Müharibənin çəkdiyi həyat kinoları, yarımçıq qalan səngər filmləri, uğursuz hesab olunan uğurlar

2019/06/64655-9365587998.jpg
Oxunub: 1877     10:53     20 İyun 2019    
Nizami Abbas... Bu imza sahibi kino və sənədli filmlər sahəsində daha çox tanınır. Onun həm müasir hərb tariximizin, həm müstəqillik uğrunda başlayan meydan hərəkatının, həm 1988-91-ci illərdə Bakıda baş verən hadisələrin, həm də 1991-94-cü illərdə Qarabağ müharibəsində saysız-hesabsız döyüş əməliyyatlarının, eləcə də başqa sənədli və bədii filmlərin kino və videolentlərə alınmasında çoxlu zəhməti var.

Özü deyir ki, hələ orta məktəbdə oxuyanda foto və kinoya marağı vardı... Bu sahəyə həvəsi də özü ilə bərabər böyümüşdü. Gənclik arzularını reallaşdırmaq üçün yola çıxanda, ağlına da gəlməzdi ki, yolu ölüm-itimlərdən, qanlı-qadalı yerlərdən keçəcək... Bəlkə də, amallarının ona neçə-neçə dost itkisi yaşadacağını desəydilər, inanmazdı... Amma təsəlli tapacağı əziyyətləri də az olmayacaq: Müstəqillik qazanan Vətəninin yazılmaqda olan şərəf tarixində imzasına rast gəldikcə, həyatı boşuna yaşamadığından əmin olacaqdı... Bunlar hələ çox sonralar baş verəcək.

Moskvada, Dövlət Kinematoqrafiya Universitetinə qəbul olmağı məqsəd qoymuşdu qarşısına. Əvvəlcə Leninqradda (indiki Sankt-Peterburq) “Lenfilm” Kino İstehsalat Birliyində işə düzəlir. 1974-cü ildən etibarən ştatdankənar olaraq operator köməkçisi-assisent kimi çalışır. İşləyə-işləyə ali təhsil almağa hazırlaşır.1976-cı ildə vətənə qayıdıb “Azərbaycanfilm”də öz sənətini davam etdirir. Elə burada işlədiyi vaxtlarda vaxtını hədər vermir, arzusunda olduğu unversitetə qəbul ola bilir -1983-cü il idi.

Beş ildən sonra təhsilini başa vurub öz doğma kollektivinə-“Azərbaycanfilm”ə dönür... Oxuduğu illərdə də bir neçə filmin çəkilişlərində operator, quruluşçu operator olur.

Azadlıq hərəkatında keçən illər, kinodan meydana aparan yol, yadlaşan və doğmalaşan bayraqlar

1988-ci ildə ermənilər Xankəndində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə tətillərə başlayırlar. Bu çıxışlar ictimai-siyasi mühiti gərginləşdirir, xalqlar arasında uçurumu dərinləşdirirdi. Azərbaycanlılara qarşı aqressivləşən ermənilər insanların həyatına təhlükə törətməyə başlayır, get-gedə azğınlaşırdıılar. Vəziyyət hər gün daha da gərginləşirdi. Dinc sakinlər ermənilərin yaşadığı ərazilərdə daş-qalaq olunur, silahlı hücumlara məruz qalır, evlər yandırılır, adamlar amansızcasına öldürülürdülər. Bir tərəfdən də ölkədə Meydan hərəkatı da vüsət alır, Qarabağ ətrafında baş verənlərə qarşı yüksələn etiraz çıxışları müstəqillik çağırışları ilə əvəzlənməyə başlayırdı. Ermənistanla həmsərhəd rayon və şəhərlərdə yaşayanlar, Qarabağda ermənilərin azğınlığından cana yığılan hamı azadlıq hərəkatına qoşulurdu... Artıq kəndlərdə tez-tez qanla nəticələnən münaqişə iki respublika arasında müharibəyə çevrilirdi. Hadisələrin məcrasının hara yönəldiyi aydın görünürdü. Azadlıq uğrunda mübarizəyə qoşulanlar arasında “Azərbaycanfilm”in kollektivi də vardı. Onlar istər paytaxtda, istərsə də Qarabağda baş verən hadisələri lentə almaq üçün könüllü şəkildə gecə-gündüz çəkilişlərdə idilər.

Artıq SSRİ əleyhinə çıxışlar çoxalırdı. 1988-ci ilin dekabr ayının 4-dən 5-nə keçən gecə yerli siyasi hakimiyyət meydana toplaşanları Bakıdakı Sovet qoşunlarının dəstəyi ilə zor gücünə meydandan çıxarır, xeyli sayda adam döyülür, həbs edilir. Həmin gün bir nəfər rus zabiti Azərbaycan SSR-nin bayrağını söküb zibil qutusuna atır. O vaxt bu hadisəni ürəkağrısı ilə lentə alan Nizami Abbasa bayrağın sökülməsi pis təsir etsə də, deyir ki, əslində, atılmalı bayraq idi, çünki öz milli bayrağımız ucalırdı çox yerdə...

Daş kimi susan adamlar, əliboş qalan Sovet hüquq-mühafizə orqanları

Siyasi ab-havanın getdikcə çətinləşdiyini görən kinostudiya əməkdaşları gizli qərargah yaratmağa başlayırlar. O dövrdə baş verən hadisələri nə olursa olsun, çəkib tarixə çevirmək lazım idi. Nizami Abbas deyir ki, həmin illərdə “Azərbaycanfilm”də min nəfərdən çox adam işləyirdi. Onların gizli fəaliyyətini kollektivdən xeyli adam bilirdi. Lakin heç kim bir kəlmə də olsa, heç kimə sirr vermədi. Hətta gördükləri iş barədə bilən sadə, texniki işçilər də Sovet hüquq-mühafizə orqanlarının bütün cəhdlərinə rəğmən, heç kimə heç nə deməmişdilər. Əksinə... Hamı çalışırdı ki, Azərbaycan İttifaqın asılılığından xilas olsun, respublika müstəqillik əldə etsin.

İlk film, qan çanağına dönən Qarabağ, bölgələrdəki “kinoçəkən”lər...

Meydan hadisələri ölkənin müstəqillik qazanması istiqamətində mühüm rol oynamağa başlayırdı. Operatorlar Köçəri Məmmədov, Rəfail Salamzadə, Bağır Rəfiyev, Zaur Məhərrəmov və Nizami Abbas Ramiz Fətəliyevin rəhbərliyi ilə 18 gün ərzində “Meydan” filmini hazırlayırlar. Bir yandan da Qarabağ bölgəsi qan çanağına dönürdü. Nizami Abbas Laçında baş verənləri lentə almaq üçün bu rayona yola düşür. Onu ora dartıb aparan ilk növbədə, laçınlı dostlarından nigaranlığı idi.

Gənc kinooperator indiki döyüş filmlərinin səhnələrindəki hadisələrdən daha dəhşətli hadisələrin içində olur, real müharibə həyatını lentə alırdı. Zaman-zaman yolu digər qaynar şəhər və kəndlərdən keçir, müharibənin həm şahidi olur, həm də onun reallıqlarından tarix yazanlardan biri...

Həmin dövrdə respublikanın başqa bölgələrində də durmadan böyüyən azadlıq hərəkatına qarşı Sovet hökumətinin amansız davranacağını artıq hamı bilirdi. Ramiz Fətəliyevin rəhbərliyi ilə yaradılan gizli qərargahın üzvü olan kinoopertaorlar Qarabağ bölgəsində, Gəncədə, Lənkəranda, Sumqayıtda, Şimal bölgəsində çalışır, ölkədə baş verən mühüm hadisələri lentə alırdılar.

Fransa televiziyalarının efirlərində “açılan” sərhəd...

1990-cı ilin yay-payız aylarında Nizami Abbas dəmiryolu xətti ilə Ermənistan SSR ərazisindən keçib Naxçıvana gedir. Cənubi Azərbaycanla Şimali Azərbaycanda yaşayan doğma insanların bir-birinə sevgisindən, həsrətindən, illərlə ayrı düşməsindən, bütün çətinliklərə rəğmən yenə də qovuşa bilmələrindən bəhs edən “Sərhəd” filmini çəkir. Nəriman Əbdürrəhmanlının ssenarisi əsasında ərsəyə gələn “Sərhəd”i o vaxt çəkmək inandırıcı göünməsə də, Nizami Abbas Naxçıvandakı dostlarının köməyi ilə buna nail ola bilir. Hətta Sovet sərhədçiləri çəkilişlərə nə qədər mane olmağa çalışsalar da, ikiyə bölünmüş Vətənin ayrılıq dərdinin ağırlığını 10 dəqiqəlik sənət əsərinə sığışdırmağa çalışır. Film ərsəyə gəldikdən sonra Sovet televiziyaları onu efirə verməkdən boyun qaçırır. Amma film Fransa televiziyasında bir neçə dəfə təkrar göstərilir.

Partladılan enerji bloku, Qanlı Yanvar günləri, Bakıya təcili dönüş

1988-ci ildə Nizami Abbasın çalışdığı kollektiv rejissor Oqtay Mirqasımovun “Şeytan göz qabağında” filminin çəkilişlərini yenicə başa çatdırmışdı. Bakıda formalaşan Azadlıq hərəkatı, ermənilərin Qarabağda əməlləri, hadisələrin inkişafı Nizami Abbasda özünə qarşı üsyan formalaşdırır və o, öz dostları ilə Bakıda hər gün artan meydan hərəkatını, tez-tez məcrasını dəyişən hadisələri, milli mübarizəni lentə köçürməyə başlayır.

1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda törədilən qırğınlar zamanı o Laçında çəkilişlərdə idi. Şəhərin, dinc insanların gülləbaran edildiyini eşidib təcili Bakıya dönür. Amma o vaxt paytaxtda ruslar tərəfindən komendant saatı tətbiq edildiyindən şəhərə-giriş çıxış ciddi nəzarət altında idi. Onun kamera ilə gəlişi isə Nizami Abbasın azadlığına da, həyatına da təhlükə törədirdi. 20 Yanvar hadisələrini, ondan sonra da Bakıda baş verənləri lentə alan iş yoldaşlarının yanında olmalıydı nəyin bahasına olursa olsun. Kameranı böyük bir risq altında silahlı postlardan keçirib, mənzil başına yetişə bilir. Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladılmış, kameraların əksəriyyəti isə KQB tərəfindən müsadirə edilmişdi. Bakının ağrılı-acılı günlərini mütləq çəkmək lazım idi.

Fürsəti qaçırmayan “Azərbaycanfilm”, kamera bazasında KQB möhürü, ilk müstəqil film

Heç kimin ağlına da gəlməzdi ki, “Azərbaycanfilm”in əməkdaşları bütün baş verənləri artıq kameraların yaddaşına köçürüblər. Bu bilinəndə isə gec idi artıq...

Bakıda fövqəladə vəziyyət elan edilir. Şəhər komendatının nümayəndələri və KQB əməkdaşları “Azərbaycanfilm”ə gəlir, kameralar olan bazanı möhürləyib gedirlər. Buna baxmayaraq, “Azərbaycanfilm”də yaranan çəkiliş qrupu “Salnamə” kinostudiyasında 20 Yanvar hadisələrindən bəhs edən sənədli materiallar, filmlər hazırlayır, dünyanın müxtəlif yerlərinə göndərirdi. Qrup qısa müddətdə, Sovet qoşunları tərəfindən törədilən 20 Yanvar hadisələrindən bəhs edən müddəti bir saatdan çox olan film hazırlayıb onun videokassetlərini gizli yolla Kremlə qədər aparır. Moskvada SSRİ-nin ali dövlət orqanlarının yüksək tədbirlərində həmin sənədli filmin nümayişi nəzərdə tutulsa da, buna ciddi maneələr törədilir. Amma yaradıcı heyət SSRİ Nazirlər Sovetinin və SSRİ Ali Sovetinin fövqəladə toplantısı ərəfəsində rəsmi qonaqların yerləşdiyi mehmanxananın foyelərində televizor və videomaqnitafon qoyur, Azərbaycan reallıqlarından bəhs edən filmi nümayiş etdirir. SSRİ-nin hər yerindən gələn deputatlar, dövlət rəsmiləri Bakıda törədilən qırğınlar haqda dürüst məlumat alır və iclaslarda bu haqda çıxış edirdilər...

Azadlıq aşiqi xadiməçilər, axtarılan “xəzinə”, meydandan cəbhəyə gedən yol

Uzun müddət o vaxtkı “Abşeron” - indiki “Marriot” mehmanxanasında gizli qərargah qurub orada çalışan qrupun çəkdiyi filmlər böyük əhəmiyyət daşımağa başlayırdı. Dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələri bu qrupun lentə aldığı görüntüləri yaymaqla Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırırdılar.

SSRİ xüsusi xidmət orqanları və hüquq mühafizə qurumları Bakıda baş verənlərin dünya mətbuatına necə yol tapdığını müəyyən etməyə çalışırdılar. Amma bu görüntüləri çəkənləri və lentlərin saxlandığı yerləri aşkarlamaq mümkün olmurdu.

Qərargah üzvləri ələ keçdikləri halda tam məhv edilməməsi üçün bütün materialların surətini çıxarırdı. Maraqlıdır ki, həmin mehmanxanada çalışan qadınlar həyatlarını risqə atıb, kinolentləri binadan uzaqlaşdırır, zibili yeşiklərində gizlədir, oradan isə tamam başqa bir ünvana daşıyırdılar. O kinolentlərin saxlandığı arxivin yerini isə cəmi üç nəfər bilirdi...

Nizami Abbasın fəaliyyəti haqda çox yerdə danışılırdı. 1991-ci ildə Azərbaycan Milli Ordusunun qurulmasından bir az keçmiş Müdafiə Nazirliyinin tərkibində Analitik-İnformasiya Mərkəzi yaradılır. Nizami Abbas bu mərkəzə hərbi xidmətə dəvət edilir. Ali təhsilli olduğu üçün leytenant rütbəsi verilir ona. Artıq zabit kimi cəbhənin ən ağır yerlərində, döyüşlərdə iştirak edirdi. Hamının yaxşı tanıdığı ilk hərbi reportyorumuz Seyidağa Mövsümlü ilə tanışlığı da müharibədə olur. Bu tanışlıqdan sonra çox vaxt birlikdə gedirdilər hər yana. Sonralar bu qrupa daha bir neçə nəfər də qoşulur. Nizami Abbas deyir ki, onlar orduya könüllü gəlsələr də, analitik mərkəzin özündə gənc peşəkar zabitlər var idi: “Vaqif Dərgahlı, Elxan vardı, soyadını unutmuşam, o da peşəkar zabit idi, Mustafa vardı, onun da soyadı yadımdan çıxıb, Azad İsazadə vardı... Onda çəkə bilən biz ikimiz idik: Seyidağa və mən. Bizim işimiz həm də hadisələrin təhlili, analizlər aparmaq, ordunun daxilindəki çatışmazlıqları müəyyən etmək və ictimailəşdirmədən nəticələri yuxarı komandanlığın diqqətinə çatdırmaqdan ibarət idi”.

Yaradıcı könüllülər, cəbhədən uzaq duran peşəkarlar, köhnə çəkiliş avadanlıqları

Müsahibimiz deyir ki, o dövrdə cəbhəyə gedib hadisələri çəkmək, tarixi olduğu kimi yazmaq istəyənlər çox az idi. Onların arasında isə peşəkarlara rast gəlmək olmurdu. Səngərdə gözə dəyən fotoqraflar, operatorların hamısı demək olar ki, könüllülər idi. Onlardan biri, peşəkar mülki fotoqraf Babək Quliyev də sonralar Analitik-İnformasiya Mərkəzinin əməkdaşı olur. Həmin dövrlərə qədər Nizami Abbas ancaq “Azərbaycanfilm”in lentə çəkən kinokamerası ilə işləyirdi. Həmin aparatlarla çəkmək isə həm çətin idi, həm də lentlərin yuyulması, daşınması, qorunması kimi başqa qayğıları da vardı. Bir müddətdən sonra nazirliyin analitik mərkəzinə videokameralar, fotoaparatlar, başqa avadanlılar alınır... Bundan sonra işləmək xeyli asanlaşır.

Bir tərəfdən də, o vaxt informasiya blokadasında saxlanan, həqiqətləri beynəlxalq aləmə çatdırılmayan Azərbaycan haqda dünya həmin qrupun çəkidiyi görüntülər, hazırladığı materiallardan xəbər tuta bilirdi. Təcrübə göstərirdi ki, Azərbaycana gələn xarici reportyorların çoxunun lentə aldığı görüntülər ermənilərin xeyrinə istifadə olunurdu. Daha dəqiq desək, həmin xarici KİV əməkdaşları Azərbaycan ordusunun mövqelərini, dislokasiya yerlərini dəqiqliklə çəkib yayırdı, bu isə hərbi sirrin yayılmasına səbəb olurdu. Bundan sonra dünyanın istənilən televiziyasından, qəzet və jurnallarından cəbhə bölgəsinə gələn bütün jurnalistlər məhz, Analitik-İnformasiya Mərkəzinin icazəsi və qrupun əməkdaşının müşayiəti ilə döyüş zonasına buraxılırdı.

Hələ də boşluğu olan mətbuat, bərkiməyən media ənənəsi, yanlış jurnalist işləri

O vaxtdan indiyədək Azərbaycan mətbuatında konfliktləri, müharibəni törədən səbəbləri, müharibələri, müharibələrin nəticələrini mükəmməl şəkildə öyrənən, informasiya toplayan və yayan, hadisələrin mahiyyətini olduğu kimi işıqlandıran, günümüzün əsas mübarizə üsullarından biri olan informasiya müharibəsini apara biləcək mükəmməl bir qurumun olmadığına diqqət çəkirik...

Müsahibimiz deyir ki, atəşkəs elan olunduğu vaxtdan indiyədək belə bir mərkəz qurulmalıydı və inkişaf etdirilməliydi. Amma təəssüflər olsun ki, bu boşluq yenə də var: “Aprel hadisələrində gördüm ki, jurnalistlərimiz ciddi səhvlərə yol verirlər. Yəni mövqeləri çəkmək, hərbi sirr əhəmiyyəti daşıyan məlumatları yaymaq, düşmənin informasiya müharibəsində istifadə elədiyi taktiki gedişlərə aldanmaq və s. sadalaya biləcəyimiz çoxlu səhvlərə imza atdılar.

Həmin hadisələr dövründə ora gedən jurnalistlərin böyük əksəriyyəti peşəkar deyildi. Onların məqsədi imkan daxilində çox görüntü çəkmək, çox xəbər toplayıb dünyaya yaymaq və müəyyən vəsait əldə etmək idi. Amma bizdə belə olmayıb. Daha çox düşünürdük ki, çəkəcəyimiz, yayaycağımız materiallarla Vətənimizə, ordumuza necə kömək edə bilərik?!
Bizim o vaxt çəkdiyimiz elə kadrlar var ki.... Məsələn, birini deyim, top mərmisi düşür və bizim əsgərimizi yandırır. O “Ana!” deyə çığırır. Bunu efirə vermək olar?! Olmaz axı... Bu həm əsgərin valideynlərinə, əsgərin döyüş yoldaşlarına, həm də başqa soydaşlarıımıza necə təsir göstərər?! Hər şeyi nəzərə alırdıq. Amma indi belə deyil axı... kiminsə əlinə elə kadr düşsə, onu, belə deyək də, “bayraq” edərdi...

Ağrı dolu vidoteka, maraq üçün çəkilməyən görüntülər, tərəfsiz ola bilməyən jurnalist

- Bu günə qədər efirə verilməyən, işıq üzü görməyən görüntüləriniz çoxdur arxivdə?

- Bəli, var. Elə görüntülər var ki, onların barəsində düşünmək, danışmaq özü bir ağır dərddir. Nəinki, onları işıqlandırmaq.

- Müharibə reportyor üçün nə deməkdir? Karyerası üçün pillə, ağrı... insan iztirabı.. və yaxud...

- Bilirsiniz, müharibə haqda yazanlar, çəkənlər arasında stringer deyilən jurnalist biçimi var... Stringerlər tərəfsiz olur - onlar üçün ancaq hadisə var, xəbər var. Amma bizim müharibədə biz tərəfsiz ola bilməzdik axı. Mən bu müharibədə tərəf idim. Əvvəla, vətəndaş olaraq, zabit olaraq mən Qarabağ müharibəsinə bitərəf ola bilməzdim. Bir sözlə, müharibə mənim üçün dərd idi. Mən öz millətimin dərdinin üstündə ad qazanmaq, nəsə əldə etmək uğrunda çalışa bilməzdim heç vaxt.

- Müharibə Sizdən nəyi aldı, Sizə nə verdi?

- Müharibə məndən hər şeyi aldı.Qazandığım dostları aldı məndən müharibə (Gözlərini otaqdakı kompüterin ekranına zilləyib bir müddət susur). Hərdən mən müharibə haqda filmlər çəkirəm. Milli Qəhrəmanlar silsiləsindən bir neçə film çəkmişəm: Qubadlı batalyonunun komandiri Əliyar Əliyev haqqında “Pəhləvan komandir” sənədli filmi, Tərtər özünümüdafiə batalyonunun komandiri Elman Hüseynovdan bəhs edən “İlk komandir” və İsgəndər Aznaurovun igidliklərindən söhbət açan “İsgəndərin sorağında”, eləcə də Tərtər istiqamətində ağır döyüş yolu keçmiş özünümüdafiə batalyonuna həsr edilmiş “Batalyon”, Milli Qəhərman Yusif Mirzəyevin xatirəsinə ithaf olunan “İgid əsgər” filmləri... Düzdür, bu filmlər Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Bu Milli Qəhrəmanlarımızın hər biri ilə şəxsən tanış idim, birgə döyüş əməliyyatlarında iştirak etmişdim.

Düzdür, hələ çəkməli olduğum filmlər çoxdur.... Bizim qəhrəmanlarımız haqda çəkilməli çoxlu sayda filmlər var. Çox yaxşı olardı ki, özəl sektorda fəaliyyət göstərən kino-film şirkətləri bu sahəyə maraq göstərəydi.

Kölgədə qalan vətənpərvərlik, qurula bilməyən sistem, istəmədiyimiz istək

- Doğrudanmı, vətənpərvərlik mövzusuna, hərbi sahədən bəhs edən filmlərin çəkilməsi üçün rəsmi sifariş lazımdır?

- Böyük Vətən Müharibəsi illərində vahid bir ideya vardı ortada. Bütün peşəkar operatorlar, fotoqraflar, kino mütəxəssisləri hamısı orduda idi. Bir sistem şəklində formalaşıb qələbə çalınmasında öz töhvələrini verdilər. Bizdə isə belə olmadı. Çox az sayda peşəkar ömrünü və yaradıcılığını səngərlə, müharibəylə bağladı. Təəssüflər olsun ki, biz bu sistemi yarada bilmədik.

Şəxsən mənim üçün müharibə bitməyib... Bunun üçün mənə göstəriş lazım deyil. Bacardığım qədər qəhrəmanlarımız haqda, müharibədən bəhs edən filmlər çəkirəm. Mən tərəfdarı deyiləm ki, bu işi ancaq Mədəniyyət Nazirliyi görsün. Konkret ideoloji xətt olmalıdır. İş adamları özləri maraq göstərməlidirlər müharibə ilə bağlı filmlərin çəkilməsinə. Müşahidə edirəm çox az sayda gənclərimiz var ki, onlar özləri pulu, bu sahədə peşəkarlıqları yetərincə olmasa da, müharibə haqqında nəsə çəkməyə çalışırlar. Düzdür, bu filmlərin professionallıq səviyyəsi aşağı olsa da, yaxşı ki, bu istək var onların içində. Buna görə də o gənclərə müəyyən güzəştlər olunmalıdır. Məsələn, müharibəylə bağlı film çəkirlərsə, o filmə görə vergilərdən azad olunsunlar. Onsuz da, vətənpərvərlik mövsuzu Azərbaycan məkanında gəlir gətirən mövzu deyil.

Baxın, bu gün Azərbaycan televiziya məkanında vətənpərvərlik mövzusunda verilişlərin sayı və yaxud bu mövzuda materialların intensivliyi nə qədərdir? Demək olar ki, yox səviyyəsindədir.

Cavabı sadə suallar, düyünə düşən arzular, edilməyən güzəştlər

- Nizami müəllim, bu sahədə möhtəşəm yaradıcılıq nümunələri ərsəyə gətirmək üçün nə etmək lazımdır? Professionalları həvəskarları və təşəbbüskarları bir araya toplamaqdan ötrü nə etmək lazımdır?

- Bilirsiniz, burada dövlətin rolu danılmazdır. Bir misal çəkim, iş adamlarının çoxu vətənpərvərlik və müharibə mövzularında işlənəcək filmlərə, kinolara maraq göstərmir. Amma hansısa bir qanunda təsbit olunsa ki, bu sahədə sponsorluq edən sahibkarlara hansısa güzəştlər tətbiq ediləcək, onda çox adam bu mövzuda filmlərin çəkilməsində yaxından iştirak edər.

Hər biri qəhrəman olan əsgərlər, müharibə yolu gözləyən döyüşçülər...

- Qarabağ müharibəsində rastlaşdığınız, tanıdığınız döyüşçüləri, Azərbaycan hərbiçilərini ümumi bir formada necə xarakterizə edə bilərsiniz?

- Düzdür, bu gün qəhrəmanlığı məlum olan döyüşçülərimiz, soydaşlarımız çoxdur. Amma elə adamlar var ki, onların şücaəti, döyüş yolu haqda çox az adam bilir. Bəzən mənə elə gəlir ki, müharibə tək-tək adamların müharibəsi oldu, onların ağrısı oldu ancaq. Onların çoxu həyatını itirdi, bəziləri sağlamlığını... Elələri də oldu ki, müharibədən sonra dözə bilməyib dünyadan köçdülər. Amma ümumilikdə yanaşsaq, bax, həmin adamların timsalında deyə bilərəm ki, Azərbaycan hərbiçiləri hamılıqla ən şərəfli titullara, ən yüksək adlara layiqdir... Bu gün də bəziləri ilə rastlaşıram. Müharibə adamlarının hamısının simasında ümumi bir cizgi var. Hamısı da eyni xarakterdədir... Hamısı da müharibəni gözləyir həsrətlə.

Təkcə Seyidağa Mövsümlüdən danışsaq bəs edər məncə... O adam ölənə qədər müharibədə oldu... Özü öz içində vuruşdu.

“Biz Laçına qayıdacağıq”, götürməyəcəyimiz töhmət, gecikdiyimiz mövzular

- Nizami müəllim, Laçının işğal günləri ərərəfsində lentə aldığınız bir laçınlı ağsaqqal deyir ki, biz Laçına mütləq qayıdacağıq... Yəqin ki, indi o adam həyatda yoxdur... Doğrudanmı, biz Laçına qayıda biləcəyik?

- Bizim ayrı yolumuz yoxdur. Biz Laçına qayıtmasaq, bu çox ağır töhmət olar. Biz ora hökmən qayıtmalıyıq.

- Müasir gəncliyimizin təşkil etdiyi hərbi jurnalistikanı, hərbi reportyorluğu necə görürsünüz?

- Birinci növbədə, gənclik üçün şərait yaratmaq lazımdır. Təəssüf ki, bu gün baş verənlər 90-cı illərdəki kimi özfəaliyyət səviyyəsində baş verir. Təbii ki, yeni nəsil arasında vətənpərvər qüvvələr var, amma bununla yanaşı, onlar üçün mühit yaratmaq lazımdır.

- Axı dövlət Kütləvi İnformasiya Vasitələrinin inkişafına yetərincə dəstək verir. Bir tərəfdən maliyə də ayırır, digər tərəfdən indiki texniki sfera da geniş imkanlara malikdir. Biz yenə müəyyən mənada bəzən gecikirik, yararlana bilmirik. Bəlkə özümüzdə bu istək yoxdur?!

- Yanaşmalar müxtəlif ola bilər. Düzdür, bu dəstəyi alan bir qisim Qarabağ həqiqətləri ilə bağlı nəsə etməyə cəhd göstərir. Amma ən güclü dəstək həqiqəti olduğu kimi deməkdir. Bizdə isə bu məsələ bir az kölgədə qalır.

Şəxsən mənim üçün başqa mövzu yoxdur. Qarabağ işğaldan azad olunana qədər mənim mövzularım ancaq Qarabağla bağlı olacaq. Mən bədii film çəkə bilmirəm... Çox təkliflər olub. Amma mən çəkə bilmirəm. Ağrılarımız, dərdimiz, hələ də torpağımızın işğal altında olması imkan vermir, möhtəşəm bir film çəkməyə.

İstinad yeri olan xarici filmlər, yuxulardan çəkilməyən palıd ağacı, əl çəkə bilmədiyimiz pafos

- Məsələn, ruslar həmişə həqiqəti əks etdirən filmlər çəkirlər. Eyni zamanda bu filmlərlə cəmiyyətə müəyyən mesajlar da ötürürlər. Bizim filmlərdə isə daha çox pafosa yer verilir. Bu nədən irəli gəlir. Olmazmı ki, tam həqiqətin özünü əks etdirən bir film çəkək? Amma onun həm də sətiraltı, ruhlandırıcı, gücləndirici mənaları olsun!

- Təəssüflər olsun ki, biz həmişə sovet filmlərini, rus və başqa xalqaların filmlərini misal göstərmək məcburiyyətində qalırıq. Yenə deyirəm, ölkənin gələcəyi üçün güclü ideologiya lazımdır. Tək bu gün üçün yox, gələcək üçün də düşünmək çox önəmlidir. Gürcü kinematoqrafların “Əsgər atası” filminə baxaq. Orada hər şey var. Təbiətə münasibət. Düşmənə münasibət. Vətənə münasibət. Övlada münasibət. Valideynə münasibət. Əsgərə münasibət. Yəni bir sözlə, bu filmdə hər şey var. Bizim indi işğal altındakı yerlərimizdə mədəniyyətimiz, floramız, faunamız tapdağ altındadır. Bu gün istənilən yaradıcılıq sahəsində bizim üçün sərhəd olmalı deyil. Mən hələ gənc olanda Kəlbəcərdə bir palıd ağacı görmüşdüm. O vaxt, birinci kursda oxuyanda ora yaşlı adamlardan portret çəkməyə gedərdim. Həmin palıd ağacı indi də mənim yuxularımdan çıxmır. Görəsən, o palıd orada tək qalıb indi neyniyir? Niyə oraları işğaldan azad edə bilmirik? Bəlkə də bu bəziləri üçün gülməli gələ bilər. Amma mənim üçün o palıd ağacı da Vətənimizin bir hissəsidir.

Təəssüflər olsun ki, pafos məsələsində biz çox şeydə uduzuruq. Pafos olan yerdə həqiqət arxa planda qalır. Bəli, bizim bəzi filmlərimizdə pafoslar var... Bəlkə də bu, bizim təbiətimizlə, düşüncəmizlə bağlıdır.

Çəkilməli olan film, uğur qazanmayan cəhdlər, əl-qolu bağlı rejissorlar

- Elə bir film forması varmı, o, Qarabağ hadisələrini olduğu kimi ehtiva edə bilsin-həm çılpaq həqiqətləri ilə, uğuru ilə, məğlubiyyəti ilə, yaxşısı ilə, sevinci ilə, kədəri ilə bağlı hər şeyi özündə cəmləsin. Belə bir film çəkmək olarmı?

- Film çox ciddi bir silahdır. Əlbəttə çəkmək olar. Düzdür, çox çətindir. Amma mümkündür. Düzdür, müəyyən filmlərimizdə buna cəhd olunub. Məsələn, “Nabat” filmində.... Bir qadının boş bir kəndin keşiyində dayanması... Ocağını, işığını yandırması... Böyük məna kəsb edir. Var belə cəhdlər. Daha da yaxşısını çəkmək olar. Bizim rejissorlarımızın müəyyən mənada əl-qolu bağlıdır. Bir tərəfdən də imkansızlıq.

Özü mövzu olan reportyorlar

Nizami Abbas sonuncu - “Qarabağ müharibəsində iştirak etmiş reportyorlar özləri bədii film mövzusu ola bilərmi?” sualımıza belə cavab verir:

- Əlbəttə ola bilər. Bəli. Belə bir planım var. Demək olar ki, üzərində işləyirəm. Qismət olsa, məqsədim belə bir film çəkməkdir.

Teymur Zahidoğlu
Xüsusi olaraq Ordu.az üçün

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Nizami-Abbas   Rejissor   Müharibə  

Müharibənin çəkdiyi həyat kinoları, yarımçıq qalan səngər filmləri, uğursuz hesab olunan uğurlar

2019/06/64655-9365587998.jpg
Oxunub: 1878     10:53     20 İyun 2019    