Əfsanəvi "Dikaya Diviziya"nın Azərbaycanlı Süvari Alayı - ARAŞDIRMA (FOTOLAR)

2018/09/110_16906207395.jpg
Oxunub: 1599     15:15     15 Sentyabr 2018    
1914-cü il avqustun 23-də "Qafqaz yerli süvari diviziya"sının (Кавказская туземная конная дивизия) yaradılması barəsində imperator II Nikolay əmr imzaladı. Diviziyada üç briqada tərkibində birləşdirilmiş 6 alay olmalı idi: Qabarda, 2-ci Dağıstan, Çeçen, Tatar (azərbaycanlılar "qafqaz tatarları" kimi göstərildiyindən alay da Tatar alayı adını alıb), Çərkəz və İnquş alayları.

Rusiya ordusu tərkibində Qafqaz süvari diviziya və beş Qafqaz kazak diviziyası olduğundan yeni yaradılan hərbi hissənin adına "yerli" sözü əlavə edildi. İmperatorun qardaşı böyük knyaz general-mayor Mixail Aleksandroviç Qafqaz yerli süvari diviziyasının komandiri, Litva müsəlmanlarından olan polkovnik Y.D.Yüzefoviç diviziyanın qərargah rəisi təyin edildilər. 1914-cü ilin noyabrında Tiflisə gələn imperator "Diviziya tərkibinə altı alay təşkil etmiş Qafqazın müsəlman əhalisinə ürəkdən təşəkkür"ünü bildirdi.

1915-1917-ci illər döyüşlərində fədakarlıqla vuruşmuş Qafqaz yerli süvari diviziyası Rusiya ordusunun ən tanınmış hərbi hissələrindən biri olub. Avstriya, Almaniya və Rumın cəbhələrində vuruşmuş diviziya qəhrəmanlıq və hərbi bacarığı ilə seçilib. Diviziyanın döyüşçüləri çoxlu qənimət əldə etmişdi. Təkcə onu qeyd etmək kifayətdir ki, müharibə dövründə ələ keçirdiyi əsirlərin sayı diviziyanm öz sayından 4 dəfə çox olub. Diviziyanın 3500 döyüşçüsü Georgi xaçları ("əsgər Georgi nişanı") və Georgi medalları ilə təltif ediliblər.

Bu məqama ətraflı toxunmağı lazım bilirik. Rusiyanın ordenləri sırasında ən yüksək dərəcəli hərbi təltif nişanı Müqəddəs Georgi ordeni sayılırdı. Orden sırf zabitlərə verildiyindən onun "əsgər" variantı - "Hərbi ordenin fərqlənmə nişanı" ("Знак отличия военного ордена") təsis edilmişdi. Diviziyanın bütün zabitləri ordenlərlə təltif edilmişdir.

Təsadüfi deyil ki, düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdı. 1917-ci ilin iyununda çar ordusunun parçalanması ərəfəsində döyüşlər aparmağa məcbur olan Qafqaz yerli süvari diviziyası hərbi anda axıra qədər sadiq qalıb. 1917- ci il iyunun 29-da Kaluş şəhəri istiqamətində başda azəraycanlı general Feyzulla Mirzə Qacar olmaqla irəliləyən 2-ci süvari briqada düşməndən geri çəkilən 466-cı piyada alaya rast gəlib, alayı toplayaraq yenidən səngərlərə göndərib, daha sonra isə döyüşü davam etdirib. Əgər əvvəllər təkcə düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdısa, indi əksər mətbuat orqanlarında, əsasən də inqilabi qəzetlərdə diviziyaya belə adın verilməsi onun zabit və süvarilərinə toxunurdu. Ədalət naminə qeyd etmək lazımdır ki, diviziyanın belə adla çağırılmasına rus ziyalılarından da etiraz edənlər də vardı.

"Rusiyanın səhəri" ("Утро России") qəzetində "Rusiyanın sadiq oğulları" məqaləsində yazılıbr: "Qafqaz yerli süvari diviziyası düşmənlə "qardaşlaşan" rus ordusunun ticarət - satqınlıq hesablarını öz "vəhşi" həyatları ilə ödəyir. Bu "vəhşilər" rus ordusunu Rumuniyada xilas etdilər. Bir həftə əvvəl qarşısıalınmaz zərbə ilə avstriyalıları yenən, bütün Bukovinadan keçib Çernovisanı ələ keçirən "vəhşilər" Qaliçə girdilər və avstriyalıları qovdular. Dünən isə geri çəkilən və mitinqlər edən kolonları xilas etmək üçün irəli atılan "vəhşilər" düşməni dayandırdılar və müvazinət yaratdılar. Arxa cəbhədə qurulmuş mitinqlərə qaçan "nizamlı" əsgərlərin torpaq və azadlıq tələblərinə görə Rusiyaya qan haqqını "vəhşilər" ödəyirlər".

Maraqlıdır ki, belə məqalə həmişə qafqazlılara həqarətlə yanaşan ifrat monarxist - şovinist qaraguruhçuların ("Черносотенцы") qəzetində nəşr edilib. Diviziya döyüş fəaliyyəti dövründə böyük itkilər verib və hər dəfə itki olduqca Qafqazdan, о cümlədən Azərbaycandan yeni süvarilər göndərilirdi. 3 il ərzində diviziyada 7 mindən artıq süvari xidmət etib. Diviziya alaylarının heyətləri bir neçə dəfə arxa cəbhədən gələn heyətlərlə dəyişdirilib. Bütün müharibə dövründə diviziyada bir dəfə də olsun fərarilik halı qeydə alınmayıb! 1917-ci ilin avqust ayında Qafqaz süvari diviziyasına Qafqaz müsəlmanlarından təşkil edilmiş bir neçə alay əlavə edilib və Qafqaz yerli süvari korpusu təşkil edilib (komandir general-leytenant knyaz Baqration, Qafqaz yerli süvari diviziyasının komandiri general-mayor knyaz Qaqarin). Lakin sentyabrın 2-də Qaqarin və Baqration vəzifələrindən azad edilmiş, Qafqaz yerli süvari korpusunun komandiri general P.A.Polovsev, Qafqaz yerli süvari diviziyasının komandiri isə şahzadə Feyzulla Mirzə Qacar təyin edilmişdilər.

Qafqaz yerli süvari diviziyasının ən yaxşı hissələrindən biri Tatar süvari alayı idi. Tatar süvari alayı 1914-cü il avqustun 9-da Yelizavetpolda təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin müvəqqəti rəhbərlik etdiyi alay 4 yüzlükdən təşkil edilməli idi. 1-ci yüzlüyün süvariləri Qazax, 2-ci - Şuşa və Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Karyagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil edilməli idi.

Podpolkovnik Staroselskinin 1914-cü ilin sentyabr ayında verdiyi raportda qeyd edilirdi: "Çağırış zamanı süvarilər böyük həvəslə gəlir və tatar əhalisi sıralarında heç bir narazılıq müşahidə olunmayıb". Misal üçün, Cavanşir qəzasından göndərilən süvarilərin yolasalma mərasimi rəsmi raportda belə təsvir edilir: "Tərtərdə Cavanşir qəzasından 70 nəfər könüllü toplaşdı, onları yola salmaq üçün min nəfərdən artıq kütlə yığılmışdı. Könüllülər əllərində imperatorunun portreti, musiqi sədaları altında polis idarəsindən məscidə yollandılar, burada ruhanilər imperatorun və rus ordusunun şərəfinə dualar oxudular, bundan sonra könüllülər Yelizavetpola yola düşdülər".

Süvari alayda 22 zabit, 3 hərbi məmur, alay mollası, 575 nizami sıravi (onlar rəsmi sənədlərdə və danışıqda "süvari" adlanırdılar), 68 qeyri-nizami sıravi olmalı idi. Alayın təşkilinə köməklik göstərmək üçün Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla Mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna çağırışı başlamaq barəsində məktubla xəbər vermiş, avqustun 27-də isə qubernator tələb olunan 400 süvari əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir.

Qubernator yazırdı ki, alayın heyəti döyüş bayrağı kimi onlara 1-ci atlı müsəlman alayının (1828-ci ildə təşkil edilib, 1830-cu ildə fəxri bayraqla təltif edilib) Şuşa qəza idarəsində saxlanılan fəxri bayrağını verməyi xahiş edir. Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin göndərilməsi təntənəli şəkildə həyata keçirildi. Alay yola düşərkən onu əhali ilə birlikdə axund Hüseyn Əfəndi Əfəndiyev yola salıb. Alay Ukraynada olan zaman onun tərkibinə Şərqə vurğunluğu ilə seçilən Fransa vətəndaşı Şarl Testenuar qatılıb və alayın süvarisi olmaq hüququ ona da verilib.

Tatar süvari alayı cəbhə bölgəsinə beş eşalonla 1914-cü il, 11-13 sentyabr tarixlərində yollandı. Sentyabrın 12-də Qafqaz süvari diviziyasının komandiri Böyük knyaz Mixail Aleksandroviç Yelizavetpol qubernatoruna teleqram ünvanlayaraq alayın təşkilinə görə "şəhər əhalisi, qəza nümayəndələri və igidlərə” təşəkkürünü bildirib. Alayın baş axundu vəzifəsinə görkəmli Azərbaycan şairi Məhəmməd Hadi təyin edildi. Tatar süvari alayının ilk komandiri podpolkovnik P.A.Polovsev (01.09.1914-25.02.1916), sonra polkovnik F.N.Bekoviç-Çerkasski (25.02. 1916-05.07.1917), axırda isə polkovnik L.Maqalov (05.07.1917-ci ildən) olmuşdur. Bessarabiya zadəganlarından olan Pyotr Aleksandroviç Polovsev 1874-cü ildə Peterburqda anadan olub. Qusar alaylarında xidmət etmiş Polovsevin məhz Tatar alayına komandir təyin edilməsi təsadüfi deyildi. Azərbaycanlılara böyük hörmətlə yanaşan, Azərbaycan adət-ənənələrini alayda saxlamağa imkan verən, şücaət və qorxmazlığı ilə seçilən Polovsev barəsində rus zabitləri deyirdilər ki, "onun bədəni rus, ruhu isə tatardır".

Alay komandirinin köməkçiləri əslən Bakıdan olan podpolkovnik Vsevolod Staroselski və rotmistr Şahverdi xan Əbülfət xan oğlu Ziyadxanov təyin edilmişdilər. 1916-cı ilin əvvəllərində polkovnik A.Polovsev Qafqaz yerli süvari diviziyasının qərargah rəisi təyin edildi. 1917-ci ilin mayında Petroqrad hərbi dairəsinin komandanı təyin edilən general-mayor P.A.Polovsev şəxsən hərbi nazirə müracəit edərək yeni vəzifədə Tatar süvari alayının uniformasını daşımaq hüququnu qazandı. 1917-ci il sentyabrın 2-də general P.A.Polovsev Qafqaz yerli süvari korpusunun komandiri təyin edildi. Polovsev inqilabi hadisələrin dəhşətlərini görərək Müvəqqəti hökumətdən hissələrinin Qafqaza göndərilməsi barədə razılıq almağa nail ola bildi. Korpusun hissələrini Şimali Qafqazda yerləşdirən Polovsev özünə doğma bildiyi Tatar alayını Azərbaycana göndərdi. Oktyabrın 26-da Polovsev Yelenendorfa (Yelizavetpol yaxınlığında alman koloniyası) gələrək burada Tatar süvari alayına baxış keçirdi və alayın hazır hərbi hissə olmasını təsdiqlədi. Polovsevin sonrakı taleyi məlum deyil.

Tatar alayının formalaşmasında 8-ci ehtiyat süvari alayının müsəlman zabit və unter-zabitləri iştirak edir, onlara alayın təşkilində köməklik göstərmək üçün 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla Mirzə Qacar başçılıq edirdi. Şahzadə Feyzulla Mirzə Qacar 1872-ci ildə çar ordusunun polkovniki Şəfi Xan Qacarın ailəsində anadan olub. Tiflis kadet korpusu və Nikolayev süvari məktəbini bitirdikdən sonra draqun alaylarında xidmət edən Feyzulla Mirzə 2-ci Dağıstan alayının (komandir Hüseyn Xan Naxçıvanski) tərkibində Rus-Yapon müharibəsində iştirak edib və şəxsi şücaəti ilə seçilib. Ayağından ağır yaralanan Feyzulla Mirzə dəfələrlə təltif edilib. I Dünya müharibəsi başlayanda rotsmistr rütbəsində olan Feyzulla Mirzə eskadron komandiri idi. 15 fevral 1915-ci il tarixində Brın kəndi uğrunda gedən döyüşdə geri çəkilən Uman kazak alayının dörd süvari bölüyünü saxlayıb, ona ürək-dirək verən, onları yenidən düzənləyib döyüşə aparan və qələbə qazanan Şahzadə Feyzulla Mirzə Qacar Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif edilib.

1915-ci fevralın 17-də polkovnik F.M.Qacar Çeçen süvari alayının komandiri təyin edildi. İyul ayında Şahzadə Feyzulla Mirzə Qacar 2-ci süvari briqadanın (Çeçen və Tatar alayları) komandiri təyin edildi. Dekabrın 9-da polkovnik Feyzulla Mirzə Qacar ağır yaralansa da, sağalandan sonra 1917-ci ilin fevralında yenidən diviziyaya qayıtıb və Çeçen süvari alayının komandiri təyin edilib. May ayında general-mayor rütbəsinə layiq görülən Feyzulla Mirzə Qacar 2-ci süvari briqadanın, 1917-ci ilin avqustunda Qafqaz yerli süvari diviziyasının komandiri təyin edildi. 3-cü dərəcəli Müqəddəs Georgi və "Qızıl silaha" təqdim edilən şahzadə onları ala bilmədi: imperiyanın parçalanması buna imkan vermedi.

1918-ci ilin dekabrınadək Pyatiqorskda diviziyanı saxlamağa çalışan və dağılmaqdan qoruyan Feyzulla Mirzə Qacar Azərbaycana gəlir və Azərbaycan Ordusuna xidmətə qəbul edilir. O 1-ci süvari diviziyanın komandiri təyin olunur, eyni zamanda Gəncə şəhəri hərbi qarnizonu rəisi vəzifəsini də icra edir.

Sovet hakimiyyəti qurulandan sonra onun taleyi məlum deyil. Bu zaman Tatar və Çeçen alayları diviziyanın 2-ci süvari briqadasını təşkil edirdi (briqada komandiri polkovnik K.Xaqandokov). 1914-cü il noyabrın əvvəllərində diviziya 2-ci süvari korpusun (komandir general-leytenant Hüseyn Xan Naxçıvanski) tərkibinə verildi.

Lvov şəhərində hissələrə baxış keçirən Xan Naxçıvanski onların hazırlıqlarından razı qaldı. Jurnalist İlya Tolstoy (məşhur yazıçı Lev Tolstoyun oğlu) özünün "Al başlıqlar" ("Алые башлыки") oçerkində yazırdı: "Biri digərindən gözəl olan alaylar süvari şəkildə yürüş qaydası ilə keçirdi, bütün şəhər indiyənədək görmədiyi tədbiri seyr etməyə yığışmışdı... Öz tütəklərində hərbi xalq mahnılarını çalan zurnaçıların müşayiəti ilə sinirli, gözəl atlar üzərində oturmuş, qəşəng çərkəzi paltar geymiş, qızıl və gümüşlə işlənmiş silahlara malik olan, al-qırmızı başlıqlı qarabəniz, çevik, qürurlu və ləyaqətli süvarilər bizim yanımızdan keçirdi".

Baxışdan dərhal sonra Sana çayı sahilinə çıxarılan alaylar Polyançik, Rıbne, Verxovina-Bıstra istiqamətlərində ağır döyüşlərə atıldılar. 1915-ci ilin yanvarında düşmənin Peremışl istiqamətinə yürüşünün qarşısını almaq üçün Tatar alayı hətta piyada halda vuruşmalı oldu.

"Müharibə salnaməsi" adlı topluda "Dikaya diviziya" oçerkində qeyd edilib: "Karpatlarda qar var, hər tərəf ağdır. Qabaqda təpələrdə, qar səngərlərində avstriya piyadaları yerləşiblər. Hər tərəfdə güllələr uçur... Hamısı özümüzkülərdir. Əhmədi yaralasalar İbrahim çıxardar, İbrahimi yaralasalar İsrayıl çıxardar, Abdullanı yaralasalar İdris onları daşıyar. Daşıyıb çıxararlar, nə yaralını, nə də ölünü düşmənə qoymazlar... Alay yürüş üçün düzüldü. Ehtiyat kolonunda qəhvəyi - boz atlar üzərində süvarilər dayanmışdı. Yəhərlərin arxasına qara yapıncılar asılmış, atların yanlarından əlvan xurcunlar sallanır, qəhvəyi papaqlar alınlara düşür. Qarşıda döyüş var, çünki düşmən yaxındadır. Ağ atın belində, çiynində tüfəngi olan molla kolonun qabağına çıxır... Molla döyüşdən əvvəl dua edir... Qaş-qabaqlı üzlər ona dinməz qulaq asırlar. "Amin"- cərgələr səslənir, Amin, Allah, Allah!" Əllərini alınlarına apardılar, üzlərinə çəkdilər, sanki ağır fikirləri sildilər, yüyənləri çəkdilər. Döyüşə getməyə hazırdılar. Ya Allah, Allah yolunda irəli!"

Qalisiya əməliyyatında Tatar alayı Karpart dağlarını aşaraq düşmən arxasına keçməklə nəticələnən məşhur bir reyd etdi. 1915-ci ilin fevralında diviziya uğurlu hücum əməliyyatları keçirdi. Fevralın 15-də Brin kəndinə Çeçen və Tatar alayları hücum etdi. Əlbəyaxa döyüşdən sonra kənd alınmış və A.Polovsev Müqəddəs Georgi ordenin 4-cü dərəcəsi ilə təltif edildi.

Yelizavetpol qubernatoruna məktubunda Polovsev yazırdı: "Yerli diviziyada birinci olaraq Tatar alayı öz komandirinə Georgi xaçını qazandırdı. Yüksək təltif nişanı ilə fəxr edərək onu tatar süvarilərin yüksək döyüş keyfiyyətləri və şücaətinə verilmiş qiymət hesab edirəm.."

Fevralın 21-də Xan Naxçıvanski böyük knyaz Mixail Aleksandroviçə düşməni Tlumaç mövqelərindən qovmağı əmr etdi. İrəli göndərilən Tatar və Çeçen alayları tapşırığı yerinə yetirdi. 1915-ci ilin avqust ayında Dnestr çayının sol sahilində ağır döyüşlər gedirdi. 2-ci süvari briqada Vinyatınsı rayonunda 250 süvari itirməklə düşmənin 5 irimiqyaslı hücumunu dəf etdi. Əslən qabardin olan Tembot Janxotoviç Bekoviç Çerkasski (son-ralar adını dəyişdirib) 1916-cı ilin əvvəllərində Tatar süvari alayına komandir təyin olundu. 1916-cı il yanvarın 21-də diviziya tərkibində yeganə olaraq Tatar alayına imperatorun əmri ilə fəxri ştandart verilib.

Rusiya ordusunda ştandartla təltif edilmə kollektiv təltif nişanları sırasında ən vacibi sayılırdı. Mayın 31-də Tatar alayı yenidən fərqləndi. Tışkovsı kəndi hücumla alınarkən burada düşmənin 6 zabiti və 171 əsgəri əsir götürüldü. Dərhal mövqelərini vəziyyəti bərpa etməyə çalışan avstriyalılar iri qüvvələrlə bir neçə dəfə hücum etsələr də, 256 nəfər itirərək geri çəkilməyə məcbur oldular. Bu döyüşə görə Bekoviç-Çerkasski Müqəddəs Georgi ordenin 3-cü dərəcəsi ilə təltif edildi.

1916-cı ilin yayında Tatar süvari alayı Cənub-Qərb cəbhəsinin "Brusilov əməliyyatı"nda iştirak edir. İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxdı, sonra isə Çeçen alayı ilə birgə düşmənin atəşi altında çayı keçməyə müvəffəq oldu. Rostoku tutaraq alaylar sürətlə Prut çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib). 1917-ci ilin avqustunadək döyüşlərdən çıxmayan Tatar süvari alayı döyüşçülərinin qəhrəmanlığı yüksək qiymətləndirilirdi.

Alayın 6 nəfər zabiti Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi, 5 nəfər zabiti isə ona bərabər tutulan "Qızıl silah"la təltif edildilər. Onların sırasında gələcəyin məşhur sərkərdəsi, alayının korneti Cəmşid Xan Naxçıvanski da var idi. Alayın bütün zabitləri imperiyanın digər ordenləri ilə də mükafatlandırıldı. Digər alayların tərkibində vuruşan azərbaycanlılar da mükafatlandırıldı. Belə ki, Kabarda süvari alayının ştab - rostmistri Kərim Xan İrəvanski "Qızıl silah"la təltif edildi. Sıravilər sırasında da fərqlənənlər az deyildi. Əli bəy Nəbibəyov, Sayad Zeynalov, Mehti İbrahimov, Ələkbər Hacıyev, Daso Daurov, Aleksandr Kaytukov tam Georgi kavalerləri (4 "əsgər" Georgi nişanına layiq görülənlər tam kavaler sayılırdılar) olmuşdur. Üç Georgi xaçı və üç Georgi medalı ilə Osman ağa Gülməmmədov təltif edildi. Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə başlayaraq o, üç Georgi xaçı və bir Georgi medalı ilə təltif edilmiş, bilik və bacarığına görə zabit rütbəsinə layiq görüləndən sonra daha dörd döyüş ordeninə layiq görülmüşdü. 4-cü dərəcəli "əsgər" Georgi nişanı ilə Paşa Rüstəmov, Xəlil bəy Qasımov, Şahzadə İdris ağa Qacar, Kərim Qulu oğlu təltif edildilər.

1917-ci il iyunun 24-dən etibarən Müvəqqəti hökumətin qərarı ilə "əsgər" Georgi xaçı ilə zabitlər də təltif edilə bilərdi. "Əsgər" nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid Naxçıvanski, Xaitbəy Şervaşidze, N.Bobrinski, rotmistr Şahverdi Xan Ziyadxanov, ştab - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər. Petroqrad hərbi dairəsinin komandanı general-mayor P.A.Polovsev Məmməd Xan Ziyadxanova yazdığı məktubunda qeyd edirdi: "Qalisiya və Rumuniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar etmiş müsəlmanlar özlərini böyük əcdadlarının layiqli davamçıları və bizim böyük vətənin sadiq oğulları kimi göstərmişdilər".

Polovsev inqilabi hadisələrinin dəhşətlərini görərək Müvəqqəti hökumətdən korpus hissələrinin Qafqaza göndərilməsinə nail ola bildi. Korpusun qərargahı Vladiqafqazda, diviziyanın qərargahı isə Pyatiqorskda idi, Tatar alayı Yelizavetpola göndərildi.

1917-ci ilin oktyabr çevrilişindən sonra korpus öz təşkilatı və tərkibini saxlayırdı, lakin 1918-ci ilin yanvarında korpus ləğv edildi. Müsəlman Korpusunun komandanı təyin edilən general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbhəxana, ərzaq ehtiyatı, paltar və ayaqqabı yox idi".

1918-ci il yanvarın 7-də "Açıq söz" qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-ci və 7- ci atıcı diviziyalar) əvəz etməli idi. Dövrün hadisələrində fəal iştirak etmiş İsrafil bəy İsrafilov öz xatirələrində göstərir ki, Tatar süvari alayı azərbaycanlılardan ibarət yeganə yaxşı təşkil edilmiş silahlı qüvvə idi. Ona kömək məqsədi ilə əsasən tələbələr və ziyalılardan ibarət "Yaşıl qvardiya"nın yaradılmasına başlandı. Qvardiyaya komandanlıq İ. İsrafilova tapşırıldı, onun süvari dəstəsini polkovnik Rəfibəyli təşkil etməli idi. Bakı Soveti və onun qurumları Bakıda milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər. Təminatla bağlı problemi həll etmək üçün müsəlman ictimai təşkilatları bazarlardan lazım olanları alıb qoşun hissələrinə təhvil verirdilər. Bəzi hallarda torpaq sahibkarları və imkanlı şəxslər öz dəsətələri ilə Korpusa yazılırdılar.

Belə ki, Rəşid bəy Səmədov adlı birisi öz dəstəsi ilə gəlmiş və dəstə tam heyətlə 1-ci süvari müsəlman alayına qatılmışdı. Eskadron şəklində düzənlənən dəstəyə Xan Naxçıvanski komandir təyin edildi, R.Səmədova praporşik rütbəsi verildi və o, eskadron komandirinin köməkçisi oldu. Müsəlman Korpusunun strukturu aşağıdakı şəkildə olmalı idi: iki nişançı diviziya (hər birində 4 nişançı alay (1-ci, 2-ci, 3-cü, 4-cü, 5- ci, 6-cı, 7-ci, 8-ci müsəlman alayları), Xüsusi süvari briqada (3 süvari alay -1-ci Müsəlman süvari alayı, 2-ci Tatar süvari alayı, 3-cü Ləzgi süvari alayı), iki nişançı-topçu briqadası (1-ci və 2-ci), istehkam taboru, Süvari batareya, Mortir və park divizionu, 2-ci müsəlman Mortir parkı.

Korpusun qərargahında aşağıdakı strukturlar var idi: Ümumi qərargah, korpusun təchizat rəisi xidməti, topçu müfəttişi xidməti, istehkam rəisinin xidməti, oberkvartirmeyster xidməti, növbətçi zabit şöbəsi, коrpusun tibb xidməti və baytar həkim xidməti. Hissələrdə təlim bölmələri və Müsəlman təlim batareyası təşkil edilirdi. Korpusun hərbi məhkəməsinin sədri polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman Korpusunun xidmət və məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradıldı.

1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin zirzəmisində patron sexi açıldı, könüllülər toplandı. Lakin bolşevik-erməni qüvvələrinin cəmləşdiyi Bakıda yalnız iri, tam hazırlıqlı hərbi hissə ilə fəaliyyət göstərmək olardı. Silah-sursatı olmayan, əsasən könüllülərdən təşkil edilməyə başlayan hərbi hissəni belə şəraitdə yaratmaq qeyri-mümkün idi. Bu səbəbdən korpusun hissələrinin aşağıdakı dislokasiya sxemi tərtib edilmişdi (Əli ağa Şıxlinskinin 11 mart 1918-ci il 58 saylı əmri ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci müsəlman nişançı alayı Qubada, 1-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu, İstehkam taboru, Müvəqqəti Milli hərbiyyə məktəb Yelizavetpolda (Gəncədə), 6-cı müsəlman nişançı alayı İrəvan quberniyasında (qərargahı Naxçıvanda), 7-ci müsəlman nişançı alayı Nuxada, 8-ci müsəlman nişançı alayı Abbastumanda (Şərqi Gürcüstan), 2-ci müsəlman nişançı-topçu briqadasının rəhbərliyi və 1-ci divizionu Naxçıvanda, Müsəlman süvari-topçu batareyası Lənkəranda, 2-ci Tatar süvari alayı Ağdamda.

Silah və sursatın, komanda heyətinin çatışmadığı şəraitdə belə dislokasiya sxemi ilə korpusun təşkili işi daha da çətinləşirdi. Bütün hərbi hissələrin bir ərazidə, 2-3 təlim mərkəzlərində təşkil edilib bölgələrə göndorilməsi məqsədə uyğun olardı, lakin mövcud hərbi-siyasi vəziyyət yuxarıda göstərilən sxemin tətbiqini tələb edirdi. Hərbi hissələr təlimlə bərabər yerləşdiyi ərazilərdə əmin-amanlığı qorumalı, bolşevik-erməni dəstələrinin irəliləməsinə imkan verməməli idilər.

1918-ci ilin əvvəllərindən başlayaraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək mümkün oldu. Şəmkir stansiyasında baş vermiş hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində eşelonlar silahı təhvil vermək məcburiyyətində qaldı. Toplanan silahlar könüllülərdən təşkil edilən korpusun yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər.

Beləliklə, 1918-ci ilin martında – Müsəlman Korpusu hissələrinin formalaşmaqda olduğu vaxt, yeganə hazır qüvvə Tatar süvari alayı idi. Lakin alay cəmi 600-ə yaxın süvaridən ibarət idi, onların da bir qismi Lənkəran, Bakı və Şamaxıda yaradılan hərbi hissələrdə təlimatçı kimi çalışırdılar. Bakı Sovetinin bolşevik-erməni qüvvələrinin qarşısını almaq üçün bu kifayət etmirdi. 1918-ci ilin mart-aprel aylarında Bakıda, daha sonra Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən azərbaycanlı əhalinin soyqırımı həyata keçirilərkən, bu məntəqələrdə olan könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər. Müsəlman Korpusunun təşkilini sürətləndirmək üçün Zaqafqaziya hökuməti 100 min rubl, 2 təyyarə, 1 zirehli qatar, silah və sursat ayırmağa, kömək üçün gürcü hərbi hissələrini göndərməyə söz verdi. Əslində 1 zirehli qatar, az sayda atıcı silahlar, bir gürcü bölüyü göndərildi. Buna baxmayaraq, bolşevik-erməni təcavüzünün qarşısını almaq üçün dəstə təşkil etmək qərarı qəbul edildi. Dəstə polkovnik L.Maqalovun rəhbərliyi ilə təşkil edildi və onun tərkibinə Müsəlman Korpusunun qüvvələri qatıldı. Bilavasitə Maqalovun tabeçiliyində Tatar süvari alayı, 7-ci və 8-ci müsəlman nişançı alaylarından toplanmış bir müsəlman nişançı alayı, pulemyot komandası, Milli hərbiyyə məktəbinin müdavimləri, 1 zirehli qatar və gürcü bölüyü var idi (təxminən 2 min nəfər, 4 top, 6 pulemyot, 1 zirehli qatar).

Könüllülərdən təşkil edilmiş süvarilər (təxminən 3 min nəfər) toplanaraq İsmayıl хаn Ziyadxanlının tabeçiliyinə verildi. Quba, Xaçmaz, Dəvəçidə yaradılmaqda olan hissələrin könüllüləri Bakıdan çıxan könüllülərlə birləşərək 1-2 min nəfər təşkil etdi. Bu qüvvə imam N.Qosinskinin göndərdiyi qüvvə ilə birləşdi, lakin Qosinskinin döyüşçüləri aprelin 8-10-da döyüşlərdə iştirak etsələr də, Xırdalana çatar-çatmaz Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.

İsrafil bəy İsrafilov xatirələrində yazır ki, "Tatar süvari alayı gənc respublikanın yeganə yaxşı təşkil edilmiş silahlı qüvvəsi idi. Ona kömək məqsədi ilə "Yaşıl qvardiya"nın yaradılmasına başlandı: əsasən tələbələr və ziyalılardan ibarət hərbi hissə. Qvardiya ilə komandanlıq mənə tapşırıldı. Süvari dəstəyə polkovnik Rəfibəyli başçılıq edirdi. Bizim azsaylı dəstəmiz Hacıqabul stansiyasına qədər irəliləsə də geri çəkilməyə məcbur oldu..." Bakı Sovetinə qarşı döyüşlərdə iştirak edən Müsəlman Korpusunun bir hissəsi belə ştatlara uyğun təşkil edilməmiş, ümumiyyətlə Korpus ayrı-ayrı bölmələr şəklində (alay-tabor-bölük) vuruşub. Məhz bu amil Azərbaycan hökumətini Türkiyə dövlətindən hərbi kömək istəməsi məcburiyyətində qoyub.

Azərbaycanın azadlığı uğrunda 1918-ci ildə "Qan ilə qazandıq zəfəri, verməyiz əldən" şüarı ilə vuruşmuş türk və azərbaycanlı döyüşçülərin xatirasinə ithaf olunur.

Yusif Ağayev
Səbuhi Əhmədov
Ordu.az

Teqlər: Tatar-süvari-alayı   Vəhşi-diviziya  

Əfsanəvi "Dikaya Diviziya"nın Azərbaycanlı Süvari Alayı - ARAŞDIRMA (FOTOLAR)

2018/09/110_16906207395.jpg
Oxunub: 1600     15:15     15 Sentyabr 2018    