Ordu.az “Armenpress”ə istinadən xəbər verir ki, Ermənistanın ölkə başçısı, sələfi Serj Sarkisyan kimi icma ilə görüşdə təxribatçı açıqlamalar verərək, ilk növbədə Azərbaycanın kompromislərə hazır olmalı olduğunu iddia edib.
İşğalçı ölkənin rəhbəri belə deyib: “Mən parlamentin tribunasından bir neçə dəfə bəyan edərək demişəm. Niyə hamı bizdən güzəştlərə hazırsınız, ya yox deyə soruşur. Bəs kim, bu sualın cavablandırılmasında ilk subyektin biz olduğunu deyib. Niyə kimsə Azərbaycandan soruşmur, onlar güzəştə hazırdırlar, ya yox? Mən bir neçə dəfə ictimai şəkildə demişəm ki, biz bu suala Azərbaycandan cavab verilənədək, cavab verməyəcəyik”.
Dünya ictimaiyyətinin danışıqlar prosesində Ermənistanın aktiv olmadığını və təkliflərini səsləndirmədiyini vurğuladığı halda Paşinyanın açıqlamaları sadəcə özünü sığortalamaq və şübhə obyekti olmadığını göstərməkdən ibarətdir.
Təsadüfi deyil ki, Paşinyanın həmçinin sosial şəbəkələrdə və mətbuatda yayılan Dağlıq Qarabağ probleminin nizamlanması məsələsində Ermənistana təzyiqlər edildiyinə dair məsələrə toxunarkən Mnatsakanyanla görüşündə İrəvana təzyiq edilib edilmədiyi barədə soruşması, yuxarıda qeyd olunan şübhələrə birmənalı olaraq cavabdır.
“Mən bir gün Xarici İşlər naziri Zöhrab Mnatsakanyanı yanıma dəvət etdim və soruşdum. Ola bilərmi, bizə təzyiq edirlər və biz dərk etməmişik? Ona görə ki, elə təəsürat yaranıb ki, Qarabağ məsələsində baş verən inkişaf prosesləri ilə bağlı Ermənistanda ən məlumatsız insanlar bizlər, yəni mən və xarici işlər naziridir”, - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, dünən Azərbaycan XİN-in mətbuat xidməti Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” kimi bəyanatına münasibət bildirib.
“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur.
Cənab Paşinyanın məntiqini anlamaq çətindir. Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində, məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur. Bu tələb BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”, - deyə açıqlamada vurğulanıb.
Alpər Mövludoğlu
Ordu.az