Kölgə fabriki: MTA-nın direktoru vəzifəsinə kim gətirilib?

2018/02/38438792_303_4557131226.jpg
Oxunub: 3479     20:38     19 Fevral 2018    
ABŞ prezidenti Donald Tramp ABŞ-ın ən gizli kəşfiyyat orqanı olan Milli Təhlükəsizlik Agentliyinin (MTA) direktoru vəzifəsinə general-leytenant Paul Nakasoneni təyin edib. Bu barədə əvvəllər MTA əməkdaşı olan, prezidentin xüsusi köməkçisi və Ağ Evin kibertəhlükəsizlik üzrə koordinatoru olan Rob Coys çərşənbə axşamı özünün "Twitter" səhifəsində məlumat yayıb.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrin Kiber Qüvvələrinə də rəhbərliyi həyata keçirəcək Paul Nakasonen, təyinatı Konqresin Senatı tərəfindən təsdiq olunana qədər əvvəlki vəzifəsini icra edəcək.

Generalı "iki xüsusi qurum üçün fövqəladə lider" kimi dəyərləndirən Coys, onun kibertəhlükəsizlik sahəsində böyük təcrübəyə sahib olduğunu bildirib. 54 yaşlı Nakasone, 2016-cı ilin oktyabr ayından bu yana ABŞ-ın Quru Qoşunlarında Kiber Qüvvələrinin Komandanı vəzifəsində xidmət edib.

Bu ilin yanvarında 2014-cü ilin əvvəlindən MTA direktoru vəzifəsində xidmət edən admiral Maykl Rocers yaz aylarında istefaya getmək niyyətini açıqladı.

1952- ci ildə yaradılan MTA-nın mənzil qərargahı Vaşinqtondan 40 km şimal-şərqdə Fort Mid (Merilend ştatı) şəhərində yerləşir. Agentlik radioelektron avadanlığlardan istifadə edərək ABŞ rəhbərliyini kəşfiyyat məlumatları ilə təmin edir. MTA bütün planetə səpələnən böyük peyk donanmasına və dinləmə stansiyalarına malikdir. Burada tək telefon danışıqlarının məzmunu deyil, həm də elektron poçt yazışmaları analiz olunur. Bundan əlavə, MTA hökumətin informasiya təhlükəsizliyinə cavabdehdir. İşçilərin ümumi sayı və illik büdcəsi gizli saxlanılır.


Pol Nakasone 1963- cü ilin noyabrın 19- da Minnesota ştatının inzibati mərkəzində - Sent Paulda doğulub və şəhərinin şimalında yerləşən orta məktəbi bitirib. Atası Edvin Nakasone yapon mənşəli amerikalıdır, 1927-ci ildə anadan olub. 1945-ci ildə, orta məktəbi bitirən Edvin Nakasone hərbi xidmətə çağırılıb. 1947-1948-ci illərdə ABŞ-ın Yaponiyadakı qoşunlarında tərcüməçi olub. Geriyə dönən Edvin Nakasone Havay Universitetini bitirdikdən sonra Minnesotada tarixdən dərs deyir, lakin ordu ilə əlaqələrini kəsmir və ehtiyatda olan polkovnik rütbəsinə qədər yüksəlir.

Paul Nakasone ilk olaraq Minneapolisdəki Sent Cons Universitetində qeydiyyatdan keçir, burada dərhal ehtiyat zabitlər üçün təlim kurslarına yazılır. 1986-cı ildə ona leytenant rütbəsi verilir və o, öz həyatını Müdafiə Nazirliyi ilə birləşdirməyə qərar verir. Paul Nakasone ABŞ Ordusu Hərbi Kollecində, Komanda-Qərargah Kollecində və Kəşfiyyat Kollecində müxtəlif hərbi elmləri öyrənir. Paralel olaraq Cənubi Kaliforniya Universitetini bitirir.

Nakasone bölük, tabor, briqada və hətta qısa müddətdə 2-ci orduya rəhbərlik edib. O, Cənubi Koreya, İraq və Əfqanıstandakı hərbi əməliyyatlarda iştirak edib. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin komandanlığı qərargahında kəşfiyyat rəisi olub. Nakasone müxtəlif dövrlərdə Strateji Planlaşdırma və Siyasət İdarəsində, Silahlı Qüvvələrinin qərargah rəislərinin Komitəsində (iki dəfə), Silahlı Qüvvələrin Kiber Komandanlığında müavin vəzifələrində xidmət edib. Onun çoxsaylı mükafatları arasında döyüş ordeni olan "Bürünc Üldüz" da var.

Kiber Komandanlıqda xidmət edən Nakasone "rəqəmsal silah" proqramının hazırlanması ilə məşğul olan "Ares" qrupunun işində yaxından iştirak edib. Bu proqram İŞİD terror qruplaşmasının istifadə etdiyi kompüter şəbəkələrini və mobil qurğularını sıradan çıxarmağa imkan verir.

Çətin vəzifələr

Yerli müşahidəçilər tərəfindən qeyd edildiyi kimi Nakasone rəhbərliyin və cəmiyyətin kibertəhlükəsizlik tədbirlərinə ciddi diqqət etdiyi bir dövrdə MTA direktoru vəzifəsinə gətirilir. Agentlik son zamanlar baş verən məxfi məlumatların sızması və xakerlər tərəfindən şəbəkələrin "sındırılması" hadisələrindən sonra hələ də özünə gəlməyib.


Belə ki, 2013-ci ildə MTA-nın podratçı şirkətinin analitiki Edvard Snouden ABŞ xüsusi xidmət orqanlarının elektron izləmə üsulları haqqında, o cümlədən xarici liderlərin qanunsuz telefon danışıqlarını dinləməsi barədə informasiyanı ictimailəşdirdi. MTA direktoru admiral Rocers belə sızmaların qarşısını almaq üçün tədbirlər görməli idi. Lakin, 2016-ci ilin yayında agentliklə müqavilə çərçivəsində çalışan digər əməkdaş Harold Tomas Martin ABŞ-ın hərbi əməliyyatları barədə məxfi sənədlər da daxil olmaqla təxminən 500 milyon səhifəlik məlumatı oğurladığı məlum oldu.

"Politico" qəzetinin xəbərinə görə, "son iki il ərzində MTA-dan gizli materiallar oğurlayan üç nəfər həbs olunub". "Əməkdaşların mənəvi hazırlıq səviyyəsi aşağıdır. Aparıcı proqram təminatçıları və analitiklər istefa verərək daha çox maaş ödənilən özəl sektora keçməyə üstünlük verirlər", - deyə qəzet yazır.

General ilə bir zamanlar bərabər çalışan Müdafiə Nazirinin kibertəhlükəsizlik siyasəti üzrə müavinin keçmiş köməkçisi Keyt Şarlei onu bu şəkildə qiymətləndirib: "Nakasone bu və digər problemlərlə üz-üzə gələcək. Lakin onda əsl liderlik keyfiyyətləri var. O, əməkdaşlərı xidmətə həvəsləndirməyin yollarını bilir".

Statusun artırılması

Nakasone bu il Mərkəz və ya Avropa komandanlığı kimi ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığını müstəqil quruma çevrilmə prosesini başa çatdırmalıdır. Yarandığı 2010-cu ildən etibarən Kiber Komandanlıq və MTA bir yerdə yerləşirdi, resursları və mütəxəssisləri öz aralarında bölüşdürürdülər. Kiber Komandanlıq formal olaraq Silahlı Qüvvələrin Strateji Komandanlığının tərkib hissələrindən biri hesab olunur, statusu artırmaq qərarı isə 2016-ci ilin dekabrında əvvəlki prezident Barak Obama tərəfindən verilib.


Tramp da eyni fikirdə olduğunu ifadə edərək, 2017-ci ilin avqustunda müvafiq əmri verdi: "Bu, Kiber Komandanlıq və MTA bir-birini təkrarlanmasının qarşısını ala biləcək, kiberməkanda keçirilən əməliyyatları gücləndirəcək və kiber təhdidlərə daha yaxşı reaksiya verməyə imkan yaradacaq".

Bu ilin payızında Kiber Komandanlığın 6,2 min əməkdaşı ilə öz vəzifələrini müstəqil olaraq həll edəcəyi gözlənilir.

ABŞ-a qarşı təhdidlər

Konqres Senatının Milli Kəşfiyyat direktoru Daniel Kouts çərşənbə axşamı bəyan edib ki, 2018-ci ildə Rusiya, Çin, İran və Şimali Koreya Amerika Birləşmiş Ştatlarına böyük kiber təhdidlər törədəcək. Onun sözlərinə görə, bu ölkələr təsirli qarşılıq görmədikləri müddətdə, strateji məqsədlərinə nail olmaq üçün kiber əməliyyatlar aparmağa davam edəcəklər.


"Hərbi münaqişədən kənar xarici siyasət vasitəsi kimi kiber silahların istifadəsi əsasən aşağı səviyyəli hücumlarla məhdudlaşdırıldı. Lakin Rusiya, İran və Şimali Koreya, ABŞ və tərəfdaşlarına qarşı artan təhdidlərdən ibarət daha təcavüzkar kiber hücumlar həyata keçirirlər"- deyə Kouts qeyd edib.

Kouts həmçinin terror qruplarının gələcəkdə də internetdə təxribatla məşğul olacaqlarına, ekstremist fəaliyyətlərinə tərəfdarlarını cəlb etməklə əlavə maliyyə qaynaqlarından istifadə edəcəklərinə və yeni terrorçular yetişdirməyə davam edəcəklərinin ehtimal olunduğunu bildirib.

Qlobal döyüş meydanı

"Foreign Policy" jurnalının köşə yazarı və "Kölgə fabriki: tam məxfi MTA 9/11-dən Amerikanın dinlənilməsinə qədər" kitabın müəllifi Ceyms Bamforda görə Amerika Birləşmiş Ştatları uzun illərdir ki, seçkiqabağı kampaniyalar zamanı fəaliyyətdə olan prezidentə qarşı, hətta ən yaxın müttəfiqləri olsa belə, genişmiqyaslı elektron casusluq əməliyyatları həyata keçirirlər. Nümunə kimi Bamford 2012-ci ildə Meksikadakı seçki kampaniyasına edilən müdaxiləni misal gətirir: "Aparıcı prezidentliyə namizədlərdən biri olan Enrike Peni Nieto və onun ən yaxın doqquz köməkçilərinə qarşı istiqamətlənən təxribatlar unudulmayıb".


"Niyyət ümumdünya informasiya şəbəkəsi olan interneti qlobal döyüş meydanına çevirməkdir. Gizli MTA sənədlərinin birində, növbəti əsas irimiqyaslı münaqişənin kiberməkanda başlayacağı göstərilib", - deyə Bamford qeyd edib.

O, Kiber Komandanlığın bütün sənədlərində əsas terminin ABŞ-ın "informasiya hökmranlığı"ndan ibarət olduğunu əlavə edib: "ABŞ real kiber müharibəni başlayan yeganə dövlətdir. Həqiqətən Obama administrasiyası dövründə İranın minlərlə nüvə sentrifuqalarını sıradan çıxarmaq məqsədilə kiber hücum həyata keçirilib. 2012-ci ildən isə Suriyada internet ABŞ tərəfindən bloklanıb".

Senatın Silahlı Qüvvələr Komitəsində Nakasonenin təyin olunmasını təsdiqləməsi üçün dinləmələrin mart ayında keçirilməsi gözlənilir. Dəqiq tarix isə hələ açıqlanmır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin