Dövlət Sərhəd Xidmətinin Cümhuriyyət dövrü – ARAŞDIRMA (I Yazı)

2018/01/ADR_army_ossicers34534_4545196347.jpg
Oxunub: 3744     15:38     04 Yanvar 2018    
Azərbaycan Cənubi Qafqazın qədim tarixə, mədəniyyətə və qədim dövlətçilik tarixinə sahib ölkəsidir. Azərbaycan ərazisində yaşayan əhali barədə ilk mənbələr eramızdan əvvəl III minilliyin II yarısına aid edilir.

Azərbaycanın indiki torpaqlarında siniflərin mövcud olduğu Manna dövlətinin yaranma prosesi eramızdan əvvəl 843-cü ilə təsadüf edir. Eramızdan əvvəl 321-ci ildə bu torpaqlarda Atropat tərəfindən müstəqil dövlət yaradıldı.

Atropatena dövlətinin ərazisi əsasən müasir Cənubi Azərbaycan, bütün Şimali Azərbaycanın qərb və cənub torpaqlarını əhatə edirdi. Ölkənin şimal sərhədləri Araz çayına, şərq sərhədləri Xəzər dənizinə, cənub sərhədləri isə Əlvənd dağlarına qədər olan əraziləri özündə birləşdirirdi. Atropatena, Sasani imperiyasının “İran olmayan” 27 ölkəsindən biri idi.

Müxtəlif dövrlərdə çox keşməkeşli müharibə və münaqişələrə meydan olan Azərbaycan torpaqları davamlı şəkildə böyük imperiyaların diqqət mərkəzində olub. 630-cu ildə yeni yaradılan Ərəb Xilafəti Sasanilər dövlətinə daxil olan Azərbaycan ərazisini işğal etdi.

VIII əsrin sonu – IX əsrin birinci yarısında Azərbaycanda Ərəb xilafətinə qarşı Babəkin başçılığı ilə genişlənən xürrəmilər hərəkatı onu kökündən sarsıtmağa nail oldu. Bu ərazidə 861-ci ildə ilk müstəqil dövlət - Şirvanşahlar dövləti yarandı. Şirvanşahlar dövləti 1538-ci ildə Səfəvilər dövlətinin tərkibinə qatıldı.

Əsası I Şah İsmayıl Səfəvi tərəfindən qoyulan Səfəvilər dövləti 1502-ci ildən 1736-cı ilə qədər mövcud olub. Azərbaycan dövlətinin cənub sərhədləri İran körfəzindən başlayaraq, şimal sərhədləri Dərbənd mahalınıın şimalından, şərq sərhədləri Amu-Dərya çayından, qərb sərhədləri isə Kiçik Asiya və Gürcüstan ərazilərinin təxminən ortasından keçirdi.

Səfəvilər dövlətinin güclənməsi və genişlənməsi Osmanlı imperiyasının hakim dairələri tərəfindən narahatlıqla qarşılanırdı. Roma katolik kilsəsi və Qərbi Avropa dövlətlərinin iki müsəlman türk imperiyasının mövcudluğunu həzm edə bilməsi mümkün deyildi. Onların gələcəkdə yaxın müttəfiq olmamaları üçün müxtəlif vasitə və yollara əl atılırdı. Nəticədə hər iki imperiyanın müxtəlif dini baxışlarından yararlanan dövlətlər onların bu zəmində bir- birilə münasibətlərinin pozulmasına nail oldular. 1514-cü ildə böyük iki türk imperiyasının müharibələr silsiləsinə start verildi. Osmanlı-Səfəvi müharibələri toplam olaraq 7 mərhələdə baş verdi və 1639-cu ildə başa çatdı. Bu müharibələr Səfəvilərin tarixi-siyasi coğrafiyasına ciddi təsir göstərdi. Ölkələrin hərbi və iqtisadi cəhətdən zəifləməsinə, Səfəvi dövlətinin sərhədlərinin dəyişdirilməsinə səbəb oldu.

XVIII əsrin II yarısı Azərbaycanın siyasi-coğrafi tarixində xüsusi bir dövrü əhatə edir. Ərazilərdə çoxsaylı feodal xanlıqlar yarandı. 1748-ci ildən 1828-ci ilədək Azərbaycan hüdudlarında öz ərazisi - inzibati bölgü sistemi və sərhədləri olan 20 xanlıq, 6 sultanlıq və 5 məliklik mövcud idi. Bu mövcudluğa 1801-1828-ci illər ərzində Azərbaycan əraziləri Çar Rusiyası ilə İran arasında bölüşdürüldükdən sonra son qoyuldu. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində Azərbaycanın vahid ərazisi iki yerə bölündü.

1917-ci il fevral inqilabından sonra Çar Rusiyasında monarxiya sistemı dağılır və ölkədə vətəndaş müharibəsi başlayır. Bu müharibə nəticəsində böyük bir imperiya 80-ə yaxın kiçik saylı dövlətlərə parçalanır. Azərbaycan da belə bir tarixi imkandan yararlanmaya bilməzdi. 1918-ci il mayın 28-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul olundu. Ermənistan hökuməti əldə etdiyi güzəştə (İrəvana yiyələnməsinə) baxmayaraq, Azərbaycana təcavüzünü gücləndirir və yeni əraziləri – Zəngəzuru, Qarabağı, Naxçıvanı ələ keçirməyə cəhd göstərirdi. Azərbaycan hökuməti daha yeni ərazilər itirməmək üçün mühüm tədbirlər həyata keçirirdi və məhz bunun sayəsində hökumət sonrakı fəaliyyəti dövründə mövcud ərazilərini qoruyub saxlaya bildi.

Azərbaycanda milli sərhəd xidməti 1918-ci ildə yaradılıb. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd məntəqəsi yaradılır, digər istiqamətlərdə də oxşar məntəqələrin yaradılması üçün tədbirlər görülməsi qərara alınır.

Milli Şura tərəfindən dövlət müstəqilliyinin elan edilməsindən sonra həmin il iyun ayının 17-də Gəncədə fəaliyyətə başlayan Azərbaycan hökumətinin qarşısında duran ən mühüm məsələlərdən biri gənc respublikanın hərbi qurumlarını yaratmaq, dövlət sərhədlərini möhkəmləndirmək, xarici və daxili təhdidlərdən ölkənin müdafiəsini təmin etmək istiqamətində təcili tədbirlər görməkdən ibarət idi.

Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara qanunsuz daşınmanın qarşısının alınması üçün sərhəd məntəqəsi yaradılması barədə Daxili İşlər Nazirliyinə sərəncam verildi. Bu məntəqənin ardınca Azərbaycan Respublikasının digər sərhəd bölgələrində Daxili İşlər Nazirliyinin tabeliyində olan sərhəd mühafizə qüvvələri yaradıldı. İlk dövrlərdə bu məntəqələrin başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiyyətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq idi. Ancaq gündəlik məlumatların təhlili açıq-aydın göstərirdi ki, sərhəd məntəqələrinin yetərli sayda olmadığı üçün ərazidən qanuni yolla keçirilən yüklərin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşısına sədd çəkmək mümkün deyil. Buna görə də, yeni sərhəd məntəqələrinin yaradılması barədə qərar qəbul edildi.

Gürcüstan və Ermənistanla sərhəd ərazidə yerləşən Qazax qəzasında vəziyyəti nizama salmağın çox çətin olacağını nəzərə alan hökumət iyul ayının 12-də növbəti qərarı ilə Daxili İşlər Nazirliyinə bu qəzanın daha iki məntəqəsində – Salahlı və Şıxlı kəndlərində sərhəd məntəqələri təşkil etmək barədə göstəriş verdi. 1918-ci ilin iyul ayında Kür çayı üzərində (Sınıq Körpüdə) 5 nəfər, Salahlı kəndində 6 nəfər, Şıxlı kəndində 6 nəfər, Qıraqkəsəmən kəndində 6 nəfər və Poylu stansiyasında 15 nəfərdən ibarət sərhəd məntəqələri təşkil edildi.

İran sərhədində müxtəlif quldur dəstələrinin silahlı hücumları ilə əlaqədar vətəndaşların vəziyyətinin gərgin olması da sərhəd məntəqələrinin sayının artırılmasını, ümumiyyətlə, sərhədlə bağlı problemlərin hökumət səviyyəsində həll olunmasını tələb edirdi. Bu problemlərin aktuallığını nəzərə alan Azərbaycan Respublikasının Nazirlər Şurası 1919-cu il mart ayının 10-da İran sərhədinin qorunması üçün qanunvericilik əsasında sərhəd mühafizəsinin təşkili barədə ciddi qərarlar qəbul etdi. Bu qərara Daxili İşlər Nazirliyinə cənub bölgəsində 200 atlıdan ibarət mühafizə dəstəsi yaradılması həvalə olundu.

1919-cu ilin ikinci yarısına qədər cənub bölgəsinin böyük bir hissəsi Azərbaycan hakimiyyətinin tam nəzarətində deyildi. Bu ərazilərdə kifayət qədər dövlətə tabe olmayan və müqavimət göstərən silahlı qüvvələr var idi. Həmin silahlı dəstələrin qəti surətdə məğlub edilməsi yalnız 1919-cu ilin uğurlu avqustunda Hərbi Nazirliyin birləşmələri tərəfindən həyata keçirilən əməliyyatdan sonra mümkün oldu. Bu əməliyyata qədər isə nəinki sərhədin qorunması, hətta bölgənin tam nəzarətdə saxlanılması üçün yerli hakimiyyətin təşkili də böyük problem idi.

İran tərəfi ilə danışıqlara gəlincə isə, bu, yerli qurumlardan daha çox Azərbaycan dövlətinin mərkəzi idarəetmə orqanları vasitəsilə aparılır, sərhəddə baş verən hadisələr haqqında qonşu dövlətin rəsmi şəxsləri vaxtlı-vaxtında xəbərdar edilirdilər. Bir dəfə isə təqribən 18 ay müddətində cənub sərhədlərimizdə baş verən 50-yə yaxın müxtəlif hadisə barədə İran tərəfinə xronoloji ardıcıllıqla xüsusi məlumat göndərilməsi haqqında məlumat var.

1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 100-ə qədər sərhəd məntəqəsi yaradıldı. Əlavə məntəqələr Azərbaycan sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə imkan yaradırdı. 1919-cu ilin avqustun 18-i Müstəqil Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaranması tarixi kimi hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunur.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: DSX   Cümhuriyyət  

Xəbər lenti

Dövlət Sərhəd Xidmətinin Cümhuriyyət dövrü – ARAŞDIRMA (I Yazı)

2018/01/ADR_army_ossicers34534_4545196347.jpg
Oxunub: 3745     15:38     04 Yanvar 2018    