"G-8"də "Qəbələ" danışıqları: Hind okeanı hövzəsinə nəzarət edən RLS-ə kim sahib çıxdı? - ARAŞDIRMA (II Yazı)

2018/02/8_10633885269.jpg
Oxunub: 40971     19:31     20 Fevral 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Daha öncə bildirdiyimiz kimi, ABŞ-ın 1972-ci ildə raket əleyhinə müdafiə haqqında müqavilədən çıxması SSRİ-ni müəyyən cavab tədbirləri görməyə vadar edirdi. Bu cavab tədbirlərindən biri də ölkə ərazisini raket hücumundan müdafiə etmək üçün erkən xəbərdarlıq sisteminin yaradılmasından ibarət idi. Əslində layihə işləri daha əvvəldən icra olunurdu. Sadəcə işlərin tempi artırıldı desək, daha düzgün olardı.

Qəbələ RLS ("Qəbələ-2", "Ləki-2", obyekt 754/Stopor, "PO-7" qovşağı, 428 saylı əlahiddə radio-texniki qovşağı) - 5H79 tipli üfüqüstü uzunməsafəli "Daryal" radiolokasiya stansiyasıdır. Stansiya 1985-2012-ci illərdə Sovet və Rusiya raket hücumlarından erkən xəbərdarlıq sisteminin bir elementi olaraq cənub hava məkanına nəzarət edib. Qovşaq Azərbaycanın şimalında, Qəbələ şəhərindən təxminən 11 km cənub-qərbdə, ən yaxın Ləki dəmir yolu stansiyasından isə 50 km məsafədə yerləşirdi.


Stansiyanın inşaat işləri 1977-ci ildən etibarən həyata keçirilib, döyüş növbəsinə isə 1985-ci ildə çıxarılıb. Texniki resurslar 2012-ci ilədək radarın tam gücü ilə işləməsini təmin edirdi, lakin blok-modul konstruksiyaları döyüş növbəsini dayandırmadan yeniləri ilə dəyişdirmək və təkmilləşdirmək mümkün idi.

RLS bir birindən 1,2 km məsafədə yerləşən iki ədəd AFAR-a (aktiv fazalı anten barmaqlığı) sahib olan qurğudan ibarət olub. Ölçüləri 100x100 metr olan qəbuledici AFAR üzərində təxminən 4000 vibratordan, 40×40 metr ölçüsü olan ötürücü mərkəz isə hər biri çıxışda 300 kVt impuls gücünə malik 1260 ədəd əvəz edilə bilən modullardan ibarət idi. Metrlik dalğa diapazonunda (VHF) çalışan stansiya eyni zamanda təxminən 100-ə qədər hədəfi 6000 km məsafədən və azimut üzrə 90 dərəcə görüntü bucağı altında izləməyə və müşayiət etməyə imkan verirdi. Bu isə Hind okeanından raket buraxılışlarını tamamını izləmək və müşayət etmək demək idi. Bu zaman Afrikanın, Yaxın Şərqin və Cənub-Qərbi Asiyanın bir çox ölkələri, eləcə də Pakistan, Hindistan, Çin və Avstraliya ərazisi tamamilə Qəbələ RLS-in əhatə dairəsinə daxil olurdu. Erkən xəbərdarlıq stansiyası yalnız raketlərin buraxılış yerini deyil, həm də trayektoriyasını izləməyə imkan verirdi. Bu isə raket əleyhinə sursatları əvvəlcədən lazımi istiqamətlərə tuşlamağa şərait yaradırdı. Texniki göstəricilərinə və əlverişli ərazidə yerləşməsinə görə Qəbələ RLS-in dünyada analoqu yox idi. Onu adətən ölkənin "gözü və qulağı" adlandırırdılar.

Stansiya 210 hektar ərazidə yerləşirdi, dəniz səviyyəsindən 680 m hündürlükdə Böyük Qafqaz sıra dağlarının cənub hissəsində yerləşirdi. Aktiv rejimdə güc istehlakı 50 MW idi, döyüş rejimində isə 350 MW-a qədər yüksəlirdi.

"Daryal" RLS-in konseptual eskiz layihəsi 1960-cı illərin sonu 1970-ci illərin əvvəllərində SSRİ-nin EA-nın Radiotexniki İnsitutu tərəfindən hazırlanıb. Layihənin baş konstruktoru V.M. İvansov idi. 1972-ci ilin yanvarın 18-də SSRİ-də vahid raket hücumundan erkən xəbərdarlıq sistemini yaratmaq haqqında qərar qəbul edildi. Bu qərara ABŞ-ın 1972-ci ildə raket əleyhinə müdafiə haqqında müqavilədən çıxmasının səbəb olduğunu qeyd etmişdik. Bu xəbərdarlıq sisteminin vacib elementlərindən biri olan "PO-7" radiolokasiya qovşağını isə Azərbaycanın Qəbələ rayonu ərazisində inşa etmək qərarlaşdırılır. 1975-ci ilin aprelin 14-də isə "PO-7" qovşağının bazasında tammiqyaslı "Daryal" RLS-in tikintisi haqqında sərəncam imzalandı.

1977-ci ilin avqustun 31-də Qəbələdəki RLS 428-ci Əlahiddə Radio-Texniki Qovşaq adlandırılır və 30765 saylı hərbi hissə nomrəsi verilir. 1984-cü ildə bütün əsas tikinti işləri tamamlandı. 1987-ci ildə isə RLS-də inşaat işləri tam olaraq başa çatdı. Qəbələ rayonunun elektrik təchizatı və yol infrastrukturu stansiyanın fəaliyyəti ilə bağlı olaraq daha da yaxşılaşdı. 1984-cü ilin sonunda stansiyanın sınaqları uğurla keçirildi və 1985-ci ilin 19 fevralında silahlanmaya qəbul edildi.


1991-ci ildə "Səhrada Fırtına" əməliyyatı zamanı Qəbələ RLS ABŞ bombardmançılarından, gəmilərindən və sualtı qayıqlarından 302 qanadlı raketin baraxılması, 15 raketin trayektoriyaya çıxa bilməməsi və 30 raketin də İraq hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi hallarının hamısını istisnasız olaraq qeyd etdi.

Azərbaycan müstəqillik qazandıqdan sonra Rusiya hərbi radarını uzun müddət hüquqi qeydiyyatdan keçirmədən istifadə etdi. 2002-ci ildə imzalanan sazişə görə məlumat-informasiya mərkəzi adlandırılan Qəbələ RLS Azərbaycan Respublikasının əmlakı hesab edildi və Rusiyaya icarəyə verildi. İcarə müqaviləsi müddəti 10 il, yəni 2012-ci ilə qədər, dəyəri isə illik 7 milyon dollar (bəzi mənbələr 7,5-10 milyon dollar göstərirlər) razılaşdırıldı. Kommunal xərclər (əsasını elektrik xərcləri təşkil edirdi) əlavə ödənilirdi və ümumilikdə 15 milyon dolları keçirdi. İnfrastrukturu qorumaq və personalın maddi texniki təminatı üçün xərclər də daxil olmaqla RLS saxlanılması Rusiyaya ildə təxminən 50 milyon ABŞ dollarına başa gəlirdi. Stansiyada 1100- 2000 qədər Rusiya vətəndaşı, həmçinin az miqdarda yerli vətəndaşlar müqavilə əsasında xidmət edirdi.

2007-ci ilin iyunun 7-də "Böyük Səkkizlər"in sammiti zamanı Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Corc Buşa Polşa və Çexiyada ABŞ raket əleyhinə müdafiə sisteminin elementlərini yerləşdirilməsi əvəzinə Qəbələ radiolokasiya stansiyasından birgə istifadə etməyi təklif etdi. Həmin ilin iyul ayında isə NATO-Rusiya Şurasının iclasında Rusiya nümayəndə heyəti təklifin detallarını təqdim etdilər. Pentaqon generallarına tam məxfi obyektə səfər etməyə də icazə verildi. Pentaqonun raket əleyhinə müdafiə Agentliyinin direktoru Patrik Oraylli Qəbələ RLS-in birgə istifadəsi perspektivlərini yüksək qiymətləndirib və "bu çox səmərəli sistem olardı" deyə vurğulayıb. Lakin bir müddət sonra amerikalılar kübarcasına onların texniki və texnoloji standartlarının Rusiyada qəbul edilən standartlara uyğun gəlmədiyini ifadə edərək təklifi rədd etdilər.

2011-ci ilin əvvəllərində stansiya texniki resursunun uzadılması istiqamətində elementlərin modernləşdirilməsi işlərinə başlandı. Təsbit etmə və aşkarlama sahəsini bir dəfə yarım artırmaq ehtimal olunurdu. Müəyyən şərtlər altında yüksək olmayan xərclərlə yenilənəndən sonra Qəbələ RLS hətta 10-20 il arası daha səmərəli fəaliyyət göstərə biləcəyi bildirilirdi.

Qəbələ RLS-in icarə müqaviləsi başa çatmasından bir il əvvəl yeni müqavilə bağlanması üçün ikitərəfli görüşlər başladı. Müqavilənin müzakirə prosesi zamanı Azərbaycan tərəfi çalışırdı ki, yeni müqavilədə RLS tərəfindən toplanan məlumatlara çıxış (Ukrayna ərazisindəki stansiyada toplanan məlumatlara nisbətən çıxışı var idi) əldə etsin. Rusiya isə məlumatın dərhal Moskvaya ötürüldüyünü bəhanə edərək sadəcə elmi-tədqiqat məqsədilə əməkdaşlıq edə biləcəklərini bildirərək məxfi məlumatları paylaşmaqdan (məlumatların NATO-ya sıza biləcəyindən ehtiyatlanan Rusiyanın mövqeyi aşkar seçilirdi) imtina etdilər. Digər tərəfdən strateji tərəfdaşımız olan Türkiyə də bu stansiyanın Azərbaycanda yerləşməsindən məmnun deyildi.


SSRİ dağıldıqdan sonra Qəbələ RLS sistemi ilə bağlı müəyyən hüquqi problemlər mövcud idi. Azərbaycan raket hücumundan müdafiə müqaviləsinin üzvü deyildi. Yalnız bu müqaviləyə üzv olmaq Qəbələ RLS-in Azərbaycan ərazisində yerləşməsinə hüquqi don geyindirə bilərdi. Bu müqavilənin 9-cu maddəsinə görə, hər bir tərəf öz milli hüdudlarından kənara çıxmamağı və digər dövlətlərin ərazisində RƏM sistemlərini yerləşdirməməyi öhdəsinə götürürdü.

Qəbələ RLS Azərbaycan ərazisində yerləşməsi dövlət üçün də strateji baxımdan ciddi problemlər yaradırdı: NATO sərhədlərinə yaxın olan Azərbaycan ərazisindəki RLS potensial nüvə raket zərbəsinin strateji vacib hədəfinə çevrilirdi. İlkin mərhələdə adını dəyişməklə stansiya ərazisini qorumaq istəsələr də nəticələr tərəfləri qane etmədi. Digər tərəfdən Rusiyanın Dağlıq Qarabağ məsələsində ikili standartlardan çıxış etməsinin radiolokasiya stansiyasının taleyində rolunu sonuncu hesab etmək də düzgün olmazdı.

Nəhayət 2012-ci ilin dekabrın 9-da Rusiya, tərəflər arasında icarə dəyəri ilə bağlı razılıq əldə edilmədiyinə görə Qəbələ RLS-də fəaliyyətini dayandırdı. Rəsmi Bakı ilkin olarat icarə haqqını 15 milyon, sonra hər il üçün 300 milyon dollara qədər artırdı. Təbii ki, 7 milyondan 300 milyona icarə qiymətini qaldırmaq Rusiyanı o ərazilərdən mədəni surətdə çıxarmaq demək idi. 2013-cü ildə bütün avadanlıqlar demontaj edilib Rusiyaya daşındı, rus hərbçiləri qarnizonu tərk etdilər və obyekt Azərbaycana təhvil verildi. Eyni ilin 6 iyun tarixində Rusiyanın Armavir şəhərində "Voronej" adlı yeni nəsil stansiyası Qəbələ RLS əvəz etdi.


Rusiyanın aerokosmik qüvvələrinin ən iti "gözü və qulağı" olan Qəbələ RLS bağlanmasını Rusiya tərəfi nisbətən rahat həzm edə bildi. 1984-cü ildə Qəbələ RLS-in inşası başa çatan kimi SSRİ-nin Komi respublikasının Armavir şəhərində yeni eyni tipli "Daryal" radiolokasiya stansiyasının inşaatına start verildi. Qəbələ RLS-in bağlanmasını Rusiya tərəfi Armavirdəki RLS hesabına kompensasiya etməyi düşünürdü. Rusiyanın nisbətən rahat həzminin səbəbini yeni RLS-in hazır olması ilə əlaqədar olduğunu iddia etmək mümkündür.

Bu obyektə digər ölkələrdən heç biri maraq göstərmədiyinə görə 2014-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin balansından çıxarıldı. Qəbələ radiolokasiya stansiyasının fəaliyyəti məsələsi dəfələrlə Milli Məclisdə və digər qurumlarda daxili siyasi müzakirə mövzusu olub.

Qəbələ RLS 210 hektar bərəkətli münbit torpağı və 30 hektar əlavə lazımsız tullantıları ilə dolu bir ərazini tuturdu. Qəbələ RLS lazım olan gərginliyi təmin etmək məqsədilə yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi onsuz da az olan meşə örtüyünün 400 hektarının məhv edilməsinə səbəb oldu. 1984-cü ildə 300 MVt güc tətbiq edilərkən bir hektar meşə tamamilə yandırıldı. Təbii ki, Rusiya tərəfi həmişə olduğu kimi belə vəziyyətlərdə məsuliyyəti öz üzərindən ataraq səbəbi araşdırmağa belə şərait yaratmadı. Bundan əlavə stansiyanın fəaliyyəti nəticəsində ətraf mühitə və insanların sağlamlığına vurulan ziyan rəqəmlərlə ifadə olunacaq deyildi.

Qəbələ RLS fəaliyyətinin su təchizatını həyata keçirmək üçün dəqiqədə 7 kubmetr suya ehtiyac vardı. Bu məqsədlə qazılan 15 dən çox artezian quyusu yeraltı suların səviyyəsi xeyli aşağı düşməsinə səbəb oldu. İldə 350 milyon kub metr su heç bir kimyəvi və bioloji təmizlənmədən keçmədən Türyançay çayına, oradan isə Kür vasitəsilə Xəzərə qədər axıdılırdı. Rusiya tərəfi bu dəfə göstərilən rəqəmin yarısı qədər suya olan tələbatını və təmizlənmədiyini etiraf etməyə məcbur oldu. O zaman qazılan artezanların sayı ilə bağlı haqlı sual ortaya çıxır. Sonradan soyutma sistemində 25 ton freon qazından istifadə edilməsi ilə bağlı alternativ texnologiyadan istifadə edilməsi xəbərləri yayıldı. Freon qazı isə ozon qatını digər qazlardan 500-600 dəfə daha çox zədələyir. Alimlərin də bununla əlaqəli həyacan təbili çalması Milli Məclisdə xüsusi komissiya yaradılmasına səbəb oldu. Komissiya Qəbələ otel və restoranlarında tez-tez görünsə də, komisiyanın işinin nəticələri hələ də elan edilməyib.


İstənilən halda Azərbaycan tarixində özünəməxsus yer tutan və Hind okeanı hövzəsi daxil olmaqla dünyanın böyük bir hissənin nəzarətdə saxlayan Qəbələ RLS ilə fəxr edə bilərik. Uzun illər boyu nəhəng bir imperiyanın RƏM sisteminin əsas elementi olaraq fəaliyyət göstərən stansiya tariximizim bir parçasıdır. Bəlkə də, həmin ərazidə tamölçülü olmasada daha kiçik miqyaslı bir müzeyin qurulmasına da ehtiyac var. Bu sistemlərin qurulması üçün uyğun coğrafi ərazi və infrastruktur seçmək elə də asan deyil. Nisbətən kiçik əraziyə malik olan vətənimizdə bu stansiya üçün uyğun ərazinin varlığı HHM qoşunlarını və digər aidiyyatı qurumları düşündürməlidir. Azərbaycan Respublikasının doktrinasına uyğun olaraq həmin ərazidən istifadə edərək HHM komplekslərini və radio-texniki qoşun bölmələrinin təsbit və aşkaretmə stansiyalarını yerləşdirmək üçün istifadəsi məqsədəuyğun olardı. Qəbələ RLS-də çalışan personaldan məhdud məqsədlər çərçivəsində istifadə etmək mümkündür.

Ümumiyyətlə, Qəbələ RLS-də istifadə olunan "Daryal" layihəsinin taleyi isə uğursuz oldu: səkkiz planlaşdırılan stansiyadan yalnız ikisi - Peçora və Qəbələ RLS istifadəyə verilərək tam gücü ilə fəaliyyət göstərdi. 1978-ci ildə Krasnoyarsk vilayətinin Abalakovo kəndi yaxınlığında "Daryal" tipli üçüncü stansiyasının tikintisi başlandı. "Yenidənqurma" dövründə yüz milyonlarla vəsait hesabına doqquz il tikinti işləri aparıldıqdan sonra SSRİ rəhbərliyi amerikalılara xoş gəlsin deyə layihəni dondurdu. 1989-cu ildə demək olar ki, tamamilə hazır stansiyanın sökülməsinə qərar verildi.

İrkutsk vilayətindəki Mışelovka kəndi yaxınlığındakı raket hücumundan erkən xəbərdarlıq stansiyasının tikintisi 1991-ci ilə qədər davam etdi. Sovet İttifaqının dağılmasından sonra isə inşaat dayandırıldı. Bir müddət bu stansiya Birləşmiş Ştatlarla Rusiya arasındakı danışıqlarda "alver" mövzusu oldu, amerikalılar RƏM Müqaviləsindən çəkilmək əvəzinə həmin stansiyanın tamamlanmasını maliyyələşdirməyi təklif edirdilər. 2011-ci ilin iyun ayında bu radiolokasiya stansiyası da söküldü, 2012-ci ildə isə ötürücü mövqeyində "Voronej-M" tipli yeni RLS quruldu.

1984-cü ildə təkmilləşdirilən "Daryal-U" layihəsi üzrə yeni "Balxaş" əlahiddə radio- texniki qovşağın tikintisi Kazaxıstan ərazisində başladı. 1991-ci ildə stansiya sınaq mərhələsinə gətirildi. Lakin 1992-ci ildə bütün işlər maliyyə çatışmamazlığı səbəbindən donduruldu. 1994-cü ildə stansiyanı dondurdular, 2003-cü ilin yanvarında isə RLS müstəqil Qazaxıstana verildi. 2004-cü ildə stansiyanın qəbuledici mövqeyinin qəsdən yandırılması nəticəsində bütün avadanlıqlar məhv oldu. 2010-cu ildə icazəsiz sökülmə işləri zamanı bina çökdü, 2011-ci ildə isə ötürücü mövqenin də strukturları söküldü.


Bu tip digər stansiyaların taleyi daha az ağrılı deyildi. 1988-ci ildə Sevastopol yaxınlığında yerləşən Xersones burnunda inşaatı başlayan "Daryal-U" RLS-in tikintisi 1993-cü ildə dayandırıldı. Yüksək hazırlıq vəziyyətində olan Ukraynanın Mukaçevo və Latviyanın Skrunda şəhərlərindəki "Daryal-UM" stansiyaları ABŞ təzyiqi altında partladıldı. Qəbələ RLS taleyi ilə bağlı yuxarıda məlumat verilib. 2012-ci ildə Rusiya istismardan imtina etdi və stansiya Armavir yaxınlığında yerləşən "Voronej-DM" radar stansiyası əvəz edildi.


"Daryal" tipli çalışan yeganə RLS Komi Respublikasında qalır. Qəbələ RLS-in bağlanması sonra da bu RLS-i də sökmək və əvəzində yeni "Voronej-VP" stansiyası tikmək planlaşdırılırdı. Ancaq bir müddət əvvəl Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi ki, stansiya dərin bir modernləşmədən keçməlidir.

Üfüqüstü RLS-dən başqa sovet RHEXS-də "Duqa" tipli ikipilləli üfüqarxası radiolokasiya stansiyaları da mövcud idi. Əlverişli şəraitdə, bu stansiyalar yüksəkdən üçün hava hədəflərini, məsələn ABŞ-ın strateji bombardmançılarının kütləvi uçuşunu qeydə ala bilirdi. Bu stansiyaların aşkaretmə vasitələri QBR-in mühərriklərinin kütləvi çalışması zamanı əmələ gələn plazmanın təsbiti üçün nəzərdə tutulurdu.

İlk "Duqa" stansiyası 70-ci illərin əvvəllərində Nikolaev şəhəri yaxınlığında fəaliyyətə başladı. Stansiya Sovet balistik raketlərinin Uzaq Şərqdan və Sakit Okeanın akvatoriyasından buraxılma anını müəyyənləşdirərək effektivlik nümayiş etdirdi. Pilot layihənin nəticələrini qiymətləndirdikdən sonra Çernobılda və Komsomolsk- Amurda bu növdə daha iki üfüqarxası RLS qurmaq qərarı alındı. Bu stansiyalar ABŞ ərazisindən buraxılan QBR "Dnepr" və "Daryal" RLS tərəfindən təsbit olunana qədər ilkin aşkarlanma üçün nəzərdə tutulurdu. Onların tikintisinin dəyəri 80-ci illərin əvvəllərindəki qiymətlərlə 300 milyon rubldan (təxminən 500 milyon dollar) baha qiymətləndirilirdi.

Çernobl yaxınlığındakı "Duqa-1" stansiyası 1985-ci ildə istifadəyə verildi. Qeyd etməliyəm ki, bu stansiyanın yeri təsadüfən seçilməyib. Nüvə elektrik stansiyası bu qurğunun çox yüksək enerji istehlakını etibarlı şəkildə enerji təchizatı ilə təmin edəcəkdi. Lakin sonradan bu nüvə reaktoru ərazini radiasiya çirklənməsinə məruz qoyması səbəbindən stansiyanın qisa zamanda istismardan çıxarılmasına gətirib çıxardı.

Bəzən "Çernobıl-2" adlandırılan stansiya çox böyük ölçülərə malik idi. Bir antenin 3,26-17,54 MHz-də işləyən tezlik frekansını əhatə edə bilməməsi səbəbindən, bütün aralıq iki alt diapazona bölünürdü, anten barmaqlığı da iki hissədən ibarət idi. Yüksək tezlikli antenin dirsəklərinin hündürlüyü 135 ilə 150 metr arasında idi. “Google Earth” şəkillərində, uzunluğu təxminən 460 metr alınır. Yüksək tezlikli antenanın öz uzunluqları isə 100 metr yüksəkliyində, uzunluğu isə 230 metrdir. RLS antenləri mərhələli anten barmaqlıqlarının fazalandırılması prinsipi əsasında qurulub. Ötürücü qəbuledici antenalardan 60 km məsafədə, Çerniqov rayonunun Rassudovo kəndinin yaxınlığında yerləşirdi.


Stansiya işə başlayandan sonra məlum oldu ki, ötürücü stansiyanın fəaliyyəti aviasiyanın dispetçer xidmətləri üçün nəzərdə tutulan tezlik və radioəlaqənin qarşısını alır. Nəticədə, radar bu tezlikləri buraxmaq üçün dəyişikliklərə məruz qaldı. Həmçinin stansiyanın işçi dapazonu 5- 28 Mhs-ə dəyişdirildi.


Lakin modernləşdirilən RLS-i döyüş növbəsinə çıxarmaqa Çernobıl atom elektrik stansiyasındakı qəza mane oldu. Əvvəlcə, stansiya donduruldu, lakin sonradan radiasiyanın mövcud səviyyəsində stansiyanı bərpa etmək mümkün olmayacağı aydın olandan sonra əsas radio-elektron komponentləri sökülərək Uzaq Şərqə daşınmasına qərar verilidi.

Uzaq Şərqdə ionosferin zondlaşdırılması üçün mövcud üfüqarxası RLS-ə yardımçı kompleks kimi, keçən radio dalğalar, onların keçdiyi mühitin vəziyyəti və optimal tezliyin seçilməsi haqqında cari informasiya hazırlamaq məqsədilə yaradılan "Kruq" stansiyasını və qəbuledicisini Komsomolsk-Amurdan 35 km aralıdakı Kartel qəsəbəsinin yaxınlığında yerləşdirdilər. Ötürücünü isə Komsomolsk- Amurdan 30 km şimalda 1530-cu zenit raket alayının dislokasiya olunduğu "Lian- 2" hərbi şəhərciyinə yaxın ərazidə qurdular. Lakin, Uzaq Şərq "Duqa" RLS-də ömrü kifayət qədər qısa oldu. 1989-cu ilin noyabrında qəbuledici mərkəzdə meydana gələn yanğından sonra stansiyanı bərpa etmədilər və 1998-ci ildə obyektlərin sökülməsinə başlandı. "Duqa" RLS yerləşdiyi yerdə hazırda Komsomolsk-Amur şəhərini cənub-qərb istiqamətindən ola biləcək hava hücumundan müdafiə edən S-300PS zenit raket divizionu döyüş növbətçiliyindədir.


Söküntü tədbirlərində iştirak edənlər bu tip hadisələrin kütləvi talanla müşayət olunduğunu qeyd edirlər. "Metallom" həvəskarları yararlı stansiyaları belə amansızcasına məhv edirdilər. Hazırda sökülən stansiyaların yerində beton konstruksiyaların qalıqlarından başqa heç nə qalmayıb. İstisna təşkil edən yeganə Qəbələ RLS-dir ki, heç nəyə zərər yetirilməyib.

Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qəbələ-RLS   SSRİ-ABŞ  


Bizi "telegram"da izləyin