ABŞ Azərbaycana necə hərbi yardım göstərir, yaxud 907-ci düzəliş qüvvədədirmi?

2019/08/16033-1566564962.jpg
Oxunub: 27486     14:33     28 Avqust 2019    
SSRİ dağıldıqdan sonra 1992-ci ilin avqust ayında ABŞ-ın nümayəndələr palatası və senat birgə “azadlığa dəstək aktı” deyə qanun qəbul edib. Bu sənəd Rusiyaya və yeni müstəqil digər dövlətlərə demokratik idarəetmə modeli və azad iqtisadiyyat formalaşdırılmasına yardım etməyi nəzərdə tuturdu. Həmin qanun müxtəlif istiqamətlərdə yol xəritəsi olmaqla geniş fəaliyyətlər paketidir. Əslində bu icra hakimiyyəti üçün müxtəlif istiqamətlərdə nəzərdə tutulan siyasi sənəddir.

“Azadlığa dəstək aktı” iqtisadiyyat, biznes, kənd təsərrüfatı və digər istiqamətlərdə Rusiyaya və yeni müstəqillik əldə edən bütün dövlətlərə yardım etməyi nəzərdə tuturdu. Həmin bu dövlətləri ABŞ prezidenti xüsusi müraciətlə tanıyıb və diplomatik əlaqələrin yaradılması haqqında 35 dekabr 1991-ci ildə bəyanat verib.

Qarabağda müharibə gedərkən erməni icması və lobbisinin birgə fəaliyyəti hesabına “azadlığa dəstək aktı”nın mətnində 1992-ci ildə 907-ci düzəlişin (maddənin) qəbul edilməsinə təşəbbüs göstərildi. Bu düzəlişlə ABŞ hökumətinin prezidentin razılığı olmadan Azərbaycana yardım etməsi qadağan edilib. 907-ci düzəliş adlandırılan sənədin təşəbbüskarı demokrat senator Con Kerri olub. Prezident Buş tərəfindən qanun layihəsi imzalandığı andan qüvvəyə minməklə düzəliş, Azərbaycan-ABŞ münasibətlərində maneəyə çevrilərək, 10 il qüvvədə qalıb. Bu illər ərzində Azərbaycan ABŞ hökumətindən birbaşa yardım ala bilməyən yeganə MDB dövlət idi.

İstər diplomatik yollarla, istərsə lobbi tərəfindən müxtəlif cəhdlər həyata keçirilirdi. Lakin erməni lobbisi sənədi qüvvədə saxlamağa nail olurdu. 2001-ci ilin 11 sentyabr tarixində terror hadisəsindən sonra ABŞ-ın 43-cü prezidenti Corc Buş milli təhlükəsizliyə təhdid olan birbaşa təhlükənin varlığı əsasında konqresə müraciət edərək, 907-ci düzəlişdən yan keçməklə Azərbaycana aşağıda göstərilən hallarda yardım edilməsinə imkan yaradılmasını xahiş edib:

1) Beyəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ-ın səylərinə yardım etmə zərurəti olduqda;
2) Beynəlxalq terrorçuluğa müqavimət göstərilməsi üçün ABŞ Silahlı Qüvvələrinə, yaxud koalisiya tərəfdaşlarına praktiki yardım edilməsinə hazır olmasına zərurət yarandıqda;
3) Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduqda;
4) Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına və onun davamlılıq səylərinə mane olmadıqda və ya dəstəklədikdə, həmçinin Ermənistana qarşı hücum məqsədləri ilə istifadə edilmədikdə.


ABŞ-ın milli maraqlarına, milli təhlükəsizliyinə təhdid olan birbaşa təhlükə, həmçinin koalisiyanın əməliyyatlarında Əfqanıstanda və İraqda 11 sentyabr terror əməliyyatından sonra yaranmış reallıq, erməni icması və lobbisinin sənəddən yan keçilməsinə dair fəaliyyətlərinə təsir etməyə bilməzdi. İlk dəfə bu məktub ABŞ prezidenti Corc Buş tərəfindən 2001-ci ilin 15 yanvar tarixində, sonuncu dəfə isə prezident Tramp tərəfindən 18 mart 2019-cu il tarixdə imzalanıb.

Azərbaycana edilən ABŞ hərbi yardımı

Azərbaycan 11 sentyabr hadisələrindən sonra həmişə ABŞ tərəfindən təhlükəsizlik sahəsinə ayrılan yardımın fəal istifadəçilərindən biri olub. 2002-ci ildən yuxarı bu yardım 411,6 milyon ABŞ dolları təşkil edir. Bu vəsait təhlükəsizlik sahəsinə aid 20-dən artıq layihələr vasitəsilə bölüşdürülüb. Bu layihələr içərisində “xarici ölkələrin hərbi maliyyələşməsi” layihəsi mövcuddur. Layihənin həcmi 51 milyon ABŞ dollarıdır. Layihəyə əsasən, ABŞ istehsalı hərbi əmlak siyahısına daxil edilib, hərbi istehsalın və xidmətlərin əldə edilməsinə ayrılan kredit və ya qrantdan ibarətdir. Digər bir layihə silahların yayılmaması, terrorçuluğa qarşı, minadan təmizləmə və bunlarla bağlı fəaliyyətlərin həyata keçirilməsi üçün ABŞ-ın ayırdığı 37 milyon dollar həcmindəki yardımdan ibarətdir.

Burada, xüsusilə önəmli amil “beynəlxalq hərbi təhsil və təkmilləşdirməyə yönəlmiş layihə”dir. Bu layihə çərçivəsində 2002-ci ildən başlayaraq, hər bir büdcə ilində Azərbaycan cəmi 13 milyon dollar təşkil edən yardım alıb. Hərbi sahədə digər bir təhsil proqramı terrorçuluğa qarşı mübarizədə təhsil təqaüdü layihəsidir. Bu yardımın ümumi həcmi 2,8 milyon ABŞ dolları təşkil edir. Hərbi sahənin bu cür tədris proqramları çərçivəsində hər il Azərbaycanın hərbi sahəsinin mütəxəssisləri ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alır və yaxud təkmilləşdirmə keçir. Bu illər ərzində maliyyələşdirilən layihələrin sayı azaldılıb. Lakin bunlardan təqdim edilən yardımların həcmi nəinki azalıb, hətta bir neçə layihələri əhatə etməklə artıb.

2018-2019-cu illərdə təqdim edilən yardımın həcmi “333 sənədinin tərəfdaş ölkələrinin gücünün inkişafı” layihəsinə aid olan ölkələrin payına düşür. Bu layihə çərçivəsində 101,5 milyon ABŞ dolları yardım əldə edilib. Bu layihə 2006-cı ildən fəaliyyət göstərən “dünya miqyasında təlim və silahlanma” layihəsinin genişlənmiş, uyğun versiyasıdır. Bu layihə özündə terroçuluğa qarşı, dəniz və sərhəd təhlükəsizliyi, hərbi kəşfiyyat əməliyyatları və beynəlxalq koalisiya əməliyyatlarına dəstək olan əməkdaşlığın həyata keçirilməsi və digər sahələri əks etdirir.

Ermənistana ayrılan hərbi yardımlar

2002-ci ildən indiyədək Ermənistana ayrılan hərbi yardımlar həmin layihələr çərçivəsində iki dəfə daha az olmaqla təqribən 196 milyon dollar təşkil edib. “Xarici hərbi maliyyələşmə” layihəsi çərçivəsində həm Azərbaycan, həm Ermənistan ABŞ-dan eyni həcmdə maliyyə yardımı, yəni 51 milyon dollar alıblar. Beynəlxalq hərbi təhsil və təlimə yönəlmiş layihə çərçivəsində Ermənistan Azərbaycanla müqayisədə bir az daha az maliyyə yardımı alaraq, cəmi 10 milyon dollar alıb. “Azadlığa dəstək aktı”nın təhlükəsizlik sahəsinə dəstək layihəsi ilə Ermənistan yalnız 2007-ci ilədək 18 milyon ABŞ dolları yardım alıb. Azərbaycanın bu sahədə aldığı yardımın həcmi 19 milyon təşkil edib.

Faktiki olaraq, Azərbaycan və Ermənistanın təhlükəsizlik sahəsində əldə etdikləri hərbi yardım arasında hiss ediləcək fərq məhz son 2 ildə, yəni 2018-2019-cu illərdə nəzərə çarpıb. Bunun əsas səbəbi yuxarıda qeyd edilən “tərəfdaş ölkələrin güclərinin inkişafı üzrə 333 nömrəli sənəd” layihəsi çərçivəsindədir. Azərbaycan bu layihəyə 2018-ci ildə qoşulmağa nail olmaqla xeyli dərəcədə maliyyə yardımı almağa nail olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin