“Belarus hərbi texnikasının keyfiyyətindən və göstəricilərindən çox razıyıq” - Prezident

2018/11/15421-1542199269.jpg
Oxunub: 4001     16:32     14 Noyabr 2018    
"Yaxın vaxtlarda mənim Belarusa rəsmi səfərim baş tutacaq. Biz Azərbaycanda qarşıdakı səfərə çox böyük əhəmiyyət veririk və səfər ərəfəsində mən sizi səfərin proqramını, eləcə də bizim ikitərəfli münasibətlərimizin bəzi aspektlərini müzakirə etmək üçün dəvət etmişəm. Biz görürük və bilirik ki, Belarusda da Azərbaycan Prezidentinin qarşıdakı rəsmi səfərinə böyük əhəmiyyət verilir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçi qəbul edən zaman deyib.

Ölkə başçısı qeyd edib ki, rəsmi Bakı Belarusdan hərbi texnika alır və onun keyfiyyətindən, göstəricilərindən çox razıdır: "Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik. Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır. Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq. Buna görə də təəccüblüdür ki, iradlar müstəsna olaraq Belarusa göstərilir. Mən hesab edirəm ki, bu, Ermənıstanda Belarusa qarşı acizlik kompleksinin təzahürüdür. Səbəblər də kifayət qədər sadədir. Həm Belarus, həm də Ermənistan eyni vaxtda müstəqillik əldə ediblər. Bu gün Ermənistan dünyanın ən yoxsul ölkələrindən biridir və həyatın girdabındadır. İyirmi il ərzində öz xalqını istismar və qarət edən hakimiyyətin erməni xalqı tərəfindən devrilməsi bunun parlaq təzahürüdür.

Bizim münasibətlərimizə gəlincə, onlar sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib. Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim münasibətlərimizi daha da möhkəmləndirəcək. Səfərin gündəliyi olduqca genişdir, xeyli sənəd imzalanacaq. Əminəm ki, həmin sənədlər bundan əvvəl reallaşdırılan digər razılaşmalar kimi gerçəkləşəcək".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Belarus   Silah-satışı  


Bizi "telegram"da izləyin