Suriya dünyanın gözləri önündə böyük bir hərbi teatrın oynanıldığı səhnəyə çevrilir. Yaxın günlərdə ABŞ-ın kütləvi raket zərbələrinin Rusiyanın HHM və RƏM sistemləri tərəfindən qarşısının alınması ilə bağlı hərbi əməliyyatların şahidi ola bilərik. Nəticədə kim qalib olacaq: S-400 və "Pantsir-1C" komplekslərindən ibarət rus hava hücumundan müdafiə sistemləri, yoxsa Amerikanın "Tomahawk" qanadlı raketləri? Tərəflər üçün uğurlu hesab ediləcək kriteriyalar hansılar olacaq?
Bəlli olan odur ki, Rusiyanın yeni yaratdığı HHM kompleksləri Suriyada öz qabiliyyətini sübut etmək üçün real imkanlar əldə edəcək. ABŞ "Tomahawk" raketlərindən başqa yeni "ağıllı" raketlərdən də istifadə edəcəyi gözlənilir. Çünki "Tomahawk" raketləri Aralıq dənizini akvatoriyasında əvvəldən mövcud idi. "Əş Şayrat" bazasına zərbə endirərkən həmin aviadaşıyıcılardan və raketlərdən istifadə edildi. Yeni aviadaşıyıcılardan və raket esmineslərindən ibarət zərbə qruplaşmasını regiona göndərməklə ABŞ yeni silah və metoddan istifadə edəcəyi mesajını verir.
Dünya miqyaslı döyüş sınağı
Bu dəfə Rusiyanın Suriyadakı HHM sisteminın qabiliyyətini göstərmək üçün real şansları mövcuddur. Belə bir sınağın dəyəri çox böyükdür. Bütün dünyanın hərbi təşkilatlarının və ekspertlərinin nəzərləri bu mühüm, bəlkə də dəhşətli Üçüncü Dünya Müharibəsinə səbəb olacaq hadisələri izləməyə yönəlib. Hadisələrin miqyasları genişlənməsə belə, uzun müddət bu hadisələr, zərbələr, manevrlər və nəticələr qərargahlar və mütəxəssislər tərəfindən analiz mövzusu olaraq qalacaq. Təbii ki, analizlərin əsas mövzusu kütləvi raket hücumlarını əks etdirərkən radioelektron mübarizə komplekslərinin (REM) fəaliyyətindən, ZRK-ların real döyüşdə imkanlarından və s. ibarət olacaq.
Mühüm əhəmiyyət kəsb edən digər məqam isə ABŞ tərəfinin Rusiyanın REM vasitələrinə əks-təsir etmək üçün nə qədər zaman və resurs ayıracağıdır. Rusiyanın Suriya Ərəb Respublikasına kifayət qədər yaxın və uzaq mənzilli, müxtəlif təyinatlı müasir RƏM və ZRK gətirdiyi açıq mətbuatda zaman-zaman işıqlandırılır. Müasir hava hücumundan müdafiə sistemləri üçün manevr edən qanadlı raketlər artıq təhlükəli hesab olunmur və xüsusi bir problem yaratmır. Rusiyanın HHM sistemi elan olunan taktiki xarakteristikaları nümayiş etdirəcəksə, təxminən 80 %-lik bir nəticə əldə edəcək.
Qeyd etmək lazımdır ki, yaxın bir neçə gündə və ya saatda başlanması ehtimal olunan Suriyadakı bu döyüş, dünyanın qanadlı raketlərinin kütləvi hücumunun qarşısının alınmasını əks etdirən ilk döyüş olacaq. İndiyə qədər hərbi təcrübə bu sahədə ya sınaqlar ilə, ya da ayrı-ayrı raketlərin dəf edilməsi ilə zəngin olub. Sovet havadan müdafiə mütəxəssislərinin belə hücumlara 60 ildən çox müddətdə hazırlaşdıqlarını bilirik. Çünki ilk ZRK İkinci Dünya Müharibəsindən sonra ortaya çıxıb. Sovet İttifaqının hərbi doktrinası başa düşülən səbəblərə görə bu komplekslərə xüsusi diqqət yetirirdi. Sovet hava hücumçularının ən məşhur müvəffəqiyyəti ötən əsrin 60-cı illərində Amerikanın U-2 təyyarələrinin məhv edilməsi olub. Bundan sonra, amerikalılar artıq sovet hava sahəsinə girməyə cəhd etmədi. Vyetnamda sovet HHM sistemlərinin məhv etdiyi yüzlərlə Amerika təyyarəsini də unutmayaq. Sovet HHM qoşunları o zaman dünyada ən hazırlıqlılardan hesab olunurdu. Amma onların da bu qabiliyyətlərini göstərmək üçün real (qeyri-təlim) döyüş şəraitində kütləvi raket hücumunu dəf etmək imkanı olmayıb.
İndi isə imtahan zamanı yetişib - bu, yalnız Rusiyanın və ya Suriyanın konkret zabitləri üçün deyil, bütün Rusiya HHM məktəbi üçün çox vacib bir imtahandır.
"0.9 əmsalı" uğur deməkdir
2000-2008-ci illərdə Hava Hücumundan Müdafiə qüvvələrinin zenit qoşunlarının komandanı general-leytenant Aleksandr Qorkov hesab edir ki, məhv edilən düşmən raketlərinin sayı əsas məqsəd hesab edilmir.
"Hava müdafiə qüvvələri obyektin tamamilə qorunması üçün nəzərdə tutulur. Buna görə də, əgər 100 raketdən yalnız hədəfə uçan biri vurulursa və nəticədə obyekt mövcud olaraq qalırsa, bu bir uğur hesab edilir", - deyə o bildirib.
Lakin zenit qoşunlarının digər obyektiv meyarları da var. Rusiyanın silah istehsalçıları iddia edirlər ki, müasir HHM kompleksləri, olduqca aşağı hündürlük üçün qanadlı raketlərə qarşı ən azı 0,85-0,90 məhvetmə əmsalı nümayiş etdirir. Bu göstərici hər 9 hədəfin 10 raketlə vurulması ehtimalı deməkdir. Bu isə kifayət qədər yüksək nəticə hesab olunur.
Ələ keçirilən hədəflərin sayı buraxılan raketlərin sayına bölünür. Məsələn, 0,7-dən az əmsal aşağı səmərəlilik deməkdir; 0.8 və yuxarı - yaxşı, 0.9 - isə əla hesab olunur.
Bir nümunə olaraq, bu yaxınlarda İsrail təyyarələrindən atılan raket hücumuna mane olan Suriya hava hücumundan müdafiə qüvvələri nəticəsini götürək. F-15 təyyarələrindən səkkiz raket atıldı, Suriyalılar isə beşini məhv etdilər. Beləliklə, məhvetmə əmsalı 0,6 təşkil etdi ki, bu da vurulan raketlərin 60% -ni təşkil etməsi deməkdir. Əslində bu nəticə isə çox sevindirici deyil. Nəzərə alsaq ki, Suriya HHM qoşunları əvvəllər hava hücumlarına reaksiya vermirdilər, o zaman inkişafın hiss ediləcək miqyasda olduğunu görərik. Qalır bunu ABŞ hücumuna qarşı da tətbiq etmək...
Strateji və Texnologiyaların Təhlil Mərkəzinin eksperti Vasili Kaşin hesab edir ki, ABŞ raketlərinin 50-60%-ni məhv etmək belə Rusiya silahları üçün böyük bir uğur olacaq. Rusiya və Suriya hava hücumundan müdafiə qüvvələrini birlikdə nəzərə alsaq, hətta 30%-lik məhvetmə belə böyük bir uğur sayılmalıdır.
Qeyd edək ki, Suriyalılar nisbətən köhnə HHM komplekslərdən istifadə edirlər. Onların içində S-300 ZRK-lar da mövcuddur. Ən yeni hava hücumundan müdafiə sistemləri olan S-400 ZRK Rusiyanın Hmeymim və Tartus bazasında yerləşir. İstehsalçı şirkətin iddiasına görə, S-400-in səmərəlilik əmsalı az görüntülü hədəflərə qarşı 0,9-a bərabərdir. Bu xarakteristikaların döyüşdə isbat olunacağı təqdirdə komplekslərin yeni bazarlarının miqyasını təsəvvür etmək çətin deyil.
Strateji və Texnologiyaların Təhlili Mərkəzinin eksperti Vasili Kaşin öz növbəsində qeyd edir ki, Suriyadakı yerüstü hava hücumundan müdafiə qüvvələrinə əlavə olaraq Suriya sahillərində dayanan "Ştil-1" kompleksinə sahib iki ədəd freqat da qoşulacaq ki, bu freqatların da hər birində 24 ədəd zenit raketinin şaquli buraxılışı üçün atıcı qurğular mövcuddur.
Əsas problem isə ondan ibarətdir ki, Rusiyanın müasir hava hücumundan müdafiə sistemi yalnız Suriyadakı Rusiya obyektlərini əhatə edir. Suriyanın hava hücumundan müdafiə sisteminin özü isə olduqca zəifdir. Suriyanın HHM qoşunları ölkə ərazisinin yalnız bir hissəsindəki obyektlərin bəzilərini qoruya bilir və ölkənin digər qalan hissəsi isə hava hücumundan tam müdafiəsizdir.
Onlar rəqəmlərlə deyil, çox böyük rəqəmlərlə mübarizə aparırlar
Bu münaqişənin nəticəsini nəzərə alaraq potensial silah alıcıları Amerikanın qanadlı raketləri ilə Rusiyanın hava hücumundan müdafiə sistemləri arasında daha doğru seçim edə biləcəklər. Doğru bir qiymətləndirmə aparmaq üçün, qorunan hədəflərə neçə raket atıldığını da nəzərə almaq lazımdır.
"Əgər rəqib 200-dən çox raketdən eyni zamanda istifadə edərsə, onda hər hədəfə neçə raket gəldiyini dəqiq bilmək də mümkün olmayacaq. Belə vəziyyətdə isə möcüzələr baş vermir ", - deyə Kaşin bildirir. O, əlavə olaraq qeyd edir ki, belə bir zərbənin qarşısını tamamilə atmaq mümkün deyil.
Nəzərinizə çatdırım ki, Liviya əməliyyatının taleyini 124 ədəd, İraq əməliyyatının taleyini isə 288 ədəd "Tomahawk" həll edib. Bu dəfə fərqli bir raketlərin istifadəsi ehtimalı böyükdür.
Məsələn, 100 hava hədəfi var, onların hər biri üçün iki zenit raketi istifadə edirik. Belə bir vəziyyətdə Rusiya çox böyük döyüş dəstinə malik olmalıdır. Suriyada yerləşdirilən qruplaşmanın arsenalında bu qədər raketin olub-olmadığı isə bəlli deyil. S-300 ZRK divizionunun döyüş dəsti 8 atıcı qurğu ilə 32 raketdən, 12 atıcı qurğu ilə 48 raketdən ibarətdir. Deməli hər hədəfə iki raket istifadə olunacağı təqdirdə bir divizion 16 və ya 24 raket buraxılışı həyata keçirə bilər. Bu atışlarda 0,9 əmsalı göstərilə bilsə, bu Rusiya silahlarının potensial alıcıları da daxil olmaqla, hər kəs tərəfindən böyük uğur olaraq qiymətləndiriləcək.
Hazırda Suriya sahilərinə olan 6-cı Donanmaya aid USS "Donald Cook" gəmisinə Atlantika Donanmasının ikinci ABŞ raket esminesi USS "Porter" yaxınlaşır. Bu esmineslər "Arleigh Burke" sinifinə aiddir, hər birinin arsenalında 56 və 96 ədəd "Tomahawk" qanadlı raketləri ola bilər.
Xatırladım ki, keçən il Suriyanın "Əş- Şayrat" hərbi bazası kimyəvi hücumda iştirak edən təyyarələrin yerləşməsi bəhanəsilə ABŞ tərəfindən 59 ədəd "Tomahawk" raketilə hava zərbəsinə məruz qalmışdı. Zərbə bu günlərdə Suriya sahillərində yerləşəcək USS "Porter" esminesindən endirilib. Esminesin hərəkəti Rusiya təyyarələri tərəfindən diqqətlə izlənilir. ABŞ-ın bölgədə olan 3500 nəfərdən ibarət quru qüvvələrinə əlavə olaraq, 6500 nəfərlik dəniz piyadalarını, USS "Harry S. Truman" və USS "Theodore Roosevelt" aviadaşıyıcılarını, "Normand", "Bulkeley", "Forrest Sherman", "Farragut ", "Jason Dunham" və "The Sullivans " raket esmineslərini Suriya sahillərinə doğru hərəkət edirlər. Digər koalisiya üzvlərinin imkanlarını nəzərə almasaq belə, tək ABŞ gəmilərində olan qanadlı raketlərin sayı Liviya və İraqda istifadə edilən raketlərin sayının cəmindən belə azı iki dəfə çox olacaq. Müasir göyərtə qırıcılarını da nəzərə alsaq, ortaya vahiməli bir mənzərə çıxır.
Bəzi ABŞ və Rusiya mətbuatı, Tartus limanının bu gün ruslar tərəfindən boşaldılması və hərbi gəmilərinin dəniz akvatoriyasındakı digər ərazilərə köçürülməsi ilə bağlı peyk görüntüləri yayımlayıb. Ehtimal olunur ki, gəmilər artıq hava zərbəsini dəf etmək üçün döyüş mövqelərinə yerləşdirilir.
Çox tvit yazan, lakin az iş görən ABŞ prezidentinin ləngiməsi bu gün baş verənlərin döyüş əməliyyatlarından çox psixoloji təsir vasitəsinə bənzəməsi barədə iddiaların əmələ gəlməsinə səbəb olub.
Digər bir variant isə ABŞ-ın bölgədə çox güclü zərbə qruplaşması üçün koalisiya qüvvələrinin yaradılması və sarsıdıcı zərbəyə hazırlaşmasından ibarət ola bilər. Yəni nəticə olaraq iki varianta üstünlük verirəm: Bu psixoloji bir əməliyyat olmayacaqsa, ABŞ, Britaniya, Avstraliya, Fransa və s. dövlətlərin birgə həyata keçirəcəyi, onlarla raket esmineslərinin və bir neçə aviadaşıyıcı gəminin iştirakı ilə genişmiqyaslı bir hava əməliyyatı olacaq. Çünki, bir bazaya və ya bir neçə obyektə ABŞ istədiyi vaxt zərbə endirib. Bu zərbələrə isə nə Suriya, nə də müttəfiqləri tərəfindən reaksiya olmayıb. Demək ki, bu dəfə iki mümkün ehtimal içində genişmiqyaslı koalisiyanın hava zərbəsi daha inandırıcı görünür.
Təbii ki, Rusiya, İran və Suriya rəhbərləri də baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün tədbirlər görməkdə davam edirlər. Burada əsas yük Rusiyanın HHM qüvvələrinin üzərinə düşəcək. Hazırda Suriya ərazisində olan S-400, S-300, "Pantsir", "Bastion", "Peçora", "Buk" və s. sistemlərinin tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi, döyüş dəstlərinin komplektləşdirildiyi şübhəsizdir. İran və Suriyanın ABŞ raketlərinə qarşı ciddi bir reaksiyası gözlənilmir. İran üçün nəticələr ağır ola bilər, Suriya isə kifayət qədər potensiala malik deyil. Əgər Rusiya "Əş- Şayrat" hərbi bazasına ABŞ zərbəsi endirilən zamanı olduğu kimi bu dəfə də reaksiya verməsə, o zaman Suriyanın taleyinin əvvəlcədən həll olunduğunu demək mümkündür. Bu tale, İraq və Liviyanın taleyindən çox da fərqli olmayacaq.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az