KXDR özünün “Spike” raketlərini təkmilləşdirir?

2018/09/ade-1537277757.jpg
Oxunub: 1781     17:32     18 Sentyabr 2018    
Bir sıra beynəlxalq mənbələr Şimali Koreyanın özünün tank əleyhinə ilk uzaq mənzilli raketlərini təkmilləşdirdiyini irəli sürür.

Koreya Xalq Demokratik Respublikası özünün ilk uzaq mənzilli raketlərinin atışı üçün uyğun olan zirehli personal daşıyıcılarını 2010-cu ildə təqdim etmişdi. Sözügedən 6 ədəd qoşa təkərli M-2010 ZPD vasitəsi İsrailin tank əleyhinə raket sistemləri olan “Spike-ER”nin analoqu kimi qəbul edilirdi. Bənzər sistemlərə Yaponiyada (Type-96), Çində (AFT-10), Serbiyada (ALAS) və s. dövlətlərin silahlanmalarında da rast gəlmək mümkündür.

Lakin həmin vaxtlarda bir çox hərbi ekspertlər KXDR-in yeni raket sistemlərinin hər hansısa ciddi nəticə verməyəcəyini, çünki KXDR-in bu sistemlərlə eyni göstəricilərə sahib raketlərinin olmadığını bildirirdi. Başqa sözlə, KXDR ordusunun xidmətindəki mövcud raketlər üçün belə bir texniki yeniliyə getmək lüzumsuz addım idi və bunun əksinə olaraq raketlərin və raket sistemlərinin istehsalının paralel şəkildə aparılması daha məqsədəuyğun idi.

Lakin son məlumatlar göstərir ki, KXDR bu tənqidlərdən nəticə çıxarıb və hazırda özünün “Spike” raketləri əsasında formalaşdırılan yeni raketlərinin təkmilləşdirilməsi üzərində işləyir. Bəzi mənbələr onun eynilə İsraildəki analoqunun sahib olduğu göstəricilərə bərabər keyfiyyətlərdə olacağını iddia etsə də, bir çox ekspertlər bu iddianı əsassız sayır.

Belə ki, 20-dən çox ölkədə istifadə olunan “Spike” raketləri tank-əleyhinə ən güclü vasitələrdən biri olaraq qəbul edilir və 25 kilometr zərbə radiusuna sahibdir. Lakin bu göstəricinin əldə edilməsi üçün raketin və onun atıcı sistemlərinin üzərində onillərdir işləyən İsraildən fərqli olaraq KXDR-in belə bir nəticəni əldə etməsi üçün o qədər ciddi işlər gördüyünü iddia etmək mümkün deyil.

Rəsmi məlumata əsasən, hazırda təkmilləşdirilmə işləri aparılan raketlərin ilkin prototip versiyasının qarşıdakı 2 il ərzində təqdim edilməsi proqnozlaşdırılır. Qeyd edək ki, bu məsələyə Tramp-Kim görüşü zamanı da toxunulmasına baxmayaraq, həmin görüşdə ABŞ tərəfi sözügedən addımın KXDR-in daxili məsələsi olduğu və bunun hər hansısa miqyasda beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratmayacağı bildirilmişdi. Lakin həmin görüş ərəfəsində və sonrakı mərhələdə tərəflərin heç biri KXDR-də yeni tank əleyhinə raketlərin təkmilləşdirilməsi iddialarını təsdiq etməmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Spike  


Bizi "telegram"da izləyin