Qaraməryəm-Göyçay döyüşündə işğalçı qüvvələrin məğub edilməsi, Qafqaz İslam Ordusunun Salyan, Ağsu-Kürdəmir, Şamaxı və Hacıqabul əməliyyatlarında da qələbə qazanmasına səbəb oldu. Artıq QİO-nun bir hədəfi vardı – Bakının azad edilməsi...
İlk öncə qeyd edək ki, Şimal qrupu komandanı vəzifəsini, ştab zabiti yarbay Osman bəy yerinə yetirirdi. Qrupun tabeliyindəki 13-cü Qafqaz alayı Bakının qərbindəki Qurd qapısı təpələrində mövqe tutmuşdu. Alay, 17 topla mühafizə olunacaqdı. 38-ci piyada alayının 2-ci batalyonu 13-cü Qafqaz alayının ehtiyatı rolunda çıxış edəcəkdi. Ordunun əsas qüvvə mərkəzi bu alayın ətrafında olduğu üçün, 25, 26 və 29-cu batalyonlardan ibarət ehtiyat qüvvələr də alayın sağ cinahında yerləşdirilirdi. 19-cu süvari bölüyü də 13-cü Qafqaz alayının sağında idi. Qrupun 10-cu Qafqaz alayının 29 və 60-cı batalyonları, 13-cü Qafqaz alayının solunda və Xırdalana qədər olan cəbhə qismində idi. 38-ci piyada alayının 1-ci batalyonu, 10-cu Qafqaz alayının ehtiyatı idi. 10-cu Qafqaz alayını on bir top dəstəkləyirdi. Süvari minbaşı Zehni bəy komandası altında isə nizami süvari alayı, "Dikaya diviziya"nın süvari bölükləri və rus əsarətindən qaçan türklərdən ibarət bir piyada bölüyü ilə, 9-cu Qafqaz alayı pulemyot bölüyü və Ləzgi alayının bir qismi xidmət edirdi. Zehni bəyin ordu birləşmələri şimal qrupunun sol cinahını təşkil edirdi və Xırdalandan Masazır bölgəsinə qədər olan geniş bir düzənliyə yayılmışdı.
Sumqayıt məntəqəsinin şimalında isə 38-ci piyada alayı 11-ci batalyondan bir bölük, bir milis süvari dəstəsi ilə bir pulemyotçu dəstəsi var idi. Bu birliyin vəzifəsi, şimaldan qatar yolu ilə gələ biləcək təhlükənin qarşısını almaq idi. Cənub qrupu, azərbaycanlı podpolkovnik Həbib Səlimovun komandanlığı altında 26-cı piyada batalyonundan bir bölük, Diviziya istehkam bölüyü, bir süvari dəstəsi, iki rus səhra topu və zirehli qatar ilə Ələtdə yerləşmişdi. Bunların vəzifəsi isə Xəzər dənizindən gələ biləcək hər hansı təhlükənin qarşısını almaq idi.
Beləliklə, Şərq Cəbhəsi komandanı Mürsəl bəyin imzaladığı döyüş əmrinə əsasən avqustun 1-də Bakı üzərinə hücum təşkil edilməli idi. Şimal qrupu şəhərə daxil olub, küçə döyüşlərində düşməni məğlub etməli, sonra isə şəhərdə asayişi bərpa etməli idi. Asayişin qorunması üçün 13-cü alayın bir taboru şəhərin müsəlman hissəsində, bir taboru isə xristian hissəsində dayanmalı, qalan qüvvələr şəhərdən çıxarılmalı idi. Cənub qrupu Heybət stansiyası tərəfdən şəhərə hücum etməli, dənizdən təhlükə törədən düşmən gəmilərin qarşı mübarizə aparmalı idi. Güzdək yaxınlığında ehtiyat qüvvələri yerləşdirildi: bir piyada taboru (38-ci alayın 2-ci taboru), Ləzgi süvari alayı, bir top taqımı (Qüdrətli dağ topları). Mürsəl bəy öz qərargahı ilə Hökməli kəndində yerləşərək buradan döyüşü idarə etməli idi.
Əmrin təhlili hücum barədə qərarın tələsik verilməsi təəssüratını yaradır. Düşmən mövqeləri və qüvvələri öyrənilmədən qoşunlara hücum istiqamətləri göstərilmiş, əsas zərbə istiqaməti kimi Qurd qapısı və Qurd qapısı ilə dəniz arasında olan ərazi nəzərdə tutulurdu. Halbuki məhz burada güclü müdafiə xəttləri yaradılmışdı. Məhz burada relyef müdafiə olunan tərəfin işini asanlaşdırırdı. Əməliyyata xüsusi artilleriya dəstəyi nəzərdə tutulmurdu, yəni əvvəlki kimi toplar hərbi hissələr arasında bölüşdürülürdü. Yalnız Heybət-Biləcəri dəmir yolunun şərqində təpələrdə düşmənin 3 səhra topunun mövqeləri müəyyənləşdirilmiş və əməliyyat başladıqda bu batareyanı məhv etmək üçün qüdrətli top batareyası ayrılmışdı. Bununla belə top mərmiləri ehtiyatı olduqca az idi. Misal üçün, 38-ci alay avqustun 4-də cəmi 4 top mərmisinə malik idi və təbii ki, belə mərmi ehtiyatı ilə döyüşmək olmazdı.
Sentrokaspi komandanlığının məqsədi ingilislərin şəhərə gəlişinə qədər mövqeləri qoruyub saxlamaq və vaxt qazanmaq idi. İyulun 31-də Şərq Ordular qrupunun komandanı Xəlil paşa Batumdan Tiflisə gəldi ki, qoşunların təminatında mövcud olan problemləri şəxsən öyrənsin və onların həll olunmasına çalışsın.
Avqustun 1-də səhər tezdən döyüş başladı və qoşunlar əmrdə göstərilmiş hüdudlardan irəliləməyə başladılar. Тор atəşi ilə Heybət-Biləcəri dəmir yolunun şərqində təpələrdə düşmənin 3 səhra topu susduruldu. 13-cü alay şiddətli döyüşdən sonra saat 14:30-da dənizə yaxın olan 763 №-li hündürlüyü tutdu. Onu geri almaq üçün düşmən iri qüvvələrlə əkshücuma atılır, lakin hər dəfə geri oturdulurdu. 13-cü alayın sol cinahı ilə irəliləyən 10-cu alay Qurd qapısı istiqamətində vuruşurdu. Onun 29-cu taboru Sallaxana və Qışla ətrafındakı yüksəkliklərə qalxdı və şəhərin 2 km-də mövqe tutdu.
Hacıhəsən kəndini tutan 60-cı tabor dəmir yolunu kəsdi. Düşmənin zirehli qatarı döyüşən hissələri atəşlə dəstəkləmək imkanını itirdi. Hərbi gəmilərin atəşi, üç təyyarənin uçuşları ilə dəstəklənməsinə baxmayaraq Sentrokaspi ordusu itirdiyi mövqeləri geri qaytara bilmədi. Günün 2-ci yarısına türk-Azərbaycan qüvvələrinin top mərmiləri ehtiyatı tükəndi, bu isə irəliləməni çətinləşdirdi. Bolşeviklərin hissələri şəhərin itirilməsinin qarşısını almaq üçün Sentrokaspi qüvvələrinə kömək etdilər. Petrovun dəstəsinin iki batareyası Bibiheybət istiqamətində 13-cü alayın mövqelərini, sonra isə Qurd qapısı ətrafında 10-cu alayın mövqelərini atəşə tutdu. Mərmi ehtiyatının böyük olması düşmənə aramsız atəş açmağa və bununla da türk-Azərbaycan hissələrinin irəliləməsinin qarşısını almağa imkan verdi. Hücumu gücləndirmək üçün Cənub qrupunun qoşunları zərbə endirməliydi, lakin onlar Ələt stansiyasını ələ keçirsələr də ləng irəliləyirdilər. H.Səlimov içməli suyun gətirilməməsini bildirir, bəzi döyüşçülərin susuzluqdan huşunu itirməsindən xəbər verirdi. Səlimov belə şəraitdə Heybət stansiyası istiqamətində irəliləməyin mümkünsüz olduğunu vurğulayırdı. Qrupun nisbətən yaxşı vəziyyətdə olan hissəsinin Ələt-Bakı dəmir yolu və ona paralel şose yolu boyunca irəliləməsi Sentrokaspi hərbi gəmilərinin həmin istiqaməti atəş altında saxladığından mümkün deyildi. Texniki suyun olmaması səbəbindən Cənub qrupunun əsas zərbə qüvvəsi olan və döyüş gəmiləri ilə atəş dueli aparmağa qadir olan Azərbaycan zirehli qatarının lokomotivi işləmədi.
Səlimovun göstərdiyi səbəblər Nuru paşaya çatdırıldıqda o, hərəkatın belə şəraitdə mümkünsüz olması ilə razılaşır, Hacıqabul Nəvai-Muğanlı-Ötəmki qışlağı-Çarbulaq-Güzdək məntəqələrindən keçən yolun öyrənilməsini tapşırdı. Axşama yaxın döyüş dayandırılanda qoşunlar aşağıdakı mövqelərdə idi: Cənub qrupu Ələtdə möhkəmləndi, 10-cu və 13-cü alaylar Qurd qapısı ilə Hacıhəsən kəndi arasındakı sahədə yerləşdilər. 60-cı piyada taboru Xırdalan yaxınlığında, 38-ci alayın 1-ci taboru, mürəttəb süvari alayı, 1 səhra topları taqımı Sumqayıt stansiyasında, ehtiyat qüvvələr olan 38-ci alayın 2-ci taboru və Ləzgi süvari alayı Güzdəkdə idi.
Avqustun 1-də axşam Mürsəl bəy Nuru paşaya hadisələr barəsində raport göndərdi. Nuru paşa növbəti hücumu güclü top atəşindən sonra başlamağı (halbuki mərmi ehtiyatı çox azdı), şəhərə daxil olduqda soyğunçuluğa yol verməməyi, dənizdən ola biləcək hücumların qarşısını almağı məsləhət gördü.
Avqustun 2-də gecə başlayan döyüş hücumun davamı oldu. 60-cı tabor irəliləyərək düşmənin diqqətini özünə cəlb etmək əmrini aldı. Cənub qrupu mütləq Heybət stansiyasını tutmalı idi. Mühasirə halqası daraldıqca düşmənin müqaviməti artırdı. Qərb və cənub-qərb istiqamətlərinə əlavə qüvvələr gətirən Sentrokaspi qüvvələri əkshücum cəhdləri də edirdilər. 13-cü alay, həmçinin 29-cu və 60-cı taborlar düşmənin əkshücumlarını dəf etdilər. Bu zaman Xırdalan-Biləcəri istiqamətində Sentrokaspi zirehli qatarı ilə türk-Azərbaycan topçuları arasında "duel" baş verdi, zirehli qatar geri çəkilməyə məcbur oldu. №-li Qurd qapısı təpəsi istiqamətində düşmənin piyadaları geri çəkilməyə başladıqda Sentrokaspi ordusunun komandanlığı onların qarşısına geri çəkilənləri güllələmək əmrini almış süvari cəza hissəsi göndərdi. Həmçinin əraziyə əlavə qüvvələr yeridildi. Onlarla mübarizə aparmaq üçün nəzərdə tutulmuş QİO-nun Şimal qüvvəsinin topları mərmilər olmadığına görə susurdu. Cənub qrupu susuzluqdan əziyyət çəkməsinə, zirehli qatarını geridə buraxmasına baxmayaraq düşmənin müqavimətini qıra-qıra Səngəçaladək irəlilədi. Burada körpünün olmaması və düşmən müqavimətinin artması onun hərəkətinin qarşısını aldı. Döyüş zamanı düşmənin Bakı-Biləcəri-Xırdalan dəmir yolu xəttinə parallel olan telefon xətti ələ keçirildi və danışıqlar dinlənməyə başladı. Müəyyən olundu ki, banklarda qorunan pul və qızıl ehtiyyatları artıq gəmilərə yüklənib.
Axşama yaxın döyüş dayandırıldı, çünki türk-Azərbaycan hissələrinin təkcə mərmi ehtiyatı deyil, hətta patron ehtiyatı da tükənmək üzrəydi. Nuru paşaya müraciət olunaraq təcili mərmi və patron, həmçinin yeni qüvvələrin göndərilməsi istənildi. Nuru paşa öz növbəsində 15-ci piyada firqəsinin Azərbaycana göndərilməsini istədi. O, həmçinin, ingilislərin gəlişini əngəlləmək üçün baş komandanlıqdan Kiçik xana silah və sursat göndərməyi, Cənubi Azərbaycanda üsyanlar qaldırmasını istəyirdi. O, bildirirdi ki, kəşfiyyatın məlumatına görə, Bakıdan Ənzəliyə 7 gəmi göndərilib və onlar 1-2 günə ingilis qoşunlarını Bakıya gətirəcək. Bu tip məlumatların bir qismi Bakıda yaşayan azərbaycanlılar tərəfindən gizlin çatdırılırdı (həyatını təhlükəyə ataraq QİO-nun komandanlığına düşmən barəsində məlumat verən azərbaycanlılardan yalnız birinin soyadı məlumdur: Həsənov).
Nuru paşa hücumu Biləcəri istiqamətində aparmağı təklif etdi. Lakin Mürsəl bəy qoşunların şəhərə qərb tərəfdən yaxınlaşdığını, elə bu istiqamətdən də irəliləmək istədiyini bildirdi. Qoşunların Biləcəriyə göndərilməsi isə vaxt itkisinə səbəb olardı. Biləcəri ilə Bakı arasında böyük məsafənin olması düşmənə burada əlavə müdafiə mövqeləri yaratmağa imkan verərdi. Onları yarmaq üçün isə ehtiyat qüvvələri yox idi. QİO-ya arxadan zərbə vurmaq üçün Ağsu ətrafında erməni kəndlərində gizlənmiş 200 erməni-bolşevik döyüşçüsü dəmir yoluna hücum etmək istəsə də, Ağdaş könüllülər taborunun bir bölüyü Ləki stansiyasını qorudu, Zaqataladan milli süvari hissə gəldikdən sonra isə düşmən dəstəsi məhv edildi.
Avqustun 2-də Azərbaycan milli hissələri Quba və Qusarı düşməndən azad etdilər. Sonra isə Xaçmaz uğrunda döyüş başladı. Burada türk zabiti minbaşı Səbri bəy yerli azərbaycanlılardan 1000 nəfərlik dəstə təşkil edərək ona təlim keçmiş və düşmənə zərbələr vurmağa başladı. Əsasən qənimət kimi götürülən silahlarla silahlanan dəstə Qusara gecə basqını zamanı oranı azad etdikdə 1 bolşevik bölüyünü əsir götürdü və 4 pulemyot ələ keçirdi. Dağıstanda yerli müsəlmanların ağ qvardiyaçılara qarşı müqavimət hərəkatının təşkil edən Osmanlı ordusunun 4-cü firqəsinin komandiri Şükrü bəy Qusara gəldi və Qubaya hücum planının hazırlanmasında iştirak etdi.
Qeyd etmək lazımdır ki, albay Şükrü bəy və albay Akif bəy Dağıstanda saxlanılan əsir türklərdən idi. İnqilabi hadisələr başlayanda əhali onları azad etdi və bu iki şəxs 500 nəfərlik dəstə toplamağa nail oldu. Dəstənin mövcudluğu və fəaliyyəti barəsində məlumat alan türk Qafqaz cəb-həsinin komandanlığı Şükrü bəyi əsir türklər və yerli əhalidən toplanacaq 4-cü piyada firqəsinin, Akif bəyi isə 1-ci süvari firqəsinin komandirləri təyin etdi. Onların Temirxan-Şura şəhəri istiqamətində yürüş cəhdi alınmadı və onlar cənuba, Azərbaycana doğru hərəkət edib, Biçeraxovu və bolşevikləri Bakı ilə birləşdirən yolu tam kəsmək, regionu azad etmək əmrini aldılar.
Hadisələri qabaqlayaraq deyək ki, buradakı döyüşlər olduqca şiddətli oldu, çünki Sentrokaspi və Biçeraxov qüvvələri buranı əllərində saxlayıb, Biçeraxovun əlavə qüvvələrlə Bakıya məhz bu istiqamətdən gələcəyinə ümid edirdilər. Döyüşlər avqustun 8-də düşmənin məğlub edilməsi, Biçeraxovun geri çəkilməsi və Xaçmazın azad edilməsi ilə nəticələndi. Avqustun 8-də geri çəkilən Biçeraxov özünü sındırmadan Bakıya teleqram vuraraq Sentrokaspi liderlərinin ürəklərini buz kimi saxlamalarını, onun Şimali Qafqazda yeni kazak qoşunu yığıb nəinki Bakını azad edəcəyi, hətta Yelizavetpolu (Gəncəni) tutacağına inanmalarını istəyirdi.
Avqustun 3-də gecə Bakı ətrafında Sentrokaspi qüvvələri 13-cü alayın və 29-cu taborun mövqelərini top və pulemyot atəşinə tutaraq hücum xəttinə çıxdılar. Xırdalanla Biləcəri arasında düşmən irəliləmək istədi, hücum başlayandan sonra əlavə olaraq 70-80 nəfərlik, sonra isə 300-400 nəfərlik dəstələrlə hücumu gücləndirməyə çalışdı, lakin Şimal qrupu bütün cəhdlərin qarşısını aldı və düşməni itkilərlə geri atdı.
Baş komandanlıq qan tökülməsinin qarşısını almaq üçün Mürsəl bəyə Bakı əhalisinə bir daha müraciət edib silahları yerə qoymaq təklifində bulunmağı tapşırdı. Erməni Milli Şurası vaxt qazanmaq məqsədi ilə QİO-nun rəhbərliyi ilə danışıqlar aparmaq istədiyini bildirdi, lakin onların məqsədini başa düşən Mürsəl bəy danışıqlardan imtina etdi və ultimatum verəcəyini bildirdi.
Avqustun 3-də Mürsəl bəyin məktubu Sentrokaspi rəhbərliyinə çatdırıldı. Məktubda şəhər təslim olarsa, əhaliyə toxunulmayacağı, ermənilərə Bakını tərk edib istənilən istiqamətdə hərəkət üçün imkan yaradılacağı barəsində vəd verilirdi. Məktuba nə Sentrokaspi rəhbərliyi, nə də Erməni Milli Şurası cavab vermədiyindən döyüş davam etdirildi. Buna səbəb Biçeraxovun vurduğu teleqram idi. Belə ki, Xaçmaz istiqamətindən irəliləməyə çalışan Biçeraxov tezliklə Bakıya yetişəcəyini, ingilislərdən hərbi texnika alaraq türk-Azərbaycan hissələrini məğlub edəcəyini bildirirdi. Teleqramın mətni dərhal rus və erməni dillərinə tərcümə edilmiş və böyük vərəqələrdə çap edilərək şəhərdə yayılmışdı. Avqustun 3-də tərəflər arasında əsasən pulemyot "duelləri" baş verdi.
Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi ilə kiçik ingilis dəstəsi Ənzəlidən gəmi ilə Bakıya gəldi. Bu, Sentrokaspi liderləri, Erməni Milli Şurası və daşnak liderlərinin əhvalruhiyəsini qaldırdı, çünki onlar çox-saylı ingilis qoşunlarının gələcəyini gözləyirdilər. Nəticədə bütün qüvvələr səfərbər olundu, əvvəllər fərarilik edənlər və gizlənənlər də orduya cəlb edildilər. QİO-nun Şimal qrupu xırda əhəmiyyətli döyüşlər apararaq avqustun 5-nə planlaşdırılan hücuma hazırlıq görürdü. Cənub qrupu Puta stansiyasını tutdu və Şimal qrupunun hissələrinə çatdı. Nəticədə əksəriyyətini azərbaycanlılar təşkil edən Cənub qrupu-nun əsas qüvvələri Şimal qrupunun qüvvələrinə qatıldı. Düşmən tərəfi Biləcəri və Binəqədi istiqamətlərində mövqelərini gücləndirirdi. Türk-Azərbaycan qoşunlarının yerdəyişməsindən istifadə edən Sentrokaspi qoşunları gözlənilməz sıçrayışla yenidən Qurd qapısı təpələrini tutdu.
Avqustun 5-nə planlaşdırılan hücum əmrini imzalayan Mürsəl bəy qoşunlar qarşısında aşağıdakı tapşırıqları qoymuşdu: düşmənin Qurd qapısı (əmrdə "Volçi varota") mövqeyində piyada qoşunları, çoxlu pulemyotu, 4 topu, Sallaxana yaxınlığında 7 topu var, Bayıldan şərqdə dayanan üç hərbi gəmi onları dəstəkləyəcək; qoşunlar hücuma keçərək düşmənin müdafiə xəttini yarmalı, küçə döyüşlərində onu məğlub etməlidirlər; Bayıl üzərində qurulan top limandan çıxmaq istəyən gəmilərin hərəkətinin qarşısını alacaq; Zehni bəyin dəstəsi şəhərin bütün müsəlmanlarını toplayıb türk zabitlərinin rəhbərliyi ilə dəstələr yaradacaq; Sumqayıt ətrafları nəzarətdə saxlanacaq; Cənub qrupunun zirehli qatarı döyüşdə iştirak edəcək; Cənub qrupu komandanı onda qalan qüvvə ilə Puta-Ələt arasındakı sahil xətti və dəmir yolunu dənizdən vurula biləcək zərbədən qoruyacaq; Ərzaq və cəbhəxana ehtiyatı dəmir yolu ilə gətirilməli, yaralılar sanitar qatarı ilə çıxarıl-malıdır; Şimal qrupunun səhiyyə bölüyü Qobuda yerləşəcək, Cənub qrupunun səhiyyə qədəməsi Zehni bəyin dəstəsinə veriləcək; Şərq cəbhəsi komandanlığı Qobuda yerləşəcək.
Hacıqabul-Mərəzə istiqamətində tutulmuş ingilis əsirləri bildirdilər ki, general Denstervil 3-5 min döyüşçü toplayaraq Bakıya gələcək.
1918-ci ilin avqustun 4-nə QİO-nun Şimal və Cənub qrupları aşağıdakı hərbi hissələrə malik idilər. Şimal qrupu: 13-cü Qafqaz piyada alayı (1-ci xətdə 4-cü, 46-cı, 30-cu taborlar; ehtiyat-38-ci alayın 2-ci taboru); 13-cü alayı dəstəkləyən artilleriya qrupu - 4 Qüdrətli top, 6 Şnayder topu, 4 rus səhra topu, 3 rus dağ topu; 10-cu Qafqaz piyada alayı (1-ci xətdə 29-cu, 60-cı taborlar; ehtiyat - 38-ci alayın 1-ci taboru); 10-cu alayı dəstəkləyən artilleriya qrupu - 8 Qüdrətli top; Şimal qrupunun ehtiyatı - 25-ci, 26-cı, 28-ci taborlar; Zehni bəyin dəstəsi (türk əsirlərindən ibarət piyada bölüyü, mürəttəb süvari alayı (2 bölük), bir alay şəklində Azərbaycan milli süvari bölükləri, Ləzgi süvari alayı (2 bölük), pulemyot bölüyü (9-cu Qafqaz alayı tərkibindən); Sumqayıt dəstəsi - bir piyada bölüyü (38-ci alayın 1-ci taboru tərkibindən), Azərbaycan milli süvari taqımı, ağır pulemyotlar taqımı; Cənub qrupu: zirehli qatar, firqə istehkamı bölüyü, Ələtdə sahilin müdafiəsi qrupu (bir piyada bölüyü (28-ci tabordan), bir süvari taqımı 2 rus səhra topu). 38-ci alayın 3-cü taboru Şamaxı yolu ilə Bakıya, 27-ci taborun iki bölüyü isə qatarla Gəncədən Bakıya doğru gəlirdilər.
Qoşunların düzülüşü - Şimal qrupu: 13-cü Qafqaz piyada alayı Qurd qapısında, onun sağ cinahında-artilleriya qrupu, 10-cu Qafqaz piyada alayı - 13-cü alayla Xırdalan arasında, Zehni bəyin dəstəsi Şimal qrupunun sol cinahında, Xırdalanın şimalında və Masazır ətrafında; Ləzgi süvari alayı (Maştağa ətrafında müsəlman kəndlərinin könüllülərini toplayır və təlim keçir), Sumqayıt dəstəsi-Sumqayıt stansiyasından şimalda, Şimal qrupunun ehtiyat qüvvəsi 13-cü və 10- cu alayların arxasında. Cənub qrupu: zirehli qatar-Putada, firqə istehkamı bölüyü - Putada, sahilin müdafiəsi qrupu-Ələtdə. 538 Avqustun 5-də əsas zərbəni Qurd qapısı istiqamətindən 13-cü alay vurmalı idi. Bunun üçün qüvvənin əsas hissəsi bu istiqamətə yönəldilmişdi. Digər qüvvələr tutduqları sahələrdən irəliləməli və düşmənin diqqətini yayındırmalı idilər.
QİO-nun komandanlığı ilk ingilis dəstəsinin gəlişindən və Sentrokaspi qüvvələrində baş vermiş keyfiyyət dəyişikliyindən xəbər tutmamışdı. Avqustun 5-də səhər saat 4:25-də türk-Azərbaycan hissələri hücuma başladılar. Bayıl ətrafındakı yüksəkliklər ələ keçirildi, Qurd qapısı istiqamətində hücum davam edirdi. Qoşunlar irəliləyərkən düşmənin telefon xəttinə çıxdılar və tutulan telefon danışıqlarından məlum oldu ki, düşmən düşərgəsində güclü çaşqınlıq var və onlar əlavə kömək istəyirlər. Şəhərdə çaşqınlıq elə böyük idi ki, xristian əhalisi gəmilərə doğru qaçmağa üz tuturdu. Tezliklə Qurd qapısı dağ boyunca keçən düşmənin 1-ci müdafiə xətti tutuldu, lakin düşmən artıq 2-ci xəttə əlavə qüvvələr yeritməyə müvəffəq oldu. Döyüşün bu mərhələsində məlum oldu ki, Şimal qrupunun mərmi ehtiyatı tükənib, patronları da qurtarmaq üzrədir. Mərmilər olmadığına görə toplar arxaya daşındı. Düşmən tərəf bunu hiss edib artilleriya duellərindən çəkinmədən topları açıq mövqelərə çıxarıb türk-Azərbaycan hissələrinə atəş açmağa başladı. Hətta şəhərdə olan bolşevik artilleriyası da gəmilərdən boşaldıldı və sahilə yaxın meydanların birində quruldu. Q.Petrov avtomobillə Bayıla getdi, ön mövqelərlə öz topları arasında simli rabitə yaratdı və nəticədə hücuma qalxan türk-Azərbaycan hissələrinə dəqiq atəş açdı. Əsas atəş pulemyot mövqelərinə yönəldilirdi. 10-cu alayın 5 pulemyotu məhv edildi, bir çoxu sıradan çıxarıldı. 13-cu alayın da pulemyotlarının bir çoxu sıradan çıxdı. Üstəlik hərbi gəmilər Bayıl istiqamətindən atəş açdılar. Bundan istifadə edən Sentrokaspi qüvvələri saat 11 radələrində əks-hücuma keçdi. 10-cu və 13-cü alaylar öz ehtiyat hissələrini döyüşə yeritməklə vəziyyəti sabitləşdirməyə, Şimal qrupunun ehtiyatının gəlməsinə qədər vaxt qazanmağa çalışırdılar. Lakin Mürsəl bəy Şimal qrupunun ehtiyatını döyüşə göndərmədi və 10-cu, sonra isə 13-cü alaylar geri çəkildi, Bayıl və Qurd qapısında tutduqları mövqeləri tərk etdilər.
5-ci Qafqaz piyada firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy qeyd edirdi ki, düşmən özündə qüvvə tapıb əkshücumu davam etdirsəydi 10-cu və 13- cü alayları da daha geriyə ata bilərdi, çünki onun qarşısını almaq üçün yeganə silah süngülər idi - döyüş sursatı tamamilə tükənmişdi.
Türk-Azərbaycan hissələri dəmir yolunun qərbindəki, Qurd qapısı ilə üzbəüz yüksəkliklərdə möhkəmləndilər. Saat 17:00-da Mürsəl bəy sona çatmış döyüşün nəticələri barəsində Nuru paşaya raport göndərdi və raportda döyüşdə ingilislərin iştirak etməsini bildirdi. Elə bu vaxt Sentrokaspi qoşunları cəbhənin Biləcəri-Xırdalan istiqamətinə hücuma keçdilər. Onların hücumunu bir zirehli qatar dəstəkləyirdi. Burada düşmən qoşunları Zehni bəyin dəstəsi ilə üzləşdi və geri atıldı.
Avqustun 5-də baş vermiş döyüşdə QİO tərkibindən 9 zabit, 139 əsgər həlak oldu, 19 zabit, 444 əsgər isə yaralandı. Qoşunların istifadə etdiyi minik və qoşqu heyvanlarından 43-ü öldü, 32-ci yaralanaraq yararsız oldu. 500-dən artıq tüfəng, 3 ağır pulemyot və yüngül pulemyotlar sıradan çıxdı.
Düşmən tərəf 2000-ə yaxın itki verdi (ölü və yaralılar). Kəşfiyyatın məlumatlarına görə şəhərə avqustun 5-də 300 ingilis əsgəri gətirildi. Avqustun 6-da mövqelərə gəlmiş QİO-nun Ərkani-Hərb rəisi Nazim bəyə qoşunların sursatının olmaması, zabitlərin çatışmazlığı, qoşunların azlığı, isti iqlimdə xəstəliklərin yayılması barədə məlumat verildi. Bütün bunlar qoşunların mənəvi-psixoloji durumuna pis təsir göstərirdi. Bunu ehtimal edən sovet komandanlığı Heybət-Biləcəri xəttinə hücum təşkil etdi, lakin geri atıldı. Bilavasitə Bakı önündə dayanan QİO qoşunlarının sayı 3500 nəfəri ötmürdü.
Mənəvi durumu yaxşılaşdırmaq üçün qoşunlara komandanlığın müraciəti qəbul edildi. "Bu gözəl könül qapıcı şəhəri siz zəbt etməsəniz Türkün və ordusunun şərəfini indi içində bulunduğunuz xəndəklərə göməcəksiniz... Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə "Eyvah ki, Türk bizə imdada gəlmədi" cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır... Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək islam qanları qırmızı şərablar kimi vəhşi işkəncələr uğrunda axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir... Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarla sinə gərdin. Kütülamarədə 14 minini əsir aldın. Qarşıdakı düşmənin əsas hissəsi olan erməniləri bəlkə Azərbaycandan, Qarsdan bəri önünə qataraq ta bu şəhərə qədər qovdun. Türk adını böyüdən Çanaqqala, Kütülamare, Qaliçiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını!".
Müraciət qoşunlar arasında 5 avqust döyüşündən sonra yarana biləcək ruh düşkünlüyünün, söz-söhbətin qarşısını almaq və Bakı alınmayana qədər döyüşlərin davam edəcəyi fikrini bir daha vurğulamaq məqsədilə qəbul edildi. Bakıda ümumi mobilizasiyaya etiraz edən və türklərə köməklik edən azərbaycanlılardan böyük bir qrupu həbs edildi və onlardan 600 nəfər güllələndi.
Avqustun 7-də İstanbulda olan M.Ə.Rəsulzadə M.Hacınskiyə göndərdiyi teleqramda yazırdı: "Hansı yolla, nəyin bahasına olursa olsun Bakı tezliklə tutulmalıdır. Əks təqdirdə baş vermiş fakt qarşısında çətin vəziyyətdə qalarıq". Digər məktubunda o, yazırdı: "Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!". Bakı ətrafında 6 avqust-12 sentyabr döyüşləri Avqustun əvvəllərində Bakı bolşevikləri nəinki onların əllərində olan silahları Sentrokaspi hökumətinə təhvil verməmiş, heç tabeçiliklərində olan hərbi hissələri də buraxmamışdılar. Sovet Rusiyası Bakını itirməmək üçün bir tərəfdən yeni hərbi qüvvələr göndərilməsi imkanlarını araşdırır, digər tərəfdən Almaniya ilə danışıqları sürətləndirirdi. Öz növbəsində Almaniya Osmanlı dövlət rəhbərlərinə təzyiq göstərir, Bakıya hücumu dayandırmağı tələb edirdi. Ənvər paşa üzdə bu tələblə razılaşsa da, əslində Bakını azad etməklə müharibəni bitirmək istəyirdi.
5 avqust döyüşündən sonra cəbhədə yaranmış süstlük almanlarda doğrudan da əməliyyatların sona çatması təəssüratını yaratmışdı. İngilislərin Bakıya daxil olması və cəbhədə iri döyüşlərin olmaması xəbərini alan Sovet rəhbərliyi də Qafqaz İslam Ordusunun əməliyyatları dayandırmasına inanmışdı. Almaniya ilə Rusiya arasında gedən gizli danışıqlara əsasən Almaniya türklərin Bakıya daxil olmasının qarşısını alır və Bakı neftindən pay götürür, sovetlər əməliyyat keçirərək ingilisləri qovur və Bakının tam sahibi olurlar.
Yalnız avqustun 18-də Bakıdan gəlmiş bir bolşevikin məlumatı əsasında Sovetlər yanıldıqlarını və QİO-nun genişmiqyaslı əməliyyata hazırlıq görməsini anladılar. Sovet dövlətinin rəhbərlərindən olan Çiçerin (Xarici İşlər Komissarı) Sovet Rusiyasının Almaniyadakı səfiri İoffeyə teleqram göndərərək türklərin almanları aldadaraq döyüşlərə hazırlaşmasını xəbər verir, sonra isə Osmanlı dövlətinin Moskvadakı səfiri Qalib Kamal bəylə görüşmüş və türk qoşunlarının Rusiyanın ərazisi olan Bakıya soxulmaları barəsində iradlarını bildirirdi. Əvəzində türk səfiri demişdir ki, türk qoşunlarının məqsədi Azərbaycanda dinc əhalini qıran erməni quldur dəstələri və onların havadarlarının məhv etmək, Azərbaycan əhalisi və türk əsirlərini xilas etməkdir.
5 avqust döyüşündən sonra Sentrokaspi qoşunları və ingilislər bir neçə dəfə hücuma keçmək istəsələr də sonda geri çəkilməyə məcbur oldular. Lakin QİO-nun da Bakını azad etmək üçün kifayət qədər qoşunu yox idi. Nuru paşanın ehtimallarına görə, son hücum üçün 5000 piyada, 2 səhra batareyası, 4 ağır batareya, bir təyyarə dəstəsi, bir telefon bölüyü, 28 min top mərmisi, mauzer tüfəngi üçün 1000 sandıq və rus tüfəngləri üçün 500 sandıq güllə, 20 yük avtomobilinin olması zəruri idi. Bu siyahını o, avqustun 6-da 3-cü Ordu komandanlığına çatdırdı.
Komandanlığın bütün tələb olunanları göndərmək üçün imkanları yox idi, lakin müəyyən qədər kömək göstərildi. 9-cu Ordu tərkibindən 107-ci alay (Qarakilsədə dayanmışdı) avqustun 9-da Bakı istiqamətində yola düşdü. Alayda 1200 döyüşçü, 12 pulemyot var idi. 36-cı firqənin bir piyada alayı və topçu bölmələrinin Bakıya göndərilməsi əmr edildi. Bu hissələr çatana qədər əsas kömək milli Azərbaycan qüvvələrindən gəldi. Ağdaş alayı, daha sonra Gəncədən bir hücum bölüyü, dörd piyada və bir pulemyot bölüyü Bakıya göndərildi. Bir neçə gündən sonra 7 zabit və 234 əsgərdən ibarət yeni milli hərbi hissə Gəncədən qatarla Bakıya göndərildi. Abşeron kəndlərinin könüllülərini toplamaq üçün Maştağa kəndində Ləzgi süvari alayının bir bölüyü və bir neçə türk zabiti toplama məntəqəsi yaratdılar.
Sentrokaspi mənbələrinin verdiyi məlumatlara görə, əhali həm türk-Azərbaycan qoşunlarına qoşulur, həm də avqustun 10-dan başlayaraq partizan xarakterli əməliyyatlar keçirirdi. Öz növbəsində Sentrokaspi qoşunları da döyüşlərə hazırlaşırdılar. Əsas ümid ingilislərin gətirəcəyi qoşunlara idi. Ənzəlidə olan general Denstervil mümkün olan qüvvələri Bakıya göndərir, ingilis zabitlərinin köməyi ilə Sentrokaspi qoşunlarının müdafiə mövqelərini təşkil edir və Muğanda yerləşən rus qüvvələri ilə əlaqə saxlayıb onları QİO-nun arxasına zərbə vurmağa çağırırdı.
Kür çayı mənsəbində mövqe tutmuş N.Ramazanov xəbər verirdi ki, Muğandakı rus qoşunları fəallaşmış, böyük dəstə Biləsuvardan 24 km şərqdə yerləşən Təkliya məntəqəsinə göndərilib. Rus qüvvələrinin şimala doğru hərəkətinin qarşısını almaq üçün N.Ramazanov ona əlavə qüvvə: Putadan 27-ci tabordan iki piyada bölük və bir pulemyot taqımının, həmçinin Gəncədən bir piyada bölüyünün göndərilməsini xahiş edirdi.
QİO-nun komandanlığı Muğandakı rus qüvvələrinin Bakı-Gəncə dəmir yolu üçün təhlükə törədə biləcəyini nəzərə alaraq N.Ramazanova qüvvələr verilməsini qərarlaşdırdı, lakin Bakı ətrafındakı qoşunları zəiflətməmək üçün 107-ci alayın hissələrindən istifadə etdi. Alayın bölgəyə 1-ci gələn taboru Salyanda, 2-ci gələn taboru Ələt-Puta istiqamətində, 3-cü gələn taboru və pulemyot bölüyü ehtiyac olarsa, Salyana göndərilir, olmazsa, Güzdəkdə ehtiyat qüvvə kimi saxlanılırdı.558 İngilislərin bütün mövcud olan qüvvələri Bakıya avqustun 17-də daşındı, həmin gün general Denstervil özü də gəldi. Bakının müdafiəsinə rəhbərlik bütünlüklə ingilislərin əlinə keçdi, halbuki onlar bildirirdilər ki, Sentrokaspi rəhbərliyi ingilislərə tabe edilmir və müstəqildir. Əslində hər bir hərbi hissəyə ingilis zabitlərinin göndərilməsi, planların ingilis komandanlığı tərəfindən təsdiqlənəndən sonra icra olunmağa başlaması Sentrokaspi rəhbərliyinin tabeçilikdə olmasını göstərirdi. İngilis qoşunları azsaylı olsalar da güclü texnikaya malik idilər: 3 tabora 16 top, 3 zirehli avtomobil, 3 təyyarə ayrıldı, hər taborda 16 pulemyot var idi.
Denstervil-Bakının müdafiəsini gücləndirmək üçün aşağıdakı isti-qamətlərdə iş görməyi planlaşdırırdı: 1. Bakının müdafiə xəttinin gücləndirilməsi (bura həm Bakının ətrafında müasir hərb işinin tələblərinə cavab verən müdafiə qurğularının tikilməsi, həm də türk-Azərbaycan qoşunlarının geriyə atılması daxil idi); 2. İngilis zabitlərinin rəhbərliyi ilə Sentrokaspi qoşunlarının (əslində erməni qüvvələrinin) quruluşu və təşkilatlanmasının təkmilləşdirilməsi. 560 Denstervil və onun qərargah zabitlərinin müşahidələri göstərirdi ki, Sentrokaspi qoşunlarında intizam aşağı səviyyədədir, bu isə onların mənəvi durumlarının zəif olması ilə izah edilirdi. Bu qoşunlar həm güclü hərbi texnikaya, həm də çox sayda canlı qüvvəyə sahib olsa da, zəif intizam və ruh düşkünlüyü səbəbindən heç bir nəticə əldə edə bilmirdi.
General Denstervil Bakı ətrafında qurulmuş müdafiə xəttini ətraflı təsvir edir. Belə ki, cəbhənin sol xəttində dayanan Şimali Stafford alayının hissələri Bibi Heybət ətrafındakı mövqeləri gücləndirdilər. Mövqelərin yüksəkliklərdə yerləşməsi, səngərlərin hərbi-mühəndis işinin bütün tələblərinə cavab verməsi müdafiəni asanlaşdırırdı. İngilis alayından sağda erməni taboru mövqe tutur, ingilis zabitlərinin köməyi ilə о da istehkamlarda yerləşdirilirdi. Qurd qapısı keçidindən başlayıb şimala doğru uzanan sərt qayalıqlardan keçən müdafiə xətti az qüvvə ilə etibarlı müdafiə qurmağa imkan verirdi. Burada ermənilərin və Şimali Stafford alayının qarışıq hissələri dayanmışdı. Sonra cəbhə xətti Biləcərinin qərbindən Palçıq vulkanına doğru, oradan da Binəqədi yüksəklikləri və şərqə, dəniz sahilinə qədər uzanırdı. Palçıq vulkanı ətraf ərazilərdən hündürdə yerləşdiyindən onun müdafiəsi üçün iki erməni taboru, Şimali Stafford alayının kiçik bölməsi, sonralar Bakıya gələn Varvik və Uoçester alaylarının bölmələri ayrılmışdı. İngilis qoşunlarına briqada komandiri vəzifəsi ilə polkovnik Faviel, ön xətt hissələrinə polkovnik Keyvort rəhbərlik edirdilər.
Tərəflər arasında gedən kiçik döyüşlər əsas döyüşlər ərəfəsində əlverişli mövqelərin ələ keçirilməsi məqsədi ilə aparılırdı. QİO-nun komandanlığı əsasən Biləcəri, Yanardağ, Binəqədi istiqamətində düşməni sıxışdırır, əvəzində ingilis-Sentrokaspi qoşunları mühasirə halqasını yarmağa çalışırdılar. Avqustun 6-da Xırdalan istiqamətində bir zirehli qatarın müşayyəti ilə ingilis-Sentrokaspi qoşunları irəlilədikdə ciddi müqavimətlə üzləşdilər. 60-cı türk piyada taborunun döyüşçüləri tərəfindən pusqu quruldu, zirehli qatarın bir platforması aşırılaraq onun silahları (bir ədəd 75 mm-lik top, üç pulemyot, döyüş sursatı) ələ keçirildi.
Avqustun 7-də yaralıları daşıyan qatar Sentrokaspi hərbi gəmiləri tərəfindən atəşə tutuldu. Bütün dünyada üzərində Qırmızı Xaç və ya Qırmızı aypara olan nəqliyyat vasitələri maneəsiz buraxıldığı halda, Bakı cəbhəsində Ələt-Puta arasında hərbi gəmilərin atəşi ilə sanitar qatara zədələr vuruldu, 13 yaralı həlak oldu. Avqustun 7-si və 8-də Ələt stansiyası Sentrokaspi və ingilis aviasiyası tərəfindən bombalandı, lakin qoşunların və sursatın Bakı ətrafına gətirilməsinə bu maneçilik törədə bilmədi.
Avqustun 9-da Nuru paşa Bakıya hücuma hazırlaşmaq barəsində əmr imzaladı. Əmrə əsasən düşmənin batareyaları məhv edilməli, kəşfiyyat vasitəsi ilə düşmən barəsində ətraflı məlumat toplanmalı, döyüş mövqelərini öyrənməklə hansı istiqamətin hücum üçün daha münasib olmasını müəyyən etmək, düşmən əkshücumlarına qarşı ehtiyyat qüvvə toplamaq, son hücum üçün sursat və qüvvələri cəm eləmək nəzərdə tutulmuşdu.
Avqustun 10-da ingilis-Sentrokaspi qoşunları Maştağa kəndi və Hacı Həsən kəndi istiqamətlərində hücum təşkil etdilər. Piyada, süvari və pulemyotların iştirak etdiyi bu hücumlar QİO qoşunları tərəfindən dəf edildi, hətta Ələt-Puta istiqamətində mövqeləri bombalayan Sentrokaspi təyyarələrindən biri vurulub məhv edildi.
Avqustun 11-də ingilis-Sentrokaspi qoşunları Maştağa kəndi istiqamətində hücum təşkil etdi. Hücumun artilleriya dəstəyini Bayılda qurulan 6 top, Salyan kazarmasında qurulmuş 4 top, Biləcəri istiqamətində qurulmuş toplar həyata keçirirdi. QİO komandanlığı əvvəlcədən bura 1 piyada bölüyü, 1 pulemyot taqımı, 38-ci alayın 2-ci taborunu və 1 Şnayder topunu göndərdiyindən hücumun qarşısı alındı. Sentrokaspi qoşunlarının komandanlığı Puta-Ələt sahəsinə desant çıxarmağa çalışdı, lakin Azərbaycan zirehli qatarının atəşi ilə desantın qarşısı alındı, hərbi və nəqliyyat gəmiləri geri çəkilməyə məcbur oldular.
Avqustun 12-si nisbətən sakit keçdi. Avqustun 12-dən başlayaraq Azərbaycan hökumətinin qərarı ilə 19-34 yaşlı hərbi xidmətə yararlı kişilər hərbi xidmətə səfərbər olunmağa başladı. Avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin Azərbaycan hərbi hissələri öz mövcudluğunu saxladı; azərbaycanlı zabitlər yeni təyinatlar aldı.
Avqustun 13-də Maştağa ətrafında dayanan bütün türk-Azərbaycan hissələri Maştağa dəstəsi adı ilə birləşdirildi, 38-ci alayın 2-ci taborunun komandiri qayməqam Həsən bəy onun komandiri təyin edildi. Həbib bəy Səlimov Gəncəyə getmək əmrini aldı, Cənub qrupunun komandanı Cəmil Cahid bəy təyin edildi. Avqustun 14-ü nisbətən sakit keçdi. Avqustun 15-də ingilis-Sentrokaspi qoşunları Buzovna-Mərdəkan istiqamətində hücuma keçməyə cəhd göstərdilər, lakin Maştağa dəstəsi bu hücumun qarşısını aldı, Ləzgi süvari alayının süvariləri içində 2 ingilis hərbçisi olan avtomobili ələ keçirdilər.
Avqustun 15-də Bakıya hücum barəsində hissə komandirlərinin təklifləri 5-ci Qafqaz firqəsinin komandanlığı tərəfindən müzakirə edildi. Qərara alındı ki, hücum üçün əlavə bir firqə cəlb olunmalı, o, Bakı ətrafına gələndən sonra Bakının şimalından, 5-ci Qafqaz firqəsi isə qərbdən hücum etməlidir. Yanardağ yüksəkliyi və BinəqədiXırdalan xətti son hücum ərəfəsində tutulmalı idi ki, həm son hücum üçün əlverişli şərait yaradılsın, həm də düşmən hücumun əsas istiqamətindən diqqəti yayındırsın. Əsas hücum istiqaməti kimi Qurd qapısı keçidi göstərildi. Buradan iki piyada alayı top atəşinin himayəsi ilə irəliləməli idi. Daha sonra həm Qurd qapısı keçidi, həm də Binəqədi - Xırdalan xəttindən Bakıya hücum edilməli idi.
Hücumun yuxarıda göstərilən istiqamətlərdən həyata keçirilməsini ingilis-Sentrokaspi qüvvələrinin komandanlığı da təxmin edir. Avqustun 16-dan 17-nə keçən gecə ingilis-Sentrokaspi qoşunları (500 piyada, 100 süvari, 5 top, 1 pulemyot) gecə saat 4:30-da Fatmayı kəndi istiqamətində hücuma keçdilər. Hər iki tərəf kənd ətrafına əlavə qüvvələr toplayırdı. Səhərə yaxın ingilis-Sentrokaspi qoşunlarının sayı 1500 piyada, 250 süvaridən ibarət oldu. Şimal qrupu ehtiyatından bir piyada bölüyü və mürəttəb süvari alayın iki bölüyünün müdafiəyə cəlb edilməsi ilə hücumun qarşısı alındı, mövqelər bərpa edildi. Həmin gün ingilis-Sentrokaspi qoşunlarının Zabrat və Binə kəndləri istiqamətində hücum etmək cəhdi dəf edildi.
(Ardı var...)
Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.
Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az