Xarici ölkədə qoşunlarının məhdud kontingenti yerləşdirilən zaman ilk növbədə Baş Əməliyyat Bazası yaradılır. Baş Əməliyyat Bazası isə real təhdidlərdən müdafiə olunmaq üçün vacibdir, çünki həyata keçiriləcək tədbirlər və ya döyüş əməliyyatları daim müəyyən risklərlə əlaqəli olur.
Yerinə yetiriləcək vəzifələr arasında əsas bazadan geniş ərazilərə nəzarət tələb edilməsi mümkün olmadıqda, "əsgərin torpaqda izi" vacib olduqda, Ön Əməliyyat Bazası da yaradıla bilər. Ön Bazalar Baş Əməliyyat Bazasından daha kiçik həcmli olur, tərkibi təxminən gücləndirilən bir bölük şəxsi heyətindən ibarət olur. Daim hərbi iştirakın zəruri olduğu mühüm sahələrdə ən kiçik (taqım səviyyəsində) bazalar - ön mühafizə postları və ya möhkəmləndirilən forpostlar da yaradıla bilər.
Hərbi kontingentin iştirakı nə zaman zəruridir
Təbii ki, bütün hallarda, xüsusilə düşmən mühitində və ya düşmənçilik əhval ruhiyyəli ərazilərdə bütün bazalar qorunmalıdır. Bu infrastrukturun mənası, ətraf ərazilərdə fəal surətdə nəzarət edə biləcək patrullar yerləşdirmək qabiliyyəti ilə ölçülür.
Digər tərəfdən, təhlükə səviyyəsinin artdığı bir şəraitdə bazanın özünü qorumasına cəlb edilən şəxsi heyətin artan sayı, bazanı özünü müdafiə edən hər hansı bir statik elementə çevirir. Ətrafdakı hadisələrə müdaxilə edə bilməyən bazanın fəaliyyəti faydasız hesab olunur. Sabit müdafiə və ətrafdakı fəal əməliyyatlarda balans yaratmaq komandirlərin əsas vəzifəsidir. Lakin müdafiə imkanlarının optimallaşdırılması üçün sensorlardan və digər silah sistemlərindən geniş istifadə öz növbəsində təhlükə səviyyəsini azaltmağa və fəal əməliyyatlar həyata keçirmək üçün daha çox personal cəlb etməyə imkan verir.
Ön mühafizə postu kiçik tərkibinə görə ciddi bir sistem yarada bilmədiyinə görə, müdafiə səviyyəsini artırmaq üçün müxtəlif yeni texnologiyalardan və sistemlərdən yararlana bilər. Eyni zamanda müvafiq müdafiə qabiliyyətlərini təmin etmək üçün lazım olan şəxsi heyətin sayı azalır, bölmələr üçün risklər minimuma endirilir və onların döyüş effektivliyi artır.
Baş Əməliyyat Bazasının və Ön Əməliyyat Bazasının qurulacağı yerin seçilməsi bir çox faktordan asılıdır, lakin bir qayda olaraq, müdafiə aspekti ən yüksək prioritetlərdən biri kimi qəbul edilib. Bəzən hərbi bazaların yaşayış məntəqələrində yerləşməsi kimi riskli variatlara da rast gəlinir. Bazanın ətrafına gizlin yaxınlaşma imkanı istisna olunmalıdır.
Kabil hava limanına girişlərdən birində. Konteynerlərdən yığılan anqarı, yan tərəflərdən torpaq doldurulan qəfəslər qoruyur
Ön Əməliyyat Bazasının təşkili
Açıq ərazilərdə təşkil edilən bazalar maksimum müşahidə imkanlarına malik olmalıdır ki, hazırlanan hücum planlarını çılpaq gözlə müəyyən etməyə və şəxsi heyətə müdafiəyəyə hazırlamaq imkanını versin. Buna baxmayaraq raket, artilleriya və minatan silahlarından istifadə riski daim qalır.
Yerli əhali ilə əlaqələr də riskin başqa elementidir. Yerli hakimiyyət orqanları və polis qüvvələri ilə qarşılıqlı münasibətlər bazanın qorunmasına xidmət etməlidir. Bundan əlavə, hərbi kontingentin sayını azaltmaq və yerli iqtisadiyyatın stimullaşdırılması üçün maddi-texniki təchizatın gündəlik vəzifələri ilə məşğul olacaq heyət üçün tez-tez yerli işçi qüvvə cəlb edilir. Aydındır ki, kəşfiyyat və təhlükəsizlik riskləri vəzifələri ilə məşğul olmayan heyət üçün riskləri azaltmaq məqsədilə, təhlükələrin müvafiq metodlarla hərtərəfli qiymətləndirilməsi və düzgün kəşfiyyat fəaliyyəti ilə yanaşı vəziyyəti dəyərləndirmə səviyyəsini artırmağa imkan verəcək. Nəticədə bazanı müdafiə edən qüvvələr hər hansı bir təhlükənin mümkün qədər tez təsirsiz hala gətirilməsini təmin edəcək vahid sistemlərdə birləşdirilməlidir.
Əfqanıstanda hərbi bazanın görünüşü. Bu strukturların qorunması çox vaxt çətin bir vəzifə hesab olunur, adətən sensorların və icraçı elementlərin inteqrasiyasını tələb edir
Bazanın müdafiəsini təşkil edərkən ətrafın perimetr üzrə mühafizəsi prioritetdir. Yer seçildikdən sonra, bir qayda olaraq, bazanın ətrafına qoruyucu maneələr yerləşdirilməsinə görə məsuliyyəti mühəndis bölməsi daşıyır. Sadə bir çəpər adətən kifayət qədər qorunma təmin etmir, odur ki, kiçik silahlara, həmçinin bəzi raket və qumbaralara qarşı davam gətirə biləcək daha sabit sistemlərin qurulması tələb olunur. Standart texnologiyalardan biri kimi, torpaqla dolu müxtəlif növ və ölçülərdə olan elementlərdən istifadə olunur. PZM tipli mühəndis texnikalarının köməyi ilə qısa zamanda qoruyucu maneələrin yaradılması mümkündür. Bu qum torbalarına nisbətən daha sürətli bir metoddur və doldurulan maddə ilə qorunma səviyyələrini dəyişmək mümkünündür.
Məftilli maneə ilə əhatə olunan, daxildən torpaqla dolu qəfəslərdən ibarət metal qoruma qülləsi - bu gün üçün baza perimetrinin passiv mühafizə standartı
Sualın mahiyyəti
Bu gün bazarda müxtəlif şirkətlərin məhsulları mövcuddur. "Hesco Bastion" bu sahədə üç müxtəlif növdə məhsullar istehsal edən əsas oyunçulardan biridir. Bütün bunlar aşağı karbonlu poladdan hazırlan toxunma məftildən ibarət qəfəslərdir. İlk dəfə şirkət müxtəlif ölçülərdə "MIL Unit" seriyasındakı qəfəslərin kütləvi istehsalına başladı. Ən böyük olan MIL7 qəfəslərinin komplekt modulunun ümumi uzunluğu 27.74 metrdir. Tək qəfəs isə 2.21 metr yüksəkliyə və 2.13x2.13 metrlik bir həcmə malikdir.
Növbəti addım eyni xüsusiyyətlərə malik, lakin hər bir bölməsinin ayrıca olaraq açılması və doldurulması mümükün olan "MIL Recoverable" qəfəslərinin istehsalı oldu. Bu qəfəslərin daşınması ilə əlaqədar heç bir problem yaranmır. Qəfəsin sökülməsi üçün kilidləmə çubuğu çıxarılır və qum (torpaq) tökülür. Qəfəslər və kisələr qatlanaraq rahat daşınır. Standart "MIL" qəfəsləri qatlanan "MIL Recovery" ilə müqayisədə 12 dəfə artıq həcm zəbt edir.
Bu isə loqistika yükünü və ətraf mühitə olan mənfi təsirləri və xərcləri azaldır, çünki sistemlər yenidən istifadə edilə bilir. RAID sistemi (Rapid In-teatr Deployment - Döyüş əməliyyatları teatrında sürətli yerləşdirilmə) xüsusi hazırlanan standart ISO-konteynerlərinə yerləşdirilən "MIL Recoverable" qəfəslərindən ibarətdir və qısa zamanda 333 metr uzunluğunda bağlı modulları yerləşdirilməyə imkan verir.
Minaatan atəşindən qorunmaq üçün sığınacaq dəmir betondan hazırlanıb və əlavə olaraq "Hesco Bastion" tərəfindən hazırlanan qəfəslərlə gücləndirilib. Fotoda gördüyünüz kimi, qəfəslər müxtəlif ölçülərdə istehsal olunur
"Hesco" şirkətindən verilən məlumata görə, RAID sistemindən istifadə qoruyucu maneələrin çatdırılması ilə məşğul olan nəqliyyat vasitələrinin sayını təxminən 50% azalda bilər. "DefenCell" şirkəti də geotekstildən istifadə etməklə oxşar "DefenCell MAC" sistemini təklif edir.
Bu sistemin modulları açılan spirallar ilə birləşdirilən və ultrabənövşəyi dalğalara davamlı ağır yüklü geotekstil ilə örtülən paslanmayan sinkli (galvanik) məftillərdən ibarət panellərdən hazırlanır. "MAC7", modulu ilə "MIL7" ilə bənzər ölçülərə malikdir, onu doldurmaq üçün 180 m3 material lazımdır. "DefenCell" şirkəti ayrıca olaraq doldurucu materialdan asılı olaraq ikinci qəlpə və ya rikoşet yaranması riskini azaldan qeyri-metal sistemləri təmin edir. Şirkətin məlumatına görə, bu sistem 25 mm kalibrli mərmilərin təsirinə davam gətirmə qabiliyyəti nümayiş etdirir. Belə tam həcmli tekstil tərkibli yeniliklər yerləşdirmə mərhələsindəki daşınan kütlələri əhəmiyyətli dərəcədə azalda bilər. Bu azalma metal şəbəkəsinin sistemləri ilə müqayisədə orta hesabla beş və hətta 10 dəfəyə qədər ola bilər.
Bütün bu sistemlər düşərgənin daxilində digər müdafiə məqsədləri üçün də istifadə edilə bilər. Cəbhə xəttinə yaxın Ön Əməliyyat Bazalarında bir qayda olaraq, yuxarı yarımkürəsinin mühafizəsinə ehtiyacı olan yaşayış konteynerlərinin damına götürə biləcəyi maksimum miqdarda torpaq ilə dolu həcmlər yerləşdirilirlər. Təhlükələrin az olduğu böyük düşərgələrdə isə onlardan yaşayış zonalarının perimetrini qəlpədən qorunması və minaatan əleyhinə sığınacaqların yaradılması üçün istifadə edilə bilərlər.
"DefenseCell" şirkəti tamamilə tekstil materialına əsaslanan torpaq doldurma sistemi təklif edir. Bu metal qəfəslərdən daha yüngüldür və qəlpələrdən daha yaxşı qoruyur
Qəfəsləri iki və ya daha çox cərgədə yığaraq hündürlüyünün artırılması, həm qorunan ərazinin perimetrinin genişlənməsinə, həm də ətraf kənd və ərazilərdən təhlükələri müşahidə etmək üçün istifadə edilən qarovul qüllələrini inşa etməyə imkan verir. Bu qəfəslər nəqliyyat vasitələrinin yüksək sürətlə nəzarət keçid məntəqələrinə yaxınlaşmasına icazə verməyərək onları qorumaq üçün də istifadə edilə bilər.
Giriş nöqtələrinin mühafizəsini daha da yaxşılaşdırmaq üçün müxtəlif şirkətlər təhlükə yarandıqda dərhal aktivləşdirilə biləcək mobil maneələr də yaradırlar. İstənilən təhlükənin əvvəlcədən qeydə alınması, bölmələrin əlaqəli şəkildə şəxsi heyətin vaxtında müdafiə mövqeyini tutmasına imkan yaradır. Bazanın bəzi ərazilərinə nəzərə çarpmadan yaxınlaşmaq mümkündürsə, bu ərazilərə xidmət olunmayan avtomatik xəbərdarlıq sensorları quraşdırıla bilər.
İnfraqırmızı passiv sensor, İsveçin "Exensor" (indi "Bertin"in bir hissəsidir) şirkətinin istehsalı olan "Flexnet" sensor sisteminin tərkib hissəsidir
Stasionar müdafiənin yaxşılaşdırılması
Bu sahədə Avropada əsas oyunçulardan biri 2017-ci ilin yazında Fransanın "Bertin" kompaniyası tərəfindən əldə edilən İsveçin "Exensor" şirkətidir. Onun "FlexNet" sistemi eyni şəbəkəyə birləşdirilən minimal enerji istehlakı olan optik, infraqırmızı, akustik, maqnit və seysmik sensorlardan ibarətdir.
Bir il ərzində bütün sensorlardan gələn məlumatlar əməliyyat idarəetmə mərkəzinə ötürülür. "Leonardo" şirkəti isə hərəkət və digər fəaliyyəti aşkar edən sensorlara əsaslanan oxşar "UGS Sistem" dəstini təqdim edib. Sistem, məlumatları uzaq əməliyyat mərkəzlərinə ötürməyə qadir olan simsiz şəbəkəni dinamik şəkildə yaradır və dəstəkləyir. Yalnız erkən xəbərdarlıq kifayətdirsə, yalnız seysmik sistemlərdən istifadə edilə bilər. ABŞ hərbçiləri hazırda xidmət olunmayan "E-UGS" (Expendable Unattended Ground Sensor) sensorundan istifadə etməyə başlayıb. Qəhvə fincanı ölçüsündə olan sensor bir neçə saniyəyə quraşdırılır və altı aya qədər xidmət edə bilir. Bu seysmik sensorların alqoritmləri yalnız insan addımlarının və ya nəqliyyat vasitələrinin hərəkətini müəyyən etməyə imkan verir. Sensor işə düşdükdə işarənin rəngi dəyişir və səsli bir siqnal səslənir, bu məlumatlar isə daşınan kompüterə göndərilir. "E-UGS" sensoru "Applied Research Associates" şirkəti tərəfindən hazırlanıb və 40000-dən çox belə qurğu qoşunlara təslim edilıb. Bir çox şirkətlər hazırda çox məqsədli müxtəlif sistemlər inkişaf etdirir.
Tipik bir müşahidə RLS-i. Bu tip sistemlər bir çox əməliyyat sisteminin baza hissəsidir
Əsas sensorlar bir qayda olaraq, radar və optik elektronik qurğulardan ibarət olur. Radarlar müxtəlif vəzifələri yerinə yetirə bilər, lakin onların əsas vəzifəsi baza ətrafında müşahidədir, çünki radarlar insanlar və nəqliyyat vasitələri daxil olmaqla, müəyyən bir məsafədə stasionar və hərəkətli obyektləri müəyyən etməyə imkan verir. Adətən iki kanallı-gündüz və gecə rejimli optik elektronik sistemlərdən geniş istifadə olunur.
Ölçü və geometriyadan asılı olaraq radar stansiyaları və optik elektronik sensorlar yüksək mərtəbəli binalara, qüllələrə və hətta dirijabllara quraşdırıla bilər. Tam dairəvi görüntü təmin edilməsi üçün müxtəlif sensorlar dəstinə malik kompleks sistemlərdən istifadə edilə bilər.
"Thales Squire" modeli dairəvi müşahidə radarları seqmentində müsbət tanınır. Fasiləsiz şüalanma rejimində maksimum ötürülməsi üçün 1 vatt güc sərf edən RLS müvafiq olaraq I/J 3-10 GHz /10-20 GHz diapazonda fəaliyyət göstərir, piyadaları 9 km məsafədə və kicik nəqliyyat vasitələrini 19 km, tankları isə 23 km məsafədə müəyyən edə bilir. 3 km məsafədə dəqiqlik 5 metrdən, azimutda isə 0,28 dərəcədən azdır. Kiçik Ön Əməliyyat Bazalarında istifadə edilə bilən daşınan "Squire" RLS 18 kq, idarəetmə bloku isə 4 kq-dir. Bu RLS-lər 300 km/saat sürətlə uçan təyyarələri də aşkarlaya bilir. Son vaxtlar, yuxarıda göstərilən tiplərin 11, 22 və 33 km məsafələrdə fəaliyyətini təmin edən və əlavə infraqırmızı qabiliyyətlərə malik modernləşdirilən versiyası təqdim olundu. Əvvəlki versiyalar 7 dərəcə/s və 14 dərəcə/s darama sürətinə, yeni model isə 28 dərəcə/s darama sürətinə malikdir. Bundan əlavə, 24 saat fasiləsiz əməliyyat üçün üç batareya əvəzinə yalnız iki batareya tələb olunur. "Thales"' portfelinə həmçinin, 24 və 8 km aralığında insanı müşahidə edə bilən "Ground Observer" 80 və 20 radarları da daxildir.
İtalyan şirkəti "Leonardo", sahildə və dərinlikdə olan obyektləri izləmək üçün istifadə olunan "Lyra" radarlarının ailəsini inkişaf etdirib. Fotoşəkildəki "Lyra 10" radarları, bir qayda olaraq, yerüstü hədəfləri izləmək üçün istifadə olunur
"Leonardo" kompaniyası əsasən kiçik mobil radarlar istehsal edir və hərbçilərə "Lyra" ailəsinin ən kiçik üzvü olan "Lyra 10" modelini təklif edir. Rəqəm insanı aşkaretmə məsafəsini göstərir. Kiçik vasitə 15 km məsafədə kiçik, 24 km məsafədə isə böyük nəqliyyat vasitələri aşkar edir. X diapazonlu koqerent doppler impulsa malik RLS 20 km məsafədə helikopter və dronları aşkar edə bilir.
Almaniyanın "Hensoldt" şirkətinin potfelində "Spexer 2000" radar ailəsi də yer alır. AFAR texnologiyalı radar 120 dərəcəlik darama bucağı ilə insanı 18 km, yüngül nəqliyyat vasitələrini 22 km, dronları isə 9 km-də aşkar edə bilir.
İsrailin "Rada" şirkəti isə perimetr üzrə piyada insanı, maşınları, yavaş uçan kiçik ölçülü pilotlu və pilotsuz vasitələri fərqləndirə bilən üçölçülü, AFAR texnologiyalı RLS-i təqdim etdi. Universal impuls-doppler texnologiyalı proqramlaşdırılan pMHR, eMHR və ieMHR radarları S diapazonda fəaliyyət göstərərək müvafiq olaraq 90 ° sektorda insan və vasitələrin artan sıra ilə aşkar edilməsini təmin edir: 10 və 20 km, 16 və 32 km və 20 və 40 km.
Almaniyanın "Hensoldt" şirkəti "Spexer" radar ailəsini inkişaf etdirdi. Şəkildə yerüstü nəzarət üçün istifadə edilən "Spexer 2000" modelidir
İsrail şirkəti "Rada" isə bazaların mühafizəsi üçün "Muiti-mission Hemispheric Radar" universal yarımkürə radarlarını təklif edir. Hər bir radar 90 dərəcəlik bir sektoru əhatə edir, yəni dairəvi müşahidə üçün 4 radara ehtiyac var
Başqa bir İsrail firması, IAI "Elta", daimi müşahidə üçün 7 tipdə "ELM-2112" radarlarını hazırlaıb ki, bunlardan da 6 ədədi yerüstü təyinatlıdır. Radarlar X və ya S diapazonlarda fəaliyyət göstərir, aşkaretmə məsafəsi hərəkət edən şəxs üçün 300-dən 15000 metrədək, hərəkət edən nəqliyyat vasitəsi üçün isə 30 km-ə qədər dəyişir. Hər sabit düz anten 90 dərəcəni əhatə edir, çoxşüalı texnologiya hədəfi bir anda bütün rakurslardan əhatə edir.
İngilis şirkəti "Blighter" Ku diapazonda fəaliyyət göstərən "B402" elektron darama və tezlik modulyasiyasına sahib radarını inkişaf etdirib. Bu radar 11 kilometr aralığında gəzən insanı, 20 kilometrlik bir məsafədə hərəkət edən avtomobili və 25 kilometrdə isə böyük avtomobilləri aşkar edə bilir. Əsas radar 90°-yə yaxın sektoru, hər bir köməkçi blok isə əlavə 90°-ni bağlayır.
Amerika şirkəti "SRC Inc" isə Ku diapazonlu, 360 °-ni davamlı əhatə edən impuls-doppler tipli "SR-Hawk" radarını təqdim edib. Təkmilləşdirilən versiyada (V) 2E radarı insan üçün 12 km, kiçik avtomobil üçün 21 km və böyük nəqliyyat vasitəsi üçün 32 km məsafədə aşkarlamaya zəmanət verir. Bu bölmədə bazalarda mühafizə üçün istifadə edilə biləcək çox sayda radarların yalnız bir neçəsi təqdim edilib.
M10S uzaqmənzilli antenalara sahib olan dörd ədəd "Blighter B402" radarından ibarət komplekt
"Blighter" şirkətinin "B402" tək radarı. Şəkildə optron sistemli radar göstərilir. Onun M20W antenası 20° istiqamət genişliyi diaqrammasını təmin edir. Radar dağlıq ərazidə mobil yerləşdirmə üçün ideal hesab olunur
Radarlardan infraqırmızı və akustik detektorlara qədər
Daha yaxşı optotron sistemləri məlum olan "FLIR" kompaniyası qısa mənzilli "R1"radarlarından gələcək "R10" radarlarına qədər "Ranger" ailəsinin müxtəlif variantlarını hazırlayıb. Nömrələr insanın təxminən müəyyən edilmən məsafəsini göstərmək üçündür. Şübhəsiz ki, bazaları qorumaq üçün geniş diapazonlu daha böyük məsafəli radarlardan istifadə edilə bilər, amma onların fəaliyyətinin xərcləri barədə də düşünmək lazımdır. Hücum edən raket, artilleriya mərmiləri və minalara qarşı müdafiəni təmin etmək üçün isə ixtisaslaşdırılmış artilleriya radarları lazımdır, lakin bu sistemlərin tam təsviri bu maddənin əhatə dairəsi xaricinə çıxır.
Radarlar potensial rəqibi aşkar edir, bazaya hücum halında isə digər sensorlar faydalı olur. Adı çəkilən xüsusi hava hücumundan müdafiə radarları da bu kateqoriyaya aiddir. Bununla yanaşı, birbaşa atəş mənbələrini müəyyən etmək üçün bir neçə sensor sistemi hazırlanıb. Fransanın "ACOEM Metravib" şirkəti real zamanda kiçik silahların atəş mənbəyi tərəfindən yayılan səs dalğalarından istifadə edərək, dəqiqliklə yeri təyin edən "Pilar" sistemini inkişaf etdirib.
Bazanın müdafiə variantında system, özündə 2-20 ədəd arası akustik antenlər birləşdirə bilər. Kompüterdə azimut, yüksəklik bucağı və atəş mənbəyinə qədər məsafə və eləcə də GPS şəbəkəsi göstərilir. "ASLS" (Acoustic Shooter Locating System) sistemi, 1.5 kvadrat kilometrə qədər ərazini əhatə edə bilir. Bu sistem, alman şirkəti "Rheinmetall" tərəfindən hazırlanıb.
"Metravib Pilar" sensor sistemi binaların yuxarı hissəsində quraşdırılır. Sistem bazanın ətrafında böyük bir sahəni əhatə etmək üçün digər komplekslərlə birləşdirilə bilər
Yuxarıdakı sistemlər mikrofona əsaslandığı halda, Hollandiyanın "Microflown Avisa" şirkəti AVS (Acoustic Vector Sensor) akustik vektorların qeydiyyatı texnologiyasına əsaslanan "AMMS" sistemini hazırlayıb. AVS texnologiyası səs təzyiqini ölçməklə (mikrofonlar tərəfindən təyin edilən tipik ölçüdür) yanaşı akustik hissəciklərin sürətini də təyin edə bilir. Təksensor MEMS (mikroelektromexaniki sistemlər) texnologiya bazasına əsaslanır və 200° C qızdırılan iki kiçik platin rezistr zolaq vasitəsilə hava sürətini ölçür.
AMMS (Acoustic Multi-Mission Sensor) cihazı 265 mm diametrə, 100 mm yüksəkliyə və 1,75 kq kütləyə malikdir, 1500 metr məsafədən açılan atəşi istiqamətdə 1,5 °, məsafədə 200 m və istiqamətdə 5-10% yayınma ilə təyin edə bilir. AMMS beş sensorlardan ibarətdir, 1 km məsafədə kiçik silahların hər hansı bir istiqamətdən atəşini və 6 km məsafədə isə dolayı tuşlama ilə açılan artilleriya atəşini müəyyən edə bilir.
İtalyanın "IDS" şirkəti isə 5.56 mm mərmidən reaktiv qumbaralara qədər bütün düşmən atəşinin yerini aşkar etmək üçün radar hazırlayıb. "HFL-CS" (Hostile Fire Locator - Counter Sniper) radarı 120° əhatə ilə X diapazonda fəaliyyət göstərir və tam rakursu əhatə etmək üçün üç belə radar tələb olunur.
Atəşin qaynağını izləyərkən radar, sürəti, azimutu, bucağı və məsafəni ölçür. Bu sahənin başqa bir nəhəngi ABŞ-ın "Raytheon BBN" şirkəti, özünün mikrofon əsasında atəş yerini təyin edən "Boomerang" sisteminin üçüncü versiyasını hazırlayıb.
Qeyd olunan sistemlərin əksəriyyəti Qərbi Avropa ölkələrinin bir çox hərbi əməliyyatlarında, bu sistem isə Əfqanıstanda geniş istifadə edilib.
"Raytheon BBN" şirkəti "Boomerang" sistemlərini ABŞ hərbçilərinə satır. Şəkildə, mikrofona əsaslanan atıcının lokallaşdırma cihazı "Boomerang III" sistemin ən yeni versiyası göstərilir
Optronikaya nəzər
Optik-elektronik sensorlara gəldikdə, seçim burada böyükdür. Optik- elektronik sensorlar əslində iki növdə ola bilər. Birincisi dairəvi müşahidə üçündür .Yəni ərazini tam rakursdan, görüntünün piksel dəyişməsini izləyərək nəticələri xəbərdarlıq şəklində monitora ötürən, ikincisi isə məhdud müşahidə sahəsində, əksər hallarda digər sensorlar - RLS, akustik, seysmik və ya optron sensorlar vasitəsilə aşkar edilən hədəflərin müsbət identifikasiyası üçün istifadə olunan uzaq məsafəli sistemlərdir.
Fransızların "HGH Systemes Infrarouges" firması, termal görüntüləmə matrisalarına əsaslanan dairəvi müşahidə sektorlu "Spynel" ailəsini təqdim edib. Bu ailəyə həm "Spynel-U" və "Spynel-M" kimi soyudulmayan, həm də "Spynel-X", "Spynel-S" və "Spynel-C" kimi soyudulan sensor modellərinin müxtəlif növləri daxildir. S və X modelləri infraqırmızı İR spektrin orta dalğalarında, digər modellər isə IR spektrin uzun dalğalarında fəaliyyət göstərir. Cihazların ölçüləri və onların darama sürəti modellərə görə dəyişdiyi kimi insanın aşkaretmə məsafəsi də 700 metrdən 8 kilometrə qədər dəyişir. "Spynel" sensorlarına əlavə edilən "Cyclope" proqram təminatı vasitəsilə avtomatik müdaxilənin aşkarlanması və aşkar edilən hədəflərin yüksək pikselli şəkillərinin analiz edilməsi təmin olunur.
2017-ci ilin sentyabr ayında "HGH" şirkəti "Spynel-S" və "Spynel-X" modellərinə lazer məsafəölçənini əlavə etdi. Nəticədə bu, azimutu, hədəfə qədər dəqiq məsafənin təyin olunmasını, hədəf göstərməni asanlaşdırdı. Uzun məsafəli optik- elektronik aparatlara gəldikdə isə onlar adətən panorama başlıqlar üzərində quraşdırılır və adətən dairəvi müşahidə sensorlarına qoşulur. "Thales Margot 8000" bu tip cihazların bir nümunəsidir. İki istiqamətdə sabit olan panoramalı başlıqda, orta dalğalı spektrə malik infraqırmızı termal sensor, gündüz kamerası və 20 km-lik lazer məsafəölçəni quraşdırılıb.
Fransız şirkəti HGH Systemes Infrarouges tərəfindən hazırlanmış son "Spynel-S" müşahidə sistemi lazer silsilələri ilə təchiz edilib
"Hensoldt" şirkətinin "Sparrowhawk" qurğuları dönən platformada 30 qat optik zooma, sabit və ya böyüdücü optikaya sahib soyudulmayan termal kameralara əsaslanır. Termal kamera insanı 4-5 km, nəqliyyat vasitəsini isə 7 km-də aşkar edir.
"Leonardo" kampaniyası özünün orta dalğalı termal "Horizon" kameralarını təklif edir. Sensorlar və 80-960 mm-lik davamlı optik böyütmə 30 km-dən çox məsafədə insanı, təxminən 50 km-də isə nəqliyyat vasitəsinin aşkarlanmasını təmin edir.
İsrail şirkəti ESC BAZ-ın digər sensorlar ilə sinxronizasiya edilə bilən uzunömürlü müşahidə sistemlərini istehsal edir
İsrail şirkəti "Elbit Sistem" bazaları qorumaq üçün istifadə edilə biləcək mühüm infrastrukturun təhlükəsizliyini təmin etmək üçün bir sıra məhsullar hazırlayıb. Məsələn, LOROS sistemi (Long Range Reconnaissance and Observation System - Uzaq məsafəli kəşfiyyat və müşahidə sistemi) rəngli gündüz kamerasından, gecə ağ-qara kamerasından, termal kameradan, lazer məsafəölçəndən, lazer göstəricidən və nəzarət-idarəetmə blokundan ibarətdir. Digər İsrail şirkəti olan ESC BAZ da oxşar vəzifələr üçün bir neçə sistem təklif edir. Məsələn, qısa və orta mənzilli "Aviv" sistemi soyudulmayan termal sensor və yüksək həssasiyyətli kamera ilə, "Tamar" isə geniş görüntülü rəngli kanal və orta dalğalı infraqırmızı IR spektr kanalı ilə təchiz olunur.
Amerikanın "FLIR" şirkəti isə radar istehsalı da daxil olmaqla, inteqrasiya edilən yeniliklər təklif edir. Məsələn, avtomobildə və ya qoşquda quraşdırıla bilən 5.8 metr anteni olan "Command Space Cerberus" kompleksinə radar, elektron, optik və s. sistemlər əlavə edə bilərsiniz. Optik elektron sistemlərin standart avadanlıqlarına gəldikdə isə şirkət burada "Ranger" istehsalı olan məhsullara üstünlük verib: müxtəlif diapazonlu soyudulan və soyudulmayan termal kameralar, aşagı işıqlanma üçün yüksək böyütməyə sahib linzalı CCD kameralar və s.
"Hesco Bastion"dan divarın üstündə quraşdırılan 40 mm-lik avtomatik qumbaraatan. Bu silahlar 2,7 mm-lik pulemyotlarla birlikdə hərbi bazaları qorumaq üçün istifadə olunan tipik müdafiə sistemidir
Geriyə silahlara
Adətən bazalar şəxsi heyətin ştat üzrə silahlarından, cümlədən 12,7 mm pulemyotlar, 40 mm avtomatik qumbaraatanlar və nəhayət, tank əleyhinə raketlər, həmçinin müxtəlif çaplı minaatanlardan istifadə etməklə təmin edilir. Məsələn, "Kongsberg" şirkəti konteynerlərin və ya brustverlər üzərinə quraşdırılaraq uzaqdan idarə edilən silah modulları təklif edir. Belə qərarların məqsədi insan resurslarına olan ehtiyacı azaltmaq və əsgərləri düşmən atəşindən qorumaqdır. Hələlik bu sistemlər o qədər də populyar deyil. Uçuş-enmə zolağı olan böyük hərbi aviabazalar üçün perimetr üzrə patrul xidmətini həyata keçirəcək silahlı robot texnikalarının istifadəsi ideyasına üstünlük verilir. Müdafiə sistemlərinin tərkibinə PUA- larla mübarizə aparmaq üçün silahlar da əlavə edilməlidir.
Hərbi obyektləri qorumaq üçün mainaatanların dolayı tuşlama atəşindən istifadə olunur. Onlar adətən gecələr işıqlandırıcı minalardan istifadə edirlər
Bir neçə il bundan əvvəl Norveç şirkəti "Kongsberg" uzaqdan idarə olunan silah modulunun konteyner versiyasını təqdim etdi
Lakin yuxarıda göstərilən sistemlərin hamısı üçün əsas problem inteqrasiyadır. Məqsəd, bütün sensorları və icra elementlərini əsas müdafiə əməliyyatları mərkəzinə birləşdirməklə, baza qorunması üçün məsul olan şəxslərin vəziyyəti real vaxtda qiymətləndirməsinə və müvafiq tədbirlər görməsinə şərait yaratmaqdır.
Mini PUA kimi digər sensorlar da oxşar sistemə inteqrasiya oluna bilər, bu mənbələrdən gələn məlumat və görüntülər isə real əməliyyat vəziyyətini qiymətləndirmədə və qərar qəbul edilməsində istifadə oluna bilər. Bir çox əsas oyunçu hesab edilən böyük şirkətlər artıq bu istiqamətdə yeniliklər tətbiq edirlər, bəziləri isə qoşunlara yerləşdirməyə başlayıb.
Ölkələrarası qarşılıqlı əlaqə əsas məsələlərdən hesab olunur. Avropa Müdafiə Təşkilatı "FİCAPS" (Future Interoperability of Camp Protection Systems - Bazaların Qoruma Sistemlərinin Birlikdə Gələcəyi) sistemlərinin gələcək qarşılıqlı əlaqəsini yaratmaq üçün üç illik bir layihə başladıb. Fransa və Almaniya bazaların qorunması üçün mövcud və perspektiv sistemlər üzrə əməkdaşlıq üçün ümumi normalar barədə razılığa gəlib. Həyata keçirilən işlərin gələcəkdə Avropa standartının əsasını təşkil edəcəyi gözlənilir.
Yazı Aleks Alekseyevin məlumatları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az