Şimali Atlantika Müqaviləsi Təşkilatı parçalana bilərmi? – HƏRBİ EKSPERT (ANALİZ)

2018/08/2345235_1535365077.jpg
Oxunub: 6788     18:08     27 Avqust 2018    
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO), 1949-cu ilin aprelində Vaşinqtonda imzalanan Şimali Atlantika Müqaviləsinə uyğun olaraq qurulan hərbi-siyasi təşkilatdır.

Şimali Atlantika Alyansının 29 üzvü var, 5 ölkə isə NATO-nun genişləndirilməsi proqramlarında tərəfdaşlıq edir. Hazırda Serbiya Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına qoşulmaq üçün danışıqlar aparır. NATO-nun mövcudluğu dövründə onu heç bir dövlət tərk etməyib. Fransa 1966-cı ildə blokun hərbi təşkilatını tərk etsə də, 2009-cu ildə yenidən qayıdıb.


29 ölkə aşağıdakı ardıcıllıqla NATO-ya üzv olublar:

1949-cu il - Belçika, Hollandiya, Fransa, Lüksemburq, Böyük Britaniya, ABŞ, Kanada, Portuqaliya, İtaliya, Norveç, Danimarka, İslandiya;
1952-ci il - Yunanıstan, Türkiyə;
1955-ci il - Qərbi Almaniya;
1982-ci il - İspaniya;
1999-cu il - Çexiya, Macarıstan, Polşa;
2004-cü il - Estoniya, Bolqarıstan, Litva, Latviya, Rumıniya, Slovakiya, Sloveniya;
2009-cu il - Albaniya, Xorvatiya, Fransa (yenidən hərbi komandanlıq strukturuna qoşulub);
2017-ci il - Çernoqoriya.


30-cu üzvlüyə artıq müzakirələrə dəvət edilən Şimali Makedoniya çox yaxındır, Gürcüstan və Ukrayna isə xeyli vaxtdır Brüsselin qapılarını döyür.

NATO-ya üzv ölkələr Vaşinqton Müqaviləsi ilə müəyyən edilən prinsiplərə riayət etməyə razılaşıblar. İttifaqa qoşulmaq istəyən ölkələr siyasi dialoq və hərbi inteqrasiya da daxil olmaqla, çoxsəviyyəli bir prosesdən keçməli, həmçinin aşağıdakı tələblərə cavab verməlidirlər:

- Beynəlxalq mübahisələri sülh yolu ilə həll etməyə;
- Qanunun aliliyi və insan hüquqları prinsiplərinə sadiqlik nümayiş etdirməyə;
- Etnik münaqişələri, daxili yurisdiksiyaya aid mübahisələri və xarici ərazi mübahisələrini ATƏT-in prinsiplərinə və mehriban qonşuluq münasibətlərinə uyğun həll etməyə;
- Silahlı qüvvələrə müvafiq demokratik və mülki nəzarəti təmin etməyə;
- Birləşmiş Millətlər Təşkilatının məqsədlərinə uyğun gəlməyən hədə və ya hər hansı bir güc tətbiqindən çəkinməyə;
- Sabitliyin və rifahı möhkəmləndirməklə müstəqil qurumların gücləndirilməsini təmin etməklə beynəlxalq əlaqələrin sülh və dostluq şəraitində inkişafına kömək etməyə;
- "Sülh naminə tərəfdaşlıq" proqramına tam dəstək verməyə və NATO-nun üzvü olmayan tərəfdaş ölkələrlə əməkdaşlığın inkişafında Avro-Atlantik Tərəfdaşlıq Şurasının işində iştirak etməyə;
- Ekologiyanın və ətraf mühitin mühafizəsi üçün məsuliyyət prinsiplərinə hörmətlə yanaşmağa;
- Azad iqtisadiyyat və sosial ədalət prinsiplərinə riayət edərək sabitliyi və rifahı gücləndirmək üçün fədakarlıq nümayiş etdirməyə;
- Kollektiv müdafiə və Alyansın yeni vəzifələrinin icrasına öz hərbi töhfələrini, eləcə də tədricən öz müdafiə imkanlarını yaxşılaşdırmaq üçün öhdəlik götürmək üçün hazır olmağa;
- NATO qurumlarının işində yaxından iştirak etməyə;
- Standartlaşdırma və operativ uyğunlaşdırma sahəsində əməkdaşlıq üçün çalışmağa;
- Milli proqram vasitəsilə müdafiə sahəsində müəyyən prioritetlərə malik müvafiq planlaşdırmanın və hərbi büdcələrin icrası üçün zəruri bazanın yaradılmasına, gələcəkdə Alyansın strukturlarında iştirak etmək üçün personalın hazırlanmasına;
- NATO-nun öz strukturunda əməkdaşlığı və üzvlükdən əvvəlki formal bir hüquqi prosesi təmin etmək üçün müvafiq rəhbər hüquqi mexanizm və sazişlərlə tanış olmağa razı olmadır.



Hazırda toplam büdcəsi 1 trilyon dollardan çox olan NATO ölkələrinin əhalisinin ümumi sayı 900 milyondan çoxdur. Alyansın Silahlı Qüvvələrinin sıralarında isə 3,5 milyon nəfər xidmət edir. NATO ölkələri ərazisinin ümumi sahəsi 25 milyon km2-dir.

İttifaqın qərargahı Brüsseldə (Belçika) yerləşir. Təşkilatın rəsmi dili ingilis və fransız dilidir.

NATO Şurası, Nüvə Planlaşdırma Qrupu və Hərbi Komitə İttifaqın ən yüksək idarəetmə orqanlarıdır. Blokun strukturlarının ümumi rəhbərliyi və fəaliyyətinin əlaqələndirilməsi Baş katib tərəfindən həyata keçirilir.

NATO Şurasının səlahiyyətləri Vaşinqton Müqaviləsi ilə müəyyən edilən blokun yeganə quruluşudur. Onun iclasları dövlət və hökumət başçıları, xarici işlər nazirləri, müdafiə nazirləri, eləcə də müəyyən fasilələrlə iştirakçı dövlətlərin daimi nümayəndələrindən ibarət olur. Sammit adətən iki ildən bir (2010-cu il - Lissabon, 2012-ci il - Çikaqo, 2014-cü il - Nyuport, 2016-ci il - Varşava, 2018- ci il - Brüssel) keçirilir. Eyni zamanda, NATO Şurasının qəbul etdiyi qərarlar onu qəbul edən nümayəndəlik səviyyəsindən asılı olmayaraq eyni hüquqi qüvvəyə malikdir.

NATO-nun Nüvə Planlaşdırma Qrupu nüvə silahlarının yaradılması strategiyası və blokun nüvə güclərinin inkişaf planlarının hazırlanması, eləcə də bu nüvə silahlarının yerləşdirilməsi, təhlükəsizliyinin təminatı, qorunması və uzun müddət yararlığı kimi məsələlərə cavabdehdir.

NATO Hərbi Komitəsi Alyansın ali hərbi orqanıdır. Onun vəzifəsi blokun rəhbərliyini hərbi siyasi vəziyyət haqqında məlumatlandırmaq, Birləşmş Silahlı Qüvvələrin tətbiqi ilə bağlı konsepsiyanı və planları hazırlamaq, hərbi məsələlər üzrə təkliflər verməkdən ibarətdir.

Hərbi Komitənin toplantıları baş qərargah rəisləri və ya Silahlı Qüvvələrin Ali Baş Komandanları səviyyəsində keçirilir. NATO Hərbi Komitəsinə üç il müddətinə seçilən sədr rəhbərlik edir. Hazırda quruma Britaniyanın keçmiş baş qərargah rəisi marşal Styuart Piç rəhbərlik edir. Hərbi Komitənin fəaliyyəti NATO-nun Beynəlxalq Hərbi qərargahı tərəfindən təmin edilir.


Şimali Atlantika Alyansının ən yüksək vəzifəli şəxsi blokun baş katibidir. O, dörd ildən bir adətən birliyin konsensus qərarı ilə ilə seçilir, Şimali Atlantika blokunun heç bir milli nümayəndə heyətinin üzvü olmamalıdır və yalnız NATO Şurasına tabedir.

2014-cü ildə NATO Baş katibi postunda olan A. Rasmusseni (Danimarka) Y. Stoltenberq (Norveç) əvəz edib və o, bu vəzifəni 2020-ci ilin payızına qədər icra edəcək.

NATO baş katibinin müavini və həmçinin alyansın Beynəlxalq Katibliyinin əsas idarələrinə müxtəlif məsələlər üzrə rəhbərlik edən yeddi köməkçisi mövcuddur. Bu orqan NATO Şurası nəzdində inzibati və məsləhət funksiyalarını yerinə yetirir.

NATO Birləşmiş Silahlı Qüvvələrinin cavabdehlik zonasına ABŞ və Kanada ilə bərabər bütün iştirakçı dövlətlərin əraziləri, Şimal İrlandiya, Norveç, Baltik, Aralıq, Qara və Azov dənizlərinin akvatoriyası, Baltik, Qara dəniz, Cəbəllütariq və La Manş boğazları, həmçinin Atlantik okeanının şimal hissəsi və onların üzərindəki hava məkanı daxildir.

Ümumi tanışlıqdan sonra qeyd edək ki, NATO kənardan baxdıqda doğrudan da daim qapısında çoxsaylı daxil olmaq istəyənlərin gözlədiyi, monolit və kifayət qədər güclü hərbi birlik təsiri bağışlayır. Eyni sözləri Avropa İttifaqı haqqında da demək mümkün idi. Lakin Avropada Almaniya iqtisadiyyatından sonra ikinci böyük iqtisadiyyata malik olan Böyük Britaniyanın qurumdan çıxması İttifaqın daxilində mövcud olan ciddi problemlərdən xəbər verdi.

İndi eyni ssenarinin bir qədər fərqli, hərbi təşkilat olan NATO ilə təkrarlana biləcəyi ehtimalına baxaq.

NATO konsensus əsaslarla fəaliyyət göstərən təşkilat olsa da, hər yerdə olduğu kimi, burada da ABŞ hegemonluğu çox rahat nəzərə çarpır. 1970-ci ildən sonra 16 üzv ölkə hər il hərbi xərclərini 3 % artırmaq barədə qərar qəbul etsə də, bu qərar 1990-cı ilə qədər yalnız ABŞ, Kanada, Lüksemburq, Norveç və İspaniya tərəfindən yerinə yetirilib. İlk NATO daxili narazılıqlar o zaman da mövcud olub, lakin bu barədə müzakirələr ictimaiyyətdən nisbətən gizli aparılıb.

1990-cı ildə Qərb ilə Şərq arasında qarşıdurma başa çatdı. Üzv ölkələr Ümumi Daxili Məhsulun (ÜDM) 2% miqdarında müdafiə xərclərinə vəsait ayrılması qərarı ilə razılaşdılar. 2001-ci ilin sentyabrına qədər ABŞ, Britaniya, Türkiyə, Bolqarıstan, Yunanıstan və Fransa bu qaydaya riayət etsələr də, digərləri əksinə olaraq xərcləri azaltmağa başladılar. Onların arasında Almaniya, İtaliya, Portuqaliya da var idi. Maraqlısı budur ki, ABŞ özü də xərclərini 2009-cu ildə 5.2%-dən 3.6%-ə qədər azaltdı, lakin heç zaman 2%-lik normadan aşağı enmədi.


Hazırda NATO-da 2%-lik xərc göstəricisindən başqa 2014-cü ildə Uels Sammitində qəbul edilən digər bir standart da qüvvədədir - üzv ölkələr xərclərin ən azı 20%-ni yeni silah və texnika nümunələrinin alınmasına xərcləməlidir. Bu gün bu tələb yalnız ABŞ, Türkiyə, Britaniya, Fransa, İtaliya, Litva, Lüksemburq, Norveç, Polşa və Rumıniya tərəfindən müntəzəm olaraq yerinə yetirilir.

Hər iki maliyyə göstəriciləri üzrə tələb yalnız 3 NATO ölkəsi tərəfindən - ABŞ, Britaniya və Polşa tərəfindən tam yerinə yetirilir. 29 ölkənin konsensus qaydada səs verib qəbul etdiyi əsas tələblərin yalnız 3 ölkə tərəfindən icra edilməsi doğrudan da təşkilat daxilində ciddi fikir ayrılıqlarının mövcudluğundan xəbər verir.

Maraqlıdır ki, ABŞ-ın ÜDM göstəricisi digər bütün üzlərinin ÜDM göstəricisindən aşağı olsa da, Pentaqon bu məqsədlə müttəfiqlərinin xərclərinin cəmindən 2 dəfədən də çox xərcləyir! Digər tərəfdən ABŞ tərəfindən iqtisadi cəhətdən ciddi sanksiyalara məruz qalan Rusiya ilə Aİ-nin enerji sahəsində əməkdaşlığının genişləndirilməsi, Almaniya və Avstriya tərəfindən Rusiyaya qarşı isti münasibətlər təbii ki, “qoca biznesmen”i razı sala bilməz. Tramp aşkar olaraq “Avropanı Rusiyadan qorumaq üçün vəsait ayırmayacağını, lazım gələrsə NATO-da iştirakını müzakirə edə biləcəklərini” bəyan edərək simic ölkələri müdafiə üçün pul kisələrinin ağzını açmağa məcbur edir. Digər üzv ölkələr ABŞ olmadan NATO-nun həm maliyyə, həm də hərbi güc baxımından çox ciddi şəkildə zəifləyəcəyini nəzərə alaraq mütləq Trampın şərtlərinə uyğunlaşmalıdırlar. Bu gün NATO ölkələrinin toplam müdafiə xərclərinin 71 %-i, şəxsi heyətinin isə 40 %-i tək ABŞ-a aiddir. ABŞ müdafiə üçün hər vətəndaşına ildə 2060 dollar xərclədiyi halda, Bolqarıstan 64, Rumıniya isə 67 dollar xərcləyir. Aradakı 3000 %-lik fərqi azltmaq üçün proses bir-iki ilə yekunlaşa bilməz, 5 il, 10 il, bəlkə də 20 il uzana bilər. ABŞ bu qədər gözləyəcəkmi? Gözləməsə nə olacaq? Suallar çox, cavab isə təkdir: ABŞ bu gün NATO olmadan belə kifayət qədər güclüdür, heç bir ölkənin dəstəyi olmadan öz ərazilərini, müttəfiqlərini və maraqlarını qorumağa qadirdir. Odur ki, ABŞ-ın NATO-ya ciddi bir ehtiyacı yoxdur, əksinə NATO-nun ABŞ-a ehtiyacı böyükdür.


Digər tərəfdən ABŞ rəhbərliyinin həm hərbi, həm də geostrateji cəhətdən NATO-nun əsas güclərindən hesab edilən Türkiyə ilə münasibətləri son 3 ildə kifayət qədər gərginləşib. Sanki ABŞ özü blokdan ayrılmaqla Türkiyənin də əks-qütbə tərəf istiqamətlənməsinə şərait yaradır. Əvvəllə baş verən kiçik narazılıqlar qisa müddət ərzində həll edilirdisə, artıq münasibətlərin yaxın illərdə normallaşacağını ehtimal etmək mümkün deyil və bunu tərəflərin özləri də artıq gözləmir. Artıq iki ölkə arasında yaranan dərin uçurum onların yaxınlaşmasını və müttəfiq kimi eyni blokda ortaq maraq və dəyərlərdən bəhs etməsini mümkünsüz edib.

ABŞ rəhbərliyinin Türkiyədəki çevriliş məsələsində Fətullah Gülənə dəstək verməsi, çevrilişdə və PKK terrorunda adları hallanan şəxslərin məhz NATO ölkələrində gizlənməsi, məhkəmə tərəfində bəraət alması, onların geri qaytarılmaması, NATO-nun Norveçdə keçirilən təlimlərində Atatürk və Ərdoğanın portretlərinin hədəf kimi istifadə edilməsi, PKK/YPG məsələsində Vaşinqton və digər müttəfiqlərin terrorçuları hərtəfli dəstəkləməsi, Suriya və İraq məsələlərində Ankaranın maraqlarının nəzərə alınmaması, İsrail ilə münasibətlərdə Türkiyənin təklənməsi, HHQ və HHM silahlarının Türkiyəyə satılmaması, AKP hökümətinin üzvlərinə qarşı sanksiyaların tətbiqi və saymaqla bitməyən digər səbəblər NATO blokunu parçalamaq üçün atılan addımlardan hesab edilə bilər. Son zamanlarda həm ABŞ, həm də digər NATO üzvləri sanki Ankaranı nə eşitmir, nə də real vəziyyəti görmürlər. Əksini də iddia etmək olar. Türkiyəni narahat edən məsələlərdən heç biri NATO-nu, xüsusilə də ABŞ-ı maraqlandırmır. Hadisələrin inkişafını izlədikdə məlum olur ki, sanki müttəfiqlər NATO-da üzvlüyünü dayandırmaq məsələsində məsuliyyəti Ankaranın, daha doğrusu Prezident Ərdoğanın çiyinlərinə qoymaq üçün bilərəkdən onun arxasından itələyirlər. Bütün şərtlər Ankaranın üzlük məsələsində qəti addım ata biləcəyinin mümkün olduğuna dəlalət edir. Hadisələrin bu inkişafı Türkiyənin son illərdə daha sıx əməkdaşlıq etdiyi Rusiya-İran-Pakistan istiqamətində təhlükəsizlik məqsədli addımlar atmasına səbəb ola bilər.


Bəzi mənbələrin Türkiyə Sillahlı Qüvvələrinin daim NATO meylli olmasını, bunun Türkiyənin NATO-dan çıxmasının əleyhinə ola biləcəyini iddia edəcəklərini indidən istisna etmirəm. Çünki, Türkiyənin həm hərbi, həm iqtisadi inkişafı NATO-ya üzvlük ilə birbaşa bağlıdır. Hətta Türkiyənin müdafiə naziri Hülusi Akar da NATO üzvlüyünü vacib faktor kimi dəyərləndirən fiqurlar sırasındadır.

Türkiyə belə bir vəziyyətdə mütləq seçim etməlidir, seçim varianları çox deyil. Bunlardan biri Fransa modelidir. Bu modelə görə hərbi əlaqələr kəsilsə də üzv ölkə digər sahələr üzrə resurslardan yararlanır, həmçinin ölkə nisbətən müstəqil siyasət yeridə bilirdi.

1966- cı ildə “daim NATO-ya şübhə ilə yanaşan” Prezident Şarl de Qoll, alternativ və müstəqil müdafiə siyasəti yeritmək məqsədi ilə Fransanı NATO-nun hərbi qanadından çıxardı. Şarl de Qoll düşünürdü ki, Şimali Atıantik Müqaviləsi Alyansına daxil olan bütün müttəfiqlər və hərbi qurumlar ABŞ-ın tam nəzarətinə keçib. Təşkilatda iştirakını nisbətən məhdudlaşdıran Fransa paralel olaraq digər ölkələrlə, məsələn SSRİ və Afrika ilə də normal münasibətlər yarada bildi.

Türkiyə bu modeldən istifadə edərək, ABŞ hegemonluğundan əziyyət çəkən Çin, Avropa, Rusiya və İran kimi digər ölkələrlə müəyyən məsələrdə anlaşıb dollar asılılığını aradan qaldıra bilsər, bəlkə də hətta iqtisadi böhrandan qaça bilər. Əks halda ABŞ-dan mərhəmət gözləməyə dəyməz.

Digər bir variant blokda qalaraq ABŞ şərtlərinə razı olmaqdan ibarətdir. Bu variant bir-iki əvvəl daha real görünərdi, lakin münasibətlər bu gün o qədər zədələnib ki, birgə fəaliyyət artıq mümkün gürünmür.

İstənilən halda Türkiyənin NATO blokundan tamamilə və qismən ayrılması, alyansın tarixində yeni bir “zəif dönəmin” başlanğıcı olacaq. Birincisi, NATO-nun cənub qanadı çökəcək, ABŞ və müttəfiqlərin Yaxın Şərqdəki fəaliyyətlərində çətinlik yaranacaq. İkinçisi, bütün növ gəmilərin boğazlardan istifadəsi məsələsində süni problemlər yaradılacaq, prosedur qaydalar sərtləşdiriləcək. Üçüncüsü, ABŞ tərəfindən tələb olunan şərtlərin hər gün daha da sərtləşməsi proseslərin geriyə dönüş imkanlarını sıfırlayacaq.


Maraqlı olan məqamlardan biri də odur ki, bu gün Türkiyənin NATO-dan çıxmasını arzu edən dövlətlər siyahısına ABŞ, Çin, İran, Yunanıstan kimi digər ortaq təmas nöqtələri olmayan rəqib ölkələrin daxil olmasıdır.

Türkiyənin ABŞ sanksiyalarına qarşı çıxması, S-400 ZRK alınmasından imtina etməməsi və daha əvvəl sadalanan səbəblər məntiqi olaraq Türkiyəni hər an həm ABŞ-dan, həm də NATO-dan bir addım uzaqlaşdırır. Yaxın günlərin birində Türkiyə Prezidenti R.T.Ərdoğanın “Ey NATO, əlvida” bəyanatını eşitsəniz, təəccüblənməyin. Bunu etmək üçün həm ABŞ, həm NATO, həm Asiya, həm də Rusiya əlindən gələni etməkdədir.

Bugünkü Türkiyə əslində 45 il qapısında gözlədiyi Avropa İttifaqına da artıq daxil olmaq istəmir. Özünü əvvəlki kimi “avropalı müsəlman” ölkəsi kimi də görmür. Sətiraltı olaraq Türkiyə daha çox Osmanlı tipində müstəqil siyasətə üstünlük verəcəyini göstərir. Bu siyasətə isə həm məqalənin əvvəlində sadalanan NATO prinsipləri, həm ümumavropa dəyərləri mane olur. Tezliklə NATO üçün həyəcanlı Ankara bəyanatının səslənməsi mümkündür. Bu isə blokun 14.5 milyard dollarlıq büdcəyə, 500000 nəfər şəxsi heyətə malik ikinci böyük və döyüşə hazır ordusunun itirilməsi deməkdir. Buraya dünyanın ən vacib geostrateji boğazlarını, nüvə silahına malik bazaları və s. əlavə etsək, NATO-da itkilərinin çox böyük olacağını sübut etməyə ehtiyac qalmayacaq. Bu baş verəcəyi təqdirdə Rusiya Yaxın Şərq regionunda son 25 ildə ən ciddi uğura imza atmış olacaq, orada daha da möhkəmlənə biləcək.

Yekun olaraq qeyd edim ki, NATO tərkibində və beynəlxalq aləmdə baş verən proseslərin inkişafının analizi onu göstərir ki, Trampın hakimiyyətdə qalacağı təqdirdə daxili çatlar daha da genişlənəcək, ABŞ-ın isə 2-3 il sonra, bəlkə də daha tez Alyansdan ayrılması barədə bəyanatları səslənəcək. ABŞ adminstrasiyası sanki NATO-nun zəifləməsi üçün özündən öncə Türkiyənin qurumdan ayırılması üçün əlindən gələni edir. Yəni ilk olaraq Ankara ayrılır, məsuliyyət prezident Ərdoğanın üzərinə qoyulur, ardınca ABŞ “onsuz da cənub cinahımız açıqdır, üzv ölkələr də müqavilə şərtlərini ödəyə bilmir, Avropa isə Rusiya və İran ilə mövcud və yeni enerji layihələrindən imtina etmir. Bu qədər vəsaiti itaət etməyən Avropa ölkələrinə xərcləməyə dəyməz, özünüzü özünüz qoruyun” bəyanatını səsləndirərək alyansdan ayrılır. Təbii ki, bunlar ehtimallardır. Bu baş versə belə, yəni ABŞ NATO-dan çıxsa belə, bütün okean və bir çox ölkələrdə olan bazalarından imtina etməyəcək. Bu məqsədlə üstünlük fərqli kontintentlərdə limanlara malik daha kiçik və itaətkar ölkələrə, məsələn Bəhreyn, Cibuti, Filippin və s. kimi ölkələrə üstünlük veriləcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   ABŞ   Türkiyə     Parçalanma  


Bizi "telegram"da izləyin