Dünəndən bu günə ADEX: Bakı regionun beynəlxalq sərgi mərkəzinə çevrilir – HƏRBİ ESKPERT
Oxunub: 8904
16:51
24 Sentyabr 2018
ADEX Beynəlxalq müdafiə sərgisi adətən Bakı EXPO mərkəzində Azərbaycan Respublikası Müdafiə sənayesi nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə hər iki ildən bir keçirilir. İlk sərgi 2014-cü ilin 11-13 sentyabr tarixlərində təşkil edilib. “ADEX 2014” sərgisinin təşkilatçılıq işləri üzrə tərəfdaşları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləri çıxış edib.
Adətən sərginin təntənəli açılışı mərasimində təşkilatçı "Caspian Event Organisers" şirkətinin direktoru və Azərbaycan rəsmiləri qonaqları qonaqları və iştirakçıları salamlayır, sonra isə sərgi öz işinə başlayır.
Bu tip tədbirlər Azərbaycanın iqtisadi artımını, müdafiə sənayesində iddialarını təsirli şəkildə vurğulamaq məqsədi daşıyır. Qəbul etdiyimiz hərbi doktrina çərçivəsində Azərbaycan öz müdafiə potensialını gücləndirmək niyyətindədir. Azərbaycanın inkişafı konsepsiyasında bir sıra prioritet, o cümlədən müdafiə qabiliyyətinin artırılması, hərbi sənaye kompleksinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur.
Sərginin aktuallığı Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları tərəfindən bu tədbirə böyük maraq göstərilməsi ilə vurğulanır.
2014-cü il
ADEX 2014 sərgisində 34 ölkədən 200 şirkət iştirak etdi və Bakı EXPO mərkəzinin 3 pavilyonunun sahəsi tutuldu. Sərgini Bəhreyn, Belarus, Braziliya, İsrail, İordaniya, İran, Qazaxıstan, Qətər, Koreya, Malayziya, Pakistan, Polşa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, Xorvatiya və Çexiyadan 22 rəsmi nümayəndə heyəti də ziyarət etdi. Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail, Ukraynadan 8 milli qrup sərgidə öz ekspozisiyasını nümayiş etdirdi. Böyük miqyaslı ekspozisiyalar arasında Azərbaycandan başqa Türkiyə 37 şirkətlə, İsrail 16 şirkətlə, Polşa 16 şirkətlə, Belarus 10 şirkətlə təmsil olunurdu.
Sərginin platin sponsoru Niderlandın "Damen Shipyards Group" gəmiqayırma şirkəti oldu. Qızıl sponsor qismində isə Türkiyənin raket sistemləri və texnologiyaları üzrə ixtisaslaşan nəhəng ROKETSAN şirkəti çıxış etdi.
Bu sərgidə müdafiə sənayesi müəssisələrinin ən son nailiyyətlərinin nümayişi altı pavilyonda həyata keçirildi:
- Quru qoşunlarının və hərbi dəniz qüvvələrinin silahları və texnikası;
- Aviasiya və aviasiya silahları, hava müdafiəsi sistemləri və vasitələri;
- Xüsusi təyinatlı vasitələr və əmlak;
- İT texnologiyaları, rabitə sistemləri və vasitələri;
- Qoşunların arxa cəbhə və texniki təminatı;
- Kosmik texnologiyalar.
Zirehli vasitələr və aviasiya texnikaları mərkəzin önündəki açıq platformada nümayiş etdirildi. Sərgi zamanı Azərbaycan istehsalı olan 168 adda müdafiə təyinatlı məmulatlar milli paviliyonda nümayiş etdirildi.
Sərgini geniş işgüzar proqram müşayiət edirdi və onun mühüm hissələrindən biri də sifarişçilər və istehsalçı şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlərdən ibarət oldu. 12 sentyabr tarixində, “Jumeiragh Bilgah Beach” otelində "Hərbi-döyüş əməliyyatlarının həyata keçirilməsi sahəsində müasir üsullar və təhlükəsizlik məsələləri" mövzusuna həsr olunan konfrans baş tutdu. Burada müasir hərbi-texniki siyasətin aktual məsələlərini müzakirə etmək imkanı yaradıldı. Bu konfransda 200 nəfərdən çox mütəxəssis, hərbi ekspert, dövlət strukturları və biznes aləminin nümayəndələri iştirak etdi.
Azərbaycanın müdafiə sənaye kompleksinin inkişafını əks etdirən “ADEX 2014” sərgisi bu sahədə beynəlxalq əməkdaşlığa yeni təkan verdi və dünya silah bazarında Azərbaycan hərbi məhsullarının tanıdılmasında, yeni müqavilələr bağlanmasında, rəqabət qabiliyyətinin təmin edilməsində əhəmiyyətli dərəcədə kömək etdi. Sərgi öz işini 13 sentyabr tarixində tamamladı.
2016-cı il
Sayca ikinci hesab edilən “ADEX-2016” sərgisi əvvəlki kimi Bakı EXPO mərkəzində 27-30 sentyabr tarixlərində keçiririldi. Sərgi milli müdafiə sahəsində Azərbaycanın güc və qüdrətinin nümayişi kimi yadda qaldı. Bu sərginin də təşkilati tərəfdaşı “Caspian Event Organisers” (“CEO”) şirkəti oldu. Azərbaycan və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturlarının “ADEX 2016” sərgisinə göstərdikləri böyük maraq bu tədbirin həm aktuallığını, həm də əhəmiyyətinin göstəricisi hesab edildi. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi idi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi isə sərgiyə əvvəlki kimi yaxından dəstək göstərdi.
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanın milli müdafiə sektorunun güc və qüdrətinin nümayişi kimi layiqli qiymət alan bu tədbiri şəxsən ziyarət etdi. Azərbaycan pavilyonunda təqdim edilən hərbi məhsullarla tanış olan ölkə başçısı bir sıra ölkələrin milli pavilyonlarını, eləcə də iri stendləri ziyarət edərək beynəlxalq istehsalçıların ən yaxşı ekspozisiyaları ilə tanış oldu. İlham Əliyev “ADEX 2016” sərgisinin iştirakçılarına müraciətində son illər ərzində müdafiə sənayesi sahəsində əldə edilmiş uğurları qeyd etdi. Ölkə başçısı Azərbaycanın sənayenin bütün sahələrində müşahidə edilən inkişaf sayəsində həm regional, həm də beynəlxalq bazarlarda aparıcı fiqur və strateji tərəfdaşa çevrilməsini, eyni zamanda hərbi-texniki əməkdaşlıq üzrə məsələlərin müzakirə edilməsi üçün bu sərginin nüfuzlu platforma kimi əhəmiyyətli rolunu xüsusən vurğuladı.
Sərgidə milli müdafiə sənayesi məhsullarının təqdim olunması bir daha sübut etdi ki, Müdafiə Sənayesi Nazirliyinin balansına verilən müəssisələrdə qısa vaxt ərzində aparılan yenidənqurma işləri və ən son texnoloji avadanlıqlarının inkişaf edən dünya ölkələrindən tədarük edilərək Azərbaycanda quraşdırılması artıq öz bəhrəsini verməyə başlayıb. Azərbaycanın hərbi sənayesinin məhsulları sərgidə böyük maraq doğurdu.
Belə bir nüfuzlu tədbirin regionda ilk dəfə Bakıda təşkil edilməsi isə, digər sahələrlə yanaşı, bu sahədə də Azərbaycanın regionda lider dövlət olduğunu göstərdi.
“ADEX 2016” sərgisində dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 21 ölkədən 29 rəsmi nümayəndə heyəti iştirak edib. İştirakçıların coğrafiyası Latviya, Monteneqro, Xorvatiya, Çexiya və Estoniya kimi ölkələrin hesabına genişləndi. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərgi coğrafiyası 44 ölkəni əhatə edirdi. Bakı EXPO Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10%-lik artım nümayiş etdirdi. Sərgidə öz ölkələrinin aparıcı şirkətlərini təqdim edən 10 ölkə - Azərbaycan, Belarus, İsrail, Çin, Pakistan, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Fransa və Çexiya milli pavilyonları ilə çıxış etdilər. Şirkətlərin sayına görə ən böyük pavilyonlar Türkiyəyə (42 şirkət), İsrailə (14 şirkət) və Rusiyaya (14 şirkət) məxsus idi. ASELSAN, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, ROKETSAN, “Rosoboronexport”, “Thales” və digər şirkətlər hərbi texnikanın nümayişi ilə çıxış etdi. Sevindirici haldır ki, eksponentlərin 58%-i birinci “ADEX” sərgisinin iştirakçılarıdır.
“ADEX 2016” sərgisində müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələri və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı əvəlki sərgi ilə müqayisədə xeyli artdı. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak etdilər. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdim edildi.
Öz nümayəndə heyətlərini “ADEX” sərgisinə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, Cibuti, Konqo və Serbiya yer aldı. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq etdi.
Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə edilən nailiyyətlər nümayişi etdirildi:
- Quru qoşunlarının texnika və silahları;
- Hərbi Hava Qüvvələrinin silahları, HHM sistem və vasitələri;
- Xüsusi təyinatlı əmlak və vasitələr;
- İnformasiya texnologiyaları;
- Kosmik texnologiyalar;
- Ordunun inzibati və texniki təchizatı.
“ADEX 2016” layihəsinin fərqləndirici xüsusiyyəti müasir qoruma və müdafiə vasitələri, təhlükəsizlik texnikası, sənaye, nəqliyyat təhlükəsizliyi sistemləri, informasiya və rabitə mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri, eləcə də xilasetmə vasitələrinin geniş çeşidinin vahid konsepsiya çərçivəsində irimiqyaslı nümayişi ilə yadda qaldı.
Dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlərin bron etdiyi açıq sərgi platforması xüsusi diqqətə layiqdir. Bu platformada ən son qırıcı təyyarələr, pilotsuz uçuş aparatları, tanklar, HHM sistemləri və hərbi maşınlar ziyarətçilərə təqdim edildi. Bundan başqa, ilk dəfə olaraq zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi də təqdim edildi.
“ADEX 2016” sərgisi çərçivəsində son illər ərzində ölkəmizdə istehsal edilən 260 adda müxtəlif hərbi təyinatlı məhsullar, o cümlədən yüngül və ağır hərbi texnikalar təqdim olundu. “ADEX-2016” II Azərbaycan Beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən məmulatlardan mina əleyhinə “İldırım” və “Qasırğa” zirehli maşınları, tank əleyhinə idarə olunan raketlə təchiz edilən “Gürzə” patrul maşını, 12,7 millimetrlik məsafədən idarə olunan döyüş modulu, tank əleyhinə idarə olunan raket kompleksi, radioelektron mübarizə, kəşfiyyat avadanlığı və s. sistemlərlə təchiz edilən “Tufan” milli zirehli maşını, pilotsuz uçuş aparatlarının ən son modernləşdirilən variantları, yeni atıcı silahlar, müxtəlif növ döyüş sursatları və digər məmulatlar böyük maraqla qarşılandı.
Hərbi texnikalar Bakı EXPO Mərkəzinin qarşısındakı açıq platformada səmərəli və maraqlı şəkildə təqdim olundu. Burada hərbi zirehli texnika (“Matador” və “Marauder”), tank əleyhinə raket kompleksi, Rusiya və Belarusda istehsal edilən ağır hərbi texnika və bir sıra digər məhsullar sərgi qonaqlarına nümayiş etdirildi.
“ADEX 2016” sərgisi istehsalçılara hərbi-sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikaların ən son nümunələri, sənaye/nəqliyyat üçün təhlükəsizlik sistemləri, informasiya və rabitənin mühafizəsi, yanğın təhlükəsizliyi vasitələri və bir sıra digər məhsulları nümayiş etdirmək imkanı yaratdı.
Bu sərgi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması ilə də yadda qaldı. Burada nəhəng xarici konsernlərin nümayəndələri ilə azərbaycanlı mütəxəssislər arasında çoxsaylı görüşlər keçirildi. Həmçinin, sərginin geniş işgüzar proqramı bir sıra şirkət sahiblərinin öz həmkarları ilə əməkdaşlıq imkanlarını yaxından dəyərləndirməyə kömək etdi.
ASELSAN, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, ROKETSAN, “Rosoboronexport”, “Thales” və digər nəhəng şirkətlər istehsal etdikləri hərbi texnikaları əyani olaraq sərgidə nümayiş etdirdi. Bir sıra şirkətlər hərbi gəmilər, zirehli texnikalar, donanma platformaları, ən son aerokosmik texnologiyalar, eləcə də kiber texnologiyaların tətbiqi ilə yanaşı, müasir müdafiə sistemlərinin layihələndirilməsi və istehsalını, o cümlədən innovativ həll variantlarını təklif etdilər. Qeyd edək ki, “ADEX 2016” sərgisində Azərbaycanın təqdim etdiyi müdafiə və xüsusi təyinatlı məhsulların, hərbi nəqliyyat vasitəsi və texnikaların, eləcə də silah və sursatların çeşidi əhəmiyyətli dərəcədə artdığı müşahidə edildi.
Seminar, təqdimat, sənaye nazirlikləri, istehsalçı şirkətlər və sifarişçilər arasında çoxsaylı ikitərəfli görüşlərin daxil olduğu ADEX sərgisinin dolğun işgüzar proqramı tədbirin dialoq platforması kimi unikallığını göstərir. Beləliklə, 28-29 sentyabr tarixində sərgi çərçivəsində “Ərazilərin minalardan təmizlənməsi üzrə sistem və texnologiyaların inkişaf perspektivləri. Bu sahədə fəaliyyət göstərən şirkətlərin iştirakı və rolu”, “Pilotsuz uçuş aparatları sahəsində müasir texnologiya və innovasiyalar” və “Hava hücumundan müdafiə (HHM) sahəsində müasir metod və sistemlər” mövzularına həsr olunmuş seminarlar keçirildi. Seminarlarda müdafiə sənayesinin peşəkarları yaxından iştirak etdilər.
Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaratdı. “ADEX” sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əsl platformaya çevrildi.
Tədbirə göstərilən böyük maraq dörd gün ərzində sərginin səmərəliliyi əks etdirdi. Sərginin uğuru sənaye peşəkarları, mütəxəssislər, hərbi ekspertlər, dünyanın müxtəlif ölkələrinin dövlət strukturları və işgüzar dairələrinin nümayəndələri tərəfindən göstərilən diqqət və dəstəklə əlaqədardır. Sərginin qonaq və xarici iştirakçıları jurnalistlərə verdikləri müsahibələrdə hərbi təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq perspektivlərini vurğulandı, Azərbaycanın təhlükəsizlik və öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində həyata keçirdiyi uğurlu təşəbbüslər dəstəkləndi.
2018-ci il
Yaxın günlərdə fəaliyyətə başlayacaq “ADEX 2018” III Beynəlxalq müdafiə sərgisi yenə də Bakı EXPO mərkəzində sentyabrın 25-27 sentyabr tarixlərində keçiriləcək. Bu genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyası olacaq. Bu tədbir müasir silah və avadanlıqların möhtəşəm nümayişi, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişi olacaq. Bir qayda olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADEX sərgisini ziyarət edir. Sərginin təşəbbüskarı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyidir və sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə həmişəki kimi “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Builki ADEX sərgisi dünyanın 32 ölkəsini təmsil edən 209-dan artıq şirkəti bir araya gətirəcək və Bakı EXPO Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.
Bu il keçiriləcək “ADEX 2018” sərgisinin əsas məqsədləri:
- Hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi;
- Xarici tərəfdaşlar dairəsinin genişləndirilməsi;
- Azərbaycanın və xarici ölkələrin hərbi avadanlıq istehsalçılarının ən yeni nailiyyətlərinin nümayişi;
- Dünyanın hər yerindən hərbi avadanlıq istehsalçıları və sifarişçiləri arasında işgüzar əlaqələrin inkişaf etdirilməsi;
- Azərbaycan hərbi sənayesinin nailiyyət və imkanlarının yerli və beynəlxalq ictimaiyyətə nümayiş etdirilməsindən ibarətdir.
Sərgidə aşağıdakı müdafiə və ikili təyinatlı məhsulların nümayişi üçün aşağıdakı sektorlar təşkil ediləcək:
- Quru Qoşunlarının silah və texnikası, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemləri (RYAS);
- Radiolokasiya sistemləri;
- Silah və sursatlar;
- Gəmilər, qayıqlar (katerlər) və hərbi-dəniz sistemləri;
- Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə(RƏM) sistemləri;
- Daxili və kiber təhlükəsizlik;
- Dəmiryol qoşunlarının texnika və avadanlıqları;
- Hərbi geyimlər və material təminat vasitələri;
- Hərbi radioelektron sistemlər, C4ISR;
- Hərbi təşkilatlar/assosiasiyalar/təhsil müəssisələri;
- Optik-elektron avadanlıq və sistemlər;
- Pilotsuz sistemlər;
- Qəza-xilasetmə vasitələri;
- Silahların istehsalı, təmiri və utilizasiyası üçün texnologiya və avadanlıqlar;
- Simulyatorlar və təlim sistemləri.
Sərgidə iştirak edənlər arasında Türkiyənin ASELSAN, ROKETSAN, TEKSAN, UNFO, BMC, MKEK, OTOKAR; İsrailin “Elbit Sistems”, “Rafael -Advanced defence systems Ltd”, “Aeronautics qrup”, IMI Systems LTD, “Israel Aerospace Industries”, NETLINE COMMUNICATIONS TECHNOLOGIES (NCT) LTD; Fransanın “Naval qrup”, “Thales”, “Airbas”; Belarusun “Sfera”, AGAT; Rusiyanın “Rosoboroneksport”, “Uralvaqonzavod”; Ukraynanın “Luç”, “Ukroboronprom” kimi məşhur şirkətlərin yer alacağı gözlənilir. Sərgidə ABŞ, Almaniya, Bolqarıstan, Litva, Latviya, İtaliya, İspaniya, Çexiya, Belçıka, Serbiya, Çin, Pakistan, Hindistan, İran və Qazaxıstan da müxtəlif şirkətlər vasitəsilə öz məhsullarını təqdim edəcək.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonu Bakı EXPO Mərkəzinin üçüncü zalında yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il sərgidə MSN ilə bərabər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi, PUA və robot sistemləri istehsalçısı “Vitta” Elmi-texniki şirkəti, ANAMA, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Aqreqat” İstehsalat Birliyi MMC, MSN-nin Elmi-Tədqiqat İnstitutu, “Azpromo” və “Azersun” şirkətlərinin də çıxış edəcəyi gözlənilir.
Sərgidən bir gün əvvəl “Hyatt Regency Baku” otelində mətbuat konfransı keçiriləcək.
Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş tərkibdə təqdim olunacaq. Bu sektorda “MiQ” (“МИГ”), “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç” (“Мотор Сич”), “Rusiya Helikopterləri” (“Российские вертолеты”) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlərin hərbi aviasiya vasitələrinin iştirakı gözlənilir.
Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulan innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatlar, eləcə də sənaye nazirliklərinin rəhbərləri, xarici hərbi nümayəndə heyətləri, istehsalçı şirkətlər və sifarişçilər ilə ikitərəfli görüşlərin keçiriləcəyi ehtimal edilir.
Beləliklə, “ADEX 2018” sərgisi ən son silah nümunələrini nümayiş etdirmək və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələr imzalamaq üçün ideal platformaya çevriləcək.
Azərbaycan Müdafiə Sənayesinin “ADEX 2018” sərgisində təqdim edə biləcəyi yeniliklər arasında müxtəlif növ döyüş və təlim məqsədli aviasiya bombalarının, xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi sistemlərinin olması, BRDM-2M zirehli kəşfiyyat-dozor maşınına “Mizrak” tipli tank əleyhinə idarə olunan raket sisteminin quraşdırılması, həmçinin orta, bəlkə də uzaq mənzilli raket sistemlərinin yaradılmasına dair sürpirizlərlə qarşılaşacağımız istisna deyil.
Milli Aerokosmik Agentliyi tərəfindən (MAKA) Silahlı Qüvvələrin sifarışləri əsasında müxtəlif sahələri əhatə edən 33 mövzu üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsinin nümayişi də arzuediləndir.