Bir əsrdən artıq macəra: Rusiya müharibəni uduzmaq istədiyi üçün uduzdu?

2018/09/11_1536910315.jpg
Oxunub: 11461     15:23     14 Sentyabr 2018    
"Biz hamımız düşünürdük ki, müharibə və sülh məsələsi Rusiyadan asılıdır, nəticədə Yaponiyanın həyati əhəmiyyətli iddialarının müdafiəsində inadkar qətiyyətini gözardı etmiş olduq..."

- A.N. Kuropatkin. Rus-Yapon müharibəsi

Gərəksiz müharibə

Rusiya üçün daha sonra ağır və biabırçı müharibəyə çevrilən Rusiya-Yaponiya münaqişəsinin təmamilə lazımsız olduğu barədə səslənən fikirlər indi də çoxluq təşkil edir. Lakin bu fikirlər tam reallığı dolğun şəkildə əks etdirmir.

Hər hansı birimiz çox nadir hallarda (bir qayda olaraq yalnız tam böhran şəraitində) dəqiq və etibarlı şəkildə öz məqsədlərimizi və meyllərimizi düzgün müəyyənləşdirə bilirik. İstənilən bir dövlətin daxili və xarici siyasəti isə bir çox insanların gizli arzu və istəklərindən ibarət olur, yalnız zaman hadisələr haqqında doğru təsəvvür yaratmağa imkan verir.

Əslində isə bu müharibəni (çox tez-tez olduğu kimi) ən xeyirxah niyyətlər şərtləndirirdi.


XIX əsrin ikinci yarısında Rusiya Uzaq Şərqdə praktiki olaraq müdafiəsiz idi. Yeri gəlmişkən, Saxalini təxminən hər biri min nəfərdən ibarət üç alay müdafiə edirdi, Vladivostok isə tamamilə ciddi hərbi gücdən məhrum idi, ümumiyyətlə bütün Amur bölgəsində yalnız 19 piyada taboru mövcud idi. İmperiyanın Avropa hissəsi ilə bu böyük vilayəti yalnız 9 min verst (1 verst = 1.06 km) uzunluğunda aylarlarla sürən və ən çətin bir torpaq yolu əlaqələndirdi!

1875-ci ildə Rusiya Nazirlər Komitəsində Sibir dəmir yolunun tikintisi məsələsini dinlənildi. Əvvəlcə onun Tümenə qədər çəkilməsi nəzərdə tutulurdu, lakin III Aleksandr bütün Sibir boyu dəmir yolu çəkməyi əmr etdi. Yolun inşasına Rusiyanın mərkəzindən başlanması (məntiqi baxımdan doğrudur) planlaşdırıldı.

Lakin 1894-cü ildə Yaponiya ilə Çin arasında silahlı qarşıdurma baş verdi, bir il sonra isə sonuncunun məğlubiyyəti ilə başa çatdı. Çin çətin və mürəkkəb vəziyyətdə idi, bu zaman rus siyasətçilərinin bəziləri "uzaqgörən" bir plan təklif edirlər: şəraitdən istifadə edərək Uzaq Şərqdə Rusiyanın mövqeyini gücləndirmək və eyni zamanda böyük dəmir yolunun tikintisi üzrə vəsaitlərə qənaət etmək. Bu ideyanın müəllifi hiyləgər və nüfuzlu maliyyə naziri S.Y. Vitte idi.

Çin uğursuz müharibədən sonra Yaponiyaya ödəniləcək kompensasiya üçün vəsaitə ciddi ehtiyacı olduğu bir vaxtda, Rusiyanın maliyyə naziri Fransa vasitəsilə Pekinə kredit ayrılması ilə bağlı razılığa gəlir.


Sonra Maliyyə Nazirliyi tərəfindən idarə olunan Rusiya-Çin bankı yaradılır. Və üstəlik, Sibir yolunun bir hissəsinin (1200 verst) Çin hesabına onun ərazisindən - Şimali Mançuriyadan keçəcəyi razılaşdırılır. S.Y. Vitte, bu qərarın yolların birbaşa çəkilməsi xərclərinə qənaət edəcəyini və xəzinəyə 15 milyon rubl qazandıracağı ilə əsaslandırdı. Bundan əlavə - əsas həlledici arqument! Ölkənin baş maliyyəçisi əmin edirdi: yol qlobal əhəmiyyətə malik olacaq. Rusiya, xarici ölkələrin tranzit yüklərini daşıya biləcək və böyük miqdarda vəsait qazanacaq.

Gələcək göstərdi ki, maliyyə naziri şox uzaqgörən olub.

Bu arada, məğlub olan Çin çox zəif idi və 1897-ci ildə xarici ölkələrin döyüş gəmiləri Çinin Qingdao limanına girdi. Dırnaqlı zəncir lövbərlər dərinliyə buraxıldı. Gəmilərin üstündə Kayzer Almaniyasının bayraqları yırğalanırdı. Burda bir çox nəhənglərin maraqları kəsişirdi. Qingdao limanında əvvəllər yalnız Rusiya gəmiləri görünürdü. Yaranan vəziyyət, yumşaq olaraq delikat və təhlükəli idi.

Lakin çıxış yolu tapıldı.

Çini bir də böldülər: Port Artur Rusiyaya verildi, Qingdao isə Kayzer Vilhelmə verildi. Port Arturdan başqa bu dəmir yolunun cənub hissəsinin tikintisi üçün zəruri olan Çinin Liaodong yarımadasının icarəsi haqqında müqavilə bağlandı.


Əvvəlcə hər şey, xüsusilə də maliyyə naziri üçün, gözəl idi: nazirin rəhbərlik etdiyi Şərqi Çin dəmir yolu sürətli templə inşa edilirdi. Yolun qorunması üçün şəxsən nazirə tabe olan xüsusi mühafizə korpusu yaradıldı. Maliyyə nazirliyi yolun kommersiya mənafelərinə xidmət etmək üçün ticarət donanması təşkil etdi, öz növbəsində onu qorumaq üçün də kiçik bir hərbi donanma yaradıldı. Mühafizə korpusunun ehtiyacları üçün istifadə ediləcək atıcı və artilleriya silahlarını maliyyə naziri hərbi nazirliklə əlaqələndirmədən şəxsən seçirdi.

Uzaq Şərqdə, Mançuriyada S. Y. Vitte tərəfindən yaradılan və nəzarət edilən kiçik bir imperiya böyürürdü. Lakin problemlər də mövcud idi: yol gözlənilən qədər gəlirli və sərfəli deyildi. Dəniz ilə yük daşımaları daha ucuz başa gəlirdi. Çuqun dəmirindən hazırlanan qatarlarda əsasən azsaylı səyyahlar, poçt göndərişləri daşınırdı. Dəmir yolu qoşunların daşınması üçün uyğun olsa da, bunun üçün də hələlik xüsusi bir ehtiyac mövcud deyildi.

Lakin tezliklə vəziyyət köklü şəkildə dəyişdi.

Çirkin işlər

Təqaüddə olan nüfüzlu dövlət katibi Bezobrazov, Rus-Koreya və Koreya-Çin sərhədində meşələrin qırılması üçün imtiyazlı icazə əldə etdi. Bu iş çox sərfəli idi, burada tükənməyən bol resurslar və olduqca ucuz işçi qüvvəsi mövcud idi. Material daşınması üçün yeni dəmir yolu da faydalı oldu. Bezobrazov, macəralı, avantürist və çox aktiv bir adam idi, hansısa yolla maliyyə nazirinin onun problemlərini tam anlamasına nail oldu və pullar axmağa başladı.

Çində isə xalq üsyanları başlaması ilə dəmir yolu xəttinin bir hissəsi məhv edildi, mühafizə korpusunun qüvvələri kifayət etmirdi.


Nəticədə, mühafizəçilər Harbində üsyancılar tərəfindən mühasirəyə alındılar. Lakin Maliyyə Naziri Rusiyanın müntəzəm qoşunlarının əraziyə yeridirilməsinə qarşı çıxdı. Nəhayət, 1900-cü ilin payızında, Mançuriyada vəziyyəti düzəltmək bəhanəsilə yüz minlik ordu hərəkətə keçdi. Bu zaman Rusiyanın Trans-Sibir dəmir yolu xəttinin digər dövlətin ərazisindən keçirilməsinin səhv addım olduğu ortaya çıxdı. Yolun həm Çin hakimiyyətinin özbaşınalığından, həm də narazı xalq kütlələrinin yeni iğtişaşlarından yalnız ordu gücünə, özü də böyük bir ordu gücünə qorumaq mümkün idi. Bu faktorlar əvvəlcə Şimali, sonra isə Cənubi Mançuriyanın və Koreyanın bir hissəsinin ruslar tərəfindən işğalına gətirib çıxardı. Qonşu dövlətin ərazisinin işğalı probleminə, uzun illər boyu Rusiya imperiyasının apardığı siyasət kontekstindən baxdıqda, bu yolun bilərəkdən Çin ərazisindən keçirilməsi daha çox inandırıcı görünür.

Bu fəaliyətlər isə Yaponiyanı haqlı olaraq narahat edirdi. Vəziyyət kifayət qədər gərginləşirdi. Rusiyanın Cənubi Mançuryada möhkəmlənməsi, Yaponiyanın daim həyati mənafe zonası hesab etdiyi Koreya ərazisinə soxulması kimi dəyərləndirilirdi.

Çin də xarici müntəzəm qoşunların ərazisində dislokasiyasını arzu etmirdi və Pekinlə münasibətlər getdikcə pisləşirdi. 1902-ci ilin aprelində Sankt-Peterburq 18 ay ərzində üç mərhələdə qoşunların çıxarılmasına dair müqavilə imzalamağa məcbur oldu.

Lakin Rusiya hökuməti qəsdən qoşun çıxarılmasını ləngidirdi. Hərbi nazir A. N. Kuropatkin sonralar nazirliyinin xərc yükünün azalması məqsədilə qoşunların çıxarılmasını, onların Qərbə qayıdaraq ənənəvi hərbi vəzifələrini icra etmələrini dəstəklədiyini yazırdı.

Qoşunların çəkilməsi başlasa da sonra proses dayandırıldı. Bu qərar Bezobrazovun Uzaq Şərqə gəlişi ilə üst-üstə düşdüyündən bəzi şübhələr yaranmaya bilməzdi.


Təqaüdçü dövlət katibi və onun ətrafı imperator II Nikolaya Mançuriyadan və Koreyadan qoşunun çəkilməməsi üçün təzyiqi gücləndirirdi. Bu tam başa düşüləndir: qoşunların dəstəyindən məhrum olan Bezobrazov ciddi gəlirlərə malik biznesini itirəcəkdi. Öz növbəsində, maliyyə naziri də "Dövlət katibi Bezobrazovla araşdırdıqdan sonra bu məsələdə fikir ayrılığımız ortadan qalxdı" açıqlamasını verdi.

Beləliklə məsələ həll edildi.

Bezobrazovun Koreyadakı imtiyazlı konsessiyası daha da güclənirdi, bu isə Yaponiyanın qəzəbinə səbəb olurdu. Konsessiyanın tərkibində rus əsgər və zabitlərinin mövcudluğu vəziyyəti daha mürəkkəbləşdirirdi.

Yaponiyanı maraqlarını müdafiə etmək məcburiyyətində idi, lakin o dövrdə son dərəcə sülhsevər bir ölkə olaraq da qəbul edilmirdi. Çin üzərində qələbədən ilhamlanaraq, Yaponiya materikdə daha da genişlənməyə hazırlaşırdı və bu istiqamətdə ardıcıl olaraq hərəkət edirdi.

O dövrdə Yaponiya diplomatiyasının zirvə nailiyyəti 1902-ci ildə İngiltərə ilə müttəfiqlik haqqında müqavilənin imzalanmasından ibarət oldu. Sənədin ikinci maddəsində tərəflər, digər müttəfiqin iki və ya daha çox ölkələrlə müharibə vəziyyətində olduğu vəziyyətdə bir-birinə hərbi yardım göstərilməsini nəzərdə tuturdu.

İndi Yaponiya müharibə vəziyyətində Rusiyanın Fransa və ya Almaniya tərəfindən dəstəklənməsindən ehtiyat etmirdi: müqaviləyə əsasən, İngiltərə dərhal Yaponiyanın yardımına gəlməli idi.

Bununla yanaşı, Rusiya ilk növbədə, Koreya və Çində rus qoşunlarının mövcudluğu ilə bağlı mübahisəli məsələlər üzrə Yaponiya ilə müzakirə aparmaqda davam edirdi. Hər keçən gün vəziyyət daha çox müharibəyə doğru yaxınlaşırdı, lakin hələ də dünyanı xilas etmək mümkün idi.


1903-cü ilin noyabrın 26-da hərbi nazir A.N. Kuropatkin imperatora müharibənin qarşısını almaq üçün Port Arturu Çinə qaytarmağı, dəmir yolunun cənub qolunu satmağı və əvəzində Şimali Mançuriyaya aid xüsusi hüquqları əldə etməyi təklif edən raportunu təqdim etdi. Təklifin ideya və məqsədi Koreya ilə sərhəddəki gərginliyi aradan qaldırmaq idi. Lakin o dövrdə aparılan danışıqlara II Aleksandrın kəbindən kənar oğlu, II Nikolayın təyin etdiyi qubernator, general-adyutant, (əlavə olaraq, admiral) E.İ. Alekseyeev rəhbərlik edirdi. Bu səviyyədə kompetensiyaya malik olmayan müzakirəçi qubernator Yaponiya tərəfinə heç bir güzəşt etməyərək bunu imperiyanın prestiji üçün təhqir hesab etdi.

Dənizdə

Vəziyyətin xüsusiyyəti, hər iki tərəfin çox uzaq hərbi teatrlarda mübarizə aparmasından ibarət idi. Rusiyanı çox böyük quru sahəsi, Yaponiyanı isə çox böyük olmasa da dəniz akvatoriyası cəbhədən ayırırdı.

Gələcək müharibədə Yaponiyanın məqsədi Port Arturun ələ keçirilməsi, rusların Koreya və Mançuriyadan çıxarılmasından ibarət idi.

Rusiya donanması qarşıdakı kampaniyada tamamilə müstəsna bir vəzifə daşıyırdı. Donanma Yaponiyaya qarşı dənizdə fəal şəkildə fəaliyyət göstərsəydi, quruda heç bir müharibə olmayacaqdı. Dənizdə fəal əməliyyatlar Yaponiyanın quruya desant çıxarmasını əngəlləyə bilərdi.

Lakin hər şey tam tərsinə oldu.


1904-cü ilin fevralın 6-da vitse-admiral Toqonun rəhbərliyi altında Yaponiya dəniz donanması açıq dənizə çıxdı və yolda "Rusiya" ticarət gəmisini dayanandıraraq ələ keçirdi.

Fevralın 8-də Port-Artur şəhərində rus gəmiləri xarici reyd xəttində dayanmışdı. Qazanlar söndürülmüş, mina maneələri isə mövcud deyildi. Bundan əlavə, gəmilərin xarici işıqlandırması da çarın ad günündə olduğu kimi yanırdı.

Yaponiyalılar müharibə elan etmədən gecə zərbə endirdilər. Gəmilərinin torpedo zərbəsi iki dalğada həyata keçirildi. Nəticə sarsıdıcı oldu: iki döyüş gəmisi və beş kreyser sıradan çıxarıldı.

Bundan sonra, donanma limandan ayrılmaq üçün uzun müddət tərəddüd etdi, yalnız qısa çıxışlarla kifayətləndi. Bir neçə gün sonra isə "Yenisey" mina gəmisi öz minasında məhv oldu. Onların köməyinə tələsən "Boyarin" kreyseri də eyni acı taleni yaşadı.

Kreyserin "cəsarətli" heyəti dərhal qayıqları endirdi və gəmini tərk etdi. Bədbəxt olan "Boyarin" gəmisi hadisədən iki gün sonra hələ də suyun üzündə idi! Fırtına zamanı ikinci bir mina gəmini məhv etdi.

Martın 31-də, növbəti çıxış zamanı "Petropavlovsk" gəmisi minada partlayaraq bütün komandası ilə suyun altına getdi. Parlaq dənizçi, qeyri-adi rəhbər və nəhayət rusların düşüyü mürəkkəb vəziyyətdən xilas edə biləcək komandan admiral Stepan Osipoviç Makarov da həlak oldu. Rusiya digər sahələrdə olduğu kimi, bu müharibədə də şanslı deyildi. Yaponlar Port Artur limanındakı 1-ci Sakit Okean eskadrasını tam mühasirəyə alaraq vəzifələrinin ən vacibini yerinə yetirdilər.


Bürokratik Peterburq isə həmişəki kimi özünə sadiq qaldı: qoşunlara müdafiə olunmaq sərbəstliyi verilmədiyinə görə dənizçilər daim əli və ayaqları bağlı vəziyyətdə qubernator sərəncamından asılı qaldılar. Tsusima cəhənnəmini keçmək məcburiyyətində olan 2-ci Sakit okean eskadrasının komandanı admiral Rojdestvenski döyüş məlumatında yazırdı: "Mən sərəncam azadlığı olmadan eskadraya komandanlıq edə bilmirəm".

Lakin yenə də nəticə yox idi.

10 avqustda 1-ci Sakit okean eskadrası kontr-admiral Vitqeftin komandanlığı altında Port Artur- Vladivostok istiqamətində mühasirəni yarmağa cəhd etdi. Onun qüvvələri qismən itkiyə məruz qalsa da, Yaponiyaya layiqli cavab vermək üçün kifayət qədər güclü idi. Döyüş hər iki tərəfə çox baha başa gəldi. Saat yarım sonra, admiral Toqo, sanki rusların mühasirəni yaracağına əmin olduqdan sonra geriyə, Sasebo limanına çəkilmək niyyətinin görüntüsünü yaratdı. Ruhlanan ruslar irəli atıldıqda yaponların atdığı 305 mm mərmi dəqiqliklə zirehli "Tsesareviç" gəmisinin komandan Vitqeftin bayrağını daşıyan maçtasına zərbə endirdi. Admiral körpüsündə güclü partlayış baş verdi, nəticədə komandir yaralandı. Vitqef ilə birlikdə bütün qərargah heyəti həlak oldu. Bundan əlavə, qəlpə idarəetmə trosunu kəsdi və idarəetməsi mümkün olmayan gəmi sol tərəfi üstə fırlanmağa başladı.

Bu hadisə bütün eskadranın döyüş strukturunu məhv etdi, digər gəmilərdən heç biri komandanlığı üzərinə götürmədi, əksinə hamı qaçmağa üstünlük verdi. Döyüş qüvvəsi olaraq, 1-ci Sakit okean eskadrası mövcudluğunu itirdi. Sadəcə eskadradan Vladivostokda 3 kreyser qaldı: "Rossiya", Ryurik" və "Qromoboy".


Yeni Sakit okean Donanmasına təyin edilən yeni komandan (faktiki olaraq mövcud olmayan) vitse-admiral P.İ. Skrıdlov, avqustun 13-də, 1-ci eskadranın məğlubiyyətindən xəbərsiz halda, onunla görüşmək üçün kreyserlərini göndərdi. O rəhbərliyi admiral Jessenə həvalə edərək, özü sahildə qaldı. Bunun nə məqsədlə edildiyini də anlamaq çətindir. Kreyserlər Vitqeft eskadrasına kömək edə bilmədilər. Bu səbəbdən onlar Vladivostokda, Yaponiya nəzarətində olan sularda müstəqil fəaliyyət göstərmək məcburiyyətində qaldılar. Sonralar Vladivostokda qalan üç rus kreyseri Koreya boğazında dörd yapon zirehli gəmisi ilə üz-üzə gəldi. "Ryurik" batırıldı, qalanları isə qaçmaqla canlarını qurtardılar. Bununla da Sakit okeanda Rusiyanın donanmasının iştirakı başa çatdı. Yaponiya isə dənizdə istədiyi kimi ev sahibliyi etməyə başladı.

Quruda

1904-cü ilin iyun ayından etibarən Port Artur sıx bir mühasirədə idi. Dekabra qədər şəhərə beş dəfə hücum edildi. Rus pulemyotları, yapon piyadalarını ciddi itkilərə məruz qoysalar da, onlar yenidən hücuma davam edirdilər və möhkəmləndirilən təpələrə çıxırdılar. Nəhayət, Yaponlar qala divarları arxasına 280 mm-lik top silahları yerləşdirərək limanı metodik şəkildə atəşə tutmağa başladılar. Mançuriyadan general Kuropatkin mühasirədə olan Port Artura doğru irəlləmək istəsə də alınmadı.

1905-ci il yanvarın 1-də Port Arturun son qalası da işğal edildi, bundan sonra general-adyutant A.M. Stessel, qarnizonu Yaponiyaya təslim etmək üçün əmr imzaladı.

Ümumiyyətlə bu məğlubiyyət utancverici idi. Əlavə müqavimət sadəcə itkiləri artıra bilərdi. Port Artur orduya və donanmaya kömək etmək iqtidarında deyildi. Port Arturun təslim olması həm ruslar, həm də yaponlar üçün sonrakı əməliyyatları mənasız edirdi. Yapon ordusu artıq strateji quru tapşırıqlarını yerinə yetirmiş hesab olunurdu. General Kurapatkin üçün isə Port Arturu geri almaq təmamilə inanılmaz bir məsələ idi.


Əslində, yaponlar istədikləri hər şeyi əldə etdilər. Ən çox sülh onlara lazım idi. Lakin hərb maşını böyük ətalətli bir mexanizmdir. Onu dayandırmaq üçün başqa bir fəlakət baş verməlidir.

...Mukden döyüşündə, Yaponiya və Rusiyanın qüvvələri hər tərəfdən təxminən 300 min süngüdən ibarət idi. Üç gün davam edən döyüşlərdən sonra, yaponlar rusların sağ cinahını yardı. 1905-ci ilin mart ayında Kuropatkin 100 min nəfər itki verərək Harbinə geri çəkildi..

Daha quruda aktiv döyüşlər olmadı.

Tsuşima

Baltik donanmasının gəmilərindən 2-ci Sakit okean eskadrası təşkil edildi. Onun vəzifəsi Port Arturun mühasirəsini yarmaq idi. Gəmilər, yalnız avqust ayında dənizə çıxdılar, onlar mart ayından əvvəl Uzaq Şərqə çata bilməzdi. O vaxt artıq Port Artur üçün hər şey bitmişdi, Baltik donanmasının kampaniyası başlanğıcından etibarən mənasız idi. Lakin Peterburq rəsmiləri sanki uğursuz heyəti cəhənnəmin bütün dairələrindən keçirmək məqsədini güdürdülər.

Rusiya beynəlxalq təcrid vəziyyətində idi, İngiltərə və Fransa rus gəmilərinin limanlarına girməsini qadağan etdiyinə görə vitse-admiral Z.P. Rojestvenski Hind okeanından keçməli oldu.


Qeyri-adi tropik iqlim gəmi heyətini zəiflətdi. 1905-ci ilin fevralında Z.P. Rojestvenski Peterburqa xəbər verirdi: "... heyət özü-özünü "yeyir" və həm fiziki, həm də mənəvi cəhətdən parçalanır".

Admiral şanslarını çox yaxşı dəyərləndirirdi. Port Arturun məğlub olması onların imkanlarını daha da kiçildirdi. O, Sankt-Peterburqa kampaniyaya daxil olan güclü eskadradan layiqli bir sülh əldə edilməsi üçün "kozır" kartı kimi istifadə edilə biləcəyini izah etməyə çalışırdı. Lakin darmadağın edilən eskadranın bütün diplomatiyanı da özü ilə dənizin dibinə aparacağı qaçılmaz idi.

Lakin admirala ultimatum formasında ən qısa müddətdə Vladivostoka getmək əmr edildi.

2-ci Sakit okean eskadrası 8 ədəd zirehli artilleriya gəmisindən, 8 kreyserdən, 9 esminesdən və bir sıra köməkçi gəmilərdən ibarət idi. Amma zirehli artilleriya gəmilərindən yalnız 4-ü müasir idi, qalanları isə köhnə, asta sürətlə hərəkət edən sahil mühafizə gəmiləri idi. Buna görə də eskadra maksimum sürətlə hərəkət edə bilmirdi.

Ekipajların bacarıqları da yetərincə deyildi - heyətlərin tələsik komplektləşdirilməsi və ən əhəmiyyətlisi də zabitlərin aşağı vəzifəliləri narazılığa səbəb olmasın deyə gərgin döyüş hazırlığına cəlb etməkdən çəkindiyi sezilirdi.


"Oryol" gəmisində matros kimi xidmət edən yazıçı Novikov-Pripboy "Tsuşima" məşhur romanında eskadranın acı taleyi üçün məsuliyyəti istisnasız olaraq, sadə şeyləri belə dərk edə bilməyən küt zabitlərin üzərinə qoyurdu. Məsələn, bütün yapon gəmiləri boz rəngdə boyandığı halda Rusiya gəmiləri qara rəngdə boyanmışdı, artilleriya dəqiq atəş aça bilmirdi, zabitlər gəmiləri idarə edə bilmirdilər.

Bütün bunlar bolşeviklərin təbliğ etdiyi göyərtə matrosunun düşüncələrindən başqa bir şey deyildi.

Admiral Rojestvenski və onun zabitləri hər şeyi anlayırdılar. Bəzi tədbirləri əvvəlcədən həyata keçirirdilər. Gəmilərin qara rəngə boyanması eskadranın hücumunun gecə həyata keçirilməsilə bağlı idi. Rusiya gəmilərinin artilleriyası da mükəmməl idi, Rusiyanın zirehdələn mərmiləri də dünyanın ən yaxşılarından hesab edilirdi, bunu yaponlar da etiraf edirdilər. Məşqlərə gəldikdə isə matroslar davranışları ilə onların minimuma endirilməsinə şərait yaradırdılar.

Lakin admiralın ağır xarakteri də öz rolunu oynadı. O, çox qapalı adam idi. Bu, onun dənizə çıxmazdan bir gün qabaq rus qəzetlərinin Port-Arturda baş verənlər barədə məqalə dərc etməsi ilə də bağlı ola bilərdi. Buna görə də, Rojestvenski döyüş planını yalnız ağlında saxlayırdı. O, ağır yaralanarkən, ümumi planı bilməyən gəmilərin komandirləri necə gəldi hərəkət edirdilər.

Ancaq əsas rolu yolun seçilməsi oynadı.

Vladivostoka Yaponiyanın yanından keçərək Kuril boğazı vasitəsilə də keçmək mümkün idi. Burada düşmənin əsas qüvvələri ilə görüşmək ehtimalı olduqca az idi. Və yaxud da Tsuşima boğazı boyunca, yeni ekipajlara sahib, döyüşə hazır Yaponiya donanmasının bazalarının yaxınlığından keçmək olardı, lakin bu çox təhlükəli idi.

Lakin, Sankt-Peterburqdan verilən əmr belə idi: ən qısa zamanda Vladivostoka yetişmək. 1905-ci ilin mayın 14-də admiral Rojestvenski ikinci variantı seçdi. Bu isə 2-ci Sakit okean eskadrasının acı taleyini həll etdi.

...Yalnız "Almaz" kreyseri, "Bravı" və "Qroznı" esminesləri Vladivostoka yetişə bildi.

Portsmut sülhü

Hər iki tərəfin, həm donanmasının əksəriyyətini itirən və üsyanlara bürünən Rusiyanın, həm də davamlı müharibələrdə iqtisadiyyatı zorlanan Yaponiyanın can atdığı Potsmut (ABŞ) sülh sazişi 1905-ci ilin sentyabrın 6-da imzalandı. Rusiya Port-Arturu tərk etdi, Mançuriyadan çəkildi və Saxalinin yarısını itirdi. Saxalinin tam əldə saxlanılması mümkün idi. Əvvəlcə Rusiya adanın verilməsi tələbini rədd edirdi. Lakin müzakirələrin dalana dirəndiyini görən II Nikolay, adanın yarısını qurban verə biləcəyini söyləyən kimi, Vitte tərəddüd etmədən dərhal bu təklifi Yaponiyaya etdi. Sonradan isə Vitte "Yarımsaxalincki" ləqəbini qazandı.


Mərkəzdə isə hər şey əvvəlki kimi idi. Qərargahda bilirdilər ki,Tsuşima şəhərində çox sayda hərbçi həlak olub, lakin dəqiq say bilinmirdi. Bu halda, bütün dənizçilərin ailələrinə pul ödəmələri dayandırıldı. Kim maaş almaq istəyirdisə, sağ olduğunu sübut etmək məcburiyyətində idi....

Əslində müharibənin əvvəlindən cəmiyyətin ən geniş təbəqələrində ona olan münasibət vətənpərvərlikdən uzaq idi.

V. Veresayev yazırdı: "Bütün ətrafdakıların, ziyalıların qıcıqlandırıcı düşmən münasibəti heç bir şəkildə yaponlara qarşı deyildi. Müharibənin nəticəsi heç kimi maraqlandırmırdı. Yaponlara düşmən münasibət yox idi, bizim uğursuzluqlarımız heç kimi narahat etmirdi. Əksinə ağılsız və zəruri olmayan müharibə qurbanlarının ağrısına acıyanlarla yanaşı sevinənənlər də yox deyildi. Bir çoxu isə aşkar şəkildə Rusiyanın məğlub olmasının daha faydalı olacağını deyirdi". (Yapon müharibəsində. Qeydlər).

Həmin illərdə Sankt-Peterburqda çalışan alman jurnalist Hans, yalnız liberalların deyil, həm də bir çox rus mühafizəkarların ortaq arzusunu belə ifadə edirdi: "Allah bizə məğlub olmaq üçün yardım et".

Hiyləgər S.Y. Vitte isə 1904-cü ilin iyulunda aşkar ironiya ilə "Mən Rusiyanın sürətli və parlaq uğurlarından çox qorxuram. Onlar Sankt-Peterburqdakı aparıcı dairələri çox şişirdir.... Rusiya hələ bir neçə hərbi uğursuzluğa məruz qalmalıdır", - deyə fikir bildirirdi.

Deməli, Rusiya müharibəni uduzmaq istədiyi üçün uduzdu.

Epiloq


Biz keçmişi və bu günü müharibələrdən ibarət olan bir dünyada yaşayırıq. Əslində Rusiyanın Uzaq Şərqdəki bugünkü zəifliyi, ölkənin yüz il bundan əvvəl başladığı riskli avantüra ilə əlaqəlidir.
Lakin bu da hamısı deyil.

Bir qədər keçmişə nəzər salaq: XVII əsrin əvvəllərində, XVIII və XIX əsrlərdə Rusiya ağır hərbi çevrilişlərdən, İsveç və Napoleon ilə müharibə illərindən keçdi. XX əsr Rus-Yapon, Birinci və İkinci Dünya müharibəsini gətirdi.

XXI əsr isə sürpzilər əsridir.. Yeni Dünya Nizamı!

Məlumat Andrey Orlovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rus-Yapon   Müharibə  


Bizi "telegram"da izləyin