Təəcüblü deyil ki, hər dəfə F-35 barədə müzakirə açılanda onun dəyərini bəziləri 100 milyonlara bərabər, digərləri isə cəmi 85 milyon dollar olduğunu iddia edirlər. Bu qiymət həm də mühərriklə birlikdə olan qiymətdir. 2013-cü ilə qədər 116 milyon dollara olan təyyarənin dəyərinə mühərriki daxil deyildi. Dəyəri ayrıca ödənilirdi.
Təklif etdiyimiz məqalədə F-35 qırıcısı da daxil olmaqla, hərbi məhsulların qiymətləndirilməsi məsələlərini anlamağa çalışacağıq. Bunun üçün bizə iqtisadiyyata nəzər yetirmək lazımdır. Beləliklə, yeni bir məhsul yaratmaq üçün - istər super müasir qırıcı olsun, istərsə də "Apple" smartfonu (ağıllı telefon), ya da yeni bir yoqurt olsun, yaranan bütün xərclər 3 kateqoriyaya bölünə bilər.
Bunlardan birincisi elmi-tədqiqat və ya təcrübə konstruktor işlərinin (ETTKİ) xərcləridir. Əlbəttə ki, maliyyə qaydalarına uyğun xüsusi xərclərin təyin edilməsi üçün bütün nüansları nəzərdən keçirməyəcəyik, biz yalnız xərclərin ayrılmasının əsas prinsiplərindən istifadə edəcəyik. Beləliklə, adətən yeni bir smartfon məhsulunun istehsalı aşağıdakı şəkildə baş verir. Əvvəlcə yeni məhsula tələblər müəyyən olunur. Məsələn, yeni telefon 20% daha yüngül olmalı, yaddaşı 50% daha çox məlumat yerləşdirməli, 30% daha məhsuldar prossesora malik olmalıdır.
Əlbəttə, istəklərimiz nəticəsində belə bir model yarana bilməz. Bizim tələb və gözləntilərimizə cavab verən smartfonlar əldə etmək üçün material bazasının (elektronika) və proqram təminatının təkmilləşdirilməsi (sürətə təsir etdiyi üçün) və s. sahələrdə böyük işlər görülməlidir. Yeni bir smartfonu inkişaf etdirmək üçün çəkdiyimiz bütün xərclər ETTKİ xərcləri olacaq. Bu xərclərin istehsal xərcləri olmadığını başa düşmək vacibdir. ETTKİ xərcləri nəticəsində konstruktor sənədləşdirilməsi və texnoloji proseslərin təsviri ortaya çıxacaq, bundan sonra istehsalçı lazım olan xüsusiyyətlərə sahib smartfon istehsalını səmərəli şəkildə qura biləcək. Yəni yalnız və yalnız ETTKİ xərcləri bizə lazım olan malları istehsal etməyə imkan verə bilər.
Xərclərin ikinci kateqoriyası birbaşa (və ya daha doğrusu, termini "dəyişən xərclər" kimi ifadə etmək daha yaxşı olardı) xərclərdir. İstehsalçı məhsulu istehsal etmək üçün birbaşa xərclər çəkir. Məsələn, mexanik iki saata bir detal hazırlayır, sərf olunan materiallar, enerji və əməkhaqqının cəmindən ibarət xərclər birbaşa xərclərdir. Birbaşa xərclər və ETTKİ xərcləri arasındakı fərq, sonuncunun istehsal həcmindən demək olar ki, tamamilə asılı olmamasındadır. Yeni smartfon modelinin ETTKİ xərcləri 10 milyon dollara çatdıqdan sonra 10 min və 10 yeni smartfon istehsal ediləcəyindən asılı olmayaraq sabit qalacaq. Onlar üçün "Apple" şirkətinin rəhbərliyi ümumiyyətlə smartfonların istehsalını ləğv etsə belə yenə də ETTKİ xərcləri dəyişməyəcək.
Nəhayət, xərclərin sonuncu, üçüncü kateqoriyası, biz onlara faktiki xərclər deyəcəyik. Əslində, hər hansı bir firma məhsullarının istehsalına birbaşa aid olmayan bir sıra əməkdaşların və müəssisənin fəaliyyəti üçün zəruri olan xərcləri ödəməyə məcburdur. Sadə bir nümunə mühasibat personalının əmək haqqıdır.
Mühasiblər özləri heç bir məhsul istehsal etmirlər, lakin onlar olmadan orta ölçülü müəssisənin belə fəaliyyəti mümkün deyil.
Bununla da iqtisadi mini-leksiyanı tam olaraq bitdiyini qəbul edərək hərbi proqramların dəyər-qiymət formalaşma xüsusiyyətlərini araşdıraq. Nəzərə alaq ki, bu qiymətlər mülki məhsulların qiymətindən radikal olaraq fərqlənir.
Məsələn, "Apple" smartfonunun qiyməti necə yarandı? Şirkətin marketinq şöbəsi yuxarıda sadalanan xüsusiyyətləri olacaq yeni smartfonları növbəti üç ildə 1000 dollardan 10 milyon ədəd sata biləcəyini və 100 milyard dollar əldə edəcəklərini açıqlayır. Cavabında konstruktorlar bu modelin hazırlanması üçün 20 milyard dollar ETTKİ xərclərinə vəsaitin lazım olduğunu bildirirlər. Bir telefonun komponent və istehsal xərci 450 dollar, istehsal üçün əmək haqqı 50 dollar, yəni birbaşa xərclər 500 dollar olacaq. Tutaq ki, mühasibatlıq da faktiki xərclərin 10 milyard dollar olduğunu hesablayır.
Şirkət, bu layihəni həyata keçirmək üçün qərar verdiyində, bunun üçün xərclər 80 milyard dollar olacaq:
1. ETTKİ xərcləri - 20 milyard dollar,
2. Smartfonların buraxılması üçün birbaşa xərclər - 50 milyard dollar,
3. Ümumi xərclər - 10 milyard dollar, cəmi 80 milyard dollar.
100 milyon ədəd telefonun satışından gəlir 100 milyard olacaq. Nəticədə şirkət növbəti 3 il ərzində 20 milyard ABŞ dolları miqdarında böyük mənfəət qazanacağından bu layihəyə xeyir dua verir.
Lakin hərbi texnika ilə durum bir az fərqlidir. Niyə? Bunun bir çox səbəbi var, ancaq iki əsas səbəbə diqqət yetirək. Birincisi, silah hazırlanması proqramlarında dövlət bütün prosesləri şəxsi nəzarətində saxlamaqda israr edir.
Hərbi texnika rəqabəti transmilli şirkətlərin rəqabətindən bir qədər fərqlidir. Mülki layihələrin araşdırmalarında lazımi nəticəni əldə edə bilməməsi şirkət üçün lokal faciədən böyük bir problem deyil, silahlanma proqramında uğursuzluq isə dövlət üçün tamamilə yolverilməzdir və ölkənin müdafiəsində bir açıq əmələ gətirə bilər. Başqa sözlə, dövlət layihəni təhdid edən bütün təhlükələrə adekvat reaksiya verməklə hər bir mərhələdə ETTKİ-yə nəzarət etməkdə birbaşa maraqlıdır. Heç bir ölkənin Müdafiə Nazirliyi 15 il dəniz sahilində əlverişli hava şəraiti gözləyəndən sonra layihə müəlliflərindən "alınmadı və ya bacarmadıq" sözlərini eşitmək istəməz.
Buna görə də yeni məhsulların yaradılması üçün normal, bazar modeli hərbi təchizatda heç də yaxşı işləmir: bu müştəri üçün də risklidir (vaxtında lazımi avadanlığı əldə etməyə bilər), istehsalçı üçün (başqa bir tədarükçünün seçilməsi halında ETTKİ-yə çəkilən xərclər ziyana aid ola bilər) də.
Bəzi mənbələrə istinad edərkən məlum olur ki, 2007-ci ilin aprelində hər biri 221 milyon dollar dəyərində olan iki ədəd F-35 (mühərriksiz) alınması üçün müqavilə imzalanıb. Təyyarənin qiymətinə baxdıqda məlum olur ki, bu məbləğə birbaşa və faktiki xərclər daxildir. ETTKİ xərcləri bu məbləğdə qətiyyən yer almır. Bunu aydılaşdırmaq üçün F-35 proqramının ETTKİ xərclərini araşdıraq.
ABŞ Baş Nəzarət İdarəsinin hesabatında, "Lockheed Martin" şirkətinin 2010-cu ildə F-35 “Lightning II” təyyarəsinin yaradılmasının dəyəri 56,1 milyard dollar təşkil edib. Bu məbləğə ETTKİ xərcləri, sınaq və testlər üçün təyyarə prototiplərinin əldə olunması dəyəri də daxildir. Bu məqalənin müəllifi araşdırıb ki, 2012-2018-ci illərdə F-35 proqramına 68,2 milyard dollar xərclənəcək, 52,5 milyard F-35 prototiplərin alınmasına və 15,7 milyard dollar isə ETTKİ-yə sərf olunacaq. Ümumilikdə, 2018-ci ilə qədər digər ayırılan vəsaitlərlə birlikdə F-35 proqramına 74 milyard dollardan bir qədər çox vəsaitin sərf ediləcəyi ortaya çıxır.
2014-cü ildə F-35 ailəsinin (LRIP-8, mühərriksiz) satınalma dəyəri aşağıdaki kimi olub:
F-35A (19 ədəd) - 94,8 milyon dollar/ədəd.
F-35B (6 ədəd) - 102 milyon dollar/ədəd.
F-35C (4 ədəd) - 115,8 milyon dollar/ədəd.
Mühərriklərin neçəyə olduğunu isə əfsuslar olsun ki, öyrənmək çətindir. Amerika Birləşmiş Ştatları 29 təyyarə, İsrail, Böyük Britaniya, Yaponiya, Norveç və İtaliyaya 14 təyyarə daxil olmaqla, cəmi 43 təyyarə mühərriki üçün 1,05 mlrd dollar məbləğində müqavilə imzalanıb. Lakin F-35-in müxtəlif dəyişiklikləri olan mühərriklər qiymətinə görə çox fərqlənir. Belə ki, 2008-ci ildə Pentaqon bir F-35A mühhətikinin 16 milyon dollar, F-35B mühərrikinin isə 38 milyon dollar dəyərində olduğunu açıqladı. 2008-ci ilin səviyyəsi ilə müqayisədə qiymətlərdə 13% artım dərəcələri olduğunu nəzərə almalıyıq.
Bütün göstərilənləri nəzərə alsaq 2014-cü il üçün mühərriklə birlikdə F-35 qiymətləri aşağıdakı kimi olub:
F-35A - 112.92 milyon dollar/ədəd.
F-35B - 142.77 milyon dollar/ədəd.
F-35C - 137.54 milyon dollar/ədəd.
Bəzi mənbələr isə bu təyyarələrin satış qiymətlərinin hər il əvvəlkinə nisbətən aşağı endiyini iddia edir. Belə məlumatlar həmçinin "Wall Street Journal" tərəfindən də təsdiqlənir.
Proqramın sahibi "Lockheed Martin" ilə 90 ədəd təyyarə alınmasına dair razılaşma planlaşdırılıb. ABŞ-da istifadə ediləcək və xarici müttəfiqlərə F-35A modelinin hər biri 94,6 milyon dollara satılacaq. Əvvəlki partiyaya görə qiymət 102 milyon dollar olub, bu isə müqayisədə 7,3 faiz azalma deməkdir.
"Lockheed Martin" şirkətinin Baş direktoru Martin Merilin Hyuson CNBC kanalına müsahibəsində 2019-cu ildə müştərilərə təslim ediləcək təyyarənin birinin qiymətinin 100 milyon dollardan 85 milyon dollara qədər azalacağını bildirib.
Təyyarənin qiyməti nə üçün düşür? Satışların artımı qiyməti necə azaldır?
Bunu anlamaq üçün "marka" iqtisadi anlayışını anlamaq lazımdır. Təsəvvür edin, bu nəqliyyat vasitələsinin istehsalının birbaşa xərcləri 10 min dollardır, avtomobil istehsalçısı isə 15 min dollara satır. Yəni buradakı 5 min dollarlıq fərq "marka" hesab olunur.
Demək ki, əgər firma ayda 200 min dolları normal mənfəət hesab edirsə və faktiki xərcləri ayda 300 min dollardısa, deməli hər ay 100 avtomobili (500 min dollar/5 min dollar = 100) 15 min dollar qiymətinə satmalıdır.
Lakin həmin 500 min dolları siz 2,5 min dollarlıq "marka" ilə hər ay 200 avtomobil sataraq da əldə edə bilərsiniz. "Miqyas effekti" aşkardır - nə qədər çox satırıqsa, o qədər hər məhsulda daha az qazanca ehtiyacımız yaranır. Hərçənd daha bir vacib aspekt var. Məsələn, biz 12,5 min dollar qiymətində 200 avtomobil sifarişi aldıq və birdən-birə başqa bir müştəri 10 avtomobili 11 min dollardan almaq istədi. Buna imkan varmı? Əlbəttə, var. Bəli, "marka" yalnız 1 min dollar olacaq. Mövcud müqavilə bazası bütün xərclərimizi tamamilə əhatə etməyə və az da olsa mənfəətlə təmin etməyə imkan verəcək. Buna görə də bu müqavilənin icrası sadəcə mənfəətimizi 10 min dollar artıracaq. Sadəcə, digər müqavilələr artıq bütün məsrəfləri əhatə etdiyindən, birbaşa xərclərdən yuxarı olan bütün mənfəətlər gəlir hesab olunur.
Müvafiq olaraq Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələrinə F-35 təyyarələrinin tədarükünün artması ilə onların qiymətinin düşməyə başlaması təəccüblü deyil. "Lockheed Martin" indi hər bir təyyarədə əvvəlki kimi maksimum gəlirə can atmır, əslində gəlirləri də azalmayacaq. Satış sayı ilə "miqyas effekti"ndən yaralanacaq.
Ancaq biz də başqa bir şeyi anlamalıyıq - "marka" sonsuzluğa qədər düşə bilməz. Dollar hər il inflyasiya uğrayır, birbaşa xərclər və faktiki xərclər artır. "Miqyas effekti" də planlanan bəlli bir istehsal sayına çatdıqdan sonra dayanacaq. Əgər ABŞ HHQ ehtiyacı olan 200 ədəd F-35 təyyarəsini sifariş edə bilməsə, "miqyas effekti" əks istiqamətdə işləyəcək, "Lockheed Martin" ya itkilərlə barışmalı olacaq, ya da qiymətlərini yenidən yüksəldəcək.
Ən ucuz F-35A təyyarəsi ABŞ vergi ödəyicisinə nə qədərə başa gələcək?
Hesablamağa çalışaq. Artıq dediyimiz kimi, bu təyyarələrin ümumi ETTKİ xərcləri 2013-cü il yanvarın 1-i tarixinə 74 milyard dollar təşkil edib. Bu məbləğ 2001-ci ildən 2018-ci ilə qədər dövrü əhatə etdiyinə görə, inflyasiyanı nəzərə alarsaq bu təxminən 87,63 milyard dollar alınır.
Beləliklə, əgər:
1. F-35 təyyarə ilə bağlı ETTKİ 01.01.2019 tarixdə başa çatacaq və 2018-ci il üçün ABŞ hərbi büdcəsində nəzərdə tutulandan başqa heç bir xərc tələb etməzsə,
2. ABŞ 2443 ədəd (1763 ədəd F-35A , 353 ədəd F-35B və 327 ədəd F-35C) ilkin silahlanma planları həyata keçirərək həmin təyyarələri qəbul edərsə,
2019-cu il qiymətləri ilə ABŞ vergi ödəyicisinə bir ədəd F-35A dəyəri 85 milyon təşkil edəcək. Üzərinə 87.63 milyard ETTKİ xərclərini əlavə edib 2443 ədəd təyyarə sayına bölsək bir ədəd F-35 təyyarəsi bütün xərclər daxil amerikalılara 120,8 mln dollara başa gələcək.
Lakin 2017-ci il qiymətlərində bu rəqəm 94,6 milyon ABŞ dolları kimi görünür. ETTKİ xərcləri ilə birlikdə 129,55 milyon dollar göstərilirdi.
Yenidən bildirək ki, F-35 ailəsinin ümumi istehsalı 2443 təyyarə istehsal ediləcəyi təqdirdə bu hesablar keçərli olacaq. Deyək ki, alınacaq təyyyarələrin sayı 1000 ədədə düşəcəyi halda, F-35A dəyəri 85 milyon dollardan 172,63 milyon dollara qədər yüksələ bilər.
Hərçənd ABŞ-ın müttəfiqləri bu təyyarəni daha ucuz da əldə edə bilərlər. Amerika vergi ödəyicilərinin onlar üçün ETTKİ xərclərini "Lockheed Martin" şirkətinə "nəzakət"lə kompensasiya ediblər. Bu səbəbdən şirkətin ikinci dəfə digər ölkələrin aldığı təyyarə qiymətlərinə bu xərcləri yenidən əlavə etməsi heç bir əhəmiyyət kəsb etmir. Üstəlik, ABŞ Hava Qüvvələrinə təhvil verilən F-35-lər bütün faktiki məsrəfləri qarşılayıb.
Yəni "Lockheed Martin"ə birbaşa xərclərini qarşılayacaq bir rəqəm kifayət edəcək - bu halda, şirkətin istehsal etdiyi təyyarələr öz xərclərini əhatə edəcək və hətta az miqdarda mənfəət də əldə edəcək. Ona görə də F-35A təyyarəsinin 2019-cu il qiyməti üçüncü tərəf üçün hətta 85 milyon dollardan da aşağı düşə bilər.
Nəhayət, Rusiya və Amerika aviasiya sənayesinin qiymətləri arasındakı əlaqə haqqında bir neçə söz deyək. F-35-in tədarükü ilə paralel olaraq, Rusiya Hərbi Hava Qüvvələri Su-35-ləri qəbul etməyə başladılar. Bəzi ekspertlər bu təyyarələrin texniki xüsusiyyətlərinin oxşar olduqlarını iddia edirlər. Eyni zamanda müqavilə çərçivəsində Su-35-lərin qiyməti 2,1 milyard rubl idi. Müqavilə 2015-ci ilin dekabrında razılaşdırılıb və həmin vaxtdan dollar 60 rubl səviyyəsindən aşağı enməyib. Deməli, bir Su-35-in dəyəri 34,7 milyon dollara bərabər olub. Həmin illərdə F-35 təyyarələri 108-112 milyon dollar səviyyəsində qiymətləndirilirdi. Rusiya qırıcısının alış qiyməti ABŞ qırıcısının qiymətindən üç dəfə az idi və bu, təyyarənin ETTKİ xərcləri nəzərə almadan hesablanıb...
Amma Çinə Su-35 satan "Rosoboronexport" qiymətləri endirmədi - Su-35 qırıcısının hər biri 80 milyon dollardan satıldı. ... Bu Sizə nəsə deyir?
Araşdırma Andrey Çelyabinskinin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az