zərbə tipli PUA-lar, onların enmə-qalxma zolaqları,
- komanda müşahidə məntəqələri,
- qərargahlar, rabitə və radio qovşaqları,
- kiçik qarnizonlar, geri çəkilən karvanlar və digər düşmən hədəfləri aid edilir.

Basqın zamanı döyüş düzülüşü obyektin yerləşdiyi yerdən, düşmənin qüvvələrin tərkibindən, atəş gücündən, fəaliyyət xarakterindən və ərazidən asılıdır. Düşmən arxasında fəaliyyət göstərən basqın qrupu düşmənin saatdar və ya mühafizəçilərini zərərsizləşdirmək üçün hücum alt qrupuna və atəş təminatı alt qrupuna bölünür. Konkret vəziyyətdən asılı olaraq qrupun tərkibində mühəndis təminatı alt qrupu da yaradıla bilər.

Axtarış

Mühəndis kəşfiyyatı və minatəmizləmə qurğularına malik istehkamçılar tərəfindən gücləndirilən kəşfiyyat, motoatıcı, paraşütçü və paraşüt-desant və ya desant-hücum taqımları axtarış qrupuna təyin edilə bilər. Qrupun fəaliyyətləri tankların, artilleriyanın və digər silahların atəşi ilə dəstəklənə bilər. Axtarış üçün qrupdan ələkeçirmə, atəş dəstəyi və maneə təmizləmə alt qrupları təyin edilir.
Axtarış üçün təyin edilən bölmə təyin edilən ərazidə müşahidə ilə düşmən əsgərləri tərəfindən mühafizə xidmətinin aparılması qaydasını əvvəlcədən öyrənməlidir: gizli əsgərlər və ya qarovul nəfərləri harada yerləşdirilir, hansı saatlarda dəyişdirilir, düşmən əsgərləri, xüsuslə çaparlar və ya rabitəçilər hansı yollarla hərəkət edir, zabitlər harada yatır və s.

Bir qayda olaraq əsiri ələ keçirmək üçün ən əlverişli yerlər aşağıdakılardır:

- şəxsi heyətin hərəkət etdiyi cığır və yollar;
- düşmən əsgərlərinin odun doğramağa, su gətirməyə getdiyi yaşayış məntəqələrinin kənarları;
- ərzaqların ön xəttə daşınması üçün istifadə olunan əlaqə yolları;
- şəxsi heyətin istifadə etdiyi və ön xəttdən qismən aralıda yerləşən hamam və ya tualetlər.
- axtarış üçün ən yaxşı zaman qaranlıq gecə və ya qatı dumanlı havadır.

Patrul manqası

Patrul manqası (tank) əsas qüvvələrindən təcrid olunaraq düşməni vaxtında aşkar etmək və ərazinin kəşfiyyatını aparmaq üçün döyüş tapşırıqlarını yerinə yetirən kəşfiyyat bölməsindən göndərilir. Manqa (tank) müşahidə edilə biləcək və atəşlə dəstəklənəcək məsafədə hərəkət edir. Patrul manqası (tank) döyüş maşınında, digər nəqliyyat vasitələrində, eləcə də piyada hərəkət edərək tapşırığını müşahidə ilə yerinə yetirir. Əraziyə baxış və ya fərdi yerli obyektlərin birbaşa yoxlanılması üçün manqadan piyada patrul göndərilə bilər.

Kəşfiyyat patrulu

Kəşfiyyat patrulu kəşfiyyat dəstəsinə təyin edilən bölükdən bir taqıma qədər heyət ilə təyin edilir. Tapşırıqlarını müşahidə, qulaqasma və pusqu ilə yerinə yetirir.

Düşmən və ərazinin kəşfiyyatını aparmaq üçün dəstədən patrul manqaları və ya patrul nəfərləri göndərilə bilər.

Döyüş kəşfiyyat patrulu

Döyüş kəşfiyyat patrulu döyüş zamanı və düşmənlə birbaşa təmas olmadıqda tabordan bir taqıma qədər qüvvə ilə göndərilir. O, düşmənin atəş vasitələrini, pusqularını, cəbhənin ön hissəsində və bölmənin cinahlarında düşmənin maneələri barədə kəşfiyyat məlumatlarını əldə etmək üçün nəzərdə tutulur. Döyüş kəşfiyyat patrulu öz vəzifələrini müşahidə, pusqu və döyüşlə yerinə yetirir. Ərazinin yoxlanılması ya tam tərkiblə, ya da təyin edilən patrul manqası ilə həyata keçirilir.

Əlahiddə kəşfiyyat patrulu

Bütün döyüş növlərində və yürüşlərdə kəşfiyyat aparmaq üçün əlahiddə kəşfiyyat patrulu göndərilir. Gücləndirilən bir taqım tərkibinə malik əlahiddə kəşfiyyat patrulu tapşırıqlarının icrası zamanı müşahidə, pusqu və basqından istifadə edə bilər. Kəşfiyyatı aparılan ərazi istiqamətində birbaşa mühafizə və yoxlama üçün zərurət olduqda isə hərəkət marşrutunun yan tərəflərinə də patrul manqası və ya patrul nəfərləri göndərilir.

Zabit kəşfiyyat patrulu

Zabit kəşfiyyat patrulu ən vacib məlumatları əldə etmək üçün birləşmə (hissə) komandiri tərəfindən göndərilir. Tapşırıqdan asılı olaraq onun tərkibinə zəruri kəşfiyyat və rabitə vasitələrinə malik bir və ya iki zabit daxil ola bilər. Zabit kəşfiyyat patrulu BMP, tank, helikopter və digər nəqliyyat vasitələrində hərəkət edir.

Müşahidə məntəqəsi

Müşahidə məntəqəsi hərbi qulluqçuların şəxsi silahları, müşahidə cihazları, lazımi sənədlər və rabitə vasitələri ilə müşahidə aparmaq üçün təyin edildiyi yerdir. Müəyyən olunan sektorda (zolaqda) düşmənin kəşfiyyatını aparmaq üçün nəzərdə tutulur. Gecə və məhdud görünmə şəraitində yerüstü hərəkətli hədəflərin kəşfiyyatını aparmaq üçün Müşahidə məntəqəsində radiolokasiya stansiyası, məsafəölçən, termal kameralar və s. yerləşdirilə bilər. Müşahidə postları həm müdafiədə, həm də hücuma hazırlıq dövründə təyin olunur. Onlar, bir qayda olaraq, bölmələrin cinahlarında və ön xəttdə yerləşdirilir.

Müşahidə postu 2-3 müşahidəçidən ibarətdir, onlardan biri məntəqə başçısı təyin edilir. Ona tapşırıq hissənin kəşfiyyat rəisi və ya qərargah rəisi tərəfindən verilir və müşahidə jurnalında müvafiq qeyd aparılır.

Döyüşlə kəşfiyyat

Bizim KİV-lərdə yalnış istiqamətdə müzakirə olunan mövzulardan biri də döyüşlə kəşfiyyatdır. Hərbi əməliyyatların aparılması ənənələrini araşdırarkən məlum olur ki, bir qayda olaraq əksər komandirlər düşmən haqqında lazımi məlumatları digər vasitələrlə və üsullarla əldə etmək mümkün olmadıqda döyüşlə kəşfiyyatdan istifadə ediblər.

Döyüşlə kəşfiyyata adətən kəşfiyyat bölmələri cəlb edilmir. Bu məqsədlə birləşmədən gücləndirilən motoatıcı və ya tank taboru (bölüyü) təyin edilir. Onun döyüş düzülüşündə əsirləri, sənədləri, silahları və avadanlıqları ələ keçirmək üçün əlahiddə kəşfiyyat patrulları, artilleriya kəşfiyyatçıları və mühəndis kəşfiyyatçıları fəaliyyət göstərə bilər.

Döyüşlə kəşfiyyat - düşmən haqqında aktual məlumatlar əldə etmək məqsədilə həyata keçirilir. Bu məqsədlə xüsusi hazırlıqlı bölmə tərəfindən düşmən döyüşə cəlb olunur.

Adətən praktikada döyüşlə kəşfiyyat intensiv əməliyyatlar zamanı, döyüş şəraiti qoşunların təcili irəlləməsini tələb etdiyi hallarda, yəni digər orqanlardan istifadə əlavə vaxt tələb edəcəyi və hücumun ləngiyə biləcəyi zaman tətbiq olunur. Burada taktiki kəşfiyyat orqanlarının əldə etdiyi məlumatların analizi üçün məhdud zaman faktoru nəzərə alınmalıdır, çünki bu məlumatların bir çoxu aktuallığını tez itirə bilər.

Döyüşlə kəşfiyyatın digərlərindən fərqi ondadır ki, bütün kəşfiyyat üsulları tam məxfi şəraitdə keçirilərkən, döyüşlə kəşfiyyatda belə bir ciddi məxfiçilik rejiminə riayət olunması o qədər vacib deyil. Döyüşlə kəşfiyyat taktiki üsuldur və o imkan verir ki, kəşfiyyat fəaliyyətlərini yerinə yetirərkən, əlavə qüvvə cəlb etmədən əsas tapşırıq da yerinə yetirilsin. Məsələn, döyüşlə kəşfiyyatı aparılan obyektdə və ya ərazidə düşmən müqavimətinə rast gəlmədikdə, bölmələr həmin ərazidə möhkəmlənə də bilər.

Radiotexniki kəşfiyyat

Radiotexniki kəşfiyyat radiolokasiya stansiyalarının, radionaviqasiya və radio-telekommunikasiya sistemlərinin aşkarlanması və tanınması üçün aparılır və radioelektron kəşfiyyatın ən qədim növlərindən biridir. Müxtəlif rabitə vasitələrinə qarşı yönəldilən radiotexniki kəşfiyyatın əsas vəzifəsi açıq, gizli, məxfi və ya kodlanaraq göndərilən siqnalların aşkar edilməsi və tutulmasından, siqnalların pelenq olunmasından, əldə olunan məlumatların açılması məqsədilə analiz olunmasından və siqnal ötürən stansiyaların yerləşdiyi ərazinin koordinatlarının təyin edilməsindən ibarətdir.

Bu kəşfiyyat növü düşmənin siqnal ötürən stansiyaları haqqında məlumatlar, onların quruluşu və ötürülən siqnalların məzmunu, rəqibin qərargahı və komanda məntəqələri, qoşun qruplaşmasının tərkibi, rabitə qovşaqları, raketlərin start mövqeləri və s. haqqında məlumat toplamağa imkan verir. Bunlar isə düşmənin döyüş niyyətinin təyin olunmasında çox vacibdir.

Sadalanan kəşfiyyat orqanlarının fəaliyyətləri birlik və ya birləşmənin döyüş tapşırıqlarına uyğun olaraq onların komandirlərinin qərarı ilə tabelikdə olan hərbi hissələrin motoatıcı (tank) bölmələri tərəfindən də həyata keçirilə bilər. Digər tərəfdən isə eyni kəşfiyyat üsulları həm taktiki kəşfiyyat bölmələri, həm də xüsusi təyinatlı bölmələr tərəfindən tətbiq olunur, yalnız burada əməliyyatın keçirildiyi ərazinin ön xətdən hansı dərinlikdə və hansı məqsədlə keçirilməsinə diqqət yetirmək zəruridir.

Radiotexniki kəşfiyyat istisna olmaqla, daha əvvəl adı çəkilən kəşfiyyat vəzifələrinin yerinə yetirilməsi üçün motoatıcı (tank) bölmələrinin tərkibindən də bəzi kəşfiyyat orqanları təyin edilə bilər. Onların hər birinin vəzifəsi və tərkibi, döyüş əməliyyatlarının xarakterinə, bölmələrin hazırlığına, real ərazi şəraitinə və digər faktorlara görə dəyişə bilər.

Xüsusi Xəyinatlı Qüvvələrin yaranması

İlkin yaranma zamanı, düşmən müdafiəsinin dərinliyində fəaliyyət üçün hazırlanan xüsusi təyinatlı qüvvələrin qrupları əsasən diversiya törətmək və yerli sakinlər arasında partizan dəstələri yaratmaq üçün nəzərdə tutulurdu. Bununla əlaqədar olaraq, əvvəllər kəşfiyyat və diversiya əməliyyatlarının təşkilini ifadə edən "xüsusi kəşfiyyat" termini istifadə edilməyə başlandı. Bütövlükdə operativ kəşfiyyatın funksiyaları həmin tarixi dövrdə bu qüvvələrə aid edilmirdi.

1950-ci illərdən sonra bu vəzifələri yerinə yetirən bölmələr üçün "xüsusi təyinatlı kəşfiyyat", "dərin kəşfiyyat" (long range surveillance unit), "ordu xüsusi təyinatlısı" və s. kimi terminlər sinonim olaraq istifadə olunmağa başladı.

Onların əsas vəzifələrinə düşmən cəbhəsinin dərinliyində kəşfiyyat, əks-kəşfiyyat, diversiya və terrorçuların məhv edilməsi aid edilir. Xüsusi təyinatlı qüvvələr yaradıldıqları zamandan sonra baş verən bütün müharibələrdə böyük rol oynayıb. Hazırda bu qüvvələr Silahlı Qüvvələrinin ən qapalı və ən yüksək döyüş hazırlıqlı hissəsidir. Təbii ki, qaçış, paraşütlə tullanma, atəş hazırlığı, taktiki ixtisas hazırlığı və əlbəyaxa döyüş xüsusi təyinatlı üçün vacib göstəricilərdir. Lakin xüsusi təyinatlı üçün ən əsası kəşfiyyat vəzifələridir, bu isə onlardan dərin zəka tələb edir. İngilislər kəşfiyyat sözünü "intelligence-zəka" kimi tərcümə edərək xüsusi təyinatlının əsas gücünün əzələdə deyil, başında olmasına diqqət yönəldirlər.

Vəzifələri

Xüsusi təyinatlı qüvvələrin vəzifələrinə düşmən arxasında təxribat və kəşfiyyat əməliyyatları keçirməklə bərabər döyüş əməliyyatlar teatrında silahlı qüvvələr üçün əhəmiyyətli kəşfiyyat məlumatlarının toplanması da aid edilir. XTQ həm dövlət və hərbi idarəetmə məntəqələrinin, dövlət və hərbi rəhbərlərin, rabitə mərkəzlərinin, komanda məntəqələrinin, nüvə hücumu obyektlərinin, nüvə silah anbarlarının, strateji aviasiya hava limanlarının, dəniz bazalarının məhv edilməsini, həm də onlara pilotlu/pilotsuz aviasiya və artilleriya tuşlanmasını həyata keçirmək üçün nəzərdə tutulur.

XTQ bunlardan əlavə:

- psixoloji əməliyyatlar apara,
- üsyançı (müxalif) silahlı dəstələri təşkil edə və ya onları dəstəkləyə,
- strateji əhəmiyyətli obyektləri məhv edə,
- antiterror əməliyyatları keçirə bilər, terrorçu qrupların liderlərinin məhv edilməsi və ya ələ keçirilməsini reallaşdıra,
- əsirlərin saxlandığı obyektləri axtarıb tapa və əsirlərin qaytarılması məqsədilə xüsusi əməliyyatlar keçirə bilər.

Hər bir konkret müharibə, münaqişə, döyüş və ya əməliyyatın döyüş niyyətinə uyğun olaraq XTQ-nin tətbiqi planı hazırlanmalı və yuxarı komandanlıq tərəfindən təsdiq edilməlidir. Lakin heç bir halda XTQ digər qoşun növlərinin cavabdehlik zonasında və ya əməliyyat zolağında əmliyyatlara cəlb edilməməli, eyni zamanda onların fəaliyyətlərində yol verdikləri səhvlərinin aradan qaldırılması kimi vəzifələrin yerinə yetirilməsində iştirak etməməlidirlər. Bu qaydaların hər biri döyüşçü qanı ilə yazılıb. Odur ki, hər bir səviyyədən olan komandirlər tərəfindən də əməl olunması vacibdir, əks halda sürprizlər qaçılmaz olacaq.

Tərkibi

Xüsusi Təyinatlı Qüvvələrin tərkibini və silahlanmasını hər bir ölkə mümkün qədər məxfi saxlamağa çalışır. Lakun yenə də digər ölkələrin analoji qurumlarının tərkibi bəzi variantları fərziyyə olaraq irəli sürməyə imkan verir.

XTQ-lərin bir neçə briqadadan, döyüş və arxa cəbhə təminatı hissələrindən (bölmələrindən) ibarət olduğu etimal olunur. Döyüş imkanları əsasən xüsusi təyinatlı briqadaların hesabına formalaşır. Bu briqadalar isə öz növbəsində aşağıdakı bölmələrdən ibarət ola bilər:

- idarə heyəti;
- qərargah;
- 3 və ya 4 (bəzən 5-6) xüsusi təyinatlı tabor;
- aviasiya eskadrilyası;
- komendant taqımı;
- mühəndis istehkam bölüyü;
- rabitə bölüyü;
- texniki təminat bölüyü;
- maddi təminat bölüyü.

Bir çox ölkələrin Xüsusi Təyinatlı Qüvvələrində əlahiddə təminat bölmələri qərargah bölüyünün tərkibinə daxil edilə də bilər.

Hər bir taborun isə 3 xüsusi təyinatlı bölükdən, mühəndis istehkam, rabitə və təminat taqımından ibarət olduğu ehtimal edilir.

Təbii ki, XTQ silahlanmasında ölkənin imkanları yetəcək qədər müasir helikopterlər, zirehli maşınlar, rabitə vasitələri, atıcı silahlar, zirehli gödəkcələr, dəqilqələr və digər avadanlıqlar da yer alır.

XTQ əməliyyatları

Xüsusi təyinatlı Qüvvələr taktiki kəşfiyyatın tətbiq etdiyi üsulların hamısından, lakin fərqli dərinlikdə və fərqli məqsədlərlə istifadə edə bilər. Onları fəaliyyət əhatəsinə görə şərti olaraq 3 yerə bölmək mümkündür:

- kəşfiyyat əməliyyatları (düşmən haqqında məlumat əldə etmək, vacib obyektlərin koordinatlarını müəyyənləşdirmək; atəş və raket zərbələrini yönəltmək, strateji obyektləri və düşmənin hücum vasitələrini məhv etmək, radiotexniki kəşfiyyat və radioelektron mübarizə aparmaq);
- diversiya əməliyyatları (üsyançı və ya partizan hərəkatını təşkil etmək, təxribat və diversiya törətmək);
- xüsusi əməliyyatlar (düşmənin yeni silah nümunələrini, hərbi texnikasını, vacib sənədlərinin ələ keçirilməsi, görkəmli siyasi, dövlət və hərbi xadimlərin ələ keçirilməsi və ya aradan götürülməsi, hərbi əsirlərin və məhbusların azad edilməsi; antiterror mübarizəsinin aparılması, silah təchizat marşrutlarının bağlanması).

Düşmən müdafiəsinin dərinliyində keçirilən bu əməliyyatlar düşmənin manevr imkanlarını məhdudlaşdırmaq, təşəbbüsü ələ keçirmək və əsas qüvvələrin döyüş əməliyyatlarında uğur əldə etməsini təmin etmək məqsədi daşıyır.

Qrupların formalaşdırılması

Xüsusi təyinatlı qüvvələr vəzifələrini xüsusi təyinatlı hərbi hissələrin bölmələri və bu bölmələrin xüsusi təyinatlı qrupları vasitəsilə yerinə yetirir.

Qrupun tərkibi qrupa verilən tapşırıqlardan və fəaliyyət göstərəcəyi şərtlərdən çox asılıdır. Qrupun tərkibi bir və ya bir neçə fərqli vəzifələri yerinə yetirməyə qadir olmalıdır. Qrupun tərkibi adətən 3-7 nəfərdən ibarət olur. Qısa bir nümunə ilə bir qrupun, məsələn atom elektrik stansiyasının partladılması vəzifəsini icra edəcək kəşfiyyat diversiya qrupunun tərkibinə diqqət yetirək:

1. Onlardan biri mütləq nüvə fizikası təhsilli, nüvə elektrik stansiyalarında iş təcrübəsinə malik mütəxəssis;
2. Digəri təhlükəsizlik sistemləri üzrə mütəxəssis;
3. Partlayış üzrə mühəndis;
4. Rabitəçi;
5. Bir və ya bir neçə nəfər isə atəş dəstək alt qrupunda yer almalıdır.

Onlardan bəziləri isə paralel bir neçə vəzifə də icra edə bilər. Əgər kiminsə əsir götürülməsi nəzərdə tutulursa, o zaman əsas tərkib artırılmadan ən azı ələkeçirmə alt qrupu yaradılmalıdır.

Xüsusi əməliyyatlar zamanı qrupun digər ölkəyə aid olmasını göstərmək üçün hadisə yerinin ətrafında bəzi xırda detallar (konserv bankasının etiketi, siqaret kötüyü, mərmi və ya giliz) qəsdən "unudula" bilər. Digər bir üsulla zərərçəkən tərəfin şübhələrini tam fərqli istiqamətə, tam fərqli güc strukturuna yönəltmək də mümkündür, lakin burada bir neçə qurumun qarşılıqlı fəaliyyətinə və uzunmüddətli incə planlaşdırılmaya zərurət yarana bilər.

Nəticə

XXI əsrdə müharibə və sülh vəziyyəti arasındakı sərhədlər silinməyə daha meylli görünür. Artıq müharibələr elan edilmir, lakin başlayanda adi adət etdiyimiz qaydalara uyğun da aparılmır. Bir çox hallarda işğalçı ilə işğala məruz qalan dövlətlərə eyni masada oturmaq təklif edilir. Bu səbəblərdən kəşfiyyat orqnlarının əldə etdiyi etibarlı operativ məlumatlar əsasında düşmənə informasiya ilə təsir etmək və ya digər asimmetrik mübarizə metodlarının daha geniş yayılması labüdləşir. Adı çəkilən yeni mübarizə üsullarının iqtisadi təzyiqlər fonunda tətbiq edilməsi isə hibrid müharibələrin qaçılmazlığına gətirib çıxarır.

Xüsusi Təyinatlı Qüvvələrin döyüşlərdə tətbiqi təcrübəsi göstərir ki, ümumqoşun hissə və bölmələrin döyüş tapşırıqlarının yerinə yetirilməsində mövcud olan bəzi çatışmazlıqlar, bəzən elit bölmələrin hesabına aradan qaldırılmağa çalışılması əks effekt verə bilər. Yaxın taktiki dərinlikdə, xüsusilə yaşayış məntəqəsində XTQ istifadəsi tamamilə yolverilməzdir, həmin xüsusi təyinatlı bölmələrin strateji və operativ kəşfiyyatın vəzifələrindən kənar, özlərinə xas olmayan tapşırıqların yerinə yetirilməsinə cəlb edilməsi, son nəticədə isə həddən artıq qiymətli kadrların əsaslandırılmayan itkilərinə səbəb ola bilər. Planlaşdırma dövründə həm Baş Qərargah, həm də ordu və birliklərin müxtəlif kəşfiyyat orqanları arasında qarşılıqlı əlaqəsinin təşkilinə, uzaqmənzilli artilleriyanın dərinlikdəki qrupların fəaliyyətlərinin atəşlə dəstəklənməsinə xüsusi diqqət yetirilməlidir.

XTQ-nin Azərbaycan Silahlı Qüvvələrinin ən hazırlıqlı və ən elit hərbi qurumu olması şübhəsizdir. Ən çətin və qeyri-standart vəziyyətlərdə belə xüsusi təyinatlılarımız peşəkarlıq, şəxsi cəsarət və inanılmaz qəhrəmanlıqlar nümayiş etdirərək daim sinəmizi qabarda biliblər. Təbii ki, Silahlı Qüvvələrimizin taktiki kəşfiyyat bölmə və hissələri də əhəmiyyətlidir, lakin onları spesifikasını düşmənin ən dərin nöqtələrində günlərlə xüsusi vəzifə icra edən XTQ ilə müqayisə etmək düzgün olmazdı.

Cəlb olunduğumuz müharibənin acı nəticələri göstərir ki, Ordumuzun istənilən uğurlu addımı məhz kəşfiyyatçılarımızın, xasusilə xüsusi təyinatlı qüvvələrimizin sayəsində mümkün olub və bundan sonra da belə olacaq. Yarandığı gündən sıravi kəşfiyyatçısından komandanına qədər hər birimizin qürur mənbəyinə çevrilən XTQ, polkovnik Vüqar Yusifovun, polkovnik - leytenant Murad Mirzəyevin, mayor Samid İmanovun və bir çoxlarının simasında şərəfli zabit adını dünya hərb tarixinə qızıl hərflərlə yazdıra biləcək insanların peşəkar kəşfiyyatçı kimi yetişməsində müstəsna xidmətləri ilə yaddaşlara həkk olunub. Onların bizim üçün əmanət qoyub getdikləri bu Vətəni nə onlardan az sevməyə, nə az qorumağa, nə də bir qarışını belə düşmənə güzəştə getməyə haqqımız yoxdur.

Mənbələr:

https://topwar.ru/1726-sovremennye-tendencii-razvitiya-specnaza-inostrannyx-gosudarstv.html
http://www.alfa.org.ua/ru/publikaciya/koncepciya-specialnyh-operaciy-po-vzglyadam-komandovaniya-nato
http://militera.lib.ru/science/kvachkov_vv/03.html

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xüsusi-kəşfiyyat   Taktiki-kəşfiyyat  

Taktiki və xüsusi kəşfiyyatın fərqlərinə baxış - HƏRBİ EKSPERT

2019/11/ed3eb-1574496531.jpg
Oxunub: 1976     11:17     27 Noyabr 2019    