Avropadakı müharibədən bir az əvvəl ABŞ Kuba, Panama, Dominikan, Honduras və Nikaraqua üzərində faktiki olaraq nəzarəti ələ keçirdi. 1914-cü ildə ABŞ Dəniz Piyada Korpusu Haitini işğal etdi. Meksikaya nəzarət bərqərar oldu. 1914-cü ilin yazında yenidən Meksikaya məhdud ABŞ müdaxiləsi başlandı. 1916-cı ilin yazında general Perşinqin komandanlığı altındakı Amerika qoşunları Meksikanın sərhədlərini keçərək ölkənin dərinliyinə doğru irəlləyirdi. ABŞ-ın əsas gücünü Dünya müharibəsinə yönəltməsi Meksikanın işğalını təxirə saldı.
20-ci əsrin əvvəllərində Avropa ölkələrinin iki koalisiyası - "Antanta" (Rusiya, ABŞ, İngiltərə, Fransa) və "Üçlər İttifaqı" (Almaniya, Avstriya-Macarıstan və İtaliya) arasında ziddiyyətlər daha da kəskinləşirdi. Buna artıq bölünməsi başa çatan müstəmləkələrin, təsir sferalarının və xammal bazarlarının yenidən paylanılması uğrunda mübarizənin intensivləşməsi də təsir edirdi. Avropada başlayan müharibə, qısa bir zamanda Uzaq və Yaxın Şərqi, Afrikanı, Atlantik, Sakit, Şimal Buzlu və Hind okeanlarının akvatoriyasını da əhatə edərək qlobal xarakter aldı.

Birinci Dünya müharibəsinin başlanmasına bir çox səbəb tapıla bilər. Lakin onların arasında Avropa dövlətlərinin maraqlarının rəqabətdə olması əsas planda yer alırdı. Bu dövlətlərin həmin dövrdəki maraqlarına qısaca nəzər salaq. Əvvəlcə "Antanta" üzvlərindən başlayaq.
Böyük Britaniya
Potensial Almaniya təhdidindən qorxmağa başlayırdı, ölkənin ənənəvi "təcrid" siyasətindən imtina edərək Almaniyaya qarşı blokun formalaşdırılması siyasətinə keçid etdi.
İngilislər "özlərininki" hesab etdiyi Şərqi və Cənub-Qərbi Afrika bölgələrinə Almaniyanın nüfuz etməsi ilə barışmaq istəmirdi. Bununla yanaşı ingilislər 1899-1902-ci illərdə baş verən ingilis-boer müharibəsində almanların afrikalıları dəstəkləməsinin intiqamını almaq istəyirdi. Böyük Britaniya əslində Almaniyaya qarşı elan olunmayan iqtisadi müharibəni daha öncədən aparır və rəqib tərəfindən təcavüzkar hərəkətlərə cavab vermək üçün hazırlaşırdı.
Fransa
Fransa 1870-ci ildə Fransa-Prussiya müharibəsində Almaniya tərəfindən aldığı məğlubiyyətin əvəzini çıxmaq istəyir, 1871-ci ildə alınan Elzas və Lotaringiyanı geri qaytarmaq istəyirdi.
Almaniya malları ilə rəqabət apara bilmədiyindən ənənəvi satış bazarlarının itirilməsi ilə də barışa bilmirdi. Yeni Almaniya təcavüzündən qorxur və öz müstəmləkələrini, xüsusilə Şimali Afrikanı qorumağa çalışırdı.
Rusiya
Rusiya Aralıq dənizinə donanmasının sərbəst çıxışını təmin etmək üçün Osmanlı imperiyasının nəzarətində olan Dardanel boğazını ələ keçirməyə çalışırdı.
Berlin-Bağdad (1898) dəmir yolunun tikintisini Almaniyanın düşmənçilik addımı kimi qiymətləndirirdi. Rusiya bu dəmir yolunun inşasını, onun Asiyadakı hüquqlarına qarşı təcavüz hesab edirdi. Bəzi tarixçilər bu problemin 1911-ci ildə Almaniya ilə bağlanan "Potsdam sazişi" ilə həll olunduğunu qeyd edirlər. Digər tərəfdən isə Rusiya Avstriyanın Balkanlara nüfuz etməsi, Almaniyanın güc qazanması və Avropada öz şərtlərini diktə etməyə başlaması ilə də barışmaq istəmirdi.
Ruslar bütün slavyan xalqlarına hakim olmaq istəyirdi və buna görə Balkanlarda yaşayan serb və bolqarların Avstriya və Osmanlı əleyhinə addımlarını daim dəstəkləyirdi.
Serbiya
Serbiya 1878-ci ildə tam müstəqillik qazandıqdan sonra özünü yarımadanın slavyan xalqlarının lideri olaraq təsdiq etməyə çalışırdı. O, Avstriya-Macarıstan imperiyasının cənubunda yaşayan bütün slavyanların daxil olduğu Yuqoslaviyanı yaratmaq istəyir və Avstriya-Macarıstan və Türkiyəyə qarşı mübarizə aparan milliyyətçi təşkilatları qeyri-rəsmi şəkildə dəstəkləyirdi.
ABŞ
ABŞ müharibənin başlanğıcında "Antanta" üzvü olsa da, tərəfsizliyini qorumaq arzusunda idi. Prezident Vilson münaqişənin dağıdıcı təbiətindən və hərbi əməliyyatların uzanacağı təqdirdə Birləşmiş Ştatlar üçün mümkün mənfi nəticələrdən ehtiyat edirdi.
1915-ci ildə Almaniyanın sualtı qayığı Britaniyanın "Luzitaniya" sərnişin gəmisini batıraraq 100-dən çox ABŞ vətəndaşının həlak olmasına səbəb oldu. Vilson dərhal Almaniyaya bəyanat verərək, neytral ölkələrin gəmilərinə sualtı qayıqların hücumunun beynəlxalq hüquq normalarına zidd addım olaraq qəbul edildiyini və dayandırılmalı olduğunu bildirdi. Almaniya 1917-ci ilin əvvəllərinə qədər məhdudiyyətsiz sualtı müharibəsini sona çatdırmağı qərara aldı, lakin Vilsonun növbəti hədə-qorxusundan sonra ən sərt tədbirləri tətbiq etməyə başladı. 1917-ci ilin fevral və mart aylarında bir neçə ABŞ gəmisi batırıldı, nəticədə aprel ayında Konqress Almaniyaya qarşı müharibə elan etdi və ABŞ müttəfiqlərinə iqtisadi və hərbi dəniz yardımının miqyasını dərhal genişləndirdi.
ABŞ müharibənin başlangıcında daha çox qarşı tərəflər arasında vasitəçi kimi çıxış etməyə çalışırdı. Lakin ABŞ-ın sülhməramlı səyləri hər iki tərəfin həlledici döyüşü qazanmaq ümidini itirməməsi səbəbindən əvvəlcə müvəffəqiyyət qazanmasa da, sonda müharibənin dayandırılmasına ABŞ-dan olan polkovnik E.M.Hausun vasitəçiliyi ilə nail olundu.
İndi isə "Üçlər İttifaqına" daxil olan ölkələrin maraqlarına nəzər salaq.
Almaniya İmperiyası
Almaniya iqtisadi cəhətdən inkişaf etmiş bir ölkə olaraq, Avropa qitəsində hərbi, iqtisadi və siyasi hökmranlıq etməyə çalışırdı. Almanlar yeni bazarlara ehtiyac duysa da, onlar müstəmləkələr uğrunda mübarizəyə 1871-ci ildən sonra başlaya bildilər. Onlar İngiltərə, Fransa, Belçika, Hollandiya və Portuqaliyanın müstəmləkələrində bərabər hüquqlar əldə etməyə can atır, "Antanta"nı isə özünə zərbə vurmaq məqsədilə yaradılan bir ittifaq kimi qiymətləndirirdilər.
Avstriya-Macarıstan imperiyası
Bu imperiya çoxmillətli olduğundan Avropada daimi qeyri-sabitlik qaynağı rolunu oynayırdı. 1908-ci ildə ələ keçirdiyi Bosniya və Herseqovinanı əldə saxlamağa çalışırdı. Avstriya, həmçinin Rusiyaya qarşı çıxırdı, çünki ruslar həm Balkanlarda, həm də Serbiyada bütün slavyanların müdafiəçisi rolunu üzərinə götürməyə çalışırdı.
Osmanlı İmperiyası

Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyası artıq zəifləmişdi. 1914-cü ilin avqustunda Almaniya ilə bağlanan müqavilə Osmanlının birbaşa hərbi əməliyyatlarda iştirakını tələb etməsə də, onu istisna da etmirdi. Hələ də böyük bir imperiya olaraq qalmaqda davam edən Osmanlı, əvvəl itirdiyi əraziləri qaytarmağa, əlində qalanları isə qorumağa çalışırdı. Birinci Dünya müharibəsi ərəfəsində, 1911-1913-cü illərdə baş verən, İtaliya və bir çox Balkan ölkəsinin qoşulduğu uzun və qanlı müharibədə Osmanlı Selaniki, Makedoniyanı və Albaniyanı itirdi. Əvvəlki ərazilərini və şan şöhrətini bərpa etmək arzusu türklərin "Üçlər İttifaqı" tərkibində yer almasına səbəb oldu.
Bolqarıstan
Bolqarıstan bu ittifaqa sonradan qoşuldu. O, yarımadanın slavyan xalqlarının lideri olmaq üçün Serbiya ilə mübarizə aparırdı. Onlar İkinci Balkan müharibəsi dövründə itirilən əraziləri qaytarmaq, həmçinin Birinci Balkan müharibəsinin nəticələrinə görə iddia etdikləri torpaqları da əldə etməyə çalışırdılar. 1913-cü ildə Serbiya və Yunanıstandan aldığı alçaldıcı məğlubiyyətin intiqamını almaq da Bolqarıstanın planlarına daxil idi.
Qüvvələr nisbəti
Mövcud məlumatlara görə, Almaniya və Avstriya-Macarıstan ağır silahların sayına görə Rusiyadan və Fransadan bir neçə dəfə üstün idi. Almanlar, hər zamankı kimi, bu dəfə də gündəlik 250000 mərmi istehsal edə bilən yüksək potensiala malik hərbi sənaye kompleksi yarada bildilər. Müqayisə üçün deyək ki, Britaniya həmin illərdə ayda cəmi 10 min mərmi istehsal edə bilirdi.
Müharibə başlayanda "Antanta" 10 milyon 119 min nəfər şəxsi heyətə, 11434 ədəd yüngül topa, 450 ədəd ağır topa və 509 ədəd hərbi təyyarəyə malik idi. "Üçlər İttifaqı" isə 6 milyon 122 nin şəxsi heyətə, 7944 ədəd yüngül topa, 1856 ədəd ağır topa və 297 ədəd hərbi təyyarəyə malik idi.
Müharibənin səbəbləri
Müharibənin başlanmasına formal səbəb isə 1914-cü ilin iyun ayında Sarayevo şəhərində törədilən terror aktı göstərilir. Bosniya və Herseqovinanın Böyük Serbiyaya daxil olması üçün mübarizə aparan "Gənc Bosniya" serb-boşnak inqilabı təşkilatının üzvü olan Qavrilo Prinsip Avstriya-Macarıstan imperiyasının vəliəhdi hersoq Frans Ferdinandı öldürdü. Almaniyanın müttəfiqi olan Avstriya-Macarıstan Serbiyaya qəbuledilməz şərtlərlə bol olan radikal ultimatum təqdim etdi. Serbiyanın ultimatumu qəbul etməməsi, nəticədə, Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsi ilə nəticələndi. Almaniya müttəfiqini dəstəkləyəcəyini dərhal elan etdi, Rusiya isə səfərbərlik elan etdi. Fransa isə Rusiyanın tərəfini tutdu.

Almaniya Rusiyadan səfərbərlik fəaliyyətini dayandırmağı tələb etdi. Lakin Rusiya ultimatuma mənfi cavab verdiyinə görə avqustun 1-də Almaniya Rusiyaya müharibə elan etdi. Avqustun 3-də Almaniya Fransaya, səhəri gün isə Belçikaya müharibə elan etdi. İngiltərə də dərhal Almaniyaya müharibə elan edərək qoşunlarını Fransaya köməyə göndərdi. Avqustun 6-da isə Avstriya-Macarıstan Rusiyaya qarşı hərbi kompaniyaya start verdi.
1914-cü ilin avqustunda Yaponiya Almaniyaya müharibə elan etdi, noyabr ayında Osmanlı imperiyası Almaniya-Avstriya-Macarıstan blokunun yanında müharibəyə qoşuldu. 1915-ci ilin oktyabr ayında isə Bolqarıstan müharibəyə qatıldı.

Başlanğıcda neytral mövqe tutan İtaliya 1915-ci ilin mayında Britaniyanın diplomatik təzyiqi altında Avstriya-Macarıstana, 1916-da avqustunda isə Almaniyaya müharibə elan etdi.
Birinci Dünya müharibəsinin sona çatması haqqında bağlanan "Versal müqaviləsi" 28 iyun 1919-cu ildə Paris yaxınlığındakı kralın əvvəlki iqamətgahında imzalandı. Qanlı müharibəyə faktiki olaraq son qoyan atəşkəs müqaviləsi isə düz yüz il qabaq, 1918-ci ilin noyabrın 11-də bağlansa da, döyüşən tərəflərin rəhbərlərinə sülh müqaviləsinin əsas müddəalarını birgə hazırlamaq üçün yarım il tələb olundu.
Versal müqaviləsi qalib "Antanta" ölkələri (ABŞ, Fransa, Böyük Britaniya) və məğlub edilən Almaniya arasında bağlandı. Daha əvvəllər Almaniyaya qarşı koalisiyanın üzvü olan Rusiya digər "Antanta" üzvlərindən xəbərsiz, 1918-ci ildə Almaniya ilə seperat "Brest-Litovsk" sülh müqaviləsini imzalamışdı. Sovet Rusiyası Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə ilə bağladığı sülh müqaviləsinə əsasən Polşa, Litva, Belarus və Latviya üzərindəki suverenlikdən imtina etdi. Rusiya Ukraynadan Finlandiyadan, Latviyadan və Estoniyadan qoşunları çıxarmağa, ordu və donanmanın tam şəkildə təxris edilməsinə razılıq verdi, hətta Qars, Ərdahan və Batumidən də imtina etdi.
Bu müqaviləni imzaladığına görə Rusiyanın nə Paris Sülh Konfransında, nə də "Versal müqaviləsi"ndə iştirakına icazə verilmədi. Birinci Dünya müharibəsində böyük insan itkisinə məruz qalan Rusiyaya heç bir kompensasiya da ödənilmədi, əksinə əvvəllər əldə etdiyi bir çox əraziləri əsl sahiblərinə qaytarmalı oldu.
"Versal müqaviləsi"nin şərtləri

"Versal müqaviləsi"nin əsas müddəası Almaniyanın qeri-şərtsiz müharibənin səbəbkarı olduğunu qəbul etməsindən ibarət oldu. Başqa sözlə, qlobal bir Avropa münaqişəsinin yaradılması üçün tam məsuliyyət Almaniyanın üzərinə qoyuldu. Bunun nəticəsində misli görünməyən sanksiyalar tətbiq edildi. Almaniyanın qalib ölkələrə ödədiyi ümumi məbləğlər qızılla 132 milyon marka (1919-cu ilin qiyməti ilə) təşkil edirdi. Son ödənişlər 2010-cu ildə həyata keçirildi, yəni Almaniya Birinci Dünya müharibəsinin "borclarını" 92 ildən sonra tam ödəyə bildi.
Almaniya çox böyük ərazi itkilərinə məruz qaldı
Bütün Almaniya müstəmləkələri "Antanta" və Almaniyaya qarşı koalisiya üzvü olan ölkələr arasında bölündü. Almaniya torpaqlarından bəziləri də itirildi: Elzas və Lotaringiya Fransaya, Şərqi Prussiya Polşaya verildi, Qdansk (Danzig) isə azad şəhər olaraq tanındı. "Versal müqaviləsi" Almaniyanın hərbi münaqişəni yenidən başlamasına maneçilik törətmək üçün onun silahsızlanmasına yönələn tələbləri də özündə ehtiva edirdi. Almaniya ordusu əhəmiyyətli dərəcədə, 100 min nəfərə qədər azaldıldı. Almaniya hərbi sənayesi əslində mövcudluğunu dayandırmaq məcburiyyətində qaldı. Bundan əlavə, Reyn zonasında qoşun və hərbi texnika yerləşdirmək qadağan edildi. "Versal müqaviləsi"nə BMT-nin funksiyalarına bənzər bir beynəlxalq təşkilat olan "Millətlər Liqası"nın yaradılmasına dair bir bənd də əlavə edildi.
Versal müqaviləsinin Almaniya iqtisadiyyatı və cəmiyyətinə təsiri
Versal sülh müqaviləsinin şərtləri əsassız olaraq çox sərt idi və Almaniya iqtisadiyyatı onlara qarşı davam gətirə bilməzdi. Müqavilədəki tələblərin yerinə yetirilməsi nəticəsində Almaniya sənayesi təmamilə məhv edildi, əhalisi kütləvi şəkildə yoxsullaşdı və dəhşətli hiperinflyasiya baş verdi. Bundan əlavə, təhqiramiz sülh razılaşması, hətta milli kimlik məsələsində də almanları sıxışdırdı. Almanlar yalnız əzilib və soyulmadı, həmçinin onları millət olaraq ədalətsiz cəzalandırıldılar və təhqir etdilər. Nəticədə Almaniya cəmiyyəti həddindən artıq milliyyətçi və "əvəz çıxmaq" ideyalarını asanlıqla qəbul etməyə başladı. Nəticədə qlobal hərbi münaqişənin sona çatmasından cəmi 20 il sonra yeni bir Dünya müharibəsi Almaniya tərəfindən alovlandırıldı. Potensial münaqişələrin qarşısını almaq üçün nəzərdə tutulan 1919-cu il Versal müqaviləsi nəinki öz təyinatı üzrə funksiyasını yerinə yetirmədi, əksinə İkinci Dünya müharibəsinin alovlanmasına da şərait yaratdı.
Nəticələr
Atəşkəsdən altı ay sonra, 1919-cu ilin iyunun 28-də Almaniya Paris Sülh Konfransında qalib gələn dövlətlər tərəfindən hazırlanan və Birinci Dünya müharibəsini rəsmən bitirən "Versal müqaviləsi"ni imzalamağa məcbur edildi.
Sülh müqavilələri

Bütün müqavilələrin imzalanma mərasimləri hamısı Fransada, lakin müxtəlif şəhərlərdə baş tutdu.
Qalib koalisiya Almaniya ilə "Versal" müqaviləsini, Avstriya ilə "Sen-Jermen" müqaviləsini, Bolqarıstan ilə "Ney" müqaviləsini, Macarıstan ilə "Trianon" müqaviləsini, Türkiyə ilə "Sevr" sülh müqaviləsini imzaladı.
Birinci Dünya müharibəsi nəticəsində Rusiyada Fevral və Oktyabr inqilabı, Almaniyada Noyabr çevrilişi baş verdi. Dörd imperiya - Rusiya, Almaniya, Osmanlı və Avstriya-Macarıstan imperiyaları ləğv edildi, son ikisi isə parçalandı.
Almaniyada monarxiya ləğv edildi, əraziləri əlindən alındı və iqtisadi cəhətdən zəiflədildi. "Versal müqaviləsi"nin ağır şərtləri, müharibə təzminatlarının ödənilməsi, bütöv bir xalqın təhqir edilməsi İkinci Dünya müharibəsini başlayan nasistlərin hakimiyyətə gəlməsinin ön şərtlərindən birinə çevrilməsinə səbəb oldu.
Birinci Dünya müharibəsi nəticəsində planetin xəritəsində ciddi ərazi dəyişiklikləri baş verdi:
Tanzaniya və Cənub-Qərbi Afrika, İraq, Trans-İordaniya və Fələstin, Toqo və Kamerun, Yeni Qvineyanın şimal-şərqi və Nauru İngiltərəyə birləşdirildi;
Burundi, Ruanda, Eypen və Malmedi dairələri, Moresnet ərazisi Belçikaya;
Qərbi Frakiya Yunanıstana;
Şimali Şlezviq Danimarkaya;
Cənubi Tirol və İstriya İtaliyaya;
Cənubi Qərbi Afrika Cənub Afrika Birliyinə;
Transilvaniya, Cənubi Dobrudja, Bukovina, Bessarabiya Rumıniyaya;
Elzas-Lotaringiya, Suriya, Livan, Kamerun və Toqonun əksər əraziləri Fransaya;
Sakit okeanda, Ekvatorun şimalındakı Almaniyaya məzsus Karolina, Marşall və Marian adaları Yaponiyaya verildi.

Bütün bunlarla yanaşı, Banat, Baçka, Baranja, Sloveniya, Xorvatiya və Slaveniya, Çernoqoriya Serbiya Krallığına birləşdirilərək sonradan Yuqoslaviyanın yaranması ilə nəticələndi, Azərbaycan Demokratik Respublikası, Ermənistan Respublikası, Gürcüstan Demokratik Respublikası Belarus Xalq Respublikası, Ukrayna Xalq Respublikası, Macarıstan, Dantsinq, Latviya, Litva, Polşa, Çexoslovakiya, Estoniya, Finlandiya müstəqilliklərini elan etdilər, Avstriya və Almaniya İmperiyaları respublikaya çevrildi, Reyn vilayəti və Qara dəniz boğazları silahsız bölgə elan edildi, müharibənin səs-küyündə ABŞ strateji vəzifələrinı həyata keçirə bildi və ABŞ Latın Amerikasında öz mövqelərini tam möhkəmləndirdi.
Hərbi nəticələr
Müharibə edən dövlətlərin Baş Qərargahları Almaniya ilə müharibəyə başladıqda ilk növbədə əvvəlki müharibələrin təcrübəsini, öz ordusunun və düşmənin hərbi gücünü qiymətləndirərək qərar qəbul edirdilər. Bu müharibə isə göstərdi ki, artıq bundan sonrakı münaqişələr, tərəflərin bütün əhalisinin iştirakı ilə dövlətlərin bütün əxlaqi, hərbi və iqtisadi imkanları ilə daha kütləvi xarakter daşıyacaq. Bu tip müharibələr yalnız məğlub edilənlərin qeyri-şərtsiz təslim olması ilə sona çatacaq.
Dünya müharibəsi yeni silah və döyüş vasitələrinin inkişafını sürətləndirdi. İlk dəfə hərbi əməliyyatlarda tanklardan, kimyəvi silahlardan, əleyhqazdan, zenit və tank əleyhinə toplardan, odsaçandan və s. istifadə edildi. Təyyarələrdən, pulemyotlardan, minaatandan, sualtı qayıqlardan, torpedo karerlərindən istifadə geniş tətbiq edildi. Qoşunların atəş gücü kəskin şəkildə yüksəldi. Zenit, tank əleyhinə, piyada müşayiət və s. kimi yeni növ artilleriya silah tipləri yarandı. Aviasiya kəşfiyyat, qırıcı və bombardmançı kimi növlərlə fərqləndirildi və müstəqil qoşun növünə çevrildi. Tank, kimya, HHM qoşunları və dəniz aviasiyası yarandı. Mühəndis qoşunlarının rolu artdı, süvarilərin rolu isə azaldı. Düşmən iqtisadiyyatını hərbi sifarişləri yerinə yetirməyə məcbur edərək ölkəni iqtisadi cəhətdən çətinliyə salan "səngər taktikası" yarandı.
Müharibə nəticəsində:
- Təxminən 73.5 milyon əsgər müharibədə iştirak etdi;
- 9.5 milyon nəfər müharibədə həlak oldu;
- 20 milyondan çox adam yaralandı;
- 3.5 milyon nəfər ömürlük şikəst oldu.
İqtisadi nəticələr
Birinci Dünya müharibəsinin böyük miqyası və uzun müddəti bütün sənaye dövlətlərinin iqtisadiyyatının görünməyən dərəcədə hərbiləşdirilməsinə gətirib çıxardı. Nəticədə bu faktor iki dünya müharibəsi arasındakı dövrdə bütün dövlətlərin iqtisadiyyatının inkişafına müsbət təsir göstərdi: dövlət tənzimlənməsi və iqtisadi planlaşdırma gücləndirildi, hərbi sənaye kompleksləri formalaşdırıldı, milli iqtisadi infrastrukturların (enerji sistemləri, sərt səthli yollar şəbəkəsi və s.) inkişafı sürətləndirildi, müdafiə və ikili təyinatlı sənaye məhsullarının payı artdı.
Müharibədən ən çox qazanan yenə də ABŞ oldu. Dünya müharibəsinə ən cox xarici borcu olan dövlət kimi başlayan ABŞ, müharibəni borc verən kreditor ölkə kimi bitirməyi bacardı.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az