MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - II Yazı

2018/09/41_4610817264.jpg
Oxunub: 390     16:55     15 Sentyabr 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Bakı Sovet və Sentrokaspi Diktaturası qoşunlarının silahları

Bolşeviklərin əsas dayaqlarından biri keçmiş çar ordusunun inqilabi təbliğatın təsirinə düşmüş əsgər və matrosları idi. Dəfələrlə onları silahları təhvil vermədən sovet hissələrinə qoşulmağa çağıran bolşeviklər bir çox hallarda öz istəklərinə nail olurdular. Rusiyaya qayıtmaq istəyənlərə silahları Azərbaycanın milli hissələrinə deyil, məhz sovet qoşunlarına təhvil vermək çağırışları da öz işini görürdü. Hələ müharibə getdiyi dövrdə çar hökuməti tərəfindən yaradılan erməni hərbi hissələri Türkiyə ordusuna qarşı vuruşmaq üçün ən müasir silahlarla təmin olunurdu.

1917-ci ilin sonlarında Qafqazda cəmləşdirilən bu hissələrin zabit və əsgərlərinə müraciətlərində "Daşnaksutyun" partiyası və Erməni Milli Şurası silahları təhvil verməməyi tələb edirdi. Nəticədə istər bolşevik hərbi hissələri, istərsə də onlarla əlbir olan erməni-daşnak bölmələri kifayət qədər müasir silah və sursatla təmin edilmişdi. Misal üçün, cəbhədən tərxis olunan hissələrdən bir zirehli qatar, xeyli zirehli avtomobil ya top götürülmüşdü. Üstəlik, Rusiyadan əhəmiyyətli kömək gəlirdi. RSFSR XKS Bakı Soveti ordusunun yaradılması üçün 30 milyon 800 min rubl pul və hərbi təlimatçılar göndərmişdi, şərait imkan verən kimi isə ağır silahlar, ilk növbədə zirehli texnika və top da yollayırdı.

1917-ci ilin əvvəllərinə bütün hissələr atıcı silahlarla təmin edildi. Toplanan süah ehtiyatları Bakıda erməni və rus əhalini silahlandırmağa imkan verirdi. Dəniz aviasiyası məktəbi və Xəzər dəniz donanmasının dəstəyi, iki zirehli qatarın və bir zirehli avtomobilin olması həlledici üstünlüyü ələ keçirməyə imkan verirdi. Mənbələr təsdiq edir ki, Bakıda martın 30-da türk-müsəlman əhalini qırmağa başlayan bolşevik-erməni hissələri azsaylı silahlı azərbaycanlıların müqaviməti ilə üzləşmişsə də, topların, donanmanın işə salınması və hidrotəyyarələr vasitəsi ilə manevr keçirilməsi sayəsində müqaviməti qıra bilmişdilər.

S.Şaumyan ağır texnikanın şəhərdə tətbiqinə bəraət qazandırmağa çalışaraq Moskvadakı havadarlarına yazırdı: "İnqilabi Müdafiə Komitəsi qarşısında belə bir sual dayanırdı - biz ya əlimizdə bomba hər bir ev uğrunda mübarizə aparmalı, ya da hərəkəti başqa vasitələrlə dayandırmalı idik". Aprelin əvvəllərində Azərbaycan milli qüvvələri və imam N.Qosinskinin Bakı istiqamətində yürüşünün qarşısını almaq üçün aviasiya çatışmırdı, çünki Bakıda mövcud olan hidrotəyyarələr yalnız sahilyanı ərazidən havaya qalxa bilir, onların məhdud fəaliyyət radiusu cəbhə xəttinə çatıb geri qayıtmağa imkan vermirdi. Bu səbəbdən Rusiyaya müraciət edən Bakı Soveti dərhal istədiklərini almışdı: Saritsın şəhərindən göndərilən döyüş aeroplanları döyüşlərdə iştirak edir. Eyni zamanda Həştərxandan Bakıya böyük silah partiyası çatdırılır.

Lakin Bakı Soveti tərəfindən yeridilən siyasət (zabit və mühəndis kadrlarına həqarətli münasibət və hətta repressiv xarakterli tədbirlər; Azərbaycan milli qüvvələrin əlinə keçməsin deyə anbarlarda olan sursatın hərbi hissələrə paylanması və bu hissələrdə mənasız yerə israf edilməsi; təmir zavod və emalatxanalarının normal iş rejimini təmin edə bilməməsi), hərbi hissələrdə intizamın zəifliyindən silahların itirilməsi ya vaxtından əvvəl sıradan çıxması, üstəlik, təminat - təhcizat məsələlərinin həll olunmaması (misal üçün, silahların sıradan çıxmış hissələrini əvəz edəcək qurumların yoxluğu) texnika və silahlardan səmərəli istifadəyə imkan vermirdi. 1918-ci ilin mayında Bakı Sovetinin Moskvaya ezam edilən nümayəndə heyəti (başda Bakı XKS Fövqəladə Komissiyasının sədri S.M.Ter-Qabrielyan olmaqla) şikayət edirdi ki, topçu və mühəndis vasitələri çatışmır, pulemyot və sursat azdır. Halbuki bu dövrdə Qırmızı Ordunun əsas qüvvəsi sayılan 1-ci korpusda 3 zirehli qatar, 3 pulemyot komandası, 10-dan artıq təyyarə, 12 səhra və 3 dağ topu, 4 mortir var idi. Texnikanı işlədə bilən kadrları toplamaq üçün mayın 24-də yaradılan Ali Hərbi Şura müxtəlif tədbirlər həyata keçirsə də əhəmiyyətli dönüş yarada bilmirdi. Bakının itirilməsindən qorxan Sovet Rusiyası Bakı kommunasına əlindən gələn köməyi göstərirdi. Bakıya kömək Rusiya Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi, RSFSR Xalq Komissarları Soveti və şəxsən V.İ.Leninin nəzarətində idi. İyun-iyul aylarında Rusiyadan əlavə olaraq göndərilən böyük sayda silah və sursat tezliklə Bakıya çatdırıldı. İyunun əvvəllərində Tula zavodlarından pulemyot, tüfəng və patron alındı. B.Şeboldayev Sovet Rusiyası hərbi dəniz işləri üzrə xalq komissarına göndərdiyi məktubda yazırdı ki, iyunun 10-da Bakı Sovetinin əsas zərbə qüvvəsi olan korpusda 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları, о cümlədən digər silah və texnika vardı. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top, üç keşikçi gəmisi və üç minadaşıyan gəmi gətirildi. Həmçinin Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanmış aviadəstə göndərildi. Bu təyyarələri də gətirən üç eşelon həmçinin Ter-Qabrielyanın Saratovdan aldığı zirehli avtomobillər, silah - sursat Həştərxanda gəmilərə yükləndi və iyunun 23-də Bakıya çatdı.

Qafqaz İslam Ordusu ilə döyüşlərdə əhəmiyyətli itkilər verən Bakı Soveti qoşunları texniki vasitələrini də itirirdilər. Misal üçün, iyulun 3-də İvanovka kəndi (indiki İsmayıllı rayonu) yaxınlığında baş vermiş döyüşdə 1 top, iyulun 6-da Gürcüvan kəndi (indiki Ağsu rayonu) yaxınlığındakı döyüşdə 1 top, 1 cəbbəxana arabası, 5 pulemyot, 30 tüfəng, müsəlman əhalinin talanmış əmlakı ilə doldurulmuş 10-15 araba qənimət kimi türk-azərbaycan döyüşçüləri tərəfindən ələ keçirildi.

İyulun 13-də S.Şaumyan V.Leninə teleqram göndərərək yenə kömək və silah istədi. İyulun əvvəllərində Həştərxandan Bakı Soveti qoşunlarının avtonəqliyyat dəstəsi üçün 100 pud karbid, həmçinin Saratovdan böyük silah və sursat partiyası göndərildi. Başda Sovet Rusiyası Dəniz işləri üzrə Xalq Komissarlığının tapşırıqlar üzrə komissarı V.F.Poluxin olmaqla 170 nəfərdən ibarət dənizçi dəstəsi gəmilərlə Bakıya gəldi. Dəstə Baltik donanmasından dəniz topları olan üç eşelon və onlar üçün sursat gətirdi. İyulun ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat və silah göndərildi. İyulun 23- 24-də Rusiyadan Bakıya yeni silah-sursat partiyası çatdırıldı. İyulun 24-də Həştərxandan dördtoplu atlı batareya, daha sonra silah - sursat dolu 8 gəmi Bakıya gəldi. İyulun 27-də Bakı Soveti üçün iki mobil səhra apteki, tibbi ləvazimat, dərman və sarğı materiallarından ibarət böyük karvan göndərildi. İyulun axırlarında Petrovun başçılığı ilə Bakının müdafiəsi üçün göndərilmiş yaxşı silahlanmış dəstə şəhərə bir altıtoplu batareya gətirdi.

Rusiyadan daim silah və sursat göndərilməsinə baxmayaraq Qafqaz İslam Ordusu ilə döyüşlərdə məğlub olan Bakı Soveti qoşunlarında ruh düşkünlüyü elə həddə çatmışdı ki, texniki vasitələrlə vəziyyətdən çıxmaq mümkün deyildi. Bakı Sovetinin hərbi cəhətdən varisi olan Sentrokaspi Diktaturası da əldə olan böyük silah və sursatdan yararlanmağa çalışırdı. Bolşeviklərdən fərqli olaraq keçmiş çar ordusunun zabitlərinə arxalanan bundan da çox ingilis qoşunlarının köməyinə bel bağlayan Sentrokaspi Diktaturasının hərbi liderləri aviasiyadan, hərbi donanmadan, zirehli qatar və avtomobillərdən, eləcə də artilleriya sistemlərindən daha bacarıqla istifadə edir, texnikanın bütün imkanlarından yararlanmağa çalışırdılar. İngilis təlimatçılarının köməyi, bir çox hallarda isə birbaşa rəhbərliyi də bu istiqamətdə aparılan işlərə öz təsirini göstərirdi. Bununla belə, vəziyyətdə dönüş yaratmaq, hərbi təşəbbüsü ələ almaq yenə də mümkün olmadı.

Aviasiya. Bakı dəniz aviasiyası zabit məktəbinin 20-yədək hidrotəyyarəsi var idi. Əsas təyyarə parkı səkkiz ədəd M-5 tipli təyyarədən, iki M-9 və bir ədəd M-30 təyyarəsindən təşkil olunmuşdu. Onlardan başqa burada sınaq təyyarələri də vardı. Məktəbdə D.Qriqoroviçin M-9 hidrotəyyarəsi sınaqdan keçirilmiş və bu təyyarə tədricən M-5-ləri əvəz etməyə başlamışdı. D.Qriqoroviçin M-12 qırıcı və M-15 kəşfiyyatçı hidrotəyyarələri də Bakıda sınaqdan keçirilir, silahlı qüvvələrə qəbul ediləndən sonra hər təyyarədən iki ədədi burada saxlanılır.

Bakı aviasiya məktəbinin emalatxana müdiri E.K.Engels bir neçə yeni təyyarə növü icad edərək yığmış, lakin 1916-cı il dekabrın 5-də növbəti sınaq zamanı həlak olmuşdu. Bundan başqa A.Y.Villişin VM-2 və VM-4 hidrotəyyarələri də Bakıda sınaqdan keçirilmişdi. İstər Engelsin, istərsə də Villişin təyyarələrinin aqibəti, onların 1918-ci il döyüşlərində iştirak edibetməməsi barədə məlumat yoxdur.

Məktəbin hidrotəyyarə parkını ixtiraçı mühəndis D.P.Qriqoroviçin M-5 hidrotəyyarələri təşkil edirdi (M-5 təyyarələri Petroqradda S. Şetininin zavodunda istehsal edildiyindən Azərbaycan Mərkəzi Dövlət Tarix Arxivində qorunan bir çox sənədlərdə "Şetinin təyyarələri" adlandırılır). Bakı Soveti qoşunları, sonra isə Sentrokaspi Diktaturası tərəfindən fəal istifadə edilən M5 təyyarələrindən biri hal-hazırda İstanbulda hava muzeyində nümayiş etdirilir.

D.P.Qriqoroviçin M-9 hidrotəyyarəsi M-5-in növbəti inkişaf mərhələsi idi. 3300 m hündürlüyə qalxa bilən, 5 saat havada qalan təyyarə etibarlılığı ilə seçilirdi. 150 at gücündə olan mühərrik 3 nəfər heyət, bir pulemyot və bir neçə yüngül bomba (1610 kq yük) götürməyə imkan verirdi. Bakıda olan iki M-9-dan biri Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə istifadə edilib. Məhz bu təyyarə ilə hidroplanlar sırasında ilk dəfə havada dairə cızma ("myortvaya petlya") əməliyyatı həyata keçirilib. "M-5" və "M-9" hidroplanlarının zəif tərəfi az sürətə (100-110 km/s) malik olması idi. M-12 və M-15 təyyarələrindən Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə istifadə edilməsi barədə məlumat yoxdur, ehtimal ki, müasir tipli bu təyyarələr 1917-ci ilin əvvəlində Petroqrada aparılıb, çünki məktəbdə 1917-ci ilin aprel ayından hissə-hissə Petroqrada köçürülməyə başlandı.

Martın 31-də erməni-bolşevik qüvvələrinin 1-ci beynəlmiləl alayı və 36-cı Türküstan alayının hücumunu dəstəkləmək üçün havaya 1 hidroplan qaldırıldı. Bununla belə, sənədlərdə Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə məktəbin texnikasından istifadə edilməsi barədə məlumatlar var. Bu qurum bolşevik sənədlərində "təyyarəçilər məktəbi", Sentrokaspi Diktaturasının sənədlərində isə "hidroaviasiya divizionu" adlandırılır. Hidroaviasiya havaya dənizdən qalxdığı üçün əsasən sahilyanı əraziləri nəzarət altında saxlaya bilirdi.

Aprelin 2-də imam Qosinskinin dəstələri Bakıya yaxınlaşdıqda S.Şaumyan Saritsından doyüş aeroplanları istədi. Döyüş başlayanadək aeroplanlar gəlib çatdı. Tezliklə Rusiyadan Bakı Sovetinin qırmızı ordusunun Gəncə üzərinə yürüşünü dəstəkləmək üçün adi aerodromdan qalxa bilən aeroplanlar göndərildi. 1918-ci ilin mayına Qırmızı Ordunun 1-ci korpusunda 10-dan artıq təyyarə var idi. İyunda Bakıya yeni "Nyupor" təyyarələri ilə silahlanan aviadəstə göndərildi. Bu təyyarələri gətirən üç eşelon Bakıya iyunun 23-də çatdı. Həmin gün S.Şaumyanın V.Leninə göndərdiyi teleqramdan aydın olur ki, eşelonla 13 aeroplan gətirilib.

İyulun ortalarında Bakı Soveti aviasiyası üçün böyük məbləğdə sursat, ehtiyat hissələri və silah göndərildi. "Nyupor-17" qırıcı təyyarələri Antanta ölkələri silahlı qüvvələrində ən çox istifadə olunan təyyarə olmaqla bərabər, I Dünya müharibəsinin ən uğurlu qırıcısı hesab olunurdu. Q.Delyaj tərəfindən yaradılan "Nyupor-17" biplanı optimal aerodinamik forma, az çəki hesabına maksimal çeviklik və böyük sürətə malik idi. Aşağı qanadın ensiz olması pilot kabinəsindən görünüşü daha aydın edirdi. "Nyupor-17" pulemyotlardan başqa bir neçə yüngül bomba da götürmək iqtidarında idi.

Qafqaz İslam Ordusunun sərəncamında təyyarələrin olmaması bolşevik aviasiyasını təhlükəli qüvvəyə çevirirdi, lakin Bakı Sovetinin hərbi rəhbərliyi bundan kifayət qədər yararlana bilmədi. Belə ki, hidrotəyyarə və aeroplanların sayı uçmağı bacaran təyyarəçilərin sayından çox idi (Bakı Sovetinin apardığı siyasət nəticəsində çar ordusunun zabitləri kimi pilotlar da "sinfi düşmən" qismində təqib olunmuş, bu isə 1918-ci ilin yay döyüşlərində özünü büruzə vermişdi). Üstəlik, I Dünya müharibəsinin cəbhələrində ingilis təyyarələrinə qarşı döyüş aparmaq təcrübəsi olan türk hərbi hissələri havadan hücum zamanı vahiməyə düşmür, əksinə, atıcı silahlardan açılan atəşlə düşməni uzaqlaşdırırdılar. Nəticədə erməni-bolşevik aviasiyası qarşısına qoyulan tapşırıqları yerinə yetirə bilmirdi.

Təyyarələr ardıcıl olaraq təkcə iyulda uçuşlar edib; bu zaman Hacıqabuldan qalxan 2 təyyarə, demək olar ki, hər gün Salyan istiqamətində vuruşan türk-Azərbaycan döyüşçülərini bombalayır vo ya kəşfiyyat aparırdı. Sentrokaspi Diktaturasının hərbi rəhbərliyi aviasiyaya xüsusi önəm verirdi. Çar ordusunun aviasiyasında xidmət etmiş pilotlar orduya çağırılır, ingilislərin köməyi ilə hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsi aviadivizionu təşkil edilirdi. Artıq avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə 3 təyyarə istifadə etmişdi. Getdikcə aviasiyanın tətbiqi genişlənirdi. Təyyarələr kəşfiyyat uçuşları aparır, bombalar atır, imkan olduqda pulemyot atəşi ilə qoşunların əməliyyatlarını dəstəkləməyə çalışırdı.

Qafqaz İslam Ordusunun 1918-ci il avqustun 5-də Bakıya hücumunun qarşısını almaq üçün hidroaviasiya divizionu və Kuban təyyarə dəstəsinin, demək olar ki, bütün təyyarələri havaya qaldırıldı. Avqustun 7-si və 8-də Gəncə istiqamətindən Bakı ətrafına yeridilən türk-Azərbaycan qoşunlarının cəmləşməsinin qarşısını almaq üçün təyyarələr Ələt stansiyası və dəmir yollarını bombalayırdı. Hər dəfə atəşlə qarşılanan təyyarələr istədiklərinə nail ola bilmirdi. Döyüşdə zədələnmiş aeroplanlar tezliklə təmir edilirdi, çünki Kuban təyyarə dəstəsinin "Nyupor"ları ingilislərin özləri ilə gətirdikləri "Nyupor"lardan az fərqlənirdi. Lakin hidroaviasiya divizionunun təyyarələrini bərpa etmək olmurdu, çünki onların ehtiyat hissələri yalnız Petroqradda istehsal edilirdi. Döyüşə yararlı təyyarələrin sayı tədricən azalırdı. Uçuş meydançası Bakının Ermənikənd adlanan hissəsində salınmışdı. Avqustun 10-da Ələt-Puta arasında türk-Azərbaycan hissələrinin sərrast atəşi ilə bir təyyarə vurularaq məhv edildi.

Sentrokaspi Diktaturası və ingilis komandanlığının avqustun 27-nə planlaşdırdığı, lakin həyata keçirə bilmədiyi birgə irimiqyaslı əks-hücum əməliyyatında hidroaviasiya divizionu və Кuban aviadivizionu fəal iştirak etməli idi. Avqustun sonlarında Sentrokaspi Diktaturasının cəmi iki hava maşını, ingilislərin də elə bu qədər təyyarəsi döyüşdə iştirak edə bilərdi. Ordunun digər təyyarələri təmirə qoyulmuşdu.

General Denstervilin qeydləri göstərir ki, avqust-sentyabr döyüşlərində ingilis və Sentrokaspi qoşunlarının əməliyatlarını "iki rus hidroplanı və iki bizim (ingilis) təyyarə" dəstəkləyirdi. ''Düşmənin hava qüvvələrinin olmaması bizim böyük üstünlüyümüz idi. Lakin sentyabr ayında Bakıda güclü isti küləklər və şimal küləyi əsdiyindən hava kəşfiyyatının istifadə edə biləcəyimiz üstünlükləri meteoroloji şəraitə görə heçə endirildi".

Sentyabrın 1-də Balaxanı yaxınlığında türk-Azərbaycan hissələrini bombardman etmək istəyən bir təyyarə vuruldu və Salyan qışlaları (kazarmaları) yaxınlığında yerə çırpıldı. Bu hadisədən sonra təyyarələrin tətbiqi əhəmiyyətli dərəcədə azaldı, onlardan əsasən kəşfiyyat uçuşları üçün istifadə edildi. Yalnız sentyabrın 12-də bir ingilis təyyarəsi Binəqədi istiqamətində türk-Azərbaycan qoşunlarını bombalamağa cəhd göstərdi. Sentyabrın 14-də Bakıya həlledici hücum zamanı ingilislərin hərbi hissələrini iki aeroplan dəstəkləyirdi.

14 sentyabr döyüşlərinin gedişinə toxunan general Denstervil yazır ki, "iki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğunu bildirən general etiraf edir: "türk güllələrinin deşik-deşik elədiyi iki aeroplanı, sıradan çıxardıq". Başqa sözlə desək, əvvəlki uçuşlar zamanı türk-Azərbaycan qoşunlarının atəşləri ilə qarşılanan ingilis təyyarələri vurulmasalar da, elə zədələr alırdılar ki, ingilislərin və ya onların tərəfkeşlərinin (misal üçün, Muğan qiyamçılarının) nəzarəti altında olan əraziyə uçub çata bilməzdilər. Bu səbəbdən ingilislər onları yararsız hala gətirib Bakıda qoymağa məcbur oldular. Nəhayət, türk-Azərbaycan qoşunları tərəfindən Ermənikənddəki uçuş meydançasının ələ keçirilməsi Sentrokaspi Diktaturası aviasiyasının varlığına son qoydu. Burada uçuşa yararsız vəziyyətdə olan 2 təyyarə qalmışdı.

Hərbi donanma. 1828-ci il Türkmənçay müqaviləsinin şərtlərinə görə, Xəzər dənizində yalnız Rusiyanın hərbi donanma saxlamaq hüququ vardı. Xəzərdə Rusiya imperiyasının güclü rəqibinin olmaması Xəzər dəniz donanmasının texniki təchizatına da təsir göstərirdi.

Lakin ingilislərin Əfqanıstan və İranda möhkəmlənmək cəhdləri, Bakının iri sənaye mərkəzinə çevrilməsi, neft bazalarının dəniz yaxınlığında yerləşməsi hərbi donanmanı gücləndirmək ehtiyacını yaratdı. 1911-ci ildə Xəzər dəniz donanması dünyada ilk suüstü dizel hərbi gəmiləri - "Ərdahan" və "Qars" kanoner (artilleriya) gəmiləri ilə gücləndirildi.

Məxsusi Xəzər şəraiti üçün layihələndirilmiş bu gəmilər müxtəlif təyinatlı əməliyyatlar keçirmək iqtidarında olsa da, onların əsas vəzifəsi dənizyanı ərazilərdə döyüş zamanı qoşunları top atəşi ilə dəstəkləmək idi. Bununla belə, Xəzərin imperiya mərkəzindən uzaq olması Baltik və Qara dəniz donanmalarında inqilabi fəaliyyətdə şübhəli bilinən matrosların Xəzər dəniz donanmasına göndərilməsinə səbəb oldu. Nəticədə 1917-ci ildə donanma azsaylı olsa da, Bakı Sovetinin ən etibarlı dayaqlarından birinə çevrildi.

General Denstervil Xəzərdə inqilabdan əvvəlki ümumi vəziyyəti şərh edərkən yazırdı ki, "Qars", Ərdahan", "Göytəpə" silahlı gəmilərindən ibarət olan kiçik donanma bu daxili suları qoruyur və müqavimətə rast gəlməsə, sabitliyi bərpa edə bilər". Xəzər hərbi donanması 1917-ci ildə 2 kanoner gəmisi, 2 çapar gəmisi, bir neçə nəqliyyat gəmisi, dəniz aviasiyası mək-təbi və sahil idarələrindən ibarət idi.

General Denstervilin yazdığına görə, "donanma inqilab dövründə böyük siyasi rol oynayırdı. Hökumət iqamətgahı dəniz sahilində yerləşdiyindən gəmilərdəki silahlar ölkənin həyati əhəmiyyətli mərkəzlərini təhdid etdiyi zaman inqilabi hökumət donanmanın tələblərinə diqqətlə qulaq asırdı". İrimiqyaslı dəniz əməliyyatları keçirmək üçün güclü təminat bazası, hərtərəfli hazırlıqlı, bilikli və təcrübəli komanda heyəti lazım idi, bütün bunlar isə bolşeviklərdə yox idi. Donanma infrastrukturu fəaliyyət göstərmir, hərtərəfli hazırlıq keçmək üçün vaxt və imkan çatışmır, komanda heyəti çar zabitlərindən ibarət olduğundan təqiblərə məruz qalırdı. Bütün bu səbəblərdən bolşeviklər quruda aparılan döyüşlərdə matroslardan piyada kimi istifadə etməyə məcbur olurdular.

Xəzər dəniz donanmasının matrosları Azərbaycan milli qüvvələrinə qarşı vuruşan bolşevik-erməni qoşunlarının əsas zərbə qüvvəsi idi. Lakin onların ağır döyüşlərə göndərilməsi itkilərlə nəticələndi və 1918-ci ilin yarısına qədər donanmada təsadüfi adamların tədricən çoxluq təşkil etməsinə səbəb oldu. Vəziyyəti dəyişmək üçün Bakı Sovetinin rəhbərliyi ənənəvi üsula - Moskvadan yeni qüvvə istəməyə əl atdı. Bakı Soveti Xəzər donanmasının əsas qüvvəsini "Ərdahan" və "Qars" kanoner gəmiləri, "Göytəpə" köməkçi gəmisi və silahlı "Astrabad" çarxlı paroxodu təşkil edirdi. Bununla bərabər, müxtəlif nəqliyyat gəmilərinə yüngül toplar və pulemyotlar da qoyulmuşdu ki, bu "hərbiləşdirilmiş" gəmilərlə birgə donanmada 14 gəmi var idi.

Uzunluğu 61,8 m, eni 8,5 m olan gəminin su basımı 623 ton idi. 117 nəfər heyəti olan gəminin 2 əsas dizeli, 2 köməkçi dizeli, 1 elektrik generatoru var idi. 29 ton yanacaq götürən gəminin maksimal sürəti 15 düyünə (uzel) bərabər idi. Gəminin silahları 1 ədəd 120 mm-lik top, 2 ədəd 75 mm-lik top, 4 ədəd "Maksim" pulemyotundan ibarət idi.

"Göytəpə" köməkçi hərbi gəmisi 1882-1883-cü illərdə istehsal olunub, 1911-ci ildə isə yeni silahlarla təhciz edilmişdi. 720 at gücündə olan kömür mühərriki 10 düyün (uzel) sürəti ilə hərəkət etməyə imkan verirdi. 70-83 nəfər heyəti olan gəminin silahlanması 4 ədəd 47 mm-lik top və 4 ədəd pulemyotdan ibarət idi.

"Astrabad" çarxlı paroxodu əvvəllər mülki paroxod olmuş, müharibə dövründə yüngül toplarla silahlandırılmışdı. 1918-ci ilin mart hadisələrində Xəzər dəniz donanması gəmilərinin Azərbaycan milli qüvvələrinə toplardan açdığı atəş onların müqavimətini qırmağa imkan vermişdi. Bu gəmilərlə Lənkərana bolşevik qoşunları göndərilmiş, Həştərxan-Bakı dəniz xəttinin təhlükəsizliyi təmin edilmişdi. Kür çayının bir hissəsinin xırda gəmilərin hərəkəti üçün kifayət qədər dərin olması burada hərbi gəmilərdən istifadə etmək fikrinin yaranmasına gətirib çıxarmışdı. Belə ki, 1918-ci ilin yayında Şimali Qafqaz hərbi dairəsi təminat bürosunun Sovet Rusiyası dəniz kollegiyasına göndərdiyi gizli məlumatda sahilyanı sularda və Kür çayında döyüşlərdə iştirak etmək üçün müxtəlif tipli gəmilərdən, ilk növbədə 37-47 mm-lik toplar və pulemyotlarla silahlanan "Nikson" və "Stasionar" katerlərindən istifadənin mümkünlüyü barəsində xəbər verilirdi. Lakin Xəzərdə bu tip katerlər yox idi.

İyulun 13-də sənədlə tanış olan V.Lenin belə bir dərkənar qoyurdu: "Dəniz işləri üzrə Xalq Komissarlığına Xəzər dənizinə uyğun olan bütün hərbi dəniz gəmilərinin göndərilməsini sürətləndirməyi çox xahiş edirəm.”

Lakin təşkilatı məsələləri həll edilmədiyindən kater göndərmək mümkün olmadı. Əvəzində iyunda Rusiyadan Bakıya üç keşikçi gəmisi və üç minadaşıyan gəmi gətirildi, lakin gəmilər Kür çayında hərəkət edə bilmədiyindən Həştərxana aparıldı. Belə olduğu halda bolşeviklər Kür çayında üzən balıqçı gəmilərini silahlandırıb döyüşə göndərdilər. Onların əsas vəzifəsi Qafqaz İslam Ordusu hissələrinin Kür çayını keçmək cəhdlərini pozmaq, Kür üzərindən salınmış körpü və bərələri qorumaq, çayı maneəyə çevirmək idi. İyunun 26-da bolşeviklərin ilk çay gəmiləri döyüşə göndərildi, lakin gözlənilən səmərəni vermədi.

Hərbi gəmilərin Bakı ətrafında geniş istifadəsi Sentrokaspi Diktaturası vaxtına təsadüf edir. Dənizçi zabitləri gəmilərə qaytaran hərbi rəhbərlik onlardan təyinatı üzrə (quru qoşunlarının dənizdən atəşlə dəstəklənməsi və dəniz desantlarının atəş təminatının həyata keçirilməsi) istifadə etməyə çalışdı. Xırdalan, Hacıqabul döyüşlərində hərbi gəmilər geniş tətbiq edilirdi. Mənbələrin məlumatı göstərir ki, əsasən 3 gəmidən istifadə edilirdi: "Ərdahan", "Qars" və "Göytəpə". Onların atəşi avqustun əvvəllərində Ələt istiqamətindən türk-Azərbaycan qoşunlarına irəliləməyə imkan vermirdi. Xəzər dənizinə nəzarət etmək üçün ingilislər burada güclü donanma yaratmağı planlaşdırırdılar. Donanmanın əsas hərbi gəmiləri bolşevik meyilli olduğundan kommodor Norris iri ticarət gəmilərini toplarla silahlandırıb donanma yaratmağı təklif edirdi. Çox böyük çətinliklə "Ventyur" və "İqnati" gəmilərini Sentrokaspi Diktaturasından bu məqsədlər üçün alan ingilislər Bakını tərk edənə qədər gəmiləri silahlandıra bilmədilər. Dənizdən gələn təhlükəni nəzərə alaraq Qafqaz İslam Ordusunun komandanlığı sahil müşahidə postları yaratmışdı. Avqustun 11-də Ələt - Puta arasında gəmilərdən dəniz desantı çıxarmaq cəhdi həyata keçirildi, lakin 50 nəfərlik ilk dəstə sahilə çıxan kimi irəli yeridilən Azərbaycan zirehli qatarı desantı atəşə tutdu, sonra isə atəşlə gəmiləri sahildən uzaqlaşmağa məcbur elədi.

Təmir bazasının olmaması gəmilərin tətbiqini çətinləşdirirdi, buna baxmayaraq onlar hərbi əməliyyatlarda yenə də iştirak edirdilər. Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əks hücumda "Göytəpə" hərbi gəmisi qoşunların hərəkətlərini öz atəşi ilə daim müşayiət etməli idi. Avqustun 30-da yenidən desant çıxarmağa cəhd oldu. Nasosnuya 3 gəmidən 150-200 nəfərlik desant dəstəsi çıxarıldı, lakin sahil müşahidə postlarından xəbər alan Qafqaz İslam Ordusu komandanı desantı mühasirəyə almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi döyüşü qəbul etməyib gəmilərə çəkildi.

Donanmanın təhlükəli olduğunu nəzərə alan Qafqaz İslam Ordusu Bakıya həlledici 14 sentyabr hücumunu Abşeron yarımadasının dərinliklərindən, dənizdən uzaq ərazilərdən həyata keçirdi, "Volçi vorota" məntəqənin adı Osmanlı sənədlərində də belə göstərilir) təpəlikləri tutulandan sonra burada toplar quruldu və limana bir neçə mərmi atılandan sonra hərbi gəmilərin hərəkəti dayandırıldı.

Zirehli texnika. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarında zirehli texnika zirehli qatar və avtomobillərlə təmsil olunmuşdu. Zirehli qatar I Dünya müharibəsinin ağır silahlarına aid edilir, qoşunları atəşlə dəstəkləyən manevrli silahlardan hesab olunurdu. Müharibə təcrübəsi göstərdi ki, zirehli qatarın dəmiryolla hərəkət etməsi onun fəaliyyət radiusunu daraldır, üstəlik belə silahın tətbiqi böyük risklə bağlı olur: dəmiryol xətlərinin sıradan çıxarılması zirehli qatarın ən yaxşı halda fəaliyyətsiz dayanması ilə nəticələnir. Bununla belə, süvari hissələrin müşayiəti ilə hərəkət edən zirehli qatarlar şəhərlər və dəmiryol stansiyaları uğrunda gedən döyüşlərdə əhəmiyyətli rol oynayırdı. Zirehli qatar hərbi hissə statusuna malik idi. Döyüş vəziyyətində qatarın zirehli parovozu iki zirehli vaqonun arasına qoyulurdu. Zirehli qatarın hərəkəti adətən baza qatarın (bir parovoz, 6-8 vaqon) hərəkəti ilə müşayiət olunurdu (baza qatar zirehli qatardan arxada, ondan aralı gedir, mərmi və patron ehtiyatı, təmir üçün lazım olan avadanlıq daşıyırdı).

Bakı Sovetinin dəstələri 1917-ci ilin sonunda cəbhədən tərxis olunan ordu hissələrindən bir zirehli qatar götürmüş, 1918-ci ilin mart ayının əvvəllərində onların iki, mayda isə üç ədəd zirehli qatarı vardı. Bu qatarlar yüngül zirehli qatar növünə (Rusiya ordusunda qəbul edilmiş cədvələ görə - "B" tipli qatar) aid idilər. Belə qatarın 46 nəfərlik heyəti, zirehli parovozu, zirehli meydançası (iki ədəd 42 xətli topla), zirehli bazası (4 ədəd "Maksim" pulemyotu, mətbəx, emalatxana, seyxqauz) olurdu.

Orta sürəti 8-10 km/s, maksimum sürəti 25-30 km/s olan zirehli qatar gün ərzində 100-120 km məsafə qət etmək imkanında idi. 10-15 mm-lik zirehli lövhələrlə örtülmüş qatarın uzunluğu 50 m, eni 2 m, hündürlüyü 4,5 m idi. Нər top üçün 200-250 mərmisi, hər pulemyot üçün 10-14 patron lenti olan zirehli qatar əhəmiyyətli hərbi texnika növü idi. Qatarın qabaq və arxa hissələrinə yarımplatformalar qoşulur, burada ehtiyat detallar, relslər, şpallar daşınırdı, platformalar eyni zamanda qatarın əsas hissələrini yolda ola biləcək təsadüf və təxribatlardan qoruyurdu.

Zirehli qatarlar bolşeviklərin gücünü əhəmiyyətli dərəcədə artırırdı. 1918-ci ilin aprelində Hacıqabul döyüşlərində bolşevik zirehli qatarı Müsəlman Korpusunun zirehli qatarı ilə üz-üzə gəlsə də, ancaq onlar arasında baş verən artilleriya dueli piyada qoşunlar tərəfindən dəstəklənmədiyindən lazımi effekt vermir.

QİO irəlilədikcə bolşeviklərin zirehli qatarlarının fəaliyyət sahəsi daralır, qatarlar müxtəlif səbəblərdən sıradan çıxırdı. Avqustun 1-də Sentrokaspi Diktaturası döyüşlərdə cəmi bir zirehli qatardan istifadə edə bilmişdi. Bu qatarın hərəkəti də türk-Azərbaycan qoşunları tərəfindən Hacıhəsən istiqamətində yolların korlanması ilə məhdudlaşdırılmışdı. Xırdalan istiqamətinə göndərilən qatar avqustun 6-da burada hərbi hiylənin qurbanı oldu: dəmir yolu sıradan çıxarılsa da, üstü örtülür, bu səbəbdən qatarın qabaq platforması qəzaya uğrayır. Platformadakı top və pulemyotlar qənimət kimi götürülsə də, qatar özü geriyə çəkilmiş, təmirə dayanmağa məcbur olur.

1918-ci ilin mart hadisələrində Bakının Yasamal hissəsində milli güclərin müqaviməti ilə üzləşən bolşevik-erməni qüvvələri döyüşə hidrotəyyarə göndərməklə bərabər bir zirehli avtomobil də yeritdilər. 1918-ci ilin aprelində Hacıqabul döyüşündə zirehli avtomobil irəliləməyə çalışmışdısa da, imam Qosinskinin topçularının atəşi ilə üzləşərək döyüşdən çıxmışdı.

Zirehli avtomobillərin nisbətən yüngül çəkili və kiçik ölçülü (zirehli qatardan fərqli olaraq) olması onları dəniz yolu ilə Rusiyadan gətirməyə imkan verirdi. İyulun 23-də Bakıya gələn gəmilərlə 4 zirehli avtomobil gətirilmişdi. Bakı Soveti və Sentrokaspi Diktaturası qoşunlarının hansı növ zirehli avtomobillərlə silahlanması barədə ədəbiyyatda məlumat yoxdur. Burası məlumdur ki, zirehli avtomobillərin bir neçəsi qənimət kimi ələ keçirildikdən sonra bərpa olunub və 1919-20-ci illərdə Azərbaycan ordusunda istifadə edilib. Azərbaycan ordusuna aid tarixi sənədlər sübut edir ki, orduda pulemyotlarla silahlanmış"Ostin-Putiloves", top və pulemyotlarla silahlanmış "Qarford-Putiloves" və "Perley" adlandırılan zirehli avtomobillər olub.

Birinci və ikinci növ avtomobillərin taktiki-texniki göstəricilərini müəyyən etmək çətin olmasa da, "Perley" zirehli avtomobili haqda məlumat yoxdur, ümumiyyətlə, dünyada bu adda zirehli avtomobil olmayıb. Ehtimal ki, sənədlərdə söhbət adətən "Pirles" adı ilə göstərilən zirehli avtomobildən gedir. "Pirles" zirehli avtomobili Britaniya istehsalı olsa da, Rusiya da ondan müxtəlif cəbhələrdə istifadə edib. 2 pulemyotla silahlanan avtomobilin iki nəfərlik heyəti vardı. 1915-ci ildən istehsalına başlanan "Ostin-Putiloves" zirehli avtomobili 8 mm-lik zireh lövhələrlə örtülmüş korpusdan ibarət olmaqla, 2 qüllədə qurulmuş iki ədəd "Maksim" pulemyotu ilə silahlanmışdı. Zirehli avtomobilin göstəriciləri: çəkisi- 5,2 t, ölçüləri - 4,9 x 1,75 x 2,4 m, heyəti - 5 nəfər, mühərriki - benzin yanacaqlı, 4 silindrli, 50 at gücündə, təkər formulu 4x2, sürəti - 50 km/ saat, yanacaq çəninin bir dəfə doldurulması ilə dəf edilən məsafə - 200 km.167 1914-cü ildən istehsal edilən "Qarford-Putiloves" zirehli avtomobilinin daha ağır silahları vardı. Bu avtomobil xüsusi qüllədə qurulmuş bir ədəd 76,2 mm-lik səhra topu və üç ədəd "Maksim" pulemyotu ilə silahlanmışdı. Zirehli avtomobilin göstəriciləri: çəkisi - 8,6 t, heyəti - 8 nəfər, mühərriki - benzin yanacaqlı, 4 silindrli, 35 at gücündə təkər formulu 4x4, sürəti - 20 km/ saat, yanacaq çəninin bir dəfə doldurulması ilə dəf edilən məsafə - 120 km.168 Tətbiqi böyük bilik və bacarıq tələb etməyən zirehli avtomobillərdən Bakı Soveti qoşunları geniş istifadə edirdi.

Bəzi hallarda zirehli avtomobillərin fəaliyyətini zirehli qatarla uzlaşdırmaq müsbət nəticə verirdi. İyulun 10-14-də Müsüslü və Karrar stansiyaları uğrunda gedən doyüşlərdə 2 zirehli qatar, 5 zirehli avtomobil və 8 topdan ibarət qrup çevik qüvvə kimi bolşevik qoşunlarının atəş üstünlüyünü təmin etdi. Göyçay döyüşlərində bolşeviklərin 6 zirehli avtomobili iştirak edirdi. Şamaxı şəhərinin azad edilməsi zamanı Qafqaz İslam Ordusu bir zirehli avtomobil qənimət kimi götürüldü.

L. Biçeraxovun dəstəsində 4 zirehli ingilis avtomobili var idi. Yevlax yaxınlığında gedən döyüşlərdə onlardan biri saz vəziyyətdə türk-Azərbaycan qoşunlarının əlinə keçdi. Sentrokaspi Diktaturasının qoşunları da zirehli avtomobillərdən geniş istifadə edirdi. Avqustun 19-da Bakı ətrafında daralan mühasirə halqasını yarmağa çalışan diktatura qoşunları Maştağa kəndinə 3 zirehli avtomobilin müşayiəti ilə 500 piyada, 700 süvari yeritmişdilər. Türk-Azərbaycan qoşunları hərəkət edən hədəflərə top atəşi açmaqda müəyyən təcrübə topladığından onlara qarşı açıq döyüşdə zirehli avtomobillərdən istifadə etmək çətinləşirdi. Bunu özləri ilə 3 zirehli avtomobil gətirən ingilislər də görürdülər. Avqustun 27-də hazırlanan irimiqyaslı əkshücumda diktaturanın 3 zirehli avtomobili iştirak etməli idi. Sentyabrın əvvəllərində Bakıda Sentrokaspi Diktaturasının və ingilslərin 6 zirehli avtomobili var idi ki, onlardan sentyabrın 14-də baş verən döyüşdə geniş istifadə edilmişdi.

General Denstervilin qeydlərinə görə, "altı zirehli avtomobil - üç ingilis və üç rus maşını vardı, zirehli avtomobillər Markiz d Albissinin tabeliyidə idi; onların hamısı öz işini gözəl bilirdi". 14 sentyabr döyüşlərinin gedişinə toxunan general Denstervil yazır ki, "altı zirehli avtomobil düzən ərazidə uğurla çalışırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğuna toxunan general bu zirehli avtomobillərin və otuz ədəd "ford" yük maşınlarının sıradan çıxarılaraq şəhərdə qaldığını da etiraf edir.

Artilleriya. Digər silahlar kimi, toplar da Bakı Soveti qoşunlarına tərxis olunan ordu hissələrindən keçmiş və ya hərbi anbarlardan götürülmüşdü. Həmçinin Rusiyadan göndərilən toplar da Qırmızı Ordunun artilleriya parkınşı böyüdürdü. 1918-ci ilin mayına Qırmızı ordunun 1-ci korpusunda 12 səhra və 3 dağ topu, 4 mortir var idi. Onların əsasında 3 səhra batareyası, 1 dağ və 1 mortir batareyaları tərtib edilmişdi. İyunda Rusiyadan 12 ədəd dörddüymlük top göndərilmişdi. İyulun axırlarında Bakının müdafiəsinə göndərilmiş Q.K.Petrovun yaxşı silahlanmış dəstəsində altıtopluq batareya var idi.

Tələb olunandan artıq toplara malik olan Bakı Sovetinin qoşunlarına əsasən onların ehtiyat hissələri və mərmilər gərəkli idi. Sentrokaspi Diktaturasının qoşunları da çoxsaylı artilleriyaya malik idi. General Denstervil gündəliyində yazır ki, anbarlarda olan toplar və onların ehtiyat hissələri hesabına Bakıda mühafizə olunan topların sayı otuza çatdırıldı (avqustun əvvəlləri). Onun qeydlərinə görə, "Bakı artilleriyası kifayət qədər yaxşı idi". Avqustun 27-nə planlaşdırılan irimiqyaslı əkshücumda 2 qaubitsa, 28 səhra topu və 2 dağ topu iştirak etməli idi (mövqelərin qorunması üçün ayrılan topları da əlavə etsək, kifayət qədər böyük rəqəm alınır). Sentyabrın əvvəllərində baş verən döyüşlərdə səhra və dağ toplarından başqa 4 qaubitsa iştirak edirdi. Bakı uğrunda gedən döyüşlər zamanı mövqelərini itirən Sentrokaspi Diktaturasının qoşunları salamat qalmış topları Ermənikənddə yerləşdirmiş və elə buradaca sentyabrın 14-də türk-Azərbaycan qoşunları tərəfindən 2 ədəd qaubitsa, 8 səhra və 2 dağ topu tam işlək vəziyyətdə və mərmi ehtiyatı ilə ələ keçirildi. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunları tərəfindən aşağıdakı top növləri istifadə edilirdi: 1902-ci il nümunəli üçdüymlük səhra topu, 1909-cu il nümunəli üçdüymlük dağ topu, 1910-cu il nümunəli 48 xətlik qaubitsa (bəzi mənbələrdə dörddüymlük top kimi göstərilir), 1883-cü il nümunəli 6 düymlük (152 mm-lik) səhra mortiri. 1902-ci il nümunəli üçdüymlük (76,2 mm-lik) səhra topu dövrün ən yaxşı səhra topu sayılır, I Dünya müharibəsində əla nəticələr göstərib. Тор trotilli, melinitli, boğucu, zəhərli, şrapnel mərmiləri ilə atəş aça bilərdi. 1909-cu il nümunəli üçdüymlük dağ topu çətin keçilən ərazilərdə əvəzedilməz idi, tələb olunanda sökülmüş vəziyyətdə at və ya qatır belində daşınırdı. Bu tip toplar özlərini şəhər döyüşlərində də yaxşı göstərmişdilər: lülənin enib-qalxma bucağının böyük olması evlərin damına və yuxarı mərtəbələrə atəş açmağa imkan verirdi. Тор dağ şrapneli və dağ qumbarası ilə atəş açırdı. 1910-cu il nümunəli 48 xətlik (122 mm-lik) qaubitsa 23,3 kq mərmilərlə atəş açaraq səhra istehkamlarının dağıdılması zamanı istifadə edilirdi. Eyni məqsədlərlə ona nisbətən az çevik olan 6 düymlük (152 mm-lik )1883-cü il səhra mortirləri istifadə edilirdi.

Əl qumbaraları və atıcı silahlar. I Dünya müharibəsinə qədər nadir istifadə edilən əl qumbaraları müharibə cəbhələrində olduqca səmərəli silah olmasını sübut etmişdi. Canlı qüvvəyə qarşı və sadə səhra maneələrinin dağıdılması üçün istifadə edilən qumbaralar haqlı olaraq "cib artilleriyası" adlandırılırdı. Maraqlıdır ki, dövrün əksər sənədlərində əl qumbaraları "bomba" və ya "əl bombası" kimi göstərilir. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunları 1912-ci il nümunəli Rusiya, 1914-cü il nümunəli Rusiya və İngiltərənin Lemon əl qumbarasından istifadə edirdilər. 1912 və 1914-cü il nümunəli Rusiya əl qumbaraları ənənəvi formaya malik olaraq hücum qumbarası kimi 20-60 addım məsafəyə atılırdı. 1914-cü il nümunəli Rusiya qumbarasının üstündə bərkidilən iplər düşmənin tikanlı məftillərdən ibarət maneəsində partlatmağa imkan verirdi. Lemon əl qumbarası onu icad etmiş ingilis mühəndisinin şərəfinə ad almışdı. O, Rusiya ordusunda "limonka" adı ilə tanınırdı. Quruluşca limon sitrus meyvəsinə oxşaması belə adın uzunömürlülüyünü təmin etmişdi. Müdafiə 54 qumbarası (səngərdən və ya sipərin, maneənin arxasından atılmalı idi) olan Lemon əl qumbarasının qəlpələri daha böyük ərazidə səpələnirdi, lakin bəzi texniki qüsurlarına görə təhlükəli idi. Bakı Soveti və Sentrokaspi diktaturasının qoşunları 1905-ci il nümunəli üçayaq üstündə "Maksim" dəzgahlı və 1910-cu il nümunəli Sokolov dəzgahı üstündə "Maksim" dəzgahlı pulemyotları, həmçinin yüngül əl pulemyotları olan "Lyuis" və "Kolt" pulemyotlarından istifadə edirdilər.

İnqilab və Rusiyada vətəndaş müharibəsinin rəmzinə çevrilən "Maksim" dəzgahlı pulemyotuna daha çox üstünlük verilirdi. Təsadüfi deyil ki, Moskvaya az qala hər teleqramında S.Şaumyan bu pulemyotlardan mümkün qədər çox göndərilməsini xahiş edirdi. Pulemyotlar əsasən piyada taborlarda bölüşdürülürdü (təxminən bir taborda 4 dəzgahlı pulemyot olmaq şərti ilə). Həmçinin əlahiddə "pulemyot komandaları" da yaradılmışdı. 40 nəfər heyəti olan pulemyot komandasıda 8-10 pulemyotdan başqa pulemyotları, şəxsi heyəti, ehtiyat hissələrini və patron ehtiyatını daşımaq üçün nəqliyyat olur, komandaya ən sərrast pulemyotçular daxil edilirdi. Alay və briqadaların ehtiyat atəş qüvvəsini təşkil edən pulemyot komandaları döyüşün ən ağır sahəsinə göndərilirdi. 1918-ci ilin mayında Qırmızı Ordunun 1-ci korpusunda 3 pulemyot komandası mövcud idi.

General Denstervilin qeydlərinə görə, ingilislər "şəhərdə pulemyot atəşinə öyrənmək üçün təlimatçı məktəb açdılar". Bu isə qoşunlarda kifayət qədər pulemyotların olmasından xəbər verir. I Dünya müharibəsi dövründə piyada hissələrin əsas silahı maqazinli tüfənglər idi. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunları keçmiş çar ordusunun tüfənglərindən istifadə edirdilər. Qeyd etmək lazımdır ki, müharibə zamanı tüfənglərin çatışmazlığı məsələsi elə həddə çatmışdı ki, Rusiya hökuməti müxtəlif çaplı və növlü, müxtəlif ölkələrin tüfənglərini istifadə üçün ordu hissələrinə paylamışdı. Patron və ehtiyat hissələrinin çatışmazlığı problemi istər müharibə dövründə, istərsə də Qafqazda baş verən hadisələrdə özünü büruzə verirdi.

Rusiya ordusunun rəsmən silahlanmaya qəbul etdiyi 1891-ci il nümunəli piyada üçxətli (7,62 mm-lik) tüfəngi (Mosin sistemli) 5 patronluq sandığa malik olub. Ondan başqa silahlanmaya piyada tüfənginin növləri olan 1891-ci il nümunəli draqun üçxətli (7,62 mm-lik tüfəngi, 1891-ci il nümunəli kazak üçxətli (7,62 mm-lik) tüfəngi və 1907-ci il nümunəli üçxəttli (7,62 mm-lik) karabin qəbul edilib. Mosin sistemli tüfəngdən başqa qoşunlar Fransa istehsalı olan 1907/1915-ci il nümunəli 8 mm-lik "Lebel" tüfəngi ilə, həmçinin Arisaka, Berdan 2, Vetterli, Manlixer sistemli tüfənglər də istifadə edilirdi. Tараnçа və revolverlər sırasında ən çox istifadə edilənlərdən biri SmitVesson III (1880-ci il nümunəli) revolveri idi. 10,67 mm-lik, 6 patronluq bu revolver ABŞ-da icad edilsə də Rusiya zavodlarında da istehsal olunurdu.

Populyar revolver 1895-ci il nümunəli 3 xətli revolver (Naqan sistemli) idi. 7,6 mm-lik çap, 7 patrona malik olan bu silah XX əsrin əvvəllərində texniki baxımdan sadə və ən etibarlı revolver kimi tanınırdı. Çar ordusunda zabitlərə tapança və revolveri öz hesablarına almağa icazə verilirdi. Rəsmən silahlanmaya qəbul edilmiş Smit-Vesson və Naqan revolverlərindən başqa 7,65 mm-lik Brauninq avtomatik tapançası və 1912-ci il nümunəli 7,63 mm-lik Mauzer tapança-karabini geniş istifadə edilirdi. Bakı Soveti və Sentrokaspi Diktaturasının qoşunlarının istifadə etdikləri soyuq silahlar çar ordusunun silahları idi: tüfənglərin süngüləri; 1913-cü il süvari qılıncı, 1913-cü il zabit şaşkası (Qafqaz növü), 1913-cü il zabit 55 şaşkası (Asiya növü), 1907-ci il nümunəli pulemyot hissələrinin əsgər xəncəri, 1907-ci il nümunəli topçu hissələrinin əsgər xəncəri, 1909-cu il zabit palaşı, 1910-cu il kazak növlü zabit şaşkası.

Yuxarıda adları çəkilən silahların sursat və ehtiyat hissələri tələb olunandan da çox idi. Sentrokaspi Diktaturasına məktubunda general Denstervil qeyd edirdi ki, Bakıdan aldığı məktublarda "15.000 fəal şəhər müdafiəçisi var. Onlar az təlim keçsələr də, yaxşı silahlanıblar" kimi məlumatlar var idi. Şaumyan və Petrov öz tərəfdaşları ilə Həştərxana qaçarkən 13 gəmilik silah-sursatı özləri ilə aparmağa cəhd göstəriblər. General Denstervil yazırdı ki, "əgər yeni hökumət bu gəmilərə getmək imkanı yaratsaydı, Bakının sonrakı müdafiəsi mənasız olardı, lakin xoştbəxtlikdən kiçik gəmilərin heyətləri Direktoriya tərəfində idi və o, tərəddüdlə də olsa, bolşeviklər tərəfindən tutulmuş gəmilərin qaytarılması əmrini verdi. Kanoner gəmiləri artıq olan gəmilərin arxasınca düşmüş və bütün donanmanı limana geri qaytarmışlar..." Daha sonra general göstərir ki, "tərksilah prosesi bir neçə gün çəkdi... Biz arsenalı qəbul edəndə onun bütün əmlakı bir yerə tökülüb qalmışdı... Şaumyan və Petrovun gəmiləri boşaldılarkən bütün növ sursat ayrılmadan anbarlarda olan əmlakın üstünə yığılırdı. Qoşunların hansısa tələbini yerinə yetirmək olmurdu, misal üçün, lazım olan kalibrli mərmiləri tapmaq üçün bütün qalaqlanmış əmlakı axtarmaq lazım gəlirdi. Silah anbarlarında müxtəlif dərmanlar, qramofonlar, tikiş maşınları və başqa şeylər var idi. Cəbbəxananın heyətində bütün növ toplar var idiçatışmayan hissələri, sınıq çaxmaqları və s. ilə. Tezliklə bütün bunlar sortlaşdırıldı, tələb olunan qaydaya salındı və cəbhəyə göndərildi; tərəfimizdən otuz ədəd dəqiq atəş açan toplar tam döyüş vəziyyətinə gətirildi..."

Qeyd etmək lazımdır ki, hələ anbarlarda olan əmlak qaydaya salınmadan polkovnik Keyvort 15 avqust raportunda göstərirdi ki, onun "sərəncamında (ingilislərin öz silahlarından başqa) 6000 ədəd tüfəng var. Materiallarda qıtlıq hiss olunur, lakin şəhərdə kifayət qədər lazım olan material var; onların müsadirəsinə başlamaq lazımdır. Əhalinin böyük hissəsi - həm bizim tərəfimizdə olanlar, həm də bizi görməyə gözləri olmayanlar əla silahlanıblar və hökumət bizim üçün arzuolun-maz qruplaşmaları tərksilah etmək üçün özündə kifayət qədər qüvvə görmür... Hərbi materialar üzərində nəzarət yoxdur və çox material hədər yerə sərf edilir".

General Denstervil də materialların israf edilməsinə diqqət yetirib. O, yazırdı: "hərbi sursatların qənaətlə istifadəsi barəsində ciddi əmrə baxmayaraq həm top, həm də tüfəng sursatı hədər yerə sərf olunurdu. Mən mövqelərin sağ cinahına rəhbərlik edən bir polkovnikin diqqətini onun mənasız yerə atəş açan artilleriyasına cəlb etdim, Polkovnik cavab verdi: "bəli, onlar düşmənə atəş açmırlar, lakin səngərlərdə olanlar bizim toplardan atəş açmağımızı çox xoşlayırlar və əgər mən ara-sıra toplardan atəş açmasam onlar səngərlərdə qalmazlar".

İngilis qoşunlarının tərkibində olan kapitan Sesil Cadd özünün "General Denstervillə İran və Zaqafqaziyada" adlı kitabında qeyd edir ki, Bakı uğrunda sentyabrın 14-də baş vermiş döyüşdə "pulemyotların böyük hissəsi itirilib və üstəlik topların çoxu sıradan çıxıb".

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: Müsəlman-Korpusu   QİO   BXK   Silah   Texnika  

MK/QİO ilə işğalçı qoşunların say tərkibi, silah və hərbi texnikasına BAXIŞ (FOTOLAR) - II Yazı

2018/09/41_4610817264.jpg
Oxunub: 391     16:55     15 Sentyabr 2018    