Reallıq və əfsanələr: Snayperlər və əks-snayperlər nəyə qadirdir? – HƏRBİ EKSPERT (II Yazı)

2018/06/12_7648670795.jpg
Oxunub: 15826     14:09     23 İyun 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Sovetlər birliyinin dağılmasından sonra müstəqilliyini elan etmiş respublikalarda ərazi, dini, milli münaqişələrin əhəmiyyətli hissəsi silahlı qarşıdurmaya çevrildi. Bu tendensiya keçmiş zamanda NATO blokuna əks olaraq yaradılmış Varşava müqaviləsi ölkələrində də baş verdi.


Yuqoslaviyada gedən vətəndaş müharibəsi zamanı, snayperlərin aktivliyi pik həddə çatmışdı. Lakin bu snayperləri artıq ordularda hörmət əlaməti olaraq, elit sayılan snayperlər kimi qəbul etmək mümkün deyildi. Onlar “muzdlu qatillərin” yolunu gedir, mülki insanları,uşaqları, ictimai nəqliyyatı hədəfə götürürdülər. Əsasən də qəddarlıq prinsipi serbiyalı snayperlərə məxsus idi. Onlar yüksəklikdə mövqe tutaraq Sarayevo şəhərində hərəkət edən hər canlıya atəş açır, bunu bir növ əyləncəyə çevirərək snayper adı kimi elit anlayışa öz çirkin düşüncələri ilə xələl gətirirdilər. Sarayevo əhalisi bu qəddar canilərdən qorunmaq üçün şəhərdə açıq hərəkət edə bilmədiklərinə görə, günün işıqlı vaxtı avtomobil təkərlərini yandırıb tüstü ilə və açıq ərazilərdə brezent pərdə örtməklə hərəkət edirdilər. Avtobusların yan tərəfinə ikiqat dəmir örtük qaynaq edərək, içinə torpaq tökürdülər. Bu canilər ələ keçdiyi təqdirdə, onların aqibəti də acınacaqlı olurdu, yaxşı halda güllələnir, pis halda isə yandırılırdılar. Bosniya ordusu isə snayperlərlə mübarizəni, yüksəklikdə olan kolluqları minaatan atəşi ilə vurmaqla bu problemi çözdüyünü düşünürdü. Bəzi Bosniya hərbçiləri, serb snayperlərinin atəşindən yaranmış divar dəliklərinə ,avtomatın təmizləyici lingini qoyaraq, atəşin haradan açıldığını təyin edə bilirdilər. Lakin problem qalırdı. Yüksəklikdən şəhərin xarabalıqlarına köçən Serbiya snayperləri evlərin damında,koridorlarda, yüksək mərtəbələrdə mövqe tutaraq öz çirkin əməllərini davam etdirirdilər. Bu müharibə zamanı əsasən də Serblərin intensiv artilleriya və atıcılıq silahlarından atəşi zamanı, əhali başa düşürdü ki, bu atəşlər, serb snayperlərinin yerdəyişməsini təmin etmək üçün istifadə edilir.


Əsasən məhəlli müharibələr zamanı, ölkələr başlanğıcda snayper hazırlığına çox da əhəmiyyət verməyibişdir. Ümumi fikrə görə,müharibənin taleyini tank kolonları, piyada qoşunları, artilleriya və aviasiya həll edəcəkdi. Lakin reallıq başqa idi. Buna görə də Sovetlər birliyi Əfqanıstan müharibəsində snayper hazırlığını demək olar ki, sıfırdan başlatdı. Ştat əsasında olan snayper əsgərlər tələsik və bəsit hazırlandığından, döyüşdə və əməliyyatlarda istənilən nəticəni vermirdi. Bunun üçün kiçik zabit heyəti, praporşiklərdən ibarət snayper qrupları hazırlanırdı. Əfqanların isə snayper hazırlığı ən yüksək həddə idi. Köhnə təkatılan tüfənglərə müasir optik nişangahlar qoyaraq, onlar daha dəqiq və sərrast atəş açaraq, sovet komandanlıqlarının baş ağrısına çevrilmişdilər. Hədəflər əsasən, zirehli texnikanın mexanik-sürücüləri, avtomobil sürücüləri, pulemyotçular, minaaxtaranlar, minaatan heyətləri, komandirlər, ən əsası da rabitəçilər idi. Rabitəni məhv etməklə, qoşun növləri arasında bağlılığı qırırdılar. Əfqanlar hətta zirehli maşınların antenasına atəş açmaqda da püxtələşmişdilər. Onlar tunellərlə hərəkət edərək dağ zirvələrində peyda olur, ilk atəşdən böyük hərbi dəstələri iflic edir, daha sonra həmin qüvvələri məhv edirdilər. Snayper əleyhinə metodlar da çox zaman istənilən nəticəni vermirdi. Onlar tunellərdə, mağaralarda yox olur, axtarış da bir nəticə vermirdi.

1990-cı ilin əvvəlləri Sovetlər birliyində dağınıq imperiyanın subyektlərinin odlu müharibələrə addım atması ili oldu. Bu zaman keçmiş sovet respublikalarında silahlı münaqişələr başladı. Ümumiyyətlə toqquşmaların sayı 203, böyük münaqişələr isə 5 olub. Bunlara Tacikistan, Qarabağ, Gürcü-Abxaz, Gürcü – Cənubi Osetiya və Dnestryanı daxildir.

Bu zaman ortaya yeni bir hərbi vahid atıldı. Qadın Snayperlər dəstəsi. Xalq arasında onlar “Ağ corablar”,”Ağ kolqotkalar” adlandırılırdı.

Dağılmış imperiyanın mütəxəssis idmançıları da bütün mütəxəssislər kimi işsizlikdən əziyyət çəkir, bəziləri xarici ölkələrə köçür, bəziləri isə yaşamağın və pul qazanmağın yolunu cürbəcür kriminal strukturlarda, müharibələrdə axtarırdılar. Bu zaman ortaya Pribaltika ölkələrindən olan professional biatlon idman növü ilə məşğul olan qadınlar çıxır. Pribaltikada hələ sovetlər vaxtından biatlon idman növü daha çox inkişaf etmişdi. Burada təlim mərkəzləri, olimpiya stendləri, məşq zalları çoxluq təşkil edirdi. Bu idman növü isə ən çox qadınları cəlb edirdi. İmperiya dağıldıqda, artıq onlar maddi çətinliklərlə üzləşdilər, idman mərkəzləri bağlandı, büdcədən ayrılan vəsaitlər kəsildi, nəticədə idmançılar işsiz qaldılar. Artıq alovlanmaqda olan vətəndaş və millətlərarası münaqişələrdə onlar “dəyərli ədəd” idilər.

Onlar haqqında danışan zaman, çoxları əfsanələrə və nağıllara qapılırlar. Lakin onlar həqiqətən pul qazanmaq naminə milliyyətindən və dini əqidəsindən asılı olmayaraq pul ödəyən tərəf üçün, əks tərəfin əsgər və zabitlərini vuran qadın snayper qrupları idi. Onlar hər vurulan nəfər üçün müəyyən məbləğ alır, döyüşlərə qatılmır, azad mövqelər seçərək hədəflərini məhv edirdilər. Risk elə də böyük deyildi. Onlar bir neçə ay dağlarda, meşələrdə qalaraq bacardıqca əks tərəfin qüvvələrinə atəş açır, topladıqları pulla vətənlərinə qayıdır və bu çirkin peşədən uzaqlaşırdılar. Lakin aralarında pula həris və insan öldürməyin manyakı olanlar da böyük çoxluq təşkil edirdi.


İlkin olaraq onların Qarabağda peyda olduqları iddia edilir. Əsasən erməni qüvvələrinin tərkibində olan bu qadın snayperlər, Qarabağ müharibəsinin şiddətli vaxtlarında Ağdərə bölgəsində nəzərə çarpmağa başladılar. Erməni təbliğatı uzun illər Qarabağda onlar tərəfdən muzdluların olmasını inkar etsə belə, şahidlər başqa fikirdədirlər.

Nikolay Girçenko özünün “Olmayan dövlətin ordusu” adlı kitabında belə yazır: “Biz Stepanakertin (Xankəndi-red) küçələri ilə addımladıqda, buradakı əli silahlı insanların çoxluğundan təəccübləndik. Axı bu şəhər tam mühasirədə idi, bəs o zaman bu qədər silah bura haradan axışırdı? Bu bir yana qalsın, burada olan müxtəlif xarici muzdlular, hətta tez-tez qarşımıza çıxan qara dərili Afrikalılar bura haradan daxil olmuşdu?”

Həqiqətdə isə dünyaya səpələnmiş erməni diasporu, böyük məbləğlər istifadə edərək muzdluları və həmçinin də “ağ corablıları” münaqişə zonasına cəlb edirdi. Lakin buna baxmayaraq, əsasən bu qadın snayperlər haqda tam məlumat yoxdur. Əsasən gizli əməliyyatlar keçirən bu snayper qadınlar, adi savadsız “ədədlər” deyildilər. Onlar anlayırdılar ki, nə vaxtsa zaman gələcək, onlar hərbi cinayətkarlar kimi məhkəmələr qarşısında duracaq və ağır cəzalandırılacaqlar. Beynəlxalq qanunlar muzdlu olaraq başqa ölkələrin ərazisində insan ovu etməyi inkar edir və bu hallarla çox ciddi mübarizə aparırdılar. Buna görə də “ağ corablılar” heç zaman rəsmi orqanlarla əməkdaşlıq etmir, sənədlərini rəsmiləşdirmir, bir zonada çox qalmır, özləri haqda məlumatları yox edirdilər. Yalnız hal-hazırda Ermənistanda səfil günündə yaşıyan pribaltikalı snayper qadın məlumdur. Həmin snayper qadın Qarabağ savaşı zamanı ermənilər tərəfdən Azərbaycan qüvvələrinə qarşı döyüşüb.


Ermənistanın ”A1+” telekompaniyası Qalina Novitskayante haqqında süjet çəkib. Qalina milliyyətcə latışdır. O döyüşə “könüllü” qatıldığını dilə gətirsə belə, mütəxəssislər onun bu yalanını erməni cəmiyyətinə yaltaqlıq olduğunu bildirirlər. Çünki nə Qalinanı, nə onun erməni olmayan ərini, Ermənistanla heç nə bağlamırdı. Həqiqət burasındadır ki, ermənilərin Azərbaycan torpağında işğalının sürətləndiyi vaxtlarda, Qalina aldığı maddiyyatdan o qədər eyforiyaya düşmüşdü ki, onun adı artıq Latviya hökumətinə məlum idi və o artıq vətəninə qayıda bilməmişdi.

Hazırda Ermənistanda qalan bu muzdlu qatil snayper, səfil günündə iki övladı ilə yaşayır. Onun danışığında stabillik də yoxdur. Gah “könüllü” gah “xristian həmrəyliyi” ilə manipulyasiya edən Qalina, sözarası çaşaraq, həyatının ən böyük səhvini etdiyinə, özünün və övladlarının həyatını korladığına görə özünü lənətləyir. İnandığı və bir vaxtı hörməti olduğu Sarkisyan hökuməti ona layiqli “töhvə”sini verdi. Erməni hökuməti üçünsə bu “işlənmiş material” arzuolunmaz ekzemplyardır. Çünki erməni tərəfi hər zaman Qarabağda sırf ermənilərin vuruşduğunu deyərək, muzdluların oloduğunu inkar edir. Qalina nə qədər də danışığını bəzəsə belə, sonda deyir: “Mən Allahın lənətlənmişiyəm, əgər belə olmasaydı, hal-hazırda mən Avropa Latviyasında yaşayır ,təlimatçı idmançılıq edir, medallar və pullar qazanaraq hörmətlə yaşayırdım... İndi isə zibil yeşiklərinin ətrafında dolaşan köpəklərdən biriyəm”.

1990-cı illərin sonunda Çeçenistanda məhv edilən qadın snayperin cibindən çıxan qeyd kitabçası, federalların diqqətini cəlb edir. Kitabçada bu yazılar vardı: “Fatimə - 140 000 rubl, Oksana - 170 000 rubl, Lena - iki kəşfiyyatçı üçün 220 000 rubl”.


Beləcə vurulan federalların qiymətini göstərən yazıları daşıyan, ölü snayperin qrupun rəhbəri olduğu güman edilir. Bundan əlavə qərara gəlinir ki, adlar ləqəbləri əks etdirir. Bu məlumatı Yelizaveta Maetno adlı jurnalistə Çeçenistanda dislokasiya olunmuş federal qüvvələrin xüsusi xidmət orqanlarından təsdiq ediblər. Ərazidə “ağ corablılar” saysız hesabsız idi. Kizlər əməliyyatında Şamil Basayevin dəstəsindən yaralı halda əsir götürülən belə snayperlərdən biri, sağ olaraq Maetnoyla koloniyalardan birində görüşüb. Adı məxfi saxlanılan “Lolita” çağrılan bu snayper qadın, əslən Latviyadan olsa belə, Ukrayna vətəndaşı idi. Professional idmançı və SSRİ məkanında çoxlu ölkədaxili olimpiadalarda iştirak edərək, hətta qızıl medal belə almışdı. Bundan əlavə amansız qəddarlıqla federal əsgər və zabitləri ancaq başından vuran və heç zaman ələ keçməyən, gülləsinin ballistik trayektoriyasını tanıtmayan professionallardan birini də Rusiya xüsusi xidmət orqanları böyük ciddi cəhdlə axtarırdılar. Bu Milita Taralkutene idi. Onun unikallığı sürətli nişan almasında və atəşində idi. Urus-Martan rayonunda təxliyyə edilən və tələsik helikopterə minən əsgərlərdən 5 nəfərini yerdə, 2 nəfərini bortun qapısında, pilotu isə öz kabinəsində təxmini 3-5 dəqiqəlik zamanda vuran bu “dişi canavarı” Rusiya xüsusi xidmət orqanları məhv edə bilmədi.

Şayiələrə görə, Milita döyüş zonasını başqa sənədlərlə hətta Rusiya ərazisindən keçməklə, Avropanın hüdudlarında yox olub. Hərbi tarixçi Vladimir Pryaxin deyir: “Onların qəddarlığı məni ağrıtsa belə, professionallıqları qibtə doğururdu. Müasir müharibələrdə hələ ki belə “ağ corablılar” fenomeninə rast gəlinmir. Əminəm ki onlar o vaxtkı kimi gözəgörünməz olaraq bu gün Suriyada döyüşürlər. Milita şəxsən mənim üçün amansız canavar, həm də professionallıq simvoludur”.

ABŞ snayperləri cəngəllikdə qəbul olunan maskalanma şəraitinin, yaşayış məntəqələri və şəhərlər üçün əlverişli olmadığı artıq anlamağa başlayırdılar. Əgər cəngəllikdə yaşıl və hər tərəfindən budaqlar asılmış maskalanma kostyumları lazımdırsa, şəhər mühitində boz rəngdə və daşların çıxıntılarını əks etdirən maskalanma torları daha əlverişli idi. Şəhərlərdə gözü qıcıqlandıran faktorlar çoxdur. Əşya və vəsaitlərin, evlərin, qarajların, darvazaların, maşınların və s. fonunda snayperə gözün görmək istəmədiyi yerlər lazım olur. Bu yerin ən yaxşısı zibillik və zibil yeşiklərinin ətrafıdır. Praktika göstərir ki, snayperi yalnız zibillikdə deyil, hər yerdə axtarırlar.


Belə yerdə 2 gün pusquda dayanmış ABŞ snayperi öz xatirələrində yazır: “Bu cür yerdən duraraq öz dostlarına yaxınlaşan zaman üfunət qoxusu verdiyin üçün xəcalət çəkirsən, bu hissi mülki həyatda yaxınlarına, hətta həyat yoldaşına da danışa bilmirsən. Bunu ancaq tək yaxşı snayperə danışa bilərsən və o səni başa düşdüyü üçün susar”.

ABŞ dəniz piyadalarının snayper qrupunun təlimatçısı Sem Berrinqton isə deyir: “Snayper çox çətin bir “orqanizmdir”. O tarixin də, döyüşün də, münaqişənin də gedişini 3 saniyə ərzində də dəyişə bilir. O hər bir tarixi unudar, amma öz atəş açdığı tarixdən başqa”.

Ermənistan: İdmandan qatilliyə gedən yol

Atıcılıq idmanı əsasən dinc idman növlərindən biridir. Lakin bu kimi hazırlıqlar və ən əsası gənclərin hərbi hazırlıq prinsipləri yaxın və mənfur qonşumuz Ermənistanda başqa cür başa düşülür. Ermənistanın özünün və diasporasının böyük ciddi cəhdlə hazırladığı skaut hərəkatı hər zaman gizli saxlanılır. Əsasən bu tip düşərgələrdə skaut adı ilə snayperlər, dağ hazırlıqlı atıcılar, xüsusi hazırlığa malik gənclər hazırlanır.


Erməni saytlarının məlumatına görə, Ağdərə və Kəlbəcər meşə və dağlarında, Vova Vartanovun belə ”skaut ahazırlığı” düşərgələri mövcuddur. Burada əsasən gənclər dünyaya snayper nişangahından baxmağa öyrədilir. Keçən il Ermənistan prezidenti Serj Sarkisyan aprel döyüşlərində Azərbaycan əsgərlərinə güllə atan snayper gəncləri mükafatlandırmışdı. Bunların arasında Yurida Qabrielyan adlı kəşfiyyatçı – snayper də vardı ki, o da “Ümumerməni humanitar birliyinin” (AGBU ) yaratdığı skaut düşərgələrinin yetirməsidir.


Erməni saytlarının ciddi cəhdlə gizlətməsinə baxmayaraq məlum olub ki, belə düşərgələr az deyil və hər birinin başında müəyyən şəxslər durur. Bunlardan snayper hazırlayan skaut məktəbləri: AGBU məktəbi-Manukyan-Dəmirçiyan (Kanoqa-Park, Kaliforniya ABŞ), AGBU ali məktəbi (Pasenda, Kaliforniya ABŞ), AGBU ilkin hazırlıq məktəbi (Sidney, Avstraliya), Manukyan məktəbi (Sousfayld. Miçiqan, ABŞ), Aleks Manukyan məktəbi (Monreal, Kvebek, Kanada), Mariya Manukyan məktəbi (Buenos-Ayres, Argentina), ilin hazırlıq məktəbi Nubaryan və orta hazırlıq məktəbi Aleks Manukyan (Montevideo, Uruqvay).

Hər il bu məktəblərin müdavimləri Dilicanda yerləşən Andranik Scout Kamp düşərgəsinə toplaşırlar. Qarabağda amansızlığı ilə seçilən gənc qadın snayperlər, həm də Kanadada yerləşən “erməni mərkəzi” təşkilatının maliyyəsindən faydalanırlar.

Umumdünya skaut təşkilatı isə bu kimi mərkəzlərdə skaut adı ilə, Qarabağda qətllər törədən gənc snayperlərin hazırlanmasına həmişəki kimi göz yumur.

Tarixdə yer almış bir neçə məşhur snayper haqqında:

1841-1885-ci il. Böyük Britaniya - Tomas Planket

Tarixdə əbədi adı qalacaq snayper. İlk dəfə barıt tüfəngi “Braun Bess”lə rekorda imza atan döyüşçü. General Monronun ordusunda olan Tomas, 50 metr nişan uzaqlığı olan muşketdən 600 metrlikdə dayanan düşmən generalını vurmağı bacarıb. Bu atəş silahdaşlarında ”təsadüfi atəş” iddiasını yaratdığı zaman, həmin uzaqlıqda olan generalın köməkçisini də sübut üçün vuraraq öldürüb.

1905-2002-ci il. Finlandiya - “Ağ ölüm” Simo Hayha

Simo fermer idi. SSRİ qoşunları Finlandiya ərazisinə girəndə, onu da başqaları kimi ordu sıralarına səfərbər etdilər. Simo Suojeluskunta (Ağ Dəstə) snayperlərinin sırasına düşdü. M-28 tüfəngini götürərək ön xəttə gəldi. SSRİ qoşunlarının birinci həmləsinə finlər artilleriya və snayperlərlə cavab verməyə başladılar. Bu sovet əsgərləri üçün cəhənnəm burulğanı idi.


Böyük itki verən sovet qoşunları geri çəkilib, yenidən qruplaşmağa başladılar. Simo hərbi dairələrdə tez tanındı. Onun dəqiq atəşi nəticəsində 745 təsdiq olunmuş sovet əsgəri həla oldu. Sovet komandanlığı hətta onun məhv edilməsi üçün, onun olduğu güman edilən ərazini gecə və gündüz artilleriya ilə şumlayırdı. Lakin əməliyyatlar müvəffəqiyyət gətirmir, Simo gözlənilməyən yerdə peyda olaraq, komandirləri, pulemyotçuları, snayperləri dəqiq vururdu. Bunu onun kiçik boyu (152) sm və açıq nişangahla işləməsi ilə əlaqələndirirdilər. Müharibənin sonlarına yaxın onun vurulması üçün hətta snayper batalyonları yaradılsa belə, Simo adi pulemyot gülləsindən yaralanır və sonradan sağalır. 2002-ci ildə 97 yaşında vəfat edir.

1942-1999-cu il. ABŞ - Karlos Norman Xeskok

Demək olar ABŞ tarixində ən müvəffəqiyyətli snayper sayılır. Onun atəşini görkəmli rejissor Stiven Spilberq “Sıravi Raynın xilas edilməsi” filmində canlandırıb. Karlos onu ovlamaq istəyən snayperi optik nişangahının içindən keçməklə gözündən vurmuşdu. İkinci dəfə dünyanı mat qoyan atəşini Karlos, 2.250 metrdən Brauninq – M2 pulemyotu ilə düşmən əsgərini vurmaqla edib. Buna görə o, ”Gümüş ulduz” ordeninə layiq görülüb. Onun adına hal-hazırda ABŞ ərazisində bir neçə atıcılıq mərkəzləri və bir hərbi mükafat var.

1976-cı il. Kanada - Rob Ferlonq

Rob 2002-ci ildə özündən əvvəlki uzaqlıq atəşi rekordunu təzələdi. “Anakonda” əməliyyatında iştirakı zamanı “Əl-Qaidə” terror təşkilatının döyüşçüsünü 2430 metrlik məsafədən məhv edib. Qeyd edək ki, Robun birinci gülləsi hədəfdən yan keçib. Terrorçu güllənin səsinə çevrilən zaman, ikinci güllə onun başını dağıdıb.

Anti-snayper taktikasına kiçik baxış:

Snayperlərin döyüş zonasında aktivliyinə bir neçə amillə mane olmaq mümkündür. Bu soyuq başla hesablama, logika və təhlükəsizlik elementləridir.


- Snayperlər açıq ərazidə 300-700 metr uzaqlıqda “işləməyi” üstün tuturlar. Buna görə yaxın və orta məsafədə, onların mövqe tuta biləcəyi yerləri siqnal yaxud döyüş minaları ilə minalamaq vacibdir.
- Ətraf landşaftın dəyişikliklərinə son dərəcədə diqqətli olmaq vacibdir. Əgər gecədən sonra sizin ərazidə daş, kol və s peyda olubsa, dərhal həmin ərazini minaatan və iriçaplı pulemyotlarla “təmizləmək” lazımdır.
- Əgər siz düşünürsünüz ki, snayper meşə zolağında mövqe qurub, o zaman həmin ərazini sıx atəş, minaatanlarla atəşə tutmaq lazımdır.
- Snayperlər şəhər şəraitində hər zaman hündür mərtəbəli evlərdə, pəncərəyə yaxın yox, binaların dərinliyində mövqe tuturlar. Bunun üçün şübhəli binaların mərtəbəsi artilleriya yaxud qumbaraatanlarla vurulmalıdır.
- Snayperlərin ən çox sevdiyi metod, bir döyüşçünü yaralayıb, ona köməyə gələnləri vurmaqdır. Bu zaman yaralını ipin üstündə “istehkamçı pişiyi” olan qarmaqla çəkin, yaxud əraziyə tüstü qumbaraları atın.


Yekun

Snayperlər və Snaypinq bir elmdir. Ona çılpaq atıcı kimi yox, ovçu kimi baxmaq daha məqsədəuyğundur. Bu haqda isə 1000-lərlə tədris materialları var. Əsasında isə bu hərbi peşəyə ciddi yanaşmaq durur. Ciddi və peşəkar olmağı qarşınıza məqsəd qoymusunuzsa, o zaman peşəyə nağıllar aləmindən baxmağa son qoyun. Yadda saxlayın ki, snayperin səhvi, yaxud müvəffəqiyyəti, böyük dövlətlərin siyasi gedişini çox dəyişib. Tarixdə belə faktlar az deyil.

Hərbi eskpert Abuzər Əbilov
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Snayper   Anti-snayper   Erməni-vəhşiliyi  


Bizi "telegram"da izləyin