Ermənistan ordusunun silahlanmasında olan snayper tüfəngləri – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/06/635-1560510057.jpg
Oxunub: 3829     14:54     14 İyun 2019    
Cənubi Qafqaz regionunda Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı əsassız ərazi iddiasında olan, eləcə də Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayan Ermənistan son illərdə qeyri-leqal silahlanma tendensiyasını davam etdirir, əldə etdiyi silahların bir hissəsini Dağlıq Qarabğdakı qondarma quruma ötürməklə regional təhlükəsizliyi ciddi təhdid altında qoyur. Xaricdəki erməni diasporunun və ermənipərəst qüvvələrin dəstəyindən maksimum şəkildə yararlanan rəsmi İrəvan silahlanma prosesini bu gün də qeyri-şəffaf şəkildə həyata keçirir. Əsasən "qara bazar" prinsipi ilə fəaliyyət göstərən şübhəli yerli və xarici şirkətlərin xidmətlərindən istifadə edərək müxtəlif ölkələr üzərindən Ermənistana silah, hərbi texnika və digər müdafiə təyinatlı məhsulların ötürülməsi prosesi indi də davam edir.

Ermənistan və Azərbaycan rəhbərliyinin snayperləri ön xəttdən geri çəkmək barədə razılığa gəlmələrinə baxmayaraq son həftələr ərzində bir neçə hərbi qulluqçumuzun snayper atəşi ilə şəhid edilməsi, bu az imiş kimi, Ermənistanın Müdafiə naziri David Tonoyanın həmin snayperləri təltif etməsi bu məsələyə təcili olaraq yenidən baxmağı tələb edir.

Təbii ki, düşmənin son zamanlar aktivləşməsi, cəzasızlıq şəraitində artilleriyadan, təlim uçuşları keçirən aviasiya vasitələrinə OSA ZRK-dan atəş açması, mövqelərimizi davamlı olaraq snayper silahlarından atəşə tutaraq bir neçə hərbi qulluqçumuzu şəhid etməsi, hamı kimi bizi də dərindən narahat edir. Düşmənlə effektiv mübarizə aparmaq üçün onun istifadə etdiyi silah və texnikaların imkanlarını və xüsusiyyətlərini bilmək çox vacibdir. Bu dəfə Ermənistan Silahlı Qüvvələrinin silahlanmasında mövcud olan 16 müxtəlif növdə snayper tüfəngini sadalayacağıq:

SSRİ/Rusiya istehsalı

1. VSS "Vintorez"
2. SVD
3. SV-98

Ermənistan istehsalı

1. ASS-300 və ASR-300
2. ASR 300C
3. K-11 (zəif göstəricilərinə görə, istehsalı dayandırılıb)
4. K-15

ABŞ istehsalı

1. "Barret" M82
2. "Desert Tech" HTİ
3. "CheyTac" M200

Finlandiya istehsalı

1. SAKO TRG M-10
2. SAKO TRG-42

Böyük Britaniya

1. "Arctic Warfare.338 LM " (L115A3)

Fransa istehsalı

1. PGM "Mini-Hecate .338"

Cənubi Afrika Respublikası istehsalı

1. "Truvelo" CMS

Serbiya istehsalı

1. Zastava M93 "Black Arrow"

Ukrayna və Filippindən də adı açıqlanmayan snayper tüfəngləri idxal edildiyi barədə məlumatlar mövcuddur, lakin ətraflı məlumatlara açıq mənbələrdə rast gəlinmir.

İlkin olaraq Ermənistanın silahlanmasında mövcud olan snayper tüfənglərinin markası, təyinatı, taktiki-texniki xüsusiyyətləri, onların işğalçı ölkəyə gətirilməsini təşkil edən şirkətlərlə tanış olaq.

VSS "Vintorez"

VSS "Vintorez" snayper tüfənglərinin istehsalına 1987-ci ildə SSRİ-nin Tula silah zavodunda başlanılıb. Kifayət qədər qədim hesab edilən tüfəngdən Əfqanıstan, Çeçenistan, Rusiya-Gürcüstan, Donbass müharibələrində və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsində istifadə edilib. Snayper tüfəngi nisbətən yüngüldür, adətən məxfi və xüsusi əməliyyatlarda tətbiq edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı - 2,6 kq;
Məsafə - 400 m (PSO-1 ilə);
Uzunluğu - 894 mm;
Mərmi - 9×39mm;
Mərminin başlanğıc sürəti - 700 m/dəqiqə
Nişangah - PSO-1 və ya 1PN51 gecə görmə nişangahı.

Əsasən Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Suriya, İordaniya, Ukrayna, İran, Vyetnam Silahlı Qüvvələri və bəzi seperatçı qanunsuz qruplaşmalar tərəfindən istifadə edilir.

SVD

"Draqunov" snayper tüfəngi adlanan SVD-nin istehsalına 1963-cü ildə keçmiş SSRİ-nin "Kalaşnikov" konsernində başlanıb. Peyda olan, hərəkət edən, gizlənən tək hədəfləri məhv etmək üçün hazırlanan snayper tüfəngidir. Bir çox müharibə və münaqişələrdə istifadə edilib.

Silahdan atəş açmaq üçün adi, trasser, zirehdələn-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bu da həmin obyekti dəqiq nişan almağa kömək edir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı - 4.3 kq;
Atəş məsafəsi - 800 m;
Uzunluğu - 1225 mm;
Çapı və mərmisi - 7.62×54 mm;
Atəş tempi dəqiqdə - 30 atəş;
Atəş məsafəsi - 1300 m;
Effektiv atəş məsafəsi - 800 m;
Lülənin uzunluğu - 615 mm;
Effektiv atəş məsafəsi - 800 metr;
Güllənin başlanğıc sürəti - 830 metr/saniyə;
Optik nişangahlar - PSO-1, 1PN51, 1PN58;
Xəzinənin tutumu - 10 mərmi.

SV-98

SV-98 snayper tüfəngi 1998-2000-ci illərdə Vladimir Stronskinin rəhbərliyi altında hazırlanaraq Rusiyanın "İjmaş" şirkəti tərəfindən kütləvi istehsal olunur. SV-98 tüfəngi düşmənin 1000 m-ə qədər məsafədə fərdi zireh qorunmasına malik canlı qüvvəsini məhv etmək üçün nəzərədə tutulur.

SV-98 tüfəngi SSRİ Beynəlxalq Atıçılıq Birliyinin proqramında fəaliyyət göstərən MOİK milli komandası üçün yaradılan 1972-ci il nümunəli "Rekord" tüfənflərinin ən son SIZM modelinin bazasında yaradılıb."Record" SİZM ilə SV-98-in fərqi sonuncunun ayrılan 10 mərmilik xəzinəyə malik olması ilə xarakterizə olunur. Standart 7.62×54 mm-lik Rusiya mərmisi ilə dəqiqlik nümayiş etdirən bir tüfəngin hazırlanması silahlı qüvvələri də maraqlandırdı. Tüfəng atıcıya tətiyə tətbiq edilən gücün səviyyəsini tənzimləməyə imkan verir. SV-98 tüfəngi digər bu tip silahlara xas olan klassik sxemdə hazırlanıb.

Tüfəngin zərbə tətik mexanizmi idman növünə aiddir. SV-98 iliayaqlı teleskopik dayağa, nişangahda qızmar havanın əmələ gətirəcəyi ilğımı önləmək üçün lülə lentasına, səsboğucuya və PKS-07 tipli 7-qat böyütməyə malik nişangah ilə təmin edilir. Tüfəng 700-800 m məsafədə effektiv atəş açmağa imkan verir. SV-98-dən təcrübəli atıcı 1200 metr məsafədə ayaq üstə olan hədəfi məhv edə bilər. Bu tüfəngin analoqu kimi ABŞ-ın "Remington 700", Almaniyanın "Blaser 93" və s. kimi silahlarını nümunə göstərmək olar.

2000-ci ildə ".338 Lapua Magnum" mərmisi üçün SV-98M-338 tüfənginin prototipi yaradıldı. 2010-cu ildə tüfəngin KO-13 "Rekord" adı altında mülki təyinatlı modifikasiyanın (lülədə səsboğucu ləğv edildi) kiçik miqyaslı istehsalına başlandı.

2013-cü ildə "İjmaş" tüfəngini modernləşdirdi. Sələfindən fərqli olaraq, modernləşdirilən SV-98 yeni erqonomik duralminum qundağa sahib oldu.

2014-cü ildə Parisdə "Eurosatory-2014" silah sərgisində SV-98-in başqa bir versiyası- yüngül skelet tipli lülə yatağına, tənzimlənən qara plastik qundağa, qatlanan dayaqlara və çıxarıla bilən termal görüntülü "Dedal-TA2" qurğusuna malik DH 3-12x50 teleskopik nişangahdan ibarət nümayiş modeli təqdim edildi.

Hazırda "Kalaşnikov" konserni SV-98 tüfənginin yeni bir alüminium lülə yatağına, tənzimlənən qundağa, optik və gecəgörmə cihazları quraşdırmaq üçün "Pikatinni" lövhəsinə malik yenilənən versiyasını istehsal edir.

İstehsalçı ölkədən başqa, bu snayper tüfənglərini yalnız Ermənistan (2010-cu ildə 52 ədəd) əldə edib.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı - 6.2 kq;
Uzunluğu - 1270 mm;
Lülə uzunluğu - 650 mm;
Mərmilər
7.62×54 mm R;
NATO 7.62×51 mm;
".338 Lapua Magnum";
Çapı 7.62 mm; .338;
Atəş tezliyi dəqiqədə 10 atəş;
Mərminin ilkin sürəti 820-860 m/san;
Atəş məsafəsi 1000 m;
Xəzinə tutumu 10 mərmi.

K-15

Ermənistanın yerli istehsalı olan 12,7 mm-lik K-15 snayper tüfəngi 2013-cü ildən silahlanmaya qəbul edilib. 2012-ci ilin oktyabrında İrəvanda keçirilən Ermənistan Müdafiə Nazirliyinin hərbi-sənaye sərgisində nümayiş olunan K-15 tüfəngi dəzgah üzərində quraşdırılır. Onun çəkisi 18 kq, atış çəsafəsi 2000 metr, effektiv atış məsafəsi 1600 metr, atəş tempi isə dəqiqədə 16 mərmidən ibarətdir. Tüfəngin uzunluğu 1500 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Lülə hər biri 420 mm olan 4 kəsikdən (hissədən) ibarətdir.

Üçayaqlı dəzgah üzərində yerləşdirilən snayper tüfəngi 12,7x108 mm çaplı (B32) mərmilərdən atəş açır. Üzərinə Rusiya istehsalı olan optik nişangah yerləşdirilən snayper tüfənginin geri təpmə təsirinin azaldılması üçün lülənin ağzında əyləc quraşdırılır.

ASS 300 və ASR 300

Ermənistanın "ASPAR Arms" şirkətinin istehsal etdiyi 7.62x35 mm-lik snayper tüfəngləri ASS 300, ASR 300 və ASR 300C kimi 3 versiyada hazırlanır. Bu silahların ilk ikisi bir-birindən az fərqlənir. Onlar səssiz və alovsuz atəş açmaq üçün xüsusi səsboğucu ilə təchiz edilir. Mərmilərdə 14,3 qr ağırlığında zirehdələn və HPBT (Hollow Point Boat Tail) kimi iki növ güllələrdən istifadə edilir.

ASS 300 snayper tüfəngi, "Kalaşnikov" avtomatının dizaynına əsaslanaraq hazırlanıb və bir çox detalları eynidir.

Tüfəngin fərqli cəhəti dəyişən uzunluğa malik qundağa, səsboğucuya və bir neçə "Pikatinni" lövhəsinə sahib olmasındadır. Barıt qazlarının təsiri ilə çalışan avtomatika ilə təchiz olunan silah uzunluğu cəmi 250 millimetr olan lüləyə və uzun səsboğucuya malikdir. Bunların atəş səsinin daha effektiv boğulması məqsədilə edildiyi ehtimalı əsassız deyil, lakin bu, atəş məsafəsinə və güllənin sürətinə də kifayət qədər mənfi təsir göstərir. Güllənin başlanğıc sürəti 320 m/s-yə qədər enir. Silahdan 100 metr məsafədə güllə 690 Coul enerjiyə malik olur. Xəzinə tutumu 10 mərmidən ibarət olan tüfəngin çəkisi 4,3 kiloqramdır.

ASS 300 tüfəngini istifadə edərkən atıcı atəş dəqiqliyini artırmaq üçün iki ayaqlı dayaqdan istifadə edə bilər. Əlavə bir qatlanan dayaq isə qundaqda quraşdırılıb.

ASS 300 ilə eyni zamanda, hazırlanan digər bir silah səsə qədər sürətə malik mərmi üçün hazırlanan ASR 300 snayper tüfəngidir. ASR 300 tüfəngi əvvəlki silah növündə istifadə olunan lüləyə, tənzimlənən qundağa və səsboğucuya malikdir. Qundaq zəruri hallarda, lülə qutusuna doğru, sol tərəfə qatlana bilər.

Tüfəngin ümumi uzunluğu açıq qundaq və səsboğucu ilə 950 mm-ə çatır. Qundaq qatlanarkən bu göstərici 670 mm-ə qədər azalır. Lülə qutusunun ön hissəsi lazımi avadanlıqlar quraşdırıla bilən bir neçə "Pikatinni" lövhəsi ilə təchiz olunur. Mərminin lülə kanalına ötürülməsi və lülə kilidlənməsi funksiyalarının tətbiq edilməsi fərqli olsa da, ASS 300 və ASR 300 snayper tüfəngləri təxminən eyni atəş göstəricilərinə malikdir.

ASR 300C

ASR 300 tüfənginin bazasında yaradılan ASR 300C snayper tüfəngi isə daha uzun lüləsi və sərt tənzimlənən qundağı ilə fərqlənir. 450 mm-lik lülə 700 m/s başlanğıc sürətini təmin edir. Güllənin yüksək başlanğıc sürəti daha effektiv atəş məsafəsi əldə etməyə yardım edə bilər, lakin bu barədə heç bir rəsmi məlumat yoxdur. ASR 300C tüfənginə atəş səsini azaltmaq üçün səsboğucu da quraşdırıla bilər.

Barrett M82

"Barrett" M82 dünyada çox geniş yayılan 12,7 mm-lik antimaterial tüfəngdir. Bu tip silahların Avropa analoqlarına Böyük Britaniyanın "Accuracy International" və Fransanın PGM şirkətinin məhsulları aid edilir.

Hüquq-mühafizə orqanlarının keçmiş zabiti Ronni Barrett əvvəllər "Browning M2" pulemyotunda istifadə edilən 12.7×99 mm və ya .50 BMG NATO mərmisindən istifadə edəcək özünü yükləyən tüfəngləri hazırlayacaq "Barrett Firearms Manufacturing" şirkətinin qurucusu hesab edilir.

1980-ci illərin əvvəllərində R.Barrett silahın ilk nümunələrini inkişaf etdirməyə başladı və 1982-ci ildə M82 tüfənginin ilk işçi nümunələri ortaya çıxdı. Barrett silahın hər bir detalının inkişafında şəxsən iştirak edirdi. Hazırlanan tüfəngi "Winchester" və FN "Herstal" şirkəti satın almaqdan imtina etdikdən sonra, Barrett ABŞ daxili bazarında satışa çıxarmaq üçün kiçik miqyasda istehsala başladı. Şirkət 1986-cı ildə yaradıldı və eyni ildə silah bazarında sonradan ən çox yayılan tüfəng hesab edilən M82A1 modifikasiyası ortaya çıxdı. Bu tüfəng "Browning M2" pulemyotunun atəş sıxlığını əldə edə bilmirdi, lakin yüngül çəki, ucuz qiymət və yüksək dəqiqlik kimi müharibənin dəyişkən şərtlərində həlledici rol oynayan faktorları özündə birləşdirdi. R. Barrett 1987-ci ildə ixtirasının patentini əldə etdi.

1989-cu ildə İsveçin Quru Qoşunları 100 ədəd M82A1 tüfəngini əldə etdi. Daha böyük ticari müvəffəqiyyət 1990-cı ildə əldə edildi, tüfənglərin əhəmiyyətli bir hissəsi ABŞ qüvvələri tərəfindən İran körfəzində müharibəyə hazırlaşmaq üçün satın alındı. İlk 125 tüfəngi ABŞ Dəniz Piyada Korpusu sifariş etdi, ardınca isə Ordu və Hərbi Hava Qüvvələri tərəfindən sifarişlər qəbul edildi. Bu tüfənglə ABŞ qoşunları Küveyt və İraqdakı "Səhrada Fırtına" və "Səhra Qalxanı" əməliyyatları çərçivəsində döyüşlərdə iştirak etdilər.

Yeni M82A1silahları ABŞ hərbçiləri tərəfindən SASR (Special Applications Scoped Rifle - Xüsusi Təyinatlı Nişangahlı Tügəng) təyinatını aldı. 1992-ci ildə DPK və Xüsusi Əməliyyatlar Komandanlığından 300 tüfəng üçün yeni sifariş alındı.

Belə böyük çaplı tüfəngin əsas təyinatı düşmənin zirehsiz və yüngül zirehli texnikalarına (avtomobillər kimi təyyarələrə də), RLS antenlərinə zərər vurmaqdan və təhlükəsiz məsafədən sursat və minaları partlatmaqdan ibarətdir. Böyük bir güllə enerjisi ilə 1800 m-lik atəş məsafəsi və zirehdələn mərmilərdən istifadə etmək imkanı tüfəngin dəyərini artırır. Canlı qüvvənin məhv edilməsinin arxa plana keçməsinə baxmayaraq, güllə yüngül zirehli vasitənin daxilində də ölümcül qüvvəsini saxlayır.

1987-ci ildə, "bull-pup" sxeminə görə aşağı təpmə qüvvəsinə malik M82A2 tüfəngi buraxıldı. Lakin silah bazarında tələb olunmadığına görə istehsalı tezliklə dayandırıldı. 2006-cı ildə "Barrett" kompaniyası bu tüfəngin xələfi XL500 silahını buraxdı, onun "bull-pup" konfiqurasiyası M82A2-yə oxşar idi. Tezliklə, M82A1M tüfənginin yeni versiyası buraxıldı və ABŞ-ın DPK-sı tərəfindən M82A3 SASR adı ilə böyük miqdarda silahlanmaya qəbul edildi. M82A3 və M82A1 arasındakı əsas fərq, lülənin tam uzunluğunu əhatə edən və istənilən optik nişangahı quraşdırmağa imkan verən "Pikatinni" lövhəsinin, arxa tərəfdə dayağın, yüngül zərbə-tətik mexanizminin, ayrılan ikiayaqlı dayağı və lülə əyləcinin (atəş boğucunun) tətbiqindən ibarət oldu.

"Barrett" M82 tüfəngi 30-dan çox, o cümlədən Belçika, Çili, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İndoneziya, İtaliya, Yamayka, Meksika, Hollandiya, Norveç, Filippin, Səudiyyə Ərəbistan, İspaniya, İsveç, Türkiyə, Böyük Britaniya, ABŞ, Ermənistan və s. ölkələrin silahlanmasında yer alır.

"The Brooklyn Connection" adlı sənədli filmə görə, M82 tüfəngləri ABŞ-dan gizli şəkildə Kosovaya da göndərilib.

"Desert Tech HTİ"

2018-ci ilin əvvəlində Ermənistan Silahlı Qüvvələrinin ABŞ-ın "Desert Tactical Arms" şirkətinin istehsalı olan "Desert Tech HTİ" (Hard Target Interdiction) snayper tüfənglərindən istifadə etdiyi məlum oldu.

ABŞ-ın "Desert" kompaniyası Avropa bazarında aktiv fəaliyyət göstərməyə çalışan şirkətindən biridir. 2016-cı ildə Nürnberqdə keçirilən sərgidə şirkət, öz sinifi üçün qeyri-adi yüngül çəkiyə və zərifliyə malik "Desert Tech HTI" antimaterial tüfəngini nümayiş etdirdi. Hazırda "Desert Tech" (əvvəlki "Desert Tactical Arms") tərəfindən istehsal edilən bu iriçaplı snayper tüfəngi, dünyanın bütün böyük diametrli snayper tüfəngləri arasında ən kompaktı olmasa da, ən kiçik ölçülü olanlardan biridir.

Bu tüfənglərin təyinatı digər antimaterial silahlardan fərqlənmir. Yəni onların canlı qüvvəyə qarşı tətbiqi mümkündür, lakin bu onun tətbiq profilinə uyğun deyil. Düşmən snayperinə qarşı daha uzaq məsafədən antisnayper kimi daha effektivdir.

Müharibə şəraitində effektiv atəş məsafəsinə və güllə enerjisinə görə adi snayper tüfənglərindən əhəmiyyətli dərəcədə üstündür. Belə bir silah böyük ölçüləri, kütləsi və təpmə qüvvəsi ilə digərlərindən fərqlənir.

Buna görə də, dünyanın müxtəlif silah istehsalçıları tüfənglərin bütün əsas döyüş xüsusiyyətlərini saxlamaqla bu parametrləri mümkün qədər azaltmağa çalışırlar. "Desert Tech HTI" tüfəngində yüngül ərintilərdən və polimer birləşmələrdən silahın TTX-sına mənfi təsir göstərməyəcək qədər geniş istifadə edilir.

Şirkətin istehsal etdiyi HTİ dəyişən çaplı snayper tüfəngi .375 CheyTac, .408 CheyTac, .416 Barrett və .50 BMG mərmiləri ilə atəş açmaq üçün hazırlanıb. Antimaterial snayper tüfəngləri sinfinə aid edilən HTİ-dən fərqli çapa malik mərmilərlə atəş açmaq üçün lülə, daraq və zərbə-tətik mexanizmi dəyişdirilir.

Bu odlu silah nümunəsi əvvəlcə 2012-ci ildə "Desert Tech" tərəfindən "bull-pup" sistemində hazırlan modula malik antimaterial snayper tüfəngi kimi nümayiş etdirildi və mülki bazarda müştərilərə, həmçinin idmançılara da təklif edildi. "Desert Tech HTI" iriçaplı tüfəngi, Almaniya istehsalı DSR-1 snayper tüfənginin aydın təsiri altında 2008-ci ildə inkişaf etdirilən digər SRS/PSR (Stealth Recon Scout/Precision Sniper Rifle) snayper tüfənginin daha da inkişaf etdirilən versiyasıdır. SRS/PSR tüfəngləri bir neçə müxtəlif çapda, o cümlədən ".243 Win"dən ".338 Lapua Magnum"a qədər mərmilər üçün istehsal edilib. Bu silah həddindən artıq ekstremal iqlim şəraitində və uzaq məsafələrdə hədəfləri məhv etmək üçün istifadə edilən "Barrett" tüfənglərini daha kompakt və yüngül bir silah ilə dəyişmək üçün hazırlanıb. Bu tüfənglə avstraliyalı snayperin Əfqanıstanda 2815 metr rekord məsafədən "Taliban" qiyamçısını məhv etməsindən sonra şirkət öz silahının Yuta ştatındakı poliqonda eyni məsafədə atışlarını keçirdi və bəyan etdi ki, "Desert Tech HTI" tüfəngi bu məsafədə ayaq üstə olan düşməni uğurla məhv edə bilir.

HTI antimaterial tüfəngləri tez dəyişən lülə ilə təchiz olunub. Silahın dəstinə əlavə lülə ilə bərabər müxtəlif çaplı mərmilər üçün fərqli çaxmaqlar da daxildir. "Desert Tech" 9.5 mm-dən 12.7 mm-ə qədər dörd müxtəlif lülə ilə komplektləşdirilir. 12.7 mm-dən (.50 BMG) başqa tüfəng, "315 Cheytac" (9,5 mm), ".408 Cheytac" (10,3 mm) və ".416 Barrett" (10,5 mm) çapda lülə ilə təchiz edilir.

12.7 mm (.50 BMG) lülə ilə səsboğucu tətbiqi elə asan deyil, lakin sifarişlə fərqli lülə əldə etmək mümkündür. Silahın lüləsi 1-2 dəqiqə ərzində dəyişdirilə bilər, dəyişdirmə proseduru üçün atıcıdan heç bir əlavə alət tələb olunmur. Bu əlbəttə ki, rekord rəqəm deyil, lakin ekspertlərin fikrincə, olduqca yaxşı göstəricidir. Tüfəng solaxay atıcı üçün nəzərdə tutulmayıb. Digər zəif cəhəti isə 1-2 atəşdən sonra öz yerini məlum etməsidir.

"Desert Tech HTI" tüfənginin tək əllə dəyişdirilə bilən xəzinəsinə 5 mərmi yerləşdirir. MIL-STD-1913 standartlı uzun "Pikatinni" lövhəsi termal görüntüləmə və gecə görmə nişangahları da daxil olmaqla tüfənglə müxtəlif məqsədli qurğuların quraşdırılmasına imkan verir.

"CheyTac M200" LRRS

"CheyTac M200" LRRS (Long Range Rifle System - Uzaq Mənzilli Silah Sistemi) snayper tüfəngi ABŞ-ın "CheyTac Associates" şirkəti tərəfindən hazırlanıb və uzaq məsafədən düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulur.

Bu silahın hazırlanmasında əsas məqsəd imkanlarına görə 12,7 mm (.50) çaplı silahlardan daha üstün, uzaqmənilli və dəqiq bir snayper tüfənginin əldə edilməsindən ibarət olub. Bunun üçün Dr. Con Teylorun (ABŞ) rəhbərliyi altında nominal çapı 10 mm olan .408 "CheyTac" mərmisi hazırlandı. Yeni mərmi ölçü və çəkisinə görə .50 "Browning" (12.7x99) pulemyot mərmisi ilə populyar .338 "Lapua" (8.6x76) mərmisi arasında aralıq mövqe tutur.

Güllə xüsusi forması və dizaynı sayəsində çox böyük bir ballistik göstəricilər əldə edib və 2000 metrdən artıq məsafədə belə səsdən yüksək sürətini saxlayır. 30% daha yüngül və aşağı təpmə qüvvəsinə malik olmasına baxmayaraq, 700 metrdən çox məsafədə .408 çaplı güllənin enerjisi, eyni məsafədə .50"Browning" gülləsinin enerjisindən daha yüksəkdir. "CheyTacM200" LRRS tüfəngi "NightForce NXS 5.5-22X" nişangahı, .408"CheyTac" mərmisi, PDA "Casio Cassiopea M70" bazasında hazırlanan xüsusi ballistik kompüteri və ona qoşulan "Kestrel 4000" külək, temperatur və atmosfer təzyiqi sensorları vasitəsilə 2000 metr məsadən ayaqüstü hədəfləri dəqiqliklə məhv etməyə imkan verir.

M200 tüfənginin dizaynı ABŞ-ın "EDM Arms" şirkətinin yaratdığı .50 çaplı "Windrunner" silahının konstruksiyasına əsaslanır. Lülənin ağızında OPSINC effektiv ağız əyləci və ya səsboğucu quraşdırıla bilər. Optika quraşdırmaq üçün, standart "Pikatinni" tipli lövhədən tistifadə olunur, "Nightforce NXS 5.5-22X" teleskopik nişangahı isə əsas optika hesab olunur. Zəruri hallarda nişangaha AN/PVS-14 gecə görmə modulu və AN/PEQ-2 hədəfləri işıqlandırmaq üçün infraqırmızı lazer əlavə edilə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

Ağırlığı - 12.3 kq (nişangahsız);
Uzunluğu - açıq qundaqla 1400 mm/qapalı qundaqla 1220 mm;
Mərmi - .408 və .375 CheyTac;
Çapı - 10.3 × 77 mm;
İş prinsipləri: əllə doldurma, üfuqi sürüşən və dönən çaxmaq;
Atəş məsafəsi - 2000 m;
Xəzinə tutumu - 7 mərmi.

SAKO TRG M10

"Safergole" şirkətinin hazırladığı "Fin silahına nəzarət haqqında məruzə"yə görə 2017-ci ildə Ermənistan Finlandiyadan 25440 avro məbləğində silah idxal edib. Ermənistan Dövlət Gömrük Komitəsinin 2017-ci ilədək olan gömrük bülletenlərində isə gömrük dəyərinin 72,4 min ABŞ dolları olan 54 ədəd silah idxal etdiyi göstərilir, lakin başqa heç bir məlumat qeyd edilmir. Finlandiyalıların hesabatında da silahların təyinatı və növünə aid digər məlumat yoxdur, yalnız silahların hərbi təyinatlı olduğu bildirilir. İdxal edilən silahların hazırda Ermənistan Silahlı Qüvvələrinin arsenalında mövcud olan və Finlandiyada hazırlanan SAKO TRG M-10 snayper tüfəngləri olduğu şübhəsizdir.

Ermənistan Ordusunun da istifadə etdiyi universal snayperlərdən olan Finlandiyanın SAKO şirkətinin SAKO TRG-42 və SAKO TRG M-10 tüfəngləri barədə məlumatda əsəs üstünlük sonuncu modelə veriləcək, çünki o daha yeni və müasirdir.

"Beretta Defense Technologies" tərəfindən inkişaf etdirilən TRG M-10 tüfənginin 2011-ci ildən istehsalı ilə məşğul olan SAKO şirkəti bu məhsulu bir neçə modifikasiyada təklif edir. Dəyişən çaxmaqdan başqa istehsalçı bu tüfəngi fərqli çapda və uzunluqda dəyişdirilə bilən lülə ilə təmin edir.

Müxtəlif çaplı dəyişən lüləyə malik tüfəng 3 fərqli mərmi ilə atəş aça bilir. SAKO TRG M-10 snayper tüfəngləri sifarişçiyə atıcının fiziki parametrlərinə uyğun nizamlanan yastıqlı qundaq ilə çatdırılır. İstəyə görə amotizatora malik ikiayaqlı dayaqla da təchiz edilə bilər.

Tapança dəstəyi insan anatomiyasına uyğun şəkildə hazırlanıb. Tüfəngi qalın əlcəkləri çıxarmadan da idarə etmək mümkündür. Xəzinənin tutumu davamlı atəş aparılmasına imkan verir. Silahdan həm sağ, həm də sol əli aktiv olan atıcılar atəş aça bilir. İki sıralı xəzinə tüfəngə etibarlı şəkildə birləşdirilir, onun təsadüfən yerə düşməsi istisnadır.

Tüfəng istiliyə davamlı materialdan hazırlanır, istəyə görə ayaqlar quraşdırıla bilir, "Pikatinni/ Viver" üst lövhələri optik və ya kollimator nişangahlarının montajına imkan verir.
Konstruksiyası və TTX-sı SAKO TRG M-10 silahını yüksək səviyyəli snayper silahlarından birinə çevirir.

Ümumi uzunluğu:

.308 Win -1037mm;
.300 Win Mag - 1186 mm;
.338 Lapua Mag - 1216,5 mm.
Lülə uzunluğu
.308 Win - 509,5 mm;
.300 Win - 656mm;
.338 Lapua Mag - 689 mm.
Xəzinə tutumu:
.308 Win -10 mərmi;
.300 Win Mag -7 mərmi;
.338 Lapua Mag - 5 mərmi.

Çəkisi 6.0-6.5 kq arasında dəyişən SAKO TRG M-10 tüfənginin lüləsi paslanmayan poladdan hazırlanır. Tüfəngin uc hissəsində səsboğucu əlavə edilməsi üçün yivli hissə də mövcuddur.

Fin tüfəng istehsalçısı hissələrin dəyişdirilməsinin asanlaşdırılması və buna sərf edilən zamanın azaldılması üçün bütün komponentləri toxunma ilə ayırd etmək üçün xüşusi işarələr ilə təmin edib.

"Arctic Warfare.338 LM" (L115A3)

Böyük Britaniyanın "Accuracy International" şirkətinin 1996-cı ildən istehsal etdiyi "Arctic Warfare.338 LM" snayper tüfəngi .338 mərmisindən (8.6x70 mm) istifadə edir və daxili bazara 2007-ci ildən L115A3 adı ilə çıxarılır. Bu silahdan ingilis ordusu, Kral HDQ və HHQ-si istifadə edir. Onun təyinatı digər iriçaplı snayperlərdən fərqlənmir. Tüfəng sələfi L115A1 ilə müqayisədə yaxşılaşdırılıb, təkmilləşdirilən nişangaha, tənzimlənən qundağa, fərqli ayaqlara və səsboğucuya sahib olub. Böyük Britaniya Silahlı Qüvvələrinə cəmi 580 L115A3 tüfəng təhvil verilib. Bu snayper tüfəngləri əsasən İraq və Əfqanıstandakı müharibələr zamanı istifadə edilib.

Güclü çaxmağa malik L115A3 snayper tüfəngi uzaq məsafələrə dəqiq atəş açmaq üçün nəzərdə tutulan .338 "Lapua Magnum" mərmisindən istifadə edir. Baxmayaraq ki, .338 "Lapua Magnum" əhəmiyyətli dərəcədə az kinetik enerjiyə və nüfuzetməyə malikdir, onun effektiv atəş məsafəsi .50 BMG (12.7x99 mm) mərmisi ilə müqayisə oluna bilər.

Bəzi hallarda, .338 "Lapua Magnum" gülləsi zirehli şüşəyə nüfuz edə bilir. Ən yüksək böyütməyə malik nişangaha sahib olan L115A3 tüfəngi 1500-1700 metrə qədər effektiv atəş məsafəsinə malikdir. Bu isə ondan uzaq məsafədə rəqib snayperlərini neytrallaşdırmaq məqsədilə istifadəyə də imkan verir. L115A3 dünyanın ən yaxşı snayper tüfənglərindən biridir. 2009-cu ildə ingilis Ordusunun snayperi Craig Harrison Əfqanıstanda 2475 metr rekord məsafədə hədəfi L115A3 tüfəngi ilə məhv edərək adını tarixə yazdırdı.

L115A3 çıxarıla bilən 5 mərmili xəzinədən istifadə edir və qatlanan qundağa malikdir, bu isə onun kürək çantasında daşınmasına imkan verir.

L115A1-dən başqa bir düzəliş tənzimlənən yanaqlıqdır. Bu, snayperin hədəfi nişan alarkən gözlərini rahatlıqla uyğunlaşdırmasına imkan verir.

L115A3 yeni tənzimlənən ayaqlara malikdir. Bu isə hədəfin yerini təyin etdikdən sonra snayperə tüfəngini istədiyi istiqamətdə uzun müddət saxlamağa imkan verir. Bu silah da "Pikatinni" lövhəsinə malikdir və 5-25 dəfə böyütməyə malik nişangahla birlikdə istehsal edilir. L115A3 tüfənginə səsboğucu da quraşdırıla bilir.

2015-ci ildə Böyük Britaniyanın "Accuracy İnternational" şirkətinin istehsal etdiyi "Arctic Warfare.338 LM" (L115A3) snayper tüfənglərinin işğalçı Ermənistan Ordusunun silahlanmasında peyda olması ilə əlaqədar Azərbaycan tərəfi öz narahatlığını diplomatik kanallar vasitəsilə ifadə etsə də, Birləşmiş Krallıq ATƏT-in qəbul etdiyi qərara riayət edərək Azərbaycana və Ermənistana qarşı silah embarqosu tətbiq etdiyini və bu embarqonun ölkə qanunvericiliyində öz əksini tapdığını bəyan edərək məsuliyyətdən yayınmağa çalışdı.

Böyük Britaniyadan gələn rəsmi cavabda Ermənistan ilə heç bir snayper tüfənginin satışının həyata keçirilmədiyi bildirilsə də, faktlar bunun əksini təsdiq edir. 2012-ci ildə "Accuracy International" şirkətinin iki ədəd snayper tüfənginin Fransaya ixrac edildiyini, daha sonra isə onların Ermənistana sərgidə nümayiş etdirilmək məqsədi ilə aparıldığı bildirilsə də, istehsalçı şirkət KİV-lərə verdiyi müsahibələrdə bunun tam əksini bildirərək, Ermənistana digər snayper tüfənglərinin satılmasını etiraf edib. Böyük Britaniyanın sılah ixracına nəzarət idarəsinin snayper tüfəngini əldə edən Fransa şirkətindən "son istifadəçi sertifikatı"nı (end-user certificate) tələb etməməsi də ciddi suallar yaradır. Bu kimi faktlar kifayət qədərdir, deməli Ermənistan müxtəlif saxta ticarət əməliyyatları və "qara bazar" vasitəsilə müxtəlif snayper tüfəngləri almaq cəhdlərinə hələ də davam edir.

Böyük Britaniyanın "Accuracy International" və Fransanın "PGM Precision" şirkətləri tərəfindən istehsal olunan silahların satışı Fransa ərazisində fəaliyyət göstərən başqa bir şirkət tərəfindən həyata keçirilib. Hazırda şirkətin bağlandığı deyilsə də, əslində bu izlərin silinməsi üçün atılan addıma bənzəyir. Şirkətin adı və nə qədər silah satması barədə dəqiq məlumat yoxdur. Bu barədə məlumatların məhkəmə tərəfindən araşdırılması vacibdir.

"Mini-Hecate .338"

"PGM Mini-Hecate. 338" İsveçrənin ASMP şirkətinin əməkdaşı Kris Movigliatti tərəfindən hazırlanıb və Fransanın "PGM Precision" şirkəti tərəfindən istehsal olunur. Bu şirkətin tüfənglərinin satışı ilə məşğul olan Belçikanın "FN Herstal" firması onların Ermənistana tədarükü məsələlərinə də baxır.

1200 metr məsafədə düşmənin canlı qüvvəsini, zirehsiz vasitələrini və piyada əleyhinə minalarını məhv etmək üçün nəzərdə tutulan "PGM Mini-Hecate .338" snayper tüfəngi bəzən sadəcə PGM .338 adlandırılır. Bu tüfənglər 7,62 mm NATO (PGM UR Intervention, UR Commando) tüfəngləri və 12,7 mm "Hecate II" iriçaplı tüfənglər arasında yerləşən silah kimi nəzərdən keçirilir.

"PGM Mini-Hecate .338" aliminum "skelet" üzərinə quraşdırılan lülə qutusuna, zərbə tətik mexanizminə və müxtəlif avadanlıqlara malikdir. Zərbə tətik mexanizmi tənzimlənir. Lülə soyuq döymə texnologiyası ilə hazırlanır, daha yaxşı soyutma üçün uzununa yuvalara və effektiv ağız əyləcinə malikdir.

Lülə qutusu alüminium ərintisindən hazırlanır. "Pikatinni" lövhəsi standart funksiyalıdır. Dəstək və lülə yatağı polimer materiallardan hazırlanır və çərçivəyə bərkidilir. Tüfəngin alüminium qundağı uzununa və hündürlüyə görə tənzimlənir, amortizatora malikdir və yana qatlanır. Qatlanan qoşa ayaq silahın ön tərəfində yerləşir. Atıcının hədəf zonasını uzun müddət nəzarətdə saxlamasına yardımçı olan 3-cü ayaq qundağın aşağı hissəsindədir. PGM 338 tüfəngi Fransa, Sloveniya, Sinqapur, Polşa, İsveçrə və Ermənistanın ordu və hüquq-mühafizə orqanlarının xüsusi təyinatlı qüvvələri tərəfindən silahlanmaya qəbul edilib.

Taktiki-Texniki Xüsusiyyətləri:

Çapı - 8.6x70 mm (.338 Lapua);
Uzunluğu - (qundaq açıq/qapalı ) 1290mm/ 1010 mm;
Lülə uzunluğu - 700 mm;
Boş çəkisi - 6.6 kq;
Xəzinə - 10 mərmi;
Effektiv atəş məsafəsi - 1200 m.

Ermənistan ordusunun xüsusi təyinatlılarının silahlanmasında yer alan bu tüfənglərin böyük ehtimalla 2011-2013-cü illər aralığında alındığı ehtimal edilir. Satınalma həcmi barədə dəqiq informasiyalar mövcud deyil. Ermənistan ordusunun arsenalında yer alan bu silah ilk dəfə 2013-cü ildə KİV nümayəndələrinin Noemberyandakı xüsusi təyinatlıların təlimində apardığı çəkiliş zamanı üzə çıxıb.

"Truvelo" CMS

Ermənistan ordusunun arsenalında mövcud olan digər antimaterial silah Cənubi Afrika Respublikasının "Truvelo Armoury Manufacturers" şirkətinin istehsal etdiyi 20 mm-lik "Truvelo" CMS (Counter Measure Sniper) tüfəngidir. Şirkət hazırda silah bazarına 6,6 mm-dən 20 mm-ə qədər müxtəlif təyinatlı 8 növ snayper tüfəngi təklif edir. Bu snayper tüfəngi əsasən yüngül zirehli vasitələri, o cümlədən hava vasitələrini, RLS və digər maddi materialları məhv etmək üçün yaradılıb. Belə döyüş missiyalarını yerinə yetirmək üçün silahın çapı 20 mm-ə qədər artırılıb. Tüfəng müasir tanklarda və müxtəlif zirehli döyüş vasitələrində mövcud olan elektron tuşlama və kommunikasiya sistemlərini sıradan çıxarmaq üçün də istifadə edilə bilər. "Truvelo" tüfəngi istehsalçı tərəfindən tüfəng adlandırılsa da, istifadə etdiyi 20x110 mm mərmiyə görə onu kiçik çaplı artilleriya hesab etmək olardı.

20 mm tüfəng digər məhsullardan fərqlənən bəzi orijinal xüsusiyyətlərə malikdir. Güclü mərmidən istifadə, standart iki ayaqdan imtina və daha ciddi bir elementdən istifadə etməklə nəticələnib. Bundan başqa, silah başqa tüfənglərdən fərqli sursat təchizatı sisteminə malikdir. Ümumi görünüşü baxımından "Truvelo" uzununa sürüşən çaxmaq və əllə tək-tək doldurulan iriçaplı tüfəngdir. Silah müxtəlif növ nişangahlarla təchiz oluna bilər. Bundan əlavə, layihə kifayət qədər güclü bir mərmiyə malik silahların istismarının asanlaşdırılmasına yönələn bəzi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Tüfəngin quruluşu digər oxşar sinif sistemləri ilə bənzərdir. Lülə qutusuna birləşən uzun lülənin sonunda əyləc yerləşdirilib, ənənəvi iki ayaq əvəzinə güclü üçayaq dəzgah quraşdırılıb.

Tüfənginin əsas hissəsi 1100 mm uzunluğunda (55 kalibrli) 20 mm çaplı yivli lülədən ibarətdir. Tüfəngdə nisbətən güclü mərminin geri təpmə qüvvəsinin 60% -ni söndürməyə imkan verən fərqli ağız əyləcindən də istifadə edilir.

"Truvelo" tüfənginin standart özünə aid optik nişangahı olmur. Müştəriyə müstəqil olaraq bu cihazın növünü seçmək təklif olunur. "Pikatinni" lövhəsi müxtəlif gecə və gündüz optikasının tətbiqinə imkan verir.

20 mmlik antimaterial tüfəng böyük ölçülərə və çəkiyə malikdir. 1100 mm-lik lülə ilə tüfəngin ümumi uzunluğu 1,99 metrdir. Silahın nişangah və mərmi ilə kütləsi 25 kiloqrama çata bilər.

Tüfəngin üçayaqlı dəzgahının kütləsi 10 kq, bir ədəd 20 mm-lik mərminin kütləsi isə 250-270 qr ətrafında dəyişir. Mərminin başlanğıc sürəti 840-850 m/s-ə çatır. Lülə çıxışında enerjisi isə 43 kC-dən çoxdur.

"Truvelo" tüfəngləri istifadə olunan mərmidən asılı olaraq 2000 m-ə qədər olan ərazilərdə hədəflərə həm qəlpəli fuqas, həm də zirehdələn mərmilərlə effektiv atəş aça bilər.

M-93 "Black Arrow" (Qara ox)

Serbiya istehsalı olan M-93 "Black Arrow" snayper tüfəngi 12,7×99 mm, ixrac variantları isə 12,7×108 mm çaplı güllələrdən atəş açma imkanına malikdir. Xəzinəsi 5 mərmi tutur. 1990-cı illərdə "Zastava" zavodu tərəfindən istehsal edilən bu snayper tüfəngi Montoneqro, Konqo Demokratik Respublikası, Gürcüstan, İndoneziya, İordaniya, Liviya, Makedoniya, Şri Lanka, Çernoqoriya və Ermənistan ordusunun silahlanmasında, həmçinin qondarma qurumun və PKK terrorçularının silahlanmasında yer alır. Kütləsi 16 və 14 kq təşkil edən bu snayperlərin iki variantı (12,7×108 mm və 12,7×99 mm çaplı) mövcuddur. M93-ün güllələrinin başlanğıc sürəti 820 və 888 metr/saniyədir, 1600 metr məsafədə hədəfləri vurma imkanına malikdir.

Ermənistanın 2007-ci ildə əldə etdiyi Serbiyanın "Zastava Arms" şirkətinin 250 ədəd M-93 "Black Arrow" snayper tüfənginin bir hissəsinin Qarabağdakı qanunsuz hərbi birləşməsinin əlinə keçməsi Azərbaycanın haqlı etirazına səbəb oldu. Bunu təsdiq edən məlumatlar daim Azərbaycanın dəstəklədiyi Serbiyanın müvafiq qurumlarına, o cümlədən bu ölkənin silah ixracatını həyata keçirən şirkətinə etirazla birgə təqdim olunub. Lakin nəticələr barədə məlumatlar mövcud deyil.

Nəticə

İqtisadi imkanların yetərsizliyinə baxmayaraq, Ermənistan məhz snayper tüfənglərinin əldə edilməsi və tətbiqi prosesinə kifayət qədər ciddi yanaşır, bu istiqamətdə istər leqal, istər də qeyri-leqal istənilən addımın atılmasında tərəddüd etmir. Əlavə olaraq bu silahları zaman-zaman nümayiş və ya istifadə etməkdən çəkinmir. Ermənistan rəhbərliyi ordunun silahlanmasında iriçaplı snayper tüfənglərinin geniş tətbiqinə başlayıb. İriçaplı snayper tüfəngləri isə həm müsbət, həm də mənfi xüsusiyyətlərə malikdir. Bu silahın əsas üstünlüyü böyük bir mərmi hesabına atəş xüsusiyyətlərinin yüksəldilməsidir. Geniş çeşiddə mərmi istifadəsi isə silahın tətbiq sferasını genişləndirir. Bu silahların əsas mənfi cəhətləri, böyük ölçüləri və çəkisi ilə bağlıdır.

Aparılan araşdırma zamanı məlum olur ki, işğalçı ölkənin arsenalında olan snayper tüfəngləri həm yerli istehsal hesabına, həm də Ermənistana silah satışına embarqo tətbiq edən və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa, həmçinin rəsmən bu embarqoya riayət edəcəyini bəyan edən Böyük Britaniya, Finlandiya, Serbiya, həmçinin Filippin və Cənubi Afrika Respublikası kimi qismən neytral ölkələr tərəfindən ixrac olunur. Bu tədarük prosesində xaricdə yaşayan erməni diasporunun aktiv fəaliyyətini və ciddi maddi dəstəyini də unutmaq olmaz.

Azərbaycan bir neçə dəfə Ermənistana qeyri-leqal yollarla silah satan şirkətlərə qarşı məhkəmə iddiası qaldırmağı düşündüyünü bəyan edib. İşğalçı ölkəyə silah satan və ya ötürən şirkətlərə qarşı məhkəmə iddiaları "Sənə səndən şikayətim var" prinsipini xatırlada bilər, lakin bu günə kimi hər hansı real addımların atıldığı və hansı nəticələrin əldə olunduğu, hansısa şirkətin cəzalandırılması barədə rəsmi məlumatlar mövcud deyil.

Ermənistanın silah əldə etdiyi ölkələr bəzən bu əməliyyatların üçüncü ölkə və ya şirkət tərəfindən həyata keçirildiyini açıqlasa da, bu inandırıcı görünmür. Çünki hər bir ölkədə silahların dövriyyəsinə nəzarət edən müvafiq dövlət qurumu mövcuddur, onlar ölkə sərhədlərindən kənara çıxarılan və ya ölkəyə gətirilən hər bir hərbi təyinatlı məhsulun son istifadəçisinin kim olacağını dəqiqləşdirmək üçün istehsalçıdan və sifarişçidən müvafiq sənədlər tələb etməlidir. Əks halda bu silahların istənilən terror qruplaşmasının əlinə keçməsi heç bir problem olmazdı.

Ermənistanın indiyə qədər şübhəli əməliyatlarda dövlət səviyyəsində iştirakını təsdiqləyən onlarla fakt mövcuddur:

- 2007-ci ildə Ermənistanın öz ərazisində yerləşən hərbi anbarlardan RKK terror təşkilatını 2 milyon dollar dəyərində silah və avadanlıqla təmin etməsi;

- Tailandda keçmiş Rusiya Hərbi Hava Qüvvələrinin zabiti Viktor Butun və erməni mənşəli İngiltərə vətəndaşı Andreu Smulyanın müxtəlif terror təşkilatlarına və Ermənistana qeyri-qanuni silah tədarük etməsində ittiham olunaraq həbsi edilməsi, onların Tailandda Kolumbiyada fəaliyyət göstərən "Fuerzas Armadas Revolucionarias de Columbia" (FARC) terror təşkilatına TƏİRK satılmasına dair danışıqlar aparması, bundan əvvəl isə Ermənistan, Kuba və Nikaraqua hərbi anbarlarından istifadə etmələri, həmin ərazilərdən Liberiya, Konqo, Anqola, İraq, Kolumbiya və silahlı münaqişələr mövcud olan digər ölkələrə silah göndərmələri;

- 2005-ci ilin martında ABŞ-da erməni vətəndaşları olan Artur və Levon Süleymanyan qardaşlarının rəhbərlik etdiyi silah qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstə üzvlərinin saxlanılması;

- Silahların ixracı və idxalına dair Birləşmiş Millətlər Təşkilatının Konvensional Silahları Qeydiyyatına dair illik hesabatında Ermənistan ordu üçün silah alması barədə məlumatları bəyan etməyən və ya gizlədən ölkələr arasındadır;

- 2007-ci ilin iyul ayının sonunda Türkiyə hökumət orqanları Ermənistan Müdafiə Nazirliyinin Albaniyanın "Meiko" şirkətindən aldığı və qeyri-leqal yolla Ermənistana aparılan silahla dolu 60 konteynerlik gəmini saxladı və s.

Siyahını uzatmağa lüzum qalmır. Bu silahların arasında Ermənistan istehsalı olan K-15, ABŞ istehsalı "Barret" M82, "Desert Tech HTİ" və "CheyTac M200", Finlandiya istehsalı SAKO TRG M-10, Böyük Britaniya istehsalı "Arctic Warfare.338 LM " (L115A3) snayper tüfəngləri kifayət qədər ciddi silahlar hesab edilir.

Bu baxımdan, ön xəttdə snayper əleyhinə təsirli tədbirlərin görülməsi, snayperlərin gözlərinə təsir edəcək və silahların optik hissəsini sıradan çıxaracaq antisnayper vasitələrinin yerləşdirilməsi həyata keçirilməlidir. Əks halda düşmən getdikcə daha da azğınlaşacaq, həm hərbi, həm də mənəvi psixoloji təzyiqlərini artıracaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Snayper   Təxribat   Qarabağ  

Ermənistan ordusunun silahlanmasında olan snayper tüfəngləri – HƏRBİ EKSPERT (ARAŞDIRMA)

2019/06/635-1560510057.jpg
Oxunub: 3832     14:54     14 İyun 2019    