Beynəlxalq sərgidə "Tufan" zirehli maşını nümayiş etdiriləcək

2018/09/1e8aa-1537775597.jpg
Oxunub: 3848     11:43     24 Sentyabr 2018    
Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq "ADEX-2018" Müdafiə Sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək.

Ordu.az xəbər verir ki, bunu sərgi ilə bağlı mətbuat konfransında müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.

Onun sözlərinə görə, hazırda zirehli maşının istehsalı ilə bağlı son tamamlanma işləri aparılır: "Artıq "Tufan" zirehli maşınının nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra isə istehsalına başlanılacaq".

Qeyd edək ki, builki “ADEX” sərgisi dünyanın 29 ölkəni təmsil edən 224 şirkəti bir araya gətirəcək və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edəcək. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib, belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Bakı Ekspo Mərkəzinin üçüncü zalında isə Müdafiə Sənayesi Nazirliyinin pavilyonu yerləşəcək və bu pavilyonda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunacaq. Burada, peşəkarlar, ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Xatırladaq ki, sərginin təşəbbüskarı Müdafiə Sənayesi Nazirliyidir və sərgi Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Sərgi sentyabrın 27-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   Tufan  


Bizi "telegram"da izləyin