Yunanıstan və Rusiyanın münasibətləri həmişə xüsusi bir əhəmiyyət daşıyıb. XVIII-XIX əsrlərdə Yunanıstan xalqının milli azadlıq mübarizəsində Rusiyanın köməyi, rus cəmiyyətinin ən müxtəlif dövrlərində etnik yunanların fəal iştirakı - bütün bunlar rus-yunan münasibətlərinin inkişafına kömək edən faktorlar hesab edilir. Sovetlər dövründə Yunanıstan hakimiyyətində əsasən anti-kommunist qüvvələr olduğundan bu münasibətlər pisləşdi, lakin 1990-cı illərdə ölkələr normal münasibətlərini bərpa etdi. Yunanıstan uzun müddət NATO-nun və Avropa Birliyinin üzvü olsa da, Balkanlarda Rusiyanın ən mühüm tərəfdaşı hesab olunurdu. Lakin indi Yunanıstanın xarici siyasətinin prioritetləri dəyişib.
Son vaxtlar Yunanıstanın müdafiə naziri Panos Kammenos öz həmkarına, ABŞ-ın müdafiə naziri Ceyms Mattisə əhəmiyyətli bir təklif verdi. Yunan hərbi təşkilatının rəhbəri Pentaqon şefinə Yunanıstandakı ABŞ hərbi iştirakını artırması təklifini irəli sürdü. Eyni zamanda nazir Kammenos Birləşmiş Ştatları yalnız əhəmiyyətli deyil, həm də praktiki olaraq Yunanıstanın yeganə etibarlı müttəfiqi və tərəfdaşı olduğunu da qeyd edib. Bu əslində təəccüblü olmamalıdır. 1950-ci illərin əvvəllərindən Yunanıstan Şimali Atlantika Alyansının tərkibinə daxildir. Lakin Afina digər NATO-ya üzv ölkələrlə də çox müəkkəb əlaqələrə malikdir.
Şərqi Aralıq dənizində Yunanıstan ilə yanaşı, ABŞ-ın digər mühüm müttəfiqi NATO-nun əsas üzvlərindən olan Türkiyədir. Lakin bilindiyi kimi yunanlar Türkiyəyə qarşı davamlı ərazi iddiaları səsləndirir, münasibətləri də kifayət qədər gərgindir. Türkiyə və Yunanıstan XX əsrdə silahlı qarşıdurma səvviyyəsinə bir neçə dəfə yaxınlaşıblar, bəzən də qısa qarşıdurmalar da baş verib. Yunanların Kipr və FETÖ məsələsində tutduğu hazırkı mövqe heç bir halda Türkiyəni qane etmir.
NATO-nun başqa bir əsas üzvü olan Almaniya ilə Yunanıstanın əlaqələri çox mürəkkəbdir. Avropa İttifaqında əsas söz sahiblərindən olan Almaniya bir zamanlar Yunanıstana böhrandan çıxmaq üçün ciddi yardım etsə də, bu gün rəsmi Berlinin Afinaya qarşı etirazları artmaqdadır. Afinanın keçmişdə Yunanıstanın müstəqilliyinə və ərazilərinə hücum edən başqa bir qonşu, İtaliya ilə münasibətlərini dostluq əlaqələri adlandırmaq da reallıqdan uzaqdır.
Yunanıstanın NATO üzvü olmasına baxmayaraq, demək olar ki, onun bütün müasir tarixi Türkiyə ilə birbaşa silahlı münaqişələrdən ibarətdir. Eyni zamanda Afina, münaqişə vəziyyətində Ankaranın daha çox qazanma şansına sahib olduğunu çox yaxşı bilir. Türkiyə daha böyük bir əraziyə, daha böyük bir əhaliyə, ən əsası da daha güclü və daha çoxsaylı döyüşə hazır orduya malikdir. Buna görə də, Türkiyə ilə qarşıdurma halında Yunanıstanın təhlükəsizliyinin təminatçısı ola biləcək böyük və güclü dövlətlə əməkdaşlıq etməkdən başqa çarəsi yoxdur. Tarixən bu cür dövlət rolunu Rusiya ifa edirdi.
Sağlam məntiq Yunanıstanın Rusiya ilə ittifaq əlaqələrində olmasını diktə edir. XIX-XX əsrlərdə isə Qərb Yunanıstana Rusiya təsirini azaltmaq üçün böyük səylər göstərirdi. Sonda Yunanıstan uzun müddət Böyük Britaniyanın təsir dairəsinə daxil edildi, sonra isə ingilislər amerikalılar tərəfindən əvəz olundu. XX əsrin ortalarına qədər anqlo-amerikalı siyasətçilərin ən pis kabuslarından biri Yunanıstanda kommunist inqilabının qələbəsi idi. Bildiyimiz kimi, 1940-cı illərin sonlarında Yunanıstanda kommunistlər və hökumət arasında partizan müharibəsi baş verdi. Kommunistlərin Yunanıstanda qələbə qazanması bütün Balkanların sosialist düşərgəsinə keçməsi demək idi.
Müasir Rusiya Yunanıstan üçün yaxşı bir müttəfiq və tərəfdaş ola bilərdi, lakin tərəzidə NATO xətti yenə də "ağır" gəldi, buna da əlbəttə ki, maliyyə məsələləri səbəb oldu. SİRİZA bloku seçkiləri qazanmadan əvvəl, dəfələrlə ABŞ xarici siyasəti tənqid edilirdi və Avropa İttifaqı ilə bağlı şübhələrini vurğulayırdı. Lakin koalisiya hakimiyyətə gəldikdən sonra tezliklə öz siyasi xəttini tənzimləmək məcburiyyətində qaldı. Buna əsas səbəb Yunanıstanda baş verən ən ciddi maliyyə və iqtisadi böhran oldu. Belə bir şəraitdə Afinaya daha inkişaf etmiş Qərb ölkələrindən kömək almaq ehtiyacı yarandı və Yunanıstan hökuməti məcburən siyasi kursuna düzəlişlər etməli oldu.
Yunanıstan Avropa İttifaqı ilə arasındakı mürəkkəbləşən əlaqələri nəzərə alaraq, Vaşinqtonla daha da yaxın dostluq münasibətləri qurmağa xüsusi diqqət yetirir. Qeyd etmək lazımdır ki, Yunanıstan da ABŞ üçün artıq böyük maraq doğurur. Məlum olduğu kimi, ABŞ və Türkiyə arasındakı münasibətlər kifayət qədər gərginləşib, lakin Pentaqon Suriyadakı hadisələr və RF-ABŞ ziddiyyətlərinin dərinləşməsi kontekstində Şərqi Aralıq dənizində normal və güvənli plasdarma ciddi ehtiyac duyur.
Türkiyə, daxilindəki çevriliş cəhdində ABŞ-ın izini tapdığını iddia edərək Vaşinqtondan uzaqlaşmaq arzusu nümayiş etdirdiyindən, Pentaqonun Yunanıstanla münasibətlərini inkişaf etdirməkdən başqa heç bir çıxış yolu yoxdur. Təbii ki, Yunanıstan öz ərazisində hərbi bazalar yerləşdirməklə geniş miqyaslı maliyyə vəsaitləri əldə etməyi düşünür. Afinadan rusiyalı diplomatların çıxarılması və ya Afon dağında rusiyalı zəvvarlar üçün maneələr yaradılması məhz bu maliyyə vəsaitlərinin yolunu açmaq məqsədi güdür.
Yunanistan nəyə görə ABŞ hərbi bazalarına ehtiyac duyur?
ABŞ-ın strateji məqsədi Balkan yarımadasında və Şərqi Aralıq dənizində tam nəzarəti əldə etmək və Balkanlarda Rusiya mövqeyinin bərpası ehtimalını istisna etməkdir. Bu məqsədlə ABŞ, Makedoniyanı NATO-ya sürükləməyə və Serbiyanı Rusiyanın təsirindən çıxarmağa çalışır. Təbii ki, Yunanıstan bu dövlətlərin qonşusu kimi, ABŞ planlarında xüsusi rol oynayır.
Rusiya İmperiyası bir zamanlar yunanlara müstəqillik qazanmaqda kömək etdi və Rusiyanın ərazisində əsrlər boyu Osmanlının təqibindən qaçan yunanlar üçün məskənlər salındı, lakin ruslara qarşı Serbiyada formalaşan münasibət Yunanıstanda meydana gəlmədi. Bu Yunanıstan hökuməti tərəfindən yaxşı başa düşülür. Yunanıstanda təbii ki, Rusiya meylli qüvvələr mövcuddur, lakin onlar Yunanıstan dövlətinin xarici və daxili siyasətlərinə təsir edəcək qüvvəyə malik deyil. Rusiya iş adamlarının Yunanıstana nə qədər vəsait yatırmasına baxmayaraq, ölkə hələ də ABŞ investisiyalarından daha çox asılıdır.
Bundan başqa, Afinanın hazırda Moskvaya qarşı müəyyən etirazları da mövcuddur. Yunanıstan Rusiyanı ölkənin daxili işlərinə müdaxilədə ittiham edir. Bu, qonşu Makedoniyanın adı ilə bağlı münaqişəyə də aiddir. Yunanıstanda, Makedoniyanın ölkənin tarixi bir bölgəsi hesab olunduğundan, bu adın ərazi bütövlüyünü təhdid etdiyinə inanırlar. Yunanıstan hökuməti Makedoniyanın NATO-ya daxil olmasına mane olmaq üçün Rusiyanın müdaxiləsinə etiraz edir. Aydındır ki, Makedoniyanın Şimali Atlantika ittifaqına qoşulacağı və ya qoşulmayacağı yunanların özləri üçün əhəmiyyət daşımır, onlar üçün əsas qonşu ölkənin öz adından imtina etməsidir. Afinaya təsirini artıran ABŞ üçün isə Makedoniyanın hansı adla olursa-olsun NATO-ya daxil olması çox vacib məsələdir.
İndi ABŞ Yunanıstan ərazisində mövcud olanlardan əlavə üç yeni hərbi baza açmağı planlaşdırır. 1951-ci ildən Krit adalarının şimal-qərb sahillərindəki Souda buxtasında açılan dəniz bazası həm Yunanıstan, həm də ABŞ HDQ tərəfindən istifadə olunur. Bazada eyni zamanda 30-a qədər döyüş gəmisi reydə çıxa bilər və eskadra minadaşıyıcıları da daxil olmaqla bir sinifdən bütün hərbi gəmilər təmir oluna bilər. Əlavə olaraq, buxtada sualtı qayıqlar da yerləşdirilib və limanın yaxınlığında NATO-nun raket poliqonu da fəaliyyətdədir.
Peloponnes burnundakı Araksos hava limanı da NATO təyyarələri tərəfindən istifadə olunur. Yunanıstan kommunistləri bu yaxınlarda Araksos aerodromundakı bazada ABŞ nüvə silahlarını yerləşdirməyə hazırlaşdığını və bunun Yunanıstan dövləti üçün çox risklər yaratdığını iddia edərək hökumətin siyasi kursunu tənqid etdilər.
Bununla yanaşı, Milli Müdafiə naziri Panos Kammenos vurğulayıb ki, Yunanıstan ABŞ-ın digər hərbi bazalarını qəbul etməyə etiraz etmir. Burada Volos, Larissa və Alexandrupolisdə ABŞ birliklərini yerləşdirməkdən bəhs edilir. Hazırda Alexandrupolis limanı ABŞ tərəfindən Şərqi Avropadakı Amerika və NATO bazalarına helikopterlər gətirmək üçün fəal şəkildə istifadə olunur. Yunanıstanın hava qüvvələrinin 110-cu aviasiya qanadının yerləşdiyi Larissa hava limanına artıq ABŞ-ın MQ-9 "Reaper" dronları yerləşdirilib. F-22 "Raptor" təyyarələri də yaxın zamanda Larissaya nəql edilib. ABŞ aviasiyası Larissa aviabazasından yanacaq doldurmaq və tanker təyyarələrini yerləşdirmək üçün istifadə etməyi planlaşdırır. Volos aviabazasında isə Yunanıstan F-35 təyyarələrinin yerləşdirilməsinə icazə verib.
Hazırda, Yunanıstan və ABŞ Karpatos adasında aviabazanın qurulmasını müzakirə edir. ABŞ bu bazada F-22 "Raptor" təyyarələrini və "Patriot" raket əleyhinə müdafiə sistemlərini yerləşdirməyi planlaşdırır. Karpatos bazasının gələcəyi, Türkiyədəki İncirlik ABŞ hərbi bazasının gələcək istifadəsi ilə bağlıdır. Altmış ildən artıqdır ki, Adananın İncirlik bazası ABŞ ordusu tərəfindən fəal şəkildə istifadə olunur. Birincisi, İncirlik bazasından Sovet ərazisinin daimi müşahidəsi aparılıb və Sovet-Rusiya qoşunlarının Qafqazlarda hərəkəti izlənilib. İkincisi, Livan böhranı zamanı baza ABŞ Quru Qoşunlarının Livana daşınması üçün istifadə edilib. Daha sonra ABŞ, Yaxın Şərqdəki bütün hərbi münaqişələrdə - İraqda, Əfqanıstanda və Suriyada İncirlik bazasından geniş istifadə edib.
Lakin indi bu baza bağlanma təhlükəsi altındadır. 2016-ci ildən ABŞ hərbi komandanlığı İncirlik bazasındakı arsenalını Rumıniyada açdığı yeni Deveselu bazasına daşımağa başlayıb. Əlbəttə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı açıq şəkildə qovmur, lakin yerli əhalinin müntəzəm mitinqlər keçirməsi və ABŞ-a münasibətin kəskin dəyişməsi bunu labüd edir.
Hər hansı bir suveren ölkə üçün, öz ərazisində xarici qoşunların olması ayıb olmasa da böyük bir problemdir. Lakin Yunanıstan rəhbərliyi vəziyyətə fərqli yanaşır. Yunanlar inanır ki, ABŞ-ın Hellas ştatında hərbi iştirakı Türkiyənin mümkün hücumlarına qarşı ölkənin təhlükəsizliyinin təminatıdır. ABŞ-ın Balkanlarda yaratdığı bazalar əlbəttə ki, heç bir şəkildə Ankaraya qarşı yönəlməyib. Vaşinqtonun Yunanıstandakı hərbi iştirakı, Balkanlarda və Aralıq dənizində Rusiyanı "çəkindirməkdən" ibarətdir. Buna görə ABŞ ordusu Yunanıstan limanlarına və aviabazalarına ciddi maraq göstərir.
Yunanıstanda yeni ABŞ hərbi bazalarının yaradılmasını və Yunanıstan hökumətinin anti-rus dövrünü bir araya gətirməmək avamlıq olardı. Ölkənin Müdafiə nazirinin ABŞ-la bağlı bəyanatında onu yeganə etibarlı müttəfiqi kimi əsaslandırılması anti-rus təbliğat kampaniyası fonunda baş verir. Məsələn, "Qızıl Şəfəq" sağçı radikal partiyasının 1944-1948-ci illərdə Rusiyadan vətəndaş müharibəsi üçün tazminat tələb etməsinə baxmayaraq, müasir Rusiyanın yetmiş il əvvəl Yunanıstanın siyasi partiyalarının silahlı qarşıdurması ilə hansı şəkildə əlaqəli olduğu aydın deyil.
Son dövrdə Yunanıstan xalqı ilə daim isti münasibətlərdə olan Rusiyaya və rus xalqına qarşı Afina tərəfindən son dövrlərdə Baltikyanı ölkələrin səviyyəsində münasibət göstərilir. Afinanın ciddi iqtisadi problemləri səbəbindən ABŞ hərbi bazalarının yaradılması və ondan maliyyə yardımı almasını qismən də olsa başa düşmək olar. Lakin ölkənin bir ABŞ peykinə çevrilməsinin faydası olacaqmı? Xüsusilə qonşu Türkiyənin getdikcə ABŞ ilə münasibətlərinin korlanması fonunda bu addımlar bir daha dəqiq ölçülüb-biçilməlidir. Əlbəttə ki, Yunanıstan doğru qərar verəcək, lakin bunun mövcud hökumətlə və mövcud iqtisadi vəziyyət fonunda baş verəcəyi inandırıcı deyil.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az