Qərb ekspertləri tərəfindən ehtimal olunur ki, Şimali Koreya müharibə təhlükəsi zamanı qısa müddətdə 40 piyada diviziyası və 18 piyada briqadası səfərbər edə bilər.
KXO-nun silahlanmasında 30 ədəd OTRK, 24 taktiki raket atıcı qurğusu, ən azı 3500 orta tank, 560 ədəd yüngül tank, 2500 ZPD (əsasən "323" variantı olan maşınlar, az sayda ZPD-40/60 və 20-yə yaxın yerli istehsal ZPD-80A) və 10400 ədəd top (onlardan 4400-ü ÖAQ, lakin bu göstərici həqiqətən Şimali Koreya ordusunda mövcud ümumi tankların sayından daha çoxdur. Real rəqəm 1500-dən çox olmamalıdır), müxtəlif çaplı 2500 ədəd YARS, 7500 ədəd minaatan, çapı 85 millimetrdən az olmayan və sabit mövqelərdə yerləşərək həm hava hücumundan müdafiə, həm də sahil müdafiəsi vəzifələrini yerinə yetirən 3000 ədəd top, 10 min müxtəlif ZRK və TƏİRK (bura köhnə yerli istehsal olan "Malyutka" və "Şmel"lər və 1990-cı illərin əvvəllərində əvvəl Sovet İttifaqından əldə olunan "Konkurs" və "Faqot"lar da daxildir) mövcuddur.
KXDR-in HHQ 3 ədəd bombardmançı alaydan, 15 ədəd qırıcı-bombardmançı və qırıcı alaydan, 650 ədəd döyüş təyyarəsi və 282 ədəd helikopterdən ibarətdir. Belə ki, 2010-cu ildə beynəlxalq sanksiyalar səbəbindən resurslarını başa vuran təyyarələrə tam təmir və texniki xidmət göstərilmədiyinə görə, təyarələrin yalnız 20 faiz döyüşə hazırdır.
KXDR-in HDQ 22 ədəd sualtı (əsasən 033 layihəli) qayıq, Koreya istehsalı 57 ədəd kiçik və çox kiçik sualtı qayıqdan, 3 ədəd idarəolunan raket sistemli (İRS) freqatdan, 4 ədəd kiçik sualtı qayıq əleyhinə gəmidən, 34 ədəd raket katerindən, 125-dən çox torpedo katerindən, 38 ədəd böyük patrul katerindən, 125 ədəd kiçik patrul gəmisindən, Şimali Koreya istehsalı 10 ədəd kiçik desant gəmisindən, 131 ədəd desant katerindən, 136 ədəd enmə barjalarından, 24 ədəd mina darama gəmisindən, 8 ədəd sualtı gəmilərin üzən bazasından və 4 ədəd hidroqrafiya gəmisindən ibarətdir. Şimali Koreya sahillərini 122 mm, 130 mm və 152 mm-lik yerli istehsal olan toplarla silahlanan iki sahil mühafizə alayı qoruyur.
47,4 milyon əhalisi olan Cənubi Koreya Respublikası ordusunda 686 min nəfər (səfərbərlik ehtiyatı isə 4,5 milyona qədərdir) xidmət edir. Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində 63 min, dəniz piyadalarında 28 min nəfər vəzifələrini icra edir. Bundan əlavə, polis, ictimai təhlükəsizlik, mülki müdafiə qüvvələri, digər hərbiləşdirilən qurumlarda 3,5 milyon nəfər çalışır.
Cənubi Koreyada quru qoşunları (təxminən 560 min nəfər) 3 Mexanikləşdiriən və 15 piyada diviziyasından, 15 əlahiddə briqadadan (2 piyada briqadası, 7 XTB, 3 sərhəd briqadası və 3 zenit raket artilleriya briqadası), 5 zenit raket divizionu, 3 taktiki raket divizionundan ibarətdir. Müharibə vəziyyətində Cənubi Koreya 23 piyada diviziyasını tezliklə səfərbər etməyə qadirdir.
2004-cü ildə Koreya Xalq Ordusunda (Şimali Koreya əhalisi 22,2 milyondur) 1 milyon 820 min nəfər (4 milyon 700 min nəfər səfərbərlik ehtiyatı ilə) xidmət edirdi. 189 min Təhlükəsizlik və Daxili İşlər Nazirliyi, 86 min Hərbi Hava Qüvvələri və təxminən 46 min HDQ-də qeydiyyatdadır. Quru Qoşunları 27 piyada diviziyasından, 15 tank və 14 mexakiləşdirilən briqadadan (onları bəzi mənbələr diviziya adlandırır), 1 OTRK briqadasından, 21 artilleriya briqadasından, 9 reaktiv artilleriya briqadasından, taktiki raketlər alayından və 88 min nəfər şəxsi heyəti olan xüsusi təyinatlı qoşunlardan ibarətdir.
Cənubi Koreya ordusunda 12 "Lance" taktiki raketlərinin atıcı qurğusu, 2330 tank, 2880 ZPD və PDM (40 ədəd PDM-3 daxil olmaqla), 3500-dən çox çəkilən artilleriya sistemləri, 1090 ÖAQ, 130 və 227 mm çaplı YARS, 6000 minaatan, 600 zenit topu, 310 ZRK, 610 DZRK, 789 TƏİRK, 1250 mobil DZRK var. Cənubi Koreyanın dəniz piyadalarının iki diviziya və bir briqadasının sərəncamında olan 60 ədəd М48А5 tankı və 63 ədəd ZPD (60 LVTP-7 и 3 AAVP-7) yuxarıdakı siyahıya əlavə olunmalıdır. Cənubi Koreyanın HHQ 538 döyüş təyyarəsi və 424 helikopterdən ibarətdir. Onlardan 117 ədədi döyüş helikopteridir. Cənubi Koreya HHQ 7 qırıcı-bombardmançı və qırıcı eskadrilyadan (digər mənbələrdə isə alayından), kəşfiyyat, təlim-döyüş və axtarış-xilasetmə bölmələrindən ibarətdir. Davamlı olaraq, Cənubi Koreya Hərbi Hava Qüvvələri daim modernləşdirilib.
Cənubi Koreyanın HDQ 9 sualtı qayıqdan, 11 kiçik sualtı qayıqdan, 6 İRS esminesdən, 9 İRS freqatdan, 28 korvetdən, 5 raket katerindən, 83 sualtı qayıq əleyhinə katerdən, 14 mina darama gəmisindən, 1 mina gəmisindən, 11 tank desant gəmisindən, 20 desant katerindən, 3 tankerdən və xilasetmə gəmisindən ibarətdir.
Dəniz aviasiyasında 21 təyyarə və 56 helikopter vardı. Ən azından 81 patrul və sualtı qayıq əleyhinə kater Cənubi Koreya dəniz polisinin tərkibində fəaliyyət göstərir.
Beləliklə, XXI əsrin əvvəlində silahlı qüvvələrin şəxsi heyətinin və sadə növ silahların (tank və artilleriya) sayında Şimali Koreyanın Cənubi Koreya üzərində yüngül ədədi üstünlüyü var. Biz polis, "hərbiləşdirilən" bölmələri, ictimai təhlükəsizlik və mülki müdafiə qüvvələrini nəzərə alsaq, üstünlük cənublulara keçəcək.
Lakin Cənubi Koreya silahlar nisbətində (xüsusilə təyyarə, idarəolunan sursatlar, rabitə və radio elektron mübarizə vasitələrində) ciddi üstünlüyə malikdir.
Bundan əlavə, Cənubi Koreya Respublikası daha müasir və güclü HDQ-nə və Dəniz Piyadaları Qruplaşmasına (DPQ) malikdir. Şimali Koreyada isə dəniz piyadaları ümumiyyətlə yoxdur. Belə düşüncə mövcuddur ki, Cənubi Koreya HDQ və DPQ tək KXDR-ə qarşı deyil, eyni zamanda Tayvan problemi və Cənubi Çin dənizindəki mübahisəli adalar ilə bağlı mümkün "çəkişmələr" zamanı müttəfiqləri ABŞ və Yaponiya ilə birgə Çinə qarşı fəaliyyətlər üçün hazırlanıb. 1950-ci illərdə bu ölkələr tərəfindən "birgə müdafiə" müqavilələri imzalanıb.
Eyni zamanda, biz Şimali Koreyanın "aqressiv", "militarist" siyasəti haqqında söhbətlər davam edir. Sözsüz ki, KXDR-in nüvə proqramı müəyyən narahatlıq doğurur, ən uzunmənzilli ballistik raketləri olan "Nodon" və "Tepodon" Yaponiya ərazisinə zərbə endirə bilir. Hələ ki, Quam və Havay adalarına, yəni ABŞ ərazisinə birbaşa təhdid yoxdur. Ancaq Cənubi Koreya da "sülh göyərçini" deyil. 1950-ci illərdən etibarən Cənubi Koreya Respublikası Parlamentində "işğal olunan ərazilər üzrə Komitə və Seulda "sürgündə hökumət" fəaliyyətdədir. Şimali Koreyanın Pxenyan da daxil olmaqla bütün şəhər və əyalətlərin qubernatorları fəaliyyət göstərir. Bütün birgə ABŞ-Cənubi Koreya təlimlərində ardıcıl olaraq "qonşulara" qarşı hərbi əməliyyatların mümkün ssenarisi dəyişmir- Şimali Koreyanın hərbi və sənaye hədəflərinə strateji aviasiya və qanadlı raketlər ilə kütləvi "preventiv" zərbələr endirilir, ardından isə həm Sarı, həm də Yapon dənizi istiqamətindən Koreya yarımadasının şimal hissəsindəki sahillərə böyük dəniz desant qüvvələri çıxarılır. Bu planlar və 1950-ci ildə baş tutan İnçxon desant əməliyyatının acı təcrubəsi Şimal Ordusunun rəhbərliyini, dəniz piyadalarından çox, sahil mühafizəsinin inkişaf etdirilməsinə üstünlük verməyə məcbur edir.
Yuxarıdakı rəqəmlər və qüvvələr balansı son on ildə dəyişibsə, bu Şimali Koreya Xalq Ordusunun xeyrinə olmadığı aydındır. Texniki park və təchizat ixtisar olunur, Cənubi Koreya ordusunun isə əksinə yeni növ silahlarla təminatı günü-gündən inkişaf edir. Cənubi Koreya, hətta Rusiyadan da müasir texnikalar qəbul edib. 1990-cı illərin ilk yarısında Cənubi Koreya Rusiyadan 80 ədəd T-80U əsas döyüş tankı və 40 ədəd PDM-3 aldı. Bu texnikalar ilk və son sovet prezidenti Qorbaçov tərəfindən 1980-ci illərin sonlarında götürülən valyuta kreditinin əvəzi olaraq Cənubi Koreyaya verildi. Cənubi Koreya ordusunun müasir rus tanklarını və piyadaların döyüş maşınlarını qəbul etməsi o qədər də zəruri və məntiqli deyildi: bu ABŞ maraqlarında atılan addıma daha çox bənzəyirdi. Amerikalıların yeni döyüş texnikalarını araşdırmaq üçün 2-3 ədəd T-80U tanklarını və PDM-3 texnikalarını aldığı barədə sonradan məlumatlar yayıldı.
Cənubi Koreyanın ordusunda T-80U tanklarının sayı az olsa da, bu tanklar Şimali Koreya tanklarından bütün parametrlərə görə üstündür. Bu məsələ ətrafinda KXDR hərbçilərin ciddi düşünməlidir. 1991-ci ildən sonra Rusiyadan hər hansı bir hərbi texnika göndərilməsi baş verməyib. Şimali Koreyanın 1990-cı illərdə ZTT-lərin müəyyən bir hissəsini keçmiş SSRİ-nin süqutundan sonra yaranan MDB ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan) alınması barədə faktlar vardır. Lakin bunlar əsasən daha əvvəlki modellərdən olan T-55 və T-62 tankları idi. T-72 və T-80 tanklarının nümunələrinin (hissə və detallarının bənzərini istehsal etmək üçün) Şimali Koreya tərəfindən Rusiyadan alınması ilə bağlı bəzi Qərb ekspertləri tərəfindən hazırlanan hesabatlar da təsdiqini tapmadı. Digər tərəfdən, T-72 tanklarının Şimali Koreya tərəfindən alınması inanılmaz bir fakt deyil. Bu tanklar dünyada çox geniş yayılıb. Xarici ölkələrdən digər ZTT əldə olunmayıb.
2010-cu ildən sonra Pxenyanda hərbi paradda Rusiyadan alınan 15 ədəd ZPD-80A nümayiş olundu. Bu daşıyıcının zəif dizayn edilən koreyalı surəti olan M2010 ZPD-nın eyni paradda nümayiş olunması, rus texnikasının kopyalamaq üçün alındığını göstərir. KXDR-ə Sovet 2C1 "Qvozdika", 2CZ "Akasiya" və ya onların oxşarı olan Çinın "Tip 83" ÖAQ Şimali Koreyaya heç vaxt verilməyib. Şimallılar öz yolları ilə getmək qərarına gəldilər. Hər halda, demək olar ki, bütün Koreya zavodlarında istehsal olunan ÖAQ - üstü açıq yüngül zirehli avtomobillərin üzərinə arxa tərəfdə quraşdırılan artilleriya sistemindən ibarətdir. Bu zaman istifadə olunan şassi və aqreqatlar "Tip 59" tanklarının və ZPD 323 komponentlərindən və 100-170 mm çapında olan toplardan istifadə olunub.
Xarici ölkələrdə Şimali Koreya ÖAQ növlərini adətən onun çapına və ilk ictimai nümayiş ilinə görə fərqləndirirlər. Şimali Koreyada istehsal olunan ÖAQ sayı məlum deyil, lakin Pxenyanın yerli televiziyalarının müxtəlif paradlardan reportajına görə, bu say 100-ə yaxındır.
Nəşr olunan məlumatlara görə, 1980-ci illərin sonlarında "Tip 59" tankı bazasında hazırlanan 170 mm "Koksan" ÖAQ qurğusu İrana ixrac edilib və hətta İran-İraq müharibəsinin son mərhələsində döyüşlərdə də iştirak edib. Bu uzun mənzilli ÖAQ-ın İranda silahlanmada olan ABŞ istehsalı M109 və Sovet istehsalı "Qvozdika" və "Akasiya"lardan daha uzaq məsafələrə atəş aşdığı iddia olunurdu. 1988-ci ildə İranın "Koksan"larından bir neçəsi İrak ordusunun əlinə keçdi və əvvəlki sahiblərinə qarşı istifadə olundu. Bu ÖAQ-ın bəziləri 1991-ci ildə İraq Küveytə soxulduqda Səddamın ordusunda var idi. Kuveytdə ABŞ Ordusu tərəfindən ələ keçirilən "Koksan" ÖAQ incələyən ekspertlər, bu qurğuların etibarsız mühərrik və şassiyə malik olduğunu, şassinin artıq yükləndiyini, top lülələrinin aşağı resursa və keyfiyyətə malik olduğunu, bəzi detal və aqreqatların kustar üsulla hazırlandığını qeyd edirlər.
Müasir və mobil ZRK-ların olmaması Şimali Koreyanı öz sistemləri istehsal etməyə vadar edir. Lakin onların ümumi sayı nisbətən kiçikdir, döyüş effektivliyi isə (xüsusilə hava hədəflərinin aşkarlanması vasitərində) 1950-1960-cı illər səviyyəsində qalıb ki, bu da hazırda tamamilə yolverilməzdir.
KXDR-də müasir hava hücumundan müdafiə sistemlərinin olmamasını, çəkilən artilleriya sistemləri, eləcə də qoşunları böyük sayda TƏİRK, zenit pulemyotları və kiçikçaplı zenit qurğuları ilə doldurmaqla kompensasiya etməyə çalışır. Şimali Koreya 1980-ci illərdən bütün tanklara 14.5 mm çaplı zenit pulemyotları quraşdırır. Hərbi əməliyyatlar bərpa edilərsə, bu tədbirlərin nə qədər düzgün olacağı məlum olacaq.
Şimali koreyalılar bütün tanklarının qocaldığını nəzərə alaraq, arsenallarında olan ən yeni T-62 tankının surətini yaratmağa qərar verdilər. Lakin ekspertlər hələ də Şimali Koreya istehsalı olan 115 mm topun orginaldan neçə dəfə pis olduğunu, sursat nomenklaturasının nədən ibarət olduğunu deyə bilmirlər. Yerli istehsal nişangahların və optikanın keyfiyyətini ənənəvi olaraq çox aşağı xarakterizə olunur.
Hər halda, KXDR-da 1980-ci illərin sonlarından etibarən istehsal edilən T-62 tanklarının ümumi sayı 150-200-dən çox deyildi.
KXDR-də bu tanka "Çxonma” və ya "Çxonma-xo" adı verilib. Sonrakı variantlar əsasən silahlanma və müdafiə zirehi ilə bağlı olub. Lakin ümumiyyətlə eyni əsas baza quruluşu saxlanılırdı.
KXDR müdafiə sənayesi daha radikal bir şəkildə modernləşdirilən "Çxonma-xo" tankını təqdim etdi. Bu variantın əsasən sovet T-62M tankına uyğun gəldiyi ehtimal edilir. Yeni tank əlavə gövdə ekranlarına, ön hissənin və qüllənin kombinə edilən zireh örtüyünə, ehtiyat hissələr qutularının qüllədə yerləşdirilməsi ilə əlavə müdafiə əldə etdi. Əsas silahlar dəyişməyib. Bu dəyişikliyin "sıfırdan" və ya əsaslı təmirdən sonra olunduğu dəqiq məlum deyil.
Koreya Xalq Ordusunun silahlanmasında bu tankların sayı 100-150 arasındadır. Müxtəlif illərdə göstərilən nümunələr ayrı-ayrı detalları ilə bir-birindən fərqlənir. 2002-ci ildən KXDR, Qərbdə M-2002 və ya "Pokpxun" ("Storm") adı ilə tanınan yeni tankın layihələndirilməsinə başladı. Bəzi mənbələrə görə, onlar Sovet T-72 tankını kopyalamaqla orta səviyyəli tank istehsalat imkanlarını dünya səviyyəsinə "çıxarmağa" çalışırdı. Amma sanksiyalar və daxili iqtisadi böhran səbəbindən bu işlər çox asta gedirdi. Yeni tankın ən xarakterik xüsusiyyəti altı təkərli tırtıllı hərəkətli hissənin tətbiqi, "Çxonma-xo" tanklarının son versiyasındakı qüllənin və analoji zireh müdafiəsindən istifadə olunması idi.
Lakin bu gün də Şimali Koreyanın son tankları haqqında çox az məlumat var. Buna görə, bu maşınların mövcud versiyaları, onların silahlanması, zireh qoruması və güc qurğuları haqqında dəqiq məlumatlar vermək çox çətindir. Şimali Koreyalılar həqiqətən sovetlərin T-72 tankını kopyalamaq istəyiblərsə, bu onlarda alınmayıb. Yeni 125 mm top və yeni mühərrik olmadan bu mümkün deyil. Onların istehsal etdiyi M-2002 tanklarının (Pxenyanda heç vaxt 40-dan çox M-2002 tankı nümayiş etdirilməyib) istehsalı isə çox aşağı tempdədir. Silahlı qüvvələrdə bu tankların ümumi sayı yüzdən artıq deyil.
Koreya yarımadası hələ də genişmiqyaslı müharibənin mümkün olduğu, planetin ən "qaynar" nöqtələrindən biri hesab olunur. Vaşinqton və Seul hesab edir ki, döyüş əməliyyatları bərpa olunarsa, son nəticədə Şimali Koreya hərbi məğlubiyyətə uğrayacaq. Amma bu Koreyanın cənubunun xarabalığa və Yaponiyanın raket zərbələrindən ciddi ziyanlara məruz qalmasından sonra baş verəcək.
2010-cu ildə Şimali Koreya lideri Kim Çen In yeni, ədəbiyyatdan "Sonqun" (yerli kommunist gənclər hərəkatının terminidir, "İnqilab Silahı" deməkdir) adıyla tanınan M-2002 tankının növbəti versiyasını nümayiş etdirdi. Xarici, görünüşünə görə Çinin "Tip 85" tankını (bir az uzun şassi, altı təkərli tırtıl, genişlənən qüllə və 115 mm-lik top) xatırladır. Bu tankların alın hissəsində dinamik müdafiə sistemi quraşdırılan variantları da nümayiş etdirilib.
ABŞ hərbi ekspertləri hesab edirlər ki, Şimali Koreya Ordusunun cənubdan ola biləcək hücumun qarşısını alması mümkün deyil. KXDR-in yanacaq ehtiyyatı adətən 9-12 gün əməliyyat aparmağa kifayət edir. Bütün avtomobil yolları şəxsi avtomobillərlə tıxanacaq. Cənubi Koreya Ordusu və ABŞ-ın 8-ci Ordusu isə çox sayda tank əleyhinə vasitələr və helikopterlərə malikdir. Bəzi iddialara görə isə, ABŞ taktiki nüvə silahından istifadə etsə belə, asan qələbə əldə edə bilməyəcək.
Şimali Koreya ABŞ-ın Sakit okean sahilində hədəfləri vura biləcək ballistik raketin sınaqlarını keçirən və ya yerli istehsal olan nüvə döyüş başlığı yaratdığı zaman (iki faktor eyni vaxtda üst-üstə də düşə bilər) hərbi əməliyyatlara başlayacaq ki, hazırda faktiki olaraq biz bunları müşahidə edirik. Sözügedən sınaqlar həyata keçirilib və münaqişə "38-ci paralel"in hədlərini keçib.
Mənbə: Vladislav Morozov "KXDR-in 1949-2016-cı illərdə zirehli tank texnikası", "Tenika və silahlar dünən, bu gün və sabah" 11/2016 il.
Hərbi ekspert Ədalət Verdiyev
Araşdırma
Ordu.az-a məxsusdur