İki "ögey qardaş"ın savaşı: Şeriflər, yoxsa kovboylar qalib gələcək? - ARAŞDIRMA

2018/04/pentagon-ve-cıa-696x391_7615408485.jpg
Oxunub: 5612     14:17     07 Aprel 2018    
Zaman-zaman mətbuatda Amerika Birləşmiş Ştatlarının Məkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə Pentaqon arasında qarşıdurmalar haqqında yazılar dərc olunur.

2016-cı ilin martın 27-də "Los Angeles Times" qəzetində hesabat xarakterli bir yazı dərc edilib. Xəbərin başlığı belə idi: "Suriyada Pentaqon tərəfindən silahlandırılan milislər MKİ tərəfindən silahlandırılan milislərlə savaşdı".

Hələbin şimal bölgəsində MKİ-nin dəstəklədiyi "Fursan əl Haqq" qruplaşması ilə Pentaqonun dəstəklədiyi YPG terror qrupu üz-üzə gəldilər. Yəni MKİ və Pentaqon. İtkilər barədə məlumatlar ziddiyətlidir. Maraqlı olan "Fursan əl Haqq" qruplaşmasının liderlərindən Faris Bayuşun qarşıdurmadan sonra verdiyi açıqlama idi: "Bizə hücum olduğu halda, hücum edənin kimdən dəstək almasına baxmadan onlarla mübarizə aparacağıq". Əlavə şərhə ehtiyac qalırmı?

2016-cı ilin avqustun 27-də digər bir məqalə "New York Times"da dərc olunur. Anna Bernard tərəfindən yazılan məqalədə Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən Cerablusun İŞİD-dən təmizlənməsindən bəhs edilirdi. Anna Bernarda görə, ortada problem mövcud olub. Bu problem TSQ və ASO-nun terrorçulardan təmizlənən Cerablusla kifayətlənməyərək, YPG tərəfindən nəzarət edilən bölgəyə doğru hərəkət etməsindən ibarət idi. Bu narahatçılıq yenə də iki "ögey" amerikalı qardaşın hələ də mübarizə apardığını göstərirdi.

PYD/PKK ilə sıx əməkdaşlıq edən və onların əsas həyat qüvvəsi olan ABŞ, dolayısı ilə digər terror qruplaşmalarını da ruhlandırırdı. Bu vəziyyəti dəstəkləyən bir şərh də MKİ-nin ögey qardaşı Pentaqondan gəldi. Pentaqona görə İŞİD-in qurucusu Əbu Bəkir əl-Bağdadi, 2004-ci ilin fevral və dekabr ayları arasında ABŞ-ın İraqdakı gizli həbsxanalarında biri olan "Bukka" hərbi bazasında yaşayıb. Daha sonra isə İŞİD təşkilatının rəhbərlərindən biri olan "Əbu Əhməd" ləqəbi şəxs, təşkilatın təməlinin İraqın "Bukka" bazasında qoyulduğu barədə ingilis mətbuatına məlumat verdi.


MKİ və Pentaqon arasında müharibə nə vaxt başlayıb?

Yuxarıda sadalanan faktlar hamıya məlumdur, hamısı açıq mətbuatdandır. Bəs, iki ögey qardaş bu müharibəyə necə başladılar? Və yaxud da. bu mübarizə nə zaman gün üzünə çıxdı?

Bu suallara cavab tapmaq üçün 1980-cı illərə geri dönməliyik. Amerika kəşfiyyat sistemi 80-cı illərdə normal inkişaf edirdi. 1979-cu ilin noyabrın 4-də İran rejiminə qarşı üsyan edən tələbələr ABŞ səfirliyini işğal etdilər və 90 ABŞ vətəndaşını girov götürdülər. Daha sonra bəziləri azad edilsə də, 52 girov 444 gün boyunca üsyançıların əlində qaldı. 1980-ci ilin aprelində ABŞ administrasiyası MKİ vasitəsilə "Qartal Pəncəsi" adlı xilasetmə əməliyyatını həyata keçirməyə cəhd etdi. Nəticələr uğursuz oldu və əməliyyat tam bir fiaskoya uğradı.

Xilasetmə əməliyyatının uğursuzluğundan sonra ABŞ-ın kəşfiyyat sistemində dəyişikliyə ehtiyac ortaya çıxdı. MKİ-dən asılı olmayan, müstəqil və mövcud olan qurumlardan daha böyük olan "hərbi kəşfiyyat xidməti" yaradılmalı idi. Belə bir vəziyyətdə Amerika kəşfiyyat tarixində çox əhəmiyyətli bir fiqur olan, Pentaqonda xidmət edən polkovnik Cerri Kinq yada düşdü. King 1981-ci ildə yalnız 50 nəfərdən ibarət olan ABŞ-ın ilk "hərbi kəşfiyyatı xidməti"ni yaradıb. Adının "Intelligence Support Activity" (ISA) çox da məşhur olmamasına baxmayaraq təşkilat bu sahədə çox aktiv və ciddi fəaliyyətlərə imza atıb. Lakin ISA sıfırdan qurulan bir təşkilat deyildi. "Qartal Pəncəsi" adlı xilasetmə əməliyyatına qədər "Field Operations Group" (FOG), yəni Ərazi Əməliyyatları Qrupu olaraq fəaliyyət göstərən qurum 1981-ci ilin martın 3-ü tarixində "Intelligence Support Activity" (ISA) təşkilatına çevrildi.

ISA qurulduqdan dərhal sonra, 1980-ci ildə başqa bir "baş bəlası"da yaradıldı. "Qartal Pəncəsi" adlı xilasetmə əməliyyatını icra edən qurum "Joint Special Operations Command" (JSOC), yəni Ortaq Xüsusi Əməliyyatlar Komandanlığı adlandırıldı.


Pentaqonun Qaranlıq Qüvvələri: JSOC və ISA

ISA-nın JSOC rəhbərliyi altında fəaliyyət göstərdiyi məlumdur. JSOC haqqında çox şey izah edilə və yazıla bilər. Lakin bir JSOC rəsmisinin aşağıdakı bəyanatı bütün məlumatları ümumiləşdirir: "JSOC dərin və qaranlıq bir qurumdur. Biz kainatı idarə edən görünməz gücük. Bizim gücümüz MKİ-dan daha çoxdur və onların bizim fəaliyətimizə aid heç bir səlahiyyətəri yoxdur".

JSOC tabeliyində olan ISA-nın bir neçə əsas istiqamət üzrə fəaliyyəti təşkil edilib və tərkibi aşağıdakılardan ibarətdir:
- İdarə heyəti
- Təlim bölməsi
- SIGINT (Siqnal kəşfiyyatı) bölməsi - Radio, telefon və digər elektron ünsiyyət vasitələrini dinləyir və izləyir.
- HUMINT (İnsan kəşfiyyatı) bölməsi - Agentləri kəşf edir, onlara təlim verir və tətbiq edir, təhlükəsiz evləri hazırlayır, evakuasiya, daşınma və ya köçürmə üçün nəqliyyat planlarını həyata keçirir. Onlar həmçinin təşkilatlara sızdırmaq və kəşfiyyat toplamaq üçün agent şəbəkəsini idarə edirlər.
Delta Force (Birbaşa hərəkət bölməsi) - Snayperləri hazırlayır.

Pentaqona bağlı olan JSOC və onun ISA təşkilatı bu güc və özünə inama görə o zamankı ABŞ Müdafiə naziri Donald Ramsfeldə borcludur. Donald Ramsfeld, Pentaqonun dünyada daha da təsirli bir güc halına gəlməsi üçün, onun tərkibində MKİ kimi qurumların yaradılmasının vacib olduğunu düşünən, bu təşkilatın fəaliyyətinin genişləndirilməsinin önünü açan şəxsdir. Təbii ki belə bir paralel qurumun yaranması, həm də hər mənada daha geniş masştablarda fəaliyyət göstərməsi MKİ tərəfindən qısqanclıqla qarşılandı. MKİ və Pentaqon arasındakı gizli mübarizə 90-cı illərdə elə bir nöqtəyə gəldi ki, illər ərzində daha da güclənən ISA, bir çox əməliyyatda MKİ-nin fəaliyyətini qeyri-kafi qiymətləndirir, bu vəziyyəti dövrün MKİ direktoru Con Daca söyləməkdən belə çəkinmirdi. MKİ təsir dairəsini itirirdi və Pentaqonun hərəkətlərini təhdid kimi qəbul edirdi.

11 sentyabr hücumundan sonra dəyişən konyunkturada Pentaqonun Yaxın Şərqdəki strukturları daha aktiv şəkildə fəaliyyət göstərməyə başladı. Əslində MKİ-yə aid bir çox mühüm və vacib vəzifələr JSOC və ISA-ya verilirdi. Amma dəyişən bir şey vardı. Pentaqon xidmətlərin paradiqması dəyişdi. Əməliyyat zonasında yalnız hərbi elementlərdən deyil, həm də JSOC, ISA və bənzər xidmət personalının yarıdan çoxunu təşkil edən "özəl şirkət üzvləri"ndən də istifadə edilməyə başlandı.


Əməliyyatlardakı rollar hansılardır?

JSOC və ISA, ABŞ-ın qaranlıq məqsədləri həyata keçirən iki əsas qurumudur. Dünyada bütün çirkli işləri, çevrilişləri və müharibələri hazırlayan MKİ, bəzən qeyri-adekvat qala bilir. ABŞ hərbi və kəşfiyyat qurumlarının qeyri-kafi "aldıqları" vəziyyətlərdə "qaranlıqdan" JSOC və ISA çıxıb gəlir və problemi həll edirlər.

Bu xüsusiyyətlər onların təşkilatının quruluşundan irəli gəlir. Yuxarıda qeyd etdiyim kimi, ISA İranda girov böhranı və "Qartal Pəncəsi" əməliyyatının fiyaskosundan sonra yaradıldı. Bu əməliyyat MKİ-nin kəşfiyyat baxımından imkanlarının qeyri-kafi olduğunu göstərdi. Çünki MKİ-nin əməliyyat təşkil edib girovları xilas edəcək JSOC-a bağlı "Delta Force" əsgərlərinə əməliyyat üçün lazımlı olan təməl kəşfiyyat məlumatlarını belə tam həcmdə təqdim etmədiyi məlum oldu. Bu isə FOG-un ləğv edilərək ISA-ya çevrilməsinin əsas səbəbi oldu.

Yarandığı gündən, JSOC və ISA-nın məqsədi "ən yaxşıların belə yerinə yetirə bilməyəcəyi vəzifələri yerinə yetirmək"dən ibarətdir. Hətta düşünmək belə vahiməlidir: MKİ-nin nəzarət edə bilmədiyi, kölgəsində belə qaldığı gücdən danışırıq.


MKİ və Pentaqon mübarizəsində kim öndədir?

Əslində heç biri. MKİ və Pentaqon 1980-ci ildən bəri qəribə bir mübarizə aparırlar. İki ögey qardaş nə zaman savaşsa, daim udan da, uduzan da bir başqası olur.

Məsələn, 2001-ci ildə ISA Pakistanda bir əməliyyat başlatdı. Bu əməliyyatın kodu adı "Gray Fox" (Boz Tülkü) idi. Yuxarıda deyilən kimi MKİ-nin özünə təhdid olaraq gördüyü ISA, "Gray Fox" kod adıyla həyata keçirilən əməliyyat çərçivəsində Pakistanın "İnter Services Intelligence" (ISI) kəşfiyyat orqanı ilə ortaq çalışmalı oldu. Pakistanda MKİ və Pentaqon mübarizəsindən kim qazandı? Pakistanın "İnter Services Intelligence" kəşfiyyat xidməti qazandı. CIA və Pentaqon arasındakı çəkişmə, dünyada 12.000 nəfərə yaxın agentura şəbəkəsi olduğu iddia edilən, bölgədə MOSSAD tərzində əməliyyat fəaliyyətini müvəffəqiyyətlə reallaşdıran və hər il dünyanın müxtəlif müstəqil təşkilatları tərəfindən planetin ən yaxşı kəşfiyyat xidmətlərindən biri seçilən "İnter Services İntelligence" təşkilatını diqqət mərkəzinə çıxardı. Əlbəttə ki, Pakistan kəşfiyyatı əvvəldən də regionda çox təsirli bir gücə malik idi. Lakin MKİ və Pentaqon arasındakı mübarizə bu vəziyyətin formalaşmasında mühüm amillərdən biri oldu.

İraqda nə baş verdi? Məqalənin əvvəlində söylədim. Pentaqon MKİ-ni bir çox əməliyyatlarda qeyri-adekvat hesab edirdi. Bütün dünyada olduğu kimi, İraqda da iki ögey qardaş yarışa çıxdı. Hər iki qurum mütləq müttəfiqləri tərəfindən müəyyən fokuslarda mübarizə aparırdı. Bu çərçivədə, MKİ İraq kəşfiyyatının "çətiri" altında təlim proqramı çərçivəsində ortaq kəşfiyyat bölməsi yaratdı. Təlim proqramı zamanı İraq kəşfiyyat xidmətinə, xüsusilə döyüş meydanında hərbi fəaliyyətlər, obyektlərin kəşfiyyat orqanlarından və peyklərdən qorunması öyrədilirdi. Pakistanda yaşananlar İraqda da oldu. İraq kəşfiyyatını nəzarətsiz şəkildə bəsləyən və idarə edən MKİ, bu texniki məsələləri o qədər yaxşı öyrətdi ki, "qulaq buynuzu keçdi". Başqa sözlə, İraqın kəşfiyyat xidməti İraqda MKİ və Pentaqon müharibəsinin qalibi oldu.


Suriyadakı vəziyyət necədir?

Suriyadakı vəziyyəti anlamaq üçün 2015-ci ilin payızına getməliyik. 2011-ci ildə başlanan "Ərəb Baharı" teatrında Rusiya istədiyi rolu ala bilmirdi. Uzun illər boyu "çoxqütblü dünya" tezisini rəhbər hesab edən Putinin "təkqütblü dünya nizamı qurma cəhdləri uğursuz oldu. İndi dünya dəyişib, fərqli bir dünyada yaşayırıq. Rusiya öz maraqlarını qoruyarkən, başqalarının maraqlarını da anlayışla qəbul edir" bəyanatından az sonra Rusiya Ordusu Suriyaya rəsmən dəvət edildi.

Məqalənin lap əvvəlində dedim ki, MKİ və Pentaqonun dəstəklədiyi Suriya qüvvələri bir-biri ilə ziddiyyət təşkil edir. Hadisələrin tarixinə yenidən baxın. MKİ və Pentaqonun Suriyaya baş-başa gəlməsi, yuxarıda göstərilən Rusiyanın Suriyada aktiv iştirak etməyə başlamasından sonrakı dövrə təsadüf edir. Daha əvvəllər Suriyadakı qrupları və bölgələri "poliqon-təcrübə sahəsi" olaraq görən MKİ və Pentaqonun, Rusiyanın Suriyaya aktiv müdaxilə etdiyi 2015-ci ilin sentyabrın 30-dan sonra bir-birinə silah çəkəcək dərəcədə baş başa gəlməsini təsadüfi hesab etmək olmaz.


2017-ci ilin payızına gələk. Daha öncə qeyd etdiyim kimi, Suriyada MKİ-nin dəstəklədiyi müxalif qruplaşmaların üst səviyyə rəhbərliyi ilə Pentaqonun dəstəklədiyi PYD/PKK terorçularının idarəçiləri ilə sentyabr ayında İordaniyada görüş baş tutub. Pentaqon rəsmiləri "əgər Əsədə və PYD/PKK-ya qarşı olan bütün hərbi qüvvələrinizi geri çəkməsəniz və İŞİD-ə qarşı PYD/PKK ilə ortaq hərəkət etməsəniz embarqoya məruz qalarsınız və Suriyanın gələcəyində yer ala bilməzsiniz!" - deyə müxalifləri təhdid ediblər.

Bu təhdid, bir çox müxalif qüvvələr üçün artıq geri dönülməyəcək bir sədd oldu. Doğru yol tütan müxaliflər "iki ögey qardaşın" arasında qalmamaq üçun Türkiyəyə bağlılıqlarını ortaya qoydular. Müxaliflər tərəfindən Pentaqona verilən cavab belə oldu: "Türkiyənin iştirak etməyəcəyi hər hansı bir planda biz də iştirak etmirik".

Ardından Türkiyənin dəstəyi ilə Azad Suriya Ordusunun sıraları daha da genişləndirildi. "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatında TSQ ilə bərabər iştirak edən həmin müxaliflər artıq vətənlərini terrorçulardan tam təmizləməyə çox yaxındır.


İraq, Pakistan, Liviya, Tunis, Yəmən, Misir... Bir yanda "qanun mənəm" deyə qışqıran "şeriflər", digər tərəfdə bildiyini oxuyan, qanun-qayda tanımayan "kovboylar". Daima hər yerdə iki ögey qardaş savaşdılar. İstənilən halda qardaş savaşı pis bir şeydir.

Suriya da yenə ögeylər savaşdı və yenə də heç bir tərəf qazana bilmədi. Bu dəfə şəhidlər versə də, fərqli olaraq soyuq bir Osmanlı "qapazı" ilə dost Türkiyə qazandı.

Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Pentaqon   Gizli-müharibə  


Bizi "telegram"da izləyin