Dəryazdan kombayn düzəltmək?| Döyüş əməliyyatları teatrında əskimiş "Osa" ZRK-sı - HƏRBİ EKSPERT

2019/06/odyss-1561617890.jpg
Oxunub: 3769     10:38     27 İyun 2019    
Hərbi təyyarələrin inkişafı onlara qarşı mübarizə vasitələrinin də hazırlanması zərurətini yaradırdı. 50-ci illərdə artıq hava məkanını qorumaq üçün artilleriya və zenit toplarını əvəz edən idarəolunan raketlər və onların atıcı qurğuları yaranmağa başladı. Yeni sistemlərin yaranması isə hərbi əməliyyatların aparılması taktikasının və müvafiq metodlarının dəyişməsinə səbəb oldu.

SSRİ də o zamanın ən güclü dövlətlərindən biri kimi səmasının hava hücumundan müdafiəsini təşkil etmək məqsədilə “Osa” qoşun ZRK-sının yaradılması barədə qərar qəbul etdi.

9K33 “Osa” (NATO təsnifatına görə: SA-8 “Gecko” (Gekkon)) — özüyeriyən zenit raket kompleksidir. Kompleks 1960-1972-ci illər ərzində SSRİ-nin NII-20 araşdırma institutu tərəfindən hazırlanıb. İstehsalı 1970-1988-ci illər ərzində “Znamya Truda” zavodunda həyata keçirilib. 1971-ci ildən istismar edilir. İraq, Serbiya, Liviya, Suriya, Livan müharibələrində, Azərbaycan-Ermənistan münaqişəsində, Rusiya-Çeçenistan, Rusiya-Gürcüstan müharibəsində və digər vətəndaş müharibələrində tətbiq edilib.

İstehsal sayı - 1200 ədəd;
Variantları - Osa-A, Osa-AK, Osa-AKM, Osa-M;
Xüsusiyyətləri:
Kütləsi - 17.5 ton;
Sürəti:
şossedə -80 km/s ;
suda - 8 km/s;
Uzunluğu - 9.14 m;
Eni - 2.75 m;
Hündürlüyü - 4.20 m.

Kompleks motoatıcı hissələri və başqa qüvvələri orta yüksəklikdə uçan hava vasitələrindən qorumaq üçün nəzərdə tutulur. Onun Belarus istehsalı olan yeni modifikasiyaları nisbətən daha yüksək taktiki-texniki xüsusiyyətlərə malikdir. 1960-cı ildə layihələndirilən kompleks 1971-ci ildən ordunun silahlanmasına qəbul edilib.

“Osa” sistemində bərk yanacaq əsasında işləyən birpilləli raketlər istifadə olunur. SA-8a tipli raketlər 10 km, SA-8b tipli raketlər isə 12 km atəş məsafəsinə malikdir. Raketin başlanğıc kütləsi 130 kq-dır. Raketin daşıdığı döyüş başlığı 19 kq olub yüksək partladıcı gücə malikdir. Maksimal fəaliyyət yüksəkliyi 5000 m-dir. Minimal fəaliyyət yüksəkliyi isə 25 m təşkil edir.

Atıcı qurğu və idarəetmə bloku üçoxlu, 6 təkərli avtomobil şassisi (VAZ-5937) üzərində yerləşdirilir. Avtomobil çətin keçilən ərazilər üçün nəzərdə tutulur və suda üzə bilir.

Ekipajı 5 nəfərdən ibarətdir. Maksimum sürəti 80 km/saat, suda üzərkən isə 8 km/saat təşkil edir. Əsas silahı 6 ədəd 9M33, 9M33M1, 9M33M2 və 9M33M3 raketləridir. Ehtiyat gediş məsafəsi 500 km təşkil edir.

İstehsalçı, “Osa” kompleksinin hədəfi məhvetmə əmsalını 35-85% arasında qiymətləndirir. “Osa-AK” və “Osa-AKM” sistemlərində bu əmsal 55-85% arasında dəyişir. Bu o deməkdir ki, bir hədəfə iki raket buraxmaqla onu zəmanətlə məhv etmək mümkündür. Lakin real döyüş təcrübəsi bu əmsalın şirkət tərəfdən süni olaraq şişirildiyini və yüksək göstərildiyini sübut edir.

1972-ci ildə 2 ədəd 9M33M raketi olan 4K33 “Osa-M” kompleksinin dəniz versiyası təqdim olunub. Bu komplekslər bir çox SSRİ/Rusiya istehsalı kreyser və katerlərə quraşdırılıb. 9K33M2 “Osa-AK” 1975-ci ildə təqdim olunub. 9K33M3 “Osa-AKM” isə 1980-ci ildə hazırlanıb. 20 il ərzində kompleksin atəş məsafəsi 3 km artırılaraq 15 km-ə çatdırılıb. Aşağı yüksəklikdə isə bu göstəricinin 12 km olduğu bildirilsə də, bu hələlik öz təsdiqini tapmayıb.

Azərbaycan, Əlcəzair, Belarus, Bolqarıstan, Ekvador, Ermənistan, Hindistan, İraq, İordaniya, Küveyt, Liviya, Polşa, Rumıniya, Rusiya, Suriya, Türkmənistan, Ukrayna, Yunanıstan HHM qoşunlarının tərkibində fəaliyyət göstərir. Çexiyada bu komplekslər 2006-cı ildə silahlanmadan çıxarılıb. Körfəz müharibəsi zamanı İraq Ordusu tərəfindən bir neçə “Osa” ələ keçirilib.

Şərqi Almaniya istifadəsində olan 41 ədəd “Osa” kompleksini Qərbi Almaniya ilə birləşməsindən sonra Yunanıstana satıb.

Bəyan edilən taktiki-texniki göstəricilərə, xüsusilə Rusiya HHM vasitələrinin istehsalçılarının məlumatlarına etibar etməmək üçün əlimdə kifayət qədər tutarlı faktlar mövcuddur. Vyetnam, Əfqanıstan, Yuqoslaviya, İraq, Livan, Liviya, Suriya və s. ölkələrdə baş verən uğursuz ZRK tətbiqinə dərindən toxunmaq fikrim yoxdur, halbuki bu ölkələrdə baş verən hərbi əməliyyatlar SSRİ/Rusiya HHM sistemlərinin NATO qırıcı və qanadlı raketləri ilə mübarizədə aşkar zəifliyini nümayiş etdirib. Yalnız Yuqoslaviya müharibəsində HHQ ilə HHM arasındakı mübarizənin müqayisəli analizini diqqətinizə çatdırmaq istəyirəm.

Yuqoslaviya müharibəsinin əvvəlində 100.000 minlik serb ordusunda 32 ədəd zenit raket divizionu (ən azı 96 zenit raket batareyası) və onların tərkibində yüzlərlə ZRK və DZRK mövcud idi. Müharibənin sonuna qədər 96 zenit batareyası 10484 ədəd aviasiya zərbəsi endirən NATO təyyarələrindən yalnız birini vura bildi. Müharibənin üçüncü günündə stels texnologiyalı F-117 “Nighthawk” bombardmançısı Belqrad yaxınlığında qəzaya uğradı.

Serblər bu hadisəni HHM vasitələrinin uğuru kimi təqdim etdilər və əksəriyyət ilk vaxtlar buna inandı. Sonrakı əməliyyatların gedişində stels olmayan sadə hərbi təyyarələrin belə Belqrad səmasında şou göstərməsi bu hadisənin qəza olduğunu təsdiqlədi. Stelsi məhv edən HHM-nin adi qırıcını vura bilməməsi ordunun döyüş ruhunu sıfıra endirdi. Müharibənin sonuna qədər Aviano hava limanından yola salınan cəmi bir ədəd F-16 "Blok 40" vuruldu. 10484 döyüş uçuşu müqabilində yalnız 1 ədəd təyyarənin məhv edilməsi istənilən halda "təsadüfi uğurdan" başqa bir şey deyil.

Bu hadisələr sərhədlərimizdən uzaqda baş verdiyi üçün bizim üçün ciddi əhəmiyyət daşımaya bilər, lakin statistika baxımından HHQ və HHM əməliyyat idarə və şöbələrinin mütəxəssisləri üçün əlaqələndirmə və planlaşdırma fəaliyyətlərində zəruri ola bilər.

İndi isə hamımızın şahidi olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində “Osa” komplekslərinin müxtəlif modifikasiyalarının tətbiqinə və onların əldə etdiyi nəticələrə diqqət yetirək.

2015-ci ilin mayın 5-də Qarabağdakı qanunsuz hərbi birləşmə təlim zamanı “Osa” kompleksindən raket atəşini çəkərək sosial şəbəkə və KİV-lərdə xüsusi qürur hissi ilə paylaşdı. Lakin təxminən bir ildən sonra baş verən aprel döyüşlərində erməni ordusu bu komplekslərdən istifadə edə bilmədi. PUA və zərbə tipli uçan aparatlar məhdud görmə şəraitində aviasiya vasitələrinin funksiyasını uğurla və demək olar ki, itkisiz yerinə yetirdilər. Ermənistan Ordusu həm havadan, hən də qurudan “kilidlənmə” funksiyası ilə yaxından tanış oldu.

Bir il sonra, 2017-ci ilin mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “Osa” zenit-raket kompleksini ön xəttə daha yaxın, yeni mövqeyə çıxararaq, Azərbaycan hava məkanını nəzarətə götürməyə uğursuz cəhd göstərdilər. Azərbaycanın uçuş aparatlarına və hava məkanına real təhlükə yaratmaq istəyən düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “Osa” zenit-raket kompleksi və onun nəqliyyat-yükləmə maşını birlik komandanlarından birinin əmri ilə istehsalçı ölkədə “Səhra Çiçəyi” adlandırılan “Spike-ER” TƏİRK-dən açılan tək sərrast atəşlə külə döndərildi. Ekipaj isə layiq olduğu istiqamətə, ən qısa zamanda və ən yaxın marşrutla göndərildi. Həmin anda düşmən bütün özüyeriyən HHM vasitələrini ön xətdən ən azı 8 km geri çəkməyə məcbur oldu. Bu çəkilmə daha çox “quyruq qısmaq” kimi dəyərləndirilməlidir. Çünki çəkilmə digər bölmələrin atəş dəstəyi altında, planlı və ardıcıl şəkildə baş verməli idi. Burada isə xaotik bir proses müşahidə olundu.

Bu əməliyyatı yerinə yetirən komandanımız heç kimi hədələmədi, heç kimə söz atmadı, sadəcə erməni ordusunun azacıq qımıladanmağına bircə dəfə sərrast atəş açmaqla əməli cavab verdi, yəni etməli olduğunu edərək öz vəzifə borcunu ən gözəl şəkildə və ləyaqətlə yerinə yetirdi. Ermənistan ordusu isə bir mərmi ilə belə cavab verməyə cürət etmədi. Çünki önündə dayanan Azərbaycan əsgərindən hansı reaksiyanı görəcəyini dəqiq bilirdi. Buna görə də düşmənin 12 km atəş məsafəsi olan HHM vasitələrini, həmçinin digər zirehli texnikalarını ön xəttdən 8 km arxaya çəkməkdən başqa çarəsi qalmadı. Bu isə həmin ZRK-ların yalnız düşmənin qanunsuz şəkildə nəzarətində saxladığı ərazilərin hava məkanını atəş altında saxlamağa imkan verdi. Ön xətdən 8 km aralıda yerləşən tank, BMP və BTR isə sadəcə “oyundankənar” vəziyyətdə qalmaq məcburiyyətindədir. Belə xəbərdarlıq və perventiv zərbələrinin arası kəsiləndən sonra bəzi erməni ekspertlər müxtəlif xarakterli bəyanatlar verərək atmaca müharibəsinə başladılar.

Hazırda nə işğalçı erməni ordusu, nə də bizim ordumuzun şəxsi heyəti dəyişib. Əksinə silahlarımızın çeşidləri və imkanları artırılıb. Bəzilərinin isə təlimlə bərabər ön xətdə tətbiqinə ehtiyac yaranıb. Zəruri olan Azərbaycan əsgərini 2015-2017-ci illərdə olduğu kimi “danışıqlar prosesinin aparıcı qüvvəsinə” çevirməkdən ibarətdir. Onlarla diplomatın 30 il ərzində edə bilmədiyini Azərbaycan əsgərinin bir neçə gündə bacaracağına heç bir şübhəmiz yoxdur. Bunu hamıdan yaxşı düşmən özü də anlayır. Digər tərəfdən isə danışıqlar prosesini ərazilərin azad edilməsi ilə bağlamaq doğru seçim deyil. Düşməni cəsarətləndirəcək istənilən güzəşt yolverilməzdir. Müharibədə bir ədəd paslı güllə həm illərlə aparılan danışıqlar prosesini rahatlıqla əvəz edə bilir, həm də bu proseslərə soyuq başla yanaşmanı təmin edir.

Son dövrlərdə Azərbaycan tərəfinin atəşkəsə riayət etməsi fonunda aktivləşən danışıqlar prosesi erməni ordusunun qismən fəallaşmasına və yenidən mühəndis təminatı tədbirlərini yerinə yetirməklə özüyeriyən ZRK-ları ön xəttə yaxınlaşdırmasına səbəb olub. 2017-ci ilin mayın 15-də aldığı “qulaqburmasını” qısa bir zamanda unudan Ermənistan silahlı qüvvələri cari ilin iyunun 12-də səhər saatlarında cəbhənin Füzuli istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin planlı təlim uçuşları həyata keçirən aviasiya vasitəsinə “Osa” zenit-raket kompleksindən 2 ədəd raket buraxdı. Diqqət etsəniz 2017-ci ildə “Osa” kompleksinin vurulduğu ərazidən ermənilər aviasiya vasitəmizə raket atmaqla, bu uğursuzluqlarını kompensasiya etməyə çalışdılar. Pilotlarımız raketlərdən ustalıqla yayındılar və raketlərin heç biri hədəfə tuş gəlməyərək havada partladı. Buna cavab olaraq həmin “Osa” kompleksini məhv etmək pilotumuz ən təbii haqqı olsa da, bu imkandan istifadə edilmədi. Bəlkə də bilmədiyimiz detallar mövcuddur. Lakin özünümüdafiə aksiyasına dünyadakı hər bir qurum, o cümlədən benəlxalq hüquq da imkan verirdi…

Digər münaqişələrdə “Osa” komplekslərinin effektiv istifadəsini sübut edəcək tutarlı faktlara, onların hansısa hava əməliyyatlarında uğur qazanmasına və s. kimi məlumat və ya görüntülərə rast gəlmədik. Adətən istehsalçı tərəfindən yüksək TTX-ya malik olması ilə rəqibdə qorxu və dəhşət hissi yaradan ZRK-lar real hərbi əməliyyatlar çərçivəsində digərlərini qorumalı olduğu halda, bəzən heç özünü də qoruya bilmir. Buna Suriya, Çeçenistan və Dağlıq Qarabağda dəfələrlə rast gəlmişik. Bu uğursuzluqların günahı isə hazır başsağlığı kimi öncədən yazılıb: “Yer kürəsi kürəşəkillidir, buna görə də radarlar hədəfi üfüq arxasında görə bilməzdi” (bəzən bu vəziyyəti “hesabatdan kənar rejim” də adlandırırlar) və ya “hədəf birbaşa müşahidə zonasından kənarda idi”. Əslində isə çox aşağı yüksəkliklərdən 4+ nəslinə aid qırıcılar və qanadlı raketlərdən hədəfə dəqiq zərbələr planlaşdırıldıqda, onların hədəf üzərindən uçmasına zərurət də qalmır. Belə bir vəziyyətdə zenit raket sistemlərinin “unikal” xüsusiyyətləri haqqında verilən məlumatlar təsdiqlənən boşboğazlıqdan başqa bir şeyə bənzəmir.

“Osa” zenit raket kompleksi dəfələrlə modernləşdirilsə də, bəzi çatışmazlıqlar bu günə qədər hələ də mövcuddur:

1. Aşağı səmərəlilik və etibarlılıq;
2. Atəş üçün hazırlığa çox uzun zaman tələb olunması;
3. Hədəf məhvetmə hündürlüyünün az olması;
4. Raket buraxılması zamanı konteynerin arxa (quyruq) blokunun yanması;
5. Tuşlanmada yol verilən böyük yanlışlıqlar;
6. Atıcı qurğunun bəzi vəziyyətlərində atəş açılmasının mümkünsüzlüyü;
7. Atıcı qurğunun ön tərəfində atəş sektorunun bir hissəsinə kölgə düşməsi və s.

Bu çatışmazlıqları istehsalçı çertyojları hazırlayan sifarişçinin səhvi olaraq qələmə versə də, onların bir çoxunun sonradan aradan qaldırılmaması ümumilikdə kompleksin konstruksiyasının problemli olduğundan xəbər verir. Buna görə də bir çox ölkələr artıq bu komplekslərdən imtina etməyə və onları silahlanmadan çıxarmağa başlayıblar.

HHM sistemlərində 8-12 km elan edilən atəş məsafəsinin reallıqda daha da az olduğunu düşünürəm. Məsələn, 100 metrdə aşağı yüksəklikdə bu göstərici ən yaxşı halda 2 dəfə azdır. Əgər rəqibin istifadəsində aşağıdan uçan, kilidlənən və daşınan 8 km atəş məsafəli “Səhra Çiçəyi” və ya helikopterdən buraxılan 30 km-lik NLOS varsa, o zaman “Osa” kompleksi ön xətdən nə qədər arxada yerləşməlidir ki, heç olmasa özünü qoruya bilsin? Aşağıdan uçan hədəflərə qarşı 4-6 km-lik atəş məsafəsi, müasir döyüşdə artıq gülünc bir göstərici hesab edilir. Qanadlı və ya ballistik raket, qırıcı və ya digər döyüş vasitələri ilə “Osa”nın mübarizəsindən isə danışmağa dəyməz. Çünki aşağı yüksəklik kimi, 5000 metrdən yuxarı zonanın da bu kompleks üçün əlçatmaz olduğu istehsalçının özü tərəfindən də etiraf edilir. Son göstəricinin real olduğunu təsdiqləyən döyüş fraqmentləri olmadığı üçün konkret fikir söyləmək istəmirəm. Orta yüksəklikdə uçan “Harop” ilə mübarizədə də “Osa” heç nə ilə yadda qalmayıb. Lakin “Osa” barədə Azərbaycan HHM qoşunlarının canlı əfsanəsi, polkovnik Ramiz Şərifovun bir cümləsini əlavə etmək istəyirəm: ““Osa” komplekslərinin, xüsusilə də əvvəlki modifikasiyalarının müasir hava hədəfləri ilə mübarizə aparmaq şansı demək olar ki, sıfıra bərabərdir”.

Bütün sadalananlar “Osa” kompleksləri üçün ödənilən vəsaitlərin HHM sisteminin yaradılmasında özünü doğrultmadığını bir daha gözlər önünə sərir. Digər tərəfdən nəinki ermənilərin istifadəsində olan “Osa-AK” kompleksləri, 60 il əvvəl yaradılan istənilən silah sistemi nə qədər modernləşsə də, müasir döyüş tələblərinə cavab verə bilməz. Bir dəryazı modernləşmə ilə ən yaxşı halda iti və dəstəyinin görünüşü gözəl olan dəryaza çevirə bilərsiniz, lakin dəryazdan kombayn yaratmaq mümkün olan iş deyil. “Osa”nın hava məkanını etibarlı qoruması da, məhz dəryazdan kombayn hazırlananda mümkün olacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: OSA   ZRK  

Dəryazdan kombayn düzəltmək?| Döyüş əməliyyatları teatrında əskimiş "Osa" ZRK-sı - HƏRBİ EKSPERT

2019/06/odyss-1561617890.jpg
Oxunub: 3770     10:38     27 İyun 2019    