"PG"dən MRAP "Marauder"ləri: Kəşfiyyat qrupları üçün təkmil avtomobil – Hərbi ekspert (FOTOLAR)

2018/03/344444444_3044278654.jpg
Oxunub: 16997     16:33     27 Mart 2018    
Azərbaycan Respublikası torpaqlarımızın azad edilməsi, dövlət maraqlarımızın təmin olunması, ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsi və ordunun hərbi-texniki bazasının artırılması məqsədilə böyük uğurlara imza atır. Silahlı Qüvvələrimizin texniki tələbatının yerli istehsal olan texnika, silah və sürsatlarla təmin edilməsi ən vacib istiqamətlərdən biri hesab olunur.


“Marauder” - 2008-ci ildə Cənubi Afrika Respublikasının "Paramount Group" şirkəti tərəfindən hazırlanan, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi zirehli personal daşıyıcısıdır.

Cənubi Afrikanın "Paramount Group" şirkəti və Azərbaycanda "Elektron Hesablama Zavodu" tərəfindən birgə istehsal olunan "Marauder" zirehli personal daşıyıcısı 2015-ci ildən etibarən Qazaxıstanda "Arlan" adı ilə lisenziya əsasında istehsal olunur.


Azərbaycan, Cənubi Afrika və Qazaxıstandan başqa bu ZPD-lər Əlcəzair, Konqo və İordaniyada da az miqdarda istehsal edilir. Ən geniş istehsal sahəsi Azərbaycanda yaradılıb: EHM zavodu ildə 45 ədəd "Marauder" zirehli personal daşıyıcısı istehsal etmək qabiliyyətinə malikdir. Bu texnikaların əsas təyinatı təhlükəsiz şəkildə personal daşımaqdan ibarət olsa da digər vəzifələri icra etmək üçün uyğun modifikasiyalar sifariş verilə bilər. Bu modifikasiyalara aşağıdakılar aiddir:

- Şəxsi heyətin daşınması;
- Mühəndis maşını;
- Komanda məntəqəsi;
- Sanitar maşını;
- Dozor maşını.

2011-ci ilin iyun ayında "Marauder" ilk dəfə Britaniyanın "Top Gear" şousunda nümayiş olunub. Sınaqlarının təşkili Riçard Hammond tərəfindən keçirildi. Nəticələr gözləntiləri üstələdi və o ilin ən yaxşı zirehli maşını elan edildi.


2016-cı ilin iyun ayında "Marauder" Qazaxıstanın Astana şəhərində keçirilən "KADEX 2016" sərgisində nümayiş olunub.

Taktiki Texniki Xüsusiyyətləri

"Marauder" zirehli personal daşıyıcısının şossedə maksimum sürəti 100-120 km/s, dönmə radiusu isə 16,5 metrdir. Ehtiyat məsafə gedişi 700 km olan zirehli maşın MAN şirkətinin istehsalı olan 176 Kvt gücə və 924 Nm fırlanma anına sahib mühərriki 12 pilləli sürət ötürücüsünə malik transmissiya ilə tandemdə çalışır. Yük avtomobillərində kütləvi istifadə olunan mühərrik və transmisiyalardan istifadə edilməsi döyüş maşınlarının maya dəyərini və istismar xərclərini aşağı salır.

Əyləc sistemi pnevmatikdir, 15 kV gücündə kondisioner və digər elektrik sistemli qurğular 24 V gərginliklə çalışır.


Minadan qorunma səviyyəsi STANAG 4569 standartının 3b və 4a səviyyəsinə uyğundur. Yəni hər bir aparıcı təkər 2 tank əleyninə minanın (14 kq TNT ekvivalentinə bərabər), korpus isə 1 tank əleyhinə minanın (7 kq TNT ekvivalentində) təsirindən zirehli texnikanı qoruya bilir.

Güllədən qorunma səviyyəsi isə STANAG 4569 satandartının 3-cü səviyyəsinə uyğundur. Mühərrik bölməsinin barmaqlıqları yalnız 7,62 mm avtomat mərmilərinə davam gətirə bilər. Avtomobili əlavə zireh modulları ilə təmin etməklə müdafiə səviyyəsinin tələb olunan səviyyəyə çatdırılması mümkündür.

Ekipaj 2 nəfərdən ibarətdir. Desant bölməsində isə 8 nəfər daşına bilir. 10 yerlik avtomobilin tam döyüş çəkisi 15000 kq, yükgötürmə qabiliyyəti 5100 kq-dır. Şassinin yüksüz çəkisi 9900 kq-dır. Yerdən hündürlüyü 420 mm-dir. Təkərlər arası məsafə 3500 mm-dir.


Zirehli vasitə 60 dərəcə bucaq altında olan yoxuşlara qalxa bilir. 35% yana əyilmə, 90 sm dərinliyində su hövzələri 85 sm enində xəndək və 50 sm yüksəkliyində divar zirehli avtomobil üçün maneə sayılmır. Ərazidə batacağı halda "Marauder"in köməyinə təchiz olunduğu 8 ton çəkmə qüvvəsinə malik dartı qurğusu gələcək.

Maşında "MİCHELİN XZL 365/85R 20" markalı təkərlərdən istifadə edilir. Təkərlərin təzyiqi olmasa belə maşın 50 km məsafə qət edə bilir.

Maşının uzunluğu 6440 mm, eni 2660 mm, hündürlüyü 2745 mm- dir.

Zirehli Personal daşıyıcısının quruluşu

Zirehli avtomobilin korpusu iki əsas bölməyə bölünür. Kiçik ölçülü ön hissə mühərrik və bəzi transmisiya - ötürmə elementlərini quraşdırmaq üçün nəzərdə tutulub. Korpusun qalan hissəsi ekipajın, desantın və yükün yerləşdirilməsi üçün təyin edilib. Korpusun xaricində, yan tərəflərdə əmlakın və digər ləvazimatların yerləşdirilməsi üçün bəzi qurğu və qutular yerləşdirilir. Bu, lazımi yüklərin kənarda daşınmasına və qorunan daxili məkanın daha məqsədəuyğun şəkildə istifadəsini mümkün edir.


Maşının şəxsi heyət yerləşən bölməsi bu cür texnikalar üçün olan ənənəvi formadadır. Öndə sürücü və komandir əyləşir, qalan hissə isə desant üçün ayrılır. Ətrafdakı məkana nəzarət etmək üçün ekipaj zirehli şüşəli pəncərələrdən istifadə edir. Azərbaycan istehsalı zirehli "Marauder" maşınlarından ətrafı müşahidə etmək üçün 1 ədəd öndə, 6 ədəd yan qapılarda və bir ədəd arxa qapıda zirehli pəncərə mövcuddur. Bu pəncərələr qorunma standartlarının aşağı düşməsinə səbəb olmur.

Mühərrik bölməsinə və radiatora hava daxil olmasına şərait yaradan barmaqlıq zirehli ön qapağa bərkidilir. Korpusun xarakterik forması zirehli avtomobilə tanınan və fərqli bir görünüş verir. Mühərrik bölməsi aşağıdan, minalara qarşı qorunmaq üçün istifadə olunan V formalı döşəmə ilə qorunur. Bənzər bir forma ekipaj və desant bölməsini də qoruyur.

Bu texnikanın müxtəlif iqlim şəraitində istifadə edilməsi mümkündür. Bu səbəbdən maşınlar 15 kW gücündə iqlimə nəzarət edən kondisioner ilə təchiz edilib. Bu qurğunun istilik dəyişdiriciləri və havalandırma qurğusu korpusa bərkidilən xarici qutularda yerləşir. Kondisionerin yardımı ilə ekipaj və desant 45° C-yə qədər açıq hava temperaturunda rahat şəraitdə çalışa bilir.

"Marauder" zirehli personal daşıyıcısının döyüş modulu və ekipajı

Maşının şəxsi heyət bölməsinin ön hissəsində döyüş modulu quraşdırılıb. Zirehli vasitənin konstruksiyası geniş çaplılar da daxil olmaqla, müxtəlif növ mövcud və gələcək pulemyot növlərini quraşdıraraq onları məsafədən idarə etməyə imkan yaradır. "Marauder" zirehli vasitələrinin standart döyüş modulunda NSVT tipli iri çaplı pulemyotlar yerləşdirilir. Modul optik-elektron avadanlıqlara, mexaniki ötürücülərə və məsafədən idarəetmə sisteminə malikdir. İdarəetmə kabinəyə quraşdırılan məsafədən idarəetmə pultu vasitəsilə həyata keçirilir. Sevindirici haldır ki, bütün sirehli personal daşıyıcılarında quraşdırılan silahların da hamısı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin muəsisələri tərəfindən istehsal olunur.


Zirehli maşının ekipajı yalnız iki nəfərdən ibarətdir: sürücü və komandir- tuşlayıcı. Onlar maşının ön hissəsində yerləşərək bütün əsas vasitələrin düzgün və təyinatı üzrə idarə olunması üçün məsuliyyət daşıyırlar. Zirehli avtomobilin arxa hissəsində 8 nəfərdən ibarət desant üçün yan tərəfdə səkkiz oturacaq yerləri yerləşir. Partlayış zamanı şəxsi heyəti qorumaq üçün partlayış enerjisinin bir hissəsini "udan" kreslolardan istifadə olunur. Sürücü və komandir maşından yan qapılarının köməyi ilə yerə düşür. Desant isə maşından enərkən yana açılan pilləli qapılardan istifadə edir.

Əlavə xüsusiyyətləri

Əlavə olaraq sifariş əsasında "Marauder" zirehli personal daşıyıcıları müxtəlif silah modulları, peyk-naviqasiya sistemi, ABS təkərlərin bloklanmasına qarşı sistem, mərkəzi təkər təzyiqinə nəzarət sistemi, böyük məsafələri dayanmadan qət etmək üçün əlavə yanacaq çənləri, sıfır təzyiqlə hərəkət edən təkərlər, 8 tonluq kran və s. ilə təchiz oluna bilər. Ən sonda 8 ton yükqaldırma qabiliyyətinə malik qaldırıcı kran qurğusu da yerləşdirilməsi və mühəndis texnikası kimi istifadə edilə bilməsi universal platformanın imkanlarının nə qədər geniş olduğunun sübutudur.

"Marauder" və "Matador" zirehli personal daşıyıcılarının fərqli cəhətləri

"Marauder" və "Matador" zirehli personal daşıyıcıları Azərbaycanda eyni məqsədlər üçün: piyada bölmələrində şəxsi heyətin daşınması, hərbi konvoyların müşaiyət edilməsi, kəşfiyyat bölmələrinin dozor-patrul xidmətini həyata keçirməsi, xüsusi təyinatlı bölmələrdə isə desant avtomobili kimi istifadə edilməsi, uyğun avadanlıqlarla təchiz edildikdən sonra rabitə vasitəsi kimi komanda məntəqəsində, yaralıların təxliyəsi üçün sanitar avtomobili və ya teniki təminat maşını kimi istifadəsi nəzərdə tutulsa da maşınların fərqli cəhətləri də yox deyil. Standart olaraq "Marauder" zirehli personal daşıyıcılarında 14.5 mm pulemyotlarla, "Marauder" isə 12.7 mm pulemyotlarla təchiz edilir. Sifarişə görə silah modulları dəyişdirilə bilər. Qabarit ölçülərinə görə "Matador" daha hündürdür. Təkər arası məsafənin 617 mm daha uzun olması "Matador"un daha çox desant daşıya bilməsini əsaslandırır. Dönmə radiusunun daha böyük olması da "Matador"un daha uzun olması ilə əlqədardır.


"Matador" 12 nəfər, "Marauder" isə 8 nəfərdən ibarət desant daşıya bilir. "Marauder" nisbətən kiçik olmasına baxmayaraq daha çox yük götürmə qabiliyyətinə malikdir. "Marauder" 8 nəfər desantla 5100 kq, "Matador" isə 12 nəfər desantla 4500 kq yük götürə bilir. "Matador"dan fərqli olaraq "Marauder"in 600 kq artıq yük götürə bilməsi və desantın da 4 nəfər az olması ilə boş qalan həcmi xüsusi təyinatlı və ya kəşfiyyat qruplarının yerləşdirilməsi, tam təchizatı, onlara ehtiyat sursat və digər ləvazimatların daşımasına xidmət edir. Bu ehtiyatlar isə qrupa avtonom şəraitdə xüsusi tapşırıqları yerinə yetirmək üçün imkan yaradır. "Matador"un minaya qarşı davamlılıq səviyyəsi "Marauder"dən bir pillə yüksəkdir. Bu da daha çox sayda desant daşıyan zirehli vasitə üçün vacib amildir.

Ən sonda isə üzərinə 8 ton yükqaldırma qabiliyyətinə malik qaldırıcı kran qurğusu da yerləşdirərək mühəndis texnikası kimi istifadə edilə bilməsi universal platformanın imkanlarının nə qədər geniş olduğunu göstərir. Silah modullarının dəyişdirilə bilməsi "Marauder"in istifadə spektrini daha da artırır.


Bu yaxınlarda Azərbaycanın müdafiə sənayesinin nümayəndələri yeni zirehli nəqliyyat vasitələrinin artıq bir sıra xarici dövlətlərin də diqqətini cəlb etdiyini bildirdilər. Bu baxımdan önümüzdəki il ərzində "Marauder" maşınlarının həm Azərbaycan Silahlı Qüvvələri, həm də bəzi Yaxın Şərq dövlətlərinə ixrac edilməsi gözlənilir. Hazırda Azərbaycanın müxtəlif güc strukturlarında 100-ə qədər "Marauder" zirehli personal daşıyıcıları döyüş tapşırıqlarını yerinə yetirirlər. Müstəqil Dövlətlər Birliyi ölkələrindən də müəyyən təkliflər gəlməyə başlayıb. Bu məsələlərdə dövlətlərin adlarının açıqlanması məqsəduyğun hesab edilmir.

Yaranmasından 10 il keçməsinə, məhdud istehsal gücü və zirehli vasitələrin yaradılması üçün öz məktəbinin olmamasına baxmayaraq, Azərbaycan müdafiə sənayesi mühəndislərinin artıq ixrac qabiliyyətli bir neçə növ zirehli personal daşıyıcıları istehsal etməsi həqiqətən də qürurvericidir. Hazırda Silahlı Qüvvələrimiz bu tip maşınlarla intensiv təmin olunurlar. Bütün servis xidmətləri yerli mütəxəssislər tərəfindən yerinə yetirilir. Növbəti illərdə bu tip texnikaların yeni modellərinin istehsalı gözlənilir.

Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paramount-Group   MRAP   Marauder  


Bizi "telegram"da izləyin