Qəddafiyə qarşı ABŞ-la birləşən marşal indi Liviyanı birləşdirir? – ARAŞDIRMA (EKSPERT)

2019/04/45645-1554968958.jpg
Oxunub: 4435     11:20     11 Aprel 2019    
Son günlərdə Liviyadakı qeyri-sabit vəziyyətin yenidən gərginləşməsi barədə məlumatlar yayılır. Hazırda baş verənləri qiymətləndirmək üçün hadisələrin həm tarixi, həm də hazırkı xronologiyasına nəzər salmaq lazımdır.

Tarixi

Romalılar eramızın əvvəlində Tripolitaniyanı və Kirenaikanı birləşdirdilər və 400 il bu əraziləri idarə etdilər. Bu əyalətlər firavan Roma əraziləri hesab edilirdi. Roma tacirlərinin və ordunun hakimiyyətinə baxmayaraq, şəhərlərin ümumi xarakteri Yunanıstan mədəniyyətini xatırladırdı. Aborigen əhali isə bərbərlərdən ibarət idi.

V əsrdə Tripolitaniya vandallar tərəfindən ələ keçirildi. VI-VII əsrlərdə vandal müharibəsindən sonra Liviya Vizantiyanın bir hissəsi oldu. 642-643-cü illərdə ərəblər tərəfindən fəth edildi və xilafət tərkibinə daxil edildi. Ərəb tayfalarının 11-ci əsrində Liviyaya köçürülməsi yerli əhalinin tədricən ərəbləşməsinə gətirib çıxardı və ölkədə islam dini geniş yayıldı. Bərbər liderləri dəfələrlə ərəblərə qarşı üsyan etsələr də, hər dəfə məğlub oldular. 1551-ci ildə Liviya Osmanlı imperatorluğu tərəfindən ələ keçirildi. XVII əsrin əvvəllərindən etibarən, Liviyanı yeniçərlər idarə etdi. Onlar Liviya sahillərini Aralıq dənizinə nəzarət üçün bazaya çevirdilər. 1711-ci ildə yerli Qaramanlı sülaləsi Liviyada müstəqil dövlət yaratdı. Liviyanın Osmanlıdan vassal asılılığı, sultanın mənəvi hakimiyyətinin tanınması, ona hörmət və xərac ödənilməsi ilə məhdudlaşdı.

1835-ci ildə Liviya xalqının üsyanından sonra Osmanlı İmperiyası nəzarət rejimini yenidən bərpa etdi. XIX əsrin ortalarından etibarən türklər Liviyada köləliyi və kölə ticarətini qadağan etdilər. 1858-ci ildə Osmanlı Liviyada ilk orta məktəbini, 1866-ci ildə isə ilk çap evini (poliqrafiya) açdı.

Ölkə, 1911-ci ilə qədər Osmanlı imperiyasının tərkibində oldu. 1911-1942-ci illərdə isə İtaliyanın müstəmləkəsinə çevrildi. 1943-cü ildə İtaliya-Almaniya qoşunlarının müttəfiq koalisiyası tərəfindən darmadağın edilməsindən sonra Liviya İngiltərə və Fransa tərəfindən işğal edildi.

Liviyanın müstəqilliyi

Ərazisinə görə Afrikanın 4-cü, dünyanın isə 16-cı böyük ölkəsi olan Liviya 1951-ci ildə Kral İdrisin rəhbərliyi ilə müstəqillik qazandı. 1969-cu ildə kral ölkəni sonrakı 42 il ərzində idarə edəcək polkovnik Müəmmar Qəddafinin rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində devrildi.

Ərazisinin 90% səhra olan Liviya qərbdən Əlcəzair, şimal-qərbdən Tunis, cənubdan Çad və Niger, cənub-şərqdə Sudan, şərqdə Misir ilə həmsərhəddir. Şimal sərhədlərini isə Aralıq dənizi yuyur. Liviya Afrika ölkələri arasında ən böyük, 1770 km-lik Aralıq dənizinin sahil xəttinə malikdir. Aralıq dənizinin Liviyaya bitişik hissəsi tez-tez Liviya dənizi adlanır.

Liviya müstəqilliyini qazandığı gündən SSRİ-nin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərində Sovet İttifaqı Liviyanı müasir tank, təyyarə, havadan müdafiə sistemləri ilə təchiz edirdi. Ölkədə 10 MVt gücündə tədqiqat reaktoruna və TM-4A termonüvə qurğusuna malik Tadjura Nüvə Tədqiqat Mərkəzi də sovetlər tərəfindən inşa edilirdi. 2009-cu ildə bu mərkəzdə işlər sanksiyalar səbəbindən dayandırıldı.

2008-ci ilin aprelin 17-də Rusiya Prezidenti Putin Tripoliyə səfəri zamanı Liviyanın 4.5 mlrd dollar borcunu, rus şirkətlərinin bu ölkənin neft layihələrində iştirak edəcəyi qaşılığında sildi.

Liviya və Qərb münasibətləri

Liviyanın bu gün başına gələn fəlakətlərin tarixi 90-cı illərin ortalarından başlayır. 1986-cı il aprelin 2-də Yunanıstanın "Trans World Airlines" aviaşirkətinin Roma-Afina reysi ilə uçan təyyarəsində partlayış baş verdi və nəticədə çox sayda insan, o cümlədən dörd ABŞ vətəndaşı həlak oldu. Aprelin 5-də isə Berlində ABŞ hərbçilərinin ziyarət etdiyi "La Belle" diskotekasında terror aktı törədildi. İki ABŞ əsgəri və Türkiyədən bir xörəkpaylayan öldü, təxminən 200 adam yaralandı. ABŞ hər iki fəaliyyətin Liviyanın kəşfiyyatı tərəfindən təşkil edildiyini bildirdi.

10 gün sonra, 15 aprel gecəsi prezident Ronald Reyqanın əmri ilə ABŞ HHQ qırıcıları Böyük Britaniyadakı aviabazadan və Aralıq dənizindəki aviadaşıyıcılardan Liviyanın paytaxtı Tripoli və Benqazi şəhərlərinə raket zərbələri endirdi. Qəddafinin ögey qızı da daxil olmaqla, təxminən 40 liviyali öldürüldü və 200-dən çox insan yaralandı. Bu isə daha faciəli hadisələrə gətirib çıxardı. 1988-ci ildə ABŞ-ın "PanAm" təyyarəsi Şotlandiya üzərində partladıldı. Bu akt ilə Qəddafinin qızının ölümü üçün intiqam aldığı, 2011-ci ilin fevralında Liviya ədliyyə naziri Mustafa Abdel-Cəlil tərəfindən təsdiqləndi.

Liviyanın Fransa ilə münasibətləri də mürəkkəb idi. 1951-ci ildə müstəqillik qazandıqdan sonra, Liviya Şimali Afrikada Fransa maraqlarına qarşı çıxırdı. Müəmmər Qəddafinin hakimiyyətə gəlməsindən sonra qarşıdurma daha da kəskinləşdi. Qarşıdurma 1989-cu il sentyabrın 19-da Niger üzərində Fransanın UTA aviaşirkətinə məxsus təyyarənin 170 sərnişinlə partladılması ilə pik həddə çatdı. Sanki Qəddafi bilərəkdən ölkəni fəlakətə sürükləyirdi. Həm ABŞ-ın, həm də NATO-nun üsyançı polkovnikin terrora dəstək tipli şıltaqlıqlarına göz yumacağı real görünmürdü.

"Ərəb baharı"nın bitməyən fəsadları

Liviyadakı vətəndaş müharibəsi 1969-cu ildən etibarən ölkənin lideri olan polkovnik Müəmmar Qəddafinin nəzarətində olan qüvvələr və əsasən ABŞ, Ərəb ölkələri Liqası, Avropa İttifaqı və bir sıra beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Milli Keçid Hökuməti arasında baş verən silahlı qarşıdurma idi. Qonşu Tunis və Misirdə hakim rejimin devrilməsindən sonra Liviyadakı münaqişə qısa bir zamanda vətəndaş müharibəsi formasını aldı və 2011-ci ilin fevral ayında baş verən iğtişaşlarla başladı. Fevralın 27-də Liviya respublikasının Milli Şurası yaradıldı və NATO ölkələrindən hərbi, diplomatik dəstək istədi. 2011-ci ilin martın 19-da Qərb koalisiyası (İngiltərə, İspaniya, Danimarka, Norveç, Kanada, Qətər, İtaliya, Almaniya) tərəfindən Liviya bombalanmağa başladı. Əməliyyat "Odysseya. Sübh" adlandırıldı.

Liviyada vətəndaş müharibəsinin əsas iştirakçıları NATO bloku ölkələri də daxil olmaqla, beynəlxalq koalisiya tərəfindən dəstəklənən müxalif Milli Keçid Şurasından və Müəmmar Qəddafi hökumətinə sadiq qalan (sözdə "loyal qüvvələr") qüvvələrdən ibarət olmasına baxmayaraq, münaqişə zamanı yerli Tuareq, Amaziqi, Tubu tayfalarının və xarici muzdlu dəstələrinin iştirakı da qeydə alınırdı.

Vətəndaş müharibəsi ərəfəsində Liviya Silahlı Qüvvələri 2000 tankdan, 3600 zirehli vasitədən, 3000-dən çox silah sistemindən, o cümlədən özüyeriyən artilleriya və YARS-dan, yüzə qədər döyüş təyyarəsindən, 100-dən çox helikopterdən və digər silahlardan ibarət idi. Ordunun ümumi sayı 76 min nəfər olsa da, münaqişənin başlaması ilə bu arsenalın az bir hissəsi koalisiya tərəfindən məhv edildi. Digər bir hissəsi isə hərbi qulluqçularla birlikdə üsyançıların əlinə keçdi. Bununla da üsyançı qruplaşmalar, o cümlədən bəzi tayfalar ilk öncə hökumət ordusuna məxsus bir çox silah və avadanlıqlarla silahlandılar.

Mürəkkəbi qurumadan icra edilən tək qətnamə

Bir neçə ölkə istisna olmaqla, beynəlxalq ictimaiyyət Qəddafinin və ona sadiq qoşunların fəaliyyətlərini qınadı. Beynəlxalq Cinayət Məhkəməsi Qəddafinin hərəkətlərinin insanlığa qarşı cinayət hesab edilə biləcəyini ifadə etdi. Fevralın 26-da BMT Təhlükəsizlik Şurası yekdilliklə 1970-ci qətnaməsini qəbul edərək Qəddafi və onun ətrafına qarşı sanksiyalar tətbiq etdi. Martın 18-də isə Təhlükəsizlik Şurası Liviya səmasında uçuşları qadağan edən 1973 saylı qətnaməni qəbul etdi. Bu qətnamə mülki əhalini qorumaq üçün, ölkə ərazisinə xarici qoşun yeridilməsi istisna olmaqla, digər bütün vasitələrdən istifadəyə icazə verirdi. Bu qətnamənin icrasına onun mürəkkəbi qurumadan (Ermənistana qarşı münasibətdə biz eyni operativ reaksiyanı 25 ildən çoxdur ki, müşahidə edə bilmirik) başlandı və Qəddafi qüvvələri tərəfindən nəzarət edilən ərazilər, o cümlədən ölkənin bütün strateji obyektləri intensiv hava hücumlarına məruz qaldı.

Beynəlxalq güclərin müdaxiləsi vətəndaş müharibəsinin gedişatını üsyançıların xeyrinə dəyişdi. Avqustun sonunda Tripoli şəhəri, oktyabrın 23-də isə son qala hesab edilən Sirt şəhəri təslim oldu. Muammar Qəddafi isə onu əsir götürən üsyançılar tərəfindən yerindəcə öldürüldü. 2011-ci il oktyabrın 20-də Müəmmar Qəddafinin öldürülməsindən sonra Liviyada vətəndaş müharibəsi və xarici müdaxilə davam etdi. Noyabr 10-da isə Liviya üsyançı qruplaşmaları arasında qarşıdurmalar başladı.

Lakin Qəddafinin getməsi Liviyadakı problemləri həll etmədi, əksinə Afrikanın ən yüksək yaşayış səviyyəsini malik ölkəsində hakimiyyət uğrunda silahlı mübarizəni daha da qızışdırdı. Bu mübarizənin isə yaxın zamanda bitəcəyi real deyil.

Qəddafinin kənarlaşdırılmasının fəsadları

2012-ci ildən etibarən Liviyanı Ümummilli Konqres idarə etməyə başladı. 2013-cü ilin iyun ayında Nuri Əbu Sahmeynmin Konqres sədri vəzifəsinə seçilməsi radikalların bu qurumun fəaliyyətinə nəzarət etdiyinin göstəricisi hesab olundu.

Konqress radikal qrupların təsirinə qarşı mübarizə aparmaq üçün tədbirlər görmədi, effektiv polis və ordu yarada bilmədi. Həmçinin 2013-cü ilin dekabr ayında şəriət qaydalarını bütün dövlət qanunvericiliyinin bazası kimi qəbul etdi. 2014-cü ilin fevral ayında səlahiyyət müddəti başa çatan Konqres 2013-cü il dekabrın 23-də öz səlahiyyətlərini 2014-cü ilin sonunadək uzatmağa qərar verdi. Bu qərar isə Tripoli, Əl Bayda, Tobruk və Ajdabiya da daxil olmaqla bir çox şəhərdə liviyalı vətəndaşların kütləvi etiraz aksiyalarına səbəb oldu.

Liviyada vətəndaş müharibəsinin növbəti mərhələsi 2014-cü ildə mayın 16-da, Liviya Milli Ordusunun general-mayoru Xəlifə Haftarın tabeliyində olan hərbi qüvvələrin geniş miqyaslı hava və quru əməliyyatlarının aktiv fazasını elan etdiyi gündən başladı.

Marşal Xəlifə Həftər

Son günlər KİV-lərdə davamlı olaraq adı keçən Xəlifə Həftər kimdir? Onunla qısaca tanış olaq. Həftər 40 ildir ki, Liviyanın siyasi və hərbi həyatında fəal iştirak edir. Müəmmar Qəddafinin silahdaşı olan Həftər 1969-cu ildə təşkil edilən hərbi çevrilişin aktiv iştirakçısı olub. Rusiyada Hərbi Akademiyanı bitirib və rus dilini yüksək dərəcədə bilir. 1980-ci illərdə Həftər Çad-Liviya münaqişəsində qoşunlara rəhbərlik edib. 1987-ci ildə baş verən döyüşdə Həftərin rəhbərliyi etdiyi Liviya qoşunları məğlub oldu və əsir düşdü. Qəddafi əməliyyatın uğursuz təşkilində Həftəri günahlandırdı və əsrlikdən qayıtdıqdan sonra onu dərhal həbs etdirdi. Bundan sonra Həftər dissidentə çevrildi. Həbsdən azad edilən kimi Həftər Amerika Birləşmiş Ştatlarına yola düşdü və ömrünün 20 ilini Qəddafiyə qarşı mübarizəyə həsr edi.

Liviyada üsyanlar başladıqdan sonra Həftər Liviyaya qayıdaraq ölkənin şərqindəki müxalifətə rəhbərlik etdi. 2014-cü ilin fevral ayında o açıq şəkildə liviyalıları əsasən islamçılardan ibarət olan Ümumimilli Konqresə qarşı çıxmağa çağırdı. Onun sözlərinə görə, islamçılar "gənc demokratiyanın həssas insitutlarını oğurlayaraq mənimsəyiblər". O, 2015-ci ilin martın 2-də parlamentin tərəfində olan Silahlı Qüvvələrin komandanı təyin edildi. Bir neçə uğurlu əməliyyatdan sonra parlament sədri Akila Saleh silahdaşını marşal hərbi rütbəsinə layiq gördü.

Hələ 2014-cü ildə general-mayor olan Həftər Benqazi şəhərinin ətrafındakı bu əməliyyatları "inqilab yolunda düzəliş" kimi qələmə verirdi. Həmin dövrdə silahlı qarşıdurmalar əsasən Liviyanın şimalında İŞİD qruplaşdırmasının da daxil olduğu qüvvələr və onların rəqibləri arasında baş verirdi.

2014-cü ilin fevralın 14-də general Xəlifə Həftər Ümummilli Konqresə özünü buraxmağı əmr edərək, iyunun 25-də seçkilərin keçirilməsini təşkil edəcək müvəqqəti hökumətin formalaşdırılmasını təklif etdi. Konqres isə tələbi rədd edərək, generalın hərəkətlərini dövlət çevrilişi adlandırdı. Hücum əməliyyatı "Ləyaqət" kod adı ilə həyata keçirildi. Mayın 18-də general Tripoli Ümummilli Konqresinin binasına hücum etdi.

Radikalların məğlub olduğu Nümayəndələr Palatasına seçkilər iyunun 25-də, gərgin bir mühitdə keçirildi. İslamçılar, iyulun 13-də məğlubiyyətə cavab olaraq, Tripoli hava limanını ələ keçirmək üçün "Liviya Şəfəqi" əməliyyatının başlanmasını elan etdilər. Onlar qırx gün davam edən döyüşlərdən sonra, avqustun 23-də hava limanını ələ keçirməyə müvəffəq oldular.

Şəhər üzərində nəzarəti bərpa etdikdən sonra islamçılar Nümayəndələr Palatasını tanınmadığını və Ümummilli Konqresin bərpasını elan etdilər. Avqustun 25-də Konqresin bəzi nümayəndələri Tripoli şəhərində özlərini qanuni hakimiyyət elan etdi və Baş nazir vəzifəsinə Ömər əl-Hasini seçdilər, bununla da ölkədə iki hakimiyyətlilik yarandı.

Nümayəndələr Palatası isə hökumətin əlinə keçən Tripoli şəhərini tərk etdi və ölkənin şimal-şərqindəki Tobruk şəhərinə yerləşdi.
2015-ci ilin sentyabrında münaqişə tərəfləri Liviyanın milli birlik hökumətinin yaradılmasına razılıq verdilər. Bununla yanaşı, müxtəlif qruplaşmaların iştirakı ilə vətəndaş müharibəsi orta intensivlikdə davam etdi.

Münaqişə tərəfləri

2014-cü ilin avqustunda müxaliflər Tripolini ələ keçirdikdən sonra Nümayəndələr Palatası ölkənin şimal-şərqində yerləşən Tobruk şəhərində fəaliyyət göstərdi. Palata general Xəlifə Həftərin rəhbərliyi altındakı Liviya ordusu tərəfindən dəstəklənir. 2015-ci il martın 2-də Nümayəndələr Palatası Həftəri Silahlı Qüvvələrin Baş komandanı təyin edib. Tobrukdaki paralel hökumət Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən bu və ya digər formada dəstəklənir, Misir HHQ-si bir neçə dəfə Palatanın rəqiblərinə qarşı istifadə edilib.

2016-cı ilədək Yeni Ümummilli Konqres, 2016-cı ildən sonra isə Milli Qurtuluş Hökuməti Nümayəndələr Palatasına seçkiləri tanımayan Ümummilli Konqresin deputatlarının bir hissəsi tərəfindən yaradılan və islamçı koalisiyanın maraqlarını təmsil edən qurumdur. Bəzi mənbələrə görə Türkiyə, Sudan və Qətər Yeni Ümummilli Konqresə dəstək verir.

2016-cı ildə Milli Birlik Hökumətinin formalaşmasından sonra parlament Milli Qurtuluş Hökumətinə çevrildi.

Liviya Prezident Şurası BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə 2016-ci ilin mart ayında Şxirat Sazişi əsasında yaradıldı. Prezident Şurası Liviya dövlət başçısının səlahiyyətini qəbul edərək milli birlik hökumətini qurdu. Şuraya Baş nazir Faiz Sarac və həmçinin üç vitse-prezident (hər biri Liviyanın müxtəlif bölgələrini təmsil edir) rəhbərlik edir.

Həftər iki il silahlı mübarizədən sonra, 2017-ci ilin iyulun 5-də Liviyanın ikinci ən əhəmiyyətli şəhəri - Benqazinin tam azad olduğunu açıqladı. Onun bir neçə dəfə Liviya miqyasında terrorizmlə mübarizənin yalnız onların təmamilə ölkədən çıxarılmasından sonra başa çatacağını bəyan etməsi, hərbi əməliyyatların davam edəcəyinin anonsu hesab edilirdi.

Keçən 8 il ərzində Liviyada silahlar susmadı, hər həftə, bəzən də ardıcıl bir neçə gün insan itkilərinə səbəb olan terror aktlarının, hücumların ardı-arası kəsilmədi.

2019-cu ilin yanvarın 15-də artıq marşal rütbəsinə layiq görülən Xəlifə Həftərin rəhbərliyi altında Liviya Milli Ordusunun ölkənin cənub-qərbində geniş miqyaslı əməliyyata başladığı açıqlandı. Ordunun mətbuat katibi Əhməd Əl-Mismari, Benqazi şəhərində peyk televiziya kanalları tərəfindən yayımlanan mətbuat konfransında əsgərlərin vəzifəsinin bölgəni İŞİD, Əl-Qaidə terrorçularından və çox sayda cinayətkar şəbəkələrdən azad etməkdən ibarət olduğunu açıqladı.

Bu il yanvarın 28-də Həftərə sadiq birləşmələr Liviyanın cənubundakı Səbha şəhərinə nəzarəti ələ keçirdi. Fevralın 1-də isə ölkənin cənubunda silahlıların hücumuna məruz qalan ordu birləşmələri Həftərin rəhbərliyi altında əks tərəfi ciddi itkilərə məruz qoydu. Səbhanın cənubundakı Ghadva bölgəsi Liviyanın ordusunun nəzarətinə keçdi. Fevralın 6-da Liviya Silahlı Qüvvələri ölkənin ən böyük neft yatağını döyüşsüz ələ keçirdi. Fevralın 21-də Həftərin ordusu Liviyanın cənubundakı Murzuk şəhərini də azad etdi. Baş verənlər hazırda mənəvi-psixoloji üstünlüyün marşalın rəhbərlik etdiyi Liviya Silahlı Qüvvələri tərəfində olduğunu göstərir.

Son hadisələr

Liviya Milli Ordusunun Komandanı marşal Xəlifə Həftər, 2019-cu ilin aprelin 4-də ölkənin paytaxtı Tripoliyə hücum edəcəyini elan etdi. Liviyada Müəmmar Qəddafinin devrilməsindən sonra hələ də ikili hakimiyyət davam edir. Demokratiyaya keçid həm tayfa, region və dil müxtəlifliyi səbəbindən, həm də hegemon dövlətlərin maraqlarının Liviyada toqquşması səbəbindən daha da mürəkkəbləşib.

Paytaxt Tripoli və ölkənin qərbi BMT, Aİ, ABŞ, Türkiyə və Qətər tərəfindən dəstəklənən Ümummilli Birlik Hökumətinin, marşal Xəlifə Həftərin rəhbərlik etdiyi ölkənin şərqi və cənubunun bir hissəsi isə Rusiya, Misir və BƏƏ başda olmaqla çox sayda ərəb ölkələrinin qeyri-rəsmi olaraq dəstək verdiyi Nümayəndələr Palatasının nəzarəti altındadır. Britaniyanın "The Sun" qəzeti öz mənbələrinə istinadən bildirir ki, Rusiya onlarla Baş Kəşfiyyat İdarəsinin zabit və xüsusi təyinatlısını artıq Liviyaya göndərib.

Bəzi məlumatlara görə, əsasən ehtiyatda olan hərbçilərdən formalaşdırılan Haftər ordusu aprelin 6-da hücum əməliyyatına başlayıb və səhəri günün sonunda Liviya paytaxtının cənubundakı Qaryan və Surman şəhərlərinə nəzarət ələ keçirib. Döyüşlərdə aviasiyadan və artilleriyadan istifadə edilib. İlk döyüş günündə 20 nəfərdən çox adam həlak olub, 27 nəfər yaralanıb. Hazırda Tripoli aeroportunun da Həftərə sadiq qüvvələrin nəzarətində olduğu, lakin 150 nəfərə yaxın şəxsi heyətin əsir düşdüyü barədə qeyri-rəsmi məlumatlar yayılıb. Gərginlik artan dinamikaya malikdir.

Aprelin 7-də Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusuna aid HHQ aviasiyadan istifadə etməklə Tripoliyə Ər-Rabi vadisi istiqamətindən hava zərbələr endiriblər. Liviya Milli Ordusunun nümayəndəsi Əhməd Əl-Mismarinin aprelin 7-si axşam verdiyi açılqlamada Tripoli Beynəlxalq Hava Limanının nəzarət altına alındığı təsdiqləndi. Hazırda birliklər Tripolinin cəmi 30-40 kilometr cənubunda həlledici hücuma hazırlaşır.

Məlumatlara görə, Tripolinin cənubundakı Qəsr Ben-Qaşir, Vadi ər-Rabiyə və Əl-Küveyyə artıq Həftərin nəzarətindədir, paytaxtın cənub-qərbindəki Əs-Svanidə döyüşlər aşağı intensivlikdə davam edir. Tripolinin cənub-qərb hissəsində olan əsas nəqliyyat qovşaqları da Ordunun nəzarətindədir. Lakin son günlərdə Sarac tərəfdarlarının MiQ-21 qırıcılarından istifadə etməsi Həftərin tabeliyində olan Milli Ordunun hücumlarının tempini ciddi şəkildə aşağı salıb.

Aprelin 10-da isə Milli Orduya aid HHM vasitəsinin Misurat hərbi bazasından qalxaraq onlara zərbə endirməyə cəhd edən 1 ədəd rəqib qırıcısını məhv etməsi barədə məlumat yayılsa da, bunu əks tərəf hələlik inkar edir.

Liviya Milli Ordusu paytaxtdan 40 km məsafədə yerləşən Əl Əziziyyə bölgəsində Milli Birlik Hökumətinin Baş naziri Faiz Saraca sadiq qüvvələrin hərbi bazasına nəzarəti də ələ keçirib. Həftərin əsgərləri hərbi bazada bir neçə rəqib əsgəri əsir, bir neçə zirehli nəqliyyat vasitəsini isə qənimət kimi ələ keçiriblər. Bəzi mənbələr texnika sayının 14 olduğunu iddia edir. Əsir düşən hökumət qüvvələrinə aid əsgərlərin isə həmin zirehli vasitələrin ekipajları olduğu güman edilir.

Liviyadakı vəziyyətlə əlaqədar aprelin 10-na planlaşdırılan BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri ilə bağlı çıxış edən BMT Baş katibi “dayanmaq üçün hələ də gec deyil, Tripolidə qan tökülməsinin qarşısını almaq hələ də mümkündür” bəyanatını səsləndirib. Lakin bu bəyanatın hazırkı vəziyyətdə tərəfləri sülhə meylləndirəcəyi inandırıcı görünmür.

Marşal Həftər də son bəyanatında Saracı ekstremist qruplaşmalarla əlaqədə günahlandırıb, onu siyasətdən kənarlaşdırılacağını və əməllərinin acı nəticələrini həzm etməli olacağını bildirib.

Xəlifə Həftər və Rusiya

Həftər Rusiyada uzun müddətdir ki, tanınır. Son illərdə Həftər bir neçə dəfə Moskvaya səfər edib, sonuncu isə 2018-ci ilin noyabr ayında baş tutub. Marşal Rusiya Müdafiə naziri Sergey Şoyqu və Rusiya Baş Qərargah rəsi Boris Gerasimov ilə görüşüb.

Bu görüşlərdə "Vaqner" Xüsusi Hərbi Kompaniyasının rəhbəri, iş adamı Yevgeni Pirqojinin də iştirak etdiyi barədə məlumatlar mövcuddur. Bəzi mənbələr Liviyanın şərqində bu kompaniyanın 300 nəfərə qədər döyüşçüsünün mövcudluğunu və qərargahlarının Benqazidə yerləşdiyini iddia edir. Keçən ilin məlumatlarında onların Aralıq dənizi və Liviya limanlarında Rusiya gəmilərinin təhlükəsizliyini təmin etdiyi bildirilirdi. 2017-ci ilin yanvarın 11-də Rusiya donanmasının "Admiral Kuznetsov" aviadaşıyıcısının Avropanın 700 km-də yerləşən Liviyanın Benqazi limanında görünməsi, burada lövbər salan gəminin daxilində Həftərin Sergey Şoyqu ilə konferensiya keçirməsi də faktdır. Rusiyanın Benqazidə hərbi bazaya sahib olmaq və Liviyanın bol neft-qaz yataqlarının işlənməsində iştirak etmək niyyəti artıq çoxdandır ki, heç kimdə şübhə doğurmur. Həftər isə əvəzində Rusiyadan ehtiyacı duyduğu silah və sursat növlərini tələb edir.

Ən başlıcası isə, marşal Həftər həm ölkənin şərqində oturan Liviya parlamenti, həm də nə qədər maraqlı olsa da, müxalif olduğu Müəmmar Qəddafi tərəfdarı olmuş bir çox qəbilə koalisiyası tərəfindən tam dəstəklənir. Liviya kimi qarışıq siyasi proselərin davam etdiyi çoxvektorlu çaxnaşma teatrında, çox ciddi bir rəqibin bütün tayfaların dəstəyini qazanması unikal bir vəziyyət hesab edilməlidir.

Görünür, Həftər hazırkı mərhələdə Liviyadakı hökumətlə problemləri birdəfəlik həll etməyə çalışır. Qərb ölkələri isə yeni Liviya vətəndaş müharibəsinə girmək istəmir.

BMT-nin nəticəsiz addımları

BMT Baş katibi Antonio Quterreş aprelin 5-də Liviyanın Baş naziri Faiz Sarac ilə görüşdən sonra Benqaziyə gedərək Həftər ilə danışıqlar aparmalı idi. Lakin gözlənilmədən görüş ləğv edildi. Liviyanın Milli Ordusu lideri ilə görüşün baş verməməsi səbəbi tam aydın deyil.

Ehtimallara görə, BMT Baş katibi Liviya Baş naziri ilə Həftərə Müdafiə naziri vəzifəsinin təklif edilməsini razılaşdırsa da, marşal buna razı olmayıb. Deməli Həftər Liviyada daha yüksək vəzifəyə iddialıdır.

Vətəndaş müharibəsinin səbəbləri

Liviyada bu gün yaşanan xaos həm NATO-ya üzv ölkələrinin hərbi müdaxiləsinin, həm Rusiyanın maraqlarının, həm də yerli silahlı qruplaşmalarının bir-birini həzm edə bilməməsinin birbaşa nəticəsi hesab edilməlidir. 2011-ci ilin fevral-iyun aylarında ABŞ, Fransa, İngiltərə, İspaniya, Kanada, İtaliya, Belçika və digər Qərb dövlətlərinin silahlı qüvvələri ayrı-ayrı üsyançı qüvvələrlə hərbi əməliyyatlar aparan Qəddafinin ordusuna kütləvi aviazərbələr endirməklə ölkənin faktiki parçalanmasına şərait yaratdılar. İndi həm süveren ölkənin ordusuna havadan, qurudan və dənizdən bomba yağdıran, həm də əks tərəfi silahlarla təmin edən ölkə rəhbərləri "Liviyadakı vəziyyətdən narahat olduqları" barədə ikiüzlü bəyanatlar səsləndirirlər. ABŞ Dövlət katibi Mayk Pompeo bu məsələdə daha qərarlı görünür. Həftərin inadkarlığı onu ABŞ zərbələrinə məruz qoya da bilər və bu zəif Liviya Ordusu üçün faciəli şəkildə nəticələnə bilər.

BMT-nin xüsusi nümayəndəsi Həsən Salam şənbə günü bildirdi ki, 14-16 aprel tarixlərində keçirilməsi nəzərdə tutulan Liviya üzrə konfrans, vəziyyətin ağırlaşmasına baxmayaraq müəyyən edilən tarixdə keçiriləcək. Lakin Həftər qoşunlarının "terrorizm üzərində qələbə əldə edilənə qədər" dayanmayacağını bildirib.

Baş verənlər fonunda ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının komandanı, general Tomas Uoldhauzer isə Liviyadakı mürəkkəb və təxmin edilməsi mümkün olmayan vəziyyətlə bağlı ABŞ hərbi personalı üçün vəziyyətin təhlükəli hesab edildiyi üçün onların ölkədən çıxarıldığını bildirdi.

Qeyd edək ki, ABŞ-ın Liviyadakı qüvvələri son illərdə İŞİD, "Əl-Qaidə" və onun yerli filialı "Ənsar əl-Şəriyə"yə qarşı vuruşan yerli qüvvələrin yetişdirilməsi, həmçinin ABŞ diplomatik təsisatlarının müdafiəsi ilə məşğul olurdu. Ölkədən çıxmaqla ABŞ, həm "istədiyiniz qədər bir-birinizi qırın", həm də "Liviya ABŞ maraqları çərçivəsindən kənardadır" mesajını verərək özünü Qəddafinin devrilməsi zamanındakı kimi məsuliyyətdən kənar tutmağa və yenə də Böyük Britaniya və Fransanın hərəkətə keçəsinə çalışır.

Deməli, Liviya məsləsində beynəlxalq təşkilatların və aparıcı dövlətlərin birmənalı yanaşması hələ də tam formalaşmayıb və görünür, bu elə də asan olmayacaq.

Tarixin acı təcrübəsi

Bu gün baş verənlərdə Qəddafi hökumətinin də günahı az deyil. Bəlli məsələlərdə Qərbin və BMT-nin tövsiyələrinin qulaq ardına vurulması, onu dəstəkləyən xarici tərəfdaş dövlətlərə arxayın olması, mülki təyarələrdə bağışlanılmaz aktların icrası və s. polkovnikə özünün və çox sayda yaxınlarının həyatı bahasına başa gəldi. Özü 5-10 dəqiqə işgəncə ilə canını qurtarsa da, liviyalılar 8 ildir hər gün ölüm təhlükəsi ilə yaşayırlar və bunun sonu da görünmür. Odur ki, yaxın illərdə Liviya torpaqlarında sülhün bərqərar olacağı heç real görünmür. Digər tərəfdən isə regionda mövcud olan İŞİD və "Əl-Qaidə" kimi terrorçu qruplaşmaların hakimiyyətin zəifliyindən istifadə edərək aktivləşməsi də gözlənilir. Belə bir vəziyyətdə Avropaya qeyri-leqal miqrant axının artması və ABŞ-Avropa münasibətlərinin növbəti gərginləşməsi də mümkündür.

Fikrimcə, həm Qərbin, həm də Şərqin maraqlarının toqquşduğu, fərdi, qəbilə və ya regional maraqların üstünlük təşkil etdiyi, milli birliyin mövcud olmadığı ölkələrdə nə terror bitəcək, nə də silahlar susacaq. Əziyyət çəkənlər isə Səddam və Qəddafi kimi rəhbərləri sevməkdən doyan sadə insanlar olacaq. Onlara nə qədər "tiran və terroru dəstəkləyən" damğası yapışdırılsa da, Səddam və Qəddafi ilə Şərq, ümumilikdə isə dünya daha təhlükəsiz idi. Bunu artıq anlamayan qalmayıb, xüsusilə İraq və Liviyada...

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Liviya   Vətəndaş-müharibəsi   Həftər  

Qəddafiyə qarşı ABŞ-la birləşən marşal indi Liviyanı birləşdirir? – ARAŞDIRMA (EKSPERT)

2019/04/45645-1554968958.jpg
Oxunub: 4436     11:20     11 Aprel 2019    