Beyləqanda yerləşən “N” saylı hərbi hissənin yaranmasından 26 il ötür - FOTOLAR

2018/03/28537651_1023575814449389_216894315_n_6081027116.jpg
Oxunub: 31821     21:29     05 Mart 2018    
Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissənin yaranmasından 26 il ötür. Bu münasibətlə hərbi hissədə təntənəli mərasim keçirilib.

Mərasimdə hərbi birliyin komandiri, general-mayor Mais Bərxudarov, hərbi hissənin tərkibində döyüşmüş müharibə veteranları və əlilləri, Xocavənd rayon ictimayyətinin nümayəndələri və şəxsi heyət iştirak edib.

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən general-mayor M.Bərxudarov öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun hərbi hissəyə ünvanladığı təbrik məktubunu səsləndirib. Bundan sonra, o, hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibəti ilə təbrik edib.

Daha sonra çıxış edən, keçmiş döyüşçü, Xocavənd rayon icra hakimiyyəti başçısı Eyvaz Hüseynov son illər ordunun inkişaf yolundan, ordu quruculuğu istiqamətində aparılan dövlət siyasətindən bəhs edərək bilidirib ki, hazırda Azərbaycan Ordusu regionun ən güclü ordusudur.

Tədbir çərçivəsində hərbi hissənin döyüş hazırlığı nümayiş etdirilib. Həmçinin xidmətdə fərqləndiklərinə görə hərbi hissənin bir sıra hərbi qulluqçusu korpus komandiri tərəfindən mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, “N” hərbi hissə 3 mart 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılıb. Hərbi hissə yarandığı ilk gündən Vətənə və Azərbaycan xalqına sadiq olaraq qarşısında qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlib, döyüş və ictimai-siyasi hazırlıqda, hərbi intizamın möhkəmləndirilməsində uğurlar qazanıb.

Onun şanlı döyüş yolu təlatümlü olsa da, haqqında fəxrlə danışa biləcəyimiz tarixçəsi var. Yaradıldıqdan az sonra cəbhəyə göndərilən hərbi hissə Füzuli rayonunun müdafiəsində ordumuzun əsas zərbə qüvvəsi kimi fəaliyyət göstərib. Qırmızı Bazar, Məlikcan, Şişqaya, Uryandağ, Qızılqaya, Qacar və s. döyüşündə Vətən torpaqlarının müdafiəsi üçün çətin döyüşlərdə iştirak edib.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra az vaxtda xalqın birləşdirilməsi, dövlətin səfərbər edilməsi, ordu quruculuğunun yeni istiqamətə yönəldilməsi bu hərbi hissənin də xidmət yolunda yeni səhifə açıb. Böyük ruh yüksəkliyi ilə torpaqlarımızın azad edilməsi kimi müqəddəs işə qoşulan hərbi hissə yeni döyüş uğurları əldə edərək, az vaxtda Füzuli rayonunun Yuxarı Kürdmahmudlu, Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Şükürbəyli, Aşağı Seyidəhmədli, Cocuq Mərcanlı və s. yaşayış məntəqələrini düşməndən azad edib.

Ənənəni davam etdirən hərbi hissə 2016-cı il aprel döyüşlərində də öz gücünü göstərməyi bacarıb, düşmən təxribatının qarşısının alınmasında yaxından iştirak edib, strateji yüksəkliklərin tutulmasında böyük rol oynayıb.

Döyüş əməliyyatları zamanı hərbi hissənin bir sıra hərbi qulluqçuları fəxri adlarla, orden və medallarla təltif olunub:

- Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə - 4 nəfər;
- “Azərbaycan Bayrağı” ordeni ilə - 15 nəfər;
- “Hərbi xidmətlərə görə” medalı ilə - 9 nəfər;
- “Vətən uğrunda” medalı ilə - 1 nəfər;
- “İgidliyə görə” medalı ilə - 2 nəfər;
- Hərbi xidmətdə fərqləndiyinə görə 3-cü dərəcəli medalla - 1 nəfər.












Elgün Gəncimsoy, Beyləqan
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beylaqan   Mais-Bərxudarov  


Bizi "telegram"da izləyin