İlk dəfə 2013-cü il iyunun 26-da Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilən modernləşdirilən "Buk-MB" zenit raket komplekslərinin divizionu, Belarusla hərbi əməkdaşlığın yeni mərhələsinə işarə edirdi. Sözügedən komplekslər, 2009-cu ildə Azərbaycan prezidentinin Minskə etdiyi rəsmi səfərində, dost dövlətin hərbi sənaye kompleksinin son nailiyyətlərinin təqdimatı zamanı Müdafiə Nazirliyinin rəsmilərinin maraq dairəsinə düşmüşdü.

Belarusun "Tetradaedr" şirkətinin hazırladığı "Peçora-2TM" kompleksi, illərlə HHMQ istifadə edilən və mənəvi baxımdan köhnələn S-125 zenit raket sistemlərimizə ikinci nəfəs verdi. Hazırda S-300 "Favorit", "Barak-8" və "Buk-MB" zenit kompleklərinin yer aldığı çoxeşelonlu hava hücumundan müdafiə sistemimizin bir halqası da, "Peçora-2TM" səviyyəsinə qədər təkmilləşdirilən 27 ədəd S-125 sistemidir.
İki ölkə arasında imzalanan sənədlər sırasında hərbi əməkdaşlığın genişləndirilməsini və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsini nəzərədə tutan "Anlaşma Memorandumu" xüsusi diqqət çəkir.

Hərbi əməkdaşlığımızın əsas üstün cəhətlərindən biri də, məlum geostrateji səbəblərdən müdafiə konsepsiyasını dəyişməyə başlayan Belarusun, Rusiya Federasiyasından asılılığını azaltmağa və öz hərbi-sənaye kompleksini gücləndirməyə başlaması oldu. "İsgəndər" operativ taktiki raket komplekslərini "slavyan qardaşları"ndan ala bilməyən Aleksandr Lukaşenkonun tapşırığı ilə, cəmi 3 il ərzində "Polonez" yaylım atəşli reaktiv sistem ordunun silahlanmasına qəbul edildi. YARS-ın yaradılmasında Azərbaycanın hərtərəfli dəstəyi aşkar hiss olundu.
Azərbaycan Respublikasının rəhbər şəxslərinin Belarusdan olan həmkarları ilə görüşlərində hərbi texniki əməkdaşlıq məsələləri daim müzakirə edilir. Odur ki, Belarus və Azərbaycan münasibətləri istənilən məsələni müzakirə etməyə, istənilən sahədə razılaşma əldə etməyə imkan verir.

Belarusun təklif etdiyi çox sayda müasir texnikalar və avadanlıqlar içində BSVT konserninin yaratdığı robotlaşdırılan "Boqomol" tankını xüsusi qeyd etmək lazımdır. Şəxsi heyətdə itkiləri maksimal dərəcədə azaltmağa yönəlmiş hərbi doktrinada məhz belə texnikaya yer ayrılmalıdır. 2 tonluq "Boqomol" robot tankı üzərində quraşdırılan TƏİRK-in atəş məsafəsində yerləşən hədəfləri məhv etmək iqtidarındadır. Termooptik cihazları sayəsində, bu pilotsuz texnikanı istənilən hava şəraitində, hətta gecə də istifadə etmək mümkündür.

Belarusun INDELA şirkətinin I.N.SKY çoxfunksiyalı pilotsuz helikopteri həm kəşfiyyat aparmaq, həm də zərbə endirmək imkanına malikdir. Aşağı uçuş səviyyəsi sayəsində isə düşmənin REM cihazlarının dalğalarından yayına bilər. Belarus mütəxəssisləri Azərbaycanın HHM vasitələrinin, xüsusilə S-125 və "Osa" zenit raket komplekslərinin modernləşdirilməsində yaxından iştirak ediblər.

Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.
Dünyada silah və hərbi texnikanın təkmilləşdirilməsinin əsas istiqaməti onların modernləşdirilməsi və müasir elektro-optik avadanlıqlarla, nişangahlarla, idarəetmə sistemləri ilə tam təchiz edilməsindən keçir. Belarus da Sovet silahlarını modernləşdirmək üçün böyük potensiala və imkanlara malikdir. Bu tip silah və sistemlər isə postsovet məkanında və bəzi xarici ölkələrdə hələ də böyük miqdarda mövcuddur. Belarus silahlarını alan ölkələr arasında isə Azərbaycan liderdir. Bu siyahıda indiyə qədər tanklar və artilleriya sistemləri, zirehli vasitələr və döyüş təyyarələri üstünlük təşkil edib. Birgə ZRK modernləşdirmə proqramları da hələlik başa çatıb.
İl ərzində Bakının Minskdən müasir radiotexniki kəşfiyyat sistemləri, REM vasitələri əldə edəcəyi və Belarus hərbi sənaye müəssisələri ilə birgə hava hücumundan müdafiə raketlərini modernləşdirmə proqramları həyata keçirəcəyi gözlənilir.

2017-ci ilin oktyabrın 9-da Minskdə imzalanan Azərbaycan-Belarus hərbi əməkdaşlığı sazişinə əsasən, Bakı 2018-ci il ərzində bir çox yeni silahlar əldə etdi. Bu müqaviləyə əsasən, Azərbaycana regionda hərbi balansı öz xeyrinə dəyişmək imkanına malik YARS divizionunun gətirildiyi açıqlandı, lakin bundan əlavə optik və termal çihazlar, hərbi təyyarələrin qorunması üçün REM vasitələri, müxtəlif təyinatlı pilotsuz vasitələrin gətirildiyi ehtimal edilir.
Hazırda Ukraynanın Rusiyanın hərbi sifarişlərini yerinə yetirməsi mümkün görünmür, bu səbəbdən Rusiya müdafiə kompleksi Belarusa tərəf addım atmaq məcburiyyətindədir. Son illərdə tam və ya qismən 250-dən çox Belarus şirkəti Rusiya müdafiə sifarişlərini yerinə yetiməklə məşğuldur.
15 ilə yaxın davam edən Bakı-Minsk əməkdaşlığı nəticəsində Belarus hərbi sənaye kompleksi bir milyard dollara yaxın vəsait əldə edib. Faktiki olaraq Belarusun istehsal etdiyi istənilən məhsul Ordumuz üçün əlçatandır.

Azərbaycan Belarusun hərbi nəqliyyat vasitələrinin birgə istehsalına maraq göstərməklə birgə müəssisələrin yaradılmasına üstünlük verir. Hazırda MAZ 6317 və MAZ 5317 yük maşınları ölkəmizdə istehsal edilir. Bu sahədə əməkdaşlığın digər sahələrdə olduğu kimi getdikcə daha da genişlənəcəyi gözlənilir.
Tərəfdaş ölkədə istehsal edilən və Azərbaycanı gələcəkdə maraqlandıra biləcək vasitələr arasında "Kivi" REM kompleksinə, "Moskit" tırtıllı nəqliyyat vasitəsinə və onun bazasında özüyeriyən TƏİRK-ə, “Şerşen” kompleksinə və bir çox pilotsuz vasitələrə rast gəlmək olar.

Daim Bakı-Minsk əməkdaşlığından qısqanclıq hissi keçirən Ermənistana isə Azərbaycanın ən böyük silah tədarükçüsünün Rusiya olduğunu, həmçinin ölkəmizin qorunmalı olan digər ölkələrlə sərhədlərinin və hava məkanının mövcud olduğunu xatırlatmaqda fayda var. Hər bir ölkənin həm özünün arzu etdiyi ölkə ilə əməkdaşlıq etməyə, həm də milli müdafiəsini uyğun gördüyü şəkildə təşkil etmək hüququ var. Hazırda bu əməkdaşlıq heç bir halda 3-cü bir tərəfə qarşı yönəlməyib.
Ümumiyyətlə həm Azərbaycan, həm də Belarus çoxvektorlu siyasət yürütməyə üstünlük verir. Demək olar ki, hər il ölkə başçılarının keçirdiyi görüşlər münasibətlərin səviyyəsini aşkar nümayiş etdirir. Hər iki ölkə beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və bir-birini bütün məsələlərdə dəstəkləyir. Ölkələr arasında hər il sənədlər, müqavilələr imzalanır. Belarus daim BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyib. Eyni zamanda Azərbaycan da bütün platformalarda Minskin maraqlarını qoruyub.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az